“Füyuzat”ın
ən fəal müəllifi (davamı)
Müəllifin fikrincə, 1918-ci ildə
Antantanın zərbələri altında “İttihad və Tərəqqi”
partiyası siyasi səhnədən uzaqlaşdırılandan
sonra Bakı pantürkizmin əsas mərkəzinə
çevrilmişdi. Hərəkatın
başında isə qurucusu Məmməd Əmin Rəsulzadə
olan “Müsavat” partiyası dayanmışdı. “Milli
Firqə” (Krım), “Milli Şura” (Qazan), “Azad Türküstan”
(Türküstan) siyasi hərəkatları kimi “Müsavat” da
ilkin mərhələdə “İttihad və Tərəqqi”
partiyasının filialı olmuş, lakin zaman keçdikcə
öz təsir qüvvəsini və nüfuzunu artıraraq həlledici
mövqeyə yüksəlmişdi. “Bütün bu təşkilatların
əsas hədəfi türk-tatar tayfalarını birləşdirərək
vahid türk, yaxud tatar dövləti yaratmaq idi” – deyə fikirlərinə
yekun vuran Asan Səbri bilərəkdən, yaxud bilməyərəkdən
NKVD-yə geniş fəaliyyət meydanı
açmış, Volqaboyundan tutmuş Daşkəndə qədər
böyük bir ərazidə türk əsilli
ziyalıların, siyasi və ictimai xadimlərin, mətbuat
nümayəndələrinin həyatını təhlükə
qarşısında qoymuşdu.
Bu sırada tatar həmkarından ən
böyük zərbə alan “böyük
terrorun” qurbanı, yazıçı-diplomat Yusif Vəzir
Çəmənzəminli olmuşdu. Asan Səbri
əsərinin (təbii ki, “əsər” sözü burada
çox yumşaq səslənir, çünki krımlı
müstəntiqlər milli hərəkat tarixini sadəcə
mütaliə üçün yazdırmamışdılar, əksinə,
ondan istintaq materialı kimi yararlanaraq yeni cinayət işləri
açmışdılar) “Azərbaycan nümayəndələri
Krımda” adlı bölümünü başdan-başa ona həsr
etmişdi. “Almanlar Ukrayna və Krımı işğal
etdikdən və Tatar Milli Direktoriyasının bərpasından sonra
müsavatçıların nümayəndəsi Yusif bəy
Vəzirov Krıma gəldi. Artıq 1917-ci ildən
etibarən o, Kiyevdə, Ukrayna Radası yanında Azərbaycan
federalistlərinin daimi nümayəndəsi idi. Vəzirovun
Krıma hansı tapşırıqlarla gəlməsi, burada
bir neçə ay qalması mənə bəlli deyil,
çünki həmin vaxt İstanbulda idim” – deyə iz
azdırmağa çalışan Asan Səbri əvvəlcə
az qala Yusif Vəzirlə
tanışlığını da danmağa
çalışmışdı. Lakin sonrakı sətirlər
bu fikirlə dissonans yaradır və vəziyyətin fərqli
olduğunu göstərir:
“Almanlar Krımı işğal etməzdən əvvəl
Vəzirov Azərbaycana
çağırılmış, dərhal da məşhur
türk ictimai xadimi, Dövlət Dumasının
keçmiş deputatı Əli Mərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyətinin sərəncamına göndərilmişdi. Antanta donanması İstanbulu ələ
keçirdikdən və gənc türklər hakimiyyəti
süquta uğradıqdan sonra Topçubaşov Antanta qüvvələri
ilə əlaqə yaratdı. Bir müddət
sonra isə Vəzirovu öz yerində qoyaraq Parisə getdi.
İstanbuldan çıxarılana qədər
Vəzirov da İstanbulda idi (orijinalda belədir – V.Q.), amma
sonradan o da Parisə, Topçubaşovun yanına yollandı”.
Buradakı məlumatlar tam dəqiqliyi və
xroniki ardıcıllığı ilə seçilməsə
də, bütünlükdə Yusif Vəzirin 1918-1920- ci illərdəki
fəaliyyəti üzərinə işıq salır.
