Acı “Müharibə”Yazar
Bütün günahlar müharibədədi...
Gənc Tamaşaçılar Teatrı səhnəsində
nümayiş etdirilən “Müharibə” tamaşasına
baxanda beynimə gələn ilk fikir bu oldu. Tamaşanın
unikallığı, fərqi müharibənin törətdiyi
faciəni, ağrını tamam başqa tərəfdən göstərməsidi.
Adətən müharibədən gələn bəlalar istər
bədii əsərlərdə, istər filmlərdə, istərsə
də video çarxlarda dağılmış məkanların,
yanmış evlərin, viran qalmış obaların görüntüləri, təsvirləri
ilə ifadə olunur. Bu tamaşada da hamısı var idi...
Bütün fəsadlar, ağrılar, acılar
tamaşaçının gözü önündəydi.
Lakin hər şey bir ailənin həyat hekayəsində, bir
ailənin faciəsində ifadə olunmuşdu. Bu da ilk
növbədə əsərin orijinallığından,
qeyri-adiliyindən irəli gəlir. Pyesin müəllifi
Avropada məşhur olan isveçli şair,
yazıçı, dramaturq və rejissor Lars Nurendir. Lars Nuren
yaradıcılığa şeirlərlə başlayıb.
İlk şeirlər kitabı “Yasəmən, qar” adlanır.
14 şeir kitabının müəllifidir. Doğrusu,
yaradıcılığının əsasını şeirlər
təşkil edən (eyni zamanda bir neçə romanın da
müəllifidi) Larsın bu dərəcədə qəddar əsər
yazması bir az qəribə görünür. Bu qəribəliyin
hardan gəldiyini anlamaq üçün, yaxın gələcəkdə
Lars Nuren yaradıcılığına kiçik bir səyahət
yerinə düşəcək. O ki, qaldı “Müharibə”
pyesinə, buna məhz “qəddar” sözü uyğun gəlir.
Tamaşanın rejissoru, əməkdar incəsənət
xadimi Bəhram Osmanov premyeradan öncəki müsahibələrində bu haqda
danışmışdı... Və hətta tamaşada
işlənən hansısa açıq ifadələrə,
söyüşlərə görə deyil, məhz
mövzunun ağırlığına görə 16
yaşına çatmayan adamların zala
buraxılmayacağını söyləmişdi. Əlbəttə!
Mövzu çox qəlizdi, bəzi məqamlarında
dözülməzdi. Müharibə yaşayan, hər il bəlli
tarixlərdə itkilərini xatırlayan, televiziyada o ürəkağrıdıcı
səhnələrə təkrar-təkrar baxan, amma qələbə
ümidini də üzməyən azəri
tamaşaçısı üçün bu mövzu ikiqat
ağırdı.
Bütün emosionallığı kənara
qoyub tamaşaya sadəcə bir iş kimi baxsaq, nəticə
belə olar: Bu işi çox güclü, zəhmətkeş,
peşəkar komanda icra edib... Və əldə edilən
uğur da göz önündədi. Son illər bütün
teatr repertuarlarını ardıcıl izləyən
tamaşaçı kimi qətiyyətlə deyə bilərəm
ki, bu tamaşa 140 yaşlı milli teatrın, 85 yaşlı Gənc
Tamaşaçılar Teatrının böyük
uğurlarından biridi.
Mənə görə, tamaşanın məziyyətlərindən
biri də səhnə tərtibatı və dekorasiyadı. Qəhrəmanların
nimdaş, yamaqlı geyimlərindən tutmuş, yemək
yediyi qablara, yatdıqları yatağa, həyətin çəpərlərinə
kimi, rənglərə kimi, hamısından müharibə
duyulur, müharibə “yağır”. Bu da şübhəsiz
ki, quruluşçu rəssam Sevinc Həsənovanın
peşəkarlığından irəli gələn məqamdı.
Pyesi ruscadan Dilsuz Mustafayev tərcümə
edib. Dialoqlarda bəzi rus ifadələrinin, məsəllərinin,
hətta söyüşlərinin dilimizdəki dəqiq
qarşılığı Dilsuz müəllimin zəhmətinin
nəticəsidi. Amma tamaşanın əsas
ağırlığı təkcə sözdə deyil, sükutdadı, balaca qızcığazın
dizlərini qucaqlayıb yerində yırğalanmasında,
saralmış mələfələrdədi, ananın əyninə
geyindiyi, içində gizləndiyi torlu jaketdə, kor
kişinin “gördüyü” zülmətdədi...
