Şanlı
nəslin unudulmaz yadigarı – “Poeziyamızın Şah
Nigarı”
Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi ilə
bağlı Nizami adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində geniş elmi konfrans təşkil edilib
İyulun 9-da Nizami
Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbi-bədii, fəlsəfi-estetik
fikir tarixində
böyük xidmətləri olan, öz zərif, bənzərsiz şeirləri ilə milli
poeziyamızı zənginləşdirmiş Xalq şairi
Nigar xanım
Rəfibəylinin 100 illik
yubileyilə bağlı “Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz” mövzusunda
respublika elmi konfransı
keçirildi. Konfransda
respublikanın görkəmli fikir adamları – Xalq
yazıçısı Anar, professor Tofiq Məlikli, Xalq
şairi Nəriman Həsənzadə, Azərbaycanın
Polşadakı səfiri Həsən Həsənov, şair
Çingiz Əlioğlu və başqaları iştirak edirdilər.
Konfransın bədii hissəsini giriş
sözü ilə muzeyin direktoru, AMEA-nın müxbir
üzvü, professor Rafael Hüseynov açaraq qonaqları
salamladı və Nigar xanım Rəfibəyli ilə
bağlı düşüncələrini
bölüşdü: “Nigar xanım Azərbaycanın həm ədəbiyyatında,
həm də ictimai-siyasi fikir tarixində böyük xidmətləri
olan bir ziyalıdır. Onun mənsub olduğu böyük nəsil
– Rəfibəylilər nəsli Azərbaycanın istiqlalı,
azadlıq mücadiləsi yolunda böyük və əvəzsiz
xidmətlər göstəriblər. Rəfibəylilər nəslinin
digər nümayəndələri kimi Nigar xanım da
çox fırtınalı, təlatümlü bir həyat
yaşayıb. Amma hər zaman, hər addımında, rejimin
hansı çətinlikləri ilə üzləşməsinə
baxmayaraq, bu adın və bu soyadın ucalığını,
böyüklüyünü, seçkinliyini qoruyub
saxlayıb. Bu gün bu işıqlı ziyalının 100
illik yubileyinin məhz burada – Nizami adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində keçirilməsi də təsadüfi xarakter
daşımır. Əslində bu, bir rəmzdir. Belə ki,
Nigar xanım dəfələrlə bu muzeydə olub və
onun bir çox əlyazmaları indi də muzeyimizdə
qorunub-saxlanılır. Nigar xanımın övladı, Azərbaycanın
Xalq yazıçısı Anar
ilk dəfə məhz bu muzeydə əmək fəaliyyətinə
başlayıb. Rəfibəylilər
nəslinin daha bir görkəmli nümayəndəsi Cavad Rəfibəyli
də burada çalışıb. Cavad bəy Azərbaycan
ictimai fikir tarixində misilsiz xidmətlər göstərmiş
ziyalı olub. Amma təəssüflər olsun ki, məhz Rəfibəyli
soyadı daşıdığına görə sürgün
olunub, sürgündən qayıtdıqdan sonra isə ona
yalnız Gəncədə orta məktəbdə ibtidai siniflərə
rus dili müəllimi işləməyə icazə veriblər.
Nigar xanım məşəqqətlərlə üzləşsə
belə bu onun yaradıcılığına qətiyyən mənfi
təsir göstərmirdi. Əksinə, Nigar xanım heç
vaxt bu miskinlərə fikir vermir, özündə güc
tapıb gözəl şeirlər yazırdı.
Nigar xanımın həm ana babası, həm
də ata babası çox sayılan, hörmətli el
ağsaqqalları, müdrik insanlar olub. Ata babası Ələkbər
kişi millət fədaisi idi. Məmməd Səid Ordubadi
“Qanlı sənələr”i yazanda
erməni qırğını ilə bağlı
bütün faktları dəqiqliyi ilə yazmaq
üçün Ələkbər kişiyə müraciət
edirdi. Ələkbər kişi o qədər milli
yanğılı, vətənpərvər bir adam idi ki,
bunların hamısını detallarına qədər bilirdi
və istər sözdə, istər əməldə
mübarizəsindən qalmırdı.
