Bir Aydın vardı...
Bu vəfasız
ömür, bu coşqun dərə,
Gərək
boş-boşuna axıb keçməsin.
Bu
gözəl cahanı sanıb pəncərə,
Hər
gələn sadəcə baxıb keçməsin.
Mikayıl
Müşfiq.
“Dünya bir pəncərədir,hər gələn baxar gedər” sözləri
ilə dünyanın,ömrün fəlsəfi yozumunu veriblər
müdrik babalarımız.“Gəlimli-gedimli dünya
,son ucu ölümlü dünya,”-deyən ulu Dədə
Qorqud da sanki bu fikrin təsdiqini verib. “Göydəki günəşdən,yerdəki elimdən doymadım”. Orxon-Yenisey yazılarından alınmış bu
cümlə də neçə-neçə insanın həyatına
“epiqraf”olub.
İlk baxışda bir tərkidünyalıq
hissi anılsa da, mənalı insan ömrünün əbədi
yaşarılığı ideyası gizlənib bu
düşüncələrdə.Bu anda insan bədbinləşmir,əksinə
Tanrı tərəfindən bəxş olunan həyatına nəzər
salmağı,qalan illərini, günlərini mənalı
keçirməyi düşünür.Maksim Qorkinin təbirincə
desək;”Dünyada ən yaxşı ləzzət və
böyük fərəh özünün başqasına
lazım olduğunu hiss etməkdir”.
Mənalı və dəyərli bir
ömür.Məhz dövrün,zamanın
ağır yükünü çiyinlərində
daşımağı fəxr bilənlər belə əbədiyaşar
ömür sahibi olurlar.
Bəli,insan
ömrünün sərhəddi olan ölüm həyatın
ən amansız qanunudur.Və bəşər övladı əvvəl-axır
bu badəni içməlidir.
Keçən illərdə “525-ci qəzet”də
şair Vaqif Bəhmənlinin “İşartı”
başlığı altında dərc olunmuş və diqqətimi
çəkmiş düşüncələrindən birini
xatırladım:
“Həyatda bir dəfə yaşamaq çətindir,..İki dəfə yaşamaq
mümkün deyil”, O anda qəlbimdən bir səs gəldi:“Olar!”
Əgər adın çəkiləndə
kiminsə yaddaşı işıqlanırsa, üzünə
nur çilənir və dodağına təbəssüm
qonursa,yatmış,öləziyən xatirələrə rəvac verilirsə,kimsə nisgilli
bir düşüncəyə dalırsa-bu ikinci dəfə
yaşamaq deməkdir.Bu fikri təsdiq edən və:
Bizim bu dünyada yaşamağımız
İşıqlı insanlar
hesabınadır-
deyən Musa
Yaqub da,
On ömrə,
yüz ömrə dəyişmərəm heç
Dərinə boy verən qısa bir ömrü-
Yazan Bəxtiyar Vahabzadə də haqlıdırlar.
Sanki bu sözlər ömrünün və
yaradıcılığının
çiçəklənmə
dövründə-42 yaşında həyatla vidalaşmış,qısa
ömründə
şair,yazıçı-publisist,alim,tarixçi-etnoqraf,istiqanlı
oğul və qardaş,sədaqətli həyat
yoldaşı,mehriban ata,vəfalı dost adını
yaddaşlara yazdıra bilmiş,ölümlərin adiləşdiyi
dövrlərdə belə,insan qəlbinin ən dərin
guşəsində adını hörmətlə,izzətlə
yaşatmağa nail olmuş, bir çoxları kimi
ölümdən sonra da əsl yaşamağın nə
olduğunu bir daha sübut etmiş Aydın Səlimzadə
kimi insanlar üçün nəzərdə tutulub. Kim idi Aydın Səlimzadə?
...Həmin mart gününü
çoxları xatırlayır.Sanki yeri,göyü
yandıran yaz günəşi ilə insan əhval-ruhiyyəsi
arasında kəskin bir təzad vardı:
Şəvə saçları
çözülməmiş,gəlinlik
paltarının rəngi solmamış, yanağında
göz yaşı,dodağından gülüş donan bir el
qızı deyir,yeri-göyü yandıran nalə çəkir,ömür-gün
yoldaşını, onu taleyin ümidinə buraxıb əbədiyyətə
qovuşan yol yoldaşını, həyat yoldaşını
haraylayırdı.
Bu qəlb ağrıdan haraylamalara dərdli
bir anamın ürək parçalayan səsi qoşulurdu:
At məni aldı qaçdı,
Yollarım qaya, daşdı.
Anama xəbər verin:
Mənzilim uzaqlaşdı.
Ananın intəhasız dərdinə
bütöv bir el ortaq olur, qanlı göz yaşı
tökürdü.
