Etnik baxımdan zəngin bölgələrimiz- Quba

 

 Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

 

Etnik cəhətdən rəngarəng Quba rayonunun nadir etnosların yaşadığı unikal kəndləri barəsində oxucularımıza məlumat verəcəyimizi keçən yazımızda qeyd etmişdik. Bu dəfə yazımız Qubanın Cek kəndi ilə bağlı olacaq. Cek kəndi Şahdağ milli etnik qrupuna daxil olan ceklilərin tarixi, mərkəzi iqamətgahı hesab olunur. Cek kəndi çox qədim tarixə malik yaşayış məskənlərindəndir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin sözlərinə görə, tapıntıların tunc dövrünə – e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.

Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Quba şəhərinin 35 kilometr cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. Qudyalçayın sağ qolu olan Ağçayın mənbəyinə doğru çayın sol sahilində, Baş Qafqaz silsiləsinin şimala doğru uzanmış qolunun suayrıcında şiş qayalar ucalır. Bunlar Cek kəndinin üstündə olduğundan Cek qayaları adlanır.

“Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmasa da ehtimal edilir ki, “cek” sözü cek dilindəki “ciqa” sözündən yaranıb və Azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.

Dini əqidələrinə görə ceklilər müsəlmandırlar. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən atəşpərəstliyin izlərini özündə saxlayan “Atəşgah” və 1000 ildən də artıq yaşı olan “Əbu Müslim məscidi” yerləşir.

Kənd əhalisini Azərbaycanın milli etnik nümayəndələri, aborigen əhalisi olan  ceklilər təşkil edir. Ana dilləri cek dilidir. Ceklilər 2 dildə — dialektlərə bölünməyən vahid cek dilində və Azərbaycan dilində danışırlar. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından hesab olunur.  Qafqaz dillərinin Dağıstan qrupuna aid edilən cek dili qrız, əlik, haput, buduq dillərinə və qismən də ləzgi dilinə yaxındır. Azərbaycan dilində olan bəzi sözlər cek dilində də eyni mənanı verir.

Cek kəndində əhalinin etnik tərkibini ceklilər təşkil edir. Bir sıra mənbələrdə “ceklər”, “ceqlər”, “ceglər”, “cegillər” kimi göstərilən ceklilər hazırda Cek kəndindən başqa, Qubanın digər kəndlərində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Xaçmaz, Qusar rayonlarında, ölkədən kənarda isə Rusiya Federasiyasında, Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində və digər məkanlarda da yaşayırlar. XIX əsrin 80-ci illərinə aid olan bir mənbədə ceklilərin sayı 1277 nəfər qeyd olunub. Ən son məlumata əsaslansaq, hazırda Cek kəndinin əhalisinin sayı 312 nəfərdir.

Tarixən köçəri həyat tərzi sürən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan “Cek” xalçalarının mərkəzləşmiş məntəqəsi hesab edilir.

Ənənəvi olaraq Azərbaycan mətbəxinin zəngin nümunələrindən bəhrələnmiş Cek mətbəxi bu aspektdən də özünəməxsusdur. Cek mətbəxini Azərbaycan mətbəxindən fərqləndirən əsas cəhət onların xüsusi hazırlanmış mətbəx nümunələrinin, özlərinə məxsus təamlarının olmasıdır. Bu nümunələr sırasında curum, qiləc, çama-fu, sərgil-afar və boqortc-halva kimi təamları qeyd etmək olar.

Nə Sovet İttifaqı dövründə, nə də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ceklilərin hər hansı bir ictimai birliyi mövcud olmayıb.  Onların ilk təşkilatları-31 mart 2006-cı il tarixində bir qrup cekli tərəfindən Sumqayıt şəhərində “Azərbaycan Cekli İcması” İctimai Birliyi (ACİİB) təsis edilib. Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu təşkilatın əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, bu unikal etnosun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanmasını təmin etmək olub. ACİİB-in əsas şüarı: “Biz CAN deyirik! Yəni, ceklilər Azərbaycan naminə!”

Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası 2006-cı ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına əsasən yenidən inşa edilərək, istifadəyə verilib.

Cekə aparan avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin göstərişi ilə başa çatdırılıb və 2006-cı il oktyabrın 7-də özünün iştirakı ilə Quba-İspik-Xınalıq avtomobil yolu istifadəyə verilib.

Ceklilər arasında çox sayda ali təhsilli mütəxəssislər yetişib. Ceklilər bu gün də respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində yaxından iştirak edirlər.

 

***

 

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyinə-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

 

(Ardı var)

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 5 iyul.- S.6.