“1926 və 1930-cu illərdə mən
Bakıya səfər etmişdim. Lakin o zaman Vəzirov Azərbaycanda deyildi.
Görünür, 1930-cu ildən sonra
qayıtmışdır” – deyə nədənsə Yusif Vəzirin
şəxsiyyəti və ömür yolu üzərində
geniş dayanan müəllif fikrinə davam edərək
yazırdı. Əslində isə burada
faktları bilməmək, ya da Azərbaycan yazıçısını
daha çox qaralamaq niyyəti göz önündədir.
Doğrudur, Asan Səbrinin I Türkoloji qurultaya
qatıldığı 1926-cı il fevral
ayında Yusif Vəzir hələ vətənə dönməmişdi.
Yalnız həmin ilin aprel ayında Bakıya
qayıda bilmişdi. Təbii ki, hər
şeylə bu dərəcədə yaxından maraqlanan Asan Səbrinin
mətbuat vasitəsi ilə, eləcə də Bakıda
olduğu günlərdə məsələ ilə
bağlı məlumatsız qalması inandırıcı
görünmür.
Nəhayət, krımlı müəllif
Yusif Vəzirlə bağlı heç də
xeyirxahlığı ilə seçilməyən, əksinə,
onun üzərinə kölgə salmağa xidmət edən
fikirlərinə yekun vuraraq yazırdı: “Bir neçə il
bundan əvvəl Azərbaycan türk mətbuatında dəfələrlə
Vəzirov barəsində məlumatlar
yayılmışdı. Onun proletar
yazıçıları cəmiyyətinin üzvü
olduğu qeyd edilirdi. Yusif bəy Vəzirovun
proletar yazıçısına çevrilməsi məni
xeyli təəccübləndirdi. Qatı millətçi
– müsavatçı, ittihadçı və Antantanın casusu Vəzirov
indi gözlənilmədən proletar
yazıçısı
olmuşdu! Onun xaricdən nə zaman və
hansı tapşırıqlarla qayıtdığı təbii
ki, bəlli deyil, lakin fransız agenti olması faktdır!”
Asan Səbrinin şəxsiyyət və
yaradıcılığına, habelə türk sevgisinə
yaxşı bələd olduğu azərbaycanlı həmkarı
barədə belə qəzəb və hiddətlə
danışmasının səbəbləri qaranlıq
qalır. Lakin bir məsələni
unutmaq olmaz ki, sitat gətirdiyimiz sətirlər NKVD
zindanında yazılmışdı. Burada
isə yalnız bir janr – donos keçərli
sayılırdı. Amma istənilən
halda, müəllifin fəaliyyətinə bunca diqqət
yönəltdiyi Yusif Vəzir işi başından aşan
Krım ÇK-sı üçün o qədər də zəruri
obyekt deyildi. Lazımlı sayıldığı təqdirdə
Azərbaycan çekistləri də bu məsələ ilə
məşğul ola bilərdilər.
Elə isə yersiz canfəşanlığın
səbəbi nə idi? Fikrimcə,
əslində münasibətlərin gerçək mənzərəsi
tatar jurnalistinin təsvir etdiyindən fərqli səciyyə
daşıyırdı. Asan Səbri ilə
Yusif Vəzir bir-birlərini yaxşı
tanıyırdılar. Müstəqil
Krım-tatar dövləti ideyasının həyata keçməsi
uğrunda birgə mübarizə aparmışdılar. Həmkar və həmfikir olmuşdular. Mövcudluğu bir neçə ay çəkən
kiçik türk dövlətinin qurucuları sırasında
yer almışdılar. Bolşevik
zindanında belə mübarizə yoldaşlarından imtina
etmək, yaxud günahı onların üzərinə atmaq zəif
də olsa, çıxış yollarından biri
sayılırdı. Donosun
yazılmasını zərurətə çevirən əsas
amil də bu idi. Çox güman ki, azərbaycanlı
həmkarını sərt şəkildə ittiham etməklə
Asan Səbri müəyyən mənada özünü
sığortalamaq, ehtimali zərbələri
neytrallaşdırmaq istəyirdi.