... Müharibədən hansısa
möcüzəylə sağ çıxmış və
ondan daha böyük möcüzəylə gəlib evini
tapmış Kor ailə başçısının
sağlığına sevinmirlər. Çünki o burda
olmadığı iki il ərzində həyat tamam dəyişib,
dəhşətli şeylər baş verib: Ərinin öldüyünü zənn
edən xanımı onun qardaşına aşiqdi, ailə kimi
yaşayırlar... Anasına və kiçik bacısına
çörəkpulu qazanmaq üçün yeganə və
çirkli yolu seçmiş böyük qızı, məktəbdən
qovulmuş, düşmənlər tərəfindən
başına olmazın müsibətlər gətirilmiş
balaca qızı, ailəsinin aclıq ucbatından kəsib
yediyi iti... Bütün bu tükürpədici mətləblər,
hadisələr Korun “gözləri önündə”
yavaş-yavaş, pillə-pillə açılır. Və hər
pillədə dərdin daha da dərinə, iliyə işləyən
sərtliyi adamı sadəcə, dəli eləyir.
Pyesdə əsas xətlərdən biri də
sevgi xəttidi. Korun xanımı qaynı İvenə
aşiqdi. Və burda maraqlı olan budu ki, xanım başqa
kişiyə ərinin yoxluğunu unutmaq ya da evindəki
boşluğu doldurmaq üçün meyl salmayıb.
İveni dəlicəsinə sevir, ərinin qayıtması ilə
yaranan ayrılıq təhlükəsi dünyasını
alt-üst edir... İvenin sağlığını Kordan gizlədirlər.
İven çıxıb getmək, qardaşını
yaralamamaq üçün burdan uzaqlaşmaq istəyəndə
qadın onun ayaqlarına düşür, yalvarır. Heyrətamizdi,
deyilmi?! İnsan aclıqda da, müharibə də, dərdin-sərin
içində də dəlicəsinə sevə bilər.
Sevgi gələndə heç nəyə baxmır. Amma
sevginin əsas düşməni – yalandı. Və o yalan sonda
açılacaq – bütün sirrlər, yalanlar, gizlinlər
gec-tez açıldığı kimi.
Tamaşada əsas qəhrəmanı
müəyyənləşdirmək çətindi.
Çünki hər bir obraz ayrı-ayrılıqda xarakterdi, əsasdı.
Pyesin özəlliklərindən biri də monoloqlardı. Və
məncə, daşıdığı, ifadə etdiyi mənaya
görə bu monoloqların hər birini genişləndirib
ayrıca bir monodram yazmaq olar. Xarakterlərin, obrazların
tamaşaçıya dəqiq, dolğun
çatdırılmasında ilk növbədə rejissorun,
daha sonra aktyorların əməyi danılmazdı. Ona görə
də bu məqamda rolların ifaçıları haqqında
fikir bildirmək yerinə düşər.
Kor ailə başçısının əməkdar
artist Qurban İsmayılov ifa edir. Qurban İsmayılov
haqqında, onun indiyə kimi oynadığı rollar barədə
uzun-uzadı danışmaq olar. Lakin onun sənətkar kimi də,
insan kimi də əsas özəlliyi təvazökarlığıdı.
Ötən il Bakıda keçirilən Teatr Konfransı
haqqında yazanda özüm bunun şahidi oldum. Konfransa gələn
qonaqlar, elə bizimkilər də onun Fuceyradakı
uğurundan, “Bu da axırı” monotamaşasındakı (Bəhram
Osmanovun quruluşunda) oyunu ilə festival
iştirakçılarını heyran qoymasından
danışırdılar. Aktyordan isə bu barədə
soruşanda çox təəccüblənmişdim:
“Heç özüm də bilmirəm necə oldu bu...” “Biləcəri
sindromu”nun hər gün müzakirə edildiyi bir vaxtda, ölkədən kənarda,
nüfuzlu festivalda uğur qazanmış aktyordan ciddi və
özünütəriflə dopdolu bir monoloq gözləyirdim.
Amma axı Qurban müəllim əsl sənətkardı, əsl
sənətkar isə geriyə baxıb qürrələnmir,
qabağa baxıb çalışır, vuruşur, can qoyur.
Və bu da çalışmağın nəticəsi:
“Müharibə”dən çıxmış Kor. Tamaşa boyu
adama elə gəlirdi ki, aktyor doğrudan da heç nə
görmür. Hətta bir məqamda düşündüm, yəqin
məşq vaxtı onun gözlərini bağlayıblar, ona
görə bu cür inandırıcı alınıb.
