Etnik
baxımdan zəngin bölgələrimiz- Quba
Azərbaycan etnik tərkibi
baxımdan da dünyanın ən zəngin ölkələrindəndir.
Ümummilli lider Heydər Əliyev də əbəs yerə
demirdi ki, Azərbaycanın zənginliyi həm də burada
yaşayan müxtəlif xalqların sayının
çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə
əsrlərdir müxtəlif xalqların nümayəndələri
əl-ələ, çiyin-çiyinə dostcasına,
qardaşcasına yaşayırlar. Ölkənin bütün
bölgələrinə səpələnərək
yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda
xüsusilə üstünlük təşkil edirlər. Tarixi
proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında
da özünü göstərib. Buna müvafiq olaraq bəzi
etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə,
bəzilərində isə sıx halda məskunlaşıblar.
Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin
ölkə olsa da, bu etnik zənginlik çaları
özünü bəzi bölgələrdə, bəzi
rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni,
bəzi ərazi vahidlərimizdə etnik rəng
özünü daha tünd çalarda göstərir, bəzi
etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə
yaşayırlar.
(Əvvəli
ötən sayımızda)
Bu yazımızda etnik baxımdan
palitraya bənzəyən Qubanın məşhur Buduq kəndindən
söhbət açacağıq. Buduq Şahdağ milli etnik
qrupundan olan buduqluların tarixi, mərkəzi iqamətgahı
hesab olunur. Quba xanlığı dövründə Buduq
mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin,
SSRİ dövründə Buduq kənd sovetliyinin mərkəzi
olub, hazırda isə Buduq bələdiyyəsinin mərkəzidir
(1999-cu ildən).
Kənd
şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və
Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən
Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir.
Buduq kəndi də nəinki Qubanın, bütövlükdə
Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən
sayılır. Qubanin 64 km cənubi-qərbində,
Qaraçayın sol sahillində 2 km aralı,
Böyük-Qafqazın yan silsiləsinin yamacında yerləşən
Buduq kəndi buduqluların yaşayış məskəni
olmuş və indi də əsas yaşayış yerləri
olaraq qalmaqdadı. Buduq yastanında Gülxana ( Güləxana)
karst mağarasının və eləcə də
Qaraçayın sağ sahilində Əmbərə
dağında insan əli ilə yonulmuş Qaşa
mağarasının olması həmin ərazidə ibtidai
insanların yaşadığından xəbər verir.
Meşəsiz dağlıq yamacda yerləşən Buduq
böyük strateji əhəmiyyətə malikdir. Buduq kəndində indi də buduq
dilində danışan buduqlular yaşayır. Buduq etnik qrupu,
tarixi və etnoqrafik tərəfdən çox az
araşdırılıb. Buduqluların mədəniyyətləri
də dilləri kimi qrızlıların mədəniyyətnə
çox yaxındır. Əldə olan məlumata görə,
Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə
qoyulub. Tarixi mənbələrdə də vurğulanır ki,
əhalinin Sasani qoşunlarının qəfil
basqınlarından qorunması üçün, kənd
çətin keçilən yerdə salınıb.
Xatırladaq ki, 276-cı ildən 651-ci ilə qədər
şimali Azərbaycanın bir hissəsi İran dövləti
olan Sasanilər tərəfindən işğalda qalıb.
Buduqlular
kənd yollarının keçilməsinin yalnız yay
mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə
məskunlaşıblar.
Buduqlular həmin ərazilərin ilkin sakinləridir. Kəndin
yaxınlığında yerləşən Küləxana və
Əmbərə dağında olan mağaralar, burada qədim
sakinlərin mövcud olmasına sübutdur.
“Buduq”
sözü qədim türk dillərində “dəliqanlı,
hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu
xalqlar, etnik qruplar tərəfində verilmiş addır.
Buduqlular isə özlərini “budad” adlandırırlar.
Buduqlulara
dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin
əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin
“Came ət təvarix” (Tarixlərin toplusu) əsərində
verilib. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə
Tumbine xanın 5-ci oğlu Bat–Kulkinin nəslindən şaxələnib.
