“Füyuzat”ın
ən fəal müəllifi
Krıma qayıdandan sonra barəsində hər
hansı ölçü götürülməmişdi.
Görünür, 1921-ci ildə hələ belə
günahların üstündən keçirdilər. Amma gələcək
üçün lazımi
“qeydiyyat” aparmağı da unutmurdular. Sonradan barəsində
ilk məxfi dosyenin hələ Türkiyəyə ezamiyyət
dövründən hazırlanmağa başladığı məlum
olacaqdı.
1923-cü il Asan Səbrinin təntənəsinin
zirvəsi və tənəzzülünün
başlanğıcı kimi dəyərləndirilə bilər.
İyun ayında ədəbi-bədii və pedaqoji fəaliyyətinin
25 illik yubileyi bütün Krım yarımadasında geniş
bayram edilmişdi. Yubiley sessiyasında xidmətləri qeyd
olunmuş, bir sıra dilçilik tədqiqatları, habelə
üç cildlik türk-tatar ədəbiyyatı tarixi üzərində
işi vurğulanmışdı. Sovet Krımının ən
çox tanınan ədəbi simalarından biri hesab oluna bilərdi.
Bədii-publisist əsərləri, xüsusən də
Krımdakı dəhşətli aclıqdan bəhs edən
“Anneciyim, nerdesin, gel...” hekayəsi populyarlıq
qazanmışdı.
Asan Səbri Ayvazov 1926-cı ildə
Bakıda keçirilən ilk Türkoloji qurultayın işində
iştirak etmişdi. Qurultayda Krım tatarları kifayət qədər güclü nümayəndə heyəti
ilə təmsil olunmuşdu. Onun tərkibinə professor Bəkir
Çobanzadə, Həbibulla Odabaşlı və
başqaları daxil idi. Fevralın 26-dan martın 5-nə qədər
davam edən qurultayda müxtəlif türk xalqları təmsilçilərinin,
Rusiya və Avropanın bir sıra tanınmış
türkoloqlarının, şərqşünaslarının
iştirakı ilə türk dili, tarixi, ədəbiyyatı,
etnoqrafiyası, habelə yeni əlifba ilə bağlı
çoxsaylı aktual məsələlər müzakirəyə
çıxarılmışdı.
Qurultayın stenoqrafik hesabatlarından da
göründüyü kimi, Asan Səbri həmvətəni Bəkir
Çobanzadə kimi xüsusi fəallığı ilə
seçilməmişdi. O, yalnız iki iclasda, həm də
türk dilində çıxış etmişdi. Çox
güman bu səbəbdən də çıxışı
barədə yalnız ümumi məlumat verilmiş, mətn əlavə
olunmamışdı. Asan Səbrinin ilk
çıxışı martın 4-də, Həbib Cəbiyevin
sədrliyi ilə keçən iclasda olmuşdu. Fikirlərin
haçalandığı, bəzi
iştirakçıların tarixi irslə əlaqələri
qırmamaq üçün ərəb əlifbasında sadəcə
islahat aparmaq təklifini səsləndirdikləri müzakirələr
zamanı Krım-tatar təmsilçisi latın əlifbasına
keçidin qətiyyətli tərəfdarı kimi
çıxış etmişdi. Ərəb
yazısını cəhalət və irtica rəmzi, islahat
ideyasını isə yarımçıq və ziyanlı
addım adlandırmışdı. Onun fikrincə, hər
şeyi kökündən dəyişdirməyin tələb
olunduğu bir vaxtda mədəni inqilabın başlıca
şərti kimi köhnəlmiş əlifbadan əl çəkmək
lazım idi. Tərəddüddə qalanları, qətiyyətsizlik
göstərənləri həyat özü tezliklə buna
vadar edəcəkdi.
Nəticədə Asan Səbri də təklif
və düzəlişləri nəzərə almaqla yeni əlifba
layihəsi ilə bağlı qətnamə hazırlayan
redaksiya şurasının tərkibinə seçilmişdi.
