Kitablaşan xatirələr

 

Görkəmli ədəbiyyatşünas, tənqidçi-alim, filologiya elmləri doktoru, bir neçə dəyərli kitabın müəllifi İmamverdi Əbilov tənqidçi olmasına baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına bu prizmadan deyil, aralarındakı dostluq münasibətlərini önə çəkərək, qəlbində yatan mürgülü xatirələrin toplusunu bu kitabda əks etdirərək, oxuculara təqdim edib. Bizlər bu kitabı oxuduqca, hər iki insanı dostluğun zirvəsində görürük.

Oxucuların ixtiyarına verilən bu kitabı tənqidçi-alim İmamverdi Əbilovla şair Bəxtiyar Vahabzadə dostluğunun təcəssümü kimi dəyərləndirmək daha məqsədəuyğun olar. “Xatirələrin ay işığında “ kitabı eyni dövrdə yaşayıb-yaradan iki yaradıcı insanın saf, ülvü dostluğundan bəhs edir. Bu insanlar başqa-başqa yerlərdə doğulub, boya-başa çatsalar da, onları yalnız bir amal birləşdirirdi: əqidə və hiss birliyi, eyni bucaqdan görünən dunyagörüşü.

Bəxtiyar Vahabzadə Şəki şəhərində dünyaya göz açan və M.F.Axundovdan sonra gələn adı bir çox böyük şəxsiyyətlərlə bir sırada çəkilən dühalardan biri idi.

İmamverdi müəllim, Bəxtiyar müəllimlə dostluğunuza dəyər verərək, bu kitabı nəşr etdiyiniz üçün sizə ürəkdən “çox sağ ol” deyirəm. Siz Bəxtiyar müəllimi onu sevənlərə daha qözəl tanıda bildiniz. Mən həmişə öz eloğlumu görmək arzusunda olsam da, bu mənə qismət olmayıb. Amma qeyd etdiyiniz kimi, Bəxtiyar müəllim elə bir zəngin irs sahibidir ki, onunla təmasda olmayan  insan da ondan ürəkdolusu danışa bilər. Bəxtiyar Vahabzadəni tək Azərbaycan deyil, böyük türk dünyası da tanıyır və sevir. Siz həm bu kitabın müəllifi, həm də bir dost kimi, şairin dostluqda necə sədaqətli olduğunu önə çəkmisiniz. Bəxtiyar dövrünün ən ağır günlərində yaşayıb-yaradan, bir çox qadağalara baxmayaraq, öz sözünü deyə bilən şair idi. Dostluq etdiyiniz Bəxtiyar sözün, fikrin, hətta milli şüurumuzun zəncirləndiyi sovetlər dönəmində “Gülüstan”, “Özümüzü kəsən qılınc”, “Kövrək budaqlar” kimi siyasi mühiti qılınclayan bir çox əsərilə heç nədən çəkinmədən sözünü deyə bildi. Bəli, dili üçün dilim-dilim doğrananda, dünyanın fırlanmasını insanlara çatdırmaq istəyəndə, siz onun yanında olub, onu ay işığında dinləyərək, xalqı üçün ürəyi yanan şairin dərdinə şərik olmusunuz. Bu kitabı oxuduqca, bir-birinizə yazdığınız məktublarda dostluq üçün ürəyinizi verdiyinizə əmin oluram. Və hətta, BƏXTİYARI itirməklə ədəbi mühit boş qalmaqla yanaşı, sizin də özünüzü tənha saydığınız hiss olunur. Düşünmədən, ürək ağrısı ilə deyərdim ki, ədəbiyyatımız, doğrudan da, yetim qalıb.

Bəxtiyar müəllim haqqında çox söz demək olar, lakin sizin yazdığınız xatirələr səhifələndikcə, dostluqda sədaqətli, əzmkar bir insanı bir daha yaxından tanıyırıq və bu dostluğa qibtə etməmək mümkün deyil. Həqiqətən də, qeyd etdiyiniz kimi, sizə ünvanladığı məktubların birində “Əzizim, iki gözüm, qardaşım, məsləkdaşım” kimi ürəkdən deyilmiş bu ifadələrin arxasında böyük bir dostluğun işığı görünür. Dostluq elə bir məfhumdur ki, hər insan onu başa düşə bilməz.

