Dəyişən
və döyüşən nəsr
Yazıçı ilə tanışlığım
Elçin Hüseynbəyli ilə
tanış olanda universitetin birinci kursunda oxuyurdum. Bir gün
şeirlərim haqqında fikir bildirməsi üçün
onları BDU-nun dosenti Yaşar Məmmədliyə
vermişdim. Yaşar müəllim şeirlərimi bəyənmiş,
mənim haqqımda balaca bir yazı da yazmışdı.
Yazının yuxarısında isə belə bir qeyd vardı:
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyliyə.
Beləliklə, Yaşar müəllim şeirlərimi
“Ulduz” jurnalına aparmağımı məsləhət
gördü. Sabahısı gün
Yazıçılar Birliyinə getdim. İlk dəfə idi
ki, bu binaya daxil olurdum. Qapıların üstündəki
yazıları diqqətlə nəzərdən keçirdim və
“Ulduz” jurnalının baş redaktoru yazılan lövhənin
önündə dayandım, amma qapını döymədim,
qəfil fikrimi dəyişdim və elə gəldiyim yolla da
geri qayıtdım. Ancaq sən demə, bu dünyada hər
şey bizim istəyimizdən, iradəmizdən aslı
deyilmiş, tale deyilən bir şey də varmış: ikinci
mərtəbədə təsadüfən (!) Elçin müəllimlə
qarşılaşdım. Salamlaşdıq, sonra bir yerdə
dördüncü mərtəbəyə qalxdıq. O, harda
doğulmağım, harda oxumağım və bu qəbildən
bir neçə sual verdikdən sonra ədəbiyyatla maddi
qazanc əldə etməyin
mümkünsüzlüyünü, özümə başqa
bir sənət tapandan sonra yazı-pozu ilə məşğul
olmağımı tövsiyə elədi. Sonra isə
“Yolayrıcında qaçış” romanını Yaşar
müəllim üçün imzalayıb mənə verdi. Evə
çatana qədər romanı gözdən keçirməyə
başladım. On-on üçüncü səhifədə
dayandım, çünki “Yolayrıcında
qaçış”ı yolda
qaça-qaça oxumaq olmazdı.
“Yolayrıcında qaçış”
Kitabın annotasiyasında belə bir
cümlə yazılıb: “Çaşmış insanlar
haqqında çaşqın bir roman”. Roman həyatın
labirintində çaşmış insanların talelərindən
bəhs edir. Müəllifin fikrincə, çaşan insan
yolunu azmış heyvan sürüsü kimi
qarşısına çıxan hər şeyi və hər
kəsi tapdalayır.
“Yolayrıcında qaçış” interaktiv
roman tipinə aiddir. Əsər müasir
dövrlə səsləşir və bugünümüz
üçün aktual olan bir neçə məsələyə
toxunulur. Məhəmməd obrazının timsalında
yazıçı müxtəlif qrupların, təşkilatların
mahiyyətini, öhdəliklərini bilmədən bu təşkilatlara
qoşulan gənclərin faciəsini göstərir. Əsərdə
bir-birinə tam əks olan iki bacı obrazı var – Qərb
düşüncəsini təmsil edən Züleyxa və
Şərqi işarələyən Fatimə. Züleyxa
qadınlıq hisslərində, Fatimə dində, Məhəmməd
isə səmimiyyətdə həddindən artıq ifrata
varmışdı. Faciə də elə burdan başlayır.
Hələ doqquzuncu sinifdə oxuyandan
Züleyxa məhəllədəki uşaqların ilk qadın
idealı olub. Bu yeniyetmələrin hələ tam
formalaşmamış, bəsit kişi xəyallarında
Züleyxa yeganə qadındır. Onlar öz
fantaziyalarını işə salaraq, bəlkə də min dəfə
Züleyxa ilə sevişiblər. Bir gün böyüyüb
bu əhvalatları yazıya alacağını
ağlından belə keçirməyən, Züleyxaya
möcüzələr adası kimi baxan kiçik qəhrəman
məşhur italyan filmindəki Malenanı sevən yeniyetməni
xatırladır. Filmdən fərqli olaraq E.Hüseynbəylinin
Malenası qətlə yetirilir və bundan xəbər tutan,
artıq 32 yaşlı qəhrəman hadisələri
araşdırmaq üçün əlindən gələni
edir. Onun üçün ilk sevgisini qətlə yetirən
adamın kimliyi maraqlıdır.
