Etnik
baxımdan zəngin bölgələrimiz –
İsmayıllı
Azərbaycan etnik tərkibi
baxımdan da dünyanın ən zəngin ölkələrindəndir.
Ümummilli lider Heydər Əliyev də
əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm
də burada yaşayan müxtəlif xalqların sayının
çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir
müxtəlif xalqların nümayəndələri əl-ələ,
çiyin-çiyinə dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı
xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin nəticəsi bir sıra
xalqların məskunlaşmasında da özünü
göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar,
azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar. Azərbaycan
ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə
olsa da, bu etnik zənginlik çaları özünü bəzi
bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə
büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə
etnik rəng özünü daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt
şəkildə yaşayırlar.
(Əvvəli ötən
sayımızda)
Azərbaycanın
etnik baxımdan zənginliyi ilə seçilən bölgələrindən
biri də İsmayıllı rayonudur. Bu yazımızda rayonun
məşhur İvanovka kəndindən bəhs edəcəyik.
İvanovka sovet dövründən ölkədə qalan tək
kolxoz olması ilə də diqqəti çəkir. 1930-cu ildə
İvanovkada o vaxtlar hər yerdə olduğu kimi “kolxoz” qurulub
və o bu günki günə kimi öz fəaliyyətini
davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi
ilə seçilən Nikolay Vasilyeviç Nikitinin
adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi
düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə
yaxın təsərrüfat qeydə alınıb.
İvanovka
İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə,
Acınohur ön dağlığında yerləşir. Kəndin
əsası 1847 – ci ildə car hakimiyyəti dövründə
Qafqaza köçürülmüş ruslar tərəfindən
qoyulub. Kənd yaradıcısı İvan Perşinin şərəfinə
bura onun adını daşıyır.
Kənddə
ruslar, ukraynalılar, yəhudilər, tatlar, ləzgilər
yaşayırlar. Lakin İsmayıllının İvanovka kəndinin
adı çəkiləndə ilk yada düşən molokan
anlayışı olur. Çünki buradakı əhalinin
böyük əksəriyyətini məhz molokanların nəslinin
davamçıları təşkil edir. Molokanlar haqqında həmişə
mübahisəli məqamların olduğunu və
oxucularımızın marağını nəzərə
alaraq onların əslində kim olduğunu öyrənmək
məqsədilə rusdilli mənbələrdə
araşdırma apardıq. Molokanlar xristianlığın
pravoslav qolunun təriqətlərindəndir. XVIII əsrin
ikinci yarısında Rusiyada yaranıb. Onlar kilsəni və
keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə
keçirirlər. Molokan icmasına qocalar və ya seçilmiş
şəxslər başçılıq edir. Molokan – rusca
süd kimi pak sözlərlə qidalanan kəslərə
deyirlər. Bunlar Çar tərəfindən “Andı, kilsəni,
dini mərasimi və ali hakimiyyəti qəbul etməyən”
insanlar kimi sürgün ediliblər. Ortodoks – pravoslav
xristianların molokan təriqətinə sitayiş edən
rusların əcdadları XVIII əsrdə dini inanclarına
görə Həştərxana, Moloçnıye Vodı deyilən
çayın sahilinə sürgün ediliblər. Uzun illər
o çayın sahilində yaşadıqları
üçün o vaxtdan bu dini təriqəti belə
adlandırıblar. Digər versiyaya görə isə
pravoslavlardan fərqli olaraq oruc – pəhriz vaxtı sadəcə
süddən istifadə etdiklərinə görə özlərini
belə çağırırlar. Molokanlar başqa protestant
qruplarının təsirinə uymurlar və daha mötədildirlər,
yeni təriqətlərin ardıcılları ilə
müqayisədə öz təlimlərinin təbliğatına
az meyllidirlər. Molokanlar özlərinin dini təliminin yeganə
mənbəyi kimi Bibliyanı tanıyırlar. Həm də
Bibliya kəlamlarını sərbəst şəkildə
izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə
təhrif edirlər. Molokanlar, hal-hazırda, yalnız özlərinin
əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti,
kilsə qərarını qəbul etmir, yalnız
Bibliyanın göstərişlərinə əməl edirlər.
Onlar kilsədə xüsusi səlahiyyətlərə malik
şəxslərin iyerarxiyasını rədd edirlər.
