Vətən
və Millət sevgisi
Bu yaxınlarda Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq şairi
Sabir Rüstəmxanlının “Əbədi sevda” adlı
şeirlər və poemalar kitabının təqdimat mərasimi
keçirilirdi.
Müasir Azərbaycan ədəbiyyatının
ən tanınmış nümayəndələrinin
iştirakı ilə keçirilən bu mötəbər məclisdə
Sabir bəy gənclik illərində qələmə
aldığı və son illərdə yazdığı
şeirlərindən bəzi nümunələri oxuduqca,
dedikcə (Əlbəttə ki, həmkarlarının və
dostlarının gen-bol çıxışlarından sonra) mənim
gözlərim qarşısında tələbəlik illərindən
yaxşı tanıdığım, dostluq və həmkarlıq
etdiyim böyük söz ustasının, görkəmli şəxsiyyətin
ən maraqlı ədəbi uğurları canlandı, onun həyat
və yaradıcılıq yolunun bir sıra qiymətli səhifələri
yadıma düşdü...
Yaradıcı insan üçün Vətən
və Millət sevgisi hər şeydən qiymətlidir.
Vətənini və Xalqını sevən,
onları vəsf edən şairlər, yazıçılar,
alimlər əbədiyaşar olurlar.
Bütün dövrlərdə Vətəninin,
Xalqının qayğıları ilə nəfəs alan yaradıcı ziyalılara böyük
ehtiyac olub. Onların sayı az olsa da, belə
ziyalılara cəmiyyətin rəğbəti çox
yüksək və əvəzsiz olub. Belə
ziyalıları insanlar eşidiblər, onların arxasınca
gediblər. Belə ziyalılarımız bütün
dövrlərdə sayılıb, sevilib, ümumxalq rəğbətini
qazanıblar!
Son otuz-qırx ildə görkəmli
ziyalılarımızdan söhbət düşəndə
şair, nasir, ədəbiyyatşünas, publisist, dramaturq, tərcüməçi
və ictimai xadim Sabir Rüstəmxanlının adı
böyük şərəf və sayğı ilə çəkilir.
Sabir Rüstəmxanlı hələ gənclik
illərindən başlamış bu günə qədər
həyatda və ədəbiyyatda cəsarətli fikirləri,
özünəməxsus cığırları, orijinal təklifləri,
qiymətli fikir və mülahizələri ilə həmişə
seçilib. İstər şair və nasir kimi, istər
publisist və tərcüməçi kimi, istər vəzifə
başında duran məsul şəxs kimi, istərsə də
ictimai xadim və millət vəkili kimi! Bu istiqamətlərdə
az-çox fəaliyyət göstərən, hətta müəyyən
uğurlar qazanan ziyalılarımız – şair, nasir,
dramaturq, publisist və ictimai xadimlərimiz az
olmayıb. Lakin onlar müəyyən vaxtdan
sonra bu və ya digər səbəblərə görə
(istər obyektiv, istər subyektiv) öz əqidələri,
öz əməlləri, öz arzuları uğrunda
mübarizəni dayandırıblar. Kimdənsə,
nədənsə çəkiniblər. Zaman, dövr,
ictimai-siyasi durum, müxtəlif hadisələr onların əlini,
qələmini işdən soyudub...
Amma Sabir Rüstəmxanlı nə çəkinib,
nə qorxub, həmişə müəyyən
sıxıntılar keçirsə də, bir sıra təzyiqlərə
məruz qalsa da, yenə öz əqidəsi ilə, Vətən
və Xalq sevgisi ilə mübarizəni davam etdirib,
sıxıntılardan qorxmayıb, hər cür çətinliklərə
dözüb, heç vaxt əməlindən və
amalından çəkinməyib, dönməyib, əqidəsini
dəyişməyib!
Bu məqamda akademik Bəkir Nəbiyevin
Sabir Rüstəmxanlı haqqında yazdığı “O,
çoxlarının deyə bilmədiklərini deyib”
yazısından bu sözlər yadıma düşdü:
“Sabir Rüstəmxanlı cəsarətli vətəndaş-şairdir.
