Təsviri sənətimizin görkəmli tədqiqatçısı

 

Sizə zamanında milli incəsənətimizin “keşiyini” ləyaqətlə çəkmiş sənətşünaslıq elmləri doktoru, professor Nurəddin Həbibov haqqında söz açmaq istəyirik. Bu da səbəbsiz deyil. Mənalı həyatının yarım əsrdən çoxunu Azərbaycan təsviri sənətinin tədqiqinə və təbliğinə həsr etmiş Nurəddin müəllimin bu il anadan olmasının 90 ili tamam olur. Bu yazıda məqsədimiz həm də həmin tarixə əlaqədar qurumların  layiqli münasibət bildirəcəklərinə ümid bəsləməklə yanaşı,  görkəmli alimin zəngin yaradıcılıq yoluna işıq salmaqdır...

Əgər desək ki, “sənətşünas” adı  bütün dövrlərdə cəmiyyətdə  hörmətlə qarşılanıb, yəqin ki, yanılmarıq. Bu ada yönəli sonsuz diqqətin də mövcudluğu danılmazdır.  Belə ki, hamı sənətşünasdan sənətlə bağlı ən maraqlı, ən obyektiv  fikir eşidəcəyinə inamlıdır. Mahiyyətcə ədalətli olan bu fikir çoxunda rəğbət oyatsa da, insanların bir qismində onu söyləyənə qarşı qıcıq, nifrət də yarada bilər. Bəlkə elə bu səbəbdən də bu peşənin dalınca gedən, onu həyat amalı hesab edənlər barmaqla sayılan qədər olur. Onların son nəticədə cəmiyyətdə birmənalı olaraq qəbul olunanı isə lap az olur. Çünki  özündə əslində “şair, folosof və cəngavər” istedadını və təpərini birləşdirən sənətşünas-tənqidçi olmaq həqiqətən də çətindir. Tərifi deməyə nə var ki... Amma  heç kim tənqid edib “pis kişi” olmaq istəmir.  Sovet dönəmində Azərbaycanda yenicə formalaşmağa başlayan sənətşünaslıq elmində də bunu müşahidə etmək mümkün idi. Bu gün artıq dünyasını dəyişən sənətşünaslarımızın yaşlı nəslinin fəaliyyətinə qiyabi olaraq göz qoysaq, onda çoxlarının “pis kişi” olmamağa çalışmasının, “edam kötüyü”ndən qaçmasının şahidi olarıq. İmanımı yandırıb bunun məqsədli və yaxud məqsədsiz  edildiyini deyə bilməkdə bir qədər çətinlik çəkirəm. Hər halda gəldiyimiz qənaətlər açıq görünənlərə rəğməndir. Rasim Əfəndiyev və Məmmədağa Tərlanovun əsasən dekorativ-tətbiqi sənətə, Adil Qazıyev və Kərim Kərimovun qədim miniatür sənətinə, Mürsəl Nəcəfovun xarici səfərlərinin şərhinə həsr etdikləri yaradıcılıq yolu da bunu təsdiqləyir. Bununla heç də onları bu sahələrə bağlandıqlarına görə günahlandırmaq fikrində deyilik. Ancaq etiraf edək ki, yaradıcılıqları artıq tarixə qovuşmuş müxtəlif qədim və müasir sənətkarlar barəsində ən sərt fikirlərin səslənəcəyi  (heç vaxt onlar bunu da etməyiblər) qarşılığında onlara onsuz da heç kim heç bir irad tutmayacaq, cavab verməyəcəkdi. Amma bəlkə də vaxtında həmin sənətşünaslar rayon-rayon, kənd-kənd gəzib qədim bədii sənətkarlıq nümunələrini toplayanda onların inkişafının artıq “dalana” dirəndiyini, mövcud durumunun xoşagəlməz olduğunu da dilə gətirsəydilər bu gün həmin sənət sahələrinin acınacaqlı durumuna şahidlik etməzdik. Belə ki, hazırda qədim bədii sənətkarlığın məqsədli şəkildə inkişafı demək olaraq unudulub.

