Xalq həqiqətinin yazarı

 

MÖVLUD SÜLEYMANLININ “AND OLSUN ƏSRƏ...” KİTABI HAQQINDA

 

“And olsun əsrə...” – Mövlud Süleymanlı yenə də oxucularını heyrətləndirməkdə davam edir. Bu yaxınlarda AYB-nin “Natəvan” zalında xalq yazıçısı, müasir nəsrimizin ən orijinal nümayəndələrindən biri olan Mövlud Süleymanlının yubileyinə yığışmışdıq. Yazıçının həyat və fəaliyyəti, istedadlı qələmi, təkrarsız üslubu, prinsipial mövqeyi barədə xeyli gözəl çıxışlar oldu. Ötən əsrin kontekstində yaradıcılığına qiymətlər verildi, sovet dönəminin ağır ideoloji mühitində gördüyü işlərdən danışdıq. Amma ən böyük sürpriz o oldu ki, yazıçı 70 illiyinə əliboş gəlməmişdi, təzə kitablarını gətirmişdi. Həmin kitablardan birinin adıdır bu: “And olsun əsrə...” (Bakı, “Elm və təhsil”, 2012) və kitaba Mövludun lap son zamanlarda qələmə aldığı, bəzisini hətta hələ oxumadığımız əsərləri daxil edilmişdir: “Erməni adındakı hərflər” (2005-2006), “Teymurlar” (2009-2010), “Yer üzünə məktub”... Belə ki, yazıçı həqiqətən də oxucularını heyrətləndirməkdə davam edir.

Qəribəlik adlardan başlayır və oxucu diqqətini çəkərək, getdikcə onu daha dərinlərə – mənalar dünyasına aparır. “And olsun əsrə...” – kitabın adındakı bu vurğu “Erməni adındakı hərflər” romanına verilmiş epiqrafda davamını tapır: “...o əsrə ki, yer üzünə insanı göndərdim..” (“Quran-i Kərim, 103-cü surə”). Və sonra biz romanda və ümumən də kitabda müqəddəs kitabdan alınmış bu mənanın çeşidli bədii təfsir və yozumlarına, real-gerçək mənzərələrinə şahid oluruq. Olduqca aktual bir mövzuya həsr olunmuş romanın özünün də adı qəribə səslənir: “Erməni adındakı hərflər”. Roman haqqında ilk yazanlardan biri kimi (bax: Tənqid.net jurnalı, 5, 2008) deyə bilərəm: ad nə qədər təzadlı görünsə də, əslində, effektlidir. Oxucunu maraqlandırıb, 1980-ci illər boyu başverən, ən sonda türkün öz vətənindən deportasiyası ilə nəticələnən hadisələrə cəlb edə bilir, onu Qarabağ bəhanəsi ilə başlanmış proseslərin kökünə, mahiyyətinə, əsl həqiqətlərə doğru aparır.

“Erməni adındakı hərflər” ədəbi ictimaiyyətin də diqqətini çəkdi, haqqında tənqidçilər yazdı. Hətta roman bəzi ədəbi dairələrdə müzakirə və tənqid də olundu. Və ilk resenzenti kimi bir şeyi deyə bilərəm ki, bu əks-səda da göstərdi: roman uğurludur, ən azı ona görə ki, ağrılı problemlər qaldırmış, bu barədə düşündürə, mübahisələrə səbəb ola bilmişdir. Hətta romanın “dərslik həqiqəti” kimi önəmini vurğulayanlar da oldu (T.Əlişanoğlu, “Gecikmiş səsin macərası”). Xalq şairi Zəlimxan Yaqub isə bu nəşrə ön sözü kimi verilmiş məqaləsini eləcə “Dərslik kitabı” adlandırmışdır: “... sən elə bir dərslik kitabı yazmısan ki, onu min sayla yox, yüz min sayla nəşr eləmək, bütün dünyaya yaymaq, dünyanın aparıcı dillərinə tərcümə eləmək, ali məktəblərdə tədris eləmək lazımdı. Qoy dünya görsün ki, gecikən etiraflarımız, ağır günahlarımız, buraxılan səhvlərimiz bizə nələrə başa gəlib. Qoy dünya oxusun ki, “Erməni adındakı hərflər” əsərinin müəllifi əsərin heç bir yerində erməni xalqını söymür, onları təhqir eləmir, alçaltmır. Ən yüksək ziyalı mədəniyyəti ilə erməni xislətinin mahiyyətini açıb göstərir ki, bu da mənim xalqımın yüksək mədəniyyətinin dəqiq göstəricisidir”.

