"Bütün deyilənlərə rəğmən
və ya Ağa Məhəmməd şah Qacar”
Görkəmli
dramaturq Əli Əmirlinin yeni pyesinin tamaşası ictimai
baxışdan keçib
«Mən Qacar nəsliyəm, şahlar
şahıyam, Mən də yer üzünün bir
allahıyam”
Səməd Vurğunun “Vaqif” pyesində
yaratdığı Qacar obrazını dəyişmək
üçün uzun-uzun illər, bəlkə də bu sətirlər
beyninə həkk olunmuş nəslin dəyişməsi
lazımdır...
Bu, bütün savaşlardan qalib
çıxsa da şair Vaqiflə deyişməsində məğlub
olan, işğalçı, qəddar, zülmdən həzz
alan bir şah idi. Vəssalam.
Xanlıqların vəziyyəti (bir-biri ilə çəkişmə),
Rusiyanın maraqları, Qacarın ölkəni birləşdirmək
istəyi xatırlanmırdı, bu o zaman lazım deyildi. Tarix əlbəttə ki,
tarixçilərin işidir. O zaman başqa cür olsa indi necə
olacaqdı, bilmirik. Amma bədii əsərin təsir
gücü də başqadır. Bu Qacar Vurğunun su kimi
axıcı sözləri ilə, Milli Teatrın “Hamlet”i olacaq
qədər məşhur “Vaqif” tamaşası ilə
tamaşaçı beynində hökmran oldu. Onu devirmək
üçün əlbəttə ki, başqa bir Qacar lazım idi və Əli
Əmirli bu yaxınlarda “Bütün deyilənlərə rəğmən
və ya Ağa Məhəmməd şah Qacar” pyesini yazdı.
Məqsəd elə pyesin adından bəlli idi. Bütün
deyilənlərə rəğmən Ağa Məhəmməd
şah Qacar...
Burada
Qacarın şəxsiyyət kimi gizlinlərindən qabaq ilk
növbədə tarixi aspekti maraq doğurur. Hərçənd
şəxsiyyət kimi Qacarı maraqlı edəcək onlarla
məqam var. Bunlardan daha tez yada düşəni onun xədim
olmağıdır. Hakimiyyətdə olan xədim şah... Əli
Əmirli bəlkə də milli teatr üçün ən
maraqlı nöqtəyə toxunub.
İttifaq dağılandan sonra tarixə,
tarixi şəxsiyyətlərə yenidən nəzər
salmaq ehtiyacı yarandı. Elə o ərəfələrdə
Jan Gevrin “Xacə şah” romanı çap olundu. O Qacar bir
başqa Qacar idi.
İyulun 13-də Akademik Milli Dram
Teatrında premyerası keçirilən “Şah Qacar”
(dramaturq Əli Əmirli, Rejissor Azər Paşa Nemət) tamaşasında Ağa Məhəmməd Qacar (Fuad Poladov) psixoloji faciə qəhrəmanıdır.
Tamaşa xacə şaha nifrət bəsləyən
xanların sui-qəsd planlaması ilə başlayır və
bu planın gerçəkləşməsi ilə bitir. Bu
zaman kəsiyində tamaşaçının məşhur
xacə şahla tanış olmaq imkanı var. Bu imkan peşəkar
dramaturji üsulların sayəsində mümkün olub:
Ağa Məhəmməd şah düşməni Kərim xan
Zəndin sümüklərini ayağı altında
basdırır və bu məqamda onun Zəndin əsirliyində
olduğu zamanı xatırlamaq üçün zəmin
yaranır.