Ələkbər kişinin oğlu, Nigar
xanımın atası Xudadat bəy bu millət
üçün canını fəda edənlərdən
olub. O, Avropada təhsil almış ilk azərbaycanlı alitəhsilli
cərrah idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ilk Nazirlər Kabineti formalaşarkən ilk səhiyyə
nazirimiz Xudadat bəy Rəfibəyli oldu. O, həm də Gəncənin
general-qubernatoru idi. Amma çox keçmədi ki, Azərbaycan
Cümhuriyyətinin başı üzərindən qara yellər
əsməyə başladı, Xudadat bəy Rəfibəyli,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli istiqlal
yolunda qurban getdilər.
Bundan sonra Xudadat bəyin soyadını bu
nəslin üstündə bir damğa kimi görməyə
başladılar. Rəfibəylilərin böyük hissəsi
ölkədən didərgin düşdü. Sovet hökuməti
həmişə bu nəsli, bu kimi bir sıra nəsilləri
özünə düşmən bildi və onlara təzyiqlər
göstərməyə davam etdi. Bütün bu təzyiqlərə
baxmayaraq, Nigar xanım həmişə bu möhtəşəm
soyadını qoruyub saxladı və ona sadiq qaldı. Sovet
dövründə rejim onlara düşmən olsa da, belə
bir dönəmdə Nigar xanım Xalq şairi fəxri
adına layiq görüldü.
Nigar xanım heç bir təzyiqə əyilmədən,
“danosbazlara” fikir vermədən, yorulmadan yazdı, yaratdı,
tarixdə yaşadı, şeirləri ona “qoşa qanad” oldu,
şeirləri ilə uçdu, səmalarda pərvazlandı.
Onun xatirəsi həmişəlik bu millətin qəlbində
yaşayacaq”.
Rafael Hüseynovun bu duyğulu
çıxışı konfrans
iştirakçılarının gözləri önündə
Nigar xanımın cəsur, mərd, məsum və şairanə
obrazını canlandırdı. Sonra Nigar xanım Rəfibəyli
ilə Rəsul Rzanın öz ifalarında şeirləri səsləndirildi
və onların birgə həyatının “əbədiləşən
anlar”ı – xatirə rəsmləri təqdim olundu.
Daha sonra Azərbaycanın Polşadakı
fövqəladə və səlahiyyətli səfiri Həsən
Həsənov Nigar xanımla bağlı xatirələrini
paylaşdı: “Əgər bu konfrans 10-15 il öncə
keçirilsəydi, onda Nigar xanımı tanıyan, onunla bir
mühitdə işləyən dostları, yoldaşları, həmkarları,
rəfiqələri də iştirak edərdi. Çox təəssüflər
olsun ki, bu gün Nigar xanım və onun bir çox
yaxınları, əzizləri bizim aramızda yoxdur.
1981-ci ilin iyul ayı idi. Nigar xanım
dünyasını dəyişmişdi.
Sağlığında ondan “əl çəkməyən” mənasızlar
həyatdan gedəndən sonra da Nigar xanım haqqında
danışmaqdan yorulmurdular. Günlərin birində Heydər
Əliyev məni çağırıb dedi ki, Həsən,
deyirlər, Nigar xanımın yasında Anar molla dəvət
edib, Quran oxudub. Bunu dəqiqləşdir, öyrən. Mən
də Anar müəllimdən soruşdum. O dedi: “Bəli, Həsən,
mən anamın yasına molla da dəvət etmişəm,
Quran da oxutmuşam. Birinci, bu, mənim anamın vəsiyyəti
idi. İkinci də öz arzum idi”. İndi gənclərə
məntiqsiz görünə bilər ki, bu nə deməkdir,
yasda molla gəlib Quran oxuyar da. Amma bizim
yaşadığımız həmin dövr elə idi ki, bu
cür şeylər yasaq olunmuşdu. Belə bir zamanda Anar
müəllimin bu addımı çox-çox cəsarətli
bir addım idi. Bu sanki zamana meydan oxumaq demək idi. Mən
Anara dərin təşəkkürümü bildirirəm. Ona
görə ki, anası Nigar xanımın, atası Rəsul
müəllimin işıqlı yolunu şərəflə
davam etdirir. Onların adının ucalığını və
böyüklüyünü ləyaqətlə qoruyur”.
Tədbirin aparıcısı, professor
Rafael Hüseynov Nigar xanımın təkcə
özünün deyil, bütövlükdə ailəsinin
üzləşdiyi acı gerçəkliklərdən
danışdı: “1929-cu ildə Nigar xanımın
qardaşı Kamil bəy Azərbaycanı tərk edib
mühacir həyatı yaşamağa məcbur oldu. XX yüzildə bu nəsil
9 dəfə repressiya olunub. Amma onlar sürgündə də,
məhbəsdə də öz mərdliyini qoruyub saxladı.