O vaxtlar – təhsil sonrası  Nurəddin Həbibovun artıq “inhisara” alınmış sənətşünaslıqda payına müasir təsviri sənətin tədqiqinin düşməsinin şüurlu seçim olduğunu da deməkdə bir qədər çətinlik çəkirik. Belə ki, Nurəddin müəllimin özü də köhnə mövzulara biganə deyildi. Onun 40-cı illərdə sevimli universitet müəllimi Mikayıl Rəfilinin təşəbbüsü ilə “Nizami” almanaxı üçün  “Nizami sənət və sənətkarlıq haqqında” sanballı məqalə yazması da bunu təsdiqləyir. Bununla belə, hər halda yuxarıda qeyd etdiyimiz “bölgü”nün qarşılığında Akademiyanın Memarlıq və İncəsənət İnstitutunun “tədqiqat süfrəsində” yalnız müasir mövzu qalmışdı. Başqa sözlə desək, özgə seçim də yox idi.   Ona görə də göz açıb Şeyx Cüneyd türbəsinin (XVI əsr) gözəlliyindən zövq alan “kənd uşağı”nın  ( bu abidə Nurəddin müəllim doğulduğu kənddə yerləşir) mükalimə və mübahisə  aparmasına lüzum da qalmamışdı. Onu xarakter etibarilə təvazökar və çox  təmkinli, başı aşağı insan kimi tanıdığımızdan inanırıq ki, o, zamanında tuş gəldiyi bu olayı da  “alın yazısı” kimi qəbul edib. Amma onunla davamlı ünsiyyətimizin  qarşılığında görkəmli alimin  bu seçimdən heç də narazı qalmadığına da əmin olmuşduq. Təbii ki, əsas məsələ nədən yazmaq yox, necə yazmaqdı...

Bu gün hər azərbaycanlıya  bir millət kimi qürurlanmağa  əsas verən, çoxəsrlik tarixə  və zəngin bədii ənənələrə malik milli təsviri sənətimiz çox təəssüf ki, ötən dövrlərdə arzulanan dərəcədə tədqiq olunmayıb. Sadiq bəy Əfşarın (XVI əsr) əsasını qoyduğu sənətşünaslıq elmi demək olar ki, diqqətdən kənarda qalmış,  yalnız ölkəmizin sovetləşməsindən sonra əsaslı olaraq inkişaf etdirilməyə başlamışdı. Sənətşünaslığımızın yenidən dirçəldilməsini təşkil edən ötən bir əsrdə Azərbaycan incəsənətinin öyrənilməsi və təbliği sahəsində uğurlu addımlar atılıb desək, yanılmarıq. Bu gün biz Azərbaycan təsviri sənətinin ölkəmizdə və oun hüdudlarından çox-çox uzaqlarda tanınmasında  heç şübhəsiz sənətşünaslığımızın yaşlı nəslinin nümayəndələrinə – Adil Qazıyev, Lətif Kərimov,  Kərim Kərimov, Məmmədağa Tərlanov, Natalya Miklaşevskaya, Paşa Hacıyev, Mürsəl Nəcəfov, Cəmilə Novruzova  və Rasim Əfəndiyev kimi sənətşünaslarla yanaşı həm də Nurəddin Həbibova minnətdar olmalıyıq. Onların hər biri sovet dönəmində və müstəqillik illərində rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənətin tədqiqi və təbliği istiqamətində  yaddaqalan işlər görüblər. Belə elmi araşdırmaların nəticəsində Azərbaycan təsviri sənətinin qədim tarixi öyrənilməklə yanaşı, həm də bu şərəfli mənəviyyət tariximizin yaradıcıları olan sənətkarların hər birinin milli mənəvi saxlancımızı zənginləşdirən bədii töhfələrinə elmi dəyər verilib. Bu alimlərin incəsənətimizin üzərinə məqsədli şəkildə salınmış “fars”, “Qafqaz”, “erməni” və s. xoşagəlməz damğaları aradan götürmələri onların özlərinə beynəlxalq miqyasda nüfuz bəxş etməklə yanaşı, həm də milli mənəvi dəyərlərimizin özünəməxsusluğunu təsdiqləməyə imkan verib. Təsviri sənətimizin bilavasitə XX əsr mərhələsinin tədqiqində Nurəddin Həbibovun (1923-2006) yaddaqalan rolu olub. Bu xidmətlərdən danışmazdan əvvəl gəlin onun şərəfli ömür yoluna qısa nəzər salaq...

