“İpək
yolunun” sədaları və rəngləri
IV Beynəlxalq
Şəki Musiqi Festivalından qeydlər
Ənənəvi, artıq 4-cü dəfə
keçirilən və Bakıdan başlanğıc alan “İpək yolu” Beynəlxalq Musiqi
Festivalının ilk konserti məhz belə adlanırdı. Əslində
bu gözəl yay Festivalını bütövlükdə belə
adlandırmaq olardı: Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki şəhər İcra
Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi sayəsində musiqisevərlər
və ölkəmizin qonaqları 7 gün ərzində (28
iyun- 4 iyul tarixlərində) ən müxtəlif janr və
üslubları əks etdirən rəngarəng və əlvan
musiqi bayramının şahidi oldular. Festivalın rəsmi
açılışı hər zaman
füsünkarlığı ilə bizləri məftun edən
Şəkidə olsa da, ilk konsert proqramı Azərbaycan Bəstəkarlar
İttifaqının dahi Üzeyir bəyin adını
daşıyan xudmani konsert salonunda baş tutdu (həmin gün
isə Şəkidə Qazaxıstan, Rusiya, Tacikistan, Moldova,
Ukrayna və Azərbaycanın rəqs kollektivlərinin
möhtəşəm konserti ilə yadda qaldı).
Böyük marağa səbəb olmuş
Bakı konsertınin Şərq və Qərbin musiqi dialoquna əsaslanmış
ideyasında, ümumiyyətlə, festivalın əsas məramı
əks olunmuşdu. Bu da təsadüfi deyil.
Məlumdur ki, uzaq ölkələri və yad
xalqları əsrlər boyu bir-birinə bağlayan
Böyük İpək Yolu artıq XXI əsrdə əsl mədəniyyətlərarası
dialoq və ünsiyyət rəmzinə çevrilmişdir.
Firəngiz Əlizadənin yaradıcılığında və
üslubunda hər zaman qabarıq şəkildə təzahür
edən və aparıcı istiqamətə çevrilən
ulu Şərqlə müasir Qərbin üzvi vəhdəti
ideyası (əlamətdardır ki, Firəngiz xanımın hətta
“İpək yolu” adlı əsəri də vardır!) onun təşəbbüsü
və bədii rəhbərliyi ilə ardıcıl olaraq
keçirilən bütün festivallarda olduğu kimi, bu dəfə
də özünəməxsus və orijinal tərzdə
üzə çıxdı.
Bakıda baş tutmuş elə ilk konsertdə
Firəngiz xanım bütün yaradıcılıq və fəaliyyət
məramına sadiq qalaraq, XX əsrdə Qərbdə meydana
çıxmış dodekafon sistemin – ənənəvi
musiqidən tamamilə fərqli bir yazı texnikasının(poeziyada
bunu şərti olaraq qafiyəsiz,sərbəst vəznli
şeir üslubu ilə müqayisə etmək olar) Alman – Azərbaycan
qarşılığını əyani şəkildə
bizlərə nümayiş etdirdi. Özü də
bunu nəinki parlaq musiqi nümunələri əsasında,
habelə özünün çox maraqlı və tutumlu
musiqişünas şərhləri ilə bizlərə
çatdırdı. Əvvəlcə Bəstəkarlar
İttifaqının “Oazis” Simli kvartetinin ifasında Bakıda,
ilk dəfə olaraq, dünya musiqi tarixinə dodekafon sistemin
yaradıcısı kimi daxil olmuş alman bəstəkarı
Arnold Şönberqin II Simli Kvartetinin bir hissəsi (əsərin
mürəkkəb vokal partiyasını müasir musiqini
oxumaqda püxtələşmış Fəridə Məmmədova
ifa etdi) təqdim olundu. Tarixən yeni sistemin
yaranması keçən əsrin 20-ci illərinə təsadüf
etsə də, 1907-1908-ci illərdə qələmə
alınmış bu əsər artıq Şönberqin yeni
musiqiyazma texnikasının kəşfinə birbaşa
yaxınlaşmasından xəbər verirdi. Xüsusi vurğulamaq istərdim ki, “Oazis” kvartetinin
bu çətin əsərin öhdəsindən uğurla gəlməsi
də bilavasitə Firəngiz xanımın bu gənc kollektivlə
xüsusi şəkildə, saatlarla məşğul olması
sayəsində mümkün olmuşdur. Nə
gizlədək, Azərbaycanda müasir musiqinin ifasında ciddi
