İslamafobiya kimə və nəyə xidmət edir?

 

XXI yüzillik geosiyasi mühitə yeni trendlər dövrü kimi daxil olmuşdur. Sosialist blokunun süqutundan sonra belə bir mənzərə yaranmışdır ki, artıq dünya birqütblüdür və qlobal miqyasda qarşıdurma üçün səbəblər ortadan qalxmışdır. Məhz bundan sonra geosiyasətdə yeni bir trendin gündəliyi zəbt etdiyinin şahidiyik. Bir tərəfdən dini ekstremizm, islam və terror, islam və demokratiya Qərbin mətbuat orqanlarının əsas mövzusuna çevrildi. Digər tərəfdən isə Avropa ölkələrində müsəlman miqrantlara qarşı artan aqresiya və dünya üçün “təhlükə mənbəyi” kimi təqdim olunan müsəlman ölkələr dövrün nəbzini təyin etməyə başladı.

Bu baxışların fonunda Qərb-islam münasibətlərini əksər tədqiqatçılar iki prizmadan qiymətləndirirlər. Birincisi, Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçerin “düşməni olmayan ideologiya yaşaya bilməz” fikri əsasında. İkincisi, isə islam artıq Qərbin daxilində mühüm faktora çevrildiyindən Qərbin islam qorxusu prizmasından. Sonuncu istiqamət özünü islamafobiya meyllərində göstərir. Bu gün islamafobiya müsəlman ölkələrinə qarşı yönəlmiş bir alət olmuşdur. Qlobal miqyasda islami həyat tərzi təhlükə mənbəyi kimi göstərilməyə çalışılır. Lakin araşdırmalar göstərir ki, islamafobiya meyllərinin arxasında dini düşmənçilikdən çox siyasi səbəblər dayanır.

 

Qərb – İslam dünyası münasibətlərinə tarixi baxış

 

Qərb ilə müsəlman Şərqi arasında münasibətlər tarixən öz ziddiyyəti ilə seçilmişdir. İslam dini yaranandan bəri onun davamçıları Qərbdə kafir olaraq qəbul edilirdi. Uzun əsrlər boyu avropalı xristianlar da müsəlman ölkələrində eyni cür qarşılanmışdır. Həm islam dünyasının intibah dövründə, həm də Qərbin inkişafının yüksək mərhələsində işğal, zorla dini qəbul etdirmə, müstəmləkə siyasəti Qərblə müsəlman Şərqi arasında münasibətlər üçün xarakterik olmuşdur. Hər iki halda fərqli dinlərin daşıyıcıları bir-biriləri üçün yad, bəzən də düşmən kimi qəbul edilmişdir.

Bununla belə, Qərblə islam dünyası münasibətlərində fərqli yanaşmaya da diqqət çəkmək istərdik. Birincisi, islam ölkələri coğrafiyasında tarixən mövcud olan xristian icmalarına tolerant münasibət olmuşdur. Bunun nəticəsidir ki, xristianlığın beşiyi olan Yaxın Şərqdə xristian icmaları indi də öz mövcudiyyətlərini saxlayırlar. Azərbaycan da daxil olmaqla digər müsəlman ölkələrində də min illərdir xristian dini daşıyıcıları yaşamaqdadırlar.

Eyni tolerant yanaşmaya Qərbdə rast gəlmirik. Məlum olduğu kimi, ərəb və türk passionarlığı dövründə Kordova Xilafəti və Osmanlı imperiyası zamanında Avropanın müəyyən hissəsi islam mədəniyyətinin əhatə dairəsinə daxil olmuşdur. VIII əsrdə Priney yarımadasına ərəblərin daxil olması ilə XV əsrədək burda islam dini hakim olmuşdur. Əndəlüs torpaqlarında bura gələn müsəlmanlar, islamı sonradan qəbul edən yerli əhali və xristianlar yanaşı yaşamışdır. Lakin 1492-ci ildə sonuncu müsəlman əyaləti olan Qrenadanın süqutu ilə İspaniyada qeyri-xristianların məhvinə yönəlmiş rekonkista siyasəti Qərb sivilizasiyasının tolerant olmadığını bir daha göstərdi. 1610-cu ilədək İspaniyada müsəlmanların yaşayışına son qoyuldu. 1492-1610-cu illər arasında müsəlmanların kütləvi qırğını və mühacirəti nəticəsində İspaniyanın əhalisi üç milyon nəfərə qədər azaldı.  Müsəlmanlarla bərabər yəhudilərin də İspaniyadan qovulması Qərbin tarixən digər dinlərə qarşı dözümsüzlüyünü bir daha təsdiq etdi.

