Ədəbiyyat tariximizdə yeni ad: Yusif bəy Ustaclu
Son illərdə AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunda
Səfəvilər dövrü
ədəbiyyatımızın nəşrinə və tədqiqinə xüsusi diqqət yetirilir. Həmin dövrə dair Əlyazmalar İnstitutunda,
dünyanın bir sıra əlyazma xəzinələrində saxlanan
anadilli yazılı abidələrimiz nəşr
edilmişdir. Filologiya elmləri
doktoru Paşa Kərimovun bu sahədəki fəaliyyətini
xüsusilə qeyd etmək lazımdı.
O, Səfəvilər dövrü
anadilli poeziyamızın
görkəmli nümayəndələri
– Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu
xan Zəfər, Vəhid Qəzvini, Təsir Təbrizinin divanlarını ilk dəfə
olaraq tam həcmdə
ayrıca kitablar halında geniş ön sözlə nəşr etdirmiş,
2007-ci ildə çap
etdirdiyi “XVII əsr Azərbaycan lirikası” antologiyasına Rəhməti,
Şah Abbas Kəbir, Şah Abbas Sani, Tərzi
Əfşar, Saib Təbrizi, Müsahib Gəncəvi, Məczub, Mövci, Mirzə Saleh Təbrizi, Vaiz Qəzvini, Səfiqulu bəy Səfi, Mürtəzaqulu
Sultan Şamlu və başqalarının əsərlərini
daxil etmişdir. Tədqiqatçı Kişvəri
divanının Almaniyada
yaşayan həmvətənimiz
Məhəmmədəli Hüseyni
tərəfindən aşkar
edilmiş avtoqraf nüsxəsini müasir əlifbada oxuculara təqdim etmişdir. Bundan başqa, P. Kərimov “XVII əsr anadilli Azərbaycan lirikası” və “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret-oçerklər)”
adlı monoqrafiyalarında
araşdırmaya çoxsaylı
əlyazma materiallarını
cəlb etməklə
dövrün poeziyasını
ən səciyyəvi
cəhətlərini nəzərdən
keçirmişdir. Tədqiqatçının
son araşdırmalarından biri Səfəvi hökmdarından I Şah
İsmayıl (1501-1524) və
Şah Təhmasibin
(1524-1576) dövründə yaşayıb-yaratmış, bir
müddət şahzadə
Sam Mirzə (1517-1567) ilə
dostluq etmiş, şahın əmri ilə 1571-1573-cü illərdə
baş vermiş Təbriz üsyanın yatırılmasında iştirak
etmiş, qısa müddət ərzində
Təbriz valisi olmuş Yüsif bəy Ustaclunun həyat və yaradıcılığına, onu anadilli divanına
həsr edilmişdir.
Y. Ustaclunun 755 beytdən, 94 qəzəl,
2 məsnəvi; 2 təxmis,
3 rübai, 1beyt və
1 misradan ibarət kiçik həcmli divanının surəti Əlyazmalar İnstitutuna
M. Hüseyinin yardımı
ilə gətirilmişdir.
P. Kərimovun tərtibi
ilə şairin divanı “Elm və təhsil” nəşriyyatında
geniş ön sözlə çapdan çıxmışdır. Yusif
bəy Ustaclu kimdir?- sualına
cavab vermək üçün tədqiqatçı
bir sıra orta əsr və
çağdaş mənbələrə
müraciət edir, maraqlı faktlar üzə çıxarır.