O zaman Əliheydər
Qarayev “Madam, madmazel və cənab Rəfibəyov” adlı bir
məqalə yazmışdı. Madam deyəndə Nigar
xanımın anası Cəvahir xanımı, madmazel deyəndə
onun özünü, cənab deyəndə isə atası
Xudadat bəyi nəzərdə tuturdu. Bundan sonra artıq ailəyə
qarşı belə təzyiqlər başlandı. Bir-birinin
ardınca ikrah doğuran məqalələr yazılır,
onlara qətiyyən layiq olmadığı sözlər ünvanlanırdı.
O zaman Nigarın cəmisi 17 yaşı var idi. Və 17
yaşlı bu qız kişi kimi özünün,
atasının, ailəsinin haqqını, mövqeyini
müdafiə elədi. İndi Həsən Həsənovun
dediklərindən də aydın görürsünüz ki, nəinki
onun sağlığında, hətta dünyasını dəyişəndən
sonra da Nigar xanımla bağlı təzyiqlər vardı. 7
yaşından atasız qalan bu körpə qızcığaz
həyatın bütün acılarını yaşadı,
amma sınmadı, əyilmədi, imkan vermədi ki,
keçirdiyi faciələr onun içində kin, nifrət
toxumu səpsin. Nigar xanım həyatı boyunca öz zərifliyini
qorudu, saxladı. Həmişə güllərdən,
çiçəklərdən, təbiətin gözəlliklərindən,
ülviyyətdən yazdı. Düşdüyü
bütün bəlaların içində gözəlliyi
axtarıb tapmağı və nəzmə çəkməyi
bacardı”.
Xalq
şairi Nəriman Həsənzadə özünəməxsus
həssaslıqla və kövrək notlarla çıxışına
başladı: “Bu gecə Azərbaycan ədəbiyyatı və
mədəniyyəti üçün xüsusi bir gecədir.
Çünki biz əsrlər, qərinələr keçsə
də, heç zaman unudulmayacaq, öz əməlləri ilə
bu xalqın yoluna nur çiləyən gözəl bir
xanımın xatirəsinin işığına
toplaşmışıq. Belə bir təşəbbüs
göstərdiyi üçün ilk öncə konfransın təşkilatçısı
Rafael müəllimə dərin təşəkkürümü
bildirirəm. Bir də ona görə təşəkkür
edirəm ki, “Rəfibəylilər” haqqında dəyərli
bir əsər yazıb. Bu kitab həm də Azərbaycanın
Cümhuriyyətinin tərcümeyi-halıdır.
Nigar
xanım həyatım boyunca mənə çox böyük
yaxşılıqlar edib. Mən hərbi xidmətdə olanda
xəbər gəldi ki, anam rəhmətə gedib. Mənim də
həyatda anamdan başqa kimsəm yox idi. Elə çiynimdə
avtomat birbaşa evimizə yollandım. Anamı dəfn etdim,
yasdan sonra hərbi hissəyə qayıdanda eşitdim ki, məni
hərbi tribunala veriblər. O vaxt bunun cəzası azı 10
il həbs idi. Amma rəhmətlik Nigar xanım və Rəsul
müəllim generala müraciət etdilər ki, onun heç
kimi yoxdur və xahiş etdilər, mən həbs cəzasından
xilas oldum. Nigar xanım bu cür hamının dərdinə
yanan, qayğıkeş bir qadın idi. Onların mənim həyatımda
çox böyük rolu olub.
Bir əli
mətbəxdə, qabda-qaşıqda, bir əli həmişə
oğul-uşaqda və Rəsul Rzanın üstündə
olurdu. Amma bütün bunlarla yanaşı ürəkləri
oxşayan, bənzərsiz şeirlər yazır və
orijinaldan – Hüqodan, Nazim Hikmətdən, Voyniçdən,
Çexovdan, Şevçenkodan bədii tərcümələr
edirdi.
Mən
əminəm ki, illər keçsə də, Nigar xanım,
onun əziz xatirəsi, yaratdığı əsərlər
ürəklərə yol tapacaq, söz sərraflarının
qəlbində yaşayacaq və Nigar Rəfibəyli
ömrü gələn nəsillərə bir nümunə
olacaq”.