İspaniyadan başqa Portuqaliya, Cənubi İtaliya, Malta da ərəb işğalı dövründə islamlaşmaya məruz qalmışdır. Müsəlmanlar bütün bu coğrafiyadan tam sıxışdırıldılar. İslamı sonradan qəbul edən əhalini inkvizisiya tonqalı aqibəti gözləyirdi, ərəblər isə ümumiyyətlə bu coğrafiyadan silindilər. Hazırda yalnız Maltada bir neçə minlik müsəlman icması qalmaqdadır. Baxmayaraq ki, XIII əsrdən islam bir din olaraq burda qadağan edilmişdir.

İndi isə müqayisə üçün Qərbin müsəlman Şərqinə doğru müdaxiləsinin pik dövrlərindən biri olan səlib yürüşləri zamanı olan münasibətlərə baxaq. Səlibçilər üçün müsəlmanlar din düşmənləri idi və müsəlmanların öldürülməsi şərəfli iş sayılırdı. Doğrudur, həmin dövrün əsas oyunçularından olan xristian tampliyerlərlə müsəlman assasinlər arasında iş birlikləri də tarixə məlumdur. Lakin bu artıq müharibə qanunları idi. Ümumilikdə isə səlib yürüşünün iştirakçıları, Vatikan kilsəsi başda olmaqla onların Avropadakı havadarları müsəlmanlara qarşı tam dözümsüzlük nümayiş etdirirdilər.

Beləliklə, tarixi rakursdan qiymətləndirdikdə Qərbdə islam dini daşıyıcılarına qarşı tolerantlıq heç vaxt müşahidə olunmamışdır. Bu mənada indiki anlamla islamafobiya yeni bir hadisə deyil. Tarixin müxtəlif vaxtlarında Qərbin müsəlman Şərqə münasibətində özünü göstərmişdir. Lakin müasir dövrümüzdə şərait olduqca fərqlənir. Keçən əsrdə Qərb ölkələrinin ucuz işçi qüvvəsi kimi gətirdiyi müsəlman miqrantlar indi əksər ölkələrdə hadisələrə təsir göstərə biləcək qüvvəyə malikdirlər. Artıq kimlərinsə bunu istəyib-istəməməyindən asılı olmayaraq islam Qərbin daxili faktoruna çevrilib və günü-gündən də güclənməkdədir.

Demokratiya, insan haqları və azadlıqları kimi günümüzün aktual çağırışları isə Qərbin artıq bir dəfə təcrübədən çıxardığı rekonkista siyasətinə yenidən imkan vermir. Görünən odur ki, indi rekonkistanı islamafobiya əvəz edib. Avropanın bir sıra ölkələrində islam memarlığına qarşı qadağa, islami həyat tərzinə ikrah dolu münasibət, xüsusilə də təhqirlərlə dolu karikatura qalmaqalı, Qərb cəmiyyətində islama qarşı digər mənfi münasibət əks olunan hadisələr islamafobiya elementləridir. Lakin islam dəyərlərinə qarşı bu cür münasibət qlobal və universal dəyərlərin müdafiəçisi kimi çıxış etməyə iddia edən Qərb üçün heç nə yaxşı vəd etmir.

 

Multikulturalizm Qərb modeli –assimilyasiya, yaxud dözümsüzlük

 

Artıq Avropanın bütün ölkələrində müsəlmanlar yaşayır. Bu daha çox miqrantların hesabınadır. Avropa rəsmiləri uzun müddət güman edirdilər ki, xaricdən yeni gələn bu mühacirlər ümumi ansamblda əriyəcək və Qərb dəyərlərinin daşıyıcısı olacaqlar. Bunun üçün də məşhur multikulturalizm nəzəriyyəsi ortaya atılmışdı. Lakin hadisələr bunun əksini göstərdi. Avropanın yeni sakinləri milli-dini dəyərlərinə sadiq qalaraq, Avropanın dəyərsizlik çağırışlarına möhkəm ailə dəyərləri ilə cavab verdilər. Nəticədə aparıcı Avropa ölkələrinin rəsmiləri bir-birinin ardınca multikulturalizm siyasətlərinin özünü doğrultmadığını elan etdilər.

