“Füyuzat”ın
ən fəal müəllifi
Məsələn, 1906-cı ildə “Tərcüman”
qəzeti özünün üç sayında (¹ 130, 131, 132)
N.Y. inisialı ilə çap olunan müəllifin
“Qafqazlılar və qazanlılar” adlı məqaləsini dərc
etmişdi. Silsilə yazılarda milli mədəniyyətin
inkişafı, ziyalıların xalqla
bağlılığı məsələsində Qafqaz və
Qazan türkləri arasında müqayisə aparılır,
birincilərin bu məsələdə öz həmkarlarından
geri qalmaları, xalqdan uzaq düşmələri, Avropa təsiri
altında qalmaları ilə bağlı mülahizələr
irəli sürülürdü.
Əslində o qədər də xoş
niyyət güdməyən müəllifə Asan Səbri
“Füyuzat” səhifələrində “Krımlılar nə
üçün tənqid edilmiyor?” ( sayı 6, 29 dekabr
1906-cı il) başlıqlı
yazısı ilə cavab vermişdi. Onun məqsədi Rusiya
türklərinin iki mühüm mərkəzini – Volqaboyu ilə
Qafqazı üz-üzə qoymaq deyildi. Sadəcə, həm mətbuat
və çağdaş ədəbiyyat sahəsində
birinciliyin Qafqaz türklərinə mənsub olduğunu, həm
də bölgənin türk ziyalılarının
böyük milli hisslərlə yaşadıqlarını,
bütün türk dünyasına örnək ola biləcəklərini
göstərməyə çalışırdı. Bu
baxımdan yaxşı tanıdığı Əhməd
Ağayevin yorulmaz fəaliyyətini, bitib-tükənmək
bilməyən vətən sevgisini və millət məhəbbətini
nümunə gətirərək yazırdı: “Fikri-acizanaməmə
görə Qafqaz mücahidləri mühibbi-tərəqqi
olduqları qədər millətsevər və vətənpərvərdirlər.
Millət və milliyyətləri uğrunda fədakarlıq
edən qəhrəmanlardır. Əhməd bəy Ağayev cənabları
min sənə Fransada yaşasa da, bütün adab və
müşairəti ilə ülfət etsə də kəndi
millətinin, kəndi milliyyətinin xaricində bir hərəkətdə
bulunmaz. Binaənəleyh Fransada kəsb etdiyi məlumat və
kəmalatı da islamiyyət və milliyyətə tətbiqən
ənzari millətə vəz edər. Əgər Qafqaz
mücahidləri kəndi millətinin ehtiyacatına aşina
olmayaydılar, millət və vətənlərinin səlamətini
arzu etməyəydilər, tərki-vətən edərək
mütəəddid təhsili-niyyətlə ixtiyari-qürbət
etməzdilər”.
Krımın coğrafi baxımdan Rusiya və
Avropaya, habelə İstanbula yaxınlığını
xatırladan Asan Səbri maarif və mədəniyyətin
inkişafı, mütərəqqi meyllərin yayılması
baxımından əslində öz vətənində daha
böyük imkanlar açıldığını xüsusi
diqqətə çatdırırdı. Həmin imkanlardan yetərincə
istifadə edilməməsi isə yerli xalqın təhsilə,
mətbuata laqeydliyi kimi dəyərləndirilirdi. Asan Səbri
Bakıda geniş vüsət alan milli oyanışı, bu hərəkatın
önündə gedən ziyalıları, habelə sərvətini
öz xalqından əsirgəməyən burjuaziya nümayəndələrini
həmvətənlərinə nümunə göstərərək
yazırdı: “Bu gün Krımı başdan-başa
dolaşır isək əvvəl və axırda gözə
görünə biləcək bir “Tərcüman” ilə bir
“Vətən xadimi”miz vardır. Daha nəyimiz vardır?
Ağayev, Hüseynzadə və Şirvani ( Məhəmməd
Hadi nəzərdə tutulur – V.Q.) kibi müqtədir ədib və
şairlərimizmi? Müsəlmandan doktor, mühəndis və
yuristlərimizmi? Avropa Asiyaya bizdən pək uzaq olduğu
halda qafqazlıların Rusiya, Fransa, İstanbul
darülfünunlarında təhsili-ali görüb bu gün mənafeyi-millətə
hər cəhətcə xidmət edən mütəəddid
ziyalıları vardır. Biz isə Avropa daxilində ülum
və fünun mənbəyi olan darülfünunlar yanında
bulunduğumuz və İstanbul burnumuzun ucunda olduğu halda nə
Avropa darülfünunlarında, nə də Türkiyə məktəblərində
ikmali-təhsil etmiş bir əfəndimiz yoxdur”.