Tədbirin
bu məqamında Rafael Hüseynov Nigar xanımla bağlı
maraqlı və diqqətçəkən bir məqama toxundu:
“Məndə Nigar xanımın iki fotosu var, birində skripka
çalır, birində piano. Digər fotoda isə Rəsul
müəllim tar çalır. Ümumiyyətlə, bu ailə
musiqiyə ürəkdən bağlı idi. Nigar
xanımın ruhunda musiqidən gələn bir zəriflik var
idi. O, üz tutduğu hər bir həyat hadisəsinə təkcə
şeir yazmırdı, nəğmə bəstələyirdi.
Onun şeirlərinə böyük Cavidin nakam oğlu, Ərtoğrul
Cavid gözəl nəğmələr bəstələmişdi.
İndi də şairənin şeirlərinə musiqi
yazılır, nəğmələr bəstələnir. Bu sənətkarlardan
biri – hörmətli Faiq Sücəddinov bu məclisdə
iştirak edir”.
Nigar
xanımın şeirlərinə nəğmələr
qoşan bəstəkar Faiq Sücəddinov pianoda ifasıyla
şairənin xatirəsini andı. Daha sonra bəstəkar
pianoda Nigar Rəfibəylinin “Ana” şeirinə bəstələdiyi
nəğməni müşayiət etdi. Onun müşayiətini
və əməkdar artist İlqar Muradovun ifasını
iştirakçılar rəğbətlə
qarşıladılar.
“Ana”
mahnısından sonra Azərbaycanın
Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın
ifasında Nigar xanımın “Sənsiz” şeiri gurultulu
alqışlara səbəb oldu.
Rafael
Hüseynov Nigar xanımın ailəsindən olan general-mayor
Akif Rəfiyevə söz verməmişdən əvvəl bir
məqamı xatırlatdı: “30-cu illərdə Rəfibəylilərə
qarşı dəhşətli repressiyalar baş verirdi. Sovet
rejimi bu soyadı daşıyanlara düşmən kimi
baxırdı. Amma Nigar Rəfibəyli bu soyadı
daşıya-daşıya Xalq şairi oldu, onun qohumu Akif Rəfiyev
general-mayor rütbəsinəcən ucaldı”.
General
Akif Rəfiyev isə qonaqlara Nigar xanıma aid çox xoş
xatirələrini paylaşdı: “1955-ci il idi. Bakıya
universitetə sənədlərimi verməyə gəlmişdim.
Hüquqşünas olmaq istəyirdim. Qəbul imtahanı
zamanı rəhmətlik Həmid Araslı və Cəfər
Xəndan soyadıma görə məni tanıdılar, bildilər
ki, Nigar xanımın qohumuyam, Nigar xanımın
soyadını daşıdığıma görə mənə
qiymət yazıb imtahandan keçirdilər. Mən onda Nigar
xanımın nə qədər böyük hörmət
sahibi olduğunu gördüm.
Bir dəfə
Rəsul Rza mənə danışdı ki, akademiyada
Üzeyir bəylə rastlaşdım. Üzeyir bəy dedi ki,
Rəsul, bilirəm, sən Nigara biganə deyilsən, amma bu
namərdlər onun haqqında məqalə-filan yazırlar.
Bilirsən ki, o, Xudadat bəy kimi böyük bir şəxsiyyətin
qızıdır. Böyük bir nəslin
övladıdır. Onu qoru, Rəsul!”
Çıxışının
sonunda A.Rəfiyev muzeyin rəhbərliyinə, ailəsi
adından, mənsub olduğu nəslin adından, belə bir
gecə təşkil etdikləri üçün təşəkkürünü
bildirdi.
“Yada düşdü”
jurnalının baş redaktoru, yazıçı Nahid
Hacızadə çıxışında Nigar xanımı
“Poeziyamızın Şah Nigarı” adlandırdı və qeyd
etdi ki, jurnalın yeni sayında Nigar xanımın 100 illiyi
münasibətilə “Qəlbimizdə yaşayan sözlər”
rubrikasında onun “Sənsiz” şeirini və Rəsul Rza ilə
birgə şəkillərini oxuculara təqdim ediblər.
Sonra
tanınmış sənətkar Rizvan Sədirxanov Rəsul
Rzanın “Görmədim” şeirinə bəstələdiyi
mahnını oxudu.
Xalq
artisti, professor Amaliya Pənahova da Nigar xanımla bağlı
dəyərli fikirlər söylədi: “Nigar xanımın qəlbi
elə böyük məhəbbətlə dolu idi ki, bu, onun
şeirlərində də özünü göstərir.