Bu isə Qərbin özününkülərdən olmayanlara qarşı islamafob meyllərində yeni bir mərhələyə təkan verdi. Bu mərhələdə artıq islamafobiyanın əsas hədəfi miqrantların assimilyasiyasına deyil, müsəlman ölkələrin özlərində əhali arasında milli-dini dəyərlərin transformasiyasına yönəlmişdir. Qərb multikulturalizm böhranından çıxış yolunu miqrantların dəyərlərinə hörmət etməkdə deyil, miqrantların gəldikləri ölkədə dəyərlərin transformasiyasında axtarmağa çalışır. Bu proses isə qlobal miqyasda islamafobiya meylləri ilə müşahidə olunur.

II dünya müharibəsindən sonra keçmiş müstəmləkə ölkələrindən ucuz işçi qüvvəsi kimi Avropaya axını təşviq edilən miqrantlar Qərb dünyası üçün nə qədər gözlənilməz olsa da vahid Avropa qəlibinə düşmədilər. Bunun bir çox səbəbləri var idi. Miqrantlar gəldikləri yeni ölkələrdə yerlilər tərəfindən çox da yaxına buraxılmır və özlərini yad hiss edirdilər. Buna görə onların daha çox öz həmvətənləri ilə birgə icma dəyərlərinə üstünlük vermələri müşahidə olunur. Bunun nəticəsidir ki, bu gün Almaniyada türk, İngiltərədə pakistanlı, Fransada ərəb, əksər ölkələrdə çinli icmaları öz adət-ənənələri ilə yaşayırlar. Avropa ölkələri boyunca bu siyahını kifayət qədər uzatmaq da olar. Bu isə Qərb cəmiyyətində birmənalı qarşılanmır. Beləliklə, maraqlı mənzərə yaranır. Qərb cəmiyyətində müsəlman miqrantlar həm özgə münasibətlə qarşılaşır, həm də öz milli-dini ənənələrinə sadiq qalaraq Qərb dəyərləri ilə harmoniya təşkil edə bilmədikləri üçün tənqid olunurlar.

Hesab edirik ki, hadisələrin belə axar almasının ən mühüm səbəblərdən biri miqrantlarla yerli vətəndaşların sahib olduğu təhsil imkanları arasında fərqlə izah oluna bilər. Ucuz işçi qüvvəsi olan bu miqrantların, onların ailəsinin və sonrakı nəslinin ilkin olaraq təhsil alması Qərbdə heç kimi düşündürmürdü. Təsadüfi deyil ki, uzun illər müxtəlif Avropa ölkələrində yaşayan miqrantlar bu ölkələrin dilində əksər hallarda yalnız çox məhdud istifadə üçün danışa bilirlər. Miqrant ailələrin ali təhsil alması isə ümumiyyətlə heç kimin marağında deyil. Əlavə olaraq bu miqrantların olduqları yerlərə daim öz ölkələrindən yeni-yeni həmvətənlərinin gəldiyini nəzərə aldıqda milli-dini dəyərlərin aşınmasına münasib şəraitin olmadığı aydın olur. Beləliklə də miqrantların Avropa ailəsinə inteqrasiyası üçün real addımlar atmayan Avropa rəsmiləri və geniş mənada götürsək Qərb cəmiyyəti bunun ən böyük səbəbini öz münasibətlərində axtarmalıdırlar.