Qeyd edirsiniz ki, Bəxtiyar müəllimlə tanışlığınız 1948-ci ildə Yazıçılar İttifaqında Səməd Vurğunla görüşünüz zamanı baş verib və elə o gündən qayəsi nurla yoğrulan və ay işığına dönərək, yaddan çıxmayan xatirələrə çevrilən bu dostluğun təməli qoyulub. Güman edirəm ki, siz qəlbinizdəki acılı-şirinli xatirələri yada salanda Bəxtiyar müəllimin “Bircə ondan razıyam ki, özümdən narazıyam” ifadəsini hansı səbəbdən dediyini bildiyiniz üçün bir dost kimi qəlbiniz çox sızıldayıb. Məgər, bu insan öz xalqı üçün az iş görmüşdü? Bütün bu məziyyətlər, onun öz-özünü qınaması şairin böyüklüyündən, təvazökarlığından xəbər vermirmi? Hətta, onu da qeyd edirsiniz ki, Şəkidə, Bəxtiyar müəllimin evində qonaq olarkən, sanki özünü sizə borclu kimi göstərməyə çalışırdı. Bütün bunlar isə onun şəkili olduğundan və şəkisayağı qonaqpərvərliyindən xəbər verir. Məncə, illərin sınağından çıxan dostluğunuzun möhkəmliyi məkan tanımır, necə ki, sizin topladığınız xatirələr xəzinəsində öz əksini tapır. Bəli, məkan tanımayan dostluq xeyir-şərdə, toy-düyündə özünü təsdiq edir. Sizin qəlbiniz çeşid-çeşid səhifələndikcə vəfalı dost, həm də böyük bir alim kimi o böyük şəxsiyyətin bir çox bilmədiyimiz cəhətlərini onu sevənlərə açmağı bacardınız. Deyirlər, dost dar gündə sınanar, İmamverdi müəllim, siz zaman-zaman sınanmısınız. Qeyd etdiyiniz kimi, 1960-cı ildə Rəsul Rza haqqında yazdığınız kitabın nəşrinin ləngiməsindən xəbər tutan əziz dostunuz Bəxtiyar müəllim Azərbaycanda KP MK-nın ideologiya üzrə katibi, həmyerlisi mərhum Nazim Hacıyevin, Yazıçılar İttifaqı rəhbərlyinin qəbuluna gedərək, kitabın çap olunması üçün müsbət cavaba nail olur. Az bir müddət ərzində həmin kitab 6 min tirajla işıq üzü görür.

Yaddaşınız səhifələndikcə, bir ömür boyu dost olduğunuz insanın mərdliyindən, cəsarətindən, kövrəkliyindən söz açırsınız. Yolda qarşısına çıxıb əl açan kasıb qız-gəlinləri görəndə, onların əllərini boş qoymasa da, deyirmiş: “Mən onlara bir günlük dolanışıq verdim, necə olacaq bu işlərin axırı?” – deyərək, hönkür-hönkür ağladığının şahidi siz olmusunuz. 60 il dost olduğunuz insanı bizə sizdən yaxşı kim tanıda bilər? Siz demişkən, bu insan ancaq öz- özü ilə müqayisə oluna bilər.

Bəli, Bəxtiyar müəllim özünün, sözünün cəsarətinə güvənən xalqın şairi idi. Sovet rejiminin zəncir kimi əlimizə-ayağımıza dolandığı bir vaxtda, yeri gəlsə, bu sistemin məmurlarını öz idrakının,  fəlsəfəsinin gücü ilə susdurmağı bacaran, xalqın dilində danışmağı özünə borc bilən odlu-alovlu bir şair idi.

Görkəmli alim Abbas Zamanovun qatı millətçi kimi təqib olunmasına göstəriş verildiyi bir vaxtda şairin sözünün daşdan keçdiyinə bir daha əmin olduq, bir telefon zəngi ilə öz millətinin oğlunu qorumağı rejimin zəncirində öz mənliyini itirən məmurdan tələb etdiyini gördük. Bütün bu olaylar isə şairin qətiyyətindən, cəsarətindən, qoxmazlığından xəbər verir. O böyük insan xalq təəssübkeşi olan A.Zamanovun arxasında dayanaraq, zəng etdiyi insana bildirir: “Mənim əcdadımı qırıb-çatan erməni dığalarını bədnam edib, lap əcəb edib”, – deyərək, sistem üçün səlahiyyətli nümayəndənin boynuna ağır yük qoyur və tələb edir ki, işi həll etsin. Bəxtiyar müəllim üçün insana kömək etmək, çarəsizləri sevindirmək yaşadığı ömrün qayəsi idi.