problemlər hələ də yaşanmaqdadır. Ali təhsilli heç də hər bir ifaçı
bu musiqini dərk edib duymaq və sonradan bəstəkar qayəsini
dinləyiciyə doğru-düzgün çatdırmaq
iqtidarında deyil. Hər zaman hiss etdiyimiz bu boşluqda
yenə də əsas sözü mütərəqqi fikirli,
müasir baxışlı yaradıcı şəxslər
deyə bilir. Bu baxımdan Bəstəkarlar
İttifaqı sədrinin nəinki nüfuzlu bir bəstəkar
kimi beynəlxalq müstəvidə öncül yerdə duran
yaradıcılığı, habelə əsl bədii rəhbər
və müəllim kimi gənclərdən ibarət
ifaçı kollektivi ilə gərgin
çalışması da ancaq alqışa və tərifə
layiqdir. Həmin axşam salona toplaşanlar böyük
səbirsizliklə həm də Firəngiz Əlizadənin
öz əsərinin ifasını – 25 il
öncə yazılmış, lakin nəhayət bəstəkarın
Vətənində ilk dəfə təqdim olunan Dilogiyanı
gözləyirdilər. Sirr deyil ki, elə
yuxarıda deyilən problemin nəticəsidir ki, Firəngiz Əlizadənin
əsərlərini Azərbaycanda canlı şəkildə
eşitmək hər deyəndə nəsib olmur. Əsərin yalnız bir hissəsi səslənsə
də, ondan alınan təəssürat dolğun idi.
Buna səbəb həm də ifa zamanı ekranda tədricən
təzahür edən rəsm əsəri oldu: gənc rəssam
Lalə Qasımın təxəyyülündə
yaranmış obraz musiqini sanki görümlü etdi. Beləliklə, IV “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalının ilk sədaları və rənglərı
müasir bəstəkarın və rəssamın əsərləri
ilə başlanğıc aldı.
Festivalın Şəkidə baş
tutmuş rəsmi açılışı isə yenə də
əlamətdar bir yeniliklə mədəniyyət tariximizə
yazıldı. İlk dəfə olaraq bu qədim
diyarın Aşağı Karvansaray adlanan tarixi bir məkanında
açıq səma altında Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı qüdrətli bəstəkarımız
Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirdi.
Heç şübhə etmirik ki, böyük
ruh yüksəkliyi ilə ifa edilmiş bu klassik sənət
incisi qonaqpərvər şəkililərin və festivala təşrif
buyurmuş qonaqların xatirindən hələ uzun zaman silinməyəcək.
Builki Şəki Festivalının özəlliyindən
danışarkən onun demokratikliyini, yəni təqdim olunan
musiqinin janr və üslub baxımından qeyri-adi müxtəlifliyini
bir daha və ayrıca vurğulamaq istərdik.
Bu Festivalda hər bir dinləyici və hətta
yaş kateqoriyası öz duyumuna və zövqünə
uyğun musiqi janrı ilə ünsiyyət qurmaq imkanı əldə
etmişdi. İlk növbədə etnik
musiqi həvəskarları bu Festivalda MDB ölkələrindən,
habelə qardaş Türkiyə və Cənubi Koreyadan dəvət
edilmiş ən müxtəlif səviyyəli kollektivlərin
çıxışını izləmək imkanı
qazandılar. Bəstəkarlar
İttifaqının nümayəndə heyəti Şəkiyə
gələn günü elə ilk eşitdiyi xoş xəbər
– bir gün qabaq olmuş çox maraqlı konsert
proqramının yerli sakinlərdə yaratdığı
parlaq təəssüratlar oldu. Rusiyanın məşhur
“Beryozka”, Tacikistanın “Zebo”, habelə Moldova, Qazaxıstan,
Ukraynanın bu kimi virtuoz rəqs kollektivləri şəkililərdə
əsl bayram ovqatı yaratmışdı. Daha
sonra bu estafeti layiqincə davam etdirmək Türkiyə və
Cənubi Koreyadan olan iştirakçıların öhdəsinə
düşürdü. Əgər Türkiyənin Şəki
ilə qardaşlaşmış Giresun və Konya şəhərlərinin,
habelə Meram şəhərinin rəqs kollektivləri xalq rəqsləri
