Hərbi sirr
(hekayə)
Payız fəslinin gözəl
çağları idi. Yayın qızmar günləri
çoxdan arxada qalmışdı. Artıq quşların nəğməsi
də, cəh-cəhi də yaydakı kimi gur deyildi. Havalar
soyuduqca ağacların yarpaqlarına “dən”
düşürdü. Yazın ilk günlərindən
budaqların üstünə cərgə ilə
düzülmüş yarpaqlar yavaş-yavaş saralır,
bağ-bağat qızılı rəngə
bürünürdü. Saralmış yarpaqlar zəif küləyin
qarşısında belə çox duruş gətirə bilməyib,
ona təslim olurdular. Yerə səpələnmiş
yarpaqları isə külək bağ-bağatın
içində ora-bura qovurdu.
Neçə gündən bəri
havanın da qaşqabağı tutulmuşdu. Göy
üzünü ağlı-qaralı buludlar almış,
yağışlar yağmağa başlamışdı.
Yolda-izdə palçıq əlindən tərpənmək
mümkün deyildi. Hava proqnozuna görə
yağışlar hələ bir neçə gün davam edəcəkdi...
Yağan
aramsız yağışlar ön xəttə gedən
ağır döyüşlərdə müəyyən
çətinliklər yaratmışdı. Səngərlər,
mövqelər palçıq içindəydi. Əvvəlki
günlər kimi hücuma keçmək, döyüş
tapşırıqlarını cəld yerinə yetirmək,
demək
olar ki, mümkün deyildi. Amma silahlar
susmamışdı. Top-tüfəng gurultusu aləmi lərzəyə
gətirir, qulaqları batırırdı. Soyuq havanı
odlayıb keçən qaynar mərmilər göydə
sürətlə süzüb hədəfə dəyir və
uğultu qoparırdı. Güclü atəş səsləri
dağ-daşı yerindən oynadırdı. Havadan
barıt, səngərdən qan qoxusu gəlirdi. Getdikcə zəifləyən
azğınlaşmış ermənilər addım-addım
geri çəkilirdilər. Bu üstünlükdən,
uğurdan sevinib ruhlanan əsgərlər daha inamla vuruşur,
daim irəli can atırdılar. Yağılar ara-sıra
müqavimət göstərir, strateji cəhətdən əlverişli
yüksəklikləri qoruyub saxlamağa, əldən verməməyə
çalışırdılar.
Düşmən
arxasına xüsusi tapşırıqla gedən kəşfiyyatçılar
mühüm məlumatlarla qayıtmışdılar. Öyrənmişdilər
ki, diqqəti döyüşdən yayındırmaq məqsədi
ilə ermənilərin müxtəlif təxribatlar törətmək
planları var.
Ona görə də hərbi hissə komandiri
polkovnik Şahbazov səhər düzülüşündə
şəxsi heyət qarşısında bu barədə xeyli
danışdı. Qəsbkarların məkrli niyyətindən,
cəbhədəki gərgin vəziyyətdən,
işğalçıların təxribat törədəcəyindən
söz açdı. Əsgərlərə
hər addımda ehtiyatlı olmağı, hərbi sirri qorumağı,
aparılan döyüş əməliyyatları barədə
yad adamlarla söhbət etməməyi məsləhət
gördü. Xüsusi olaraq sürücülərə
tapşırdı ki, yollarda tanımadıqları adamları
maşına mindirməsinlər. Çünki
düşmənin təxribatçı qrupu hərbi hissəyə
silah-sursat, texnika və başqa vacib yüklər
daşıyan maşınları partlada bilər.
Əsgər
Samir Cəfərovdan başqa hamı komandirə diqqət kəsilmişdi.