Bu böyük həqiqətdir ki, ... o,
çoxlarının deməyə çətinlik çəkdiklərini
deyə bilib. O, cəmiyyətin gözünü
açmağa çalışıb və etiraf eləmək
lazımdır ki, buna müvəffəq olub.”
Sabir Rüstəmxanlını həmkarlarından,
əqidədaşlarından fərqləndirən ən
mühüm cəhət məhz onun əqidəsindən
dönməzliyi, yaradıcı ziyalı-vətəndaş
kimi həmişə həqiqətin gözünün
içinə düz baxması ilə fərqlənməsi
olub.
İlk şeirlərindən – “Tanımaq
istəsən”dən “Xəbər gözləyirəm”ə qədər,
“Sağ ol, ana dilim”dən, “Qan yaddaşı”ndan “Ömür
kitabı”na qədər, “Gəncə qapısı”ndan “Cavad
xan”a qədər, “Bu sənin xalqındır”dan
“Bütövlük həsrəti”nə qədər, “Xətai
yurdu”ndan “Difai fədailəri”nə qədər, Cəlil Məmmədquluzadədən
Söhrab Tahirə, Bəxtiyar Vahabzadəyə qədər,
latış şairi Mirdza Kempedən polyak şairi Adam
Mitskeviçə qədər... yazdığı şeir,
poema, hekayə, povest, roman, pyes, ədəbi-tənqidi məqalələr,
publisistik əsərlər, bədii tərcümələr –
bunların hamısı Sabir Rüstəmxanlı cəsarətinin,
dönməzliyinin, qorxmazlığının, Vətəninə,
Xalqına böyük və sonsuz sevgisinin əyani təcəssümləridir,
nişanələridir.
Sabir Rüstəmxanlı “Ədəbiyyat
qəzeti”nin şöbə müdiri işləyəndə də,
“Yazıçı” nəşriyyatının baş redaktoru
olanda da, “Azərbaycan” qəzetini yenidən təsis edib, ona
baş redaktorluq edəndə də, Azərbaycan
Respublikasının mətbuat və informasiya naziri işləyəndə
də, 1995-ci ildən üzvləri Milli Məclisin
üzvü kimi fəaliyyət göstərəndə də
heç nədən çəkinməyib, heç vaxt öz
əqidəsindən dönməyib.
Və üstəgəl 1992-ci ildən “Vətəndaş
Həmrəyliyi” partiyasının sədri, 2008-ci ildən isə
Dünya Azərbaycanlıları Konqresinin həmsədri
seçilənədək bir an belə
öz əqidəsindən, amalından, mübarizəsindən
dönməyib.
Sabir Rüstəmxanlı Azərbaycan
Respublikası öz müstəqilliyini bərpa edəndən
bəri (1991) təkcə Quzeyli-Güneyli Azərbaycan
haqqında fikirləşmir, o, eyni zamanda, yaradıcı
ziyalı və ictimai xadim kimi dünya çapında Azərbaycan
türklərinin taleyini, maraqlarını qoruyan görkəmli
şəxsiyyətə çevrilməsi ilə fərqlənir.
Təxminən 22 il əvvəl Xalq
yazıçısı, hamımızın sevimlisi
İsmayıl Şıxlı “O, heç vaxt
döyüşlərdən çəkinməyib” məqaləsində
yazırdı: “ Biz onu demokratik hərəkatın
ən qaynar yerlərində gördük. Sabir bir natiq, təşkilatçı,
ictimai xadim kimi fəaliyyətə başladı. Azadlıq
meydanında təşkil olunmuş mitinqlərdə,
yüzminlər qarşısında, bəzən milyona
çatan üsyançılar önündə alovlu, kəskin
ictimai məzmunlu, azadlıq və demokratiyaya
çağıran çıxışlar etdi. Azərbaycan Xalq Cümhuriyyətinin bərpası,
kommunist imperiyasının devrilməsi, rus əsarətinin
dağılması, sapı özümüzdən olan
partokratlarımızın hakimiyyətdən
uzaqlaşdırılması, respublikada yeni demokratik qüvvələrin
xalqın taleyinin həllində yaxından və ən fəal
şəkildə iştirakı uğrunda mübarizə
Sabirin həyat amalına çevrildi. O, tənqidlərdən,
təqiblərdən, təhqirlərdən, zindana düşməkdən,
dəyənək zərbələrindən, fiziki cəza
alacağından qorxmadı. 1988-ci ildən
üzübəri davam edən xalq hərəkatının təşkilatçılarından
birinə çevrildi. Hər yerdə də
Azərbaycanın istiqlaliyyəti, ərazi
bütövlüyündən danışdı. Sabir
baş redaktoru olduğu “Azərbaycan” qəzetində bu
ideyaları təbliğ edənlərə geniş meydan verdi, özü də bir publisist kimi başda
dayandı. Xalq onu öz Ali Məclisinə millət
vəkili seçdi. Sabir burada da Demokratik
Blokun üzvü kimi öz mübarizəsini davam etdirdi və
etdirir.