Onun Azərbaycan mətbuatının
ayrı-ayrı nümunələrinə verdiyi qiymət də
maraqlıdır. “Hər nasıl olsa da bu gün Rusiyadakı
mətbuati-islamiyyənin toxumunu qafqazlılar əkmişdir. Nəşvü-nümasına
da qafqazlılar çalışıyor”- deyə məlum həqiqəti
bir daha vurğulayan Asan Səbri bu sahənin pionerinin – “Əkinçi”nin
qısa müddətli mövcudluğuna diqqəti çəkərək
yazırdı: “... dünyaya gəlməkdən məqsəd
çox yaşamaq deyil, bəlkə çox xidmət etməkdir.
Altmış sənə yaşayıb baş güdməkdənsə,
çox iş yapıb az yaşamaq daha övladır, zənn
ediyoruz...”
Tatar müəllif XX əsrin əvvəllərində
bir müddət Qafqazdakı yeganə ana dilli mətbuat
orqanı kimi “Tərcümana” yol yoldaşlığı edən
“Şərqi-rus” qəzetinə də müasirlərinin bir
çoxundan fərqli olaraq isti
münasibət bəsləmişdi: “...müddəti-davamiyyəsi
az olsa da, xidməti çoxdur. Bir çox sənələrdən
bəri səhrayi-ədəmdə ədəmi-vücudi ilə
bəlli olmayan bir çox mühərrirləri meydana
çıxardı, yazıçılar doğurdu. Ərbabi-qələmə
böyük bir yol açdı. Bu az xidmətdirmi?”
“Həyat” bütün Rusiya müsəlmanlarının
ən məşhur ədib və mühərrirlərinə
bir cövləngah, bir səhneyi-ədəb olduğu kibi,
bizim kibi mübtədilərə də gerçəkdən
bir mühərrik və müşəvviq olmuşdur. “Həyat”
həqiqətən millətə bir əsəri-həyat verib
getmişdir. Mətbuati-milliyyəmizin tərəqqisi
üçün pək çox cığırlar
açdı. Ümidsizlərə ümid, qeyrəti,
hissiyyatı sönmüşlərə həyat və qeyrət
bəxş etdi. Əfkari-milləti təhrik etdi, hər yerdə
asari-həyat meydana gətirdi” – bu səmimi, təsirli sözlər
isə, adından da göründüyü kimi, “Həyat” qəzeti
barəsində deyilmişdi.
Tatar jurnalisti milli istiqaməti ilə
seçilən digər bir qəzetin – Əhməd bəy
Ağayevin redaktorluğu ilə çıxan
“İrşad”ın fəaliyyətini də yüksək qiymətləndirirdi:
“İrşad” da bir sənədən bəri millətimizi ədalət,
hürriyyət, müsavat kibi nemətlərə təşviq
və irşad etməkdədir. Bu gün qəzetələrimizin
miyanında həqiqətən qəzet deyiləcək bir cəridə
var isə o da “İrşad”dır”.
Bədii-publisist irsinin təhlilindən də
göründüyü kimi, Asan Səbri həm nəzəri,
həm də praktiki cəhətdən maarifçi idi:
müasiri olduğu Azərbaycan ziyalılarının
çoxu kimi o da, millətin üzləşdiyi əksər
problemlərin kütləvi savadlanma yolu ilə aradan
qaldırılacağına inanırdı. 1907-ci ildə
Bakıda uşaq təhsilinin problemlərinə dair “Təlimi-ətfal”
adlı kitabı nəşr olunmuşdu. Pedaqogika məsələləri
“Füyuzat” səhifələrindəki bir sıra
yazılarının da əsas mövzusunu təşkil edirdi.
