“Bilsəydim
ki, yazmaq, yazarlıq budur, heç vaxt yazmazdım”
Müsahibimiz dəyərli şair,
usta publisist Tofiq Abdindir.
–
İlk yazınızı xatırlayırsınız?
– İlk yazımı yuxuda
görmüşəm. Bu, Lenin haqqında kiçik bir
şeir idi. Sonra həmin şeiri “Sovet kəndi” qəzetinə
göndərdim. Təsadüfən şeirimi çap elədilər.
O şeir nə bioqrafiyama daxildir, nə də o şeir məni
maraqlandırır. Əlbəttə, o yaşda bir kənd
uşağı ya sevgi, ya da o dövrün ictimai hadisələri
ilə bağlı bir şeylər yaza bilərdi. Şeirimin
çapından sonra ruhlandım və məqalələr
yazmağa başladım. Müxtəlif qəzetlərə məqalələr
göndərirdim. O zaman “Azərbaycan gəncləri” qəzetində
mütəmadi çıxış elədiyim
üçün respublika üzrə gənc müxbirlərin
birinci toplantısına
çağırıldığımda həmin qəzetin
baş məqaləsi mənə həsr olunmuşdu. O
toplantıdan sonra mənə respublika komsomolunun Fəxri Fərmanını
da vermişdilər. O zaman mənim 14-15 yaşım olardı.
Ədəbiyyata marağımın
formalaşmasında orta məktəbdəki ədəbiyyat
müəllimim böyük rolu olub. Görürsən ki, bir
sinifdən daha çox riyaziyyatıçılar, o birisindən
ədəbiyyatçılar çox olur. Bizim ədəbiyyat
müəllimimiz çox savadlı idi. Bəlkə də,
buna görə bizim sinifdən bir çox ədəbiyyatçılar
çıxdı. Mənim iddiam bu idi ki, jurnalistika fakültəsinə
daxil olum. Sənədlərimi verdim, amma girə bilmədim.
Sonra Teatr İnstitutuna (indiki Mədəniyyət
və İncəsənət Uiversiteti – R.Ə.) daxil oldum.
Teatr publisistikası ilə məşğul olmağa və müsahibələr götürməyə
başladım. Orada təhsil ala-ala yenidən orta məktəbi
bitirdim və ikinci attestatla Jurnalistika fakültəsinə
girdim. Amma Jurnalistika fakültəsini ikinci kursdan sonra
atdım.
–
İlk yazılarınızın çap olunmasında kimlərin
dəstəyi olub?
– İlk yazımın çapı mənsiz
olub. O vaxt şeiri yazıb, qəzetə göndərmişdim,
orda kimlərin işləməyindən xəbərsiz idim.
Ancaq Azərbaycan publisistikasında qazandığım
uğurlara görə Anar müəllimə borcluyam. Həyat
mənim üçün 1968-ci ildən başladı. Bir il
sonra “Etüd” adlı ilk kitabım çap olundu. Kitabda
müharibədə itkin düşmüş sənət
adamları haqqında publisistik yazılar toplanıb.
“Elə
əsərlər var, oxuyursan və anlayırsan ki, bunu sən
yaza bilməzsən”
– Təsirləndiyiniz
müəlliflər olubmu?
– Azərbaycan publisistikasına gəldiyim
illərdə mənim təsirləndiyim adamlar olmayıb.
Xarici müəlliflərdən isə ən çox İlya
Erenburq və rus publisistikasının generalı hesab olunan
İnna Rudenkodan öyrənmişəm. Daha sonralar Anar müəlimin
publisistikası və rəhmətlik İsa İsmayılzadənin
şeirləri məni heyran edib. Təbii ki, orta məktəbdə
Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi
oxumuşam, ancaq bizim yazı tərzimiz fərqlidir. Bununla
yanaşı gizlin yollarla xarici jurnallar əldə edirdik. Orda
müxtəlif incəsənət adamları haqqında
yazılar çıxırdı. O məqalələrin də
müəllifləri yox, mövzusu daha maraqlı idi. Və
dünyanın dahi yaradıcılarının Azərbaycan
oxucularına tanıdılmasında bu, ilk addımlardan idi.
–”Kaş
bunu mən yazaydım” dediyiniz əsərlər varmı?
– İndi elə yaşıma gəlmişəm
ki, hansısa bir şeirə, hekayəyə, romana oxucudan daha
çox ədəbiyyatçı kimi yanaşıram. Elə
əsərlər var ki, oxuyursan və anlayırsan ki, onu sən
yaza bilməzsən. Ancaq elə əsər də var ki, bunu mən
də yaza bilərəm deyə düşünürsən. Mənə
görə birinci hal daha doğrudu. Sən hansısa bir əsəri
oxuyanda bilirsən ki, uydurmadı, ancaq yazıçı səni
inandırmağı bacarır.
– Konkret
adlar çəkə bilərsiniz?
– Poeziyada Nazim Hikmətin, Nəcib Fazil
Kısakürəyin adını çəkə bilərəm.
Azərbaycan ədəbiyyatında məni silkələyən
əsərlər Əli Kərimin “Pillələr”i, Anarın
əsərləri, İsa Hüseynovun povestləri,
İsmayıl Şıxlının “Dəli Kür” romanı
olub.
–
Şablon da olsa, bu sualı cavablandırmağınızı
istəyirəm: sizin zamanınızdakı gənclərlə
indikilər arasında əsas fərq nədir?