Mən əminəm ki, Sabir Azərbaycan
istiqlaliyyəti, ərazi bütövlüyü və
xalqımızın azadlığı naminə döyüşlərdən heç vaxt çəkinməyəcək.”
Burada mən Sabir Rüstəmxanlının
bədii yaradıcılığına, ictimai fəaliyyətinə
qısaca olaraq nəzər salmağı bir tərəfə
qoyub, görkəmli ədibin və ictimai xadimin həyat və
yaradıcılığı haqqında bəhs etdiyim bir
sıra cizgiləri özündə əks etdirən “Əbədi
sevda” kitabı (Bakı, “Təhsil”, 2012, 576 səh., redaktoru
Mustafa Çəmənli) haqqında fikir və mülahizələrimi
bölüşmək istəyirəm. Şeir və poemalardan
ibarət kitabın annotasiyasında qeyd olunur ki, Xalq şairi
Sabir Rüstəmxanlı son qırx ildə Azərbaycanın
ədəbi-mədəni, ictimai-siyasi həyatında dərin
və silinməz izlər buraxmış, sevilən, tanınan
ədəbi şəxsiyyətlərdən biridir. Onun hər şairə qismət olmayan belə bir
ümumxalq məhəbbəti qazanmasının əsas səbəbi
ədəbi yaradıcılığındakı yüksək
vətənpərvərlik və mübarizə eşqiylə
yanaşı, həm də ictimai-siyasi fəaliyyəti ilə
bağlıdır.
Bütün bunlar göstərir ki, Sabir
Rüstəmxanlının bədii əsərlərinin xəttini
həqiqətən Vətən və Millət sevgisi təşkil
edir. “Əbədi sevda” kitabı
da müəllifin məhz bu qəbildən olan, məhz bu qayələr
və dəyərlərlə aşılanmış poetik
topludur.
“Özümə” və “Vətən”
şeirləri ilə açılan kitabda müəllif
özünü “Ürək dəyirmanında kədər
üyüdən adam” adlandırır, Vətəni
isə belə tərənnüm edir:
Dağları dumanda itən –
Vətən... Vətən!
Dahilər boylanır sətirlərindən
Torpağı ot deyil,
kişi göyərdən
Vətən... Vətən!
Kitabdakı şeirlər on bir bölmədə
verilib. Bu bölmələrə
müəllifin 1967-ci ildən üzü bəri
yazdığı şeirlərindən nümunələr
daxil edilib.
Birinci bölmədə verilmiş
şeirlər arasında “Kişi ömrü” xüsusilə fərqlənir.
Elə özünün keçdiyi ömür yolunu əsl kişi ömrü sayan müəllif, həyatından,
fəaliyyətindən qürur duyaraq şeirini belə
bitirir:
Yaşamaq imtahandı
doğulandan ölənə,
Ürəyi şüşə kimi
daşlara
çalır zaman.
Qoy Nəsimi, sinfinə yazsın
mənim
adımı,
Əyilməzlik dərsindən
verəcəyəm
imtahan!
“Yurdun bayrağı” bölməsinin əvvəlindəki
“Yol ver yurdun bayrağına” (Əhməd Cavada), eləcə
də “Bayrağım” şeirlərilə başlayır.
Bu şeirlər görkəmli ədib, doğma
Vətənimizin istiqlalının tərənnümçüsü
Əhməd Cavadın “Çırpınırdı Qara dəniz”,
“Al bayrağa”, “Azərbaycan bayrağına” şeirlərinə
hardasa nəzirələrdir.
