Ruhuma doğma olan könül dostum
Bir görüş mənim Məmməd Dəmirçioğlu ilə
qəlbən əbədi
bağlanmağıma səbəb
oldu. 4-5 il bundan öncə kiçik bir məclisdə məni Xalq şairi Zəlimxan Yaqub Dəmirçioğlu
ilə tanış etdi. Zəlimxan Yaqub Məmməd
Dəmirçioğlunun böyük
istedad sahibi olmağından, mahir fırça ustası olmaqla yanaşı, qeyri-adi şairliyindən ürəkdolusu söhbət
açdı.
O vaxtdan heç özümün də xəbəri olmadan mənim qəlbimdə yer tapıb Dəmirçioğlu...Onun mətbuatda gedən şeirlərilə
tanış olduqca məndə
həyatın hər üzünü görmüş
bu ağır kişiyə, onun saz-söz-sənət dünyasına
məhəbbət artmağa
başladı ...
“Səhra gülləri” kitabının
içində mənim
üçün belə
bir avtoqraf yazılmışdı: “Ruhuma
çox doğma olan könül dostuma”. Mən də elə
həmin sözləri
bu yazıya başlıq vermək qərarına gəldim.
Onun mənə
bağışladığı “Səhra gülləri”
kitabını varaqladıqca, oradakı şeirləri oxuduqca
məndə bu kitabı sona kimi oxumağa maraq daha da gücləndirdi.
Elə bil ovsunlamışdı məni Dəmirçioğlunun
şeirləri. Kitabın son səhifəsində “III yarpaq”
şeirində bu misralara rast gəldim:
Ömrü ilmə-ilmə toxuya bildim,
Oxuya bilmədim o son nəğməni.
Dünyada hamıya salam
söylədim,
Bir adam görmədim tanısın məni.
“Səhra gülləri” kitabı
ilk baxışdan bir cazibə qüvvəsi ilə məni özünə çəkirdi.
İstər kitabın
rəssam tərtibatı,
istər üz qabığında əks
olunan durna qatarı, dəvə karvanı, gözlərini
harasa çox uzaqlara zilləmiş müəllifin qədim türklərə bənzər
siması kitaba
başqa bir məna verirdi.
Mən Dəmirçioğlunun
bu kitabında toplanmış şeirlərinin
hər birini səhrada min bir əziyyətlə becərilmiş
gülə, laləyə
bənzədirəm.
Bəli, Dəmirçioğlunun
şeirləri ucsuz-bucaqsız
poeziya çöllərində
bitən lalələrə,
güllərə bənzəyir
və bu güllər, bu lalələr şeirə
dönmüş insan
obrazlardır və bu obrazların hamısında Dəmirçioğlu
özü dayanır.
Bu şeirlər onun
“Allah çağırıb üzünü göylərə
tutan”, Tanrıya ünvanlanmış pıçıltıları,
Allahla ünsiyyətidir:
Tanrım, eşqinlə odlanan,
Bir lalə
haləsindəyəm,
Baharın gül camalında,
Payızın naləsindəyəm.
Din xofunu tərk edəli,
Sevə-sevə ərk edəli.
Tanrım səni dərk edəli,
Dindən yuxarı dindəyəm.
Mənə elə gəlir ki, Dəmirçioğlunun içində
4 vücud yaşayır.
O, içində püskürən
hisslərini, duyğularını
biruzə vermək məqamı gələndə
başını qara sazına söykəyir, sazla istəyinə çatmayanda sözlə
danışır, şeirdə
özünü tapa bilməyəndə fırçaya
müraciət edir, sözün şəklini
çəkir...
Dəmirçioğlunun dünyası sazdan başlayır.
Dəmirçioğlu oğlu
hələ dil bilməyəndə sazı bilib:
...Nəm gözlərim bağlar mamır,
Qarasından ağlar damır.
Tanrım dilimi anlamır,
Göndər bir qara
saz mənə.