Keşməkeşli həyat yolu, düşdüyü
fırtınalar onu sındırmadı, daha da mətinləşdirdi.
Biz keçmişə baxdıqca onun varlığı ilə
fəxr edir, qürur duyuruq. Onun həyatı bizim gəncliyimiz
üçün dəyərli örnəkdir”. Aktrisa öz
çıxışını Nigar xanımın “Günəşdən
gənclik istədim” şeiri ilə yekunlaşdırdı.
Milli
Dram Teatrının aktrisası Münəvvər Əliyevanın
övladı, 9 yaşlı Həcər Əliyeva Nigar Rəfibəylinin
“Durna oluram gecələr” şeirini söylədi. Balaca Həcərin
Nigar Rəfibəyli poeziyasını bu cür duyması tədbir
iştirakçılarını təsirləndirdi.
Şair
Fikrət Sadıq Nigar xanımın sözə həssas
münasibətindən, şairənin incə və zərif
ruhundan, gözəl şeirlərindən söz
açdı.
Azərbaycan
jurnalının baş redaktoru İntiqam Qasımzadə Nigar
Rəfibəylinin onun ailəsinə
doğma adam olduğunu vurğuladı: “Bizim ailənin
qurulmasında, atamla anamın qovuşmasında, taleyində
Nigar xanımın böyük rolu var. Bizim ailəmizə onun
nurundan, işığından pay düşüb. Mənim
valideynlərim Nigar xanımı özlərinə
böyük bacı biliblər. Onun zövqü o qədər
gözəl olub ki, atam anamın bəxt
üzüyünü seçməsini
Nigar xanıma həvalə edib.
İnsanların
ən kamili gözəllik xüsusiyyətlərini
özündə cəmləşdirən insandı. Nigar
xanım həm zahirən, həm də daxilən gözəl
insan olub. Onun insaniyyəti kimi, yaradıcılığı
da yüksək səviyyədə olub. Onun
yaradıcılığının sirri, sehri, sadəliyində,
gözəlliyində, səmimiliyindədir”.
Şair
Çingiz Əlioğlu Nigar xanımın
yaradıcılığında dünya poeziyası ilə səsləşmələrdən
söz açdı və rus şairəsi Anna Axmatova ilə
Nigar Rəfibəyli yaradıcılığı arasında
paralellərdən danışdı.
Konfransın
açılış hissəsinin sonunda Rafael Hüseynov Xalq
yazıçısı Anara xüsusi təşəkkürünü
bildirdi: “Rəsul Rza və Nigar Rəfibəylinin layiqli
övladı Anar müəllimə dərin təşəkkürümü
bildirirəm, ona görə ki, o ocağın, o evin
işığını
sönməyə qoymayıb, daha da şölələndirib.
Onların adının ülviyyətini qorumaq
üçün hər cür çətinliklərə sinə
gərib və Rəsul müəllimlə Nigar xanıma
çox layiqli övlad olub”.
Xalq
yazıçısı Anar tədbirin sonunda bütün
qonaqlara minnətdarlığını bildirdi: “Qonaqlara,
muzeyin əməkdaşlarına, tədbir təşkilatçılarına
təşəkkür edirəm ki, mənim anamın xatirəsini
hörmətlə anıblar, belə möhtəşəm
bir konfrans təşkil ediblər. Bu gün tədbirin məhz
Nizami Muzeyində keçirilməsi bir növ rəmzi xarakter
daşıyır. Cümhuriyyət dövründə babam
Xudadat bəy səhiyyə naziri olduğu üçün
buraya köçüblər, anam 5 yaşında olanda burda
yaşayıb. Ona görə bu muzey mənimçün
doğmadır.
Mən,
ailəmiz adından, anamın xatirəsinə bu cür ehtiram
bəslədiyiniz üçün
hamınıza təşəkkür edirəm”.
Daha
sonra konfrans “Xalq şairi Nigar Rəfibəylinin ədəbiyyatımız
və ədəbi əlaqələrimizdə yeri”, “Azərbaycan
ədəbiyyatında qadın mövzusu və
yazıçı qadınlarımız” adlı bölmə
iclaslarında öz işini davam etdirdi.