Şair dostunuz, məsləkdaşınız mənəviyyat axtaranda da yolunu sizin el-obanızdan salaraq, öz rahatlığını sizin ocaqda tapdığını yazdığı məktubların birində qeyd edir. Demək, hədsiz mənəviyyatsızlıq görən şair, varlığı sarsılaraq üşüdüyündən sizin ocağa üz tuturmuş. Çünki ona dost qapısında açılan qolların istisinə öz qəlbinin atəşi qədər əmin idi. Şair bilirdi ki, könlünü isidən bu isti ocaqda senzurasız danışacaq, ürəyindən keçənləri sizinlə bölüşəcək, mənən rahatlıq tapacaq. Bəli, bütün bunları dostluğun zirvəsi adlandırmaq olar.

Oğlunuz Azər Bəxtiyar müəllimlə bağlı xatirələrindən danışanda, körpə ikən adını şairin seçdiyini demişdi. Məncə, buna yenilməz dostluğun ən ali məqamı demək olardı. Doğrudan da, bu ad Azər Turana çox uzaqgörənliklə verilmişdi. Bu gün isə bu adın böyüklüyü göz önündədir. Əlbəttə, bunun üçün qürur hissi keçirməyə dəyər.

Bəxtiyar zəmanəsinin şairi kimi təzadlı mühiti yaradıcılığında sadələşdirərək, xalqa çatdırmağa çalışırdı. Şəxsiyyəti alçaldan hər hansı bir əməli ədalətsizlik kimi qələmə alır və onu bizim düşüncəmizə hopdurmaq üçün əlindən gələni edirdi. O, doğrudan da, müqayisəolunmaz şəxsiyyət idi. Onun yaradıcılığı okeanda üzən yelkənsiz gəmiyə bənzəyir. Cəsarəti çata bilən bu gəmiyə yan ala bilibsə, demək, Bəxtiyar yaradıcılığından bəxtinə bir töhfə düşüb. Nə gözəl ki, İmamverdi müəllim sizə bəxş olunan bu töhfəni ömür boyu yaşayaraq, onunla birgə dostcasına bölüşmüsünüz və bu gün dünyasını dəyişən, lakin yeri görünən Bəxtiyarı xatirələrdə yaşadaraq, ay işığında görünən, bənzəri olmayan sima kimi bizlərə təqdim etdiniz. Biz əminik ki, daima bu dostluq yaşayacaq və Bəxtiyar adı sizin ocağın sönməyən məşəli olacaq.

Hörmətli İmamverdi Əbilov, bu kitabı bizlərə təqdim etdiyiniz üçün, Bəxtiyar ruhu ilə döyünən o böyük ürəyiniz var olsun, – deyirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Dünyada nə varsa, gəldi-gedərdi. Dostluq isə əbədidir. Çox sağ olun. Allah sizə yar olsun! Amin.

PS: Oxucuların diqqətinə çatdırmaq istərdim ki, ədəbi mühitə təqdim edilən bu xatirələr toplusu İmamverdi Əbilov və Xalq şairi Bəxtiyar Vahabzadənin bir-birinə yazdıqları və hazırda görkəmli alimin şəxsi arxivində qoruyub-saxladığı məktublar əsasında tərtib olunub. İnanırıq ki, bizlərə Allahın lütfü ilə bəxş olunan bu töhfədən gələcək nəsillər yararlanaraq nəsillərdən-nəsillərə ötürəcəklər. İnanırıq ki, gələcək nəsillər bötük söz sahibi, filosof-şair Bəxtiyar Vahabzadə ədəbi irsinin qorunub yayılması üçün əllərindən gələni edəcəklər. Bu böyük şəxsiyyətin adı isə əsrlər keçsə də, yaddan çıxmayan klassiklərlə eyni yerdə sıralanaraq seviləcək.

 

Təranə ŞƏMS

 

525-ci qəzet.- 2013.- 12 iyul.- S.7.