Məhz buna görə də Avropada multikulturalizm siyasətinin iflasa uğradığının bəyan edildiyinin şahidi oluruq. Çünki multikulturalizm həyat tərzidir, assimilyasiya metodu kimi tətbiq olunması onun mahiyyətini dəyişir. Multikulturalizm müxtəlif mədəniyyətlərin yanaşı yaşamasıdır. Fransanın sabiq prezidenti Sarkozinin miqrantların dəyərlərinin heçə sayan çağırışı ilə buna nail olmaq mümkün deyil. Onun – “əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burda ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər”- fikri multikultural dəyərlərlə bir araya sığmır. Bu dəyərlər fərqli mədəniyyətlərin yanaşı mövcudluğu üzərində olmalıdır. Sual oluna bilər: əgər insanların dini dəyərlərinə tolerantlıq yoxdursa, niyə müsəlman ölkələrindən bu cəmiyyətlər üçün əxlaq dəyərləri ilə uyğun gəlməyən cinsi azlıqlara bu qədər üstün münasibət tələb edilir? Bəs necə olur ki, Avropa öz dəyərlərinə yenidən baxmaq fikrində deyil, amma müsəlman ölkələri buna məhkumdurlar və buna vadar edilməyə çalışırlar. Bax budur Qərb multikulturalizm modelini süquta aparan səbəblər. 

 

Avropada müsəlman miqrantlar

 

Avropa demoqrafik böhran dövrünü yaşayır. “Avrostat”ın proqnozlarına görə 2010-2060-cı illər ərzində Avropa İttifaqında 16 milyon nəfər əhali artacaqdır. Həmin dövr ərzində immiqrasiyanın hesabına 86 milyon nəfər düşür ki, bu da ümumi əhalinin 17%-i deməkdir. İmmiqrasiyanın ən azı yarısı müsəlman ölkələrinin payına düşür. Əvvəlki illərin miqrasiya axınını, qarışıq nikahları və doğum səviyyəsində yerli əhali ilə arasında olan fərqi nəzərə aldıqda Avropada əcnəbi əsilli əhalinin sayı kifayət qədər yüksək olacaq.

Beləliklə də belə bir təəssürat yaranmışdır ki, Avropa öz gələcək taleyinin müsəlman olmaq şansı ilə qarşı-qarşıyadır. Son statistik göstəricilərə görə hazırda Avropada təqribən 60 milyon müsəlman yaşayır. Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında doğum hallarının artması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq. İslam dəyərləri artıq Avropa əhalisinin müəyyən bir hissəsinin azad seçimidir və Qərbin dəyərlər sisteminə daxilində bu amilin qəbul edilməsi zamanın tələbidir. İslamafobiya meyllərinin güclənməsinin səbəbləri arasında bu amilin də xüsusi rol oynadığını qeyd etmək olar.

Hazırda Avropada islamlaşma meylini bir neçə aspektdən xarakterizə etmək olar. Birincisi, dini inanclı insanlar arasında islam-xristian yanaşmasında münasibət fərqi. “Daily Mail” qəzetinin bu yaxınlarda dərc olunan araşdırmasında göstərilir ki, İngiltərədə məscidlərə gedən müsəlmanların sayı, kilsələrə gedən xristianların sayından qat-qat çoxdur. Qəzet Londonun qərbində bir məscid və bir kilsədən görüntülər yerləşdirib. Şəkildə  bazar günü 1 230 nəfərlik bir kilsədə ibadət edən 12 xristian əks olunub. Kilsəyə yaxın ərazidə yerləşən məsciddə isə cümə namazı qılmaq üçün gələnlərin məsciddə yerləşmədikləri və məscidin həyətində də ibadət etdikləri görünür. Qəzet islam dininin Britaniyanın gələcək dini olduğunu bildirir. Mətbuatda belə informasiyalar adətən islamafobiya meylləri ilə müşayiət olunur. Bu dəfə də bir məscid yandırıldı, müsəlman miqrantlarla silahlı insident oldu. Bütün bunlar isə müəyyən qüvvələrin təhriki ilə Qərb cəmiyyətinin reaksiyası kimi təqdim olunur.

