Etnik
baxımdan zəngin bölgələrimiz- Quba
Azərbaycan
etnik tərkibi baxımdan da dünyanın ən zəngin
ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev
də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi
həm də burada yaşayan müxtəlif xalqların
sayının çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir
müxtəlif xalqların nümayəndələri əl-ələ,
çiyin-çiyinə dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı
xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin nəticəsi bir sıra
xalqların məskunlaşmasında da özünü
göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar,
azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar. Azərbaycan
ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə
olsa da, bu etnik zənginlik çaları özünü bəzi
bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə
büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə
etnik rəng özünü daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha
kompakt şəkildə yaşayırlar.
(Əvvəli ötən
sayımızda)
Etnik
baxımdan zəngin regionlarımızdan olan Qubanın
maraqlı yaşayış məskənlərindən biri də
Qrız kəndidir.
Qrız
kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən
2171,4 m yüksəklikdə, Qudyalçayın sahilində
yerləşir. Kəndin ətrafında bir neçə bulaq,
şəlalə, mağara və çay var. Kəndin
yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam
baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs
yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən
çox qar düşən yaşayış məntəqələrindəndir.
Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə
olmayan məktəb, bələdiyyə binası və yeni məscid
var. Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə
(Qırız-Dəhnə, Əlik, Cek, Haput) nisbətən
Qrıza getmək daha çətindi.
“Qrız”
sözü haqqında əsası olmayan rəvayətlər
yayılıb. Belə ki, Qrız-Qrıts sözü
qırmaq feli ilə təsadüfən fonetik səsləşir
və ona görə də, bu rəvayətlər
uydurmadır. “Tök” (tökmək), “var”, “gəldi”, “gələcək”,
“gəlir” fellərinin Qrız dilində təsnifatını
və sair verdikdə “Q” elementinə, daha doğrusu söz
önlüyünə rast gəlinir. Həmin “Q” elementi
yüksəklik, ucalıq, hündürlük,
açıqlıq göstərir, “rıts” isə hamar, cila mənasını
verir. “Cilalanmış daş”, “cilalanmış taxta” – kəndin
mövqeyinə görə belə adlanır.
Yazılı
mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə
rast gəlinir. XVIII əsrdə Qrız Şeyxəli xanın
Rusiya İmperiyasına qarşı apardığı
mübarizədə onun mərkəzi iqamətgahı olub.
Kəndin
ərazisində bir qədim dağılmış məscid
var. Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin
banisi Abbasın məşhur sərkərdəsi Əbu
Müslim Əl-Xorasani tərəfindən təxminən VIII əsrdə
inşa edilib. Məscid Əbu Müslimin adını
daşıyır. Eyniadlı məsciddən
yaxınlıqdakı Xınalıq və Cek kəndlərində
də var.
Qrız kəndində hazırda
30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin
bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər
daş birmərtəbəli evlər olub, tavanı hamar və
torpaqla örtülü olurdu) olub və orada 8000-ə
yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin
təsiri altında miqrasiya ediblər. Əhali əsasən
heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul
olur. Xalça və palaz toxunması kimi sənətlər də
inkişaf edib. Bundan başqa Qrızda vaxtilə yəhudilər
də yaşamışlar, onları bura Fətəli xan
köçürmüşdu. Bu gün də kənddə yəhudi
qəbirstanlığı mövcuddur.
Kəndin əhalisini qrızlar təşkil
edir. Qrız kəndi qrızların mərkəzi iqamətgahı
hesab olunur.
Qrız
dili ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir.