Eyni zamanda həqiqi Krım vətənpərvəri
kimi maarif işığını öz kiçik vətəni
üçün daha mühüm sayırdı. Onun fikrincə,
müstəmləkə əsarətindən xilas olmağın
yeganə yolunu ata-baba
torpaqlarını ataraq Türkiyəyə mühacirətdə
görən Krım tatarları yalnız yaxşı təhsil
aldıqları, tarixlərini bildikləri təqdirdə
doğma yurdlarının həqiqi sahiblərinə
çevrilə bilərdilər. Belə insanların ortaya
çıxmadığı müddətdə isə hər
şey əvvəlki qaydası ilə davam edəcək. Asan Səbrinin
aşağıdakı sətirləri heçə bir ürək
ağrısı ilə yazdığını sezməmək
çətindir: “Ah, qərib Vətənim! Əcdadımızın
xuni-əmiyyəti ilə təxmir olunmuş yaşıl
ovaların, bağların, bağçaların bu gün naəhl
əlində qalaraq inliyor, bizə lənət oxuyor. Fəqət,
çi fayda ki, bu iniltilərə mütəəssir olaraq əlindən
iş gələcək bir kimsəmiz yoxdur. Yüz sənədən
bəri qoyun sürüsü kibi ələləmya Türkiyəyə
hicrət ilə yollarda, vaporlarda, Anadolu yaylalarında ac və
səfil olaraq yüz binlərcə tələf olan Krım
müsəlmanları arasında qoca İstanbulun məktəblərinə,
mədrəsələrinə girib ikmali-təhsil edən bir
adamımız varmı?” Bütünlükdə,
Krımın problemlərini diqqətdə saxlamaq
baxımından “Füyuzat” milli mətbuatımızda
prinsipiallığı ilə seçilirdi. Bu bir tərəfdən
məcmuənin ümumtürk mövqeyi ilə bağlı
idisə, digər tərəfdən də Asan Səbrinin fəaliyyətinin
nəticəsi idi.
Türk-müsəlman cəmiyyətində
qadınların yeri və ailə məsələləri Asan
Səbrinin publisistikasında mühüm yer tuturdu. “Əcəba,
bizdə həyati-ailə nə surətdə cərəyan
ediyor, o həyati-ailə ki, həm bir millətin tərəqqi
və tədənnisində böyük rolu və cəmiyyəti-bəşəriyyəyə
təəllüqi-əziməsi vardır...”– deyə millətin
gələcəyi baxımından çox mühüm məsələyə
toxunan Krım-tatar publisisti milli həyatın digər sahələri
kimi burada kədərli mənzərə rəsm etməkdən
özünü saxlaya bilmirdi: “ Əvət, bizdə ailənin
qailədən heç bir fərqi yoxdur. Hanki ailə gözə
alınarsa, ya bir darül-hüzn və yəsdir, ya ki, bir
darül-fəlakət və səfalətdir. Heç bir ailədə
əsəri-həyat və fəaliyyət görünməz.
Ümuri-beytiyyə vəzifələri, cocuqların tərbiyə
və təlimi həp zavallı validələrə tövdi
edilmişdir. O validələrə ki, zövcləri nəzərində
yalnız əsirə, xidmətkar və alətdir. O validələrə
ki, tərbiyə və təlimdən bibəhrə, elm və
irfandan, hüquqi-insaniyyədən məhrumə...”
“Qadın gülərsə, şu issız
mühitimiz güləcək, Sürüklənən bəşəriyyət
qadınla yüksələcək!” – deyən Hüseyn Cavidin
ardınca Asan Səbri də cəmiyyətdə gerçək
mənəvi dəyərlərin, millətin gələcəyinin,
yetişən nəslin təlim və tərbiyəsinin
qadınların adı ilə bağlılığı
fikrini israrla vurğulayırdı. Onun “Füyuzat”da dərc
olunan “Qadınlıq və qadınların əhəmiyyəti”
(15 avqust 1907, sayı 25) məqaləsi qadın və ananı
tərənnüm edən lirik-patetik esse idi. “Qadın! Nə
müqəddəs kəlmə, nə ali ünvan! Şu
beş hərfdən mürəkkəb qadın ünvani-cəliləsi
təhtində nə qədər mühüm məsələlər,
nə dərəcə ali və nazik vəzifələr
mövcuddur! Qadın nədir? Şəfqət, riqqət və
mərhəmətdən xəlq olunmuş bir
vücudi-narındır ki, nazikanə nəzərləri,
xalisanə sözləri, məhcubanə ədaları həp
mələkanədir. Saf, vicdanlı, həzin ədalı bir
qadının təbəssümü ruhumuza inbisat verdiyi kibi,
giryəsi də ən qatı yürəkləri
yumşaldır, insanı hönkür-hönkür
ağladır...”