Romanda digər personaj Züleyxanın
bacısı Fatimədir.
Uşaqlıqdan nənəsinin yanında tərbiyə
almış Fatimə dinə bağlıdır. O,
övladlarını da bu cür tərbiyə edib;
qızı da onun kimi hicablıdır, oğlu Məhəmməd
ilahiyyat fakültəsində oxumaq üçün Türkiyəyə
gedir. O, bacısının “Hürriyyət+” qəzetində
yayımlanan açıq-saçıq şəkillərinə,
müsahibəsinə acıqlanır. Və oğluna “Get, o
qancığı öldür. Öldürməsən,
südümü sənə halal etməyəcəm!” – deyir.
Hadisələrin sonrakı gedişindən məlum olur ki,
Fatimənin öz bacısının ölümünə
fitva verməsinin səbəbi Züleyxanın Yusifdən
uşağa qalmasıdır. Sən demə, güclü əzələləri
ilə məhəllədəki oğlanların kumirinə
çevrilən, qızların ağlını
başından alan Yusifə qarşı Fatimə də bir
vaxtlar biganə deyilmiş və onların qovuşmasında
başlıca maneə doğmaca bacısı Züleyxa
olubmuş. Sadəlövh Məhəmməd isə anası ilə
xalası arasındakı köhnə ədavətin qurbanına
çevrilir.
Elçin Hüseynbəylinin personajları xarakterik yox,
situativ qəhrəmanlardı. Onun
romanlarında oxucu sərbəst buraxılır, ona nəsə
diktə olunmur, şifrələri açmaq onun öhdəsinə
buraxılır. Bu yöndən “Yolayrıcında
qaçış” romanına diqqət edək: Züleyxa – Qərb
yönümlü, şəhvətə uyan qadın
obrazıdır. Züleyxa adı özü burda bir kod,
şifrədir. Bu ad Yusif-Züleyxa əhvalatanı yada
salır. Romanda Züleyxanın duşxanada Yusiflə intim
münasibətdə olması, klassik süjetdə Fironun
arvadı Züleyxanın Yusifi tovlayıb otağa salması,
onunla yaxınlıq etmək istəməsi ilə paralelləşir.
Zinanın günah olduğunu bilən və ağasına xəyanət
etmək istəməyən Yusif peyğəmbər
Züleyxanın istəyini rədd edir. Yusif otaqdan
çıxarkən Züleyxa onun köynəyini arxadan
cırır. Lakin Elçin Hüseynbəyli humanizm sərgiləyərək
min illərdi Züleyxanın ürəyində qalan, tamamlaya
bilmədiyi istəyi yerinə
yetirməsi üçün ona icazə verir. Klassik
Züleyxanın edə bilmədiyini modern Züleyxa
bacarır. Fatimə və Məhəmməd adları da
şifrə səciyyəsi daşıyır.
Yazıçı bu ad-şifrələr vasitəsilə
İslam dininə, onun etik-mənəvi kodeksinə işarə
edir və bu kodekslərlə yaşamağın artıq
mümkün olmadığını deyir. Züleyxanın Məhəmmədin
qucağında ölümü göstərir ki, bu kodeks
artıq yaşatmır, öldürür.