Bu dəqiqələrdə onun fikri-zikri sevdiyi
qızın – Dilarənin yanındaydı. O, şirin xəyallar
içindəydi, sevgilisiylə görüşdüyü,
danışdığı günləri
xatırlayırdı. Samir xidmətə gəlməmişdən
əvvəl ucaboylu, qəddi-qamətli Dilarə ilə təsadüfən
rastlaşıb tanış olmuşdu və elə ilk
baxışdan ona vurulmuşdu. Görüşlərinin birində
isə utana-utana Dilarəyə ürəyini
açmış, ona aşiq olduğunu demişdi. İstəklisi
isə cavab verməyə tələsməmiş, əvvəlcə
“fikirləşərəm”, – demişdi.
Növbəti
görüşə qədər Samir çox həyəcan
keçirmişdi. O, ürəyində Dilarənin onun sevgisinə
nə cavab verəcəyini götür-qoy edir, gecə-gündüz
bu barədə fikirləşirdi. Düşünürdü
ki, görəsən, Dilarə ona “hə” deyəcək, yoxsa
onu rədd edəcəkdi. Amma deyəsən,
Samir də Dilarənin ürəyinə yatmış, onun
xoşuna gəlmişdi. Çünki bir neçə
gündən sonra Samir Dilarə ilə görüşəndə
onun gözlərinin güldüyünü
görmüşdü. Axır ki, Samir istəyinə
çatmış, Dilarədən “hə” cavabını almışdı.
İstədiyi
qızdan onu sevdiyini eşidəndə elə bil
dünyanı Samirə vermişdilər. Sevinci yerə-göyə
sığmırdı. Çünki sevgilisi məhəbbətini,
istəyini rədd etməmiş, arzusunu gözündə
qoymayaraq ona müsbət cavab vermişdi. Görüşdən-görüşə
Samir Dilarəyə daha da möhkəm və qırılmaz
tellərlə bağlanır, ürəyindəki sevgisi
coşub-daşırdı.
Ata-anası
el adəti ilə Dilarəgilə elçi getmiş, nişan
taxmışdılar. Əsgərlikdən qayıdan kimi Samir
toy edib onu evlərinə gəlin gətirmək, ailə qurmaq
istəyirdi.
Xidmətdə
olanda Samir Dilarədən tez-tez məhəbbət və sevgi
dolu məktublar alırdı. Hər dəfə Dilarə məktubunda
onun yolunu intizarla gözlədiyini yazırdı. Yaxın
vaxtlarda sevgilisinin qardaşı Yaşarın toyu olacaqdı.
Dilarəgilin evlərində bu işə ciddi hazırlıq
işləri gedirdi.
Sevgilisi məktubda toya hansı rəngdə paltar geyinəcəyinə
qədər ona yazmışdı. Samir sevgilisinin məktublarını
üst-üstə yığıb saxlayırdı. Onlardan
Dilarənin qoxusunu alırdı. Boş vaxtı olanda isə məktubları
təzədən vərəqləyib oxuyurdu. Axı, Dilarəni
çox sevirdi. Toyları olacağı, ona
qovuşacağı günü intizarla gözləyirdi.
Hələlik
xidmətinin yalnız dörd ayı arxada qalmışdı.
Bir tərəfdən də müharibənin uzanması,
döyüşlərin qızışması onun
qanını lap qaraldır, gələcək planlarını
pozurdu. Ölənləri, yaralananları görəndə
ürəyi ağrıyır, dəhşətə gəlirdi. Göz
yaşlarını saxlaya bilmir, oturub
hönkür-hönkür ağlayırdı.
Sürücülüyü buraxıb silah götürüb
vuruşmaq, ermənidən əsgər yoldaşlarının
qisasını almaq istəyirdi. Amma komandirləri buna razı
olmurdular. Çünki Samir sürücü kimi öz işinin
öhdəsindən çox yaxşı gəlirdi.
Samir
şəhid olanları görəndə fikirləşirdi ki,
axı bu oğullar da dünyaya yaşamaq və sevmək
üçün gəlmişdilər. Onların da ürəklərində
arzuları, yollarını gözləyən valideynləri,
qardaş-bacıları və sevgililəri var idi. Amma
düşmənin atdığı odlu güllələr bu
igid oğulların ömürlərinə son qoyurdu.