Məlumat üçün bildirək ki, Nurəddin Davud iğlu Həbibov Qusar rayonunun Həzrə kəndində anadan olub. İkinci cahan savaşının iştirakçısı olan N.Həbibov rəssamlığa olan sonsuz sevgisinə rəğmən müharibədən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetində, 1947-1951-ci illərdə isə Sankt-Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinin “İncəsənət tarixi” şöbəsində təhsil alıb və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. O, təhsilin başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Bir il sonra səmərəli fəaliyyətinə görə onu SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul ediblər. Həmin illərdə təsviri sənətin elmi cəhətdən öyrənilməsinə marağı onu Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına gətirib çıxarır və 1953-1956-cı illərdə burada təhsil alır. O, 1958-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.  Elmi işlərini uğurla pedaqoji fəaliyyətlə əlaqələndirən Nurəddin müəllim 1984-cü ildə professor adına layiq görülüb. Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Nurəddin Həbibov burada şöbə müdiri vəzifəsinə qədər şərəfli  yol keçib.

Professor 1973-1988-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışaraq gənc kadrların hazırlanmasına xeyli əmək sərf edib. Elmi fəaliyyəti dövründə Nurəddin müəllim beş sənətşünaslıq namizədi, səkkiz aspirant və dissertantın elmi rəhbəri olub. Bundan əlavə o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eKsperti, Azərbaycan Sovet Ensiklopediyasının incəsənət redaksiyasının elmi məsləhətçisi, Azərbaycan Rəssamlar İttifaqı rəyasət Heyətinin üzvü və  “Tənqid və sənətşünaslıq” bölməsinin sədri,  Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi Şurasının üzvü kimi şərəfli vəzifələrin də layiqli daşıyıcısı olub.

Bütün həyatı boyu yaradıcılıq fəallığı nümayiş etdirməsi, mətbuat və digər kütləvi informasiya vasitələrində təsviri sənətin təbliği ilə davamlı olaraq məşğul olması  onu həmyaşıd  həmkarlarından həmişə fərqləndirib. Bir çoxları kimi o, yaradıcılıq fəaliyyətini yalnız çalışdığı elmi müəssisənin planları çərçivəsində məhdudlaşdırmayıb. Sənətşünasın təsviri sənətin ayrı-ayrı  sahələrində çalışan müxtəlif yaşlı sənət adamları haqqında yazdığı məqalələr də bunu təsdiqləyir. Nurəddin müəllimin respublikamızda və bir sıra xarici ölkələrdə keçirilən elmi-praktiki konfranslarda incəsənətimizi şərəflə təmsil etməsi də onun mənalı ömrünün yaddaqalan səhifələrini təşkil edir...

Bu il 90 illiyi tamam olan görkəmli sənətşünasın dünyasını dəyişməsindən 7 il keçib. Torpağın üzünün soyuqluğu, ötən bu zaman kəsiyi qarşılığında belə o, yaddan çıxmayıb. Heç şübhəsiz, bunu onun yaxınlarının, dostlarının, həmkarlarının yaddaşında iz buraxmış işıqlı əməlləri, yaşayıb-yaratdığı illərdə varlığını qabartmağa çalışmaması, səbr və vicdanla öz peşəsinə xidmət etməsi şərtləndirib. Onun yarım əsrdən çox bir dövrü əhatə edən yaradıcılığı, insan və sənətşünas kimi yaşadığı ömür yolu  bütün mənalarda taleyin bu çətin və maraqlı peşəyə bağlayanlara nümunə ola bilər.

