Termal suların mənbəyi – Macarıstan

 

İki aydır ki, Azərbaycandan Macarıstana çox sərfəli qiymətə – 70-80 manata reyslər açılıb. Təbii, bu da ölkəmizdən ora turist axınının yaranmasına səbəb olub. Hər səhər sübhdən Macarıstan səfirliyinin önündə viza almaq üçün onlarla insan növbəyə dayanır. Azərbaycanlı turistlər üçün Macarıstan hansı baxımdan maraqlıdır? İngilis dilində adı hunlarla, Atilla ilə bağlı olan bu ölkənin tarixi, mədəniyyəti  haqında hansı məqamları öyrənmək olar?

“AtaTravel” şirkətinin dəstəyi ilə Azərbaycandan bir qrup jurnalistin Macarıstanın tarixi və turistik məkanlarına səfəri baş tutdu. İlk olaraq paytaxt Budapeştin gəzməli-görməli yerlərinə baxdıq. Budapeşt əvvəllər iki ayrı şəhərdən ibarət olub – Dunay vasitəsilə iki yerə bölünən şəhərdən. Düzəngah tərəfi Peşt, dağlıq hissəsi isə Buda adlanır. Sonradan bu iki hissəni birləşdirib eyni şəhər ediblər.

Şəhərdəki binaların da maraqlı arxitekturası var. Məsələn, məscidə oxşatdığın bina sinaqoq çıxır. Şəhərin  hansısa hissəsini gəzirsən, elə bilirsən Parisdəsən, Sena kənarında. Bu da təsadüfi deyil. Məşhur fransız memarı Eyfel macar qızı ilə evli olub, uzun illər Budapeştdə yaşayıb, burada bir körpü, bir neçə binalar tikib. Sən demə, Hollivud ulduzları da bu bənzərlikdən kifayət qədər uğurla istifadə edirlər. Amerikanlar Paris səhnələri olan filmlərin əksəriyyətini Budapeştdə çəkirlərmiş. Filmlərdən söz düşmüşkən, məşhur “Evita” filmi də burada çəkilib. Dünya şöhrətli Jerar Depardyenin isə Macarıstanda şəxsi üzümlük sahəsi var. Axı Macarıstan özünün şərabları ilə məşhurdur. Bu ölkəyə gələn mütləq hədiyyə olaraq çaxır və ya şərab alıb aparır. Hədiyyəlik paketlərə yığılmış acı bibər tozu da turistlərin sevimli suveniridir.

 

Dunayın 180 dərəcə döndüyü yer

 

Budapeşt yaxınlığında Dunay çayı öz yönünü 180 dərəcə dəyişərək dağın boynuna dolanır. Turistlər də Vışeqrad qalasına dırmaşıb buradan həmin  mənzərəni seyr etməyi xoşlayırlar. Sən demə bir neçə il əvvəl yapon imperatoru da Vışeqrad qalasına gəlib və Dunayı seyr edib. Məkanı o qədər çox bəyənib ki, burada gecələmək qərarına gəlib. Buradakı yeganə otelin müdiri də bir andaca məşhur və varlı insana çevrilib. Çünki yapon qaydalarına görə, imperatorun gəzdiyi yerlər müqəddəs sayılır, hər bir yapon orada olmalıdır. Beləliklə, əlahəzrətin ardınca bir çox yapon turistləri bura axışıblar, onun gecələdiyi oteldə qalıblar, eyni menyunu sifariş veriblər...

 

Sərhədi keçdiyini hiss etmək olmur

 

Macarıstanın dini mərkəzi sayılan keçmiş paytaxt Esterqom da maraqlı yerdir, ölkənin nə böyük kilsəsi burada yerləşir. Turistlər bu dini abidəni seyr etmək üçün sərhədi keçib Slovakiyaya gedirlər. Körpünü keçdinsə, artıq digər dövlətdə sayılırsan və gömrükdə heç kimə rast gəlmirsən. Burada heç bir post, silahlı insan, polis və s. yoxdur. Sadəcə körpünün başındakı bayraqdan sərhədi keçdiyini anlayırsan.

