Etnik baxımdan zəngin bölgələrimiz-
Quba
Azərbaycan
etnik tərkibi baxımdan da dünyanın ən zəngin
ölkələrindəndir. Ümumilli lider Heydər Əliyev
də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi
həm də burada yaşayan müxtəlif xalqların
sayının çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir
müxtəlif xalqların nümayəndələri əl-ələ,
çiyin-çiyinə dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı
xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin nəticəsi bir sıra
xalqların məskunlaşmasında da özünü
göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar,
azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar. Azərbaycan
ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə
olsa da, bu etnik zənginlik çaları özünü bəzi
bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə
büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə
etnik rəng özünü daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha
kompakt şəkildə yaşayırlar.
Etnik cəhətdən zəngin bölgələrimizdən
biri də Quba rayonudur. Zəngin tarixə və füsunkar təbiətə
malik Quba ərazisinə görə Azərbaycanın ən
böyük rayonudur. Maraqlı bir fakt mövcuddur ki, rayonun ərazisi
dünyanın 27 ölkəsindən böyükdür.
Unikal etnosların, azsaylı xalqların
yerləşməsi baxımından Qubanı Azərbaycanın
etnik palitrası da adlandırmaq olar. Burada azərbaycanlılar,
ləzgilər, yəhudilər, mesxeti türkləri, tatlar,
ruslarla yanaşı Şahdağ etnik qrupuna (onların hər
biri haqqında gələn yazılarımızda ətraflı
bəhs edəcəyik) daxil olan azsaylı unikal xalqlar da məskunlaşıb.
Böyük Qafqaz dağlarının
şimal-şərqində yerləşən Qubanın
yaşı ilk orta əsrlərə gedib çıxır.
Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində,
Avropanın müxtəlif coğrafiyaşünaslarının
əsərlərində bu və ya digər şəkildə
bəhs olunub.
XI əsrdə Azərbaycan hakimi
Anuşirəvanın tikdirdiyi qalanın adı “Bade-Firuzqubat”
idi, XII əsrə aid ərəb mənbələrində
Quba “Kuba” kimi göstərilirdi, XIII əsrdə ərəb
alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan
şəhərləri arasında “Kubba” da var, XVI əsrin səfəvi
qaynaqlarında isə Quba “Qübbə” kimi verilib. Bəzi mənbələrdə
Qudyalçayın adı ilə bağlı olub Quda
adlanır. Quba yaşayış məskənin tarixi
miladın IV əsrinə aid edilir. Quba şəhərinin
şərq hissəsində Sandıqtəpə şəhərgahı
olmuşdur. Salmantəpə, Balazar, Qalagah və Qarğaqala
yaşayış yerləri IV əsrlərə gedib
çıxır.
Aşurbəyli yazır ki, Məkkədəki
Quba yaşayış məskənindən köçüb gələn
ərəb qəbilələri tərəfindən Quba şəhərinin
əsası qoyulub.
XVIII əsrin ortalarında Quba
xanlığı yaradılıb, onun mərkəzi əvvəl
Xudat, sonra isə Quba şəhəri olub. Hüseynəli
xanın oğlu Fətəli xanın (1758-1789) dövründə
Quba xanlığının mövqeyi daha da güclənib.
Onun dövründə yəhudilər Qubaya,
Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət
edilib. Əvvəllər Yəhudi Slobodası adlanan bu
yaşayış məntəqəsi 1926-cı ildən
Qırmızı Qəsəbə adlanır. 1806-cı ildə
Quba xanlığı Rusiyaya birləşdirilib və əyalətə
çevrilib. Yenidən təşkil olunmuş Quba qəzası
1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə
isə Bakı quberniyasına daxil edilib. 1930-cu ildə Quba Azərbaycanın
inzibati rayonlarından birinə çevrilib.
Qədim tarixə malik olan Quba həm də
abidə və etnoqrafik mənbələrlə zəngindir.
Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən
uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə
aid Atəşpərəstlər məbədi, Ağbil kəndində
XVI əsrə aid türbələr və kurqan, o cümlədən
İskəndərtəpə və Şiştəpə
kurqanları, kəndin ətrafında Pirtəpələr
yaşayış yeri, eramızdan əvvəl I minilliyə,
tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində
Gültəpə, Çarıqtəpə və Pirtəpə
kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım,
Hacı Cəfər və Cümə məscidləri,
gümbəzli hamam var.
Quba bir çox maddi və mənəvi
sərvətləri ilə məşhurdur. Quba alması, Quba
xalçaları nəinki ölkəmizdə, bütün
dünyada tanınır. Amma respublikamızın bir hissəsi
olan Qubanın dəyərli sərvətlərindən
bəlkə də ən başlıcası onun zəngin,
çoxçalarlı milli-etnik tərkibi, müxtəlif
xalqların, etnosların nümayəndələri olan vətəndaşlarımızdır.