Molokanların kilsələri yoxdur, onların
ehkamçılıq təlimi “Dini qaydalar” adlı kitablarda təsvir
olunur.
Molokanlar
XIX əsrin birinci yarısında çarizmin
ruslaşdırma siyasətinin bir parçası olaraq Azərbaycana
sürgün ediliblər. Onlar tez bir zamanda özlərinə
yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla
yaxın dost münasibətləri qurublar,
qaynayıb-qarışıblar.
Hazırda,
Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt,
Şamaxı, İsmayıllı, Gədəbəy və
Qubada yaşayırlar.
Son
bilgilərə əsasən, Azərbaycanda molokanların
qeydiyyata alınmış 11 dini icması fəaliyyət
göstərir. Onlardan ən böyükləri Bakıda (150
nəfərə yaxın) və Sumqayıtda (100 nəfərə
yaxın) yerləşir. Üzvlərinin sayı 10 nəfərdən
çox olmayan qalan icmalar Şamaxı, Qaradağ,
Xızı, İsmayıllı rayonlarında fəaliyyət
göstərir.
İvanovkalılar
üzümçülük, taxılçılıq və
heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və
sair kimi məhsulları daxili bazarda öz yerlərini
alıblar. Kənddə bir neçə sex, park və zavod (məsələn:
Kirəmit zavodu) fəaliyyət göstərir.
İvanovka
kolxozunun məhsulları paytaxtda da böyük rəğbətlə
qarşılanır. Bakıda yerləşən İvanovka
mağazasında bu kəndin ekoloji təmiz məhsulları
satışa çıxarılır. Paytaxtın
qarşısında uzun növbə olan və
piştaxtası dolan kimi boşalan bu mağazasından bal, tərəvəz
və süd – ağartı məhsulları əldə etmək
olar. İvanovkanın ən məşhur brendi eyniadlı
şərab, xama, günəbaxan yağıdır.
İvanovkanın
çörəyi də məşhurdur. 2 – 3 kq
ağırlığında olan kərpic formalı
çörək uzun müddət xarab olmur. Mayalı xəmirdən
bişirilən çörəyin hazırlanması da bir
neçə gün çəkir. Təbii maya ilə xəmirin
mayalanmasını uzun müddət gözləməli olurlar.
İvanovkalıların çörəklə bağlı
bir devizi var: “Xleb vsemu qolova”. Bu da təsadüfi deyil. Bərəkət
çox önəmlidir. Hər qonağı duz – çörəklə
qarşılayırlar. Böyük Vətən müharibəsindəki
aclıq – səfalət çörəyə olan hörməti
daha da artırıb. Kənddə geniş qeyd olunan bayramlardan
biri də 9 May – Qələbə Günüdür. Veteranlar
burada çox idi. İldən ilə sayları azalsa da,
sağ olanlar və onların ailələri mütləq hər
il hərbi parad kostyumlarını geyinir, medallarını taxır
və Böyük Vətən müharibəsi abidəsinin
önündə toplanırlar.
Kənddə
məhsul bayramı da keçirilir. İvanovkadakı digər
bayramların hamısı dini xarakterlidir.
Bir
faktı da qeyd edək ki, İvanovkadakı Nikitin adına
kolxozun qorunub saxlanması birbaşa ümumilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Respublikaya ikinci dəfə rəhbərlik
etdiyi dövrdə o, Nikolay Nikitini şəxsən qəbul
edib. Görüş zamanı ulu öndər 200 ildən
artıq bir müddətdə Azərbaycanın ağır və
sevincli günlərində yerli əhaliylə birgə
yaşayan, çiyin-çiyinə çalışan bu
insanların kompakt şəkildə yaşamalarının təminatı
kimi kolxozun saxlanmasını məqbul hesab eləyib.
Hazırda İvanovkaya bu diqqət və qayğı Prezident
İlham Əliyev tərəfindən davam etdirilir. Prezident dəfələrlə
İvanovkaya səfər edib.
***
Bütün bunlar göstərir ki,
Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini
və lütfünü əsirgəməyib, yeraltı və
yerüstü sərvətlərlə yanaşı, bir
ölkə ərazisində iç-içə qaynayaraq
qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı
kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş
edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək,
qorumaq hər birimizin mənəvi borcudur.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 16 iyul.- S.6.