Muğamların
tədqiqi və tədrisinə töhfə
Azərbaycan Milli
Konsertvatoriyasının professoru, Əməkdar müəllim,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Rafiq Musazadə musiqi ictimaiyyətində təcrübəli
muğam-ixtisas müəllimi kim tanınmışdır. Uzun
illərdir “İnstrumental
muğam ifaçılığı” kafedrasında gənc nəsillərə
muğam ifaçılığını tədris edən
professor R.Musazadənin bakalavr və magistr pillələrində
yetişdirdiyi gənc peşəkar ifaçı kadrları
musiqi məktəblərində, kolleclərdə dərs
verir, musiqi həyatında fəal iştirak edir,
muğamlarımızın təbliği ilə məşğul
olurlar.
İfaçılıqla, tədrislə
yanaşı, professor R.Musazadənin elmi-pedaqoji fəaliyyəti
də muğam sənəti ilə bağlıdır. Belə
ki, “Dügah dəstgahının tarixi mənşəyi və
ifa xüsusiyyətləri” namizədlik dissertasiyasından
sonra, muğam ifaçılığına dair bir sıra
maraqlı elmi məqalələri, “Dügah dəstgahı”
monoqrafiyası istər musiqişünaslar, istərsə də
təcrübəli muğam müəllimləri və
ifaçıları tərəfindən maraqla
qarşılanıb.
Professor R.Musazadə muğamın tədrisi
sahəsində öz zəngin pedaqoji təcrübəsi və
biliyi əsasında “Muğamın tədrisi metodikası” dərs
vəsaitini (B., MBM, 2012, 192 səh.) yazıb. Vəsait ali və
orta ixtisas musiqi məktəblərində muğam
ifaçılığını tədris edən müəllimlər,
ifaçılıq təhsili alan tələbələr
üçün nəzərdə tutulub.
Ötən ilin sonlarında musiqi təhsili
ictimaiyyətinə təqdim edilən dərs vəsaitinin elmi
redaktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq
namizədi, professor Vaqif Əbdülqasımovdur. Azərbaycan
Milli Konservatoriyasınını rekroru, Xalq artisti, professor
Siyavuş Kərimi “Ön söz”də dərs vəsaitini belə
qiymətləndirir: “Muğamların tədrisinin lazımi səviyyədə
aparılması üçün müəllimlərdən
yüksək peşəkarlıq tələb edilir. Onlar daim
öz üzərində işləməli, muğamların
tarixi haqqında bilgilərə yiyələnməli və
yaddan çıxmış şöbə və guşələrin
etimologiyalarıvə melodik məzmunu haqqında
araşdırma aparmalıdırlar. Bu mənada müəllim
və tələbə heyətinə yardım etməkdən
ötrü təqdim edilmiş dərslikdə nümunə
kimi iki muğam dəstgahı haqqında ətraflı tədris-metodik
məlumat verilmiş, bütün şöbə və
guşələrin etimologiyası
açıqlanmışdır. Bu vəsaitdə muğam
proqramlarına daxil olunmayan və haqqında az bilgilər olan
şöbə və guşələrin də not nümunələri
verilmiş və bu səbəbdən də, bəzi
mübahisəli məsələlərin həllinə son
qoyulmasına təşəbbüs göstərilmişdir.”
Dərs vəsaiti iki fəsildən ibarətdir.
Birinçi fəsil “Muğam tədrisinin icraedici
funksiyaları” adlanır. Bu fəsildə muğam tədrisinin
metodologiyası və metodları, muğam müəlliminə
olan tələblər, “ustad müəllim” anlayışı
haqqında müəllim və tələbələrə
geniş bilgi və məlumatlar verilmişdir. “Geniş tərkibli
muğam dəstgahları” adlı ikinci fəsildə isə
müəllif “Rast” və “Şur” muğamları üzərində
müfəssəl dayanmışdır. Hər iki
muğamın forma və məzmun cəhətdən
yaranışı, formalaşması və inkişafı, qədim
ifaçılıq məktəblərindəki ifa xüsusiyyətləri
və fərqləri göstərilmiş, tərkibat cədvəlləri
tərtib edilmiş, bu muğamların peşəkar
ifaçıları və fərdi ifa üslubları
açıqlanmışdır. Maraqlıdır ki, bu
muğamların tədris metodikasına həsr edilən və
maraqlı, yeni məlumatlarla zəngin olan bu fəsildə əyani
vəsait kimi onların ayrı-ayrı şöbə və
guşələrinin not yazısı da verilmişdir. R.Musazadənin
görkəmli ustad-tarzənlərin və muğam müəllimlərinin
– Mansur Mansurovun, Bəhram Mansurovun, Əhməd Bakıxanovun,
Elxan Müzəffərovun
klassik ifalarından yazdığı muğam-not
nümunələri muğamların daha dərindən, hərtərəfli
və müqayisəli qavranılması üçün dəyərli
əyani vəsaitlərdir. Dərs vəsaitində
muğamların şöbə
ardıcıllığındakı melodiya, lad məntiqi,
şöbələrin dəstgahdakı funksiyaları, melodik
mövzuların dəstgah formasındakı rolu haqqında da
konkret nümunələr əsasında elmi-metodik izahlar
verilmişdir.
Kitabın daha bir qiymətli cəhəti
klassik, orta və yeni nəsil muğam
ifaçılarının, müəllimlərinin fotoları
ilə təmin olunmasıdır. Bu fotolar muğam tədrisinin
keçmişi və bu günü, muğamı bilən və
öyrədən ustadların kimliyi haqqında əyani bilik mənbəyidirlər.