Onun tez-tez rəssam və heykəltəraşların emalatxanalarına üz tutması və hər dəfə bu təması  oxunaqlı məqalələrlə ictimailəşdirməklə insanları yaradıcı şəxslərin özünəməxsus dünyası ilə tanış etməsi, ali məktəb auditoriyalarında yetişməkdə olan yeni nəslə dünya və milli incəsənətimizlə bağlı yaddaqalan məruzələri, sənət olayları, sərgilərlə bağlı müzakirələrdə obyektiv fikirləri ilə həmkarları arasında seçilməsi və daha neçə-neçə insani və alim məziyyəti ilə bizi hər yerdə onu axtarmağa “məcbur” edirdi. Əgər  onun da yaradıcılıq taleyinə 40 illik sərt ideologiyalı bir zaman düşdüyünü nəzərə alsaq, demək lazımdır ki, bir alim kimi sənətkarlarımızın “sosialist realizmi” bədii prinsipi çərçivəsinə sığışmayan axtarışlarına dəstək vermək, təbliğ etmək onun üçün də çox çətin idi. Ancaq onun rəngkarlığımızın təşəkkülünü əhatə edən tədqiqatlarında, xüsusilə də görkəmli fırça ustaları Mikayıl Abdullayev, Asəf Cəfərov, Səttar Bəhlulzadə, Nadir Əbdürrəhmanov, Vəcihə Səmədova, Qəzənfər Xalıqov, Əşrəf Murad oğlu və başqalarına həsr etdiyi monoqrafiya, kitab və kataloqlarda öz yaradıcılığında ənənə ilə müasirliyi birləşdirən, yeniliyə, eksperimentlərə can atan sənətkarların axtarışlarına dəqiq və cəsarətli münasibət, dəstək hiss olunur. Onun Salam Salamzadə, Tağı Tağıyev, Böyükağa Mirzəzadə, Baba Əliyev, Rüstəm Mustafayev, Tahir Salahov, Sadıq Şərifzadə, Həsən Haqverdiyev  və s. rəssamlar haqqında yerli və xarici ölkələrdə çap olunmuş məqalələri də sənətşünaslıq elmimizə böyük töhfədir. Nurəddin Həbibovun davamlı tədqiqatlarında XX əsr Azərbaycan təsviri sənətinin, onun aparıcı sahəsi sayılan rəngkarlığın tarixi inkişaf yolu əhatəli elmi əksini tapıb. Bu baxımdan onun “Sovet Azərbaycanının incəsənəti” (1960), “Azərbaycan sovet rəssamlığı” (1966), “Azərbaycan SSR-in təsviri sənəti” (1978), “Sovet Azərbaycanının rəngkarlığı” (1983) kitabları xüsusilə diqqətə layiqdir.  Milli təsviri sənətimizin tarixini öyrənməyi ilə yanaşı, o,  həm də dünya incəsənətinin təbliğində fəal iştirak edirdi. Onun “Rəssamlıqdan söhbət”, “Bədii zövq haqqında”, “Təsviri sənət haqqında”, “Mikelancelo” və s. kitabları bu sahədəki boşluğu dolduran sanballı əsərlərdir.

...Elə insanlar var ki, sağlığında ölməzlik qazanır, öləndən sonra yaşamaq hüququ. Bunu heç şübhəsiz həmin adamların sağlıqlarında gördükləri işıqlı əməlləri şərtləndirir. Qənaətimizcə professor Nurəddin Həbibov da belə insanlardandır. Odur ki, bütün şərəfli ömrünü milli təsviri sənətimizin tədqiqinə və təbliğinə həsr edən Nurəddin Həbibovun bundan sonra da zaman-zaman xatırlanacağına inamlıyıq. Buna ilk növbədə onun bizə yadigar qoyub getdiyi zəngin elmi irsi əsas verir...

 

Ziyadxan ƏLİYEV

 

525-ci qəzet.- 2013.- 6 iyul.- S.29.