Zaman bu şairi yetirməliydi

 

Peyğəmbərlərdən sonra şairlərin Allaha yaxın hesab olunduqları haqqında müəyyən mülahizələr mövcuddur. Allaha yaxınlığı ilə seçilən şairlərdən birinin də Zəlimxan Yaqubun olmasını söyləsək, səhv etmərik. Çünki şair Allah tərəfindən onun çiyinlərinə qoyulmuş ağır yükü şərəflə daşıyır, xalqına, Vətəninə sədaqətlə xidmət edir, həmişə də əqidəsinə, amalına sadiq qalır. Məhz, bu məziyyətlərinə görə də o, xalqın qəlbinə yol taparaq onların sevimli bəndəsinə çevrilib. Bu yaxınlarda “Vətən” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Zaman bu kəsiri bitirməliydi” (kitabın tərtibçisi və ön sözün müəllifi Musa Nəbioğludur) adlı kitab da şairə olan bu sevginin, məhəbbətin təsdiqidir. Haqqın, ədalətin, gözəlliyin carçısı olan bu Tanrı əmanətindən bəhs edən kitaba Z.Yaquba ithaf olunmuş irili-xırdalı 243 şeir daxil edilmişdir. Kitabın tərtibçisi M.Nəbioğlu yazır ki, “bu kitaba daxil edilənlər Xalq şairi Zəlimxan Yaquba ithaf olunmuş şeirlərin hələlik yalnız bir hissəsidir”.

Kitabı vərəqlədikcə şairə olan ümumxalq məhəbbətinin bir daha şahidi oluruq. Şeirlərin tarixi və coğrafi arealının genişliyi isə oxucunu təəccübləndirməklə yanaşı, həm də valeh edir. Əmin olursan ki, Z.Yaqub bu sevgini, məhəbbəti son illərdə deyil, gənc yaşlarından qazanmışdır. Bunu kitabda yer alan şeirlər də əyani şəkildə sübuta yetirir. Azərbaycanın müxtəlif bölgələrindən – Laçın, Zaqatala, Kəlbəcər, Şamaxı, Zərdab, Qazax, Ağstafa, Xaçmaz, Masallı, Tovuz, Ağsu, Culfa, İmişli, Göygöl, Goranboy və s. rayonlarından, Gəncə, Mingəçevir, Bərdə, Sumqayıt, Bakı kimi şəhərlərindən, eləcə də Türkiyə, Rusiya, Cənubi Azərbaycan, Dağıstan, Borçalı, Göyçə və s. bölgələrdən şairə ünvanlanmış şeirlər onun bir insan kimi xarakterindəki, davranışındakı nəzakəti, həssaslığı, kövrəkliyi, səmimiyyəti real şəkildə əks etdirir.

Z.Yaqub ilk növbədə gözəl bir Azərbaycan ziyalısı kimi qəlblərdə özünə möhkəm yer qazanmışdır. Onun incə, zərif ruhlu şair-vətəndaş olmasını insanların yaddaşından çıxarmaq, silmək qeyri-mümkündür. Çünki o, həm vətəndaş, həm də şair kimi Vətənin onun üçün çox müqəddəs olduğunu əməlləri və yaradıcılığı ilə sübuta yetirmişdir. Vətən mövzusu şairin şeirlərinə zərrə-zərrə, damcı-damcı hopub. Bu mənada onun Vətən mövzusunda yazdığı şeirləri heç vaxt saxta görünmür, şairin qəlbinin nurunu əks etdirir. Z.Yaqubda etiqad və sədaqət duyğusu olduqca güclüdür. O, özünü, sözünün və taleyinin hökmünü duya bilən, görə bilən şairlərdəndir. Şairin bu ülvi duyğularını, doğma Azərbaycana bəslədiyi səmimi məhəbbəti, sədaqəti görməmək, duymamaq qeyri-mümkündür. Kitaba daxil edilmiş şeirlərin böyük əksəriyyətində Z.Yaqub əsl vətəndaş şair kimi səciyyələndirilir, onun insani keyfiyyətlərinə geniş yer verilir. O.Əhmədoğlunun “Zəlimxandan söz düşəndə” şeirində oxuyuruq:

 

Bilirsən ki, qüvvət nədir,

Bilirsən ki, qüdrət nədir,

Duyursan ki, millət nədir,

Zəlimxandan söz düşəndə.