Yusif bəylə bir müddət dostluq etmiş I Şah İsmayılın ikinci oğlu Sam Mirzə “Töhfeyi-Sami” adlı təzkirəsində onu şücaətli döyüşcü,
sərkərdə, istedadlı
şair kimi səciyyələndirir. Sadiq bəy
Əfşar “Məcməül-xəvas”
təzkirəsində Yüsif
bəyin I Şah İsmayılın silahdaşı
Məhəmməd bəy
Ustaclunun qohumlarından
olduğunu, qısa müddət ərzində
Təbriz valisi vəzifəsini icra etdiyini, sənətdə Füzulidən öyrəndiyini
məlumat verir. Türk alimi İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi”
kitabında Yüsif bəyə həsr etdiyi kiçik məqaləni təhlil edən tədqiqatçı
buradakı yalnışlıqları
da nəzərə çatdırır. Kitabın ön
sözündə Ustaclu
elinin tarixi, Səfəvilər dövlətinin
yaranmasındakı rolu,
1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanı ətraflı nəzərdən
keçirilmişdir. Məlum olur
ki, dostu Sam Mirzə qardaşına qarşı taxt-tac uğrunda mübarizə aparmasına baxmayaraq I Təhmasib Məhəmməd
bəy Ustaclunun qohumu olan Yusif
bəy Ustaclunu əhv etmiş, Təbrizdə qalxan üsyanı yatırmaq üçün onu göndərmişdir. XVI əsr tədqiqatçısı
İskəndər bəy
Munisi, müasir dövrümüzün tədqiqatçıları
İ.P. Petruşevski və
S. Onullahi üsyançılarla
uğurlu danışıqlar
aparmış Y. Ustaclunu
ağıllı, ehtiyatlı,
tədbirli siyasətçi
adlandırırlar. Qeyd
edilir ki, üsyan yatırıldıqdan
sonra qətlə yetirilən əsas günahkarların sayının
az olmasında
da Yusif bəyin rolu olmuşdur. P.Kərimov divanının əlyazması
Əlyazmalar İnstitutunda
saxlanan Rəhməti Təbrizinin Təbriz üsyanına həsr etdiyi qırx beytlik qəsidəni ətraflı təhlil etmişdir. Tədqiqatçı
belə nəticəyə
gəlir ki, qəsidədə qarışıqlığı
aradan götürmüş,
ədaləti bərpa
etmiş yeni hakimin Təbrizə gəlməsindən söhbət
gedir: “Burada Yusif bəyin adı çəkilməsə
də, məlumdur ki, camaatın Yəqub kimi gəldiyinə sevindiyi şəxsin adı Yusif olmalıdır. Təbrizdə yaşamış,
sonralar mühacirət
edərək Hindistanın
Aqra şəhərində
vəfat etmiş Rəhməti Təbriz üsyanından, bu üsyanın yaratdığı
qarmaqarışıqlıqdan narazı qalmış, şahın üsyanı yatırmaq üçün
göndərdiyi Yusif bəy Ustaclunun gəlişindən
məmnunluğunu bildirmişdir”.
P. Kərimov divandakı şeirlərini
nəzərdən keçirərək
Yusif bəyin istedadlı şair olduğunu göstərmiş,
onun yaradıcılığında
Füzuli ilə bərabər böyük
özbək şairi Əlişir Nəvainin də kifayət qədər güclü təsiri olduğunu göstərmişdir. Tədqiqatçı
yazır: “Şair Füzuli ilə bərabər, Nəvainin də şeirlərinə
nəzirə, təxmis
yazmışdır. Hətta
divanında, v.34 a-34 b-də
Nəvainin “Bəs
neyləsün” rədifli
qəzəlinin 4 beytini,
v.33b-də isə ona cavab olaraq özünün
“Neyləsün” rədifli
qəzəlini köçürmüşdür. Divanı oxuduqca Yusif bəyin Nəvainin təsiri ilə yazdığı şeirlərində
cığatay sözlərindən
(məsələn, köymək,
yığlamaq, biş imas və s.) nəzərə
çarpacaq dərəcədə
geniş istifadə etdiyini görürük”.