Samir
əlinə silah alıb vuruşub
döyüşmürdü, barıt və qan qoxuyan səngərlərdə
dayanmırdı. Başqa əsgərlərə baxanda onun
sağ qalmaq, müharibədən evlərinə dönmək,
sevgilisinə qovuşmaq şansı daha çox idi.
İş-gücü, xidməti vəzifəsi elə də
ağır, qorxulu və
təhlükəli olmasa da, məsuliyyətli idi. Şəhərdən
göndərilən silah-sursatı, həmçinin başqa zəruri
yükləri, elə də uzaqda olmayan dəmiryol
stansiyasından hərbi hissənin anbarına
daşıyırdi. Gecə-gündüz yol gedib yol gəlirdi.
Həmişə sükan arxasında idi. Gün ərzində
yüz kilometrlərlə məsafə qət edirdi. Samir kənd-kəsəyin
içindən keçəndə ona əl edən
adamları da maşına götürərdi. Heç kəsi
yolda-izdə qoymazdı. O, ürəyiyumşaq və mərhəmətli
bir insan idi. İdarə etdiyi maşın da ki, saat kimi işləyirdi.
Texnikanın dilini yaxşı bilməyi də, hər
addımda əlindən tutur, karına gəlirdi.
Onun
atası Novruz kişi də uzun illər sürücü
işləmişdi. Saç-saqqalını da
sükan arxasında ağartmışdı. Samir gözlərini
açıb bu işıqlı dünyaya baxanda həyətlərində
maşın görmüşdü. Balaca olanda atasının
dizləri üstündə oturub sükandan möhkəm-möhkəm
yapışardı. Elə ki bir az böyüdü,
ayağı yer tutdu, boyu uzandı özü sükan
arxasına keçdi. Atası təmir işləri aparanda
yanından uzağa getməzdi. Həm lazım olan
açar-uçarı ona verir, həm də gücü
çatan işlərə əl atırdı.
Novruz
kişi dünyagörmüş adam idi. O, Samirin hərəkətlərindən
texnikaya olan marağını, həvəsini hiss etmişdi.
Yaşı çatan kimi Novruz kişi oğlunu
sürücülük məktəbinə qoymaq fikri var idi.
Buna görə də, kiçik yaşlarından ona
maşın sürməyi öyrədirdi. Samirin sükanı
tutub təkərləri ora-bura döndərməkdən, qaz
verməkdən, siqnalı basmaqdan çox xoşu gəlirdi.
O, doqquzuncu sinifdə oxuyanda artıq maşını sərbəst
sürə bilirdi. Buna görə tay-tuşları,
qonum-qonşuları ona bəxtəvərlik verirdilər.
Atası
maşın sürməyi öyrətməklə bərabər,
həmişə ona ağıllı məsləhətlər
də verirdi. Deyirdi ki, bala, mərhəmətli ol, heç kəsi
yolda qoyma. Heç olmasa, getdiyin yerə qədər
adamları maşına götür. Belində getmir ha, dəmirdi
də, nə olacaq ki? Bu, Allaha da xoş gedər, bəndəyə
də. Yolda qalmaq yaman pis şeydi.
Atası
neçə illər əvvəl başına gəlmiş
bir hadisəni də tez-tez xatırlayıb oğluna
danışardı. Bir dəfə Novruz kişi uzaq bir rayona
gedərkən yağışlı və soyuq havada maşını
xarab olmuşdu. Novruz kişi nə qədər ona-buna əl
etsə də, heç kəs ona məhəl qoymayıb
maşın saxlamamışdı. O, yolda qalıb yaman əziyyət
çəkmişdi. Handan-hana insaflı bir adam gəlib
çıxmışdı. Allah köməyi olmuş həmin
sürücü maşını saxlayıb ona kömək
etmişdi. Bu hadisədən sonra Novruz kişi yolda qalan
adamın nələr çəkdiyini anlamışdı. Ona
görə də, oğluna dönə-dönə
tapşırırdı ki, bala, həmişə mərhəmətli
ol, tanıyıb-tanımadığın heç kəsi
yolda-izdə qoyma. Nə fərqi var ki, hamımız
Allahın bəndələriyik. Bir dünyada, bir göyün
altında yaşayırıq.