İnsanın emosiyası, hissi
gözlərində ifadə olunur. Amma Qurban İsmayılovun
istedadı, peşəkarlığı sayəsində ifa
etdiyi obrazın bütün dərdini,
ağrılarını onun üz mimikasından, jestlərindən
oxumaq olurdu. Və bütün bunlar son dərəcə
inandırıcı idi. Şübhəsiz ki, burda onu dəqiq
hiss edən tərəf müqabilinin də rolu
böyükdü.
Korun xanımını oynayan əməkdar
artist Kəmalə Hüseynova son illərdə həm teatrda,
həm də kinoda canlandırdığı fərqli
qadın rolları ilə tanınır. Aktrisa daha çox iki
rolu ilə fərqlənir. “Məhkumlar” filmindəki cüzama
yoluşmuş xəstə qadın, “Qatarın altına
atılan qadın” tamaşasındakı aktrisa rolları ilə.
Hər iki əsərə baxan adam kimi bir müşahidəmi
bölüşmək istəyirəm. Məncə, Kəmalə
xanımın bütün dərdli qadın obrazlarına
yanaşmasında maraqlı bir paralellik, bəzən hətta
eynilik var. Və mənə görə onun bu yanaşması
“Müharibə” tamaşasında ifa etdiyi rola yüzə-yüz
uyğun gəlir. Bu mənada həmin rolu Kəmalə
xanıma həvalə etməyi, məhz onu bu rolda görməyi
Bəhram Osmanovun xidməti hesab etmək olar. Amma Bəhram
müəllimin rejissor kimi daha iki xidməti, bəlkə də
kəşfini vurğulamaq istəyirəm. Qızları
oynayan Nigar Bahadırqızı və Roza İbadova. Hər
iki gənc aktrisanın başqa ifalarına da baxmışam.
Amma bu tamaşaya qədər onlar mənim yaddaşımda Əli
Əmirlinin “M.S.S.” (Mən səni sevirəm) pyesində
oynadıqları rolları ilə qalmışdılar. Orda
şux, şıltaq məktəbli rollarında olan gənc
xanımların bu tamaşada tamam fərqli, ciddi, psixoloji
oyunlarının şahidi olduq. Aktrisa Nigar
Bahadırqızı premyeradan əvvəl saytlardan birinə
müsahibəsində demişdi: “İlk dəfədir ki, belə
bir psixoloji rolu oynamaq mənim üzərimə
düşüb. Rejissorumuzun istəyi odur ki, biz
rollarımızı emosiyasız oynayaq. Bu da aktyor
üçün çox çətindir. Əsər
ağır olduğu üçün emosiyaya
qapanmırıq, səmimi oynayırıq”. Məncə, hər
iki gənc xanım rolların öhdəsindən
lazımınca gəliblər.
Başqa qəhrəmanların fonunda bir az
daha müasir və tox, bir az da “lovelas” obrazında
görünən İveni aktyor Rasim Cəfərov oynayır.
Rasim Cəfərov son illər Azərbaycan kinosunda ən
çox çəkilən aktyorlardandı. Və
maraqlıdı ki, bu tamaşada da onun ifasında teatr
estetikasından daha çox kino, yaxud kiçik səhnə
estetikası hiss olunurdu. Sakit səs tonu, soyuqqanlı
davranış, hirslənəndə də
qışqırmamaq, pafoslu danışmamaq onun
ifasının əsas özəllikləridi.
Bütövlükdə tamaşanı sənət
əsəri adlandırmaq olar. Beşliyin ifa etdiyi musiqi,
simfoniya... Əlbəttə, Bəhram Osmanovun dirijorluğu (!)
ilə.
“Müharibə” mətbuatda da rezonans
doğurdu, xeyli resenziyalar yazıldı, məncə, bundan
sonra da hələ çox qələm adamları,
teatrşünaslar tərəfindən araşdırılacaq,
haqqında məqalələr yazılacaq. Amma mənə
görə teatra verilən ən böyük dəyər onun
sadiq tamaşaçısı olmaqdı. Tamaşaya
canlı-canlı baxmaq və sevinmək. Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar
artist Mübariz Həmidov, rejissor Bəhram Osmanov başda
olmaqla bütün yaradıcı heyətin, aktyorların
uğuruna sevinmək. Mən
sevindim! Siz də... yaxşını görməyi
bacarın... və sevinin!
PƏRVİN
525-ci
qəzet.- 2013.- 11 iyul.- S.4.