Bu bölmədəki bir neçə
şeiri – “Marş”, “Allah bu millətdən nə əsirgəyib?”,
“Millətim”, “Bu millət ölməyi bacarır hələ”,
“Türk xalqı “Olmaz!” deyir”, “Meydan həsrəti”ni müəllifin
millətinə, xalqına inamını vəsf edən,
doğma Vətənin və Millətin heç vaxt heç
kimin qarşısında baş əyməyəcəyini,
qüdrətini tərənnüm edən himnlərə bənzəyir.
O qansızdan öcümüzü almasaq,
Vətən bizi “Oğul” deyib öyməsin.
Dur, qardaşım, silahımız qeyrətdi,
Cənnət yurda iblis əli dəyməsin.
(“Marş”)
Allah bu millətdən nə əsirgəyib?
Yerin nəfəsiylə yanan odu var.
Üzündə göylərin sirli
işığı,
İstedad istəsən istedadı var.
(“Allah bu millətdən nə əsirgəyib?”)
Azərbaycan türkünün ən
kövrək və ən həssas şəhərlərindən
olan Təbrizə şairin həsr etdiyi şeirlərin bir
neçəsi bu misraların ruhunda yazılıb:
Azadlığın ilk səngəri, Təbrizim,
Tarixlərin şah əsəri, Təbrizim!
“Mən demədi” bölməsi də əsasən
Vətən, doğma torpaq və millət ruhu anlamı ilə
aşılanmış şeirlərdən ibarətdir:
“Xocalıdan sonra”, “Xocalıya mərsiyə”, “Əbədi
sevda”, “Acı xatirə”, “Bu, adi millət deyil”, “Düşmən
əlində”, “O torpaq bizləri götürməyəcək”,
“Qopsun millətdən”, “Çəpər”, “Bu, mənim
xalqım deyil”, “Bunlar nə istəyir millətdən görən”,
“Yasaq”, “Bakı”.
Sabir Rüstəmxanlının gənclik
illərinin poetik duyğuları, dünyaya göz
açdığı doğma torpağına
bağlılıq, ata-anaya bağlılıq, Tanrıya
bağlılıq, kitabın “Tanrıyla görüş” və
“Sevgimə toxunma” bölmələrində verilmiş
şeirlərdə öz poetik əksini tapıb.
Sabir Rüstəmxanlı istər tələbəlik
illərində, istərsə də müxtəlif vəzifələrdə
çalışarkən həmişə dostluğa,
yoldaşlığa, həmkarlığa, ünsiyyətə
can atıb. “Dostların qəlbimdə ucalan yeri”
bölməsindəki Mikayıl Azaflıya, Nəbi Xəzriyə,
Xəlil Rza Ulutürkə, Aydın Məmmədova, Afaq Məsuda,
Ziya Bünyadova, Mikayıl Mirzəyə, Tahir Aslanlıya,
Naira Şahtaxtinskayaya, Məmməd Aslana, Səyavuş Sərxanlıya,
Araz Elsəsə, Nemət Pənahlıya, Sabir Əhmədliyə,
Qabilə, Məmməd İsmayıla həsr olunmuş
şeirlər olduqca maraqlıdır.
“Təklik” bölməsindəki şeirlər
bir qədər nikbin əhval-ruhiyyə daşısa da, real həyat
həqiqətləri ilə səslənən poetik misralarla zəngindir.
Bu mənada “Yaza bilmədiyim şeirlərim”, “Ürəyimlə
baş-başa”,”Dərd dili”, “Əbədiyyət”, “Dayaq” kimi
şeirlər öz poetik tutumu, dərin fəlsəfi
düşüncələriylə, həyat həqiqətləriylə
seçilir. Lap elə bir neçə misralıq bu şeirdə
olduğu kimi:
Yaşlılar –yaşıma,
Yaşıdlar – başıma,
Qısırlar – çoxluğuma,
Huşsuzlar – yaddaşıma,
Kiçiklər –
tanımadığıma,
Kösövlər – yanmadığıma,
Qısqana-qısqana
Boğdular məni.