Orta məktəb
illəri arxada qaldı. Attestatını alandan sonra Samir
sürücülük məktəbinə üz tutdu. Kursu bitirib imtahan verdi, sürücülük vəsiqəsi
aldı. Bir müddətdən sonra isə ordu
sıralarına çağırıldı. Xidmətə gələndə
bölük komandiri kapitan İbrahimov elə ilk gündən
hərəkətlərindən, danışığından
hiss elədi ki, Samir Cəfərov həm təcrübəli
sürücü, həm də diribaş əsgərdir. Buna
görə də təzə maşınlardan birini Samirə
vermişdi. Kapitan İbrahimov ən vacib işləri əsgər
Cəfərova tapşırırdı. Samir də işlərin
öhdəsindən bacarıqla gəlir, xidmətinə məsuliyyətlə
yanaşır, tapşırığı tez və qüsursuz
yerinə yetirirdi. Amma sevgilisi Dilarə yadına düşən
kimi az qalırdı ki, xidmətini də, vəzifəsini də
yaddan çıxartsın. Xəyalı qanadlanıb sevgilisinin
yanına uçurdu. Belə anlarda ona nə deyirdilər
eşitmirdi, nə göstərirdilər görmürdü.
Tez-tez
barmaqlarını qatlayıb günlərini sayırdı, təxris
olunacağı ayı, günü bilmək istəyirdi. Dəqiq
hesablamağa çalışırdı ki, səhvə yol
verməsin. Yenidən Dilarə ilə görüşəcəyi
günün həsrətiylə yaşayırdı. Vaxta isə
hələ çox var idi.
Hərbi
hissə komandiri düşmən təxribatından,
ehtiyatlı olmaqdan, hərbi sirri qorumaqdan danışanda əsgər
Samir Cəfərovun yadına yenə sevgilisi gözəl-göyçək
Dilarə düşmüşdü. O, sevgilisindən dünən
aldığı məktubun təsiri altından çıxa
bilmirdi.
Komandiri nə danışırdı, nə deyirdi Samir
onların heç birini eşitmirdi. Gözləri
önündə, ancaq Dilarəni görür, yalnız
nişanlısını fikirləşirdi. Onunla tanış
olduğu, görüşdüyü günləri
yaddaşında canlandırır, xəyalən o anlara
qayıdırdı.
Əsgər
yoldaşları qəflətən böyrünü dürtməliyəndə
Samir şirin anlarını yaşadığı xəyaldan
ayıldı. Özünə gələndə gördü
ki, artıq səhər düzülüşü başa
çatıb. Əsgərlər sıra ilə bölüyə
qayıtmağa hazırlaşırdılar. Çox keçmədi
ki, kapitan İbrahimov yenə də Samirə
tapşırıq verdi. O, əsgər Cəfərova yollarda
tanımadığı adamları maşına götürməməyi,
hərbi sirri qorumağı dönə-dönə
tapşırdı.
Yanacaq
götürdükdən sonra əsgər Samir Cəfərov
vacib yükü gətirmək üçün hərbi hissədən
çıxdı. Son günlər yollara asfalt döşəndiyindən
Samir tapşırıqların arxasınca rahat gedib-gəlir,
çox da vaxt itirmirdi...
Silah-sursatın
vaqonlardan maşına yüklənməyi həmişəki
kimi bir saata yaxın çəkdi. Hər şey hazır olan
kimi o, vaxt itirmədən yola çıxdı. Yüklü
olduğundan Samir maşını elə də sürətlə
sürmürdü. Həm də hava bir az dumanlı və
çiskinli olduğundan ehtiyatla tərpənirdi. Kəndlərin
birindən keçəndə orta yaşlı, əlində
kiçik çantası olan bir nəfər ona əl elədi.