Qeyd etdiyim kimi, hələ jurnal nəşrindən (“Azərbaycan” jurnalı, 2007, 8,9) sonra romanın geniş təhlilini verməyə çalışmışam. Ümumi kitab kontekstində bəzi məqamları bir daha qabartmağı lazım bilirəm. Əvvəla, roman çox uğurludur, ilk öncə ona görə ki, hadisələrə yaxından bələd, yaxın tarixin gerçəklərini içdən bilən, onu yaşamış, indi Ermənistan adlansa da əslində qədim Azərbaycan torpaqlarının şahidliyini edən insanların gözü ilə qələmə alınmışdır. Digər tərəfdən, “Erməni adındakı hərflər” Mövlud Süleymanılının öz yaradıcılığında hadisədir, müstəqillik illərində özünü tamlıqda ifadə etdiyi bir romandır. Ən nəhayət, roman göstərdi ki, M.Süleymanlının bədii dünyası bir tamdır, mövzular, süjetlər, hadisələr dəyişsə də yazıçının dəst-xətti dəyişmir, gerçəklərə münasibəti vahid bir üslub daxilində realizə olunur. Bu cəhəti roman haqqında yazanlar da sezmişlər. Çünki zaman konteksində yazıçının toxunduğu məsələlər nə qədər dəyişsə də, milli türklük ruhu, mənəviyyatı, xarakteri, türkün tarixi taleyi hər bir əsərinin əsas qayəsidir.

“Erməni adındakı hərflər”də də belədir. Romanın qayəsi aşkar milliyyətçilik, türkçülükdür və əgər uğuru təmin edən birinci məqam M.Süleymanlının peşəkar qələmidirsə, çəkinmədən demək olar ki, ikinci amil məhz bu – ideoloji mündəricədir. Yazıçı qayəni gerçəkləşdirən uğurlu bir roman konstruksiyası qura bilib. Roman, qəhrəmanı – İmirxanlı adlı saf milli ruhlu tarixçi-jurnalistin 1970-ci illərdən – tələbəliyindən bu yana həyatı, düşüncələri, əməl və qənaətləri zəminində müstəviləşərək, ardıcıl təhkiyə planında qarşıya çıxan ayrı-ayrı hadisələri, epizodları, çoxsaylı surətləri də öz ətrafında toplayır. Əslində, roman hadisələrinin geniş zaman səpələnməsinin arxasında – yenə də tarixçi-jurnalistin əvvəldən irəli sürdüyü millət konsepsiyası durur və mətndə ən müxtəlif səviyyələrdə realizəsini tapır.

Azərbaycan Dövlət Universitetinin tələbəsi, “Sayanın yiyəsiz oğlu” İmirxanlı kənd camaatına Vətən torpaqlarının (qədim Azərbaycan, hazırkı Ermənistan) etimolojisindən danışır, xalq və millət konsepsiyasını şərh edir, erməni xislətindən, türk təbiətindən söyləyir. Qarakəlləoğlunun yadına 30-cu illərdə kənddə tapılmış nə erməni, nə gürcü dilində, qədim türk əlifbasında olan qədim abidənin dağıdılması düşür– 1970-ci illərdir; səs yayılmamış İmirxanlını Gürcüstandan Bakıya adladırlar. Bir də Vətənə 1970-ci illərin axırında, anası xəstə ikən, gizlicə dəyə bilir; ta ki, qəhrəmanın əvvəlcədən gördüyü “yuxular” çin olur – 1988-ci ilin yaz aylarında erməni düşmənçiliyi açıq-aşkar başlayır.