P. Kərimov XVI-XVII əsr
anadilli poeziyamızda Nəvai təsirindən sonra Füzulin təsirini güclü olduğunu ətraflı təhlil edir, Füzuli yaradıcılığının
ədəbi dilimizin inkişafındakı rolunu
belə dəyərləndirir:
“ Ümumiyyətlə, böyük
özbək şairi Əlişir Nəvainin
XVI-XVII əsrlər poeziyamıza
təsirini zaman ardıcıllığı ilə
izlədikcə belə
bir qanunauyğunluğu
müşahidə edirik:
Əvvəlcə Əmani
və Sadiq bəy Əfşar kimi şairlərin yaradıcılığında Nəvai təsiri özünü daha güclü şəkildə
göstərirsə, sonralar
Füzulinin ədəbiyyatımızdakı
nüfuz, təsir dairəsi daha da artır, bununla bağlı olaraq Nəvai təsiri nisbətən azalır. Bundan belə bir nəticəyə
gələ bilərik
ki, XVI əsr ədəbiyyatımızda Füzuli
kimi dahi bir şair meydana
çıxmasaydı, sonrakı
dövr poeziyamızda
Nəvai təsiri, ədəbi dilimizdə cığatay dili elementləri daha çox ola
bilərdi”.
Ön sözdə tədqiqatçı
Yusif bəyin əsərlərinin mövzu
dairəsini, bədii ifadə vasitələrini,dilini ətraflı təhlil etmiş, göstərmişdir ki, şairin şeirlərində
irfani eşqdən daha çox səmimiyyəti real bir gözələ yönəldilmiş
dünyəvi məhəbbətin
vəsfi vardır. Nəvaidən, Füzulidən gələn
incə yumor Yusif bəyin şeirlərində də
müşahidə olunur.
Qəzəllərdən birində
o deyir ki, mənim kimi adı-sanı, müəyyən
bir yurdu, Vətəni olmayan adamı,görəsən,
qəm necə tapır:
Bilməzəm bu məni-sərgəştəni
qəm necə tapar
Ki, nə bir bəlli adım var,
nə müəyyən vətənim.
Tədqiqatçı qeyd edir
ki, Yusif bəy Ustaclınun şeirlərində onun həyata fəlsəfi baxışı, ictimai fikirləri, cəmiyyətdə
baş verən haqsızlıqlara qarşı
tənqidi münasibəti
əksini tapmışdır.
P. Kərimov Yusif bəyin şeirlərindəki
bədii ifadə vasitələrini ətraflı
nəzərdən keçirmiş,
belə nəticəyə
gəlmişdir ki,o, klassik Şərq poetikasını
gözəl bilən,
poetik bir sənətkar olmuşdur.
Ön sözdə alim Yusif bəyin divanında mükalimə,
təşbih, ləffü
nəşr, mübaliğə,
hüsni-təlil, təlmih
poetik fiqurlarından məharətlə istifadə
etdiyini nümunələrlə
sübut etmiş, şairin ana dilinin incəliklərini, sözlərin məna çalarlarını gözəl
bildiyini göstərmişdir.
Tədqiqatçı Y.Ustaclu divanının daha mükəmməl və iri həcmli əlyazma nüsxəsinin
(7374beyt) görkəmli Azərbaycan
alimi Mirzə Cəfər Sultan əl-Qürainin
şəxsi arxivində
saxlandığını, lakin
hələlik onu əldə etmək imkanının olmadığını
qeyd edir.
Hər halda, bu nisbətən kiçik həcmli divan nüsxəsinin nəşri
də Yusif bəy Ustaclunun XVI əsr Azərbaycan ədəbiyyatındakı mövqeyini
müəyyən etmək
üçün kifayət
qədər material verir.
Fikrimizcə, Yusif bəy
Ustaclunun divanının
nəşri bir daha göstərir ki, Səfəvilər dövrü ədəbiyyat
tariximizin tədqiqi sahəsində bundan sonra da yeni-yeni
mənbələrin üzə
çıxarılaraq, tədqiqinə
xüsusi fikir vermək lazımdır.
Nailə Mustafayeva,
filologiya elmləri üzrə fəlsəfə
doktoru
525-ci
qəzet.- 2013.- 18 iyul.- S.8.