Növbəti çıxışı isə
ertəsi gün – martın 5-də
Səmədağa Ağamalıoğlunun sədrliyi ilə
keçən, türk xalqlarının dil və ədəbiyyatına
həsr edilən toplantıda olmuşdu. Asan Səbri bu qurultay
zamanı sonralar şəraitin tələbi ilə əleyhinə
çıxdığı, siyasi damğalar
yapışdırmağa məcbur olduğu bir sıra
görkəmli şəxsiyyətlərlə, o cümlədən
də Əli bəy Hüseynzadə ilə
görüşüb fikir mübadiləsi
aparmışdı.
Krıma qayıtdıqdan sonra regionda yeni əlifbanın
atəşin tərəfdarlarından biri kimi
tanınmış, hətta bu zəmində “Milli Firqə”dən
olan keçmiş əqidə yoldaşları ilə dəfələrlə
münaqişə etməli olmuşdu. Krım tatarları
üçün latın qrafikası əsasında əlifba
hazırlanması işində fəal iştirak etmişdi.
***
1920-ci illərin ikinci yarısından
etibarən Krımda milli hərəkatın təmsilçilərinə,
ilk növbədə isə keçmiş “Milli Firqə”
üzvlərinə qarşı geniş miqyaslı təqiblərə
başlayan sovet xüsusi xidmət orqanları Asan Səbrini
ilk dəfə 1930-cu ildə həbs etmişdilər. Amma həmin
dövrə qədər də daim çekistlərin sayıq
nəzarəti altında olmuşdu. Bir neçə ay çəkən
Türkiyə ezamiyyəti də daxil az qala hər
addımı, eləcə də görüşləri, şəxsi
yazışmaları, yaxın
dairəsi izlənmişdi. Nəticədə, həbsinin
zəruriliyini əsaslandıran sənəddə
“günahlarının” böyük hissəsi ortaya
qoyulmuşdu.
Belə bir əsaslı “hazırlıq” nəticəsində
nə ictimai statusu, nə də özünü sovet
yanlısı kimi göstərmək cəhdləri vaxtı
yetişəndə onu illərdən bəri başı
üzərində dövrə vuran fəlakətdən xilas
edə bilmişdi. Krımlı tədqiqatçı
A.V.Yefimovun yazdığına görə, sovet xüsusi xidmət
orqanları Asan Səbri Ayvazovun şəxsiyyəti və fəaliyyəti
ilə hələ 1920-ci illərin əvvəllərindən
maraqlanmağa başlamışdılar.
O, vacib ictimai missiya ilə Türkiyədə
olduğu günlərdə OQPU əməkdaşları tərəfindən
“Tam məxfi” qrifi ilə hazırlanmış “Tatarların
Krımda milli-azadlıq hərəkatının mənşəyi
və inkişaf yolları haqqında tarixi arayış”da
haqqında aşağıdakı sətirlər
yazılmışdı: “Ayvazov Qasprinskinin
silahdaşıdır, Krım MİK-nin üzvü
olmuşdur, Alupkada bağ sahibidir, xüsusi ağlı ilə
fərqlənmir, amma təmkinlidir, həm də bir az
qorxaqdır. Hazırda Krımın aclıqdan əziyyət
çəkən əhalisinə yardım toplamaq məqsədi
ilə Anqoraya (Ankara – V.Q.) Türkiyə Hökumətinin
yanına göndərilmişdir. Təhsilini Konstantinopol və
Smirnada (İzmir – V.Q.) almışdır”.