Əslində isə hadisələrin məhz
belə bir məcrada cərəyan etmədiyini sübuta yetirmək
üçün yetərincə dəlil-sübutlar vardı.
Burada həmin qəbildən olan
maraqlı bir mənbəyə də diqqəti çəkmək
istərdim: Yusif Vəzir diplomatik təyinat alanda
“Tavriçeckiy qolos” qəzeti Asan Səbrinin redaktorluğu ilə
çıxan “Millət”ə istinadən “Krımlı
diplomatın karyerası” adlı məqalə çap
etmişdi. Yazıda deyilirdi: “Millət” qəzetinin verdiyi məlumata
görə xarici işlər naziri Cəfər Seyid Əhmədin
keçmiş müavini Yusif bəy Vəzirov Azərbaycan
Respublikasının Krım, Polşa və Ukrayna hökumətləri
yanında diplomatik nümayəndəsi vəzifəsinə təyin
olunub. Yusif bəy Vəzirov indi
Simferopoldadır, Tatar Direktoriyasının ədliyyə
müşaviri və milli siyasətə rəhbərlik edən
üç şəxsdən biridir”.
Bir müddət sonra Azərbaycanın
İstanbulda diplomatik nümayəndəsi təyin edilən
Yusif Vəzir Ağməsciddən ayrılanda Asan Səbri da
daxil olmaqla Tatar Direktoriyası rəhbərliyi onun şərəfinə
qəbul düzəltmişdi. Tədbir
yerli mətbuatda, eləcə də “Millət” qəzetində
işıqlandırılmışdı.
Yazıçı-diplomatın xarici işlər naziri Məmməd
Yusif Cəfərova 12 iyul 1919-cu il tarixli məktubunda bu barədə deyilirdi:
“Krımdan ayrılmamışdan əvvəl tatarlar şərəfimə
təntənəli vida yeməyi verdilər. Ziyafətdə
parlamentin sədri S.C.Xəttatov, onun müavini S.Özənbaşlı,
parlament üzvü Şəfiqə xanım Qasprinskaya, Tatar
Direktoriyasının başçısı A.Misgərli, Hərbi
Nazirliyin rəhbəri general A.Milkovski, “Millət” (redaktor Həsən
Səbri idi – V.Q.) və “Krım” qəzetlərinin
redaktorları, Şəhər Dumasının
qlasnıları və başqa şəxslər iştirak
edirdilər. Nitqlər söyləndi və
müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi
şərəfinə badə qaldırıldı. Cavab nitqimdə mən Krım tatarlarının və
digər soydaşlarımızın gələcək mədəni
tərəqqisində bizim respublikanın vacib rolunu qeyd etdim”.
Göründüyü kimi, milli müstəqillik
eyforiyasının yaşandığı 1919-cu ilin yayında
Asan Səbri Ayvazovun nəzərində Yusif Vəzir qətiyyən
“qatı millətçi, müsavatçı, ittihadçı
və Antantanın casusu” deyildi, sadiq və səmimi mübarizə
yoldaşı idi. Onları birləşdirən
kifayət qədər ümumi cəhətlər, ortaq dəyərlər
vardı. Lakin nəzərə alaq ki, Asan Səbri hətta
olmayan günahlarını “səmimi şəkildə” etiraf
edirdisə, millətçi, pantürkist olduğunu, Krım
yarımadasını Rusiyadan ayırmaq istədiyini boynuna
alırdısa, bu zaman Yusif Vəziri qorumaq haqqında, təbii
ki, düşünməyəcəkdi...
Asan Səbrinin Yusif Vəzirlə
bağlı donosundan Azərbaycan
yazıçısının əleyhinə nə dərəcədə
istifadə edilməsi barəsində əlimizdə məlumat
yoxdur. Lakin Bakıda professor Bəkir
Çobanzadədən işgəncə yolu ilə
Krımdakı milli hərəkat və onun tanınmış
simalarından biri kimi Asan Səbri haqqında alınan ifadələrin
(öz növbəsində sonuncu da “Krımda milli hərəkatın
tarixi” qeydlərində Çobanzadə ilə bağlı
kifayət qədər sərt ittihamlar irəli
sürmüşdü) sonuncunun əleyhinə istifadə
olunması müttəfiq respublikaların xüsusi xidmət
orqanları arasında intensiv əlaqələrin və məlumat
mübadiləsinin mövcudluğundan xəbər verir.
