Etnik
baxımdan zəngin bölgələrimiz – Qəbələ
Azərbaycan
etnik tərkibi baxımdan da dünyanın ən zəngin
ölkələrindəndir. Ümummilli
lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın
zənginliyi həm də burada yaşayan müxtəlif
xalqların sayının çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir
müxtəlif xalqların nümayəndələri əl-ələ,
çiyin-çiyinə dostcasına, qardaşcasına
yaşayırlar. Ölkənin bütün bölgələrinə
səpələnərək yaşayan etnik qruplar, azsaylı
xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil
edirlər. Tarixi proseslərin nəticəsi bir sıra
xalqların məskunlaşmasında da özünü
göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar,
azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində
isə sıx halda məskunlaşıblar. Azərbaycan
ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə
olsa da, bu etnik zənginlik çaları özünü bəzi
bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə
büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə
etnik rəng özünü daha tünd çalarda göstərir,
bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha
kompakt şəkildə yaşayırlar.
Etnik
baxımdan zəngin bölgələrimizdən biri də Qəbələ
rayonudur. Rayonun səfalı, füsunkar təbiəti ilə
yanaşı onu səciyyələndirən başlıca
amillərdən biri də burada bir çox etnosların,
azsaylı xalqların tarixən məskunlaşmasıdır.
Rayonun belə yaşayış məntəqələrindən
biri də qədim və unikal tayfalardan olan udinlərin məskunlaşdığı
Nic qəsəbəsidir. Nic qəsəbəsi Qəbələ
rayonundan 40 km cənub-qərbdə yerləşir. Kənddə
etnik qrup olan udinlər yaşayır. Əhalinin sayı 4000 nəfərə
yaxındır. Udinlərə aid ilk məlumat hələ 2500
il bundan əvvəl verilib. Bu etnosun əcdadları olan utilər
haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində
məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun
“Coğrafiya” əsərində Xəzər dənizi və
Qafqaz Albaniyası haqqında məlumatında utilərdən
söhbət açılıb. Udi sözünə termin kimi
ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində
rast gəlinir. Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində,
Xəzər dənizinin ətrafında müxtəlif
tayfaların, o cümlədən – udinlərin
yaşadığı göstərir. Utilər Alban
çarlığının yaranmasında mühüm rolu
olan 26 alban tayfalarından biridir.
Utilər
haqqında daha ətraflı Vlll əsrdə
yaşamış Moisey Kalankatlunun “Alban tarixi” əsərində
məlumat verilib. O, özünü uti tayfalarına aid edir.
Tarixən Günəşə, Aya sitayiş edən udinlər
IV əsrin əvvəllərində xristianlığı qəbul
ediblər və bu günə kimi dinini saxlayıblar.
313-cü il udinlər tərəfindən
xristianlığın qəbul edilməsi ili sayılır. Bu
tarixdə alban çarı Urnayr xaç suyuna salınma adətini
qəbul edib və xristianlıq Qafqaz Albaniyasının rəsmi
dininə çevrilib. Qafqaz Albaniyasının əhalisinin
xristianlaşma dövründən başlayaraq udinlər Alban
kilsəsinə mənsubdur. Başqa xalqlar kimi,
xristianlığı qəbul etdikdən sonra, udilər yeni
xristian ayinlərlə bərabər köhnə adət və
ənənələri qoruyub saxlayıblar. Məsələn,
evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən
qalmış ənənədir. Udin xristianlar olduqca tez-tez
dualarını Aya döndərirdilər və öz dinini
saxlayan Qafqaz Albaniyasının yeganə xalqıdır.