Çingiz xanın dövründə onların
başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi
ilə vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq
idilər və onun qoşununa birləşmişdilər.
Budatlardan çoxlu əmirlər olubmuş, lakin hal–hazırda
adları məlum deyil.
Buduqlularla
bağlı ilk rəsmi sənəd isə 1607 – ci ildə Səfəvi
hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır.
Buduq və buduqlular barədə XVlll və XlX əsrin əvvəllərində
verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli
xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət
kəsb edir.
A. A.
Bakıxanovun “Gülüstani–İrəm” əsərində
Buduğa və buduqlulara müəyyən yer verilib. XVIII əsrdə
Buduq eyni adlı mahalın mərkəzi olub.
Buduqlular
tarixən nəsillərə, böyük və ya kiçik
ailə birliklərinə bölünüblər və indi də
həmin nəsillərin adı ilə tanınmaqdadırlar. Kəndin
qəbirstanlığında hər bir nəslin öz yeri
olub. XX əsrin əvvəllərinə kimi Buduqun əhalisi təxminən
2500-3000 nəfər idi. Hal-hazırda kənddə 300 nəfərə
qədər buduqlu yaşayır. Sosial-iqtisadi şəraitlə
əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk
ediblər. Dağüstü, Qazmalar, Daliqaya, Qaraqız Buduq,
Xaçmazda Ağyazı, Dəvəçidə Yalavanc kəndləri
buduqlulardan ibarətdir.
Buduqluların ana dili buduq dilidir.
Buduqlular digər dağ əhalisi kimi,
oturaq həyat tərzi keçiriblər. Buduqun əhalisi
payız gələndə öz sürülərini orta
zolağa, qışda isə daha düzən yerlərə
qışlaqlara aparır, yaya kimi orada xüsusi
hazırlanmış yerlərdə qalırdılar. Buduqun təsərrüfatının
əsasını tarixən maldarlıq və qoyunçuluq təşkil
edib. Kəndin coğrafi mövqeyi, təbii şəraiti,
geniş otlaq sahələririnə malik olması, əhalinin təsərrüfatının
bu sahəsi ilə məşğul olmasına imkan yaradıb.
Qışlaqlara adətən,
heyvanların saxlanması üçün yerlər-tövlələr,
mağaralar olurdu.
Buduqlular qışlaq və yaylaq şəraitində
istifadə etməklə əsas diqqətlərini
heyvandarlığın inkişafına veriblər. Əkinçilik
buduqluların təsərrüfatında ikinci dərəcəli
yer tutub. Buduq mahalının təbii şəraiti əkinciliyin
inkişafına imkan yaratdığından bu sahəyə az
fikir verilib.
Buduq evləri tarixən 2 otaqlı evlərdən
ibarət imiş və alt mərtəbədən adətən
heyvan saxlanması üçün istifadə olunub. Otaqlardan
biri qonaq otağı hesab edilirdi. Bununla belə Buduq evləri
xarici baxımdan gözəgəlimli olmayıb. Dağ əhalisi,
eləcə də buduqlular, var-dövləti gözəl
tikililərdə axtarmayıblar. Onlar
xalça, gəbə, palaz, yəhər, xurcun, corab,
şal və sair toxuyur və bunların müəyyən
qismini satış üçün hazırlayırdılar.
Buduqlular İslamın sünni qoluna mənsubdular.
Kənddə məscid mövcuddur. Buduq kəndi bir çox
savadlı alimlər yetirib, həmin elm adamları Azərbaycanın
ictimai, elmi həyatında özünəməxsus rol
oynayıblar.
***
Bütün bunlar göstərir ki,
Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini
və lütfünü əsirgəməyib, yeraltı və
yerüstü sərvətlərlə yanaşı, bir
ölkə ərazisində iç-içə qaynayaraq
qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı
kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş
edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək,
qorumaq hər birimizin mənəvi borcudur.
Sevinc
MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 9 iyul.- S.6.