İnkişafın
qarantı- sabitlik və təhlükəsizlik
95 YAŞLI AZƏRBAYCAN
POLİSİ ONLARIN QORUNMASI, DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ
KEŞİYİNDƏDİR
XXI əsr haqqında proqnozlar səsləndirən
sanballı araşdırma mərkəzləri qeyd edirdilər
ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin,
siyasi, iqtisadi və mədəni sahədə inkişafin zirvəsinə
doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə
– transmilli cinayətkarlığın, beynəlxalq narkomaniya və
terrorun yeni formada təzahürləri ilə də üzləşəcək.
Beynəlxalq aləmdə gedən proseslər yeni dünya
nizamının hələ tam həllini tapmamasından xəbər
verir. Qloballaşma, strateji maraqlar, nüfuz dairəsi üzərində
hərbi toqquşmalar, dondurulmuş müharibə ocaqları,
separatizm və digər məsələlər bir sıra
ölkələri əməlli-başlı imtahana çəkir.
Təbii ki, Asiya və Avropanı birləşdirən və
xüsusi geopolitik mövqeyi olan Azərbaycan üçün
XXI əsrin əvvəlləri çox mühüm uğurlar
gətirə biləcəyi kimi, ciddi problemlər də yarada
bilərdi. Bu məsələdə həlledici amil yeni yüz
ildə Azərbaycana kimin rəhbərlik etməsi idi.
Başqa sözlə, 2003-cü ildə keçirilən
prezident seçkisi “uğurları genişləndirmək,
yoxsa problemlərin cənginə düşmək?” sualına
cavab verməli idi. Cənab İlham Əliyevi ölkə rəhbəri
seçən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin
yürütdüyü siyasətə sadiqliyini bir daha təsdiqlədi
– sabitliyə, demokratik inkişaf xəttinə, hüquqi
dövlət quruculuğu yolunun davam etdirilməsinə səs
verdi.
Dövlət başçısı cənab
İlham Əliyevin böyük öndərin siyasətini
uğurla davam etdirməsi Azərbaycanın taleyində elə
parlaq səhifələr açır ki, bir vaxtlar onları
ancaq xəyal etmək olardı. Hələ baş nazir olarkən
“İzvestiya” qəzetinə müsahibə verən cənab
İlham Əliyev deyirdi: “Biz hər şeyə müvəffəq
olacağıq”. Bu, doğrudan da belə oldu. Həyat sübut
etdi ki, Prezidentin ölkə həyatının bütün
sahələrini inkişaf etdirmək üçün konkret
proqramları var. Bu proqramların arxasında böyük
öndərin irsinin layiqli davamçısının qətiyyəti,
dünya birliyi tərəfindən qəbul edilən prinsipial,
üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirən dövlətçi şəxsiyyəti
durur. Azərbaycanın bu gün iqtisadi inkişafına
görə dünyada lider mövqeyə çıxması da
deyilənlərin əyani təzahürüdür. Vətəndaş
cəmiyyətinin möhkəmləndirilməsi, demokratikləşmə
prinsipinin irəli aparılması, hüquqi dövlətin
daha əzmkarlıqla qorunması və inkişaf etdirilməsi,
vətəndaşların təhlükəsizlik və sabitlik
şəraitində yaşaması Prezidentin siyasətinin
kökündə durur.
Ölkə rəhbərinin
yürütdüyü siyasət tam halda xalqın və
müstəqil respublikamızın milli maraqlarına köklənib.
Bu səbəbdən də Azərbaycan xalqı əmindir ki,
gec-tez respublikanın ərazi bütövlüyü təmin
ediləcək, məcburi köçkünlər öz dədə-baba
yurdlarına dönəcək, hər bir vətəndaş
sülh, təhlükəsizlik və rifah şəraitində
yaşayacaq. Bu fikri təsdiqləyəcək onlarla təkzibolunmaz
faktdan yalnız birini qeyd edim. Qlobal iqtisadi böhranın
meydana çıxdığı vaxtdan indiyə qədər
olan müddət ərzində Azərbaycanın bu problemə
dayanıqlığı özünü bariz şəkildə
göstərdi. Ölkəmizin qlobal iqtisadi böhranın təsirlərindən
effektiv qorunması indi dünya maliyyə institutlarının
xüsusi maraq dairəsindədir. Azərbaycan vətəndaşı
indi hər gün yeniləşən, inkişaf edən,
demokratikləşən, bəşəri dəyərlərə
daha sıx qovuşmağa doğru hərəkət edən,
vətəndaşların hüquq və azadlıqları daha
səmərəli və etibarlı şəkildə qorunan
bir ölkədə yaşayır. Bu gün Azərbaycan nəinki
regionda, nəinki keçmiş postsovet məkanında, hətta
dünyada ən sabit və təhlükəsiz ölkələrdən
biri sayılır. MDB məkanına daxil olan ayrı-ayrı
dövlətlərdə, habelə dünyanın bir çox
inkişaf etmiş ölkələrində baş verən
qarşıdurmalar, daxili çaxnaşmalar, rəngli
inqilabların nəticələrinin necə böyük fəlakətlər
gətirdiyinin şahidiyik. Azərbaycan isə bütün bu bəlalardan
ona görə xilas ola bildi ki, 20 il əvvəl ümummilli
liderin hakimiyyətə qayıdışı ilə ölkəmiz
dağılmaqdan quruculuğa, siyasi kataklizmlərdən sivil
siyasi mübarizəyə, insan haqlarının kütləvi
surətdə pozulmasından vətəndaşların
hüquq və azadlıqlarının sivil, bəşəri dəyərlərə
uyğun qorunmasına, qeyri-qanuni silahlı birləşmələrin
qarşıdurmasından möhkəm ictimai-siyasi sabitliyin bərpa
olunmasına, hakimiyyətin zor gücünə ələ
keçirilməsindən demokratik seçkilər yolu ilə
hakimiyyətə gəlmək ənənəsinə, tarixi əlaqələr
bərpa edilməklə dövlətlərarası
çoxşaxəli yeni münasibətlərin
yaradılmasına nail oldu. Lakin bütün bunlara elə də
asanlıqla müvəffəq olunmadı. İndi yalnız
Dağlıq Qarabağ münaqişəsinin həlli
qaldığından obıvatel tərəfindən həmin
taleyüklü məsələlərin
çözümü sıradan problemlərin həlli kimi qələmə
verilə bilər. Amma həmin problemlərin yoluna qoyulması
ümummilli liderin gecəli-gündüzlü ağır zəhmətinin,
qətiyyətinin, şəxsiyyətinin məğlubedilməzliyinin,
alternativi olmayan daxili və xarici siyasətinin, müstəqil
dövlətin Azərbaycan modelini işləyib
hazırlamasının və həyata keçirməsinin
hesabına başa gəldi. Biz sizlərlə adı müstəqil,
özü isə marionet olan respublikaları, onların
bugünkü durumunu görürük. Elə dövlətlərin
gələcək talelərini proqnozlaşdırmaq da çətin
deyil. Ölkəmizin isə real müstəqilliyi ona görə
sarsılmazdır ki, böyük öndərin irsi xalq tərəfindən
hifz olunub saxlanılır, möhtərəm Prezidentimiz tərəfindən
isə ümummilli liderin onilliklərə hesablanmış
strategiyası ləyaqətlə, qətiyyətlə,
qüsursuz yerinə yetirilir. Respublika rəhbəri
sözün əsl mənasında ölkəsinin və
xalqının milli maraqları naminə böyük siyasətçi
qətiyyəti ilə deyir: “Milli maraqlarımıza zidd olan
mövqe nümayiş etdirənə biz hansı mövqeyi
nümayiş etdirə bilərik?! Əgər bizim
maraqlarımız pozulursa, maraqlarımızı pozanın
maraqlarını necə müdafiə edə bilərik, necə
dəstəkləyə bilərik?! Ölkələrin
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq dünyada hər şey
qarşılıqlıdır. Bunu biz kəşf etməmişik.
Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə
iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi
ikitərəfli münasibətlərdə rol oynaya bilməz”.
Dövlət başçısı Azərbaycanın milli
maraqları naminə eynən ümummilli lider kimi prinsipial
mövqe ortaya qoyur, qətiyyət nümayiş etdirir. Ali
Baş Komandan deyir: “Mən hər hansı problemə
münasibət zamanı düşünürəm ki, görəsən,
Heydər Əliyev belə vəziyyətdə necə hərəkət
edərdi?” Bax, budur, alternativi olmayan siyasətin davamı! Budur
doğru yol! Azərbaycan doğru yolda olduğundan
respublikamız günbəgün, aybaay, ilbəil inkişaf
edir, yeniləşir, demokratikləşirik. Təbii ki,
qazanılan uğurların kökündə ölkədə
böyük çətinliklər, habelə itkilər hesabına
yaradılan ictimai sabitlik durur. Sabitlik olmayan yerdə nə
demokratiyadan, nə insan haqlarının qorunmasından, nə
iqtisadi inkişafdan, nə sosial problemlərin həllindən,
nə də dövlətlərarası normal münasibətlərdən
danışmaq olar. Sözsüz, ictimai-siyasi sabitliyin
qarantı dövlət başçısıdır,
xalqın öz rəhbərinin siyasətini dəstəkləməsidir.