“Muğamın tədrisi metodikası”
kitabının sonunda mətnin tam olaraq, fars dilində də
yazılması onun gərəkliyini, istifadə dairəsini
daha da artırır. Belə ki, qonşu İran İslam
Respublikasındakı musiqi məktəblərində Azərbaycan
muğamlarının tədrisinə, öyrənilməsinə
böyük maraq vardır və rəy
yazdığımız kitab bu işdə onlara çox gərəklidir.
İkincisi, muğam ifaçılığı sahəsində
ali təhsil almaq məqsədilə Azərbaycan Milli
Konservatoriyasında İran respublikasından tələbələr
oxuyurlar. Gələcəkdə onların muğam müəllimi
kimi fəaliyyətlərində bu dərs vəsaitinə
istinad etmələri şübhəsizdir.
Əməkdar müəllim, professor
Rafiq Musazadə bu yaxınlarda musiqi-pedaqoji ictimaiyyətə
muğam tədrisi sahəsində qiymətli və maraqlı
dərslik təqdim etmişdir. “Qədim muğamlar” dərsliyi
(B., MBM, 2013, 124 səh.), adından da göründüyü
kimi, az ifa olunan, barəsində az məlumat olan,
ifaçılıq təcrübəsində özünə
geniş yer tapa bilməyən, lakin tədris proqramlarına
daxil edilən qədim muğamlarımıza həsr olunub.
Magistr pilləsində “İnstrumental muğam
ifaçılığı” ixtisasının tədrisi
üçün yazılmış bu ilk dərsliyin rəyçiləri
professorlar Cəmilə Həsənova, Malik Quliyev, Ağasəlim
Abdullayev, ADMİU-nun dosenti Gülağa Zeynalovdur.
Dərslik
girişdən, dörd fəsildən,
yarımfəsillərdən, nəticədən və istifadə
olunmuş ədəbiyyat
siyahısından ibarətdir.
“Müəllifdən”
bölümündə yaşlı nəsil, orta
və gənc nəsil ifaçıların siyahısı verilmişdir. Bu təfsilatlı siyahı tələbələrə
muğam təhsilində və
ifaçılığında varislik
haqqında, muğam sənətinin ustaddan şagirdə ötürülmə ənənəsi
haqqında əsaslı təsəvvür yaradır, muğam yolunun yeni varislərini sənətin etikasına
yönəldir, unutqanlığın qarşısını
alır.
Dəsrliyin
girişində muğam
terminologiyasının təsnifatına yer
verilməsi muğam
ifaçılığı ilə terminologiyasının əlaqəli
öyrənilməsi baxımdan olduqca dəyərli
addımdır. Çünki
ifaçıların professional tərbiyəsində
peşəkar muğam sənətinin əsrlərlə
formalaşmış terminlərinə bələdlilik mühüm
şərtlərdən biridir. Məsələn,
dərslikdə “muğam”, “şöbə”,
“guşə”, “avaz”, “rədif”, “dəstgah”,
“dəraməd”, “bərdaşt”, “mayə”, “ayaq”,
“rəng”, “təsnif” kimi anlayış və
terminlərə verilən izahlar və təriflər
bu baxımdan maraq doğururlar.
Dəsrliyin
dörd fəsli müvafiq
olaraq, “Nəva”, “Baba Tahir” və “Dəşti” instrumental
muğamları haqqındadır. Sonuncu fəsil
isə altı bölmədən ibarət olmaqla “Dügah”
muğamının tarixi inkişaf
mərhələləri” adlanır. Müəllif
bu muğamların hər biri
haqqında müfəssəl tarixi məlumat
verir, onların ifaçılıq tarixi, bu muğamlara
dair ədəbi və musiqi mənbələri
haqqında yazır, bu muğamlara
dair elmi-nəzəri tədqiqatları, not yazılarını, orta
əsrlərdə bu muğamlara
dair tərtib olunan cədvəlləri,
şöbə və guşələrin etimologiyasını
açıqlayır.
Maraqlı faktlardan biri
də, “Baba Tahir” instrumental muğamının müəllif tərəfindən
aşkarlanaraq, bərpa olunması və
yenidən muğam
ifaçılığına və tədrisinə daxil edilməsidir. Burada
muğamın adının əsaslandığı tarixi şəxsiyyət haqqında məlumat da maraq doğurur.
Rafiq Musazadənin “Baha
Tahir” muğamını ilk
dəfə nota yazması dəyərli
müəllim-tədqiqatçı əməyi kimi təqdirəlayiqdir. Digər tərəfdən,
1930-cu illərin ortasında görkəmli bəstəkar Zakir Bağırovun ustad
ifaçı Mansur Mansurovun
ifasından nota yazdığı “Dügah” muğamının əlyazması da ilk dəfə müəllif
tərəfindən təqdim olunmuşdur.
Son illər ali
musiqi və incəsənət üzrə
ali təhsil müəssisələrinin
magistraturasında
“Muğamşünaslıq”, “Muğam
ifaçılığı” ixtisaslarının tədris olunması sahəvi dərs
vəsaitlərinə tələbatı
artırmışdır. Bu baxımdan, Əməkdar
müəllim, professor Rafiq
Musazadənin dərs vəsaitləri və dərsliyi muğam tədrisində müəllim və tələbələr
üçün olduqca
dəyərli ədəbiyyat nümunələridir.
Ariz
ABDULƏLİYEV
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
dosenti, böyük elmi işçi
525-ci
qəzet.- 2013.- 5 iyul.- S.7.