Və təbii ki, onun şeirlərinin yaranmasına
Hacı Əfəndi ocağının təsiri
olmamış deyil və bəlkə də elə əsas səbəb də budur.
Ancaq mən
tamamilə tənqidçi
dostumuz Rüstəm
Kamala da, görkəmli
filosofumuz Səlahəddin Xəlilova
da haqq qazandıraraq
belə hesab edirəm ki, Məmməd Dəmirçioğlu
xalq sufiliyindən təsəvvüf və irfani ideyalarından, xalq hikmətlərindən,
atalar sözlərindən,
bayatılardan, qımqımılardan
bəhrələnərək özünün
poeziyasını yaradıb.
Dəmirçioğlu bütün yaradıcılığından “Yol”, “Durna qatarı”,
“Dəvə karvanı”,
“Köç” bir qırmızı xətlə
keçir. Bir neçə misal gətirmək istəyirəm:
Qərib gecə ayrılığa
yoldu bax,
Qara-qara saçlarını yoldu bax.
Pəncərədən
durna səsi doldu bax,
Köçüb gedən qatarını say
mənəm.
və
ya
Min ildi sovrulur
yelə səhralar,
Yenə tükənməyir,lələ,
səhralar.
Səhraların sonu elə səhralar,
Oraya yol gedir
dəvə karvanı.
Nədir bu yol, nədir
bu durna qatarı, dəvə
karvanı?
M.Dəmirçioğlu
ömrünün bir hissəsinin Orta Asiyada yaşayıb,
qədim türk ellərini, yurdlarını,
qumlu səhralarını,
yovşan qoxuyan çöllərinin havasını
içinə çəkib.
Şairin ana yurdu
– Qazax mahalının
İncə dərəsi
məkan etibarı ilə durnaların köç yolunun altında yerləşir.
Bunun nəticəsidir
ki, Qazax mahalında dünyaya göz açmış şairlərin (Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Hüseyn Arif və b.) yaradıcılığında “durna qatarı” şeir mövzusu olub.
Bu baxımdan Dəmirçioğlu da istisna deyil, o da öz yaradıcılığında
durna qatarına zaman-zaman müraciət edib. Və yəqin
ki, istər kitabının tərtibatında,
səhra və dəvə karvanının
təsviri, istərsə
də şeirlərində
durna qatarının və dəvə karvanının tez-tez təkrarlanması şairin
yaddaş təxəyyülünün
assosasiyasıdır.
Ancaq mən nəkarəyəm ki, görkəmi tənqidçi
və ədəbiyyatşünas
alim Rüstəm Kamalın fikrinin əksinə gedim.
İstər durna qatarında,
istərsə də dəvə karvanında bir “köç” var.
Nədi bu səfərin əzəli sonu,
Sabahın gözündən dan köçhaköçdə,
Qanına bələnib karvan buludlar,
Üfüqün üzündən qan köçhaköçdə.
Əridim ay kimi ayda, ildə
mən,
Bir damcı
yaş oldum şehli güldə mən,
Özümü ovudum hansı dildə mən,
Ruh göyə tələsir, can köçhaköçdə.
Dualar oxudum
hər gün adına,
Dedim bəlkə
salar Tanrım yadına,
Uğursuz yolların düzüb badına,
Haqqa yol gedirəm
mən köçhaköçdə.
Əslində durna qatarı
da, dəvə karvanı da yoldur. Dəmirçioğlunun ömür yoludur,
haqqa doğru gedən yoludur və bu yol
o zaman başa çatacaq ki, Allaha qovuşacaq. Bundan sonra yeni
bir ömür başlayacaq:
Mən piyada, sən qanadlı,
Ay, göy əbalı,göy atlı,
Bir qulunam,
Məmməd adlı,
Özün ilə apar məni...
və
ya
Yoldu səhralar,səmalar,
Dərviş yolundan kam alar.
Nə qədər Allah, səma var,
Hədərdi-hədərdi ölüm.