Bununla belə, ölkə rəhbərinin siyasətinin həyata
keçirilməsinə yardımçı olan icra
strukturları və hüquq-mühafizə orqanları var ki,
onlarsız keçinmək olmaz. Bu mənada ölkədə
ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, vətəndaşların
hüquq və azadlıqlarının etibarlı müdafiə
olunmasında DİO-nun müstəsna rolu var. İyulun 2-də
Azərbaycan daxili işlər orqanlarının
yaranmasının 95 illiyi tamam olur. Bu yazı da məhz bu orqanın
keçdiyi keşməkeşli və şərəfli yola
bir jurnalist baxışıdır.
Azərbaycan
polisinin tarixinə bir nəzər
Rusiya ilə İran arasında gedən
müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan
Türkmənçay sülh müqaviləsinə görə
Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin
vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə
başlayıb. Tarixi məxəzlərin təsdiq etdiyinə
görə, ilk uyezd polis idarələrinin əsası
1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar
Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba,
Şuşa və digər bölgələrdə fəaliyyət
göstərməklə tədricən ölkə ərazisini
bütövlükdə əhatə edib. O vaxt polis idarələri
quberniya rəhbərliyinə tabe olub. O dövrün polisi
xırda cinayət hadisələrinə baxmaqla, əgər
belə demək mümkünsə, məhkəmə
funksiyalarını da yerinə yetirib. Belə vəziyyət
1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın
rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda
daxili işlər komissarlığı da təsis edilib.
Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan
sonra – 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə
müstəqil polis qurumları yaradılmışdır.
Cümhuriyyətin süqutunadək o, tam
formalaşdırılıb başa çatdırılmasa da
dövlətin milli maraqlarını qorumaq, cinayətkarlığa
qarşı mübarizə aparmaq, asayişi bərpa etmək
uğrunda bir sıra uğurlara imza atmışdır. ADR
dövründə Azərbaycan polisi fövqəladə
çətin vəzifələri həyata
keçirmişdir. Onun önəmi müstəsna idi. Məhz
ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının ilk sədri Fətəli xan Xoyski həm də
ilk daxili işlər naziri vəzifəsini tutmuşdu. ADR-in
sonrakı daxili işlər nazirləri Behbudxan Cavanşir, Xəlil
bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən
Hacınski və Mustafa bəy Vəkilov olmuşdur.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan
bolşevik Rusiyasının XI ordusu tərəfindən
işğal olunandan sonra Fətəli xan Xoyski Tiflisə
köçmək məcburiyyətində qalır. Azərbaycanın
tanınmış dövlət xadimi Xəlil bəy Xasməmmədovla
Tiflisin İrəvan meydanından keçərkən
Daşnaksütun partiyasının üzvləri tərəfindən
öldürülüb. Xəlil bəy Xasməmmədov isə
ağır yaralanıb. Fətəli xan Xoyskidən sonra ADR-in
ikinci daxili işlər naziri olan Behbudxan Cavanşir də
1921-ci ildə İstanbulda Daşnaksütyun üzvləri tərəfindən
qətlə yetirilib.
ADR dövründə Azərbaycan
DİN-in tabeliyində aşağıdakı qurumlar
olmuşdur:
– Bakı,
Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;
– Bakı şəhər upravasının
polisi;
– Bakı xüsusi vergi polisi;
– Xəfiyyə polisi;
– Gəncə,
Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və
sair qəzaların polis idarələri. ADR-in mövcudluğu
dövründə DİN parlament qarşısında hesabat
verirdi. Bakı Qubernator İdarəsi də Azərbaycan
DİN-ə tabe idi. Bakı, Balaxanı-Sabunçu müstəqil
polismeystr idarələri, Bakı şəhər
upravasının polisi, Bakı xüsusi vergi polisi xəfiyyə
polisi, Şuşa müvəqqəti general-qubernatoru, Gəncə,
Zəngəzur, Cavanşir, Cavad, Cəbrayıl və başqa
qəzaların polis idarələri isə DİN-in tərkib
hissələri idi.
Qəzalarda qəza polis rəisləri,
onların böyük və kiçik köməkçiləri,
sahə müvəkkilləri, polislərdən ibarət
özünümüdafiə dəstələri fəaliyyət
göstərirdi.
1918-ci il mayın 28-də Tiflisdə
qurulduğu elan olunan və Bakı işğal edildiyindən
Gəncəyə köçən ADR dövründə bu
şəhərdə fəaliyyət göstərən polis
idarəsi və onun rəhbərləri haqqında məlumatın
da qeyd edilməsi, zənnimcə, yerinə düşər.
Gəncə ŞəhərPolis İdarəsi:
Polismeystr Hacı Əlibəyov, onun
böyük və kiçik köməkçisi, katib və
onun köməkçisindən, mühasib, qeydiyyatçı
(o həm də arxivarius idi) və tərcüməçi
ştatlarından ibarət idi.
Gəncə şəhərinin
pristavlığı:
1-ci sahə pristavlığı – pristav Əkbərağa
bəy İsgəndərbəyov, köməkçisi İsgəndər
bəy Vəkilov;
2-ci sahə pristavlığı – pristav Nəsib
bəy Kidiyarbəyov, köməkçisi Məcid Abbasov;
3-cü sahə pristavlığı –
pristav Xankişi bəy Sultanov, köməkçisi Kazım bəy
Ağasıbəyov;
4-cü sahə pristavlığı –
pristav Əsəd Tomtiyev, köməkçisi Süleyman Əliyev;
5-ci sahə pristavlığı – pristav
Hüseyn bəy Qəniyev, köməkçisi Novruz Poladov;
6-cı sahə pristavlığı –
pristav Xəlifə Quliyev, köməkçisi Abdulla Vidalov;
7-ci sahə pristavlığı – pristav Cəfərqulu,
köməkçisi (boşdur).
Gəncə şəhər polisi
yanında xəfiyyə şöbəsi: rəis Mir Cavad
Seyidov, polis nəzarətçiləri Əli Vəliyev,
Muradağa Muradov və Mədət Quliyev.
1920-ci il aprelin 29-da Bakı İnqilab Komitəsinin
qərarı ilə Bakı şəhərinə ilk rəis
təyin olunan Rəhim Hüseynov olub. Ona belə bir
tapşırıq verilib: polisi yenidən təşkil etmək,
adını dəyişib milislə əvəzləmək,
bütün yerlərdə pristavları işdən
götürmək və komissarlar təyin etmək. Həmin
vaxtlar dairə milis idarələri yaradılır və qəza
idarələri onlara tabe edilir. Qəza idarələri isə
qəzada olan milis sahələrinə rəhbərlik edirlər.
Azərbaycan İnqilab Komitəsinin 20
sentyabr 1920-ci il dekretiylə Xalq Daxili İşlər
Komissarlığına oğruları, qarətçiləri,
quldurları, qoçuları, oğurluq mal alverçilərini
gizli saxlayanları və bu qəbildən olanları vətəndaş
müharibəsi qurtaranadək respublikadan sürgün etmək
hüququ verilir.
1920-ci il noyabrın 3-də respublika milis rəislərinin
birinci qurultayı keçirilib.
1921-ci il iyunun 4-də Nəriman Nərimanovun
sədrliyi ilə keçirilən Xalq Komissarları Sovetinin qərarı
ilə sovet Azərbaycanının ilk daxili işlər
komissarı Həmid Sultanova milisi gücləndirmək
üçün onun sıralarına 300 nəfər komandir dəvət
etmək tapşırılır.
1922-ci ildə 70 qəza milis rəisindən
93%-nin heç orta təhsili də olmayıb. Şəxsi heyətin
75%-i tam savadsız olub.
Hüquq-mühafizə orqanlarının,
o cümlədən də DİN və onun
strukturlarının fəaliyyəti ilə bağlı
xüsusi olaraq tənqid olunan mərhələ 1937-1938-ci illərin
repressiya dövrüdür. Həqiqətən o illərdə
bu orqanlarda işləyənlərin əksəriyyətinin
günahı üzündən yox, o dövrdə aparılan
dövlət siyasəti, o dövrün ideoloji prinsipləri nəticəsində
insanlar günahsız qurban olublar, repressiyaya məruz
qalıblar. Bu, tariximizin dəhşətli səhifələridir,
illəridir. Minlərlə, on minlərlə insan, onların
ailə üzvləri həbslər, repressiya, əsassız
ittihamlar nəticəsində böyük məhrumiyyətlərə
uğrayıblar. O da faktdır ki, 1920 – 1940-cı illərdə
milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa
qarşı mübarizədə həlak olmuş, 1937-39-cu illərdə
isə onun yalnız rəhbər heyətindən, təxminən
320 nəfər repressiyaya məruz qalmışdır.