Qrız dilinə ən yaxın dil Buduq
dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə
Cek, Əlik, Haput və Yergüc kəndlərində də
danışılır. Bu kəndlərdə
danışılan dillər Qrız dilindən xeyli fərqlənir
ki, buna görə də alimlərin fikrincə onları
ayrı bir dil kimi götürmək olar. Məsələn,
ceklilər Cek dilində danışır. Lakin bu dili
araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız
dilinin ləhcələri kimi qəbul ediblər. Hətta
onlardan bəziləri “Cek dili” terminini “Qrız dili”nin alternativ
adı adlandırırlar. Ən son araşdırmalar
zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin
dialektləri kimi qeyd edib. Qrız, Cek, Haput, Əlik, Buduq,
Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi,
xüsusən sonsuzluğa qədər əşyaların
cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq
bildirən sözlər demək olar ki, eynidi. Qrız dilində
cins, kəmiyyət və hal kateqoriyaları vardır. Cümlə
feli xəbərin tipinə görə dəyişir. Son məlumatlara
görə, Qrız dilində danışanların ümumi
sayı 10000 – 15000 arasında dəyişir.
Bu yaxınlarda gənc fransız tədqiqatçısı
Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiya
İnstitunda “Qrız dilinin şərhi. Azərbaycanın
şimal-şərqində Qafqaz dillərinin tədqiqi”
mövzusunda doktorluq işini müdafiə edib. O, Azərbaycana
gələrək, Qrız dilini öyrənmişdi.
Alim öz araşdırmasında heç
bir əlifbaya və qrammatikaya malik olmayan bu dildə, yalnız
yüksək dağlıqda yaşayan bir neçə yüz
adamı qeyd edir. Bununla da alim hesab edir ki, qrız dili nə azərbaycanlıların
danışdıqları azəri türkcəsinə, nə
də hind-avropa dil qrupuna aid olan Qafqazda yaşayan tatların,
osetin və talışların danışdıqları dillərlə
heç bir əlaqəsi yoxdur. Mövcud fakt bu dilin və həmin
dilin daşıyıcıları sayılan
qrızlıların qədimliyindən söhbət
açır.
Qrız dili haqqında 1972-ci ildə Ş.
Sədiyevin doktorluq dissertasiyası, 1964-cü ildə V.
Xidirovun namizədlik dissertasiyası dərc edilib.
Şahdağ qrupuna daxil olan etnik qruplar
arasında qrızlar da qədimliyi ilə seçilirlər.
Tarixçi alim Qiyasəddin Qeybullayev “Azərbaycan
toponomiyası” əsərində “hər” (Qafqaz
Albaniyasında tayfa) tayfasının qrızların əcdadı
olduğunu bildirmişdi. Müəllifin yazdığına
görə, “hər“ tayfası
Qafqaz Albaniyasının şimal-şərqində
yayılıbmış, qrızlar indi yaşadığı
torpaqlara sonradan köçüblər. Lakin qrızların
tarixi demək olar ki, öyrənilməyib. Son illər isə
Qrız kəndinin əhalisi əsasən Qrız-Dəhnə
kəndinə miqrasiya ediblər. Qrızlar əsasən
Bakı və Sumqayıt şəhərlərində, həmçinin
Abşeron, İsmayıllı, Xaçmaz və Qəbələ
rayonlarının bir neçə kəndində də
yaşayır. Qrızlar İslam dininə etiqad edirlər.
Qrızdan bir çox məşhur simalar
yetişib. Məsələn, Qrızdan çıxmış
yeganə bəy-Süleyman bəy Qrızlı irsi bəy
olmasa da, bəy titulunu rus ordusunda 25 illik xidmətinə
görə alıb.
Qrız-Xınalıq bölgəsindən
çıxmış ilk görkəmli alim- İbrahim
Qrızi, qrızlı tədqiqatçılar –Şahmurad
Qrızlı, Şıxbala Qrızlı da tanınmış
insanlardandır.
***
Bütün bunlar göstərir ki,
Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini
və lütfünü əsirgəməyib, yeraltı və
yerüstü sərvətlərlə yanaşı, bir
ölkə ərazisində iç-içə qaynayaraq
qarışan, bir respublikanını bərabərhüquqlu vətəndaşı
kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş
edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək,
qorumaq hər birimizin mənəvi borcudur.
(Ardı
var)
Sevinc
MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 11 iyul.- S.6.