Şah
(Fuad Poladov) və anası Ceyran xanım (Laləzar Mustafayeva)
olduğu yerdə qalırlar-şah taxtında, ana isə onun
yanındakı kürsüdə. Amma işıq daha
yuxarıda divarın üstündə gəzişən Kərim
xan Zəndin üzərinə düşür – Bu Qacarın
illərlə içində gəzdirdiyi, unudulmaz xatirəsidir. Rejissor Zəndi
yuxarıda gəzdirir-Qacar onu nə qədər
aşağılasa da onun xatirəsində Zənd həmişə
onu əsir saxlayan hakimdir. Məgər xatirəni silmək, ya
da dəyişmək olarmı? Aktyor Məmməd Səfanın
Kərim xanı nifrətə layiq düşməndir. O,
gülüşü, ağır-ağır
aşağılama tərzi ilə Qacarı yaralayır,
ölümcül edir, amma öldürmür, onu ölümə
layiq belə bilmir. Bu saymazyanalıq Qacar üçün dəhşətlidir.
O zaman bir ölünün sümüklərinə edilən təhqir
anlaşılır. Ümumiyyətlə pyesdə, tamaşada
bir məqam da boşda, anlaşılmaz qalmır. Bütün
faktlar, xarakterik məqamlar izah olunur.
Hakimiyyət
və xacəlik-bu, tamaşa boyu Qacarın düşmənlərinin
dilindən səslənən əsas arqumentdir. Xacəlik və
şahlıq ziddiyyət kimi görünür. Məsələ yalnızca vəliəhdsiz
olmaqda deyil.
Hakimiyyət kişi xislətinə aid
inaddır. O zaman nə üçün kişi sayılmayan
Qacar hakimiyyətdədir? Bunun cavabını tamaşa
içində Qacar özü dəfələrlə verir: “Mən
anadan xədim doğulmamışam”.
Fiziki olaraq
kişi sayılmasa belə, psixoloji olaraq Qacar kişidir
(Ümumiyyətlə cins fizioloji deyil, həm də psixoloji
keyfiyyətdir)və xədimliyi ilə bu hakimiyyət inadı
daha da möhkəmlənib. Tamaşada onun necə xədim
olması barədə versiyalar axtarılmır. Sadəcə
Zəndin dilindən bir versiya söylənir. Məlumat
üçün. Şahın qadın ətri hiss edə
bildiyi o günləri xatırlatmaq üçün...
Amansızlığın altında nələr
var? Qadınsızlıq faciəsi, gülüş hədəfi
olmaq, əsirlik dövründə aşağılanmaq, xəstəliyindən
dolayı keçirdiyi ağrılar, atasının kəsili
başını qucmaq kimi sarsıntılar... Tənhalıq
üçün bunların bircəciyi kifayətdir. Qacar
özü dediyi kimi sonu olmayan bir sınağa çəkilir.
Amma bu elə sınaqdır ki sonda mükafatı yoxdur. Onun
ümumiyyətlə sonu yoxdur. Bunlar amansız olmağa yetərmi?
Əlbəttə daha başqa və böyük səbəb
var: Qorxu. Ağa Məhəmməd şah hər kəsdən
qorxur, bəllidir, şahın dostu olmur. O, yaxın gələn
hər kəsi öldürməyə məcburdur- hətta
sevdiyi qardaşını da. Bu dəhşətli tənhalıq
ondan asılı deyil. O şah olduğu qədər də məhkumdur.
Tamaşada
açıq metaforalar var. Mətndən gələn bənzətmələr
aktyor oyununda işlənir. Tərtibatda, musiqidə,
işıqda, ideyada yeni forma qazanmasa da bu metaforalar yalnızca
aktyor oyunu ilə özünə dayaq tapa bilir:
Kərim xan
Zəndin əsirliyində olduğu zamanlarda Qacar tülkü
ovuna çıxırmış. Tülkünü tutur amma
öldürmürmüş, onun boynuna zınqırov
keçirib buraxırmış. Bu zınqırovlu tülkü,
səsdən başqalarını da ürküdür, nə
ov edə nə də cütləşə bilirmiş. Tənhalıq
və aclıq içində ulaya-ulaya ölürmüş.
Qacar tamaşa içində bu əhvalatı
danışır və özünü o tülküyə bənzədir.
