Şəkidə
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalının
rəsmi açılışı
olub
Şəkidəki XIX əsrə aid
tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray”
kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi
festivalının rəsmi açılış mərasimi
keçirilib. Şəhər icra hakimiyyətinin
başçısı Elxan Usubov və festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadə Şəkinin yenidən qapılarını
növbəti “İpək Yolu” festivalına
açdığını bildiriblər: “Gözəl bir ənənəyə
çevrilən möhtəşəm musiqi bayramı –
“İpək Yolu” Beynəlxalq festivalının Şəkidə
keçirilməsi heç də təsadüfi deyildir. Əsrlər
boyu bu qədim və gözəl şəhər Böyük
İpək Yolu üzərində yerləşən
mühüm sənət və ticarət mərkəzi olub. Bu
gün Şəki orta əsrin şəhərlərinə məxsus
olan şəhərsalma mədəniyyətini özündə
qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi
memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr,
qala divarları, körpülər Şəkinin qədim
memarlıq üslubundan xəbər verir. Musiqi festivalı
zamanı konsertlərin tarixi memarlıq abidələri önündə
keçirilməsi tədbirin əhəmiyyətini daha da
artırır. Bu festivallar həm də xalqımıza xas olan
zəngin tarixi mədəni irsi təbliğ etməyə
imkan yaradır. Bu gözəl musiqi bayramında Azərbaycan
ilə yanaşı Türkiyə, Tacikistan, Rusiya, Koreya
Respublikası və ABŞ-ın musiqiləri səsləndiriləcək.
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı bu dəfə
əsl yeniliklə başlanıb”. İlk dəfə olaraq
burada görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub.
Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının
truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət
olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin
üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin
nümayəndələri, teatrsevərlər tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Xalq artisti
Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya),
quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə
rəssam Əməkdar rəssam Tahir Tahirovdur. Səhnə əsərində
əsas rolları isə Xalq artistləri Kamilla Hüseynova və
Gülağası Mirzəyev ifa ediblər.
Festivalın sonrakı günlərində
tamaşaçılara Koreya Respublikasından olan solistlərin
ifasında qədim musiqi nümunələri və rəqslərdən
ibarət maraqlı konsert proqramı təqdim olunub.
Konserti Koreya Respublikasının Azərbaycandakı
səfiri Çoi Suk-İn açaraq “İpək Yolu”
festivalının iştirakçılarının xalq
musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti
haqqında geniş məlumat əldə etmək
imkanlarının olduğunu bildirib. Səfir bu möhtəşəm
tədbirə dəvət olunmasından qürur duyduğunu,
hər dəfə Şəkiyə səfər edəndə
onun gözəl incəsənəti və zəngin mədəni
irsinə heyran qaldığını vurğulayıb. Koreya
musiqiçilərinin “İpək Yolu” Beynəlxalq musiqi
festivalında hər il iştirak etmələrindən məmnunluq
duyduğunu bildirən Çoi Suk-İn, bu gün
musiqiçilərdən ibarət böyük bir qrupun bu
festivalın tərkib hissəsi olmaq üçün uzun yol qət
edərək Şəkiyə gəldiyini diqqətə
çatdırıb. Səfir bu festivalın Koreya milli musiqisi
ilə yaxından tanış olmağa, eyni zamanda, ölkələrimiz
arasındakı mədəni əlaqələrin
inkişafına öz töhfəsini verəcəyinə əminliyini
bildirib.
Festival çərçivəsində
ABŞ-ın “Filligar”
rok-qrupunun konserti də olub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi
barədə məlumat
verib. Festivalın bədii rəhbəri, Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə “İpək
Yolu” IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin
olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı
və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək
ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırıb. Məlumat verilib
ki, “Filligar” Amerikada son illərin ən yaxşı gənc rok qruplarından
sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias
qardaşları tərəfindən
yaradılan bu qrup artıq 8 albomunu və 80 orijinal mahnısını
rok musiqisini sevənlərə təqdim
edib.
2012-ci ildə qrupun
sonuncu “The Nerve” albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən
“İlin ən yaxşı albomu” nominasiyası üzrə mükafata layiq görülüb.
2013-cü ildə “Filligar” qrupu dünya ölkələri
arasında mədəniyyətin
və incəsənətin
dialoqunu, qarşılıqlı
mədəni əlaqələrin
inkişafını, habelə
Amerika musiqi mədəniyyətini təbliğ
etmək üçün
ABŞ Dövlət Departamenti
tərəfindən mədəni
səfir kimi bir sıra Şərqi
Avropa ölkələrinə
qastrol səfərləri
edib.
S.ABDULLAYEVA
525-ci
qəzet.- 2013.- 2 iyul.- S.7.