1941-1945-ci illər müharibəsində isə 800 nəfərə
yaxın milis əməkdaşı cəbhəyə
yollanmış, böyük əksəriyyəti geri dönməmişdir.
Müharibədən sonrakı illərdə milisdə
çalışan İsrafıl Məmmədov, polkovnik Mehdi
Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin
Kazunov isə cəbhədən Sovet İttifaqı qəhrəmanları
kimi qayıtmışlar.
Daxili işlər orqanlarının
başına çox bəlalar gəlib və gətirilib.
Zaman-zaman sərt sınaqlara çəkilən, özü də
repressiyalara məruz qalan, təxminən 70 il ərzində
kommunist ideologiyasının hakim olduğu Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra da – sabiq iqtidarlar
dövründə öz səlahiyyətlərindən kənara
çıxmağa məcbur edilən ölkə polisi, demək
olar ki, bütövlükdə qarşısında duran vəzifələri
layiqincə yerinə yetirmişdir. Azərbaycan polisi ən
çətin zamanlarda həmişə xalqın güvənc
yeri olmuş, cinayətkarlığa qarşı mübarizə
aparan, asayişi mühafızə edən bir orqan kimi hörmət
və sayğıya layiq görülmüşdür. Onun
keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol
haqqında ümummilli lider Heyder Əliyev Azərbaycan polisinin
80 illik yubileyinə həsr olunan təntənəli
yığıncaqda belə demişdir: “Bu tarixi dövrdə
Azərbaycan polisinin, milisinin, daxili işlər
orqanlarının çox əhəmiyyətli nailiyyətləri
də, itkiləri də, uğurları da, səhvləri də
olmuşdur. Bu tarixin çox parlaq səhifələri də,
ancaq ləkəli, qara səhifələri də vardır.
Amma bunların hamısı bizimdir, Azərbaycanındır,
xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir.
Daxili İşlər Nazirliyi Orqanlarında nə qədər
mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi
heyətin əksəriyyəti öz mənliyini qorumuş, Vətənə,
xalqa sədaqətini daim saxlamışdır”.
Yeri gəlmişkən qeyd edim ki, sovet
dönəmində xalqımızın daxili işlər
orqanlarında yüksək vəzifələrdə çalışmış,
general rütbəsini daşımağa layiq, ləyaqətli
oğulları az olmayıb. Lakin keçmiş SSRİ-nin, həm
də SSRİ DİN rəhbərlərinin ögey münasibət
bəsləməsi üzündən onların çoxu bu
rütbəni ala bilməyiblər. Keçmiş SSRİ
DİN Azərbaycan DİN-nə general rütbəsi almaq
üçün ildə bir yer ayırarmış. Lakin bu
norma da formal xarakter daşıyıb və ona əməl
edilməyib. Bax buna görə də sovet hakimiyyətinin 70
illik dövründə respublikamızın daxili işlər
orqanlarında işləyib general rütbəsi alanların
sayı 30 nəfərdən də az olub. Bu məsələ
də, dönüş nöqtəsi çox çətinliklə
də olsa, ümummilli liderin hakimiyyətə gəlişi ilə
yavaş-yavaş öz həllini tapıb, ölkə
üçün milli kadrların yetişdirilməsinə
xüsusi diqqət verilib. Fakt. Əgər ulu öndərə
qədər Azərbaycandan SSRİ-nin ali məktəblərində
təhsil almaq üçün göndərilənlərin
yalnız 17%-i milliyyətcə azərbaycanlılar idisə,
onun hakimiyyəti dövründə bu rəqəm 79%-ə qədər
yüksəldi. Söhbət həm də yalnız təhsil
almaqdan getmir. Həm də respublikada milli kadrların irəli
çəkilməsi prioritet vəzifə kimi müəyyənləşdirilir.
Ümummilli lider özü bu barədə belə deyir: “Sizin
bir çoxunuz ölkəmiz dövlət müstəqilliyini əldə
edənə qədər Azərbaycanda, Sovetlər
İttifaqının daxili işlər orqanlarında işləyibsiniz,
faydalı işlər görübsünüz,
xalqımıza xidmət etmisiniz, böyük peşəyə
sahib olubsunuz. Ancaq bugünkü günümüzün o
dövrdən fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik,
biz bu gün azadıq. Biz heç bir mərkəzdən
asılı deyilik. Heç bir dövlətdən
asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər
polisin 84 illik yubileyini bir balaca dərindən təhlil etsəniz,
görərsiniz ki, polis olub, xalqına xidmət edibdir. Amma
polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan
övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək
lazımdır. Bilirsiniz ki, keçmişdə mən də
dövlət təhlükəsizlik orqanlarında uzun illər
xidmət etmişəm. Deyə bilərəm ki, uğurlu xidmət
etmişəm. Amma mən nəyə görə uğurlu xidmət
edə bildim. Mənim işlədiyim səviyyədəki vəzifələrdə
azərbaycanlı tək mən idimsə, 5-6-sı azərbaycanlı
deyildi, başqa millətlərdən idi. Məndən
yuxarıda olan vəzifədə azərbaycanlı yox idi.
Ondan yuxarıda biri var idi. Amma onun yanında başqa millətdən
olan 2-3 nəfər var idi. Ona görə də belə bir
mühitdə, belə bir kollektivdə yaşamaq, işləmək
həddindən artıq çətin idi. Mən Azərbaycana
qəlbən xidmət edirdim. Çünki mən azərbaycanlıyam.
Amma mənim ətrafımda olan adamların əksəriyyəti
heç də deyə bilmərəm ki, Azərbaycana xidmət
edirdi. Onlar deyirdilər ki, biz sovet hökumətinə xidmət
edirik. Mən də etiraf edirdim ki, sovet hökumətinə
xidmət edirəm, amma Azərbaycana xidmət edirdim”.
Təlatümlü
zamanlar
Azərbaycanın son 25 illik tarixini, məncə,
belə şərti dövrlərə bölmək olar:
1988-1992-ci illər, 1992-ci ildən 1993-cü il iyununadək və
1993-cü ilin iyunundan – Qurtuluş Günündən bu vaxta qədər
olan zaman kəsiyi.
Qorbaçovun
yenidənqurması ilə yenidən meydana atılan erməni
separatizmi 1988-ci ilin fevralından başlayaraq Xankəndində
və İrəvanda təşkil edilən “Miatsum!” mitinqlərinə
start verməklə Ermənistan və Kremlin dəstəyi ilə
torpaqlarımızı işğal
etməyə başlayanda Azərbaycanda tamamilə yeni
bir situasiya yarandı. Dağlıq Qarabağ azərbaycanlılarının
təhlükəsizliyi uğrunda çarpışan və təcavüzə
qarşı sipər olan yeganə qüvvə məhz Azərbaycan
milisi oldu. Erməni diasporunun qulu – Kremlin Azərbaycana
qarşı yürütdüyü xəyanətkar siyasətin
Qarabağdakı icraçıları Volski və
Polyaniçko dönəmində Azərbaycan milisinin hansı
təqiblərə, təzyiqlərə məruz
qaldıqlarını, necə qeyri-bərabər
döyüşlərə girdiyinin şahidləri bu gün də
həmin döyüşlərdə Azərbaycan milisinin qəhrəmanlığını
unutmayıblar. Minlərlə
silahlanmış erməni qulduruna, mobil ekstremist saqqalı
şovinist dəstələrə və Xankəndindəki
366-cı alayın onlara verdiyi açıq dəstəyə
qarşı duran yeganə qüvvə Azərbaycan milisi idi.
Bir tərəfdən məhz milisin verdiyi
ağır itkilər, Dağlıq Qarabağda baş verən
hadisələr fonunda respublikada ictimai-siyasi sabitliyin məhvərindən
çıxması, həmçinin hakimiyyət uğrunda
daxili çəkişmələr Azərbaycan milisini də
özündən asılı olmayaraq siyasi proseslərə cəlb
etdi. Daxili işlər orqanları çox böyük təlatümlü
dövrü yaşamalı oldular. Xalq hərəkatı
dalğası getdikcə daha çox DİO əməkdaşını
öz ağuşuna alırdı. Bu, təbii bir proses idi. Azərbaycan
milisi həm də bir Azərbaycan vətəndaşı
olaraq ölkəsinin faciəvi durumu ilə üzbəüz
dayanmışdı. Bütün hallarda o xalqın tərəfində
idi. Fakt odur ki, Moskvanın əli ilə hakimiyyətə
oturdulan Ayaz Mütəllibov kreslosunu qorumaq üçün vətənpərvər
Azərbaycan milisinə arxalana bilmədiyi üçün
özünə sadiq, qeyri-qanuni silahlı birləşmələrin
yaradılmasına rəvac verdi. Respublika DİN və onun rəhbərliyi
tamamilə diskriminasiya edildi. Çoxlarının hələ
də unutmadığı Ağa Axundovun rəhbərliyi ilə
meydana çıxan “Qardaşlıq” cəmiyyəti meydan
sulamağa başladı. Adıçəkilən şəxsin
başının dəstəsi ilə hətta Azərbaycan
parlamentinin iclas zalına gələrək etdiyi hədə-qorxu
və təzyiqləri yəqin ki, o zalda oturanlardan bəziləri
indi də unutmayıblar. O vaxt Bakı Şəhər Baş
Polis İdarəsinin rəisi vəzifəsində
çalışan Bəxtiyar Əliyev cinayətkarlığa
qarşı mübarizə aparmaq, asayişi qorumaq, sabitliyi bərqərar
etmək əvəzinə, Mütəllibovun
tapşırığı ilə Azərbaycanın
rayonlarına “layiqli” icra başçıları tapmaqla məşğul
idi. Bu onun öz etirafıdır. 1992-ci il fevralın 27-də
DİN rəhbərliyinin Xocalı soyqırımı
haqqında saxta, xalqın mənafeyinə qəsd hesab edilən
məlumat verməsi (guya Xocalıda 2 nəfər ölüb
və vəziyyət nəzarət altındadır) Mütəllibov
hakimiyyəti və polisin ətrafında gərginləşən
hadisələrin pik nöqtəsi oldu. Sonrası bəllidir.