***
1922-ci ildə Krım siyasi müxalifətinin
lideri Cəfər Seyid Əhmədlə sovet hökumətinin
nümayəndəsi kimi Türkiyəyə gələn Asan Səbri
arasında sonralar ikincinin təfsirində günümüzə
gəlib çatan
dialoq olmuşdu. Cəfər Seyid Əhməd
keçmiş əqidə dostunu yenidən sovet cəhənnəminə
qayıtmaqdan çəkindirməyə
çalışmış, onu Krım mübarizəsini
Avropada davam etdirməyə çağırmışdı:
“- Siz Krıma qayıtmağı
düşünürsünüzmü?
Cavabınız müsbətdirsə, nə
zaman?
– Əlbəttə, qayıdacağam.
Qayıtmalıyam. Amma dəqiq
vaxtını bilmirəm.
– Bunu sizə məsləhət görməzdim.
Çünki bolşeviklər bir müddət
sizdən istifadə edəcək, sonra isə
hamınızı qıracaqlar. Odur ki, mənimlə
birlikdə İstanbula, oradan da Parisə getməyi məsləhət
görürəm. Krım
tatarlarının siyasi maraqlarını həmin şəhərlərdə
daha yaxşı müdafiə etmək mümkündür.
– Təklifinizə və məsləhətinizə
görə təşəkkür edirəm. Lakin
mən Krımdan və SSRİ-dən başqa heç yerə
getmək, hər hansı təkliflə razılaşmaq niyyətində
deyiləm. 1918-ci
ildən sonra sovet quruluşuna qarşı heç bir
günah işləməmişəm. Ona
görə də geri qayıtmaqdan qorxmuram.
– Yəqin siz də bolşevik olmusunuz. Mən bunu hələ 1917-ci ildə, “Millət” qəzetində
Leninlə Stalinin Şərq xalqlarına müraciətini
çap etdiyiniz zaman anlamışdım. Özünüz
bilərsiniz. İstənilən halda
bolşeviklər sizi rahat buraxmayacaq.
– Bolşeviklər kimi
öldürüb-öldürməməyi yaxşı bilirlər.
Sizin bu məsələdə kimisə
mühakimə etməyə haqqınız yoxdur. Yaxşısı budur ki, susasınız”.
Hələ on beş il
qabaqdan Sovet İttifaqında gələcək siyasi terror və
qətllərin anonsunu verən Cəfər Seyid Əhməd haqlı
idi. Bolşeviklərin kimi
öldürüb-öldürməməyi yaxşı bildiklərini
söyləyən Asan Səbri də haqlı idi. Necə
deyərlər, hərənin öz həqiqəti, hərənin
öz qisməti ...
Cəfər Seyid Əhməd uzun illər
Türkiyədə siyasi mühacir həyatı keçirdi,
1960-cı ildə, ömrünün ahıl
çağında Krım türklərinin lideri kimi həyatdan
köçdü.
1938-ci il aprelin 17-də,
60 yaşının tamamına bir neçə gün
qalmış məşhur “Üçlüyün”
hökmü ilə Krımda güllənən Asan Səbri
Ayvazov isə tale qardaşlarının çoxu kimi adsız
məzarda dəfn edildi. Heç bir vərəsəsi
olmadığından indiyə qədər formal rəsmi bəraət
də ala bilməmişdir.
Xalqın nəzərində isə
ümumiyyətlə belə bəraətə ehtiyacı
olmayıb. Doğma mədəniyyəti,
habelə içərisində Azərbaycanla bağlı həm
işıqlı, həm də kölgəli səhifələrin
yer aldığı irsi həmişə öz aktuallığını
qorumuşdu.
May-iyun
2013, Budapeşt
Vilayət
QULİYEV
525-ci
qəzet.- 2013.- 18 iyul.- S.4.