Avropanın digər bir qüdrətli ölkəsi olan Fransada da dini etiqad baxımından islamın mövqeyi güclənmişdir. Hudson Universitetinin araşdırmalarına görə Fransada məscidlər kilsələrdən daha çox tikilir və hazırda Fransada ibadət edən müsəlmanlar xristianlardan daha çoxdur. Belə ki, son 10 ildə ölkədə tikilən məscidlərin ümumi sayı 2000-dən çoxdur. Digər tərəfdən Fransa Katolik kilsəsinin verdiyi rəqəmlərdə isə son 10 ildə ölkədə açılan kilsə sayının cəmi 20 ədəd olduğu məlum olub. Fransa İctimai Fikir Universitetinin (IFOP) araşdırmaları göstərib ki, Fransanın 65 milyonluq əhalisinin 64%-i (41,6 milyon nəfər) katolikdir. Onlardan yalnız 1,9 milyon nəfəri (4,5%) ibadət edən katolikdir. 6 milyonluq müsəlmanların isə 75%-i (4,5 milyon nəfər) özünü inanclı müsəlman sayır. İbadət edən müsəlmanların sayı isə 2,5 milyon nəfərdir (41%).

Beləliklə, Avropada islam üçün birinci xarakterik xüsusiyyət olaraq ümumi əhalinin ibadət edən hissəsi arasında müsəlmanlar çoxluq təşkil etməyə başlamasıdır.

İkinci xüsusiyyət olaraq Avropada gənc nəsil arasında müsəlmanların sayının artmasıdır. “İslam.ru” saytının məlumatlarına görə 2011-ci ilin siyahıyaalınmasına əsasən Britaniyada 25 yaşında olan hər on vətəndaşdan biri islam dininə etiqad göstərir. Müsəlmanların belə sürətlə artması fonunda xristian əhalisinin qocalması müşahidə edilir. Həmin statistikaya görə xristianların böyük hissəsi 60 yaşından yuxarı yaşdadır. İlk dəfə əhalinin gənc təbəqəsinin yarısından azı özlərinin xristian olduğunu bildirib. Digər Avropa ölkələrində qeydə alınan statistik rəqəmlər də göstərir ki, qitədə əhalinin yaş strukturunda “islam cavanlaşır, xristianlıq isə qocalır”.

Üçüncü xüsusiyyət isə ümumilikdə islam faktorunun Avropada artım dinamikası ilə bağlıdır. “Daily Telegraph” qəzetinin məlumatına görə  Avropada olan müsəlman əhalinin sayı 30 ildə iki dəfə çoxalmışdır, 2015-ci ilə qədər isə bu rəqəminin yenidən iki qat çoxalacağı gözlənilir.  Əhalisi nisbətən az olan Avropa ölkələrində, xüsusən belə ölkələrinin böyük şəhərlərində müsəlmanlar çoxluq təşkil edəcəklər.  Belçikanın nüfuzlu Livena Katolik Universitetinin apardığı araşdırmaya görə proqnozlar 2030-cu ildə Brüsseldə əhalinin əksəriyyətini müsəlmanların təşkil edəcəyini göstərir.

Hazırda Brüsseldə müsəlmanların sayı 300 minə çatır. Ümumilikdə Belçikada əhalinin 6%-i müsəlmanlardır. Bu, Avropada ən yüksək göstəricilərdəndir. 2020-ci ildə bu rəqəmin 10%-ə çatacağı proqnozlaşdırılır. Digər Avropa ölkələrində də “müsəlman şəhər”lər yaranmağa başlamışdır. Fransada Marsel şəhərinin əhalisinin 25%-i, Strazburqun 10%-i müsəlmanlardır. Almaniyanın kiçik şəhərlərində bu rəqəmlər daha böyükdür. Beləliklə, müsəlmanların say üstünlüyü olacaq şəhərlərin meydana gəlməsi Avropada islam faktorun ciddiliyindən xəbər verir.

Avropada islam faktorunun güclənməsi islamafobiya meyllərinin də artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, miqrantların gəldikləri Avropa ölkəsində vahid dəyərlər sisteminə daxil olmasına xidmət etməli olan Qərb dövlətlərinin multikulturalizm siyasəti özünü doğrultmadı. Əvvəlki yanaşmada multikulturalizm siyasəti cəmiyyətin kiçik bir hissəsi olaraq gördüyü miqrantların Qərb dəyərlərini qeyri-şərtsiz qəbul etmələrinə əsaslanırdı. Miqrantların, xüsusən də müsəlman miqrantların öz dini-milli dəyərlərini üstün tutması bu siyasətin süqutuna gətirib çıxardı.