Sonrakı illərdə bu sənəd daha
da “zənginləşmişdi”. Ona Asan Səbrinin
keçmiş silahdaşları ilə əlaqələri,
Krıma gələn türk nümayəndələri ilə
görüşləri, sovet idarəçiliyi, ilk növbədə
isə sovxoz quruluşu haqqında qaralayıcı söhbətləri,
həbsə atılan “Milli Firqə” üzvlərini müdafiə
etməsi, proletar beynəlmiləlçiliyinə şübhə
ilə yanaşması və s. barəsində agentura məlumatları
əlavə olunmuşdu. 15 avqust 1929-cu ilə aid bir qeyd Asan Səbrinin
siyasi uzaqgörənliyi haqqında düşünməyə
əsas verir. Həmin gün o, Alupkada, həmşəhərlisi
Bəkir Sadlayevlə söhbət zamanı məşhur Paris
Kommunasını misal gətirərək Sovet quruluşunun da
uzun müddət yaşamayacağını, küçə
adamlarının dövlət idarə etmələrinin cəfəng
iş olduğunu sübuta çalışmışdı...
Aydın məsələdir ki, hətta
ayrılıqda bu ittihamların hər biri cinayət işi
açmağa və sovet cəmiyyətinə yad
ünsürü həbsə atmağa yetərli idi. Beləcə,
1930-cu ildə həmin vaxta qədər bir neçə dəfə
şahid qismində istintaqa çağırılan,
haqqında kifayət qədər material toplanan Asan Səbrinin
həbsi ilə bağlı qərar verildi.
Onu həbs etmişdilər, lakin zindanda
çox saxlamamışdılar. İki aydan sonra gözlənilmədən
azadlığa çıxmışdı. Səbəb
aydın idi: məhbus inadkarlıq göstərməyi
faydasız saymış, işgəncələrdən qorxaraq
NKVD ilə əməkdaşlığa getmişdi. Başqa sözlə
desək, üzərinə ikiqat agent vəzifəsini
götürmüşdü. Bu “centlmen sazişi” çekistlərin
də işinə yarayırdı. Başlanğıcdan sona qədər
milli hərəkatın tanınmış simalarından biri və
geniş əlaqələrə malik ədəbi-ictimai xadim
kimi ondan mümkün qədər çox məlumat və
ifşaedici materiallar almağa çalışırdılar.
Bəlli şərtlər daxilində həbsdən
azad olunsa da, Asan Səbri tələyə
salındığını, tələnin isə istənilən
an qapana biləcəyini aydın başa
düşürdü. Doğrudur, həbsxanadan çıxan
kimi onu pozulmuş səhhətini düzəltmək üçün
Kislovodskdakı sanatoriyalardan birinə göndərmişdilər.
İstirahətdə olduğu müddətdə hətta
xanımını da unutmamışdılar – Olqa Vasilyevna
Ayvazova 1959-cu ildə ərinin işi üzrə keçirilən
əlavə istintaqda çekistlərin ailəni mütəmadi
şəkildə az tapılan ərzaqla – peçenye,
şokolad, kakao, yağ və s.
təmin etdiklərini bildirmişdi. Amma bütün
bunların müvəqqəti xarakter
daşıdığını, tələdəki pendirdən
başqa bir şey olmadığını anlamaq
üçün xüsusi müdriklik tələb edilmirdi. Ona
görə də Asan Səbri düşdüyü vəziyyətdən
çıxış yolu axtarır, get-gedə daha
dözülməz olan sovet cəhənnəmindən
qurtulmağa çalışırdı. Türkiyəyə,
yaxud Polşaya qaçmaq üzərində
ciddi şəkildə düşünürdü.
1932-ci ildə onu Pedaqoji İnstitutdakı
işindən uzaqlaşdırmışdılar. Mətbuata
gedən yolu bağlanmışdı. Ünsiyyət saxlaya biləcəyi
kimsə qalmamışdı...
Belə vəziyyətdə yeganə
ümidi keçmiş mübarizə yoldaşlarına –
Türkiyədəki Krım mühacirətinin nümayəndələrinə
idi. Şəraitin təsiri ilə dəfələrlə
qaralamağa, böhtan atmağa məcbur olsa da, həyatının
təhlükə qarşısında qaldığı məqamda
onlardan başqa ümid, pənah yeri görmürdü.