Asan Səbrinin təfriqələr
halında “Füyuzat”da çap olunan yeganə iri həcmli bədii
əsəri “Nədən bu hala qaldıq?” pyesi idi.
Üç pərdədən ibarət əsər məcmuənin
1907-ci ildə çıxan 12, 14, 15, 17, 20, 21, 22-ci
saylarında dərc edilmişdi. Yuxarıda da qeyd etdiyim kimi
pyes 1907-ci ildə Bakıda ayrıca kitab halında da
çıxmış və həmin dövrdə ədəbiyyat
həvəskarlarının diqqətini çəkmişdi.
Doğrudur, aradan iyirmi il keçəndən
sonra Azərbaycan proletar tənqidçisi Əli Nazim
İstanbulda, “Türk yurdu” məcmuəsindəki “Yeni Azəri
ədəbiyyatı haqqında” (1927, say 31) məqaləsində
Asan Səbri yaradıcılığının “Füyuzat” ədəbiyyatında
elə mühüm bir iz buraxmadığı fikrini irəli
sürərək yazırdı: “Məcmuədə pək
yaxından iştirak edən Krım mühərrirlərindən
Hasan Səbri Ayvazov və türkiyəli Əhməd
Kamalın da rolları pək ibtidai qaldı. Hasan Səbri ədəbi
cəhətdən heç bir cazib xüsusiyyətə malik
olmayan bəzi pyesləri (əslində isə, söhbət
yalnız bir pyesdən gedə bilərdi – V.Q.), Əhməd
Kamal isə yalnız basılmaqla qalan bir takım şeirləri
və tənqidi məqalələri ilə bu ədəbiyyatda
bir mövqe tuta bilmədilər. Bundan dolayı biz “Füyuzat”
ədəbiyyatının başlanğıc dövrəsinin
yeganə müməssili olan Məhəmməd Hadini göstərməyə
kəndimizi haqlı sayırıq”.
“Füyuzat” ədəbi məktəbinin
layiqli davamçısı kimi Məhəmməd Hadini digər
həmkarlarından fərqləndirməkdə, tənqidçi,
təbii ki, haqlı idi. Amma burada incə psixoloji məqamı
da nəzərə almaq lazımdır. “Füyuzat”ın nəşri
cəmisi bir il sürmüşdü. Bir ilə ədəbiyyat,
üstəlik də yeni istiqamətin manifestini elan etmiş bir
ədəbiyyat yaranmır. Sadəcə, Əli Nazim azərbaycanlı
şairin “Füyuzat”dakı fəaliyyəti ilə onun sonrakı
ədəbi yaradıcılığını vəhdət
halında götürmüşdü. Asan Səbri, yaxud Əhməd
Kamal irsinə münasibətdə isə eyni prinsip diqqətdən
qaçırılmışdı.
“Nədən bu hala qaldıq?” Azərbaycan
dramaturgiyasının eyni dövrdə yaranmış nümunələri
ilə müqayisədə zəif ola bilərdi. Və həqiqətən
də belə idi. Burada qeyri-adi heç nə yoxdur. Nəzərə
almaq lazımdır ki, həmin pyes
milli ədəbiyyatında dramaturji ənənələr
hələlik zəif olan bir tatar müəllifinin, həm də
ədəbi yaradıcılıqda ilk addımlarını
atan təcrübəsiz gəncin
əsəridir. Əsərin zəif cəhətləri
göz önündədir. Pyesdə hərəkət demək
olar ki, yox dərəcəsində idi.
İştirakçıların uzun-uzadı dialoqlarında əsasən
müəllifin publisist yazılarında əks olunan fikirlər
təkrarlanırdı.
Əsər Krımın tarixi taleyi və
gələcəyi ilə bağlı düşüncələrdən
söz açırdı. Vətəninin nədən indiki vəziyyətə
düşməsinin səbəblərini araşdıran Asan Səbri
qəhrəmanlarının dili ilə keçmişin
ideallaşdırılmasına ön plana çəkirdi.
Mövcud gerçəkliyi dəyişmək imkanı əldə
edə bilməyən insanlar əvvəllər hər
şeyin indikindən yaxşı olması, cəmiyyətdə
həqiqi harmoniya və ədalətin hökm sürməsi
illüziyası ilə özlərinə təsəlli
verirdilər. Bu illüziyanın əsasında isə
Krımın bir zamanlar müstəqil xanlıq şəklində
yaşaması, yadelli asılılığın olmaması
dayanırdı. Məişətdən, dildən, mənəviyyat
və əxlaqdan tutmuş təsərrüfatın bərbad
vəziyyətə düşməsinə qədər
bütün bəlalar bölgənin rus əsarəti
altına düşməsi ilə əlaqələndirilirdi.