Multikulturalizmin Avropa modelinin iflası islamafobiyanın daha kəskin ikinci mərhələyə keçməsini şərtləndirmişdir. Yəni, indiyə qədər Qərb daha çox miqrant müsəlmanların dəyərlərinə nüfuz etməyə çalışırdısa, hazırda hədəf artıq birbaşa müsəlman ölkələrinin özləridir. Qərbin mətbuatdan tutmuş vətəndaş cəmiyyətinə qədər çoxsaylı qeyri-rəsmi orqanları müsəlman ölkələrində ailə dəyərləri, milli-dini adət-ənənələri sarsıtmaqla artıq birbaşa mənbədə mübarizə aparırlar. Digər tərəfdən isə demoqrafik balansda zəif tərəflərini aradan qaldırmaq üçün müsəlman ölkələrdə homoseksuallıq kimi qeyri-ənənəvi cinsi təmayülləri dəstəkləyir və təbliğ edirlər.

Bütün bu deyilənləri Qərb ölkələrinin müsəlman ölkələrində həyata keçirdiyi yardım proqramları əyani şəkildə göstərir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Qərbin xarici yardım resursları daha çox siyasi məqsədlərə xidmət edir. Qərb xarici yardımının sahəvi və coğrafi strukturuna nəzər saldıqda maraqlı mənzərənin şahidi oluruq. Xarici yardımların coğrafi strukturunun ölkələrin dini və etnik xəritəsi üzərindən qurulduğu görsənir. Sahələr üzrə götürdükdə isə qadınların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyətində zərif cinsin nümayəndələrinin rolu, ailə zorakılığı və bu kimi ailə dəyərlərinə təsir edə biləcək istiqamətlər üstünlük təşkil edir. Cəmiyyətdə müstəqil qadın obrazı yaratmaq adı altında ailədaxili məsələlərə müdaxilə edirlər. Bunun əks tərəfi isə özünü boşanmaların sayında göstərir. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. İslamafobiyanın ikinci mərhələsi müsəlman ölkələrində milli-dini dəyərlərə, ilk növbədə ailə münasibətlərinə yönəlmiş addımlar üzərində qurulub.

 

İslamafobiya meyllərinin əsas hədəflərindən biri ailə dəyərləridir

 

Bu gün Avropa mənəvi tənəzzül qarşısındadır. Bunun ən mühüm səbəblərindən biri ənənəvi dəyərlərin itirilməsi və əvəzində çoxluğun maraqlarına xidmət etməyən süni modellərin dəyər olaraq təqdim olunmasıdır. Müasir Avropa uzun əsrlər mövcud olmuş klassik Qərb dəyərlərini belə əks etdirmir. Belə görünür ki, demokratiyanın üçüncü dalğası cəmiyyətin daxili əsaslarına, insanların şəxsi həyatına, ailə dəyərlərinə müdaxilə etdiyi üçün Qərb transformasiya mərhələsindən öz dəyərlərinin özəyini təşkil edən elementləri itirməklə keçmişdir. Nəticədə transformasiya mərhələsi Qərb üçün süni dəyər oriyentirləri yaratdı. Bu ilk növbədə özünü ailə dəyərlərinə münasibətdə göstərir.

Artıq cinsi azlıqların cütlükləri Qərb cəmiyyətində bəzən nümunəvi ailə modeli kimi təqdim olunur, onların heç bir dəyəri əks etdirməyən həyat tərzi azad seçim olaraq yüksək qiymətləndirilir. Günümüzdə Qərbdə ən mühüm tendensiya “Mavi Avropa”dır. Cinsi azlıqlar cəmiyyətdə üstün mövqeyə malik kateqoriya kimi qiymətləndirilir. Belə olmasaydı, günümüzdə Avropanın uğurlu inteqrasiya modeli hesab edilən Avropa İttifaqına üzvlük üçün belə cinsi azlıqlara hörmət əsas şərtlərdən biri kimi tələb olunmazdı.

