Etnik baxımdan zəngin bölgələrimiz- Quba

 

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Etnik cəhətdən rəngarəng palitranı xatırladan Quba rayonunun nadir etnosların yaşadığı unikal kəndləri barəsində oxucularımıza məlumat verəcəyimizi keçən yazımızda qeyd etmişdik.

Yazımızın budəfəki mövzusu Qubanın Xınalıq kəndi ilə bağlı olacaq.  Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Quba rayonuna məxsusdur.

Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından olub Şahdağ milli etnik qrupuna daxil olan unikal xalqın məskunlaşdığı yaşayış məntəqəsidir. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə) 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış bölgəsidir. Kiçik, lakin çox ecazkar olan Xınalıq kəndini Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatr kimi səciyyələndirirlər.

Xınalıq kəndinin əhalisinin sayı təxminən 2000 nəfərə yaxındır.  Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf edib. Son illərdə turizm inkişaf etməkdədir.

“Xınalıq” sözü oykonimdir. Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənir. Tədqiqatçıların fikrincə, oykonim “xeni” sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən “-lıq” şəkilçisindən düzəlib, “Xenidən olanlar, xenililər” mənasındadır. Qədimdən indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini “Kətş xalqı” (“Kədid” və ya “kədtid”), öz kəndlərini isə “Kətiş” adlandırırlar. Bu da çoxlu sayda “kətid”lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası “müqəddəs” deməkdir.

Xınalıq barəsində əldə olan tarixi tədqiqatlar sayca çox azdır. Tarixçilərin ilkin araşdırmalarına əsaslansaq, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar.

Xınalıq kəndinin əsas və aborigen sakinləri olan xınalıqlılar Qafqazda minilliklərlə yaşayıb, öz dilini, adət-ənənələrini qoruyub bu günümüzə qədər saxlayıb. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməyib.

Xınalıqlılar islam dinindən qabaq bütpərəst olublar. Hazırda xınalıqlılar İslam dininin sünni təriqətinə mənsubdurlar. Lakin onların məişətlərində dinə qədərki təbiətlə bağlı inanclar hələ də qalmaqdadır. Məsələn, xınalıqlılar arasında odla fala baxma ənənəsi bu gün də yaşayır. Digər tərəfdən, Xınalıq kəndindən 4-5 kilometr qərbdə təbii yanar qaz çıxan, gecə-gündüz yanan bir yer var ki, bura əhali tərəfindən “Atəşgah” adlandırılır. Bu ziyarətgaha əsasən, xınalıqlıların atəşpərəst olduğunu qeyd edirlər. Mənbələrin verdiyi məlumata görə, Azərbaycana ticarət və ibadət məqsədləri ilə gələn hind atəşpərəstləri təkcə Abşeronda deyil, eləcə də Xınalıq ərazisindəki həmin “Atəşgah”da öz od allahlarına sitayiş edirmişlər. Xınalıqda islam dini VIII-IX əsrlərdə Əbu Müslim tərəfindən təbliğ olunmağa başlanıb. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilib. Camaat bu məscidi “Əbu Müslim məscidi” adlandırır. Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyətini davam etdirir. Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri də pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur.

Xınalıqlılar özləri-özlərinə “kətdid” deyirlər ki, bu sözün mənası “özümüzünkülər” deməkdir. Xınalıq dilinin əsas daşıyıcıları da Xınalıq kəndinin özündə yaşayan xınalıqlılardır. Onların ümumi sayı 30 minə qədərdir. Onlardan təxminən 5 min nəfəri təmiz Xınalıq dilində danışır. Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dilə sahibdir. Bu dili xınalıqlılar Kətiş dili adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Dağıstan dil ailəsinə, digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dilin Qafqaz-Şahdağ dil qrupuna aid olması fikrini irəli sürürlər. Lakin bütün mütəxəssislər həmrəydir ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir.

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yeganə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir. Bu dildə ismin 18 halı vardır. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, “gedir” sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Xınalıq həm də uzunömürlülər məskəni kimi tanınır. Bulaq suyu, dağ havası Xınalığı uzunömürlülər diyarına çevirib.  Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş “Əfsanələr diyarı” adlı məqaləsində onların bəzilərinin adlarını çəkir: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və onlarca başqaları... Həmin mənbədə daha sonra göstərilir ki, yaşları 90-nı keçib 100-ü haqlayanları isə sayı daha çoxdur.

Xınalıq kəndi 2007-ci ildən Dünya Abidələr Fondunun nəzarət edilən abidələr siyahısındadır. Həmin siyahıda dünyada ən çox təhlükə altında olan 100 abidə yer alıb.

 

***

 

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyinə-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

 

(ardı var)

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 6 iyul.- S.22.