Rus alimi, professor P.A.Falev 1918-ci ildə dərc
etdirdiyi “Krım tatar ziyalılarının ideologiyasından”
adlı məqaləsində “Nədən bu hala qaldıq?”
pyesi üzərində geniş
dayanmışdı. Bu da ilk növbədə Asan Səbrinin əsərində
kifayət qədər aydın və təsirli ifadə olunan
antirus mövqeyi ilə bağlı idi. Dramaturqun fikrincə, yüz ildən
çox davam edən rus ağalığı Krım türklərinə
yeni heç bir şey verməmiş, onları mədəniyyətə
və sivilizasiyaya qovuşdurmamışdı. Əksinə,
xalq onu ayaqda saxlayan, dirəniş və müqavimət ruhunu
mühafizə edən bir sıra mühüm xüsusiyyətlərini
həmişəlik qeyb etmişdi. Eyni zamanda haqqında idillik duyğularla
söz açılan keçmişə qayıdış da
mümkün deyildi. Krım Rusiyanın bir hissəsi idi və
onun taleyini paylaşmaqdan başqa digər yol qalmırdı.
Tatarlar Rusiyada genişlənən siyasi mübarizəyə fəal
şəkildə qoşulmalı idilər. Lakin bu zaman
heç bir ideologiya onları
dillərindən, dinlərindən və milli
varlıqlarından uzaqlaşdırmamalı idi.
***
Tərcümeyi-halında göstərdiyinə
görə Birinci rus inqilabından sonra çarizmə
qarşı fəal mübarizəyə qoşulan Asan Səbri
eser partiyasının sıralarına daxil olmuşdu.
Krımın kurort şəhərlərində gizli iş
aparmış, dəfələrlə həbs təhlükəsi
ilə üzləşmişdi. Fəaliyyəti çar
jandarmının diqqətindən yayınmamışdı. Nəticədə
Stolıpin irticasının
genişlənməyə başladığı 1907-ci
ildə Krım yarımadasının da tərkibinə daxil
olduğu Tavriya quberniyasından sürgün edilmişdi.
Bundan sonra bir müddət Bakıda yaşadığı
haqqında məlumatlar mövcuddur. Türkçülük və
milliyyətçilik əqidəsi
daşıyanların burada da çar polisinin təqiblərinə
uğradığını gördükdən sonra isə
daha uzaqlara çəkilməyi qərara almışdı.
Təhsilini
davam etdirmək, eyni zamanda ərəb dili sahəsindəki
biliklərini təkmilləşdirmək üçün
Qahirəyə yollanmışdı. Çox güman ki, həmin
dövrdə İsmayıl Qasprinskinin Misir paytaxtında
olması və burada dünya müsəlmanları konqresini
keçirməklə bağlı müəyyən danışıqlar
aparması da səfər
marşrutunun seçilməsində bəlli bir rol
oynamışdı. Asan Səbri həyatının hadisələrlə
zəngin olan bu dövrü haqqında
aşağıdakıları yazırdı: “1908-ci il
yanvarın ilk günlərində astma xəstəliyindən
müalicə olunmaq üçün Misirə getdim. Növbəti
il yenidən Moskvaya qayıtdım. Burada evlərdə dərs
verir, habelə Lazarev İnstitutunda mühazirələri dinləyirdim.
Moskvada üç dəfə həbs olundum. 1911-ci ildə
İsveçrəyə getdim. Bazeldə təsadüfən
yoldaş Leninlə tanış oldum. Konstantinopol üzərindən
Rusiyaya qayıtdım və Moskvada yaşamağa
başladım”.
Asan Səbrinin Leninlə
görüşü, habelə Butırka həbsxanasından
qaçışı barəsindəki iddiaları hər
hansı məxəz, yaxud sənədlərlə təsdiq
olunmadığından bu epizodların sadəcə sovet rejimi
ilə dil tapmaq, bolşeviklərə “öz adamı” təsiri
bağışlamaq üçün əl atılmış
üsul da saymaq mümkündür.