Fabula etibarilə hadisələr iki müstəvidə davam edir: bir yandan oxucu bilavasitə Ermənistan adlanan türk torpaqlarında gün-gündən tüğyan edib, 1988-ci ilə gətirən real hadisələrlə tanış olur. Digər tərəfdən isə əsas qəhrəmanın ömür epizodları: universitet kürsüsündən millətçi çıxışı (“Auditoriya azadlığı”), KQB tərəfindən saxlanması və Balacahunlunun səyi ilə azad olunması (“Badam ağacının kölgəsindəki akademik”), “Taksi sürücüsü Ağacan”la məişət səviyyəsində millət davası, 1980-ci illərdə ermənilərin Azərbaycanın da daş-qayalarını erməni əlifbası ilə bəzəməzi (“Əl tarixi”), erməni qızı Seda ilə macəraların aqibəti (“Yer dəyişmə”)... erməniyə işləyən dönük zəmanənin kontekstində təqdim olunur (“Siranuş Sumikyanın gecələri”,“Atın gülməyi”, “Yağ oğurluğu”): “...ermənilər bir xalq kimi heç nə yaratmayıblar. Xalqların yaratdıqlarısa bəşəriyyətin proqramıdı, bu proqramda ermənilər yoxdu, yalanları var...”

Beləliklə, romanın konflikti lokal hadisələr zəminindən çıxıb, qlobal – millət savaşı şəklini alır. Əgər bir yandan konflikt hələ 1970-ci illərdən milli duyğularla yaşayan tələbə İmirxanlının müəllimi, sovet tarixçisi Balacahunlu ilə qadağalı elmi mübahisələrində reallıq tapırsa, ümumilikdə metastaz verərək bütünlükdə roman mətnində çoxşaxəli ziddiyyətlərə ayna tutur: dəriyığan Aped və Aşıq Ayvaz, türk Qarakəlləoğlu və erməni Ulubabyan, Siranuş Sumikyan və Aişə, Uğurlu və Şaliko, Dəmir kişi və yağ orusu şlyapalı erməni, İmirxanlı və Seda... və s. və s. paralellər məhz erməni-türk tərs-mütənasüblüyünü görükdürmək üçündür. Çoxlu məişət epizodlarından keçənsovet xalqlar dostluğu siyasəti məhz erməni fitnəkarlığına dəyib, bətnindəki qlobal ziddiyyətləri, millətlərarasıdüşmənçiliyi üzə çıxarır: “-Deyin, deyin, türklərə ölüm... deyin! Dedilər, deyə-deyə elə bu fikrə də böyüdülər...”

Romanda erməni xisləti çox parlaq verilib. Ermənilərin hələ 1930-cu illərdən akademik Acaryanları var ki, nəinki Balacahunluları xof altına alır, eləcə türklə mübarizənin bütöv bir proqramını hazırlayır: romanda bu, 1970-ci illərdən erməni lideri, rəmzi akademikləri Ulubabyanın simasında gerçəkləşdirilir: “Müsəlmançılıqda güclü olmaq, türkçülükdə güclü olmaq deyil. Bizim düşmənimiz türkdü, müsəlmanın düşmən olmağısa başqa söhbətdi...” Maraqlıdır ki, romanda xarakterlərin işlənməsi də İmirxanlının xalq-millət konsepsiyasına tam müvafiqdir; erməni surətlərinin hər biri ayrıca, bir ayrı cür məkrlidirsə, türklər sanki bir-birinin davamı və oxşarı olaraq, təbiətən saf, eynidirlər. Xüsusən, Akademik Ulubabyan türkə düşmən ruhunda bəslənən bütün ermənilərdən daha məkrli, daha qurnazdır. Çünki o, həqiqəti bilir və etiraf edir.. Bilir ki, ermənilərin türk dilində danışması, türk adlarını daşıması, türk yeməklərini, türk musiqisini sevməsi təsadüf deyil; türkəçarə Aişə kimi, Qarakəlləoğlunun papağı canlı quzuya çevirməsi də onu həqiqi heyrətə gətirir (“Telək oyunu, yaxud papağın quzu olması”), Ulubabyan bilir ki, türk xalqı güclü təbiət hadisəsidir.

