Etnik baxımdan zəngin bölgələrimiz – Oğuz

 

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Azərbaycanın şimal, şimal-qərb, qərb, şərq, cənub regionlarında onlarla sayda xalq yaşayır. Konkret olaraq bəzi rayonların adını çəksək, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Gədəbəy, Şamaxı, Şəmkir... siyahını uzatdıqca uzatmaq olar. Həm də bölgələrimizdə məskunlaşan digər azsaylı xalqlar azərbaycanlılarla qaynayıb-qarışaraq bütün dünyaya nümunə olacaq tolerantlıq modeli sərgiləyirlər.

Belə regionlarımız və rayonlarımız haqqında vaxtaşırı oxucularımıza məlumat verəcəyik. İndilikdə isə ölkəmizin etnik baxımdan zəngin bir rayonu- ucqar, kiçik, amma təbii gözəlliyinə görə bəzən “Azərbaycanın İsveçrəsi” adlandırılan Oğuz haqqında məlumat verəcəyik. Rayon haqqında ümumi məlumatlarla yanaşı, burada yaşayan çoxsaylı etnik xalqlar haqqında da söhbət açacağıq.  

Oğuz –Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Oğuz qədim və zəngin tarixə, gözəl təbiətə, maraqlı coğrafi mövqeyə malik bir bölgədir. Eramızdan əvvəl yaşamış yunan tarixçisi Strabon əsərində göstərib ki, Oğuzun da daxil olduğu indiki Şəki-Zaqatala zonası hələ 4500 il bundan əvvəl abad və sıx əhalisi olan yaşayış yeri olub.  Alim Baloğlan Şəfizadənin 1996-cı ildə çap edilmiş “Zərdüşt, Avesta, Azərbaycan” kitabında Oğuz rayonu ilə bağlı yer adları var. Kitabda təqdim olunan Avesta lüğətində  Quzra sözü gizli (Oğuz), birinci verilən kimi yozulur və bildirilir ki, oğuzların etnik adı da burdandır. Saz, oğuz, qopuz, ozan  sözləri də bu mənşə ilə bağlı olub “gizli təlim, gizli ruh” mənalarını verir. Oğuzun əvvəlki adı Vartaşen də “kamil danışığın məskəni”, şen-şin isə “Ruhun kamilliyinin qorunması” kimi açıqlanır. Oğuz rayonunda hazırda da Avesta ilə səsləşən kənd, dağ, dərə, bulaq adları bu gün yeni mənalar daşısa da ümumilikdə maq sivilizasiyasından soraq verir. Bu da Oğuzun ərazisinin ulu Zərdüştün vətəninin bir hissəsi olduğunu təsdiqləyir.

Oğuz rayonunun əksər yaşayış məntəqələrinin adları türk-Azərbaycan mənşəli tayfaların, xalqların adları ilə bağlıdır. Etnik zənginlik tarixi toponimlərdə də aydın şəkildə özünü büruzə verir.  Eyniadlı toponimlərə nəinki Azərbaycanın digər rayonlarında, həmçinin Türkiyə, İran, Dağıstan, Gürcüstan, Orta Asiyanın ərazilərində də sıx-sıx rast gəlmək olar. Belə toponimlər məna aydınlığına görə şəffaf toponimlərə aiddir. Oğuzda soy, nəsil, tayfa, xalq adları ilə bağlı etnotoponimlərə bunları misal göstərmək olar: Bayan, Bucaq, Böyük Söyüdlü, Calud, Daşüz, Ərmənət, Filfilli, Hallavar, Xaçmaz, Xalxal, Kərimli, Qarabaldır, Qumlaq, Mollalı, Muxas, Padar, Sincan, Şirvanlı, Tərkeş, Yaqublu və sair...

Toponimlər sırasında İran (Zərrab), rus (Astraxanovka, Vladimirovka) mənşəlilər də var. Bu etnotoponimlər etnik tolerantlığımızın daha bir göstəricisi hesab oluna bilər.

Oğuzun çox gözəl təbiətə, əlverişli təbii iqlimə malik olması lap qədimdən insanların burada məskunlaşmasına zəmin yaradıb.

Bugünkü Oğuz rayonunun ərazisi tarixin müxtəlif dövrlərindən Qəbələ mahalının, Şəki xanlığının, Nuxa qəzasının tərkibində olub, 1930-cu ildən bu ərazidən respubilka tabeliyində Vartaşen adı ilə müstəqil inzibati rayon yaradılıb. Rayona 1991-ci ildə Oğuz adı verilib.

Oğuz rayonu tarixən etnik zənginliyi ilə seçilib. Yunan alimi Strabon, alban tarixçisi Musa Kalankutlu və digər müəlliflər öz əsərlərində yazır ki, Qafqaz Albaniyasında (bugünkü Oğuzun ərazisi də həmin dövlətin ərazisinə daxil idi) eramızdan əvvəl birinci əsrdə 26 tayfa yaşayırdı. Bu 26 tayfanın sırasında olan utilər (udinlər) və leqlər (ləzgilər)  bu gün də öz varlığını qoruyub saxlamaqdadır.  Aparıcı tayfalar olan albanlar və digər türksoylu tayfalar müasir Azərbaycan xalqının etnogenezində əsas rol oynayaraq onu formalaşdırıblar.  Oğuz çoxmillətli rayondur. Hazırda burda azərbaycanlılarla birgə Mexseti türkləri, ləzgilər, udinlər, yəhudilər, ruslar, avarlar, kürdlər və başqa millətin nümayəndələri yaşayır.

Oğuzun etnik baxımdan unikal olmasını sübut edən amillərdən biri də bütövlükdə hər hansı yaşayış məntəqəsində ayrıca etnik qrupun, yaxud azsaylı xalqın məskunlaşması, hansısa kəndin məhz bir etnik qrupla bağlı olmasıdır. Məsələn, Oğuzun Filfilli, Şirvanlı və digər kəndlərində əhalinin əsas hissəsinin ləzgilər təkil edir. Calud kəndində  müəyyən sayda erməniəsilli əhali yaşayır.  Oğuzda, rayon mərkəzində isə etnik yerləşmə əsl palitranı xatırladır. Burada udinlər, türklər, avarlar, ləzgilər, yəhudilər, erməniəsillilər sıx məskunlaşıblar. Son dövrlərdə rayonun iqtisadi cəhətdən inkişafı, tərəqqisi vaxtilə burada yaşayan, sonralar köçüb İsrailə gedən yəhudilərin bir qisminin yenidən doğulub-böyüdükləri doğma ocaqlarına, Oğuza qayıtmasına zəmin yaradır. Daha bir maraqlı fakt da ondan ibarətdir ki, rayon ərazisində yaşayan qədim Qafqaz Albaniyasının unikal tayfalarından olan udinlərin yalnız Oğuz və Qəbələ ərazisində qalmasıdır. Həmçinin onu da xatırladaq ki, bu adda etnos dünyada yalnız Azərbaycanda- Oğuz və Qəbələ ərazisində mövcuddur.

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyinə-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 3 iyul.- S.6.