Yenə də öz etiraflarına görə
1910 və 1912-ci illərdə Türkiyədə olarkən
Asan Səbri pantürkist cərəyanın Yusif Akçura, Əhməd
Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehmet Emin
Yurdaqul, Xalidə Ədib kimi tanınmış simaları ilə
sıx əlaqə yaratmışdı. Adlarını çəkdiyi
şəxslərlə birlikdə milli düşüncənin
mühüm mərkəzinə çevrilən “Türk
ocaqları”nın qurulmasında yaxından iştirak
etmişdi.
O, Rusiyaya, Krıma yalnız 1913-cü ildə,
Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə
ümumi əfv elan olunandan sonra qayıda bilmişdi.
İsmayıl bəy Qasprinski otuz ildən çox
yaşatdığı və Rusiya türklərinin ümumi
orqanına çevirdiyi qəzeti öz işinin ən layiqli
davamçılarından biri saydığı Asan Səbriyə
vəsiyyət etmişdi. “Tərcüman”ın sahiblik
hüququ Qasprinski ailəsinə qalsa da, Asan Səbri fevral
inqilabına qədər baş redaktor kimi fəaliyyət
göstərmişdi. Onun rəhbərliyi altında qəzet
siyasi mövqeyində müəyyən dəyişikliklər
edərək daha çox solçu təmayüllərə və
liberalizmə üstünlük verməyə
başlamışdı.
Rusiya imperiyasının süqutu əksər
milli ucqarlarda olduğu kimi Krımda da azadlıq hərəkatına
və müstəqillik uğrunda mübarizəyə geniş
vüsət vermişdi. Təbii ki, iyirmi ilə yaxın bir
müddət ərzində mətbuat səhifələrində
Krım tatarlarını öz tarixi vətənlərinə
sahib çıxmağa səsləyən Asan Səbri həmin
mübarizədən kənarda qala bilməzdi. Fevral
inqilabından sonra o, milli mücadilənin əsas tribunası
kimi tanınan “Millət” qəzetinə rəhbərlik edirdi.
Qəzet Rusiya və Ukraynanın öz tərkibində
görmək istədiyi yarımadanın tam müstəqilliyi
ideyasına tərəfdar çıxırdı. Xüsusən
də baş redaktor 1783-cü ildən Rusiyanın müstəmləkəsinə
çevrilən, milli və dini tərkibi məqsədyönlü
şəkildə dəyişdirilən Krımda müstəqil
tatar dövlətinin qurulması məsələsində dönməz, prinsipial mövqeyi ilə
seçilirdi. 1917-ci ildə Bağçasarayda toplanan
“Krım Tatar Milli Parlamenti (Qurultay) Numan Çələbi
Cahanı hökumət başçısı təyin
etmişdi. Asan Səbrini isə Parlamentin üç sədr
müavinindən biri, eyni zamanda bolşeviklərin fəaliyyətinə
imkan vermədikləri Rusiya Müəssislər Məclisinə
nümayəndə seçilmişdi. Oktyabr
çevrilişindən sonra o, Krımın müstəqilliyi
məsələsində daha prinsipial addımlar atmağa
çalışmışdı. Krım-tatar parlamentinə –
Parlamentə rəhbərlik etdiyi dövrdə ağ və
qırmızı Rusiyanın yeni
işğalçılıq niyyətlərindən qorunmaq məqsədi
ilə yarımada üzərində alman himayəçiliyinin
təmin olunması xahişi ilə imperator İkinci Vilhelmə
müraciət imzalamışdı.
Asan Səbri Krım tatarlarının
nümayəndə heyətinin tərkibində 1917-ci ilin
mayında Moskvada Rusiya müsəlmanlarının
qurultayında iştirak etmişdi. Keçmiş
imperiyanın gələcək dövlət quruluşunun
müzakirəyə çıxarıldığı mötəbər
məclisdə Əlimərdan bəy Topçubaşov və
Məmməd Əmin Rəsulzadənin irəli sürdükləri
federal demokratik respublika forması üstünlük
qazanmışdı. Gərgin keçən səsvermədə
Krım heyəti azərbaycanlı həmkarlarının
mövqeyinə tərəfdar çıxmışdı.