Yazıçı hər yerdə milli erməni fitnəkarlığına qarşı türk xalqının yenilməzliyi həqiqətini qoyur. Romandakı Azərbaycan-türk xalqını təmsil edən surətlər – Qarakəlləoğlu, Dəmir kişi, Arıq, Aşıq Ayvaz, medallı kişi, Uğurlu, Saya arvad, türkəçarə Aişə, Şallı... olduqca natural cizgilərlə təsvir olunur; sanki saflıqda, düzlükdə, sadəlövhlükdə yarışa girmişlər, eyni qədər də yurdsevər, zəhmətkeşdirlər, təbiətlə o qədər doğmalaşmışlar ki, ayrılmaz olmuşlar; kirvələrinə qonşuluqda mehriban və doğma yanaşırlar, çünki özünə, gücünə arxayındırlar. Bu baxımdan romanda erməni düşmənçiliyi sanki bir bəla, türkün həyatında sınaq-imtahan kimi qiymətləndirilir.

Kitabın redaktoru, filologiya elmləri doktoru Xatirə Bəşirli məxsusi olaraq vurğulayır: “Bütün məsuliyyətimlə deyim ki, M.Süleymanlının “And olsun əsrə” adlı yeni kitabı bütün türk dünyasının mahiyyətini, yaşamını, əxlaqını, mədəniyyətini təbiətdən heç vəchlə seçilməyən, qopa bilməyən, ayrılmayan həyat tərzinin ifadəsidir və müəyyən mənalarda hətta yer üzünə düzən verə bilmiş, öz harmoniyasını yaratmış bir xalqın Tarixidir”. Bu mənada “Teymurlar” povestini də “Erməni adındakı hərflər”in davamı kimi, daha doğrusu, ikincini birincinin ardı, yəni həmən harmoniyanın pozulduğu məqamın əsərləri kimi oxumaq olar. Amma romanda səbəblər daha çox xarici təzyiqdə, erməni xəyanətində axtarılırdısa, “Teymurlar” povestində yazıçı diqqətini başlıca olaraq daxili amillərdə cəmləyir. Əsrlər boyu öz təbii həyatımızı sürdürdüyümüz halda, bugün, XXI əsrdə niyə biz bu daxili ritmdən çıxır, getdikcə qloballaşan dünyanın yeni nizamında yerimizi tapa bilmirik? Əsərin düşüncə qatında müəllif məhz bu problemi izləyir, özünəxas yazıçı üslubuyla oxucuya cavablar tapmaqda yardımçı olur.

Həmişə olduğu kimi, yazıçı təbii harmoniyanın pozulduğu nöqtəni elə təbiət hadisələrinin özünün köməkliyi ilə təyin etmək yolu tutur. Məsələn, “Səs” və “Günah duası” romanlarında bu – ümumdünya nizamının, ahəngdarlığın Səsi idisə, povestdə məhək daşı – Sudur. Hər şeyi, o cümlədən insan ruhu, ovqatı, xasiyyətini də suyun arı-duruluğuna tutub halın söyləmək olar. Povestdə Teymurlardan biri – bioloqdur və bunu da əsərin baş qəhrəmanı, müəllif-təhkiyəçi surətinə də o təklif edir. Doğrudan da, qanı-qaralığın rəngi təcrübədən keçirilən iki stəkan sudan birində aşkar görünür: “... üstünə qışqırdığın su əsəb rəngində buz bağlayacaq, göm-göy, düyün-düyün”...

Qanı qaraçılığa isə əsrimizdə kifayət qədər yer var, xüsusən də türkün, Azərbaycan türkünün həyatında. Ümumi insan problematikasını türkün həyatı və taleyində izləmək üçün M.Süleymanlı başqa bir rəmziliyə müraciət edir. Qəhrəmanı əhatə edən, düşündürən, ona yaxın insanlar – Teymurlardır, bir növ vaxtilə dünyanı fəth etmiş Teymurun nəsli, törəmələri. Yazıçı türkün daxili təmizliyi ilə xarici mühiti arasındakı konflikti ifadə edən maraqlı bir süjet qurur. Birinci şəxsin dilindən təhkiyə olunan əsərdə təhkiyəçi-qəhrəman qəfil telefon zəngindən ağır bir xəbər alır: “Telefonu götürən kimi tanımadığım qurumuş, yəni sıxılıb cırlaşmış qadın səsi: – Teymurun cənazəsini gətirirlər, dedi, hönkürdü... – Rusiyadan..!”