Qəmli taleyimi güldürənəcən,
Ölüm qorxusunu öldürənəcən...
(“Boğdular məni”)
Sabir Rüstəmxanlı müxtəlif
poetik forma və janrlarda şeirlər yazan şairlərimizdəndir.
Bu mənada onun qoşmaları da, gəraylıları
da, mahnıları da öz məzmunu və qayəsi, poetik
axarlığı ilə fərqlənir. Həmin
şeirlər kitabın iki bölməsində verilib.
“Dünya ovcumdadır” bölməsindəki
şeirlər müəllifin səfər və səyahət
təəssüratlarının poetik və bədii
tablolarıdır. Burada oxucular “Mən yol dəlisiyəm”,
“Kıprısda ilk şəhər”, “Necə baxım”, “Misir
şeirləri”, “Türkiyə duyğularından”, “Hindistandan
üç yarpaq”, “Çin səddinin üstündə”,
“Namibiyanın göylərində yazılmış şeirlər”,
“Amerikada Şuşa həsrəti”, “Quzey Qafqaz
ağrıları”, “Avstraliya aborigenləri” şeirləri ilə
tanış ola bilərlər.
“Kiçik şeirlər” bölməsində
həcmi kiçik, lakin mənaları olduqca dərin olan
poetik düşüncələr öz əksini tapıb.
Elə ən kiçik bu şeirdə olduğu kimi:
İnsan bir quşdu,
Yuva bağladı,
Bala böyütdü,
Uçdu...
Əlli altı şeiri özündə cəmləşdirən
poetik misralar insan, həyat, sevgi, təbiət, müdriklik, həyatsevərlik,
aqillik hisslərini özündə əks etdirən bu poetik
duyumlar öz lakonikliyi, fəlsəfi tutumu, həyat
reallıqları ilə səsləşən müdrik bir
yaradıcı insanın bədii düşüncələridir.
Bu misralar müəllifin əsl dost bildiyi
insanlara müraciətlə yazılıb:
Dostların qəlbimdə ucalan yeri,
Tanrı ocağıtək əzizdir mənə.
Oraya inamsız girən kəslərin
Ürəyi heyrətdən vahimələnir.
Bu misralar isə sevən insanın
rastlaşdığı ideal mənzərələrdən
biridir:
Baxdın, gözündə boğuldum,
Dindin, sözündə boğuldum,
Baş vurmadan dərininə
Suyun üzündə boğuldum.
Bu isə ana niskilidir, ana həsrətidir,
ananın yer üzündə əvəzsizliyinin
nidasıdır, naləsidir:
Ay dost, doldur badəni,
Ümid şəraba qaldı.
Anam köçdü dünyadan,
Dünya xaraba qaldı.
Son iki misralıq mövzuda ən
böyük poema, ən maraqlı və qiymətli roman yazmaq
olar...
Sabir Rüstəmxanlı cəmi dörd
misrada siyasətin də, həyatın da, Vətənin də
qiymətini-qayəsini əks etdirə bilən yaradıcı
qələm ustasıdır. Budur, həmin
misralar:
Nə o dəstədənəm, nə bu dəstədən,
Siyasi kəndirbaz mənə güləcək.
Çıxıb bu qeybətlər
burulğanından
Yurd üçün ölməsək Vətən
öləcək!..
“Əbədi sevda” kitabına iki poema –
“Orxanla görüş” və “Atəş böcəyi” daxil
edilib.
Monqolustandakı möhtəşəm
Orxon çayına həsr olunmuş bu poema ulu əcdadlarımızın
hayqırtılarının,
çığırtılarının,
çağırışlarının, nəsihətlərinin,
vəsiyyətlərinin, müqəddəs kəlam və
dualarının, deyim və düşüncələrinin
poeziyaya hopdurulmuş aynasıdır.
Uzaq monqol torpağını gəzdikcə
öz qədimliyini, öz ululuğunu, öz əcdadlarının
ruhunu, nəfəsini duyan, xatırlayan şair o yerlərdə
sanki Kürü, Arazı, doğma dağlarını
görür, Bilgə Xaqanın, Doqquz Oğuz
Göytürkün ruhları ilə danışır və qədim
daş kitabənin qarşısında diz çökərək
yazır:
Diz çökdüm önündə
daş kitabənin,
Diz çökdüm gurlayan Orxon
önündə.