Beləliklə, müəllif üz-üzə
qaldığımız çağdaş
yolayrıcındakı dilemmadan çıxış yolu haqqında
danışır. Amma Qərb, yoxsa Şərq
yolunu seçmək barədə oxucuya heç bir məsləhət
vermir. Son nəticəni onun öz ixtiyarına buraxır. Yol
isə nə Şərq, nə də Qərb yox, elə Azərbaycanın
özüdür. Yarı Şərq, yarı Qərb olan Azərbaycan.
Qloballaşan dünyada isə bizim yolayrıcında
dayanıb götür-qoy eləmək üçün
vaxtımız azdı. Bu qaçhaqaçda tezliklə öz
yolumuzu tapmalıyıq.
Tarixi roman
Dünya incəsənətində yüzlərlə
Don Juan obrazı vardır. Tirso de Malina, Molyer, Bayron, Puşkin ədəbiyyatda,
Motsart, Qlyuk musiqidə, fransız rəssamı Delakrua təsviri
incəsənətdə bu obraza müraciət ediblər.
Bunların sırasında hələ ki, bizim oxuduğumuz
sonuncu Don Juan obrazını isə Elçin Hüseynbəyli
“On üçüncü həvari – 141-ci Don Juan” romanında yaradır.
“Don Juan” roman-ekskursdur.
Əsərin qəhrəmanı müəllif
özüdür. O, ulu babası Oruc Bayatın izi ilə gedir
və onun haqqında hər şeyi öyrənməyə
başlayır. Yazıçı gördüyü şəhərlər,
onların tarixi və mədəniyyəti haqqında məlumat
verir. Romanı oxuduqca yazıçının ondan əvvəl
yaradılmış Don Juan obrazları və ən əsası
Səfəvilər tarixi haqda bilgili olması aşkara
çıxır. Təsadüfi deyil ki, o, romanın
proloqunda, – “Romanı yazmaq üçün yüzə qədər
əsər oxudum”, – deyə qeyd edir. Səfəvilər tarixi
ilə bağlı “Şah Abbas” roman-xronikasında
yazıçı sovetlərin şinelindən çıxan
tarixçilərimizin Şah Abbas haqqında
yazdıqlarını qəbul etmir, əsəri yazmaqda onun əsas
məqsədi bu tarixi şəxsiyyət haqqında oxucuların
düzgün məlumatlandırılmasıdır.
“Don Juan” romanında qəhrəman səfərə
Bakıdan başlayır, təxminən
iyirmi şəhərdə (Ərdəbil, Təbriz, Qəzvin,
Rəşt, Madrid, Valyadolid, Valensiya, Paris və s.) olur və
sonda yenə Bakıya – Vətənə qayıdır. Bununla
da tarixi marşrutun çevrəsi qapanır.
Yazıçı bütün yolların sonunun Vətənə
gəldiyinə, dünyanı gəzsən belə,
başladığın yerə dönəcəyinə
işarə edir. Və insan yalnız öz Vətənində
rahat, qorxusuz ola bilər. Romanın son cümlələri ilə
bütün əsər boyu inkişaf etdirilən bu fikir bir
daha təsdiqini tapır: “Mən qorxmurdum. Mən vətəndəydim!”
Elçin Hüseynbəylinin özünəməxsus
üslubunda poetik-metaforik dil faktorunu
xüsusi qeyd etmək lazımdır: “Küçələr
pinti uşaqlara oxşayırdı”, yaxud “Bir qədər
uzaqda, dumanın içində dalğalar qayaları
qucaqlayır, amma qayalar onun qucağından
sürüşüb düşürdü, elə bil məşuqə
öz məşuquna naz satırdı”....
Qarabağ mövzusu
Onun yaradıcılığında
Qarabağ mövzusu başlıca yer tutur. Əsərləri
saxta pafosdan, yalançı vətənpərvərlikdən
uzaqdır. E. Hüseynbəylinin əsərlərində
ümid, inam və döyüş ruhu var. O, qələmi ilə
döyüşən, mübarizə aparan
yazıçımızdır.