AXC-Müsavat iqtidarı dövründə
təyinatdan dərhal sonra, elə parlamentin tribunasından “mən
o quldur yuvasını dağıtmağa gedirəm” bəyanatı
ilə çıxış edən İsgəndər Həmidov
polisi tamamilə şəxsi maraqlara, özünün siyasi
ambisiyalarına tabe etdirdi. Polis əməkdaşlarını
zorən özünün yaratdığı “Bozqurd”
partiyası ətrafında birləşdirdi, onu ölkədə
üstqurum bir orqana çevirməyə
çalışdı. Asayişin qorunması, cinayətkarlığa
qarşı mübarizə, sabitliyin bərqərar edilməsi
kimi əsas vəzifələr bir kənara qoyularaq o vaxtkı
iqtidar nazir tərəfindən polis mitinqləri ilə hədələnməyə
başlandı. Azərbaycan polisi nazirin timsalında iqtidar
üçün təhlükəyə çevrildi. Sabiq
nazirin 1992-ci il mayın 5-nə təyin etdiyi polis mitinqi
yalnız son anda birtəhər təxirə salındı. Bir
tərəfdən müharibə, digər tərəfdən
ölkənin idarə olunmazlığı, siyasi hakimiyyətdəki
anarxiya, qanunsuz silahlı dəstələrin
yağışdan sonra artan göbələklər kimi
çoxalması, habelə qatı cinayətkarların guya Vətənin
müdafiəsi naminə cəzaçəkmə müəssisələrindən
buraxılması, onlarla qeyri-sağlam və qeyri-sabit elementlərin
ayaq səslərinin DİN-in mərkəzi aparatında və
onun sanballı idarələrində eşidilməsi ölkədəki
kriminogen durumu özünün apogeyinə
çatdırdı. Xaos və cəzasızlıq şəraitində
törədilən cinayətlərin sayı ölkənin
tarixində rekord həddə – 22450-yə, o cümlədən
ağır cinayətlərin sayı 6009-a çatır. Həmin
cinayətlərin açılma faizi müvafiq olaraq 68,7 və
57,9% olmuşdur. Həmin zaman kəsiyində törədilmiş
6 mindən çox cinayət araşdırılmadan, heç
bir əməliyyat-istintaq hərəkəti edilmədən
arxivə verilmişdi. Əllərdə külli miqdarda silah və
sursat cəmlənmişdi. Sabiq dövlət katibi Əli Kərimli
1992-ci ilin mayında Nərimanov rayon İcra Hakimiyyətində
keçirdiyi müşavirədəki
çıxışına belə dedi: “Əllərdə
olan qeyri-qanuni silahlarla bir ordunu təmin etmək olar”.
Təsəvvür edin ki, AXC-Müsavat
hakimiyyəti dövründə ən böyük vəzifəsi
tikinti təşkilatlarından birində podratçı olan
Qabil Məmmədov birbaşa daxili işlər nazirinin birinci
müavini, polis orqanlarında bir gün belə işləməyən
26 yaşlı Səyavuş Mustafayev Naxçıvan Muxtar
Respublikasının daxili işlər naziri vəzifəsinə
təyin edilmişdi. Sonuncunun təyinatı ilə
Naxçıvan polisinin 1500 nəfərədək əməkdaşının
hüquqları kütləvi surətdə pozulmuş, Muxtar
Respublika Daxili İşlər Nazirliyinin rəhbərliyi tam tərkibdə
istefaya göndərilmişdi. Daxili Qoşunların
Komandanı kimi məsul bir vəzifəyə bu işlə
heç bir əlaqəsi olmayan Fəhmin Hacıyevin təyin
edilməsi də bu sahədə xaos və anarxiyanın
baş alıb getməsinə çox münbit şərait
yaratmışdı. Həmin dövrdə 100-dən çox
şəxs saxta diplomlarla DİN və onun strukturlarında
zabit vəzifələrinə irəli çəkilmişdilər.
Məhz həmin dövrdə uzun illərin gərgin əməyi
nəticəsində yaradılan və polisin fəaliyyətində
xüsusi rol oynayan peşəkar özək qısa müddətdə
məhv edilərək sıradan
çıxarılmışdı.
Ermənistanın təcavüzünün
getdikcə şiddətlənməsi və ölkə daxilindəki
vəziyyət real təhlükəyə çevrilərək
müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin
başının üstünü kəsdirmiş, onu tamamilə
haqlamışdı. Cənubda Əlikram Hümbətov kimi
bir ünsürün rəhbərliyi ilə Talış
Muğan Respublikasının sərhədləri
cızılmış, Gəncədə Surət Hüseynovun
rəhbərliyi ilə qiyam baş vermiş, vətəndaş
müharibəsi faktiki başlamışdı. Vəziyyətdən
çıxış yolu yalnız və yalnız ümummilli
liderin xalqın çağırışına cavab olaraq
hakimiyyətə qayıdışında idi və lider öz
xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin
15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi
daxil oldu. Hüquq-mühafizə orqanları sahəsində də
yenilməz biliyi və təcrübəyə malik ümummilli
lider yaxşı bilirdi ki, ölkədə ictimai sabitliyi bərpa
etmədən heç bir müvəffəqiyyətdən
danışmaq olmaz. Lakin bu vəzifəni həyata keçirmək
elə də asan deyildi. Baş nazir Surət Hüseynova məxsus
hərbi birləşmələri, Əlikram Hümbətovun
silahlı dəstələrini, DİN-in tərkibində
siyasi hakimiyyətə iddialı olduğunu gizlətməyən
Rövşən Cavadovun rəhbərliyi ilə fəaliyyət
göstərən, əvvəlki şöhrətini
itirmiş, cəmiyyəti xof və qorxu içərisində
saxlayan XTPD-ni qanunlara tabe etdirmək həlli asan problemlər
deyildi. Ümummilli lider Azərbaycan polisinin 80 illik yubileyi ilə
bağlı XTPD-nın fəaliyyətinə toxunaraq belə
deyir: “Ermənistanın təcavüzündən Azərbaycan
torpaqlarının qorunmasında xüsusi təyinatlı milis
dəstəsinin – “OMON”-un xidmətləri olmuşdur. Əgər
səhv etmirəmsə, o dəstənin içərisindən
45 nəfər şəhid olmuşdur. Onlar Vətən, torpaq
yolunda şəhid olmuşlar. Biz onların qəhrəmanlığını
heç vaxt unuda bilmərik və onların
silahdaşlarının sonra cinayət yoluna düşməsi,
cinayətkar dəstəyə çevrilməsi xüsusi təyinatlı
milis dəstəsinə mənsub olmuş, qəhrəmanlıq
göstərmiş, şəhid olmuş insanların xidmətlərinə
heç vaxt ləkə sala bilməz. Ancaq sual olunur: bəs, nə
cür oldu ki, belə bir dəstə, qəhrəmanlıq
nümunələri göstərmiş dəstə sonra bir
cinayətkar dəstəsinə çevrildi? Bunun kökü
o insanların özündə deyildi. Bunun kökü o vaxt Azərbaycanda
gedən mürəkkəb və qeyri-normal ictimai-siyasi proseslərlə
əlaqədardır. Bunun kökü o vaxt Azərbaycanda
hakimiyyət uğrunda silahlı mübarizə aparmaq xəstəliyi
ilə əlaqədardır və dövlət strukturları,
silahlı strukturlar olduğu halda, Azərbaycanın
ayrı-ayrı vəzifəli şəxslərinin, bəzən
də heç vəzifəsi olmayan şəxslərin, ancaq
böyük vəsait sahiblərinin özləri
üçün cinayətkar silahlı dəstələr
yaratması ilə bağlıdır”.