Zınqırov isə şübhəsiz ki,
başındakı şahlıq tacıdır. O isə əbədilik
tənhalığa məhkumdur. Bu tənhalıq tülkü
ulartısı ilə qohumdur. Bunu Fuad Poladovun Qacarı ulayaraq
sübut edir. Bu ulamaq səhnəsi təsir gücünə
görə tamaşanın kulminasiyası
sayılmalıdı. “Şah Qacar” musiqisi (Səyavuş Kərimi),
tərtibatı ilə (ortada yalnız şah taxtı olan
qaranlıq boşluq və ya hər an kimin girəcəyi
bilinməyən dörd qapılı divar), tənhalığı,
tale amansızlığını (omu insanlara daha amansız
idi, yoxsa tale ona qarşı daha amansız olmuşdu?!),
“yazıya pozu yoxdur” çıxılmazlığını
ifadə edən hər cür xırdalıqlarla tənha faciə
qəhrəmanını əhatə edir, ifadə edir... Teatr
belədir, üzərinə işıq salınan səhnədəki adam susur və o
artıq fəlsəfidir.
Hərçənd
bu xırdalıqlarla yaradılan atmosferi darmadağın etmək
də olur. Final səhnəsində Qacarın nəşinin
göyə qalxması kimi...
Fəlsəfə
demişkən, tamaşa içində bir-birindən sərrast,
müdrik fikirlər səslənir. Əsla yanılmayaq. Bunlar
müəllifin əsəri fəlsəfiləşdirmək,
statusluq ağıllı fikirlər toplusuna çevirmək
üçün deyil. Bu fikirləri şahın
yanındakılar deyir. Şeyx (Vidadi Həsənov),
Şuşa ruhanisi (Ayşad Məmmədov),
vəzir, fərq etməz. Bu səhnələr sadəcə
olaraq şaha yarınan bir şərq müdrikliyi
növünü nişan verir. Saray müdrikləri belə
olmalıdır. Şahın xoşuna gələn müdrik
fikirlər söyləməlidirlər. Və... Qacar şah
olduğu üçün müdrik yox, müdrik olduğu
üçün şahdır. Bu müdriklik nədir? - O, hər
gün qan tökür, hər qələbəsinin sevincində
bir qan izi var. Bu qədər sadə və kədərli...
Akademik Mili
Dram Teatrının yeni Qacarı psixoloji realistik faciə qəhrəmanıdır.
O nə qədər
yenidir? Ümumiyyətlə, yenilik ölçülərini
haradan qoymaq lazımdır? Kimin üçün yenidir? Bu
sualları yalnızca teatrın ifadə formaları, rejissor
yozumu kontekstində iqnor etmək olardı. Əlbəttə
könül istərdi ki, bu “quyruqlu ulduz altında” quyruqsuz
doğulan əcaib şəxsiyyətin mistikliklə,
(şeytana xas orta cinsliliyi) “nə kişi, nə qadın”
mahiyyətini apokaliptiklə “bəzəsinlər”. Amma bu,
başqa bir tamaşadır. Psixoloji realistik faciə qəhrəmanı
üçün bunlar da yetərlidir.
“Şah
Qacar” tamaşası mövsümün son premyerası idi.
Güllü-çiçəkli, alqışlı,
coşğulu bir premyera. Bu “teatr ölüb” pessimizmində qələbəyə
də oxşayırdı, nostaljiyə də. Gurultulu zal,
gül-çiçək, heyranlıq dolu baxışlar, Fuad
Poladovun Qacarı... Teatrın əvvəlki məşhurluğunu,
nüfuzunu xatırlatdı... Keçmişə, adamların
“dramaturq və aktyor teatrı”na doğru, yoxsa gələcəyə,
teatrın artıq sıfırdan başlayan inkişaf
dövrünə doğru? O gələcəkdə yeni ifadə
forması, sırf teatr ifadə vasitələrinə uyğun
bənzətmələr, gözlənilməz rejissor yozumu və
postteatr dövrünün tamaşaçıları olmalıdır...
525-ci qəzet.-
2013.- 16 iyul.- S.7.