Etnik
baxımdan zəngin bölgələrimiz- Quba
Azərbaycan etnik tərkibi
baxımdan da dünyanın ən zəngin ölkələrindəndir.
Ümummilli lider Heydər Əliyev də
əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm
də burada yaşayan müxtəlif xalqların sayının
çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir
müxtəlif xalqların nümayəndələri əl-ələ,
çiyin-çiyinə dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı
xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin nəticəsi bir sıra
xalqların məskunlaşmasında da özünü
göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar,
azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar. Azərbaycan
ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə
olsa da, bu etnik zənginlik çaları özünü bəzi
bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə
büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə
etnik rəng özünü daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha
kompakt şəkildə yaşayırlar.
(Əvvəli ötən
sayımızda)
Etnik
palitranı xatırladan Quba rayonunun bir sıra unikal kəndləri
haqqında keçən yazılarımızda bəhs
etmişdik. Bu dəfə isə rayonun Haput, Əlik və
Yergüc kəndlərinin əhalisindən söz
açacağıq. Bu xalqlar hamısı Şahdağ milli
etnik qrupuna aiddir, aborigen əhalidir.
Haput kəndi
Quba rayonunun Əlik kəndinin inzibati ərazi vahidində yerləşir.
Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın
qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı
kəndlərdəndir. Özlərini “hər”
adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya
şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir.
Azərbaycan
dilinin dialektlərində həm “hapıtdı” (hapıtmaq),
həm də “hər” sözü “tələsik, vaxtından
tez” mənalarında işlənir.
Mənbələrin
verdiyi məlumata əsasən XIX əsrin ortalarında
Göyçay qəzasında 736 nəfər haputlu ailəsinin
məskunlaşdığı Haputlu Məlikli, Haputlu
Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar,
Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd
kəndləri var idi.
Kənddə
məskunlaşmış əhalinin çox böyük əksəriyyəti
hazırda qışlaq və yaylaq şəraitindən istifadə
etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin
bir yarısını qışlaqda, digər
yarısını isə yaylaqda keçirməyə adət
edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini
qışlağa endirir, may ayının 1-15-i arası isə
yaylağa çıxarırlar.
Haputluların ana dili haput dilidir. Haputlular
Qafqaz mənşəli, Qafqaz xalqlarının Şahdağ
yarımqrupuna aid bir xalqdır. Əsasən Quba, Xaçmaz, Qəbələ,
İsmayıllı, Ağdaş rayonlarında və Bakı,
Sumqayıt şəhərlərində yaşayırlar.
Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun
Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində
məskunlaşıblar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz
Albaniyasının sakinləri olan herlər indiki
haputluların ulu əcdadıdır. Dindarları müsəlmandır.
XIX əsrin 80-ci illərinə aid bir sənəddə
haputluların sayı 997 nəfər göstərilib.
Qubanın digər unikal kəndlərindən
biri də Yergüc kəndidir.
Kənd əhalisi zaman-zaman buradan köçüb
başqa kənd və şəhərlərdə məskunlaşdığı
üçün hazırda bu məkanda heç kim
yaşamır. Digər Şahdağ etnoslu kəndlər kimi
Yergüc kəndi də xüsusi dilə malikdir. Yergüc dili
Xınalıq dilindən başqa bütün digər
Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir.
Lakin əksər sözlərdə ən azından bir və
ya bir neçə hərf fərqi var. Bəzən isə
söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən
fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən
bənzəmir. Bundan başqa, Yergüc dilində
Xınalıq dilindəki sözlərə bənzər
çox söz var və bu cəhət Yergüc dilini Buduq,
Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir.
Yergüc, Qrız, Haput, Əlik, Cek və buduqlular öz ana
dillərində bir-birləri çox rahat ünsiyyət
saxlaya bilirlər.
Qubanın haqqında söz
açacağımız növbəti yaşayış məntəqəsi
Əlik kəndidir. Kənddə 60-a yaxın ev var. Kəndin əsas
əhalisi olan əliklilərin ana dili əlik dilidir.X IX
yüzillikdə Əlikdə yun şal istehsalı çox
geniş yayılmışdı. Kənddə məskunlaşmış
əhalinin çox böyük əksəriyyəti
hazırda qışlaq və yaylaq şəraitindən istifadə
etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin
bir yarısını qışlaqda, digər
yarısını isə yaylaqda keçirməyə adət
edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini
qışlağa endirir, may ayının əvvəllərində
yaylağa çıxarırlar.
Adını çəkdiyimiz
Şahdağ etnik qrupunun nümayəndələrinin yaşayış
tərzi, toy və yas mərasimləri Azərbaycanın digər
əhalisinin həyat ərzindən köklü şəkildə
fərqlənmir. Lakin Şahdağ xalqlarını xarakterizə
edən əsas cəhətlərdən biri onların ailə
və məişət həyatı ilə bağlı adət-ənənələridir.
Şahdağlıların ailə tərkibi
çoxuşaqlılığı ilə səciyyələnir.
Vaxtı ilə burada böyük ailələr mövcud olub.
40-50 nəfərdən ibarət ailəyə ata
başçılıq edib, ata olmayanda isə böyük
oğul bu vəzifəni icra edib. Ümumiyyətlə,
patriarxal münasibətlər üzərində qurulan ailədə
kişi hakim mövqeyə malik olub, ailənin bütün təsərrüfatının,
keçinəcəyinin təmin edilməsinə özü rəhbərlik
edir. Qadınlara məxsus işlər ya ananın özü tərəfindən,
ya da onun rəhbərliyi altında icra edilir. Bu ailələrdə
tarixən böyüyə hörmət, ehtiram mövcuddur.
Şahdağlı ailələr öz möhkəmliyi ilə
də seçilir.
Qeyd edək ki, bu azsaylı xalqların
hamısında son illərədək ailə-kəbin
münasibətlərində endoqamiya – yəni öz
tayfasına məxsus qohumlar arasında evlənmə adəti
üstün idi. Əmioğlu ilə əmiqızının,
yaxud xalaoğlu ilə xalaqızının,
dayıqızı ilə bibioğlunun, yaxud dayıoğlu ilə
bibiqızının kəbinə girməsi burada son dövrlərədək
adi hal sayılıb. Bununla
yanaşı, bu xalqlar arasında nikahın levirat (vəfat
etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi),
sororat (arvadı vəfat etmiş kişinin öz subay
baldızı ilə evlənməsi) kimi qədim kəbin
formaları da tətbiq edilib.
Şahdağlılar
həmişə Azərbaycanın siyasi, ictimai və elmi həyatında
fəalı iştirak ediblər. Şahdağ etnik qrupundan
görkəmli alimlər, tədqiqatçılar,
tarixçilər yetişib.
***
Bütün
bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən
səxavətini və lütfünü əsirgəməyib,
yeraltı və yerüstü sərvətlərlə
yanaşı, bir ölkə ərazisində iç-içə
qaynayaraq qarışan, bir respublikanını bərabərhüquqlu
vətəndaşı kimi çiyin-çiyinə yaşayan
dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin
qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.
Sevinc MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 12 iyul.- S.6.