Yuxarıda qeyd etdiyim üç
dövrün birinci ikisini xarakterizə edən əsas cəhət
ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını
belə bilməyənlər bu orqanda rəhbər vəzifələrə
irəli çəkiliblər. Onlar eyni zamanda bitib-tükənməyən
siyasi ambisiyalarının girovuna çevriliblər. Müharibə
getdiyi dövrdə cinayətkarlığa qarşı
mübarizənin aparılması, əhalinin təhlükəsizliyinin
təmin edilməsi tamamilə arxa plana keçirilib. Ali
Baş Komandan cənab İlham Əliyev həmin dövrü
belə qiymətləndirib: “Əfsuslar olsun ki, müstəqillik
bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan
deyildi. Məhz o illərdə ən böyük cinayətləri
törədən insanlar polis orqanlarının rəhbər
işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri
idilər”.
Yalnız üçüncü dövrdən
başlayaraq Azərbaycan DİN sözün əsl mənasında
müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən
edilmiş vəzifələri icra edən müstəqil
dövlət orqanı kimi fəaliyyət göstərdi və
bu gün də göstərməkdədir. Ümummilli liderə
təxminən üç il lazım gəldi ki, həm
ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm
də kriminogen duruma nəzarət edilsin.
Dönüş
nöqtəsi
Ulu öndər hər kəsdən
yaxşı bilirdi ki, cəmiyyətdə sağlam mənəvi-psixoloji
mühit yaratmaq, əhalinin dövlətə inamını bərqərar
etmək, ölkəni dirçəltməyin yolu ictimai-siyasi
sabitliyin bərpasından, möhkəmləndirilməsindən
keçir. Bu məsələdə isə DİO-nun rolu
müstəsnadır. Ona görə də dahi şəxsiyyət
hakimiyyətinin hər iki dönəmində radikal islahatlara məhz
DİN-dən başlayıb. O, özü bu barədə belə
deyib: “1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən
sonra mənim ilk addımlarımdan biri DİN-də
yaranmış ağır vəziyyəti aradan götürmək
oldu. DİN rəhbərliyində dözülməz bir vəziyyət
yaranmışdı. Onlar əhali arasında hörmətlərini
itirmişdilər. Alınan şikayətlər həddindən
artıq çox idi və DİN rəhbərliyində ciddi dəyişikliklər
etmək zərurətində idim. Mən bu addımı atarkən
şübhəsiz ki, həmin vəzifəni, o sahəni
etibarlı, bu işi apara biləcək, sədaqətli bir
adama tapşırmalı idim. Mən Arif Heydərova çox
inanırdım, etibar edirdim. Mən o vaxt Azərbaycanda rəhbər
olarkən o, əsas dayaqlarımdan biri oldu”.
Sözsüz, ulu öndərin hakimiyyətə
birinci dəfə gəlişi ilə ikinci dəfə
qayıdışı zamanı Azərbaycandakı vəziyyət
tamamilə fərqli idi. 1993-cü ildə Azərbaycanın
bir dövlət xalqının da bir millət olaraq taleyi
çox böyük sual altında idi. Bir tərəfdən
müharibənin ağır dəhşətləri, digər
tərəfdən ölkənin parçalanması
üçün atılan addımlar,
özbaşınalıq, qanunsuz silahlı dəstələrin
meydan sulaması, özbaşınalıq, vətəndaşların
hüquqlarının kütləvi surətdə pozulması
ölkə rəhbərindən radikal addımlar atmanı tələb
edirdi.
Vəziyyət daha elə davam edə bilməzdi.
Təkcə 1993-cü ildə Azərbaycanda 22.440 cinayət
hadisəsi törədilmişdi. DİN qarşısında
duran vəzifələri nəinki yerinə yetirə bilir, əksinə
nazirliyin ətrafında yaranan qeyri sağlam mühitin rəngi
daha da tündləşirdi. Məqam o məqam idi, qərar
verilməliydi, verildi də.
Burada incə bir məqam var.
Maraqlıdır ki, ulu öndər hakimiyyətə həm
birinci, həm də ikinci dəfə gəlişində dərhal
daxili işlər nazirlərini əvəzləməyib. O,
1969-cu ilin iyulunda Azərbaycan rəhbəri seçilsə də
təxminən 8 ay (19.03.1970-ci ilə qədər) Məmməd
Əlizadəni tutduğu vəzifəsində saxlayıb. Bu məsələdə
iki versiya haqqında fikir yürütmək olar. Onlardan biri vəziyyəti
nizama salmaq üçün nazirə vaxt vermək, digəri
isə o vaxt Brejnevin bir nömrəli
silahdaşı və adamı hesab edilən SSRİ-nin daxili işlər
naziri Şelekovun razılığını almaqla
bağlı ola bilər.
Ümummilli lider hakimiyyətinin ikinci
dönəmində müharibənin dəhşətləri və
olduqca gərgin ictimai siyasi proseslər zəminində elə
təxminən bir o qədər – 8 ay sədaqətli, peşəkar,
etibarlı bir kadrı nazir təyin etmək üçün
manevr etmək məcburiyyətində qalır. Böyük
öndər ölkənin taleyi naminə ambisiyalı qüvvələri
cilovlamaq üçün onlarla müvəqqəti “atəşkəs”ə
getməli idi. Ona görə də Vaqif Novruzov daxili işlər,
Nəriman İmranov milli təhlükəsizlik naziri, Əli
Ömərov Baş prokuror vəzifəsinə təyin
olunmuşdular. Bu o dövr idi ki, Sürət Hüseynov
Baş nazir idi. XTPD-nin komandiri heç kəslə
razılaşmır, silahlı yolla hakimiyyətə gələcəyini
gizlətmirdi. Bəzi xarici ölkələrin respublikanın
daxili işlərinə müdaxilə riski kifayət qədər
yüksək idi. Amma artıq keçən müddət ərzində
prezident müəyyən işləri qaydasına qoymuş və
həlledici addımı atmalı idi. 1994-cü ilin məlum 9
aprel müşavirəsi DİN-in tarixində dönüş
nöqtəsi oldu.
Ölkədə cinayətkarlığa
qarşı qətiyyətli mübarizə ulu öndər
Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə
imzaladığı “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” Fərmanla başlayıb. Həmin
Fərmanın tələblərindən irəli gələn
vəzifələri həyata keçirən DİN və onun
strukturları tərəfindən yalnız 1994-1998-ci illər
ərzində 10.659 odlu silah, minlərlə döyüş
sursatı aşkar edilərək müsadirə olunmuşdur.
Həmin müddət ərzində vətəndaşları
qorxu içərisində saxlayan 7143 mütəşəkkil
cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilmişdir.
İstintaqdan gizlənən 22055 nəfər tutulmuşdur.
Bu gün hər bir Azərbaycan vətəndaşı
siyasi mənsubiyyətindən, mənşəyindən və
mənsəbindən asılı olmayaraq 20 il əvvələ
nəzər salıb belə bir suala cavab verməlidir: Biz
haradan haraya gəlib çatdıq və bu, hansı siyasətin
və idarəetmənin nəticəsində mümkün
oldu? Əminəm ki, bu suala qərəzsiz cavab tapan hər kəs
gələcəyi üçün narahatlıq keçirməyəcək.
Müasir demokratik cəmiyyətlərin ən
xarakterik xüsusiyyətlərindən biri və bəlkə
də başlıcası insan hüquq və
azadlıqlarına verilən önəm, onların təminatı
mexanizmlərinin yaradılmasıdır. Qətiyyətlə
demək olar ki, yaradıcısı ümummilli lider olan ilk
milli Konstitusiyamızda “Üçüncü nəsil”
hüquqlar da daxil olmaqla ən müasir insan və vətəndaş
hüquqları təsbit edilmişdir. Konstitusiyanın 158 maddəsindən
48-i insan hüquqları və azadlıqlarının
qorunmasını özündə ehtiva edir. “Polis haqqında”
qanunun 40 maddəsindən 14-ü insan hüquqlarının və
vətəndaş azadlıqlarının qorunması ilə
bağlıdır. Bu istiqamətdə müəyyənləşdirilən
strateji xətt müvafıq qanunlar, hüquqi normativ
aktların tələbi ilə həyata keçirilir.
1999-cu ildə “Polis haqqında” Qanunun qəbul
olunması hüquq-mühafizə orqanları sistemində
mühüm yer tutan, polisin fəaliyyətini nizama salan,
qanunvericiliyin əsaslarının yaradılmasına və bu
sahədə mövcud olan hüquqi boşluqların aradan
qaldırılmasına xidmət etdi.
