Ustad haqqında söz

 

(Akademik, görkəmli tənqidçi-ədəbiyyatşünas KAMAL TALIBZADƏNİN 90 yaşına)

 

İngilis şairi, dramaturqu və tənqidçisi Con Drayden (XVII əsr) ilk dəfə tənqid terminini işlədəndə fikirləşməmişdi ki, illər, onilliklərsrlər keçəcək, bu söz həyatın bütün sahələrində ən işlək, ən zəruri və eyni zamanda, ən  xoşagəlməz bir sözə çevriləcək, yaşından, irqindən, millətindən asılı olmayaraq hər bir insanın düşüncəsinə sirayət edəcək... Əslində, bəşəriyyət mövcud olandan onunla yanaşı, insanın tənqidi təfəkkürü də pillə-pillə irəliləmiş, bəlkə də ilk münaqişənin, ilk müharibələrin, ilk siniflər mübarizəsinin meydana çıxması üçün ilkin şərtə çevrilmişdir. Ancaq fakt budur ki,  tənqid termini birinci dəfə  ədəbi mübahisələri tənzimləyən, nizamlayan bir söz kimi meydana çıxmış və tənqidin daha ümumi, daha qlobal mənasından öncə, incəsənətdəki mövqeyi diqqəti cəlb etmişdir. Beləliklə, tənqid termini özüylə bir sırada bu fəaliyyət sahəsi ilə məşğul olan tənqidçini də, bu yeni termini də dünyaya gətirmişdir. Elə indinin özündə də  tənqidçi deyəndə, ilk növbədə, bədii əsəri təhlil edən, “yazıçını oxucuya yaxınlaşdıran” (Şklovski) bir şəxs nəzərdə tutulur.

Azərbaycanda ədəbi tənqidin kökləri çox qədimlərə gedib çıxsa da, əslində, onun əsr yarımlıq  yaşı var. Ədəbi-ictimai fikimizin nəhənglərindən biri- Axundovun tarixi xidmətləri sırasında onun ilk milli tənqidçimiz kimi missiyası da haqlı olaraq qeyd edilir. Axundovdan sonra F.Köçərli, A.Sur, Ə.Hüseynzadə, Seyid Hüseyn bu estafeti davam etdirdilər, ancaq qeyd edək ki, əsl, professional tənqid keçən əsrdə-20-ci illərin sonları-30-cu illərin əvvəllərində formalaşdı. M.Quliyev, Ə.Nazim, M.Ələkbərli, H.Zeynallı, M.Arif, Məmməd Cəfər, M.Rəfili, C.Cəfərov, M.İbrahimov, M.Cəlal, M.Hüseyn, Əkbər Ağayev kimi sırf professionallar yarandı. Bütün metodoloji səhvləri və “marksist ölçüləri” ilə yanaşı, bu tənqidçilərin ədəbi prosesdə rolunu qətiyyən inkar eləmək, yerə vurmaq olmaz. Bu yazıda haqqında söz açdığım tənqidçi-ədəbiyyatşünas Kamal Talıbzadə də məhz belə bir ədəbi zəmində formalaşmış, kamil tənqidçi səviyyəsinə yüksəlmişdir.

Kamal Talıbzadə deyəndə, mən ilk növbədə, səmimi, xeyirxah bir İNSAN, sonra bir ədəbiyyatşünas, sonra tənqidçi, nəhayət, pedaqoq haqqında düşünürəm, bir anlığa onun keçdiyi ömür yolunu xatırlayıram. Hamımıza məlumdur ki, Kamal müəllimin atası həmişə hörmətlə  yad etdiyimiz görkəmli ədib Abdulla Şaiq olub. İnsan genindən, kökündən-soyundan tanınır və  Kamal Talıbzadədə nə yaxşı cəhətlər varsa, ilk növbədə, atasından ona irsən keçib. Bir də ona görə ki, Kamal müəllim demişkən: “O  mənim həyatımda elə bil indi də canlıdır, elə bil o, mənimlə hər gün danışır, məsləhətləşir, yol göstərir, nəsihət verir. Hər gün iş yerimə onun  məzarının yanından – Fəxri Xiyabanın qarşısından keçirəm, hər gün ona, onunla yanaşı əbədiyyətə qovuşan çoxlu məşhurlarımıza rəhmət oxuyuram.