Krım tatarlarının lideri Cəfər Seyid Əhmədə
8 iyun 1934-cü il tarixli məktubu Asan Səbrinin iztirab və
üzüntüləri haqqında təsəvvür
yaradır: “Cəfər! Xahiş edirəm, Yunus Nadi, Aka
Gündüz, Əli bəy Hüseynzadə,
Akçuraoğlu Yusif, Köprülüzadə Fuad bəy və
digər tanışların yardımı ilə hansısa
bir elmi müəssisənin, yaxud universitetin rəhbərliyi
adından məni türkoloq, Şərq dilləri və
dialektləri üzrə mütəxəssis kimi rəsmi
şəkildə Türkiyəyə dəvət edin”.
Daha sonra o, qazdan ayıq sovet çekistlərində
şübhə doğurmamaq üçün ölkədən
çıxmasının tam leqal yolla həyata keçirilməsinin
zəruriliyini vurğulayırdı: “Dəvəti təhsil
nazirliyi adından türk səfirliyi vasitəsi ilə Moskva
hökumətinə, bir nüsxəsini isə mənə
göndərmək lazımdır. Dəvətlə birlikdə
vizanın da açılması zəruridir. Buradan getmək
üçün ayrı heç bir imkan yoxdur. Daha
qalmağım da mümkün deyil. Artıq dörd ildir ki,
maddi və mənəvi cəhətdən zillət içindəyəm.
Nə hüququm, nə də vəzifəm var. Öhdəmə
düşən işləri son imkanıma qədər yerinə
yetirmişəm. İndi isə məni buradan xilas edin.
“Yadellilərə” münasibətdə bunu etmək sənin
borcundur”.
Rahat, təhlükəsiz şəraitdə
bəlkə də iztirab və üzüntülərinin
miqyasını təsəvvür eləməyən
keçmiş həmfikirlərini riqqətə gətirmək
üçün Asan Səbri dəyişmədiyini, əski
inanclarında qaldığını da diqqətə
çatdırırdı: “Mən yenə əvvəlki adamam,
amma çox qocalmışam. Həyatımın sonunu
Türkiyədə keçirmək istəyirəm. Burada məni
türkçülükdə, türkpərəstlikdə
ittiham edirlər. Ünvanımı sənə deyərlər.
Əczaçı Bəkir bəy ünvanımı bilir.
Ümid edirəm ki, iyulun sonuna qədər müsbət cavab
ala biləcəyəm”.
Məktubu inanılmış şəxs
vasitəsi ilə göndərdiyini bir daha vurğulayan Həsən
Səbri onunla bütün məsələlər barəsində
açıq danışmağın mümkün olduğunu
bildirir və təkidlə xəbərdarlıq edirdi: “Əgər
məsələyə laqeyd yanaşsan, bil ki, sonum
çatıb. Mən bütün hadisələrin canlı
şahidiyəm. Tarixə lazımam. Türkiyədə
tanışlar çoxdur. Onların köməyi ilə məni
rəsmi yolla buradan çıxara bilərsiniz”.
Cəfər Seyid Əhmədin reaksiyası
bəlli deyil. O, köhnə mübarizə
yoldaşını xilas etməyə cəhd göstərmişdi,
yoxsa ümumiyyətlə əlini ağdan-qaraya
vurmamışdı – bu barədə mənbələrə əsaslanan
fikir söyləmək çətindir.
Dairənin qapandığını görən
Asan Səbri isə həyəcan təbili çalmaqda davam edirdi.
Vəziyyətin çıxılmazlığı onu hətta
ehtiyat hissini də bir kənara qoymağa vadar etmişdi. Birincinin ardınca İstanbula ikinci
məktub göndərmək mümkün olmuşdu. Eyni həyəcan,
qorxu, təlaş, gərginlik və ümid hər sətirdə,
hər sözdə sezilməkdə idi.