İncə dərəsindən olan şairlərin hamısı
kimi, Dəmirçioğlunun
da yaradıcılığında “Qımqımlar”
mühüm yer tutur. Ümumiyyətlə
Dəmirçioğlu o şairlərdəndir
ki,
sözdən lövhə,
mənzərə çəkməyi
məharətlə bacarır.
Bəlkə də bu onun rəssam təxəyyülündən irəli
gəlir. Bu baxımdan onun qımqımlarla yaratdığı
lövhələr qeyri-adidir.
Onun “Sulara qımqım”, “Ağaclara
qımqım”, Könülə
qımqım”, “Ruhuma qımqım”, “Tanrıya qımqım” və digər qımqımları
heyrətamizdir.
Mən bu qımqımlardan
birinin üzərində
dayanmaq istərdim. Onun “Vətənə qımqımı”sı öz
məna dərinliyi və zənginliyi ilə insanı düşünməyə vadar
edir. Əslində bu qımqımı
Vətənə, elə,
obaya, doğma yerlərə bağlılığın
bir simfoniyasıdır.
Şair bu qımqımını Yurdunda yuvası olmayan şair dostlarına ünvanlasa da, əslində bu şeir bütün
yurddaşlara, vətəndaşlara,insanlığa ünvanlanmış
bir müraciətdir.
Hər yerdə qərib quşlara,
Dünyanın hər yanı Vətən.
Bir yuvalıq
yerin varsa,
Mənim yerim hanı,
Vətən?
Qəbir yeri qalarmı heç,
Köçüb elindən gedənin.
Din, imanı olarmı heç,
Haqqı əlindən gedənin.
Söndürmüşük
ocaqları,
Ocaq yerləri sönməyir.
Qoşulardım qatarına,
Durnalar geri dönməyir.
Hanı başı papaqlısı,
Papağı qeyrət olanın?
Durnaları qayıdarmı,
Vətəni qürbət olanın.
Dəmirçioğlu
içində bir hıçqırıq var,
bir hönkürtü
var və o, bu hıçqırığı
heç nə ilə
ovundura bilmir və bütün həyatı boyu özü ilə yaşadır. Bu hıçqırığı
yaradıcılığından bir qırmızı xətlə keçir Dəmirçioğlunun və
yalnız torpağa qovuşduqdan, göylərə
qalxdıqdan sonra ovuna bilər.
Allahımdan əmanətdir bir canım,
Könüllərə
ziyarətdir pir canım,
Laylalarla ovunmayan kür canım,
Torpağıma qovuşmasa ovunmaz.
və
ya
Ovutmayır nə möcüzə,nə ovsun,
Yuxusuna gir, yuxusu bal
olsun.
Bir yalan
de qoy sevinib lal olsun,
Öyüd almır içimdəki sevdalar.
Dəmirçioğlunun
yaradıcılığında arı, çiçək,
bal təşbehlərindən
çox istifadə etməsinin bir səbəbi də onların ilahinin sirli varlıqları olmasıdır.
Aşiqin sevdalı halı,
Çiçəklərdən
çəkər balı.
Adına aşiq olalı
Gah gül, gah arı gündəyəm.
Yazıya son vurarkən bir də qayıtmaq istədim yazımın
əvvəlində nümunə
gətirdiyim və məni yerimdən oynadan “III yarpaq” şeirinə:
Kürəyimi verdin bu yer
üzünə,
Üzümə açıldı göy üzü göz-göz,
Sinəmin üstündə bir ağ varaq
var,
Köksümün üstündə yazılmamış söz.
Arzum budur,
Məmməd Dəmirçioğlu,
nə qədər ki, ömür vəfa edir, sinənin üstündəki
ağ varaqlarda
şırım aç,
qoyma köksünün
altında deyilməmiş
söz qalsın.
Ramiz Göyüşov
525-ci
qəzet.- 2013.- 20 iyul.- S.29.