Əlini çiynimə dayaq eləyən
Bu yeri yaşadan ruhun önündə.
Diz çökdüm önündə ana
dilimin,
“Türk milləti” yazan ələ diz
çökdüm.
Bu boyda itkinin, bu boyda qəmin
İçindən dikələn elə
diz çökdüm.
Hələ iyirmi beş
il bundan əvvəl yazılmış “Orxon” poeması təəssüf
ki, çağdaş Azərbaycan poeziyasının ən
uğurlu nümunələrindən biri kimi çox az öyrənilib
və bu əsərin layiqli qiyməti verilməyib! Mən buna olduqca təəssüf edirəm.
Kitabdakı ikinci poema “Atəş böcəyi”
adlanır. Kimdir bu “Atəş böcəyi”?
Kimə həsr olunub bu əsər? Poema
Güney Azərbaycan hərəkatının ən görkəmli
nümayəndələrindən biri Mahmudəli Çöhrəqanlıya
ithaf olunub (O həm də filoloq alim və professordur).
1996-cı ildə M.Çöhrəqanlı
Təbrizdən İran parlamentinə namizədliyini
vermişdi. Lakin təəssüf ki,
parlamentə seçki əvəzinə tanınmış
ictimai xadim o vaxt həbs edildi. Poema elə həmin ildə yazılıb.
M.Çöhrəqanlının bədii
obrazı Güneyli-Quzeyli Azərbaycan türkünün
azadlıq və müstəqillik uğrunda mübarizələri
fonunda qələmə alınmışdır.
Güney Azərbaycanında baş verən
ictimai-siyasi proseslərin ən fəal
iştirakçılarından, ən qorxmaz fəallarından
olan M.Çöhrəqanlının mübarizliyi, dönməzliyi
çox maraqlı bədii detallarla, təsvirlərlə
müşayiət olunur.
Azərbaycanın Güneyində baş
verən bəzi hadisələri təsvir etməklə
yanaşı, müəllif həm də Quzeydə gedən
milli-azadlıq hərəkatı, müstəqilliyin bərpası
uğrunda mübarizənin də, müstəqilliyin bərpasından
sonrakı dövrdə baş verən ictimai-siyasi proseslərin
də müəyyən səhifələrini
xatırlayır:
M.Çöhrəqanlı Azərbaycan
Respublikası öz müstəqilliyini yenidən bərpa
etdiyi dövrdə ilk dəfə Quzey Azərbaycanına gəlmişdi.
Ancaq ondan əvvəl
Güneydən gələnləri müəllif belə təqdim
edir:
Ancaq səndən qabaq
dəmir
alverçiləri
gəlmişdi!
Saqqız satan,
bez satan...
“dərə xəlvət,
tülkü bəy”
qardaşının
evini
yağmalayan
şarlatan!
...Bir dükanı Bakıda,
birisi Yerevanda –
millətin dəllalları!
Yüz əməli, yüz işi
Əzəldən yolu bəlli –
adam
alış-verişi...
Sanki “sovet dərsini demiş” həmin
adamları- dəllaları Quzey ziyalıları barədə
düşündürən, maraqlandıran isə ilk növbədə
bu olmuşdu:
“Babam, sizdə KQB-yə
bağlı olmayan
var?
Babam, şairləriniz qorxaqdı,
Çəkilibdi Bəxtiyar!
Babam Məmməd Arazın
yazdığı az,
Babam, Rüstəmxanlının
adını çəkməsəniz
olmaz!
Azəroğlu-filandı,
Söhrab Tahir-beşmandı,”
Adam
Salam verməyinə peşmandı!
Beləydi Sizdən
(Güneydən – V.A.) gələn
Simasız, rəngsiz adam!
Udlaqsız, əngsiz adam!
M.Çöhrəqanlının Bakıya
gəlişi isə bir başqa məqsəd, bir ayrı amal
idi:
Poemada ötən əsrin doxsanıncı
illərində Azərbaycan Respublikasında baş verən
ictimai-siyasi proseslərin bəzi məqamları real və
obyektiv əksini tapıb.