“Əzizim Cəfər, Həmdi Bəkir,
qardaşlar, dostlar! – deyə o yazırdı: – Mehmet əfəndi
ilə göndərdiyim məktuba indiyə qədər cavab
almamışam. Vəziyyətim son dərəcə
ağırdır. Burada bir müddət də qalmaq ölmək,
ya da öldürülmək deməkdir. Ölümdən
qorxmuram, gizlində it kimi gəbərdilməkdən qorxuram.
Ölümdən, əzab-əziyyətdən qorxsaydım,
getməyin asan olduğu vaxtlarda aradan çıxa bilərdim.
Amma təkbaşına qalsam da, 35 il əvvəl
başladığım işi davam etdirdim. Daha burada
yaşamaq imkansızdır. Həyatım təhlükədədir.
Ömrümdə ilk dəfədir ki, yardım istəyirəm
– məni mümkün qədər tezliklə buradan aparın.
Məni ümidsiz vəziyyətdə
atıb getməklə ölümümə səbəb
olmayın. Qardaşım, dostum olduğunuzu əməldə
sübuta yetirin. Tarix üçün yazmalı, deməli
sözlərim çoxdur. Onları məndən başqa kimsə
eləyə bilməz”.
Səfərin mütləq leqal, qanuni
xarakter daşımasının vacibliyi bu məktubda da
xüsusi vurğulanırdı: “Əvvəldə də
yazdığım kimi, məni universitet, türk ocaqları,
Maarif Nazirliyi, ya da başqa bir rəsmi təşkilat tərəfindən
türk səfirliyi vasitəsi ilə etnoqraf, yaxud türkoloq
kimi dəvət etmək olar. Bunun üçün sovet
hökumətinə müraciət etmək lazımdır. Məni
yaxşı tanıyan türklər kifayət qədərdir.
Siz bu işi Yunis Nadi, Tofiq Rüştü,
Köprülüzadə Fuad, Nəcib Asim və
başqalarının yardımı ilə görə bilərsiniz.
Məni də Çələbi Cihan kimi tək qoymayın”.
(Burada adı çəkilən Numan Çələbi Cahan
(1885-1918) Sevastopol matrosları tərəfindən vəhşicəsinə
qətlə yetirilən Krım tatarlarının milli lideri
idi – V.Q.)
Tələsik yazılmış məktub
həyəcanlı xəbərdarlıq
sözləri ilə başa çatırdı: “Əziz
qardaşlar, əgər bir ay ərzində tədbir görməsəniz, məhvim labüddür.
Araqarışdıranlar hər cür fırıldaqlara əl
atırlar. Amma sizin mənə inandığınıza əminəm.
Ah, bilsəydiniz ürəyimdə nələr
çəkirəm! Sevgi və salamlarla: qardaşınız...
Mümkün qədər tez hərəkət
edin! Məhvin astanasındayam.
Aclıq, ehtiyac içində
yaşayıram, amma vicdanım təmiz, üzüm
ağdır. Tariximiz mənə
yardım əli uzatmağınızı tələb edir.
Məni xilas etmək – vəzifənizdir!
Gözləyirəm”.
Lakin “xaric” heç bir yardım göstərə
bilməmiş, yaxud sadəcə bunu istəməmişdi. Bəlkə
öz növbəsində onların da əlində Asan Səbrinin
çekistlərlə əməkdaşlığı barəsində
müəyyən məlumatlar olmuşdu. Ölkədə
“böyük terrorun” başlanması da hadisələrin
gedişinə təsirini göstərmişdi. Nəticədə,
on altı ildən bəri davam edən təqib və izləmələr
məntiqi sonluğuna yetişmişdi – 1937-ci ilin aprelin 4-də
Krım-tatar ədəbiyyatının canlı klassiki Asan Səbri
Ayvazov yenidən həbs olunmuşdu.