Moskva qurultayının təsiri altında
Krımda fəal üzvlərindən birinin də Asan Səbri
olduğu Milli Firqə yaranmışdı. Milli Firqə
qarşısına Avropa güclərinin himayəsi altında
müstəqil türk-tatar dövləti yaratmaq məqsədini
qoymuşdu. Bunun üçün yarımadada tatar əhalisinin
sayını 600 min nəfərə çatdırmaq
(onların 200 minini mərkəzi quberniyalardan, 70 minin
Rumıniyadan, 30 minini isə Polşa və Litvadan
köçürmək nəzərdə tutulurdu), dövlət
aparatını Türkiyədən dəvət olunmuş təcrübəli
məmurların, ordunu Polşa və Litva tatarlarının,
habelə neytral mövqeli rusların hesabına
formalaşdırmaq, Ukrayna və Polşa ilə anlaşmalar
imzalamaq, bütün milliyyətçi qüvvələrlə
iş birliyi şəraitində çalışmaq nəzərdə
tutulurdu.
1918-ci ilin iyununda tatar əsilli rus
generalı Masey Sulkeviçin rəhbərliyi ilə
mövcudluğu bir neçə ay sürən müstəqil
Krım Respublikası qurulanda Asan Səbri türklərin
yardımını təmin etmək məqsədi ilə
diplomatik nümayəndə kimi İstanbula göndərilmişdi.
Həmin dövrdə Türkiyə paytaxtında olan Məmməd
Əmin Rəsulzadə xarici işlər naziri Məmməd Həsən
Hacınskiyə 4 avqust 1918-ci il tarixli məktubunda Krım
nümayəndəsi Asan Səbri Ayvazovun İstanbula gəldiyini
və fəaliyyətə başladığını xəbər
verirdi. Osmanlı imperiyasının Birinci Dünya müharibəsində
məğlubiyyətə uğraması gözlənilən
siyasi və maliyyə dəstəyi ilə bağlı
arzuları puça çıxardı. Krımda biri-birinin
ardınca baş verən hakimiyyət dəyişiklikləri
isə Asan Səbrini oyundan kənar vəziyyətə
saldı. Artıq heç kimi təmsil etməyən
uğursuz diplomat bir müddət türk qəzetləri
üçün məqalələr yazmaq və tərcümələr
etmək hesabına çətinliklə yol pulu düzəldərək
vətənə döndü. Bolşevik rejimi şəraitində
bir neçə aylıq simvolik diplomatlığı milli hərəkatda
iştirakının tərkib hissəsi kimi onun
üçün ciddi baş ağrısına və təhlükəli
siyasi ittihamlara çevrildi.
***
Krımda sovet hakimiyyəti qurulduqdan (1921)
sonra Asan Səbri Krım MİK-də tərcüməçi
kimi (bəzən səhvən Krım MİK üzvü
olduğu göstərilir – V.Q).
çalışmışdı. Eyni zamanda ali məktəblərdə
pedaqoji fəaliyyət imkanı qazanmışdı. 1919-cu ildə
yaranan Krım Universitetinin baş assistenti idi, Pedaqoji
İnstitutda isə ərəb və fars dillərini tədris
edirdi. Krım-tatar mətbuatında bədii yazıları,
publisist məqalələri, habelə klassik rus ədəbiyyatından
tərcümələri işıq üzü
görürdü. Krım ziyalılarının
tanınmış nümayəndəsi kimi respublikanın mədəni
və ictimai həyatında yaxından iştirak edirdi. Eyni
zamanda köhnə silahdaşları ilə əlaqələri
də kəsməmişdi.
Krım MİK və “Pomqol” (“Aclara
yardım”) cəmiyyəti Asan Səbrinin Türkiyədəki
əlaqələrindən, türk ziyalıları və rəsmiləri
arasındakı nüfuzundan yararlanaraq 1922-ci ilin baharında
onu bolşevik Mahmud Nədimlə birlikdə aclıqdan əziyyət
çəkən əhaliyə yardım toplamaq məqsədi
ilə Ankaraya, Atatürk hökumətinin yanına göndərmişdi.
Türkiyədə onları ehtiramla
qarşılamışdırlar. Paytaxt Ankaraya gəldiklərinin
ertəsi günü sovet Rusiyasının nümayəndəliyində
Qazi Mustafa Kamal Paşa ilə görüşləri
olmuşdu. Türk ictimaiyyətini krımlı
soydaşların ağır vəziyyəti ilə
tanış etmək məqsədi ilə onun göstərişi
əsasında qəzetlərdə elanlar verilmiş, şəhər
teatrında Krım heyəti ilə izdihamlı
görüş təşkil edilmişdi.