Hiss olunurdu ki, burada çoxdan dayanıb. Çünki onun
pal-paltarı su içində idi. Yolda dayanıb ona əl edən
adamı bu vəziyyətdə görəndə Samirin ona rəhmi
gəldi. Bu anda kapitan İbrahimovun dedikləri onun
qulaqlarında cingildədi. İstədi ki, maşını
saxlamasın. Amma atasının “Bala, həmişə
mərhəmətli ol, tanıyıb-tanımadığın
heç kimi yolda qoyma” sözləri yadına düşəndə
fikrini dəyişdi. Ötürücünü astaca
ayırdı, əyləci basdı. Yüklü avtomobili
yavaş-yavaş yolun kənarına verdi. Burada dayanan
adam da toruna tərlan duşmuş ovçular kimi sevinə-sevinə
tələsik maşının kabinəsinə mindi. Sonra
Samir vaxt itirmədən avtomobili yerindən tərpətdi.
Maşına
minən yad adam sürücü əsgərlə isti-isti
salamlaşdı, oturub yerini bir az rahatlayandan sonra müharibəni
başladıqlarına görə erməniləri
söyüb lənətləməyə başladı. Bir az
özünü əsgər Cəfərova doğma adam kimi
göstərdi.
Sonra döyüşdəki son vəziyyətlə
bağlı ona bir neçə sual verdi. İlk dəfə
gördüyü bu adamın şirin dili elə bil Samirin
ağlını başından çıxarmışdı.
Sanki hərbi sirri qorumalı olduğunu unutmuş, onu
özünün ən yaxın, ən doğma adamı bilmişdi.
Necə deyərlər, açmışdı
sandığı, tökmüşdü pambığı. Hərbi
hissədə nə qədər zabit, əsgər olduğunu,
döyüşdəki son uğurları, hətta hər
gün nə qədər silah-sursat
daşıdığını da ona dedi. Hələ bunlar
azmış kimi, üstəlik Dilarə adlı bir gözəl
qızı sevdiyini, dünən ondan məktub
aldığını, əsgərlikdən sonra
nişanlısı ilə evlənəcəyini də
danışdı.
Maşına minən düşmən
casusu idi. O, hərbi sirri ona açıb
danışan əsgərə diqqətlə qulaq
asırdı. Onun bəxti gətirmişdi.
Urcahına çox sadəlövh və mərhəmətli
bir əsgər çıxmışdı. Bundan istifadə edib lazım olan bütün məlumatları
yavaş-yavaş ondan öyrənirdi. Əsgəri bir az da ruhlandırmaq üçün arada yenə
də erməniləri möhkəm-möhkəm söyür,
yaxın günlərdə döyüşlərə
yollanacağını deyirdi. Özünü elə
göstərirdi ki, guya cəbhədəki uğurlara çox
sevinir. Samir də onun belə saxta
yanımcıllığına aldanıb özü də bilmədən
bütün hərbi sirlərin üstünü
açırdı.
Casus artıq ona lazım olan bütün məlumatları
öyrənmiş, öz işini ustalıqla
görmüşdü. İndi
sakitcə düşüb getmək istəyirdi. Həm də
hərbi hissəyə çatmağa az
qalırdı. Qorxurdu ki, birdən ələ
keçər.
Ona görə də, qarşıdakı
aşırımı keçəndən sonra əsgərə
burada düşmək istədiyini dedi. Samir də
tələsmədən maşını yolun kənarına
verib saxladı. Kabinəyə minmiş adam
onunla sağollaşıb astaca aşağı tullandı. Düşərkən çantasını
götürməyi “unutdu”.
Heç nədən xəbərsiz olan əsgər
isə maşını ustalıqla idarə edir, dayanmadan irəliləyirdi.
Birdən maşının arxa tərəfindən
qulağına səs gəldi. Hiss etdi ki, təkərlərdən
hansısa biri boşalıb. Ehtiyatla avtomobili
yolun sağ tərəfinə döndərib saxladı. Yavaş-yavaş kabinədən düşdü.
Həm sağ, həm də sol tərəfdəki
təkərləri diqqətlə yoxladı. Sağ tərəfdəki
təkərlərdən birinin havası azalmışdı.