Qubanın əksər yaşayış məskənlərinin
adları, tarixi etnotoponimlər burada yaşayan xalqların
adı ilə bağlıdır.Bu toponimlərin böyük
hissəsi Qubanın yaşının əsrlərlə
ölçüldüyünün göstəricisidir. Quba kəndlərinin
adı maraqlı səslənməklə yanaşı, onun
tarixini, soy-kökünü, etnik zənginliyini də
özündə ehtiva edir. Bu
rayonun Adur, Afurca, Alekseyevka, Alıc, Alpan, Amsar, Atuc, Aydınkənd,
Ağbil, Aşağı Xuc, Bad, Barlı, Bağbanlı,
Bağçaəli, Birinci Nügədi, Buduq, Bərqov,
Cağacuq, Cek, Cimi, Dalaqo, Davudoba, Dağlı,
Dağüstü, Digah, Dəhnə, Dəli-qaya, Dəlləkli,
Dərk, Fırıq, Güldar, Gültəpə, Güləzi,
Gümür Dəhnə, Güneyməhəllə, Gədik,
Gədikqışlaq, Gərəy, Hacağalar,
Hacıhüseynli, Hacıqaib, Haput,
Kirdəh, Kunxırt, Küpçal, Kürkün,
Küsnət, Küsnətqazma, Küçeyi Kələbağ,
Kələnnov, Mirzəməmmədkənd, Mirzəqasım,
Mirzəqışlaq Muçu, Möhüc, Məçkə-xacə,
Nohurdüzü, Novonikolayevka, Növdün Nütəh,
Pirvahid, Püstəqasım, Qacar Zeyid, Qalagah, Qalayxudat, Qam-qam,
Qaraulustü, Qaraçay, Qarxun, Qasımqışlaq,
Mahmudqışlaq, Qayadalı, Qımıl, Qorxmazoba, Qrız,
Qrızdəhnə, Qələdüz, Qənidərə, Qəçrəş,
Raziyələr, Rustov, Ruçuq, Rük, Rəngdar, Sırt
Çiçi, Sofikənd, Susay, Söhüb, Səbətlər,
Talabı, Talış, Timirzayev, Tüləkəran, Tülər,
Təhmər, Təngəaltı, Utuq, Uzunmeşə,
Vladimirovka, Vəlvələ, Vəngidar, Xaltan, Xanagahyolu, Xarovşa, Xaspolad, Xaşı,
Xınalıq, Xırt, Xucbala, Yalavanc, Yekdar, Yenikənd, Yerfi,
Yergüc, Zeyid, Zıxır, Zizik, Zərdabi, Zərqaza,
Çartəpə, Çarxaçu, Çayqışlaq,
Çiçi, Çədəri, Ördüc,
Üçgün, İdrisiqışlaq, İqrığ,
İsnovqışlaq, İspik, Şuduq, Əlibəyqışlaq, Əlik Əliməmmədoba,
Ərməki, Ərməkiqışlaq, Əski İqriq, Əspərasti və
sair kimi maraqlı toponimlərin daşıyıcısı
olan kəndləri var. Göründüyü kimi onların
sırasında həm rus, həm ərəb-fars mənşəli,
həm soy-köklə, tayfa adı ilə bağlı, həm
də konkret etnosu təmsil edən adlar var. Bu çoxsaylı
kəndlər sırasında Xınalıq, Cek, Qrız, Haput,
Əlik, Buduq, Yergüc və sair kəndlərdə konkret
olaraq bu adların daşıyıcısı olan azsaylı
xalqlar məskunlaşıb. (gələn
yazılarımızda bu barədə söhbət
açılacaq). Bu kəndlərdən Xınalıq
bütün dünyada analoqu olmayan yaşayış məskənlərindən
hesab olunur. Quba rayonu ərazisində yerləşən, yəhudilərin
kompakt şəkildə yaşadığı
Qırmızı Qəsəbə isə abadlığı,
gözəlliyi ilə turistlərin də diqqətini çəkir.
Ümumiyyətlə, Quba rayonu gözəl, saf təbiəti,
tarixi və etnik zənginliyi səbəbindən həmişə
turistlərin diqqətində olan bölgələrimizdəndir.
Bütün bunlar göstərir ki,
Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini
və lütfünü əsirgəməyib, yeraltı və
yerüstü sərvətlərlə yanaşı, bir
ölkə ərazisində iç-içə qaynayaraq
qarışan, bir respublikanını bərabərhüquqlu vətəndaşı
kimi çiyinə-çiyinə yaşayan dost xalqlar bəxş
edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək,
qorumaq hər birimizin mənəvi borcudur.
(Ardı
var)
Sevinc
MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 4 iyul.- S.6.