 

Azərbaycan – görən gözü,

Azərbaycan – ürək sözü,

Azərbaycan – dünən özü,

Zəlimxandan söz düşəndə.

 

Osman Sarıvəlli, Hüseyn Arif, Xəlil  Rza Ulutürk, Nəriman Həsənzadə, İsa Muğanna, Tofiq Bayram, Məmməd Aslan, Aşıq Şəmşir, Aşıq Kamandar və başqa tanınmış söz ustadları Z.Yaqubu milli-mənəvi dəyərlərə, soykökünə, dostluğa sədaqəti ilə seçilən, yaddaşına, bədii düşüncəsinə söykənən şair kimi xarakterizə etmiş, nədən və kimdən yazmasından asılı olmayaraq sağlam ruhunu səfərbər etdiyini söyləmiş, onun hər bir kəlməsində ürəyinin döyüntüsü hiss olunduğunu bildirmişlər.

Xəlil Rza Ulutürk Zəlimxan Yaqubun yaradıcılığını belə qiymətləndirirdi: “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm”.

Azərbaycan xalqına həmişə başucalığı gətirən Z.Yaqubu dədə Şəmşir də yüksək qiymətləndirmiş, ustad aşıq şairi ilham mənbəyi, güvənc yeri adlandırmışdır. Aşıq Şəmşir qoca yaşlarında xəstələnəndə, bədbinliyə qapılanda, qəm-qüssə onun qəlbinə hakim kəsiləndə həmişə iki istedadlı şairi – H.Kürdoğlunu və Z.Yaqubu xatırlamışdır. Bu iki şairdən hər zaman sədaqət, məhəbbət və ehtiram duyduğunu vurğulayan qocaman sənətkar H.Kürdoğluya ünvanladığı “Sizə güvəndim” şeirində yazırdı:

 

Canımı yüz yerdən iynələr deşir,

Bir fayda verərmi bu haray-həşir?!

Axır günlərində biçarə Şəmşir

Bir sənə güvəndi, bir Zəlimxana.

 

Azman aşığın Z.Yaquba sevgisi, məhəbbəti sonsuzdur. Onun əhdinə-ilqarına, sədaqətinə özü qədər inanır və heç təsadüfi deyil ki, onu özünə oğul bilir. Həkimin müalicəsindən, dəva-dərmanından şəfa tapa bilmədiyini görən aşıq dostlarının ona şəfa verəcəyinə inanır. Odur ki, üzünü Zəlimxana tutub deyirdi:

 

Mənim bu dərdimə  münasib dərman

İstəkli dostlardı, sevdiyim insan.

Hüseyn Kürdoğlu, oğlum Zəlimxan,

Səyavuş Sərxanlı hardadı, gəlsin.

 

Z.Yaqubu yüksək qiymətləndirən, onu “cahan”, “dünya sərvəti” adlandıran ağsaqqal aşıq yazırdı:

 

Mən səni qəlbimdə sanıram cahan,

Dünya sərvətisən, ey əziz insan.

Şəmşir sənin həvəsinlə, Zəlimxan,

Gözəl desin nəğmələrin gerisin.