***
1920-ci illərin sonlarından etibarən
sovet həbs düşərgələrində insan istismarının
özünəməxsus forması – intellektual istismar
uğurla həyata keçirilirdi. Nə qədər qəribə
səslənsə də, keçmiş SSRİ-də elm və
texnikanın son sözü bir sıra hallarda akademiya və
institut laboratoriyalarında yox, məhbəs universitetlərində
– “şaraşkalarda” deyilirdi. Doğrudur, bu “elm
kontorlarında” daha çox dəqiq və texniki sahələrdə
çalışan alimlərin, silah
ixtiraçılarının, aviakonstruktorların intellekt,
bilik və təcrübəsindən istifadə olunurdu.
NKVD-nin tabeliyindəki xüsusi konstruktor bürolarında
dünya miqyasında tanınan Sergey Korolyov, Andrey Tupolev, Leonid
Kerber və b. kimi onlarla məhbus
sovet alimi çalışmışdı.
Humanitar ziyalıların intellektual
potensialdan istifadə olunması isə xüsusi xidmət
orqanlarının diqqətini o qədər də cəlb etməmişdi.
Bunun da səbəbləri vardı. Çünki
yaradıcı şəxslər – yazıçılar,
tarixçilər, filosoflar texniki kəşflərlə yox,
ideologiya ilə bağlı idilər. Digər tərəfdən,
Cavidin, yaxud Müşfiqin zindanda şeir yazmalarını təsəvvürə
gətirmək imkansızdır. Yəqin ki, onlar həbsxana
divarları arasında Stalini, partiyanı vəsf etməyəcəkdilər.
Hətta etsələr belə, buna inanan tapılmayacaqdı...
Lakin hər yerdə olduğu kimi humanitarlara münasibətdə
də istisnalara yol verilmiş, rejimin tələblərinə
uyğun şəkildə bəzən onların da xidmətindən
istifadə edilmişdi.
Həmin istisna 1937-ci ilin aprelində yenidən
həbsə düşən Asan Səbriyə də şamil
olunmuşdu. NKVD-nin muxtar respublika təşkilatı ona
Krım yarımadasında milli hərəkatın tarixi
haqqında bildiklərini qələmə almaq
tapşırığı vermiş və müvafiq imkan
yaratmışdı. Əslində çekistlər
üçün geniş fəaliyyət meydanı açan
bu əsərin planı hələ 1930-cu ildə, Asan Səbrinin
ilk həbsi sırasında hazırlanmışdı. Lakin nədənsə
o zaman, eləcə də əməkdaşlığa
razılıq verərək həbsxanadan çıxdıqdan
sonra müəllif əsər üzərində işini
tamamlamaq barəsində düşünməmişdi.
İlk dəfə Krım
tatarlarının “Vətənim” jurnalında (A.S.Ayvazov.
“Krımda milli hərəkatın tarixi”, 2005, ¹ 3, səh.
12-50, ¹ 4, səh.30-67) professor A.V.Yefimovun “Asan Səbri Ayvazovun
həbsxana qeydləri” adlı müqəddiməsi ilə
çap olunan əlyazmasında 1905-ci ildən etibarən Azərbaycanda
cərəyan edən hadisələr, ədəbiyyat və mədəniyyətimizin
ayrı-ayrı tanınmış şəxsiyyətləri
barəsində də müəyyən fikirlər yer
almışdır. “Krımda milli hərəkatın tarixi”
avtobioqrafik səciyyə daşıdığından müəllif
sadəcə həyat və fəaliyyətinin Azərbaycanla
bağlı səhifələrinin üzərindən
sükutla keçə bilməzdi. Bəs həmin səhifələr
hansı mövqedən və necə
işıqlandırılmışdır?