Bədnam ermənilərin sözümüzü, musiqimizi,
tariximizi, hətta kulinariyamızı dəfələrlə
özününküləşdirdiklərinin şahidi
olmuşuq. Bu dəfə isə onlar yeni ədəbiyyatımıza
“əl atdılar”. E.Hüseynbəylinin “Gözünə
gün düşür” hekayəsinin süjeti əsasında
film çəkdilər və həmin filmi “Oskar”
mükafatına təqdim etdilər.
Oğurluq ermənilərə ulu babalarından miras
qalmış yeganə şeydir! Ermənilər öz mədəniyyətini
başqa xalqların üstündə qurmağa öyrəncəlidirlər.
Onlar ömürləri boyu özlərinə saxta mədəniyyət,
incəsənət yaratmaqla, başqalarının mədəniyyətini
işğal etməklə məşğul olublar!
“Xatirələr silinəndə adamlar da yox olur, cismlərindən qabaq ruhları
ölür”, – bu fikir E.Hüseynbəyliyə məxsusdur.
Ömrünün uşaqlıq, gənclik illərini
Qarabağda keçirən yazıçının da bu
gün uşaqlıq, gənclik xatirələri işğal
olunmuşdur. Amma o, bu xatirələrin ölməsinə imkan
vermədi, onları yazıya aldı. Bu xatirələri gələcək
nəsillər üçün qoruyub saxladı.
Onun “Firuzə qaşlı xəncər”
hekayəsi qan yaddaşımız Xocalı faciəsinin bədii
formada gənclərə ötürülməsi
baxımından əhəmiyyətlidir.
Məktəblilər üçün yazılan bu hekayədə
Qurd İsmayıl ermənilər haqqında belə deyir:
“İtlə dost ol, çomağı yerə qoyma. Erməniyə bel bağlamaq
olmaz”.
“Boz eşşəyin
məktubları” hekayəsində
isə yazıçı
eşşəyin dilindən
Vətənin insanlar olmadan gərəksizləşdiyini
bildirir. Həmişə azad olmağı
arzulayan eşşək
indi azaddır. Ancaq o, təkdir. İndi o, yenidən döyülməyə,
boynuna kəndir keçirilməyinə, uşaqları
belində gəzdirməyə
– bir sözlə, hər şeyə razıdır, təki sahibi geriyə qayıtsın. Eşşək
məktubunda insanlar gedəndən sonra kəndin necə dəyişdiyini sahibinə
yazır: “Yazıq qoca tək tut, qocaldı, əldən düşdü və yavaş-yavaş saralıb-solmağa
başladı. Kölgəsi
lazım olmayan ağac kimə lazım... Uşaq vaxtı sizin
çimdiyiniz dəyirman
arxı da quruyub, balıqları xiffətdən ölüb.
Balıqsız suyun, susuz arxın nə qiyməti... Səninlə birlikdə ota gedib-gəldiyimiz cığırları indi
ot basıb.
Adam gedib-gəlməyən cığır kimə gərək... Elə bil buranın
yazı-payızı yoxdu.
Ağaclar çiçəkləmir.
Kiminçün çiçəkləsin,
axı...”
Və ya “Şimallı
gəlin” hekayəsində
müəllif sevdiyi Veranın erməni olduğunu biləndə millətin adını batırmamaq üçün
düşmən qızı
ilə evlənməkdən
boyun qaçırır.
Milli qürura söykənən
qəhrəman birinci elektriçkaya minərək
evlərinə qayıdır.
Yekun olaraq,
bir mühüm cəhəti qeyd etmək istərdim: Elçin Hüseynbəylinin
nəsri dəyişən
və döyüşən
nəsrdir; çağdaş
zamanla ayaqlaşmaq baxımından və əsərlərindəki yenilikçiliyə
görə dəyişən,
döyüş ruhuna
və mübarizə əzminə görə isə döyüşən
nəsr.
Ramil Əhməd
Ramil_Ehmed@mail.ru
525-ci qəzet.- 2013.- 6 iyul.- S.16.