Kamal Talıbzadənin  atası haqqında yazdığı “Ata haqqında oğlunun söz deməsi, xatirə yazması çətindir, bəlkə bəzilərinə bu qeyri-təbii də görünə bilər” sözlərini xatırlayıram. Bu etirafın səmimiliyinə qətiyyət şübhə eləmirəm, ancaq məsələ burasındadır ki, indi mən də elə bir vəziyyətdəyəm, Kamal Talıbzadə mənim elmi rəhbərim olub və mənim üçün də onun haqqında söz demək çətindən çətindir. Mən də belə düşünürəm ki, bəzilərinə bu, qeyri-təbii görünə bilər.

1975-ci ildə, Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olanda məni ilkin təbrik edənlərdən biri Kamal müəllim oldu və bir neçə gündən sonra mövzum təsdiq ediləndə mənə elmi rəhbər axtarmaq  heç bir problemə çevrilmədi. Kamal müəllim imtahanda mənim cavablarımdan razı qalmışdı və odur ki, elmi şurada  bu işə məmnuniyyətlə razılıq verdi.

Elmi rəhbərlə aspirant arasında əlaqə və münasibətlərin bir neçə “tipi” mövcuddur: elmi rəhbər var ki,  aspirantının üzünü sonda – müdafiə kürsüsündə görür (bir az mübaliğəyə varsaq da), yetirməsinin məişət qayğılarından tutmuş elmi problemlərinə qədər heç nədən xəbəri olmur. Bir sözlə, yam-yaraşıq... Əgər aspirant fərasətli çıxsa, daha doğrusu, elmə təsadüfi  gəlməmişsə, rəhbərinin qayğısını hiss etməsə də olar. Elmi rəhbər var ki, onun üçün aspirant oğlu, qızı timsalındadır. Bax, Kamal müəllim bu ikincilərdəndir. Həftənin başında da, axırında da mən ona gördüyüm işlər barədə hesabat verirdim. Bizim söhbətlərimiz çox canlı keçirdi. Dəfələrlə  deyirdi ki,  elmdə polemikasız keçinmək olmaz, sən nüfuzundan, karyerasından asılı olmayaraq hər hansı bir müəlliflə, lap elə mənimlə etika daxilində mübahisə etməyi bacarmalısan. Bu tövsiyə ona gətirib çıxardı ki,  axırda Kamal müəllim bir müşavirədə məni tənqid edəndə dözə bilmədim, “üzünə ağ oldum”. Fasilədə mənə yaxınlaşıb əlini çiynimə qoydu, “bax, belə, heç kimdən qorxma!” dedi.

Əlbəttə, illər keçdi və mən bu hərəkəti heç cür özümə bağışlaya bilmədim. Ancaq dərindən düşünəndə bir təskinlik tapdım ki, mən axı, belə deyildim, hərdən-hərdən yazılarımda nəsə bir cəsarət dozası varsa, bu, Kamal müəllimin xidmətidir. Onu da deyim ki, bu günün özündə də mən Kamal müəllimi özümə ustad hesab edirəm.