Bu qanuna görə polis Azərbaycan
Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanı olmaqla təyinatı
insanların həyatını, sağlamlığını,
hüquq və azadlıqlarını, dövlətin,
fıziki və hüquqi şəxslərin qanuni mənafelərini
və mülkiyyətini hüquqa zidd hərəkətlərdən
qorumaqdan ibarətdir. Polisin fəaliyyəti üzərində
nəzarət mexanizmləri təsis edilmiş, polis əməkdaşlarının
qanunsuz hərəkətlərindən və qərarlarından
məhkəməyə müraciət etmək hüququ təsbit
olunmuşdur. Polisin fəaliyyətinin müasir dövrün tələblərinə
cavab verməsi üçün həm ümummilli lider, həm
də möhtərəm prezident cənab İlham Əliyevin
hakimiyyəti dövründə bir çox qanunlar qəbul
edilmiş, fərman və sərəncamlar imzalanmış, əsasnamələr
qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin
“İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı, “Cinayət
prosesində iştirak edən şəxslərin dövlət
müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli və “Təhqiqat,
ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində
fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi
haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası
qanunları, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” qanunlar ümumbəşəri dəyərlərin
ölkəmizdə ən ali nemət olmasını bir daha təsdiqləyir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı
ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və
strukturu”nun təsdiq edilməsi də polisin fəaliyyətini
müasir standartlara uyğun qurmaq üçün olduqca
mühüm əhəmiyyət kəsb edən sənəddir.
Fərmanların və qanunların tələblərindən
irəli gələn vəzifələrin icrası istiqamətində
insan hüquqlarının müdafiəsi üzrə
2004-2008-ci illər üçün Dövlət Proqramı
hazırlanmış və həyata keçirilmişdir. Eyni
zamanda, Avropa Komissiyası, Avropa
Şurası, ATƏT-in İnsan Hüquqları və
Demokratik Təsisatlar üzrə Bürosu, İnsan
Hüquqları üzrə Beynəlxalq Amnıstiya Təşkilatı,
Helsinki Vətəndaş Assamibleyası və digər bu kimi
beynəlxalq təşkilatlarla əlaqələrin və
qarşılıqlı əməkdaşlığın
möhkəmləndirilməsi üçün əlavə tədbirlər
görülmüş və bu iş bu gün də davam
etdirilməkdədir.
Yeni tarixi dövrdə yem vəzifələri
Prezident İlham Əliyevın təşəbbüsü ilə
2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan
Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair” Dövlət Proqramı müəyyənləşdirdi.
Həmin proqrama uyğun olaraq DİO-nun fəaliyyətinə
idarədaxili nəzarətin həyata keçirilməsi, o
cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik
vəziyyətinin öyrənilməsi və nəzarətdə
saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə
məşğul olma və digər neqativ halların
qarşısının alınması, korrupsiyaya şərait
yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların
müəyyən edilib barələrində müvafiq tədbirlərin
görülməsinin təmin olunması məqsədilə
DİN-in tərkibində Daxili Təhlükəsizlik İdarəsi
təsis edilmişdir. Prezidentin 6 may 2004-cü il sərəncamına
uyğun olaraq isə 2004-cü ildə nazirliyin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda
İnsan Alverinə qarşı Mübarizə İdarəsi
yaradılmışdır. İndi Daxili İşlər
Orqanlarının əsas vəzifəsi cinayətkarlığa
qarşı barışmaz mübarizə aparmaqla
yanaşı, vətəndaşların təhlükəsizliyini,
hüquq və azadlıqlarını maksimum dərəcədə
qorumaqdan ibarətdir.
Cinayətlər və hadisələr barədə
daxil olan məlumatların qəbulu, vətəndaşlarla
polis orqanları arasında operativ rabitənin təşkili və
müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədilə
yaradılan “102” xidmətinin fəaliyyətə
başlaması, yol hərəkəti qaydalarının
pozulmasına mərkəzləşdirilmiş nəzarəti
həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi
üzrə quraşdırma işlərinin başa
çatdırılması, AMAS sisteminin tam işə
düşməsilə cinayətkarlığa, asayişin
pozulmasına qarşı daha effektli mübarizə aparmağa
imkan verir. Eyni zamanda cinayətkarlığa qarşı keyfiyyətli
mübarizə aparmaq üçün DİN və onun
strukturları vətəndaşlarla birbaşa əlaqəyə
xüsusi diqqət yetirirlər.
Statistik məlumatlara görə il ərzində
nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri
tərəfindən 3.600-ə yaxın, ərazi strukturları
da nəzərə alınarsa 10 mindən çox vətəndaş
qəbul edilir, onların qaldırdıqları məsələlərin
əksəriyyəti yerində müsbət həll olunur. Əlavə
yoxlama tələb edən ərizələr nəzarətə
götürülməklə araşdırılır, nəticələri
barədə təşəbbüskarlara yazılı cavablar
verilir, hüquqları izah edilir.
Cinayətkar aləm demokratik dəyərlərə
xələl gətirilmədə daim artan hüquq-mühafizə
təzyiqini hiss etməkdədir. Aparılan iş
proqnozlaşdırılan nəticələri təsdiqləyir.
Ağır cinayətlərin, qəsdən adamöldürmələrin,
quldurluqların, azyaşlılar tərəfindən törədilən
hüquq pozuntularının sayı aşağı
düşür. Bu yazını statistik rəqəmlərlə
ağırlaşdırmayım deyə bir neçə
ümumiləşdirilmiş rəqəmi qeyd etməklə
kifayətlənəcəyəm.
Xaos dövrü kimi səciyyələndirilən
1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə
alınan cinayətlərin açılması, 61%-dən
94,2%-ə qədər yüksəlmişdir. Bununla yanaşı,
bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə,
ümumi cinayətkarlıq 32,3% azalmışdır. Həmin
dövr ərzində məhkəmə və istintaq
orqanlarından gizlənən cinayətkarların tutulması
3,6 dəfə qanunsuz dövriyyədən
götürülmüş narkotik vasitələrin miqdarı
3,4 dəfə artmışdır.
Son 15 ildə isə əllərdə olan
35 mindən çox qeyri-qanuni odlu silah müsadirə olunub.
Qrup halında 15 mindən çox cinayət törətmiş,
35 min nəfər tutulub cinayət məsuliyyətinə cəlb
edilmişdir. Ümumilikdə isə son 15 ildə 70 mindən
artıq təqsirləndirilən şəxs tutulmuşdur. Hər
il orta hesabla qrup halında fəaliyyət göstərən
1000-dən çox dəstə zərərsizləşdirilir.
Xidməti fəaliyyətin önəmli məqamlarından
olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə
birgə həyata keçirilən tədbirlər nəticəsində
son 15 il ərzində bağlı qalmış 367 cinayətin
üstü açılıb. Yalnız insan alveri ilə məşğul
olan 30-dan çox cinayətkar qrup ifşa olunub. Son illərdə
bir sıra ağır cinayətlərin davamlı şəkildə
azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı
qanun pozuntularının baş verməsi isə
proqnozlaşdırılan çərçivədən kənara
çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə
düşən cinayətlərin sayı MDB və Şərqi
Avropa ölkələri ilə müqayisədə
öncül yerlərdən birini tutur (100 min nəfərə
münasibətdə orta hesabla 200 cinayət hadisəsi).
Bu gün Azərbaycan DİN dövlətin
müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq
dünyanın, xüsusilə də Avropanın beynəlxalq
polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli
və çoxtərəfli əməkdaşlığın
qurulması əldə olunan nailiyyətlərin rəhnidir.
İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa
Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq
Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda
yüksək səviyyədə təmsil olunur. Amma nə
yazıq ki, cəmiyyətin demokratik inkişaf tendensiyası
arzu etdiklərimizlə üst-üstə düşmür.
Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu “cinayətsiz
cəmiyyət” ideyalarını rədd etsə də, bəzi xəyalpərvər qüvvələr,
nöqsanlı və qərəzli düşüncə sahibləri
hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət
təfəkkürünün girovlarıdır. Cinayətkarlığın
mövcud olmayacağı cəmiyyət utopik kommunizm
ideologiyasına məxsus idi. Dünyanın hansı ölkəsində
cinayət və cinayətkarlıq yoxdur? Məsələn,
dünyanın ən demokratik ölkəsi hesab edilən
Amerikada ağır cinayətlər bir yana, cinayətkarlar az
qala ildə 1-2 dəfə təhsil ocaqlarına basqın
düzənləyir, partlayışlar və qətllər
törədir, müəllimləri və tələbələri
girov götürürlər. İtaliya mafiyasının
başçısı 20 ildən sonra tutulmadımı?
Avropanın göbəyində – Fransada gah tələbələr,
gah da azğınlaşmış gənclər şəhərləri
oda qalayıb, maşınları və mağazaları
yandırmırlarmı? İngiltərədə günü
bu gün cinayətkarlıq tüğyan etmirmi? Uzağa getməyək.
Qonşu Dağıstanda və Şimali Osetiyada
ardı-arası kəsilməyən gurultulu cinayət hadisələrini
efirdən seyr etmirikmi? Bəs Moskvada, Rusiyanın digər
şəhərlərində vəziyyət necədir?
Bütün bu faktlar onu təsdiq edir ki, Azərbaycanda
dayanıqlı sabitlik var, asayiş keyfiyyətli şəkildə
qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə
aparılır, kriminoloji durum nəzarətindədir.