Və təhkiyəçi-qəhrəmanın gümanının getdiyi Teymurların fonunda müxtəlif insan taleləri, həyat keşməkeşləri ilə tanış oluruq: bioloq Teymur, rəssam Teymur, şahmatçı Teymur... Məgər bütün faciələr elə Teymurların başına gəlmirmi?! Əsas faciə isə lap yaxında, əsrlərdən bəri davam edib gələn daxili faciəmizdir. Qəfil ölüm xəbəri gələn, demə, bacıoğlu Teymurmuş, o Teymur ki, gənc nəsli, bugünümüzü təmsil edir. Əsr düşüncəsi ilə düşünür, geridə qalmış adətlərə, sevgisiz həyata nifrət edir, özü kimi, zamanı kimi müstəqil olmaq istəyir. Bu Teymurun yetişməsində dayının özünü də günahkar bilirlər, sadəcə ona görə ki, bacıoğunu anlayır, duyğularına, fikirlərinə, həyat tərzinə hörmətlə, anlaşıqlı yanaşır. Gənc Teymurun Gevorqun qızı Susannaya sevgisi Əsli-Kərəm sevgisidir və məhz bizim əsrin ziddiyyətlərini təmsil edir. Faciə isə onunla bitir ki, Teymur özündən sonra daha iki Teymur qoyub gedir. Biri ailəsinin evləndirdiyi qızdan, birisi isə Rusiyaya qaçıb Susanna ilə izdivacdan dünyaya gələn Teymurlar.

Kitaba daxil olan üçüncü əsər “Yer üzünə məktub”dur. Adından da, ideya-məzmunundan da bəlli olur ki, bu – yazıçının bütün ömrü boyu yazdığı əsərdir. Heç təsadüfi deyil ki, digərlərindən fərqli olaraq bu əsərin yazılma tarixi sonda göstərilməmişdir.Xatirə Bəşirli haqlıdır: “əslində kitabda gedən 3 yazı: məktub, roman, povestin – janrı müxtəlif olsa da, mahiyyət, müəllif qayəsi, müəllif mətləbi baxımından birdir. Yazılar bir-birindən doğandır, biri digərinin davamı kimidir...”. Və mən deyərdim, kitabın sonunda yerləşdirilsə də, bu sırada “Yer üzünə məktub” birincidir, kitabın qayəsini qabarıq, birbaşa, ən dolğun ifadə edir.

M.Süleymanlının öz fikri də belədir, “tarixi-fəlsəfi-etnoqrafik yaşantılar” deyə janr verdiyi bu əsər haqqında deyir: “... Amma səmimi olaraq deyim ki, əsl ziyalı, daha doğrusu, tarixin sınaqlarından çıxıb millət kimi ayağa qalxan Xalq birinci bu düşüncələri yazıb ortaya qoymalıdır, əksər millətlər belə də edirlər...” Yazıçının Azərbaycan türkləri, Xalq, el-oba yaddaşı, mənəviyyatı, xarakteri, tarixi barəsində fəlsəfi düşüncələri, etnoqrafik bilikləri son dərəcə orijinaldır və bunu olduqca maraqlı tərzdə, çoxçeşidli və vahid kompozisiya çərçivəsində təqdim edə bilir. Onu da qeyd etmək lazımdır ki, bu təqdimat M.Süleymanlının həmçinin digər əsərlərdə bədii şəkildə gerçəkləşdirdiyi Xalq-millət konsepsiyasına tam müvafiqdir.