Burada ortaya bir sıra suallar
çıxır. Hər şeydən öncə, qeydlərin
həbsxana şəraitində, həyatını xilas etmək
üçün hətta saman çöpündən də
yapışmağa hazır olan əzilmiş, iradəsi
sındırılmış
şəxs tərəfindən
yazıldığını yadda saxlamaq lazımdır. Təbii ki, o, bütün
mümkün vasitələrlə suçunu (daha doğrusu,
özünə qarşı irəli sürülən saxta
ittihamları) azaltmağa, günah sayılan əməllərdə
şərik və həmfikir tapmağa
çalışırdı. Bu səbəbdən də həyatlarına
təhlükə yaratdığının fərqinə
varmadan bir sıra şəxslərə qarşı siyasi təqib
və ittihamlara yol açan epitetlərdən çəkinmirdi.
Asan Səbri tarixi ekskurslardan istifadə
yolu ilə rus müstəmləkəsinə çevrildikdən
sonra Krımda milli ruhu, dil və dini yaşatmaq uğrunda sələflərinin
və mənsub olduğu nəslin gərgin mübarizəsinin
əsas məqamlarını keçdiyi həyat yolunun fonunda
işıqlandırmışdı.
Bu türklük uğrunda mübarizənin bir hissəsi
olduğundan təbii ki, həmin mübarizədə
iştirak edən bir sıra azərbaycanlı həmkar və
məsləkdaşlarının adı üzərindən də
sükutla keçməmişdir.
Özünün Azərbaycanla əlaqələri,
habelə 1905-ci il inqilabından sonra Bakının
türkçülüyün mərkəzinə çevrilməsi
haqda Asan Səbri yazırdı: “Türk-yapon müharibəsi
zamanı Əli bəy Hüseynzadə Bakıya
qayıtdı və burada milyonçu – panislamist
Tağılının (H.Z.Tağıyev nəzərdə
tutulur – V.Q.) vəsaiti ilə panislamist (sonralar pantürkist) Əhməd
bəy Ağalı ilə birlikdə 1905-ci ildə gündəlik
“Həyat” qəzetini nəşr etməyə başladı. Qəzet
nəşri ilə bir sırada Əli bəy Hüseynzadə
Bakıda “Səadət” məktəbinin də əsasını
qoydu. Buradakı müəllimlərin bəziləri
İstanbul türkləri idi.
1907-ci ildə (müəllif
yanlışlığa yol vermişdir, əslində 1906
olmalıdır – V.Q.) “Həyat” qəzeti rus hakimiyyəti tərəfindən
bağlanandan sonra Əli bəy türk şair və
yazıçılarının iştirak etdikləri
“Füyuzat” məcmuəsinin çapına başladı.
“Türk” qəzetinin baş redaktoru Əhməd Kamal bəy
xüsusi olaraq Qahirədən dəvət edilmişdi. O, demək
olar ki, imperialist müharibəsi (Birinci Dünya müharibəsi
– V.Q.) başlanana qədər Bakıda yaşayırdı. Əhməd
Kamal bəy qatı ittihadçı-pantürkist idi. “Həyat”
qəzeti və “Füyuzat” məcmuəsi ilə mən də
əməkdaşlıq edirdim”.
Təbii ki, həbsxanada yazılmış
“Krımda milli hərəkatın tarixi”ndə şəxsiyyət
və hadisələr, ədəbi istiqamət və nəşrlə
fərqli prizmadan dəyərləndirilirdi: “Hüseynzadə Əli bəylə
Əhməd Kamal Azərbaycanda ittihadçılıq
ideyası yayır və azərbaycanlılarda milli
şüur formalaşdırırdılar. “Həyat” qəzeti
panislamist və pantürkist, “Füyuzat” məcmuəsi isə
pantürkist mətbuat orqanı idi. İmperialist müharibəsi
dövründə də gənc türk
yazıçıları və müəllimləri Bakıda
“Salam” və “Məktəb” jurnallarını nəşr edir,
Azərbaycan məktəblərində türk dili və ədəbiyyatı
tədris olunurdu”.