Lakin qeyd etmək lazımdır ki, son 50 ildə Avropanın qazandığı bu imic uzun əsrlər boyu “Qoca qitə”də günah sayılan bir tabu olmuşdur. Kilsə Avropanın ənənəvi dəyərlərinin qoruyucusu olaraq bu günahı törədənləri tonqalda yandırmışdır. Katolik qayda-qanunlar ailə dəyərlərini pozanlara qarşı şəriət qanunları qədər kəskin olmuşdur. Təsadüfi deyil, orta əsrlərdə puritanlıq cəmiyyətdə üstün mövqe qazanmışdı. Puritanlıqda qadın-kişi münasibətləri olduqca konservativ xarakter daşıyırdı. Ailə sağlam bünövrə və möhkəm əsas sayılırdı. Boşanmalar cəmiyyətdə mənfi hal kimi qiymətləndirilirdi. Cəmiyyətin qınağı hər bir ailə üçün əsas meyar idi.

Hazırkı “Mavi Avropa” tendensiyası bütün bu toxunulmaz hesab olunan tabuları alt-üst etməkdədir. Doğrudur Avropada bu tendensiya yenilik deyil. Qədim Roma imperiyasının son dövrləri təxminən eyni mənzərəni canlandırırdı. Tarixi məlumatlara görə həmin vaxt həmcins intim münasibətlər, qadınlar və kişilər arasında pozğunluq adi yaşayış tərzinə çevrilmişdi. Bunun isə acı nəticəsini Avropa bir neçə yüz illik mədəni inkişaf səviyyəsindən geri qalmaqla ödədi. Roma imperiyası dağıldıqdan sonra həmin dövrün inkişaf səviyyəsinə Avropa dövlətləri yalnız orta əsrlərdə gəlib çata bildi.

Bu gün Avropada boşanmaların sayı, donor valideyn övladları, homoseksuallıq ənənəvi ailə dəyərlərinin tənəzzülünün göstəricisidir. Uzun əsrlər boyu ailə dəyərlərinin qoruyucusu olan katolik kilsəsinin özündə belə çoxlu homoseksualistlərin olması adi hala çevrilib. Hətta mətbuatın iddialarına görə, papa XVI Benediktin istefa verməsinin səbəbləri arasında Vatikanda Kilsə şurasında qey lobbisinin də rolu olmuşdur. Bu qey lobbisinin mövcudluğunu yeni papa Fransisk də etiraf etmişdir.

Ailə dəyərləri genetik kod, tərbiyə, valideyn-övlad münasibətləri üzərində qurulur. Klassik çoxnəfərli ailə belə cəmiyyətdə vahid dəyərlərin daşıyıcısı hesab olunur. Qərblə müqayisədə Şərqdə, xüsusilə də müsəlman Şərqində bu dəyərlər daha davamlı və möhkəmdir. Müsəlman ölkələrində islam dini ailə dəyərlərinin əsasında dayanan ən mühüm faktorlardan biridir. Qərbdə bu gün təkvalideynli ailələr, övladsız ailələr və müvafiq olaraq övlad əvəzinə ailə üçün sevimli heyvan saxlamaq, artıq bir çox ölkələrdə hüquqi razılıq verilən həmcinsli “ailələr” cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Genetik kod daşımayan nəsil artımı Avropa üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən homoseksual ulduzların televiziyalarda, şou-biznesdə təqdim olunan lüks həyatları, ailə və ya cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan həyat tərzləri yeni nəsil arasında təşviq edilir. Bir çoxları üçün bu cür həyat ideal model kimi qəbul olunur.

Son illər Avropanın əksər ölkələrində demoqrafik artım müşahidə olunmur. Əhali artımı olsa belə, bu artıq miqrantların hesabınadır. Vatikan bununla bağlı həyəcan təbili çalır. Vatikan rəsmilərindən rahib Pyero Qeddo İngiltərənin “Daily Telegraph” qəzetinə müsahibəsində bildirmişdir ki, “Avropalı xristianlar daha çox övlad sahibi olmalıdır. Yoxsa Avropada müsəlman əhalinin sayı sürətlə çoxalacaq və bu yerlərdə islam dini hakim olacaqdır. Abort və dağılan ailələr səbəbilə İtaliyada əhali sayı hər il 130 min nəfər azalır, ölkəyə bir il ərzində gələn 200 min nəfərlik leqal miqrantlardan yarısı isə müsəlmandır”.