ilə bahəm müasir rəqs elementlərini də
türksayağı tərzdə öz ifalarında göstərməyi
lazım bildilərsə, milli ənənələrə daim
sadiq qalan koreyalılar, zənnimcə, qədim mərasim rəqsləri
və havalarını əsrlər bundan öncə necə
varsa, eləcə də təqdim etməyə müvəffəq
oldular. Qarşımızda Koreya xalqının
bütöv bir həyat fəlsəfəsi, yaşam fəlsəfəsi
musiqi və rəqs dili ilə təcəssüm olundu. Biz, qədim şaman ənənəsinin təzahürü
olan mərasimlərlə yanaşı (məlumdur ki, koreya və
türk soyları tarixən qohumdurlar), tarla
qızlarının halaylarımıza oxşar mahnı-rəqslərinin
(şübhə etmirəm ki, bu havaları öz dilimizdə
oxusaq elə bizim milli musiqimiz kimi qavranılar) və gözəlliyi,
zərifliyi ilə valeh edən kübar-saray səhnələrinin
canlı şahidi olduq. Xüsusilə, incə
qızların əlvan böyük yelpiklərlə tovuz
quşlarıtək qarşımızda cilvələnməsi
heyrət doğurmaya bilməzdi. Koreyalıların
bu Festivala kifayət qədər ciddi şəkildə
hazırlaşmasını bir də o fakt subüt etdi ki, bütün
ifa olunan nömrələr aparıcı şərhləri ilə
müşayiət olunurdu. Festivalın
böyük zövqlə tərtib olunmuş bukletində isə
bu şərhlər daha müfəssəl idi (hesab edirəm
ki, bu ənənə digər çıxışlara da
şamil olunmalı idi. Məsələn,
ilk dəfə Şəkidə nümayiş edilən balet
tamaşasının da aparıcı-musiqişünas
sözünə ehtiyacı var idi). Onu da
qeyd edim ki, Cənubi Koreya artıq üçüncü dəfədir
ki, “İpək yolu”nda iştirak edir və artıq
Festivalın bir növ daimi nümayəndəsinə
çevrilmişdir.
Təbii ki, Festivalda öz milli musiqimiz də
geniş əksini tapmışdı: xalq mahnıları və
rəqslərdən tutmuş ciddi muğama kimi. Festivalın proqramında Alim Qasımov kimi görkəmli
xanəndənin yer alması təbii ki, ona olan marağı
ikiqat artırmışdı. Səbirsizliklə
gözlənilən bu muğam məclisi möhtəşəm
Xan Sarayının qarşısında baş tutdu və təkrarolunmaz
xanəndəmiz öz istedadlı qızı Fərqanə
xanımla birgə bizlərə “Şur” dəstgahını
təqdim etdi. İfanın özəlliklərinə
qısa yazı çərçivəsində dərindən
varmaq çətin olduğuna görə, yalnız onu demək
istərdim ki, bü dəfə də Alim bəy və Fərqanə
xanım ulu muğam dili ilə həyat və eşq
haqqında ehtiraslı hekayəti özünəməxsus bir
təfsirdə məhz yaşadılar və beşyüzillik əzəmətli
çinarların altında əyləşən
tamaşaçılara da yaşada bildilər.
Lakin Festivalımızda muğam aləmi
ilə ünsiyyət bununla bitmədi.
Keçən ilki Festivalda ayrıca konsert proqramı ilə
çıxış etmiş Cabbar Qaryağdı adına
tanınmış muğam üçlüyü – görkəmli
ifaçılarımız Möhlət Müslümov, Fəxrəddin
Dadaşov və Mələkxanım Əyyubovanın ifası
bu dəfə Türkiyə müğənnilərinin estrada
konsertində bir haşiyə kimi səsləndi və
konsertın ümumi ovqatına bir muğam ahəngi qatdı.
Yeri gəlmişkən, Türkiyənin
“Axşam səfası” TRT orkestri və solistlərinin konserti
da festivalın yaddaqalan möhtəşəm bir musiqi
axşamı oldu. Bu konsert hətta bəzi
tamaşaçılara kövrək nostalji hisslər də
yaşatdı. Axı vaxt var idi türk
müğənnilərinin canlı ifası əlçatmaz
bir arzuya bənzəyirdi. Bakıya Əməl
Sain və Müşərrəf Tezcan kimi sənətkarların
gəlişi isə hətta milli təhlükəsizlik
orqanlarının ciddi narahatlığına səbəb olurdu.