Slovakiya tərəfində küçələr daha sadə, qiymətlərisə daha ucuzluğu ilə diqqət çəkir. Eyni asanlıqla Xorvatiya tərəfə də keçmək mümkündür. Elə bizim səfər zamanı Xorvatiya Avropa İttifaqına üzv qəbul edildi. Lakin bu ölkə hələlik şengenə keçməyib. Orada olduğumuz müddətdə bu, tələsik sərhədi keçən ukraynalı və rus turistlərin geri qayıtmasında əməlli-başlı problem yaratmışdı. Yeri gəlmişkən, Macarıstanın Xorvatiya ilə sərhədində məşhur turistik məkan – Harkan şəhəri yerləşir. Bu kiçik şəhər də termal su mənbələri ilə tanınır və əhali yalnız turizm hesabına dolanır.

Macarıstan ərazisində osmanlıların 150 illik əsarətinin qalıqları görünür. Ölkənin cənubundakı Peç şəhərində həmin illərdən qalan yeganə salamat abidə – məsciddir. Amma xristianlar sonradan məscidi kilsəyə çeviriblər. Və bu səbəbdən də kilsənin üstündə ay-para ilə yanaşı xaç da qoyulub.

 

Sultan Süleymanın ürəyi burda qalıb

 

Amma türklərlə bağlı eşitdiyimiz ən maraqlı məlumat məşhur fateh Sultan Süleymanın məhz Macarıstanda dünyasını dəyişməsi ilə bağlıdır. Öləndən sonra türklər Süleymanın bədənini balzamlayıb aparıblar, ürəyi və digər daxili orqanları isə burada qızıl qabın içində haradasa basdırılıb. Hazırda türk-macar arxeoloqlar briqadası Xorvatiya sərhədindəki Zigetvar çölündə onun ürəyinin axtarışı ilə məşğuldurlar.

Budapeştdəki Mateş kilsəsi  də Sultan Süleymanın sevimli məkanı olub. 150 il ərzində burda türk hakimiyyətinin əsas iqamətgahı yerləşib. Hazırda həmin saraydakı iki şamdan İstanbul Ayasofyasında mehrabın yanında qoyulub. Bəlkə də bu səbəbdən türk turistləri çoxdur. Hətta macar satıcılar tük dilində xeyli söz danışa bilirlər, nəsə alanda mütləq cavabında “təşəkkür edirəm” deyirlər.

Turistlər üçün Macarıstanı cəlb edən əsas məqam – ölkənin bir neçə iri termal su mənbəyinin üstündə yerləşməsidir. Ötən əsrin 60-cı illərində burda neft və qaz axtarıblar, əvəzində termal su mənbələrini tapıblar. Budapeştin mərkəzini əhatə edən bu su anbarında müalicəvi su 71 dərəcə Selsidə çıxır. Bu suyu 30-35 dərəcəyədək soyudub şəhərin mərkəzi çimərliyinə – Seçen basseynlərinə verirlər. Bu iri hovuz kompleksindəki açıq və qapalı basseynlərdə istənilən kəs gündə 12 avroya termal su basseynində çimə bilər. 100 yaşı tamam olan kompleksi hər gün 4-5 min insan qəbul edir.  

Ölkədəki məşhur Balaton gölü vulkanik zəmin üzərində yerləşir. Ona görə bu məkan üzümlüklər üçün çox yararlıdır. Məhz burada alınan şərab viaqra effekti yaradır. Balatona ən gözəl mənzərə gölün Tixan adlı yarımadasından açılır. Bu yarımadanın ən dar hissəsinin eni cəmi yarım kilometrdir. 72 km uzunluğu olan Balaton gölünün ətrafında qolf meydançaları, velosiped yolları salınıb. Göldə mühərrikli nəqliyyat işlədilməsi qadağandır. Ona görə burada yalnız yaxta və vinsdserfinqlə məşğul olanlar gəlir. Balaton paytaxtında gəzərkən Azərbaycandan olan qrupa da rast gəldik.