Müşahidələr göstərir ki, miqrantlar yerli əhaliyə nisbətən ailə dəyərlərinə daha sadiqdirlər. Müsəlmanlara gəldikdə isə onlar nəinki ailə, hətta qonşuluq və qohumluq dairəsinin əhatə olunduğu milli-dini dəyərlərə əsaslanan həyat tərzinə üstünlük verirlər. Bu tendensiya isə Avropanın gələcəyinin müqəddəratına təsir edəcək məqamdır. Avropada demoqrafik artımın immiqrasiyanın və miqrantların növbəti nəsillərinin hesabına baş verdiyini nəzərə alsaq bu amilin gələcək üçün həlledici faktor olması şübhəsizdir. İmmiqrasiya daha çox müsəlman ölkələrindən olduğu üçün Avropada islamafobiya meylləri də müvafiq olaraq güclənməkdədir.

Günümüzdə islamafobiya II dünya müharibəsində faşizmin yerini tutmağa yönəlmişdir. Yəni, özününkü olmayanların məhvinə. Sadəcə olaraq vasitələr bir qədər dəyişmişdir. İndi söhbət fiziki məhvdən daha çox mənəvi dəyərlərin məhvindən gedir. Qərb öz daxilində mənəvi dəyərlərin böhranının qarşısını almağı bu böhranın digər cəmiyyətlərə keçirilməsində görür. Belə olmasaydı dünyada cinsi azlıqların təbliğ və təşviqinə, gender bərabərliyi və qadının cəmiyyətdə rolunun artması adı altında ailələrin dağılmasına, azad vətəndaş adı altında valideyn-uşaq münasibətlərinə, sosial media azadlığı adı altında ailə tərbiyəsinə yönəlmiş addımlarını bütün dünyaya sırımağa çalışmazdılar. Bütün bunlara müəyyən qrup insanların hüququnun qorunması donu geyindirmək isə başqa mətləblərdən xəbər verir. 2013-cü ilin may ayında Fransada iki həmcinsin evliliyinin müxtəlif media orqanları vasitəsilə qlobal səviyyədə təbliği bunun artıq bir “ailə modeli” kimi reklam olunduğunu göstərir.

Beləliklə, boşanmaların sayının artması, övladsız birliyə əsasən ailə, müəyyən dövr üçün birgə həyata əsaslanan vətəndaş nikahı üzərində qurulan ailə, cəmiyyətdə cinsi azlıqların həyat tərzinin ailə modeli kimi təqdim olunması və s. Qərbdə ailə dəyərlərinin mənəvi aşınmasını göstərir. Belə olan halda isə Avropanın demoqrafik gələcəyi təhlükə altındadır. Avropa isə bu təhlükənin qarşısını almaq üçün mənəvi tənəzzüldən çıxış yolları tapmaq əvəzinə bu cür həyat tərzinin bütün dünyada genişləndirilməsinə səy göstərir. Demoqrafik vəziyyətdə balansın qorunmasını tənəzzülün qlobal çərçivədə yayılmasında görürlər. Dünyanın ayrı-ayrı bölgələrində isə bu tendensiyaya qarşı duranlara müxtəlif insan haqları, azad vətəndaş cəmiyyəti və digər adlarla təzyiq göstərirlər. Ənənəvi dəyərlərə sadiq qalan İslam dünyasına qarşı bu təzyiq özünü islamafobiya meyllərində göstərir.

Beləliklə, Avropada güclənən islam faktoru müəyyən dairələr tərəfindən islamafobiya meyllərinin daha da kəskinləşdirilməsinə səbəb olur. Bunu ilkin olaraq əsrlər boyu islam dini daşıyıcılarını yad və düşmən kimi qiymətləndirən bir baxışın nəticəsi hesab etmək olar. Lakin reallıq budur ki, Qərbdə mətbuatda, cəmiyyətin aktiv siyasi qruplarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, dini cəmiyyətlərdə müəyyən qruplar və onların siyasi havadarları tərəfindən istiqamətləndirilən islamafobiya Avropanın elə özünün gələcəyi üçün təhlükə yaradır. Müəyyən dairələrin bunu istəyib-istəməməyindən asılı olmayaraq islam dəyərləri artıq Qərbin bir hissədir. Buna tolerant yanaşma olmasa, islam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa bu ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcəkdir.

 

Ərəstü Həbibbəyli,

 

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2013.- 6 iyul.- S.14-15.