Azərbaycan aşıqları Fransada çıxış ediblər

 

 Azərbaycanın Şirvan bölgəsinin aşıqları Fransanın Sen Floran şəhərində “Şərq” Beynəlxalq mahnı festivalı çərçivəsində ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə geniş konsert proqramı təqdim ediblər. Fransız musiqisevərləri aşıq musiqisinə böyük maraq göstərmiş, aşıq Alının ifasını alqışlarla qarşılayıblar. Aşığı Şirzad Fətəliyev (tütək), Şəmsi Fətəliyev (nağara) və Şöhrət Alıyev (qoşa nağara) müşayiət edib.

 Konsertdə şəhərin meri və Fransanın keçmiş xarici işlər naziri Herve de Şaret və xanımı, şəhər ictimaiyyətinin nümayəndələri, yerli jurnalistlər və çoxlu sayda digər qonaqlar iştirak edib. Tamaşaçılar aşıq Alının və onu müşayiət edənlərin ifalarını yüksək qiymətləndirib, onların yaxın vaxtlarda yeni bir konsert proqramı ilə Fransaya səfər etmələrini arzulayıblar. Yerli JET FM radiosunun təşkil etdiyi canlı yayımda Azərbaycan mədəniyyətinin zənginliyindən danışılıb, fransızların xalqımıza məxsus muğamı yaxşı tanıdıqları və sevdikləri diqqətə çatdırılıb, bu ölkədə bir o qədər də tanınmayan aşıq sənəti və musiqisi barədə məlumat verilib, aşıq Alının ifasında aşıq mahnıları səslənib, “Sarı gəlin“ xalq mahnısı ifa olunub.

 Sonda festivalın təşkilatçısı Alan Veber aşıq musiqisindən ibarət maraqlı konsert proqramının təşkilinə dəstək verən Azərbaycanın Fransadakı səfirliyinə öz təşəkkürünü bildirib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2013.- 2 iyul.- S.7.