Silah-sursat dolu maşını burada
saxlayıb təkəri dəyişmək olmazdı.
Bu həm təhlükəli idi, həm də
xeyli vaxt aparardı. Mənzil başına
çatmağa da çox qalmamışdı. Yavaş-yavaş sürsəydi beş-on dəqiqəyə
çatardı. O, yaxınlaşıb
boşalmış təkəri təpiklə vurub yoxladı. Təkərin havası tamam
çıxmamışdı. Hərbi hissəyə
qədər getmək olardı. Samir
maşının o tərəf bu tərəfinə bir də
diqqətlə baxdı. Ağlına gəldi
ki, açarı götürüb həmin təkəri
yoxlasın. Birdən çox
boşaldığından laxlayar, açılıb
düşər, onu yolda qoyar. Yükü
vaxtında hərbi hissəyə çatdıra bilməz.
Maşın aşar, silah-sursat partlayar. Bir hadisə baş versə, onun üçün
yaxşı olmaz. İndi müharibədir,
ağır döyüşlər gedir. Necə
olursa-olsun, silah-sursatı hərbi hissəyə vaxtında
çatdırmalıydı. Bu günə
qədər heç vaxt yolda qalmamışdı. İndi də qalmaq fikri yox idi. Qorxurdu
ki, səhlənkarlığına görə onu həbs edərlər.
Evlərinə dönüb, yolunu gözləyən
Dilarəsinə qovuşa bilməz.
Əsgər Cəfərov
maşının kabinəsinə sükanın yanından
deyil, o biri tərəfdən yaxınlaşdı.
Həmişə burada olan iri təkər
açarını götürmək üçün əlini
oturacağın altına uzatdı. Birdən
gördü ki, burada çanta var. Görən kimi
tanıdı. Bu, onun maşınına minən
yad adamın idi. Fikirləşdi ki, yəqin
yadından çıxıb burada qalıb. Əlinə götürəndə çanta ona
ağır gəldi. Ağzını
açıb baxanda gözlərinə inanmadı. Gördü ki, içində partlayıcı
qurğu var. Onu görəndə Samiri soyuq tər basdı.
Amma əsgər Cəfərov
sayıqlığını itirmədi. Qorxub geri çəkilmədi,
tələsib onu yerə atmadı, kişi
kimi ürəkli tərpəndi. Tez
çantanı götürüb qaça-qaça silah-sursat
dolu maşından xeyli uzaqlaşdı. Bir az aralanandan sonra onu var qüvvəsi ilə
qabaqdakı dərin çalaya tulladı. Qurğu
burada açılsaydı, avtomobilə heç nə
olmazdı.
Çantanı xeyli uzağa atandan sonra
özü də tez geri qaçmağa başladı ki,
partlayış olsa, ona xətər dəyməsin.
Samir on-on beş addım geri
atmışdı ki, partlayış səsi ətrafı silkələdi.
Güclü təkan onu yerə yıxdı.
Samir zərblə torpağa dəyib huşunu
itirdi. Gurultu səsi hər tərəfi
silkələdi. Amma silah-sursat dolu yük
maşınına heç nə olmadı. Partlayış dalğası maşına
çatana qədər tamam zəiflədi. Düşmən casusu elə ölçü
götürmüşdü ki, maşın hərbi hissənin
ərazisində partlamalı, itki çox olmalıydı.
Amma avtomobilin təkərinin boşalması və
Samirin dayanıb onu yoxlaması, yolda ləngiməsi,
sayıqlığını itirməyərək həyatını
təhlükə qarşısında qoyub partlayıcı
qurğu qoyulmuş çantanı xeyli uzağa atması,
baş verəcək dəhşətli hadisənin
qarşısını almışdı. Əgər
əsgər Cəfərov cəld tərpənməsəydi,
qorxub özünü itirsəydi, həm özü öləcək,
həm də silah-sursat dolu maşın partlayacaqdı.
Amma xoşbəxtlikdən hər şey yaxşı
qurtardı...