Onun yetirmələrindən biri  – Nizaməddin Şəmsizadə yazır: “Sözün kəsəsi, həmişə sənə yazmaq öyrətmiş ustad haqqında yazmaq ən çətin dərs imiş”. Bu çətinliyi bayaq dediyim kimi, mən də hiss edirəm. Doğrusu, heç bilmirəm hardan başlayım? Onun “Abbas Səhhət” adlı son dərəcə qiymətli, mötəbər monoqrafiyasındanmı? Türkdilli ədəbiyyatşünaslıqda ilk tənqid tarixi kimi qələmə aldığı “XX əsr Azərbaycan tənqidi”, sonralar bu əsər əsasında bir az da təkmilləşmiş “Azərbaycan ədəbi  tənqidinin tarixi” fundamental əsərlərindənmi? Klassik və müasir ədəbiyyatmızın ən vacib,  aktual və  ağrılı problemlərindən söz açan saysız məqalələrindənmi?  Bir ədəbiyyat tarixçisi və tekstoloq kimi Nizami adına  Ədəbiyyat İnstitutunda hazırladığı, tərtib etdiyi, redaktoru olduğu Səhhətin ikicildliyindən, Şaiqin beşcildliyindən, S.Vurğunun altıcildliyindən, çoxcildli ədəbiyyat tarixlərindənmi? On yeddi il Yazıçılar İttifaqında tənqid bölməsinə rəhbərlik etdiyindənmi? Əlbəttə, bunların sayını artırmaq olar. Doğrusu, heyrət ediləsi ömürdür. Ancaq bu ömür yolu heç də  bəzilərinin düşündüyü kimi maneəsiz, şahrah yol olmayıb. Nə atasının – Abdulla Şaiqin ədəbi mühitdəki ağır, sanballı çəkisi, nə Səməd Vurğunla qohumluğu gənc Kamal Talıbzadənin elm yollarında qolundan tutub. Ümumiyyətlə, kiməsə arxalanmağın, hansı avtoritetəsə qısılmağın qəti düşməni olub. Aspirantlıq illərində mən bunu hiss elədiyim üçün deyirəm. Həmişə mənə  deyirdi ki, heç vaxt Ədəbiyyat İnstitutunun otaqlarında, uzun koridorunda lovğa-lovğa gəzişib mənə arxalanma, nə olsun mən direktor müaviniyəm, hətta haqqımda pis söz desələr də, incimə, bacarsan, cavabını ver, amma bəziləri kimi xəbərçilik  eləmə. Mövzum nəsrlə bağlı olduğu üçün yazdığım məqalələri, sonralar dissertasiyanın ayrı-ayrı fəsillərini məsləhət görərdi ki, o oxumamışdan əvvəl Şamil Salmanova, Akif Hüseynova göstərim, çünki bu alimlər ədəbi prosesi bütün incəliklərinə qədər duyurlar.

Bəli, Kamal Talıbzadə həyatda, elmdə öz yolu, öz üslubu olan  adamdır və bu yolu o, özü açıb. Ancaq elə bir dövrdə yaşayıb ki, zamanın mürəkkəb ab-havası onun da taleyindən yan keçməyib. Budur, Kamal müəllimin bəzi etirafları və dövrün, zamanın onun həyatında buraxdığı silinməz izlər: “Bizim nəsil çox mürəkkəb bir dövrdə təhsilə başlamış və əlinə qələm almışdı. Mən 1940-cı ildə  universitetin Filologiya fakültəsinə daxil olanda  ədəbiyyatşünaslığımızn əsas qüvvələri aradan götürülmüşdü...

Stalinimizin dəhşətli tədbirləri yaşlı, təcrübəli nəsil ilə varislik əlaqəsini birdən-birə, bir anda, bir ildə qırmış, cavan nəsil bir növ kökündən, bünövrəsindən ayrılmalı olmuşdu. Yeni nəslin fikrən, mənəvi şikəst “inkişafı” üçün hər cür şərait  – məcburi şərait yaranmışdı: itaətkarlıq, fikri köləlik, həqiqəti demək həsrəti, nəhayət, bəzən özün də  inanmadığın “həqiqətləri” demək məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə düşünmək isə beyinlərimizi, mühakimələrimizi kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü. Bizim nəsil təxminən qırx il belə şəraitdə yazıb-yaratmış və əgər o, öz mənliyini, özünəməxsusluqlarını müəyyən dərəcədə qoruya bilibsə, şübhəsiz, bu onun istedadı, fədakarlığı, qorxmazlığı, vətəndaşlığı hesabına baş vermişdir.”