Müəllifin
Təbrizə ilk səfərinin bədii təsviri də
poemanın maraqlı səhifələrindəndir:
Poemada M.Çöhrəqanlının həyat
və mübarizə yolunun ən maraqlı məqamlarına
toxunulur, bu qorxmaz və igid qəhrəmanın həyat
eşqi ilə dolu anlarının bədii təsvirləri
verilir.
Sabir Rüstəmxanlı gəncliyində
də, orta yaşlarında da, 67 yaşını keçəndən
sonra da yaradıcı ziyalı, vətəndaş-şair,
nasir, dramaturq, tərcüməçi kimi yenə də elə
həmin Sabir Rüstəmxanlı olaraq qalır: Vətənini,
xalqını, millətini sevən qələm ustası və
ictimai xadim kimi! Bu hisslər, bu duyğular, Vətən və
Millət sevgisi onun canındadır, qanındadır! Bütün bu xüsusiyyətlər yaşa dolduqca
onun bütün əsərlərində, ictimai fəaliyyətində
daha böyük çılpaqlığı ilə
özünü biruzə verib.
Yəqin hörmətli həmkarlarımın
bəziləri hələ də “Əbədi Sevda”
kitabını oxumayıblar.
Geniş oxucu kütləsini demirəm (hələ
onlar bir yana) hər bir yaradıcı insan üçün ibrət,
dərs götürəcəyi o qədər qiymətli və
əvəzsiz hiss və duyğular, həyəcan təbili qədər
səsləndirilən fikir və düşüncələr var bu kitabda! Onu diqqətlə oxuyan hər kəsin bu kitabdan nə
isə götürəcəyinə mən inanıram.
Bu məqalə yazılıb tamamlanarkən
öyrəndim ki, Sabir Rüstəmxanlı DAK həmsədri
Firudin Pərvizniya ilə ABŞ-da növbəti
işgüzar səfərdədir. Məlum
oldu ki, onun dünyanın o başına getməsinin (ölkələrimiz
arasında 12 saatlıq vaxt fərqi var) əsas səbəbləri
ABŞ Dövlət Departamentində və Konqresində, BMT-nin
baş ofisində bir sıra maraqlı görüşlər
keçirməkdir. Bu görüşlər zamanı isə əsasən
ABŞ-Azərbaycan münasibətləri, Ermənistanın
Azərbaycana təcavüzü, Güney Azərbaycanındakı
qırx milyona yaxın Azərbaycan türkünün milli
azadlıqları uğrunda mübarizəsi müzakirə ediləcək.
Heç şübhəsiz ki, həmişə olduğu kimi,
bu dəfə də görkəmli ədib və ictimai xadimin
ABŞ-a səfəri hər şeydən əvvəl
yenə də Vətən və Millət sevgisi ilə
bağlıdır.
“Əbədi sevda” kitabının əvvəlində
Sabir Rüstəmxanlının portreti altında bir bənd
şeir parçası verilib:
Kainat boydadır hər qum
dənəsi,
Suyun hər damlası okean kimi,
Tarix ölçüsündə bir
andır ömrüm,
Tarixlər ömründən keçən
an kimi!..
Sabir Rüstəmxanlı şərəfli
bir ömür yolu keçib. Bədii
söz ustası və ictimai xadim kimi əvəzsiz və qiymətli
səhifələrlə zəngin olan ömür yolu! Bu şərəfli ömür yolu bu gün də
davam edir.
Tələbəlik illərindən bu
günə qədər dostluq, həmkarlıq etdiyim, doğma
Vətəndə və ondan xeyli uzaqlarda – dünyanın
müxtəlif ölkələrində Vətənimizin və
millətimizin keçmişi, bu günü və gələcəyi
ilə bağlı mübarizədə əqidə
qardaşım Sabir Rüstəmxanlıya yeni
yaradıcılıq uğurları, ictimai fəaliyyətində
yorulmazlıq arzulayıram.
Vaqif
Arzumanlı,
Dünya
Azərbaycanlıları Konqresinin sədr müavini, filologiya
elmləri doktoru, professor
525-ci
qəzet.- 2013.- 13 iyul.- S.20; 28.