Bütöv bir el isə insan adı ucalan,
insanlıq şərəfini təsdiq edən, göylərə
qaldıran, artıq bir ailə, bir el-oba çərçivəsindən
çıxıb bəşəriyyətə məxsus olan, həyatının
çiçəkləndiyi bir vaxtda-ömrünün 42-ci
baharını başa vurmamış həyata əlvida
demiş nurlu bir oğul üçün ağı deyirdi.Belə
ömür üçün yanğı çəkməyə
dəyərdi:Çünki bu, Aydın Səlimzadə
ömrü idi.
Aydın Hümbət oğlu Səlimzadə
1953-cü ilin 2 iyulunda İsmayıllı rayonunun Hacıhətəmli
kəndində dünyaya göz açıb.
Ad verənlərin ürəyinə nəsə
danmışdı sanki. Bu adı onun nurlu
çöhrəsinə, ömrünün mənasına,
dünyaya, insanlara şəfqətlə dolu ürəyinə
yaraşdırmışdılar. Doğulduğu
gecənin bəyazlığından bir parçanı ürəyinə
həkk edən uşaq böyüdükcə bu işıq
da böyüdü, bütöv bir dünyaya bəs edəcək
məhəbbətə çevrildi.
Hacıhətəmli orta məktəbini
bitirib 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU)
tarix fakültəsinə
qəbul olundu. Sonrakı illərdə əmək
kitabçasına müxtəlif ünvanlar yazıldı:
İsmayıllı İstehsalat
kombinatında, İsmayıllı Rayon Xəstəxanasında,
Bakı Əlvan Metallurgiya Birliyi Təmir-Tikinti
Quraşdırma İdarəsində fəhlə, şəhər
3 saylı orta məktəbində tarix müəllimi, Azərbaycan
SSR Abidələri Könüllü Mühafizə Cəmiyyətinin
İsmayıllı şöbəsində təlimatçı.
Onun həyatında tez-tez dəyişən
yalnız iş yerləri oldu. Xarakterindəki
bütövlük, işinə dərin məsuliyyət
, ünsiyyət qurduğu insanların dərin məhəbbətini
qazanması isə dəyişməz qaldı.
İllər ötdükcə, yaş
üstə yaş gəldikcə həyatının yeni səhifələri
açıldı, ömrünə yeni-yeni solmaz, silinməz
naxışlar vuruldu. Ali təhsili
müvəffəqiyyətlə başa vurdu. Azərbaycan Yazıçılar
İttifaqının ədəbi orqanlarında-“Ədəbiyyat
və incəsənət”qəzeti və “Azərbaycan”
jurnalı redaksiyalarında ədəbi işçi kimi fəaliyyət
göstərdi.
1979-cu ildə Azərbaycan SSR Elmlər
Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi
kimi fəaliyyətə başladı, SSRİ Jurnalistlər
İttifaqının üzvü oldu.
Həmin illərdə şəxsi həyatında
da xoş dəyişiklik baş verdi. Bir el gözəlini ömür-gün yoldaşı
seçdi. Bir-birinin ardınca iki gül
balası- Aygün və Ayaz dünyaya gəldi.
1986-cı ildə Minsk şəhərində
namizədlik dissertasiyası müdafiə edərək tarix
elmləri namizədi alimlik dərəcəsi aldı.
Azərbaycan Elmlər Akademiyasının Tarix
İnstitutunda baş elmi işçi kimi
çalışmağa başladı.
1988-ci ildə SSRİ Yazıçılar
İttifaqının üzvü oldu.
Bir müddət “Elm” və “Tarix” qəzetlərinin
redaktoru kimi çalışdı.
O, ömrünün son illərində Azərbaycan
Elmlər Akademiyası Prezidentinin mətbuat və informasiya
işləri üzrə köməkçisi, “Elm və həyat”
jurnalının baş redaktoru kimi elmimizin təbliği sahəsində
yorulmadan fəaliyyət göstərir, mətbuatda maraqlı
və savadlı yazıları ilə çıxış
edirdi.
Yazılarında heç kimə bənzəməyən
dəst-xətti var idi Aydının. “Elm” qəzeti isə milli-mənəvi-əxlaqi dəyərlərimizin
qorunmasında, xalqımızın demokratik düşüncəsinin
formalaşmasında və inkişafında xüsusi rol
oynadı.
Ətrafına topladığı qələm
sahiblərinin “müdrik ağsaqqalı” olan Aydın bir məsələni
yaxşı başa düşürdü ki, Azərbaycanın
nüfuzlu elmi müəssiəsi olan Elmlər
Akademiyasının mətbu orqanı adına
layiq, insanların həqiqətə tapındıqları,
ümidlərinin doğrulduğu bir məbədgah
olmalıdır. İstedadlı jurnalistin, gənc alimin səyi,yorulmaz axtarışları nəticəsində
qəzet artıq dar çərçivəyə
sığmırdı.