Vll əsrdə
ərəblərin Azərbaycanı işğal etdikdə və
bütün ölkəni ərəb xilafətinə qatanda əhalinin
böyük hissəsinə, o cümlədən utilərə
islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki
inamlarını saxlayırlar. Hələ VI əsrdə
aftokefal alban kilsəsini güclə öz tabeliyinə cəlb
etmək cəhdləri olub, Vll əsrdə ərəb xilafətinin
icazəsi ilə erməni – qriqorian kilsəsinin tərkibinə
daxil edilib. Alban katalikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban
– xristianların etnik köklərinin dəyişdirilməsi və
erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə,
Dağlıq Qarabağda onlar bütövlükdə öz
dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ
və Oğuz ərazisində udilər öz adət – ənənələrini
və dillərini (yazısız) qoruyub saxlaya biliblər.
1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi
alban katalikosunun taxtını və dəftərxanasını
ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin
tam təsiri altına düşürlər. Azərbaycanda
islam dininin yayılması və türk dilinin inkişafı
ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət
formalaşması ilə vahid – azərbaycanlı etnosu
yaranıb. Lakin udin – xristianlar
bugünümüzə qədər etnik qrup kimi öz dillərini,
maddi və mənəvi mədəniyyətlərini qoruyub
saxlayıblar. Udinlər Azərbaycan xalqının qədim əcdadlarından
biri hesab edilir. Udinlərin dili Qafqaz dilləri ailəsinin ləzgi
yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri
özündə qoruyub saxlaya bilib. Udin dilinin əlifbası
yoxdur.
Udin
dilinin üç dialekti var: Oğuz, Nic, Oktomberi
(Gürcüstanda kənd). Nic dialekti də öz növbəsində
3 hissəyə bölünür: aşağı, aralıq və
yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də
Tovuz rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulan kəndi,
Həsənqala) olan müxtəlif udin qruplarına uyğun
olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər
boyu yaşadıqları ərazilərin ermənilərlə
məskunlaşdırılması nəticəsində Nic və
Oğuz ərazilərinə köçüblər. Udinlər
Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri
olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol
oynayan tayfalardan biri idi. Buna
görə də Qafqaz Albaniyasının paytaxtları Qəbələ
və Bərdə udinlərin tarixən
yaşadığı yerlər olub.
Ölkəmizin
bərabərhüquqlu digər vətəndaşları kimi
udinlər öz dini bayramlarını, ənənəvi mərasimlərini
sərbəst və geniş şəkildə qeyd edirlər.
Qeyd edək ki, sovet dövründə udinlərə öz
bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci
ildə əsaslı təmir və bərpa olunan Cotari məbədi
udinlərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində
3 kilsə, iki məscid var. Hər məhəllədə
müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir
mövcuddur. Altı min əhalisi olan qəsəbənin təqribən
4 min nəfəri udindir. Onların 300-ü Oğuz və
Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin
sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin
ibtidai siniflərində udin dili tədris olunur, kilsədə
dini ayinlər onların ana dilində icra edilir.
Xatırladaq
ki, bu ilin mayında udinlər Nic qəsəbəsindəki
Cotari alban kilsəsində təntənəli şəkildə
Pasxa bayramlarını qeyd ediblər. Bayram mərasimində
Alban-udin icmasının rəhbəri, kilsənin
keşişi, və icmanın üzvləri
çıxış edərək Pasxa bayramının mahiyyətindən,
dini ayinlərin icrası üçün yaradılan şəraitdən,
dövlətin diqqət və qayğısından
danışıb, bayram münasibətilə insanları təbrik
ediblər. Kilsədə şamlar yandırılıb, dualar
oxunub.
Udinlər
bayramda bir daha rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin
olmadığını, Nic kilsəsinin əsaslı şəkildə
bərpasını ölkədə tolerantlığa gözəl
nümunə olduğunu qeyd ediblər.
***
Bütün
bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən
səxavətini və lütfünü əsirgəməyib,
yeraltı və yerüstü sərvətlərlə yanaşı,
bir ölkə ərazisində iç-içə qaynayaraq
qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı
kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş
edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək,
qorumaq hər birimizin mənəvi borcudur.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 17 iyul.- S.6.