Pantomima + Söz...
Bu mümkündürmü? – yəqin
ki, ilk ağla gələn suallardan biri məhz belə səslənir.
Amma heç də həmişə cavab tapa bilmirik və ya
tapdığımız cavablar heç də həmişə
düzgün olmur. “Google”, “Wikipedia” və digər
axtarış və məlumat portalları hər zaman bizə
lazım olan məlumatı verə bilmir, yaxud da külli
miqdarda verilmiş məlumatlar arasından düzgün
olanını tapmaq o qədər də asan olmur. Bu vəziyyətdə
Dövlət Pantomima Teatrının aktyoru kimi belə bir
araşdırma aparmağı özümə zövq bildim
(borc yox aaaa..., zövq).
Öncəliklə onu qeyd edim ki,
“Pantomima” adı altında dünyada barmaqla sayılacaq dərəcədə
teatr qalıb (onlardan çox az bir hissəsi “Klassik pantomima”,
“La Mim”, “Marsel Marso pantomiması” adı ilə
tanıdığımız formada tamaşalar
hazırlayırlar), tamaşalarında ifadə vasitəsini
söz yox hərəkət əsas sayılan digər teatrlar
isə “Hərəkət teatrı”, “Plastik teatr”, “Rəqs
(Dance) teatrı” və s. adlarla
fəaliyyət göstərirlər. Onların nəinki
adları, hətta formaları da bir-birindən fərqlənir.
Bu isə normal bir haldır. Zaman keçdikcə bir çox
sahələr kimi teatrda dəyişikliyə məruz qala bilər
(forma, stil, ifadə vasitəsi, hətta ad və s.
baxımlardan). Əsas mətləbdən uzaqlaşmadan əvvəlcə
pantomimanın nə olduğunu bəyan edək və tarixi
faktlara nəzər salaq (bu cümlə deyəsən həddindən
çox elmi və ciddi səsləndi).
Pantomima – qədim yunan sözü olun
“pantos” – hər şey, “mimos” – əks etdirən deməkdir.
İlkin pantomima bu günə gədər xeyli dəyişikliyə
uğrayıb. Çox qədim bədii yaradıcılıq
nümunəsi olmasına baxmayaraq müstəqil teatr
forması kimi ilk dəfə olaraq Roma imperatoru Avqustun hakimiyyəti
dövründə (e.ə. 27 – b.e. 14
) təzahür tapıb. Həmin dövrlərdə
lirik, komik və erotik janrlı pantomimalar daha geniş
yayılırdı. Bu pantomimalar 2 qrup şəklində ifa
olunurdu – bir qrup oxuyur və musiqi ifa edir, ikinci qrup isə əlləri
ilə hadisələri təsvir edirdilər. Antik pantomimada
böyük ehtimalla ayaqlar ritm tutur,
əllər isə “danışırdı”.
Böyük bir
fasilədən sonra Pantomima
sənəti 17-ci əsrdə İtaliyada
“Komedi del arte” sayəsində yenidən
xatırlandı. 1702-ci ildə “Druri-Leyn” teatrının baleytmesteri D.Uiver pantomima hazırladı.
Pantomima növbəti məşhurluğunu
Fransız MİM-i Jan
Batist Qaspar Debüronun yaradıcılığı
ərəfəsində əldə
etdi. O, çalışdığı
“Fyunambyul” (Kəndirbazlar)
teatrında bütün
gecəni davam edən pantomim tamaşalar səhnələşdirirdi.
Bu tamaşaların əksəriyyətində
həm danışırdılar,
həm də oxuyurdular. Yalnız bir personaj – Pyero heç bir söz demirdi.
Göründüyü kimi
artıq Debüronun yaradıcılığı zamanı
pantomimada sözdən
istifadə olunmağa
başlanmışdır. Bu gün bizim üçün yenilik kimi görünən pantomim tamaşasında sözdən istifadə olunmasının ən azından 260-a yaxın yaşı var (əgər hələ antik dövrdə istifadə olunan nəğmələr nəzərə
alınmasa).
1933-cü ildə isə Etien Dekrünün “Çilpaq
səhnədə çılpaq insan” – fikri ilə pantomima yeni mərhələyə
qədəm qoydu.
1941-ci ildə Parisdə
açdığı məktəbdə
heç bir şüjetə, konfliktə
və bitkin fikrə malik olmayan məşğələlər
hazırladı (məsələn:
yerində gəzmək,
küləyə qarşı
və s.) və bununlada müasir pantomimanın qrammatikasını
yaratdı.
Pantomimaya müraciət etməkdə
və bu məşğələləri yaratmaqda Etien Dekrunün məqsədi heç də sözdən imtina etmək deyildi, əksinə sözə öz qüvvəsini qaytarmaq idi. Onun teatr üçün
təklif etdiyi reforma bu fikri
deməyə əsas verir (bəzi mənbələrdə refonmanın
müddətinin 40 il nəzərdə tutulduğu
qeyd olunur):
1. 30 il ərzində
teatrda digər sənət növlərindən
istifadə etməyi qadağan etmək.
2. Birinci 10 illikdə səhnədə
pilləkənlərin, podiumların,
balkonların və s.
bu kimi vasitələrin
quraşdırılmasına qadağa qoymaq. Aktyor öz oyunu ilə özünün aşağıda
tərəf müqabilinin
isə yuxarıda olduğuna tamaşaçıları
inandırmalıdır.