Xalqın tarixini yazılı sənədlərdən də əvvəl el-oba yaddaşında, sözə çevrilmiş, bədiiləşmiş nümunələrdə axtaran yazıçı məhz bu xəzinəyə üz tutur, ən qədimlərdən, ibtidai inanclardan bugün onun dərkinə qədər böyük bir həqiqəti ümumiləşdirməyə çalışır. Çünki M.Süleymanlıya görə, Millət məhz həmin xalq yaddaşı, xalqın özünü, öz təbiətini dərki üzərində gəlir, formalaşır. “Yer üzünə məktub” xalqın ulu və qədim həyat fəlsəfəsi – bu gün də Novruz mərasimlərində yaşayan, dörd ünsür – dörd çərşənbənin qanunauyğun nizamından başlayır, xalq arasında gəzib-dolaşan rəvayətlər, əfsanələr, məsəllər, nağıllar, tapmacalar, deyimlər, bayatılar, nəğmələr, dədələr sözü, adətlər, saz havaları, həkətlər-hekayətlər, uşaq fokloru, oyunlar, öyüdlər-nəsihətlər və s. söz yaddaşından keçib, bu barədə yazıçı düşüncələri, yozumları, oçerk və bədii nümunələrdə, ssenari və yazılarda tarixə, bugünə çevrilir...

Bu sırada ən maraqlı epizodlardan biri də bilavasitə yazıçının həyatından olan memuar-xatirə parçalarıdır. “Qırx ilin yeddi görüşü” oçerkində M.Süleymanlı dahi –xalq münasibətlərindən Azərbaycan xalqının yetirdiyi nəhəng tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin timsalında söz açır. “Xalq-kütlə hələ millət deyil... xalqın özünün yetirdiyi dahilər xalqın millət olması üçün özlərindən asılı olmadan fəaliyyətdə bulunurlar; çalışırlar, döyüşürlər, işgəncələrə, əzablara dözürlər və xalq onların fəaliyyəti nəticəsində özünü dərk edir... Əslində bu proses bir tarixi şəxsiyyətin adıyla bağlı olur ki, Azərbaycan xalqı da Heydər Əliyevin rəhbərliyi dövründə bu tarixi şəraiti – prosesi yaşadı və yaşamaqdadır. Bu dövr həm də Heydər Əliyevin dahiyanə siyasi yaradıcılıq tarixinə çevrildi”. Və yazıçı bilavasitə gördüyü-şahidi olduğu bu mənzərələrdən danışmaqla yanaşı, hələ gənclik fəaliyyətindən başlayaraq həyatını xilas etmiş, xalq-vətən yolunda daha səmərəli çalışmağa onu sövq etmiş bu dahi milliyyətçi insan barəsində isti xatirələrini də oxucu ilə bölüşür. Bu elə bir məqamdır ki, həmin illəri yaşamış hər bir yazıçı buna şahidlik edə bilər və edir.

“Yer üzünə məktub”da Azərbaycan xalqının dolğun etnoqrafik portreti əksini tapmışdır və bu mənada məktubu həm də bir xalqın yer üzünə ismarıcı, mesajı kimi də oxumaq olar: “Bu xalq Yaranışın həmişə hərəkətdə olduğunu bilir və özünü də bu hərəkətin-getməyin-ritmin-döyüntünün bir hissəsi, bir vintciyi hesab edir, bu anlayışla da işini görür... Həmişə də belə oub, minilliklər boyu belə yaşamağı bacarıb. Ona görə də yer üzünün quzeyində yaşayan türklə güneyində yaşayan türkün yaşam tərzində o qədər fərq yoxdur, çünki onları birləşdirən danışdığı dildən, tapındığı, ibadət etdiyi dindən başqa arada daha əsas olan TƏBİƏT- təbiətin qanunları dayanır, dindən öncə özünü təbii qanunlarla idarə etməyi bacarıb... ” Və qətiyyətlə demək olar: Mövlud Süleymanlının “Yer üzünə məktub”u həmin həqiqəti daha yaxından dərk etmək üçün bir vəsilə, parlaq örnəkdir.

Həm əsərlərindən daim dərs aldığım, öyrəndiyim bir yazıçı kimi, həm də M.Süleymanlı yaradıcılığının tədqiqatçısı kimi 70 yaşlı yazıçının növbəti uğuruna sevinir, oxucuların da “And olsun əsrə... ” kitabını həvəslə mütaliə edib, and yerimiz olan məsələlər üzərində dərindən düşünəcəklərinə inanıram. Mövlud Süleymanlı o yazarlardandır ki, xalqın keçmişini yaşadır, bugününü ifadə edir, gələcəyini yazır.

 

Səyyad Aran

 

525-ci qəzet.- 2013.- 6 iyul.- S.24-25.