Zənnimcə, bu etiraf təkcə K.Talıbzadənin yox, onun mənsub olduğu ədəbi nəslin də, ondan sonra ədəbiyyata gələnlərin də etirafı kimi səslənməlidir. Özü də belə etiraflar insana acı təəssüfdən başqa, bir qəlb rahatlığı da gətirməlidir. Vaxtilə Lenindən, partiyadan, komsomoldan, Qızıl Ordunun müzəffər yürüşlərindən poemalar, romanlar, hekayələr, şeirlər yazan, hətta Stalinin qəlyanını tərifləyən bəzi şairlər, nasirlər indi niyə susublar? Etirafın vaxtı deyilmi? Bu mənada mən Kamal müəllimin etirafını onun vicdanının səsi kimi qəbul edirəm. Onun “XX əsr Azərbaycan tənqidi” monoqrafiyasının iki fəsli (“Burcua tənqidi”, “Marksist tənqid”) gizlətmək  lazım deyil ki,  marksist ruhda yazılıb və bu fəsilləri yazarkən K.Talıbzadə “həqiqəti” demək məcburiyyətində qalmışdı. Amma həmin monoqrafiyanı bu iki fəslə görə gözdən salmaq, müəllifinə qara yaxmaq şübhəsiz, yanlış yol olardı. Yenə Nizaməddin Şəmsizadəyə müraciət edirəm: “XX əsr Azərbaycan ədəbi tənqidi”  adlı fundamental əsərində həmin şəxsiyyətlərdən (Ə.Hüseynzadədən, Əhmədbəy Ağaoğlundan) bəhs edərkən, müəllif təbii olaraq marksist mövqedə dayanmışdı. İki il əvvəl bu şəxsiyyətlərə münasibətimizlə bağlı sapıntılardan söz düşərkən, Kamal müəllim dedi ki,  bizim ona münasibətimiz bəzən birtərəfli, bəzən isə kökündən yanlış olmuşdur. Ancaq bu şəxsiyyətlərdən pis-yaxşı ilk dəfə yazanlardan az sonra “Azərbaycan” jurnalında alimin Əhmədbəy Ağayev  haqqında  obyektiv bir məqaləsi çap olundu”.

Milli ədəbiyyatın özünün idrak tarixi adlandırılan tənqid tarixinin ilk bünövrə daşlarını Kamal Talıbzadə  hörüb. İndi bu hörgü üzərində özünəməxsus bir bina ucalıb və heç şübhəsiz, müəyyən kəm-kəsirləri olsa da, o binanın memarı da, ustası da Kamal Talıbzadədir.

Tənqidçi Şamil Salmanov  yazır: “Təsadüfi deyil ki, bu əsər ölkəmizin hüdudlarından kənarda xarici elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan ədəbiyyatının Türkiyədə görkəmli mütəxəssislərindən olan Əhməd Cəfəroğlu “Türkiyat məcmuəsi”nin səhifələrində K.Talıbzadənin əsəri haqqında məqalə yazıb orada əsərin elmi  mündəricatını geniş, ətraflı surətdə izah edib, əsərin türkdilli xalqların ədəbiyyatşünaslığında tənqid tarixinə həsr edilən ilk tədqiqat  olmasını, burada tənqidin ədəbi fikrin əlahiddə deyil, milli ictimai, siyasi, fəlsəfi fikirlə sıx təmasda nəzərdən keçirildiyini göstərirdi”.