3. Sonrakı 20 il ərzində isə aktyora nəinki söz deməyi, hətta hər hansı bir səs çıxartmağıda
qadağan etmək.
4. Yalnız sonuncu 5 ildə aktyora sözdən istifadə etməyə icazə vermək. Əgər aktyor bu sözləri özü tapacaqsa (yəni, bu sözlər
təbii tələbatdan
doğmalıdır).
Onun fikrincə
səhnədə aktyorun
səsləndirdiyi söz
bitkin bir fikri ifadə etsədə, heç də həmişə müəllifin, rejissorun və aktyorun özünün tamaşaçıya
çatdırmaq istədiyi
fikir kimi səslənmir. Onun dediyi sözün əsl mənası aktyorun hərəkətlərində
öz əksini tapır. Çünki səhnədə dilənçi
obrazını yaratmağa
çalışan aktyor
müəllif tərəfindən
verilmiş sözləri
deyərkən bu obraza tam kontrast və ya yad
olan hərəkətlərdən
istifadə edirsə (əgər bu məqsədyönlü şəkildə
qurulubsa başqa məsələ...) tamaşaçını
necə inandıra bilər. Amma Dekrünün bu niyyəti heç də hamı tərəfindən eyni anlaşılmadı, hətta
onun tələbələri
– Jan-Lui Barro və Marsel Marso belə bu sənəti tamam fərqli istiqamətlərdə inkişaf
etdirdilər.
Marsel Marso
ilk dəfə olaraq “Bip” obrazı ilə “La MİM”in başlanğıcını qoydu. O, öz tamaşalarında işıq,
musiqi, səs effektləri və rekvizitlərdən də istifadə edirdi. Bu gün pantomimada çoxlarına tanış
olan məhz Marsel Marsonun əsasını qoyduğu
istiqamətdir.
Jan-Lui Barro
isə pantomima haqqında tamam başqa fikirdə idi. Onun tamaşalarında
sözdən kifayət
qədər istifadə
olunurdu. Onun fikrincə mim (“mimos” – əks etdirən) birtərəfli
olmalı deyil. “Mim dramatik aktyor
qədər realistik pyes oynamaq iqtidarında
olmalı və gərəkən məqamlarda
öz düzgün seçilmiş jestlərinin
köməyi ilə lazım olan fikri daha dəqiq
çatdırmalıdır”(Jan-Lui Barro) . Barro, pantomimasında sözləri
hərəkətlərlə əvəz etmək fikrində olmayıb. Axı hərəkət sözləri əvəz edən yox, əksinə, onun çatdıra bilmədiyini
çatdırmaqda yardımçı
olandı (məsələn:
sözaltı məna,
hal, personaja münasibət və s.).
O, pantomimanı müstəqil
bir janr kimi deyil, aktyor
yaradıcılığının ayrılmaz bir hissəsi kimi görürdü. “Pantomimanı
əsas məqsəd kimi dəyərləndirmək
olmaz, ondan teatrda bir ifadə
vasitəsi kimi istifadə etmək lazımdır” (Jan-Lui Barro). 10 il ərzində
səhnələşdirdiyi 54 tamaşadan yalnız
3-ü klassik (sözsüz)
pantomima idi.
XX əsrin əvvəllərində pantomima
bir az da
dəyişdirilərək “dramatik pantomima” adı ilə o dövrün rejissorlarının yaradıcılıqlarında
öz əksini tapmağa başladı.
(K. Mərcanov – “Slezı”,
N.Yevreinov – “Krivoe zerkalo”, V. Meyerxold – “Şarf Kolombinı” , A.Tairov – “Pokrıvalo Perettı”) – bu tamaşalarda öz növbəsində forma baxımından
digərlərindən fərqlənirdi. Sonralar isə Vyaçeslav Palunin pantomimaya klounada elementlərini əlavə edərək yeni forma yaratdı, Leonid Yenqibarov isə əksinə – pantomima elementlərini klounada sənətinə əlavə
etdi. Beləliklə tarix boyu teatrın
başqa formaları kimi pantomima da kifayət qədər dəyişikliyə
uğradı.
Bu gün artıq pantomimanın bir neçə növü və janrı mövcuddur: rəqs pantomiması, klassik pantomima, akrobatik pantomima, ekssentrik pantomima, zoopantomima və çox az rast
gəlinən exo (echo
– yunan dilindən əks-səda) pantomiması.
Bütün bu araşdırmalardan sonra belə bir qənaətə gəlmək məncə məqsədəuyğun olardı
– Pantomimada söz yenilik deyil bu
tarix boyu bir neçə dəfə təkrarlanıb,
pantomima lal-kar tamaşası demək deyil, pantomima ümumi teatr sənətindən (aktyor
sənətindən) müstəqil
bir sənət növü deyil onların bir parçasıdır, pantomima
yalnız sözsüz
səhnələrdə aktiv
deyil, eyni zamanda aktyorun danışdığı və
ya oxuduğu zaman kəsiyində də öz fəaliyyətini davam etdirir. Bunu belə izah etmək olar ki, hər
bir xarakterin özünəməxsus yerişi, davranış
manerası vardır, hər bir emosiyanın, hər bir psixoloji
halın özünün fiziki ifadə vasitələri
vardır və bunlar ifaçı üçün sözlər
qədər əhəmiyyət kəsb edir).
Ceyhun
Dadaşov
Dövlət
Pantomima Teatrının aktyoru
525-ci
qəzet.- 2013.- 19 iyul.- S.7.