Partlayış səsini eşidən kimi
zabit və əsgərlər özlərini hadisə yerinə
çatdırdılar. Silah-sursat
dolu maşının yolun kənarında
dayandığını gördülər. Yaxınlıqdakı kəndin camaatı da səsə
gəlmişdi. Hamı
sürücünün öldüyünü zənn edirdi.
Amma bir az irəli gələndə
gördülər ki, o maşından aralıda üzü
üstdə yerdə döşəli qalıb. Tez
yanına qaçdılar. Əsgər Cəfərov
elə də böyük zədə almamışdı.
Yerə yıxılanda dizləri daşa
sürtülmüş, üzü
cızılmışdı. Üz-gözünə
su vurub nəm dəsmalla sildikdən sonra o, gözlərini
açdı, huşu özünə gəldi.
Hərbçilər burada çox ləngimədilər.
Başqa sürücü əsgərlərdən
biri maşını asta-asta sürüb hərbi hissəyə
gətirdi.
Samir özünü bir az
yaxşı hiss edəndən və hər şeyi
xatırlayandan sonra kapitan İbrahimovla birlikdə polkovnik
Şahbazovun yanına gəldilər. Əsgər
Samir Cəfərov başına gələnlərin
hamısını olduğu kimi komandirə danışdı.
Tanımadığı bir adamı yolda maşına
götürdüyünü, ondan nələri
soruşduğunu da dedi. Bütün bunları
eşidəndən sonra hərbi hissə komandiri bildi ki,
avtomobilə minən düşmən casusu olub. Buraxdığı səhvə görə Samiri
xeyli danladı. Bir daha ona xəbərdarlıq
etdi ki, yolda-izdə tanımadığı adamları
maşına götürməsin.
Əsgər Cəfərov
başını aşağı salıb heç nə
danışmırdı. Sakitcə
dayanıb komandirə diqqətlə qulaq asırdı. Bilirdi ki, hərbi sirri qorumadığına görə
çox böyük səhvə yol verib. Gərək
tanımadığı o adamı maşına götürməyəydi.
Əgər onu avtomobil saxlamasaydı, indi
heç başına bu hadisə də gəlməzdi.
Samir bir müddət hərbi hissənin
tibb məntəqəsində müalicə olundu.
Sağalandan sonra yenə də bölüyə
qayıtdı. Təcrübəli
sürücü olduğuna, texnikanı yaxşı bildiyinə
görə bölük komandiri yenə də mühüm
işləri ona tapşırırdı.
...Əsgər Cəfərov yenə gecə-gündüz
yollardaydı. Lazım olan silah-sursatı, ərzağı
və başqa zəruri yükləri vaxtlı-vaxtında hərbi
hissəyə çatdırırdı. Daha əvvəlki kimi
deyildi. İndi hərbi sirri möhkəm qoruyurdu. Yolda-izdə
heç kəsə maşın saxlamırdı.
Tanımadığı adamların da yanında heç nə
danışmırdı. Hətta, Dilarəni sevdiyini də hərbi
sirr kimi qoruyub saxlayır, bu barədə kimsəyə bir
söz demirdi.
Yenə də hərdən sevgilisi, gözəl-göyçək
Dilarəni xatırlayırdı. Ona qovuşacağı
günü intizarla gözləyirdi. Bir neçə gün əvvəl
sevgilisindən məktub almışdı. Dilarə onu
sevdiyini və yolunu gözlədiyini yazmışdı. Samir
evə qayıtmağa tələsirdi. Buna görə də,
tez-tez xidmətinin nə vaxt başa çatacağını
dəqiqləşdirmək üçün barmaqları ilə
hesablamalar aparırdı.
Qanlı döyüşlər isə davam
edirdi. Torpaqların xeyli hissəsi düşməndən azad
edilmişdi. Hamının üzü gülürdü. Elə
əsgər Samir Cəfərovun da. Çünki bir neçə
aydan sonra valideynlərinin yanına qayıdıb sevgilisinə
qovuşacaqdı...
Vahid
MƏHƏRRƏMOV
525-ci
qəzet.- 2013.- 5 iyul.- S.8.