Yeri gəlmişkən qeyd edək ki, istər “XX əsr Azərbaycan tənqidi”, istərsə də “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyaları K.Talıbzadənin bir alim-tədqiqatçı kimi xarakterini bir neçə tərəfdən açıqlayır: birincisi, ədəbiyyat tarixçisi kimi hərtərəfli, geniş erudisiyası. Çünki ədəbiyyat tarixini bilmədən, onun ayrı-ayrı mərhələlərinin özünəməxsusluğunu dərk etmədən belə bir məsuliyyətli işə girişmək qeyri-mümkündür. İkincisi, tənqidin öz spesifikliyinin nəzərə alınması. Çox vaxt ədəbiyyat tarixi ilə tənqid tarixini eyniləşdirirlər. Bu, düzgün deyil. Tənqid tarixi ədəbiyyat tarixinin ola bilsin, tərkib hissəsidir, lakin ona müstəqil də yanaşmaq  olar. Çünki ədəbiyyat tarixində milli ədəbiyyatın tarixi izlənilir, ona tarixilik baxımından qiymət verilir. Tənqid tarixində isə milli ədəbiyyata məxsusi  münasibət izlənilir, ədəbiyyatın fakt və mənzərəsinə qiymət verilir, sistemli elmi ümumiləşdirmələr aparılır, ədəbi cərəyanlar haqqında söz açılır. Bir sözlə, ədəbiyyatın dərki ön planda olur.

Üçüncüsü, elmi-nəzəri hazırlığı... Nəzəri biliklə  silahlanmadan,  dünya və Şərq ədəbiyyatının, milli ədəbiyyatın incəliklərinə, özünəməxsusluğuna bələd olmaq mümkün  deyil. Göstərdiyim bütün cəhətlər Kamal Talıbzadənin yaradıcı şəxsiyyətində birləşib.

Kamal Talıbzadə istər  tənqid tarixçisi, istər ədəbiyyat tarixçisi, istərsə də nəzəriyyəçi alim kimi hər şeydən əvvəl, polemikaya meyl edən TƏNQİDÇİdir. Yəni tənqidçilik onun məşğul olduğu bütün fəaliyyət sahələrinə  gur bir işıq salır.  Mən bu fikri söyləyərkən, heç də onun müasir ədəbi proseslə bağlı onlarla məqalələrini, çıxışlarını nəzərdə tutmuram. Tənqidi keyfiyyət ədəbi hadisələrə, faktlara, hər hansı şəxsiyyətin yaradıcılığına münasibətin əsasını təşkil edir. Bu münasibətin özülü ibtidadan başlanır: yaxşıya yaxşı, pisə pis demək. Bir faktı xatırlamaq istəyirəm: Sabir Əhmədovun “Dünyanın arşını” romanı o vaxt bəzi tənqidçilərin arşını ilə həyatı əyri güzgüdə  əks etdirən bir əsər kimi tənqid edilirdi. Ancaq 1971-ci ilin yanvarında Yazıçılar İttifaqının  Salyanda keçirdiyi səyyar plenumundakı məruzəsində K.Talıbzadə əsəri yüksək qiymətləndirdi: “Dünyanın arşını” müasir nəsrimizin gözəl nümunələrindən  biridir” qəti hökmünü verdi. Təbii ki, bunu o zaman söyləmək cəsarət  tələb edirdi.