Günün tələbi — çevik,
peşəkar, sədaqətli əməkdaş.
Təbii ki, əgər yetkin, peşəkar,
müstəqil dövlətinə sədaqətli kadrlar olmasa ən
yaxşı qanunlar, normativ aktlar, dövlət-vətəndaş,
dövlət-cəmiyyət münasibətlərini tənzimləyən
ən yaxşı sənədlər
kağız üzərində qalar.
Ümummilli liderimiz Azərbaycan polisinin 84
illik yubileyində çıxış edərkən dedi: “Bu
peşəni, polis peşəsini qəbul edən Daxili
İşlər Nazirliyinin əməkdaşı bilməlidir
ki, o, sədaqətlə xidmət etməlidir. Mən bu məsələni
ön plana çıxarıram. Ön plana çıxararaq
bir daha Azərbaycanın dövlət müstəqilliyinə
bərabər səviyyəyə gətirirəm. Biz dövlət
müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə
də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq
olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə
sadiq ola bilmərik”.
Daxili İşlər Nazirliyinin rəhbərliyi
peşəkar polis kadrlarının hazırlanmasında məhz
böyük öndərin bu tövsiyələrindən
çıxış edir: “Gələcəkdə Azərbaycanın
çiçəklənməsini təmin edəcək
başlıca amillər gənclərin qətiyyəti və
novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsidir”
kursunu hədəf seçən Ali Baş Komandan cənab
İlham Əliyevin göstəriş və
tapşırıqları ən yüksək səviyyədə
həyata keçirilir.
Prezident dövlət
qulluqçularını belə görmək istəyir: “Bu
zümrə fəaliyyətində qanunun aliliyi, vəzifə
borcuna sədaqət, humanizm, sosial ədalət prinsiplərini
rəhbər tutmalı, vətəndasın və dövlətin
maraqlarını uzlaşdırmalıdır”. Belə tələblərə
cavab verən kadrlar yetişdirmək ən mühüm məsələlərdən
biridir.
Məlumat üçün deyim ki, hələ
1921-ci ildə yaradılmış və 1922-ci ildən komandir
heyəti hazırlayan tədris müəssisəsi statusu
almış Bakı Orta Xüsusi Milis Məktəbi vaxtilə
nəinki Azərbaycan, hətta bütün Zaqafqaziya və
Şimali Qafqaz regionu üçün milis kadrları
hazırlamışdır. Həmin tip tədris müəssisələri
sırasında özünün yüksək səviyyəsi
və nüfuzu ilə seçilmişdir. 1992-ci ildən məktəbin
bazasında fəaliyyətə başlayan Polis Akademiyası
bilavasitə ümummilli lideri Heydər Əliyevin göstərişləri,
tövsiyələri və birbaşa rəhbərliyi ilə
tamamilə yenidən qurulmuş, köklü islahatlara məruz
qalmış, nəticədə ölkənin
sayılıb-seçilən, ali hüquq təhsili verən
xüsusi təhsil müəssisəsinə
çevrilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin
bilavasitə qayğısı nəticəsində
akademiyanın daha yüksək səviyyəli peşəkar
kadrlar hazırlaması üçün maddi-texniki bazası
müasir standartlara uyğun qurulmuş, tədrisin daha keyfiyyətli
aparılması üçün təsirli tədbirlər
görülmüşdür. DİN-nin Polis Akademiyasında ən
müasir tələblərə cavab verən tədris və
məişət korpusları, idman kompleksi, xüsusi təchiz
olunmuş auditoriyalar, mənzil kommunal xidməti obyektləri
tikilərək istifadəyə verilmişdir. Polisin fəaliyyətində
önəmli olan Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar
haqqında məcəllələrin, “Narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların dövriyyəsi
ilə mübarizə haqqında” və digər qanunların,
eləcə də qanunvericilik aktlarının peşə
hazırlığı dərslərində öyrənilməsi
təmin edilmişdir. Vətəndaşların hüquq və
azadlıqlarının qorunması, insan alverinə
qarşı mübarizə məsələlərinin öyrənilməsi
prioritet vəzifələr sırasına daxil edilmişdir. Həmçinin,
sıravi və kiçik rəis heyəti hazırlayan məktəb
təşkil olunmuş, ixtisasartırma kursları getdikcə
daha çox səmərə verməyə
başlamışdır. Bütün həyata keçirilən
tədbirlərin nəticəsidir ki, Avropa Şurası
ekspertləri tərəfindən “Azərbaycan
Respublikasında polis kadrlarının hazırlanmasının
qiymətləndirilməsi” monitorinqinin yekunları qənaətbəxş
hesab edilmişdir. Akademiyanın əməkdaşları 30-dan
artıq beynəlxalq sertifikat almışlar. Bu gün
DİO-da çalışan və özünün biliyi,
bacarığı, xidməti borca münasibətilə
seçilən Akademiyanın yüzlərlə məzunu var.
Akademiyanın qarşısında duran əsas vəzifə
mükəmməl biliyə, yüksək mənəvi-psixoloji
keyfıyyətlərə, xüsusi fiziki hazırlığa,
möhkəm iradəyə və qətiyyətə malik polis
zabitləri hazırlamaqdır.
Əgər 1996-2001-ci illərdə
akademiyanın əyani fakültəsini bitirən 100
müdavimdən yalnız 25-i orta məktəblərin məzunu
olmuşdusa, hazırda bu təhlsil müəssisəsində
1400-ə yaxın, o cümlədən əyani fakültədə
600-dən çox gənc müdavim təhsil alır. Nəticə
etibarı ilə daxili işlər orqanlarının orta və
böyük rəis heyəti vəzifələrində xidmət
edən ali təhsilli əməkdaşların xüsusi
çəkisi 1994-cü illə müqayisədə 58,3%-dən
88,5%-dək, onların tərkibində
hüquqşünasların xüsusi çəkisi 33,3%-dən
76,4%-dək yüksəlmişdir.
Ötən müddət ərzində
Türkiyənin, Rusiya Federasiyasının, Çin Xalq
Respublikasının və digər dövlətlərin Polis və
Hərbi akademiyalarını 298 polis əməkdaşı və
270 hərbi qulluqçu bitirmiş və 117 nəfər təhsilini
davam etdirir. Yalnız 2009-cu ildə də qabaqcıl təcrübənin
öyrənilməsinə geniş yer verilərək 1400-ə
əməkdaş BMT-nin,
NATO-nun, strukturlarının, Beynəlxalq Miqrasiya və
İqtisadi Əməkdaşlıq təşkilatlarının,
GUAM-ın, MDB-nin və digər
beynəlxalq qurumların keçirdiyi müxtəlif tədbirlərdə
iştirak etmişdir.
Ali Baş Komandan konkret vəzifə qoyub:
“Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli,
öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti
ilə onun daha böyük etimadını qazanmalıdır”.
Bu tələblərə cavab verməyən əməkdaşın
daxili işlər orqanlarında xidmət etməyə
hüquqi, nə də mənəvi haqqı var.
Qanunların
keşiyində
Məşhur bir deyim var: “Cəzalandırılmış
cinayətkar bütün yaramazlar üçün nümunədir.
Günahsız cəzalandırılmış isə
bütün namuslu insanların vicdan məsələsidir”. Bu
deyimin qayəsində haqqın, ədalətin zəfər
çalmasının labüdlüyü durur. Ölkənin
hüquq-mühafızə orqanlarının, o cümlədən
də Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət
göstərməsi dövlət
başçısının bir nömrəli tələbidir.
DİN və onun strukturları da, əgər
obrazlı dillə desək, “şəffaf evdə
yaşayır, işləyir və daim müşahidə
olunurlar”. Şəksiz, DİO hər hansı tədbir
keçirəndə, yaxud DİN hansısa qərar qəbul
edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən
asılı olmayaraq qanunlardan çıxış edir. Lakin
eyni zamanda, onlar qərar qəbul edərkən sosial konteksə
əhəmiyyət verməyə bilməzlər. Hüquq və
onu formalaşdıran cəmiyyət arasındakı
münasibətlərdə hər zaman bir balans
olmalıdır. Azərbaycan polisi bu balansın
qarşılıqlı etibar, qarşılıqlı səmimiyyət,
qanunlara qarşılıqlı hörmət əsasında
formalaşmasının tərəfdarı olduğunu fəaliyyəti
ilə təsdiqləyir. DİN-in fəaliyyəti də məhz
bu notlar üstündə köklənib. Heç kim belə
bir iddianı sübut edə bilməz ki, DİO dəyişməyib,
yeniləşməyib, müasir dövrün tələblərinə
uyğun islahatlar aparılmayıb. DİN-in rəhbərliyi də
iddia etmir ki, Azərbaycan polisinin fəaliyyəti tamamilə
Avropa standartlarına cavab verir və hər şey əladır.