Lakin bütün görülmüş tədbirlərə
baxmayaraq bu konsertlər onsuz da istər-istəməz Türkiyə
– Azərbaycan sevgisinin və qardaşlığının
bariz nümunəsinə çevrilirdi. Həmin illərdən
bizi bir neçə onillik ayırsa da , zaman hər şeyi
yoluna qoyub ulu öndərin “ bir millət-iki dövlət” məşhur
şüarı dilimizdə əzbər olsa da ,etiraf edək
ki, yenə də bu sayaq konsertlər uzun ayrılıqdan sonra
görüşən iki qardaşın bir-birinə sevgi ifadəsinə
bənzəyir. Əllərdə hər iki ölkənin
bayraqları dalğalanır və yenə də türk
müğənnilərinin ifasında səslənən azəri
mahnıları gur alqışlarla qarşılanır...
Estrada həvəskarlarına əsl
sürprizlərdən biri də Tünzalə xanım
Ağayeva kimi fərqli ifa tərzinə malik sevilən müğənninin
ayrıca konsert proqramı ilə çıxış etməsi
oldu. Zənnimcə, Tünzalə xanım həm
səsinin, həm də rəngarəng repertuarının
bütün imkanlarını göstərməyə müvəffəq
oldu və elə bu səbəbdən də hətta pərəstişkarlarının
ayaqüstü alqışlarına da layiq görüldü.
Builki “İpək yolu” Festivalı rok musiqi
həvəskarlarının da gözünü intizarda qoymadı.
Elə Festivalın ilk günü Şəkinin
lap mərkəzində yerləşən Azadlıq
Meydanında uzaq Amerikadan gəlmiş populyar rok-qrupunun
çıxışı gənclərin sevincinə səbəb
oldu. Bu qrupla birgə Şəkiyə
öz super bahalı motosikletlərində təşrif
buyurmuş və özünəməxsus geyim tərzi ilə
yerli əhalinin marağına səbəb olan roker – baykerlər
isə bütün bu orijinal şouya əlavə bir rəng
qatdılar. Amerikalı qonaqlar fürsətdən istifadə
edib hətta arada bilik viktorinası keçirməyə də
vaxt tapdılar: Amerika Birləşmiş Ştatlarının
prezidentlərindən tutmuş, bu ölkənin
coğrafiyasına qədər ən müxtəlif suallara
cavab vermiş gənclərə hədiyyələr də
paylandı. İndi yəqin ki, həmin konsertdə
olmuş hər bir şəkili gəncin fotoalbomunda
amerikalı ifaçı ilə şəkillər var. Bax beləcə,
konsert proqramı xalqlararası dialoq və birbaşa ünsiyyət
formasına çevrildi.
Festivalımız haqqında yazımız
dolğun olmazdı, əgər biz onun maarifçilik istiqamətini
xüsusi qeyd etməsəydik. Hər
il olduğu kimi, bu dəfə də
Festivalın proqramında Şəki Musiqi Kollecində ustad dərslərin
keçirilməsi nəzərdə tutulmuşdu. İnanırıq ki, Xalq artistləri pianoçu
E.Axundovanın və violinaçı Z.Quliyevanın gənc
şəkililərə verdikləri açıq dərslər,
habelə bu sənətkarların mükəmməl
ifaları onlara gələcək peşəkar həyatlarında
böyük təkan olacaq.
Festivalın proqramında Kollec tələbələrinin
geniş konsert proqramı ilə çıxış etməsi
və bu konsertə istər dövlət orqanları tərəfindən,
istərsə də ictimaiyyətin böyük maraq göstərməsi
Şəkinin gələcək musiqi həyatında əhəmiyyətli
irəliləyişlərin olmasına inamımızı bir
daha artırdı.
Nəhayət, Festivalın yekun konserti Azərbaycan
musiqi incəsənətinin təntənəsi kimi
qavranıldı. Azərbaycan Dövlət
Xalq Çalğı Alətləri Orkestrinin ifasında
ölməz klassiklərimizin əsərləri gənc və
artıq tanınmış ifaçılarımızın təfsirində
təqdim olundu. Son atəşfəşanlıq
bu gözəl musiqi bayramının bitdiyini xəbər versə
də, tamaşaçılar hələ uzun zaman bu ovqatdan
ayrılmaq istəmirdilər.
Biz isə deyirik: Gələn il əziz və doğma Şəkimizdə
Festivalımızın 5 illik yubileyində görüşənədək!
Lalə
HÜSEYNOVA,
Azərbaycan
Bəstəkarlar İttifaqının katibi, musiqişünas
525-ci qəzet.- 2013.- 13 iyul.- S.16; 21.