Bölmə
iclasını giriş sözü ilə açan professor
Rafael Hüseynov “Tarix boyu şeirimizdə qadın obrazı və
qadın şairlərimiz” mövzusunda maraqlı bir məruzə
ilə çıxış etdi: “Azərbaycan ədəbiyyatında
Məhsəti Gəncəvidən başlayaraq istedadlı,
mübariz qadın sənətkarlar olub. Xurşudbanu Natəvan,
Hökümə Bülluri, Mədinə Gülgün, Nigar Rəfibəyli,
Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Tahirə
Qürrətüleyn ədəbiyyatımızın
parlaq nümayəndələri olub. Nigar Rəfibəylinin ədəbi
irsi qadın
dünyasının gözəllikləri, sirləri, əsrarəngiz
mövzuları ilə yanaşı, həm də ictimai məzmunu
ilə diqqəti cəlb edir.
Çağdaş
dövrümüzdə bu ədəbi nəslin istedadlı və
layiqli davamçıları vardır ki, onlardan biri – “525-ci qəzet”in
yazarı, istedadlı nasir, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının müəllimi Pərvin Nurəliyeva bu
konfransda iştirak edir. Onun çıxışından əvvəl
bir məqamı qeyd etmək istəyirəm ki, Pərvin Rəsul
Rza və Nigar Rəfibəyli irsinə çox həssaslıqla
yanaşan, onları duya bilən bir gəncdir. O, həm də
Nigar Rəfibəylinin çapa hazırlanmış
“Seçilmiş əsərləri”nə ön söz
yazıb”.
Pərvin
Nurəliyeva “Nigar Rəfibəyli
yaradıcılığında məsuliyyət və
reallıq” mövzusunda dərin,
əhatəli və duyğulu bir məruzə ilə
çıxış etdi: “Qadın olmaq hər şeydən
öncə məsuliyyətdir. Nigar xanım üçün bu məsuliyyət
üçqat idi: Xudadat bəyin qızı, Rəsul
Rzanın xanımı və Anarın anası olmaq...
Baxmayaraq
ki, Nigar xanım yer adamı deyildi, onun ruhu göylərdəydi,
amma o, yeri də, göyü də, reallığı da,
üzərinə düşən bütün məsuliyyətləri
tam mənası ilə dərk edirdi.
Təəssüfər
olsun ki, bu gün ədəbiyyata gələn gənc xanım
yazarlarda məhz bu duyğu çatışmır. Son illər
istər prozada, istər poeziyada az-çox tanınan kimi gənc
xanımlar belə düşünürlər ki, sənətdə
hansısa kiçik bir uğur qazandınsa, şəxsi həyatı
tamamən bir kənara qoymaq, bütün məsuliyyəti
boynundan atmaq lazımdır. Əslində isə belə deyil.
Bu mənada Nigar xanım bizim üçün örnəkdir.
Nigar xanımın həyat yolu və
yaradıcılığı bizə sübut etdi ki,
zamanını, ruhunu, gücünü ailəsinə,
övladlarına ayırmaq, neçə-neçə
şeiri onlara qurban verməklə də ədəbiyyatda
qalmaq, əbədiyyət qazanmaq olar”.
Fikirlərini
əsaslandıran məruzəçi bununla bağlı Nigar
Rəfibəyli yaradıcılığından misallar gətirdi,
onun şeirlərindən, çap olunmuş gündəliklərindən
parçalar oxudu. Konfrans iştirakçılarının
diqqətlə dinlədikləri məruzə ətrafında
maraqlı müzakirə aparıldı.
Daha
sonra konfrans Xatirə Bəşirlinin “Nigar Rəfibəylinin
Nizami muzeyində qorunan əlyazmaları”, Kəmalə Nəbiyevanın
“Nigar Rəfibəyli poeziyasında müraciətlərin
emotiv-aksioloji funksiyası”, Səba Namazovanın “Nigar Rəfibəylinin
poetik dünyası”, Yaşar Qasımbəylinin “Özbək
və Azərbaycan şeirində Nigar Rəfibəyli
obrazı”, İnarə Səfiyevanın “Nigar Rəfibəyli
yaradıcılığında qadın obrazları”, Sevil Məmmədəliyevanın
“Nigar Rəfibəyli klassiklər haqqında”, Gülər
Abdullabəyovanın “Nigar Rəfibəyli və Adam
Miskeviç”, Aynur Nəcəfovanın “Anna Axmatova və Nigar
Rəfibəyli” mövzusunda bir-birindən maraqlı məruzələri
ilə öz işini davam etdirdi.
Xəyalə
ƏFƏNDİYEVA
525-ci
qəzet.- 2013.- 11 iyul.- S.7