Aprelin 18-i, yaxud 19-da TBMM üzvlərinin,
hökumət və mətbuat nümayəndələrinin,
habelə Krım siyasi mühacirlərinin iştirakı ilə
Asan Səbrinin yarımadanın bir sıra bölgələrində
yayılan aclıq barəsindəki məruzəsi dinlənilmişdi.
Dərhal da Atatürkün yaxın silahdaşlarından biri,
general Refat Paşanın sədrliyi ilə Krım əhalisinə
ianə toplamaq məqsədi ilə xüsusi komissiya
yaradılmışdı. Türkiyənin özünün
aclıq və dağıntılardan əzab çəkməsinə
baxmayaraq hökumətin tapşırığı ilə
mahal və qəzalarda yardım kampaniyası
başlanmışdı. Rusiya diplomatik nümayəndəsi
S.İ.Aralov bütün bu tədbirlərdə yaxından
iştirak etmişdi. Rəsmi görüşlərin əksəriyyəti
də nümayəndəliyin binasında keçirilmişdi.
Krım tatarlarının tarixi, dili,
folkloru, musiqisi ilə yaxından maraqlanan Mustafa Kamal Paşa ilə
Həsən Səbrinin üç görüşü
olmuşdu. İkinci görüş Ankaradakı Azərbaycan
səfirliyində, səfir İbrahim Əbilovun
iştirakı ilə baş tutmuşdu. Görüşə
bir neçə tanınmış türkoloq, jurnalist və
millət vəkili də qatılmışdı. Bu da həmin
dövrdə səfirliyin yeni paytaxt Ankaranın mədəni həyatında
oynadığı mühüm roldan və Atatürkün Sovet
Azərbaycanına xüsusi münasibətindən xəbər
verir.
Müəllifin Atatürkün dilindən
gətirdiyi aşağıdakı sözlər yeni Türkiyə
qurucusunun Azərbaycanın zorla sovetləşdirilməsinə
münasibətini aydınlaşdırmaq baxımından
maraqlıdır. Pantürkizm və slavyanofilliyin keçmişdə
qaldığını, bu ideya təmayüllərinin
Osmanlı imperiyası ilə çar Rusiyası
arasındakı rəqabət və münaqişədən
qaynaqlandığını bildirən Atatürk Asan Səbri
ilə söhbətində milli müstəqillik tərəfdarlarının
yox, sovet Krımının mövqeyində
dayandığını söyləmişdi: “Sizin rəhbərləriniz
çar zabitlərinin təsiri altına düşərək
sovetlərə qarşı vuruşmaqla böyük səhvə
yol vermişlər. Bu səhv zavallı tatar xalqını
bolşeviklərlə savaşa sürükləyənlərə
bir ibrət dərsi olmalıdır.
1918-ci ildə buraxılan səhvin üstündən
artıq dörd il keçib, Krımda sovet hakimiyyəti tam
möhkəmlənib. Bildiyim qədər bolşeviklərin
proqramı çox genişdir, onların milli siyasəti
bütün millətlərə öz ədəbiyyatını,
mədəniyyətini inkişaf etdirmək, iqtisadi vəziyyətini
yaxşılaşdırmaq imkanı verir”.
Asan Səbri Türkiyəyə səfəri
və yüksək səviyyəli görüşlər
üçün kimə minnətdar olduğunu bildiyindən
bolşeviklərin etimadını doğrultmağa
çalışmışdı – bir sıra türk və
Avropa qəzetlərinə verdiyi müsahibələrdə
sovet quruluşu, yeni üsuli-idarə haqqında tərifli
sözlər söyləmişdi. Eyni zamanda formalaşmaqda
olan sovet nümayəndəliyinin fəaliyyətinə kömək
göstərmişdi. Tərcüməçilik
missiyasını üzərinə götürmüş,
nümayəndəlik yanındakı məktəbdə
türk uşaqlarına rus dilini tədris etmişdi. Amma bu
yolla çekistləri arxayın salmaq mümkün
olmamışdı. Onun türk ziyalıları, habelə
mühacir həmvətənləri ilə əlaqələri
sovet çekistlərində şübhə doğurmuşdu.
Nəticədə təcili şəkildə geri
çağırılması ilə bağlı məsələ
qaldırmışdı.
Vilayət
QULİYEV
(Ardı
gələn şənbə sayımızda)
525-ci
qəzet.- 2013.- 6 iyul.- S.10-11.