Əsərinin “Pantürkist-panturanistlərin
rəhbərləri” adlı XXXIV bölümündə Asan Səbri
yazırdı: “Cəfər Seyidəhmədlə birlikdə
“Saqqız” adlı türk gəmisində
pantürkist-panturanistlərin rəhbərləri –
tarixçi Əhməd bəy Ağayev və İstanbul Tibb
məktəbinin professoru Əli bəy Hüseynzadə də
Sevastopola qədər getmişdilər.
Hər iki keçmiş azərbaycanlı
(? – V.Q.) ali təhsillərini Rusiyada almışdılar. Onlar
Krımda gəmidən düşmədilər. Ağayevlə
Hüseynzadə Azərbaycandan gəlirdilər və özləri
ilə pantürkist əqidəsində olan türkləri gətirmişdilər.
“Saqqız” onları Batuma qədər aparmalı idi. Heç
şübhə yoxdur ki, Ağayevlə Hüseynzadə Azərbaycana
əliboş getmirdilər. Onlar azərbaycanlılar
üçün müxtəlif təlimat və maliyyə
ehtiyatları ilə təmin olunmuşdular. Rəhbərlər
Bakıda bir həftəyə qədər qaldılar və dərhal
da geri qayıtdılar”. Burada faktların
qarışdırıldığı göz önündədir.
Çox güman ki, Əhməd Ağaoğlu və Əli bəy
Hüseynzadəni Krım hadisələri ilə bağlamaqla
Asan Səbri əslində istintaqın istədiyi ssenariyə
– geniş pantürkist və panturanist şəbəkənin
mövcudluğu məsələsinə sadəcə yeni
ştrixlər əlavə etməyə
çalışmışdı.
Qeydlərin yazıldığı
dövrdə Əli bəy Hüseynzadə, Əhməd
Ağaoğlu və Əhməd Kamalın Türkiyədə
yaşadıqlarını, sovet xüsusi xidmət orqanları
üçün əlçatmaz olduqlarını, Hacı
Zeynalabdin Tağıyevin isə rəhmətə getdiyini nəzərə
alsaq, müəllifin bol-bol işlətdiyi “pantürkist”,
“panislamist” “ittihadçı” siyasi damğalarının o qədər
də təhlükəli səslənmədiyini qeyd etmək
lazımdır. Eyni sözləri 1928-ci ilə qədər
Bakıda çalışdıqdan sonra vətəninə
dönən, Azərbaycan ədəbiyyatı tarixi haqqında
iki cildlik fundamental əsəri ilə milli mədəniyyət
tariximizdə iz buraxan türkiyəli professor İsmayıl
Hikmət haqqında da söyləmək mümkündür.
Asan Səbrinin “sovet hakimiyyətinin
qurulmasından sonra uzun müddət “Kommunist” qəzetinin
redaktorlarından biri, 1918-ci ildə Gürcüstanı və
Azərbaycanı tutan işğalçı türk
ordusunun zabiti, sonuncu dəfə
1930-cu ildə Bakıda görüşdüyü Əhməd
Vedi Tırni” (əslində isə
Əhməd Bədi Triniçlə – V.Q.) ilə
bağlı yazdıqları da əhəmiyyətli
sayılmaya bilərdi. Çünki həqiqətən də
bir sıra qəzetlərin redaktoru, “Azərnəşr”in, hətta
Bakı Konservatoriyasının direktoru olan, Bakı şəhər
partiya təşkilatı təftiş komissiyasının
üzvü seçilən alban əsilli Triniç Mir Cəfər
Bağırovla yaxın münasibətlərinə baxmayaraq
1936-cı ildə həbs edilmiş, 1937-ci ildə isə
Bayıl həbsxanasında həyatına intiharla son
qoymuşdu.
(Ardı
gələn şənbə sayımızda)
Vilayət
QULİYEV
525-ci
qəzet.- 2013.- 13 iyul.- S.14-15.