 

Sazlı-sözlü bir mahalın oğlu kimi Z.Yaqub keçdiyi sənət məktəbinə, aldığı ustad nəsihətlərinə hörmət və ehtiramı ifadə etməyi hər fürsətdə özünə borc bilib. Bu məziyyətlərinə görə də tanınmış söz-saz ustaları şairi həqiqət, ədalət mücəssəməsi, dərin kamallı, xeyir əməlli, halal duz-çörəkli, qəddi-qamətli, günəş camallı, incə qəlbli, Vətən, el-oba həsrətli, söz sərrafı bir insan kimi səciyyələndirir və onun heç vaxt unudulmayacağını uzaqgörənliklə bildirirlər. Aşıq Kamandarın “Zəlimxan Yaquba” şeirində oxuyuruq:

 

Bir haqq-ədalət var, bir haqq divan var,

Haqq əmək itirmir bil ki, heç zaman.

Sənin xeyir əməlin çoxdu binadan,

Qalacaq dünyada izin xan kimi.

 

Z.Yaqubun şeirlərindəki fikir aydınlığı, hissi, səmimiyyəti, istiqanlılığı, dilinin təmizliyi və rəvanlığı, mövzunu qəlbində əridib poetik məhsula çevirmək bacarığı, kövrək lirizm, bir sözlə, həyat həqiqətləri ilə yaradıcılıq fantaziyasının vəhdəti oxucuları çox razı salır. Hansı mövzuda yazmağından asılı olmayaraq onun şeirləri əsasən axıcılığı, aydınlığı ilə seçilir. Bu şeirlər müxtəlif məzmunda olsa da, ümumi ahəngi, qayəsi şair qələminin kamilliyini sübut edir. Şair hər sözün qədrini bilir, onun lakonikliyinə, obrazlılığına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, kitaba cəm olunmuş şeirlərin böyük əksəriyyətində şair “söz ordusunun komandanı”, “şeir ocağının alovu”, “sözdən qala tikən ustad”, “sinəsi el sözünün xəzinəsi şair”, “söz mülkünün Koroğlusu”, “sözləri nur saçan çıraq”, “söz sərdarı Zəlimxan”, “sözün sərrafı, sazın Allahı”, “sözü çiçək kimi qoxlayan şair”, “sözü sözlər cövhəridi”, “sözü axır damarlara qan kimi”, “sözdən hörgülənmiş bir qala”, “tükənməz kəlamdır, sözdür Zəlimxan”, “sözü şirin beçə balı”, “sözün mizan şairi”, “sözün keşiyində şam kimi yandı”, “söz çələngi bu torpaqda sərgidir” və s. kimi səciyyələndirilir, onun söz xiridarı, söz məftunu olduğu vurğulanır.

 

Sözü düzür düzüm-düzüm, sədəf edir,

Sözü süzür, şərbət dolu qədəh edir.

Sözü sözə məqamında hədəf edir.

(H.Hacısoy)

 

Hamı şahiddi ki, dediyi hər söz,

Göylərdən, o əzəl binadan gəlir.

(B.Vüsal)

 

Sözü çiçək kimi qoxlayan şair,

Şeirin – gül şirəsi, dəftərin – pətək.

Tanrının haqq adlı zərif sözünü,

Tanrı yaşadacaq qiyamətədək.

(R.Hümmət)

 

Təbii ki, Z.Yaqub doğulub boya-başa çatdığı doğma Borçalıya, elə-obaya vurğunluğunu heç vaxt gizlətmir, onun şeirlərində bu ulu diyarın qədimliyinə, müdrikliyinə heyranlıq və pərəstiş aydın hiss olunur. Odur ki, qoynunda boy atdığı mahalın bütün çalarları onun yaradıcılığının tərkib hissəsinə çevrilib. Bu rəngarəngliyi oxuculara çatdırmaq üçün bütün poetik gücünü səfərbər edib. Şairin bu şərəfli işin öhdəsindən uğurla gəldiyini ona ithaf olunmuş şeirlərdə aydın sezmək mümkündür. Şeirlərdə Z.Yaqub ulu Borçalının mərd, şanlı, şərəfli kişilərinin davamçısı, sazın, sözün bilicisi, haqq, ədalət, həqiqət carçısı, ilhamlı, kamallı sənət sahibi, həyat, təbiət vurğunu, el, dost qayğısı çəkən sədaqətli insan, gözəllik aşiqi, yurd başını uca edən övlad, duz-çörəkli, halal süfrəli ailə başçısı, mehriban, qayğıkeş ata, tanrının himayəsinə sığınan bəndə, Allah tərəfindən Azərbaycan xalqına ərmağan edilmiş ilahi təbə malik şair və s. kimi təqdim olunur.