 

Qış-yay 35 dərəcəlik müalicəvi göl

 

Macarıstanın ən populyar turist məkanlarından biri də terapevtik Heviz şəhəridir. Burada tərkibi kükürd  və rodonla zəngin olan Tüfordo gölü yerləşir. Gölün temperaturu il boyunca dəyişmir – 32-33 dərəcə olur. Bu su əsasən əzələ, onurğa, dəri problemləri olanlar üçün dərmandır. Suyun tərkibində radioaktiv maddələr olduğundan 14 yaşınadək uşaqlar gölə buraxılmır. Göldə 15 dəqiqədən bir fasilə ilə çimməyə icazə verilir. Ümumi gölə getmək istəməyənlər bu mənbədən birbaşa istifadə edən otellərə – Termal, Spirit, Europa Fit və digərlərində qala bilər. Otellərin hər birində 2 həftəlik müalicə proqramı fəaliyyət göstərir. Səfərin əvvəlində həkim insanın hansı problemi olduğunu müəyyənləşdirir və ona müalicə kursu müəyyən edir. Hər bir otelin özünəməxsus üstünlüyü var. Məsələn, Lotus otelində birbaşa Ölü dənizdən gətirilən duzlardan xüsusi otaq yaradılıb. Siqaret çəkən müştərilər burada özlərini çox yaxşı hiss edirlər, 2-3 gündən sonra ciyərlərin xeyli təmizlənir. Onurğa problemləri olanlar üçün isə Spirit otelində suda dartılma metodundan istifadə olunur.

Herviz meri Gabor Papp deyir ki, bura Budapeştdən sonra ən çox turist cəlb edən ikinci macar şəhəridir. Şəhərin cəmi 4 min əhalisi var, hamı da turizm sektorunda çalışır. Hər gün şəhərdə 30 min insan qonaq qala bilər. Burada dincələnənlərin 75 faizi xaricilərdir. Əvvəllər Heviz əsasən almanların, Avstriya və İsveçrədən gələnlərin istirahət məkanı imiş . Lakin maliyyə böhranı avropalıların imkanlarını sıxdığından, Macarıstan üzünü Rusiya, MDB ölkələri və Çinə tutub. Mer Papp burada az saylı azərbaycanlı turistlərin olduğunu deyir və gələcəkdə onların sayının artacağını ümid edir.

İmkanlı soydaşlarımız isə Budapeştdə, yaxud Hevizdə əmlak da əldə edə bilər. Şəhər mərkəzində qiymətlər Bakıdakından aşağıdır. Paytaxt kənarında 200 kv.metrlik sahəsi, bir neçə sot həyəti olan bağ evlərini 80-90 min avroya əldə etmək olar.Özü də burada bağ evlərinin tikintisi üçün çox yüksək tələblər qoyulduğundan, tamamilə infrastrukturla təmin edilib.

Sərfəli imkandan istifadə edib Macarıstanı görmək istəyən azərbaycanlılar Ledi Hamiltonun yaşadığı əsrarəngiz saraya, XIII əsrdən qalmış Şümeq qalasında əsl cəngavərlərin iştirakı ilə keçirilən döyüş-şouya, Buda tərəfdə Balıqçılar İstehkamına qalxıb parlament binasını seyr edə, digər tarixi yerlərə baş çəkə bilərlər. Bu işdə turistlərimizə Macarıstanın ən məşhur turist şirkəti “1000 doroq” yardım edə bilər. Budapeştdə olarkən böyük pivə çəlləyi qoyulmuş arabada təkərləri fırlatmaqla pivə çalxalayan, mahnı oxuyan gənclərə də rast gəlmək olar. Sən demə, Budapeşt ucuz şəhər olduğundan, Avstriyadan gənclər bura toy qabağı mərasimləri keçirməyə gəlirlər. “Qəhrəmanlar meydanı”nda isə Uraldan gələn 7 qəbilə başçısının abidəsi önündə şəkil çəkdirmədən getmək olmaz.

 

Fərəh Sabirqızı

 

525-ci qəzet.- 2013.- 16 iyul.- S.4.