Kamal Talıbzadənin vəfatından sonra onun həyatı, şəxsiyyəti, tənqidçi-ədəbiyyatşünas fəaliyyəti ilə bağlı  “Kamal Talıbzadə. Kübarlıq məktəbi” adlı bir kitab çap olundu. Bu kitabda Kamal müəllim haqqında sağlığında yaradıcılığı  və vəfatı ilə bağlı ona həsr olunan müxtəlif müəlliflərin məqalə və çıxışları öz əksini tapdı (tərtibçilər: Rəfiqə Talıbzadə və Arzu Hacızadə). Yüzə yaxın yazıda Kamal Talıbzadənin böyük tənqidçi-ədəbiyyatşünas və əsl şəxsiyyət obrazını görürük. Bir neçə müəllifdən sitat gətirmək istəyirəm: “Məncə, elmin və alimin ən yaxşı sifəti onun mövzuya açıq fikirlə, doğru münasibətlə yanaşa bilməsidir. Kamal Talıbzadənin kiçik məruzəsini dinləyərkən, gəncliyimizin arasında böyük ümidlər verən gənc bir tədqiqatçını gözümüzün qarşısında canlandıra bilərik” (Səməd Vurğun, 1949). “Əziz Kamal! “XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidi” adlı elmi tədqiqat əsərini gec də olsa, oxuyub qurtardım. Sənin əsərinin ən qiymətli cəhəti onu hesab edirəm ki, ədəbi-bədii fikrimizin müəyyən (və maraqlı) bir dövrdəki inkişafı ardıcıl surətdə, diqqətli tədqiq olunmuş, sistemləşdirilmişdir. Nəticədə elə zəngin, elə əhəmiyyətli bir mənzərə yaranmışdır ki, adamın ürəyi qürurla dolur” (Mirzə İbrahimov, 1965). “XX əsr Azərbaycan ədəbi tənqidi” əsərində müəllif əsrimizin əvvəllərində ədəbi həyatın müstəqil bir sahəsinə çevrilən ədəbi tənqidin ilk tarixini yaratmışdır” (Mir Cəlal Paşayev). “Kamal Talıbzadənin “XX əsr Azərbaycan ədəbi tənqidi” kitabı türk ədəbiyyatında ələ alınmamış ən nazik problemlərdən birinə təmas etməkdədir” (Əhməd Cəfəroğlu-türk alimi, 1972). “Səməd Vurğun Kamala “arxiv Kamal” deyərdi. Yəni hansısa məqalə üzərində işləyəndə, yaxud hansısa bir ədəbi əsər tarixi faktla bağlı olanda, necə deyərlər, bir arxiv materialı kimi  Səməd Vurğunun böyük məhəbbətlə sevdiyi Kamalı var idi. Səməd Vurğunun Kamala çox böyük məhəbbəti və hörməti var idi.  Kamal onu sonsuz zəhmətsevərliyi, çox böyük savadı və insani yapışığı ilə qazanmışdı” (Vaqif Səmədoğlu, 2006).  “Kamal müəllim mənim üçün çox dəyərli bir Azərbaycan ziyalısı, araşdırıcısı idi. O, çox həlim xasiyyətli bir insan idi. Onun itkisi ədəbiyyatımız, elmimiz üçün çox ağır bir yara oldu” (Anar)”Kamal Talıbzadənin qələmi-ustad qələmi idi və bu yerdə “qələm” məfhumunu mən istedad, düşünmək bacarığı, zəhmətkeşlik və professionallıq toplusu kimi qəbul edir və işlədirəm” (Elçin, 2006)

... Kamal Talıbzadənin 90 yaşı...O, yeddi il öncə dünyasını dəyişdi. 2006-cı il, özü də 20 yanvarda. Təbii ki, 83 yaşında müxtəlif xəstəliklərin hücumuna məruz qaldı. Amma öləndə də onun nurlu təbəssümü üzündən əksilməmişdi. Mən bu yazıda çox çalışdım onun vəfat etdiyini yada salmayım, ondan canlı kimi danışım, amma..nə etmək? Ölüm haqdır, qaçmaq olmaz əmrdən. Kamal Talıbzadə getdi, amma ustadın yetirmələri onun yolunu davam etdirirlər. Müasir Azərbaycan ədəbiyyatşünaslarının bir qismi onun yetirmələridir və biz Kamal müəllimin ruhu qarşısında baş əyirik, “Allah rəhmət eləsin” deyirik.

 

Vaqif YUSİFLİ,

 

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2013.- 20 iyul.- S.19; 30.