 

Zaman bu kəsiri bitirməliydi,

Vaqifi bu günə gətirməliydi.

Sazı şeirimizlə öpüşdürməyə,

Bir şair Zəlimxan yetirməliydi.

(Xəlil Rza)

 

Sözün sərrafıdı, sazın Allahı,

Dağıdır dərdlidən fəğanı, ahı.

Şeir meydanına şairlər şahı,

Haqqın fərmanilə Zəlimxan gəlib.

(Z.Xəlilov)

 

Qalxar sərt yoxuşu gülün xətrinə,

Çevrilər leysana selin xətrinə.

Əgər lazım gəlsə, elin xətrinə,

Ölümə gedəndi Zəlimxan Yaqub.

(İ.İsmayılzadə)

 

Xalq şairi çağdaş Azərbaycan poeziyasını rəngarəng poetik nümunələrlə zənginləşdirən istedadlı sənətkarlardan biridir. O, insan psixologiyasına dərindən bələd olan sənətkar kimi həmişə mühiti, oxucuların marağını nəzərə almış, nəyə və necə xidmət etməsini uzaqgörənliklə müəyyənləşdirə bilmiş və oxucularının ədəbi zövqünü formalaşdırmağa nail olmuşdur. Bu keyfiyyətlərinə görə də onun hər bir yeni şeirini böyük maraqla gözləyən oxucular şairin səhhətində yaranmış problemlərə görə böyük narahatlıq hissi keçirmiş, şairin tezliklə sağalması üçün ulu Tanrıdan ömür arzulamışlar:

 

Nə əl çatır, nə ün yetir,

Qürbətdən salamat gətir.

İmam Hüseynə xatir

Rəhm et məsum cana, Allah,

Qıyma Zəlimxana, Allah.

(T.İman)

 

Bölünər dağların bağrı,

Çəkə bilməz belə ağrı.

On iki imam, a bir Tanrı,

Zəlimxandan şad xəbər de.

(S.Buta)

 

Nə qədər tufan qopardın,

Əhlimanın bağrın yardın.

Vurğunu vaxtsız apardın,

Zəlimxana dəymə, fələk.

(Aşıq Əhliman)

 

Z.Yaqubun ədəbi irsi bir növ müxtəsər poetik Azərbaycan ensiklopediyası təsiri bağışlayır. Onun şeir və poemalarında ölkəmizin gözəl mənzərələri, tarixi abidələri və şəxsiyyətləri, məşhur qəhrəmanları, saz və söz ustadları, folklor motivləri bu günümüzlə çox aydın şəkildə vəhdət təşkil edir. Kitaba daxil edilmiş şeirlərdə də Z.Yaqub orijinal əsərlər yazan bir sənətkar kimi səciyyələnir, kəlmələri ilə, ilhamıyla möcüzələr yaradan şair olduğu vurğulanır:

 

Borandımı, tufandımı, seldimi,

Kəlmələri incidimi, ləldimi?!

O tay deyən, bu tay deyən dildimi,

Aləm bilir möcüzədi Zəlimxan.

(S.Məmmədov)

 

Yüksək vətədaşlıq ləyaqəti ilə ucalığa yüksələn və bu ucalıqdan heç vaxt enməyən sevimli şairimiz Z.Yaqubun hələ bundan sonra da yeni-yeni zirvələr fəth edəcəyini əminliklə söyləmək olar.

 

Razim Məmmədov,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2013.- 6 iyul.- S.19.