Xalqın qəsdən unudulan tarixini, vətənpərvər
övladlarının fəaliyyətini canlandırırdı
bu qəzet. Dərc etdiyi təzə
idi, yeni idi. Yaşından, təhsilindən
asılı olmadan hamının qəlbinə yol tapır,
haqq və ədalət deyilən bir məfhumun
işığına üz tuturdular.
İnsanların çox vaxt
çaşıb qaldığı bir vaxtda qəzetin cəsarətli
çıxışları, dilimiz və tariximiz, Qarabağ
hadisələri ilə bağlı dürüst məlumatlar
xalqın tarixi-mənəvi yaddaşını qaytarır,
özünə inam hissini artırırdı.
Aydın isə hər işdə əsl fədakarlıq
nümunəsi idi. Bir an da olsa, özünə yer tapa
bilmir, doğma Vətənimizin ən çətin günlərində
milli-azadlıq hərəkatında canıyananlıqla
iştirak edir, başqalarının qorxudan gözləmə
mövqeyində durub yazmadıqlarını mətbuat səhifələrinə
çıxarır, bu çətin məqamlarında
insanların ümidlərinin qırılmasına yol verməməyə
çalışır, əsl həqiqətləri təkcə
doğma dilimizdə deyil, bir çox beynəlxalq dillərdə
dünyaya çatdırmaq üçün gecəsini-gündüzünə
qatırdı.
“Elm” qəzetinin özü isə Azərbaycan
elminin flaqmanı olan Elmlər Akademiyası səmasında
parlaq işıq saçan, işıqlı bir sabahın
açılmasına işarə olan dan ulduzu idi.
Aydın həm də öz xalqının
böyük vətənpərvəri idi.
Qarabağ torpaqlarının azadlığı,
Vətənin bütövlüyü uğrunda gecə-gündüz
rahatlıq bilmədən çalışırdı. Əslində başqa səlahiyyətləri olmasa
da, cəbhə bölgələrindəki insanlarla ülfət
və mehribanlığı, səmimiliyi, qələmindən
çıxan yanğılı yazıları ilə insanlara
kömək etməyə, təskinlik verməyə, nikbin bir
gələcəyə ruhlandırmağa
çalışırdı. Onun ən
çox ziyarət etdiyi yerlərdən biri qaçqın
düşərgələri və hospitallar idi.
“Biri vardı, biri yoxdu...” Nə
qədər belə nağılların sehrinə
düşüb xəyallara dalmış, xoş arzularla gələcəyə
qanadlanmışıq. Onda hər şey
bizim üçün arzularımıza uyğun olub. Çünki bütün nağıllar xoş
sonluqla bitərdi.Bəzən nakam bir ömür sahibini
xatırlayanda da belə başlayırıq söhbətimizə.
Aydın Səlimzadənin də
nağıllaşan ömrü belə nakam sonluqla bitdi.
Bu dünyanın bəmbəyaz ağ
işığa büründüyü bir mart günündə,
cəmi 42 yaşında ölüm adlı bir zəhərli
şərbəti içərək yaxınlarından,
doğmalarından ayrıldı.
Həmin günəşli mart
gününün səhəri sanki təbiət də,
dünya da nə etdiyini bilincə sarsıldı.
O qədər sarsıldı ki, göz yaşları buza
döndü. Yandırıcı günəşli
bir gündən sonra qarlı-yağışlı bir gün
gəldi. Qəbrinin üstünə
yağmış “gül yağışı” bəmbəyaz
qara büründü. Yaxınları,
doğmaları şair dostu Taleh Həmidin “Yaz çiçəklərinə
görən niyə qar yağır? “adlı nisgilli
şeiri ilə göz yaşı tökdülər. Təbiət ağladı, insanlar ağladılar.
Lakin fəqət... O, cismən bir daha geri
qayıtmadı. Mənən isə qəlblərə
köçdü. Onu tanıyanların,
haqqında eşidənlərin qəlbində əbədi
yaşayacaq nur çırağı yandırdı.
Belə rəvayət edirlər ki, qədim
dövrün filosofu Diogen günün günorta vaxtı əlində
çıraq küçədə gəzirmiş.
Ondan niyə belə etdiyini soruşduqda:-“Adam
axtarıram”-deyirmiş.
Bizim əlimizdə də Aydın nuru ilə
işıqlanan “çıraq”; dilimizdə Aydın adı
dostlarını, tanışlarını soraqladıq.