Ancaq çox şeyə nail olunub, – desəm – zənnimcə,
müvəffəqiyyətlərin rəngini tündləşdirmiş
olmaram.
DİO cəmiyyətdən təcrid
olunmuş şəkildə fəaliyyət göstərmir. O,
cəmiyyətin tərkib hissələrindən biridir.
Canlı orqanizm olan bu struktur bütövlükdə cəmiyyətin
özü kimi dəyişir, inkişaf edir, yeni forma və məzmun
kəsb edir.
Azərbaycan dövlətçiliyi
üçün əvvəllər mövcud olan təhlükələr
bu gün də tamamilə aradan qalxmayıb. Ümummilli
liderimiz Heydər Əliyevin müstəqil, bölünməz
və demokratik Azərbaycan uğrunda başladığı
mübarizə möhtərəm Prezidentimiz tərəfındən
uğurla davam etdirilir. Bəzi qüvvələr isə Azərbaycanda
ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəngdir,
fəaliyyət göstərdikləri məkanlar da fərqlidir.
Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət
etmək, sabitliyin pozulmasına yönələ biləcək
fitnəkarlıqları önləmək, zamanında qətiyyətli
tədbirlər görmək üçün ən müxtəlif
layihələr həyata keçirir. Respublika Daxili İşlər
Nazirliyi və onun strukturları Azərbaycan dövlətçiliyi
və xalqın mənafeyi naminə ən mürəkkəb və
çətin vəzifələri layiqincə yerinə yetirməyi
bacardıqlarını dəfələrlə sübut ediblər.
1994-95, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi
pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə
cəhd göstərən qüvvələr və onların
təhrikçiləri ilk növbədə Azərbaycan
polisinin qətiyyəti ilə rastlaşdılar. Bəzi siyasətbazların
başı əhlət daşına dəydi də. Ancaq bəziləri qanunsuzluğun
tüğyan etdiyi zamanların xiffətini çəkmək
mərəzindən xilas ola bilmir, “stəkanda da olsa,
fırtına qopacaqlarını” dilə gətirirlər. Mən
elələrinə Çörçillinin bir deyimini
xatırlatmaq istərdim. O deyirdi: “Siyasətçi
başını itirməkdən yox, simasını itirməkdən
qorxmalıdır”. Hər kəs aydın dərk etməlidir
ki, demokratiya qanunlara hörmət və onlara riayət deməkdir.
Azərbaycan cəmiyyətinə qanundan kənar heç nəyi
həzm etdirmək olmaz. Çünki qanunun aliliyinin təminatçısı
olan dövlət başçısı və qanunların
işləməsinə, tətbiq olunmasına məsul olan
hüquq-mühafizə orqanları var. Azərbaycan DİN
onlardan biridir.
Bayram ovqatlı bu yazıda olub-keçənləri
təkrar yada salmaq istəmirəm.Mən bu barədə dəfələrlə
yazmışam. Lakin Azərbaycan polisinin illərlə şər
və böhtana, qarayaxmaya məruz qaldığı
haqqında bir neçə cümlə yazmaq, məncə
yerinə düşər.
Məgər söz və mətbuat
azadlığı ancaq şər və böhtan atmaqla öz
fəaliyyət çərçivələrini genişləndirmək
deməkdir? Məgər söz və mətbuat
azadlığı milli adət-ənənəni, mentaliteti, əsrlərin
dərinliklərindən süzülüb gələn və
bu mənada başqa xalqlara örnək olan böyüyə,
ağsaqqala, dövlət və xalqa hörmət və
sayğı göstərməyin vacibliyini inkar edir? Məgər
söz və mətbuat azadlığı DİO-da bəzən
rast gəlinən və pərdəsi yırtılan kimi
layiqli cavabını, həm də cəzasını alan bir
çaqqala, yaxud mənəviyyatsıza, lap elə olsun bir
neçə cinayətkara görə sıralarından 1695
şəhid vermiş, 1710 əsəkdaşı və hərbi
qulluqçusu yaralanmış, təkcə son illərdə vəzifə
borcunu yerinə yetirərkən 71 nəfəri həlak
olmuş, 1340 əməkdaşı müxtəlif dərəcədə
bədən xəsarəti almış, göstərdikləri
igidliyə görə 2208 əməkdaşı və hərbi
qulluqçusu yüksək dövləti mükafata, 76 nəfəri
isə Milli Qəhrəman adına layiq görülmüş
bir strukturp bütövlükdə böhtan atmağa əsas
verir. Məntiqlə yanaşsaq, hər hansı nazirlikdə,
strukturda üç-beş nəfərin cinayət törətməsi
həmin qurumun fəaliyyətinə kölgə
salmamalıdır. Böyük bir güc strukturunu bir-iki cinayətkarla
eyniləşdirərək qiymət vermək təkcə
böyük qəbahət deyil. Bu məqsədyönlü təxribatdır.
Zaman-zaman Azərbaycan polisi ətrafında yaradılan
ajiotajın haradan və necə qaynaqlandığı barədə
mən bir jurnalist olaraq münasibət bildirmişəm. Burada
bir cümlə ilə kifayətlənim. Dövlət və
dövlətçiliyimizə sədaqətlə xidmət edən
Azərbaycan polisi ilə həm bəzi xarici dairələrin,
həm də daxildə sabitliyi pozmağa cəhd göstərən
destruktiv qüvvələrin hesabı var. Ancaq bu hesab heç
vaxt onların xeyrinə dəyişməyib. Çünki Azərbaycan
polisi dövlətin və xalqın milli mənafelərinə
xidmət edir. Həmişə ABŞ demokratiyasından,
ABŞ-dakı hüquq və azadlıqlardan örnək
götürməyin vacibliyini söyləyən bu insanlar nə
əcəb fundamental bir məsələni gözardı edirlər?
Az-çox siyasətdən, insanların hüquq və
azadlıqlarından, müstəqil və azad mətbuatdan
baş çıxaran hər kəs yaxşı bilir ki,
demokratiyanın beşiyi sayılan ABŞ-da söz və mətbuat
azadlığı da, insanların hüquq və
azadlıqları prinsipləri də yalnız və yalnız
Amerika dövlətinin və xalqının milli mənafelərindən
keçir. Eyni zamanda, fakt odur ki, təkcə ötən 15 il ərzində
xidmətdə qəbahətə yol verən, polis adına ləkə
gətirən, andına xəyanət edən, cinayət
törədən, vəzifə səlahiyyətlərini
aşan 6000-dən çox əməkdaş DİO
sıralarından xaric edilib. Vətəndaşlarla kobud rəftar,
əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb
etmə və digər hüquqpozmalara görə 614 əməkdaş
cəzalandırılıb. Onlardan 16-sı cinayət məsuliyyətinə
cəlb edilib, 85-i xidmətdən xaric edilib, 66-sı
tutduğu vəzifədən azad olunub, 442 nəfər barədə
digər intizam tədbirləri görülüb. Bu faktlar
narahatlıq doğurur və tənqid olunmalıdır,
özü də qədərincə.
Bir məsələ də mütləq
qeyd olunmalıdır. Bəziləri tez-tez təkrarlayır
ki, Azərbaycan polisi hakimiyyətin sifarişini yerinə
yetirir. Söhbət nədən gedir? Söhbət ölkə
vətəndaşlarının hüquq və azadlıqlarının,
sabitliyin qorunmasından gedir. Polis Konstitusiya ilə üzərinə
qoyulan vəzifələri yerinə yetirir. Azərbaycanın
milli mənafelərinin, xalqının rəyinin əksinə
gedənlərə, ona qarşı cinayət törədənlərə
qarşı polis adekvat tədbirlər görüb,
görür və görəcək.
Bu gün tam əsasla demək olar ki, Azərbaycanın
böyük oğlu, görkəmli dövlət xadimi,
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə qəbul edilən mütərəqqi
qanunlar, həyata keçirilən təşkilati və
praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi
dövlətin möhkəm əsaslarını yaradıb.
Obrazlı dillə desək, həmin əsaslar üzərində
Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin
davamçısı olan cənab İlham Əliyev tərəfindən
şərq-qərb memarlığının bütün
gözəlliklərini özündə əks etdirən Azərbaycan
adlı əzəmətli və yaraşıqlı bina
tikilir. Bu möhtəşəm “bina” müstəqil,
hüquqi, demokratik dövlət quruculuğunun bütün tələblərinə
cavab verəcək. Dünyanın istənilən yerindən
bu “bina”ya baxan soydaşlarımız qürurla deyəcəklər:
mən azərbaycanlıyam! İndi Azərbaycan qatarı
parlaq gələcəyə doğru gedən yola
çıxıb. Arzu edirəm ki, bu qatarın təhlükəsiz
hərəkətinin təmin edilməsində təkcə Azərbaycan
polisinə, müvafiq strukturlara yox, hər bir vətəndaşa
pay düşsün.
Bayramın mübarək olsun, Azərbaycan
polisi!
Səyyad
AĞBABALI
525-ci qəzet.-
2013.- 2 iyul.- S.5-6.