Yana-yana səs verdilər. Azərbaycanın
şöhrət salnaməsinə imza atan, söz yükü
ilə ana yurdu çiyinlərində daşıyan vətənpərvər
övladlarını dinləyəndə
atalarımızın söz çələnginin
müdrikliyinə bir daha heyran olduq: “Dostunu göstər, deyim
sənin kim olduğunu”.
Bir həqiqəti yenidən kəşf
etdik ki, ölümlərin adiləşdiyi indiki
dövrümüzdə kiminsə yaddaşında
qalırsansa, yaxşı işini xatırlayıb kiminsə qəlbi
xoş duyğularla köklənirsə, bu, xoşbəxtlikdir.
Bu xatirələri oxuyanda düşüncələrimizdə
nələr canlandı!
Şair dostu Ağasən Bədəlzadənin
“Yaralı düşüncələri” Dəvdəkin
“Cavanşirin ölümünə mərsiyə”ni yada saldı.
Şahməmməd Dağlaroğlunun
“Hanı sənin dağ çiçəyin”i oxuyanda Vətən
torpağının “gözü yaşlı”, təravətli
çiçəklərini, bağrı yanıq lalələrini
xatırladıq. Mahir Qarayevin bu günün zirvəsindən
boylanıb zamanın axarında durulan çətin bir
dövrün məntiqi təhlili və qəlbi Vətən
eşqi ilə döyünən bir ziyalı təbəqəsinin
üzü küləyə mətin addımı və bu
yürüşdə Aydın yerişinin özünəməxsusluğu,
İsmayıl Vəli və Maarif Soltanın ney kimi sızlayan
“misra yağışı”, Taleh Həmidin əziz dostunun
ölümünü gözünü açmağa macal
tapmamış zərif yaz çiçəklərinə
yağan qara bənzətməsi, Musa Yaqubun “işıqla dolu
xatirəsi”, uşaqlıq və gənclik dostu Baba Vəziroğlunun
“qar ömrü” adlandırdığı həyatına
güzgü tutması bu itkinin
ağırlığını bir daha göstərdi.
Söz meydanında öz yeri olan Sabir
Rüstəmxanlı, Aqil Abbas, İntiqam Mehdizadə, Ramiz Əsgər
yanğısı və qəlblərində
yaşatdıqları Aydını özlərinə məxsus
səciyyələndirmələri bir nağıla bənzəyir.
Biri vardı, biri yoxdu, bir Aydın vardı.
Mənəviyyatın uca zirvəsini fəth etmiş
bütöv bir xarakter, könüllərdə heykəl
ucaltmış bir insan...
Yaşasaydı bu ay 60 yaşı tamam
olacaqdı. Qısa ömründə
qazandığı titulları qat-qat artıracaqdı. Dostları ilə daha məsud və şad
olacaqdı. Nağıllaşan
ömrünə yeni-yeni sanballı səhifələr
yazacaqdı. Və bu gün bir həqiqət
aydındır ki, uzun ömür yaşayıb cismani
ölümü ilə unudulanlar, yaddan çıxanlar var.
Qısa, lakin dəyərli ömründə işıqlı
əməllərinə görə əbədiyyətə
qovuşan, insan yaddaşında ölməzlər cərgəsinə
yazılanlar da. Cəlaləddin Ruminin təbirincə desək,
olduğu kimi görünən ,
göründüyü kimi olan Aydın Səlimzadə ikincilər
sırasındadır.
Biz nağıllaşan bir ömrün
bütün naxışlarını qələmə ala bilmədik.
Bu mümkün də deyil. Son olaraq hamının
fikrinə epiqraf ola biləcək mərhum akademikimiz Bəkir
Nəbiyevin qiymətli sözlərini xatırlatmaq istəyirəm:
“Aydın Akademiyanın səmasında
işıqlı ulduz kimi birdən parladı.
Qısa müddət keçdikdən sonra birdən
qeyb oldu. Mən indiyədək onun kimi
adı ilə daxili aləmi, məzmunu bir-birinə bu qədər
uyğun gələn aydın fikirli gənc ziyalı görməmişəm.
İstər ictimai, istərsə də şəxsi
həyatı bir sıra qayğılarla yükləndiyinə
baxmayaraq, təbiət ona həmişə xeyirxahlıq
yağan bir çöhrə bəxş etmişdi və bu
çöhrədən təbəssüm heç vaxt əskik
olmazdı. Nakam Aydınımızı
çoxları kimi mən də ömrümün sonuna qədər
məhz belə xatırlayacağam”.
Rəna
Mirzəliyeva
İsmayıllı
şəhəri
525-ci
qəzet.- 2013.- 9 iyul.- S.7.