– 90-cı illərdən sonra gələn
nəsillər insana qarşı həddindən artıq
soyuqqanlı və etibarsızdılar. İstər insanilik,
istərsə də yaradıcılıq baxımından
onlara etibar etmək olmaz. Bəzi
yaradıcılığını sevdiyim adamlar var ki,
onların tutduqları yol doğru deyil. Bizim nəslin əsas
fərqi budur ki, bizdə etibar və inam vardı. Anar müəllimlə
mənim aramda az yaş fərqimiz var, ancaq mən həmişə
ona Anar müəllim deyə müraciət etmişəm.
İndi bəzi ədəbiyyatçılar var ki, Anar müəllimdən
yaşca bir xeyli kiçik olmalarına baxmayaraq, ona sadəcə
adıyla xitab edirlər. Hər kəsin əlində bir sayt
olduğundan “kim kimi” mübarizəsi vurub etikanı da
keçib. Ədəbiyyat sahəsində məni Rəsul Rza
və Anar müəllim istiqamətləndirib. Bəlkə də
mənə vəfa mədəniyyəti onlardan keçib.
İndiki nəsildə mən bilən ən çox vəfa
mədəniyyəti çatışmır. Mən bunu
özlərinə də deyirəm. Bu mədəniyyət təkcə
oxumaqla gəlmir. Bunu bir azda genetik bağla əlaqələndirirəm.
“Ədəbiyyatın
nüfuzdan düşməsi çox ağrılı
haldır”
– Yəni, ədəbiyyat
inkişafa yox, tənəzzülə doğru
addımlayır.
– Əslində
hamı bioqrafiyasından yazır. Yazı bir azda
bioqrafiyanın maraqlı olması deməkdir. Maraqlı
adamların bioqrafiyası maraqlı əsərləri meydana
çıxarır. Zəngin bioqrafiyası olan adamlar gözəl
əsərlər yarada bilirlər. Olmayanlar isə gərək
ki, özlərindən nəsə uydursunlar. Ancaq Allah uydurmaq
istedadını da hər adama vermir.
Ədəbiyyata indiki axın mənim
çox xoşuma gəlir. Bəlkə də, mən xarakter
olaraq “Dəli Kür”ü və ya “Qətl günü”
romanını yaza bilmədiyimdən buna haqq
qazandırıram? Bəlkə, elə roman Qanturalının
yazdığı kimi olmalıdı? Bu gün gənclər
gündə bir kitab çıxarıb adını roman
qoyurlar. Bəlkə də, bu yeni bir janrdır, bunun bir
adını tapmaq lazımdır. Mütləq bu istiqamətin
adı olmalıdır. Məsələn,
altmışıncı və yetmişinci illərdə
çoxları deyirdilər ki, mənim şeirlərimdə
publisist yanaşmalar çoxdu. Mən Türkiyəyə gedəndə
gördüm ki, epik şeir deyilən yeni bir janr var. İndi
şeir dünyasında epiklik daha qabarıqdır. Bəlkə
də, bu tənqidçilərin günahıdır ki, bunu
tam aydınlaşdıra bilmirlər. Çoxu da postmodernizmdən
yapışıb, əl çəkmək də istəmir.
Halbuki dünya nəsrinin klassiklərindən biri olan
Çingiz Aytmatov açıq-aşkar postmodern romanların
roman olmadığını deyir. Bir nəfər Orxan Pamuka
“siz postmodernist yazıçısınız?” deyə sual verəndə
o, belə cavab verib ki, mən qələmi əlimə
götürüb yazıram və nə olacağını
bilmirəm, əgər siz buna postmodernizm deyirsinizsə, olsun
elə postmodernizm. Yazıçı yazır və heç
kimə lazım olmayan ədəbi tənqid onu təhlil edir.
Mən bunu dəfələrlə demişəm axı kimə
lazımdı bu tənqid?
–
Oxucuya. Ədəbi tənqid ədəbi prosesin dərkində
oxucuya kömək edir. Bir növ yazıçı ilə
oxucu arasında dialoq, ünsiyyət yaradır.
– Ola bilər. Ancaq oxucu ilə yazıçı
arasındakı münasibətə gəldikdə deyə bilərəm
ki, şəxsən oxucu ilə mənim aramda olan işlər
məni maraqlandırmır. Mən yazıram, oxuyan oxuyur,
oxumayan da oxumur. Guya ki, ədəbiyyat tərbiyə edir. Əgər
ədəbiyyat tərbiyə eləsəydi, Tolstoyun “Hərb
və sülh” romanından sonra gərək müharibə
olmayaydı. Tərbiyə insanın içində olan bir
şeydi. Sən bilməlisən ki, nəyi etmək olar, nəyi
olmaz. Məni ədəbiyyat tərbiyə etməyib.
– Bu məqamda
sizinlə razıyam. Məncə, ədəbiyyatın boynuna
hansısa bir missiyanı qoymaq düzgün deyil.
– Əlbəttə. Kimə lazımdı
bu missiya? İndi siz məndən niyə
yazdığımı soruşsanız, deyərəm ki,
inanın, mən bilsəydim ki, yazmaq, yazarlıq budur,
heç vaxt yazmazdım. Ömründə yaxşı bir
yazı yazmayan, adicə bir sayta başçılıq edən
bir adam elə iddialı danışır ki, adamın
ayağı yerdən üzülür. Böyük ədəbiyyatdan
danışan, ortalığa normal bir hekayə belə qoymayan
bir sayt rəhbəri deyir ki, Aqil Abbasın “Dolu” romanı
patetikadan ibarətdir. Aman Allahım, adamda bir insaf gərəkdi.
Adam, sən öz saytından danış. Danışır.
Məntiqi də budu ki, mən şuluq salanam. Hansısa əsərə
irad tutmaq olar, ancaq adamın gərək mədəniyyəti,
etikası olsun. Bizdə əqli impotentlik var.
– Sizcə,
insanların ədəbiyyatdan uzaqlaşmasının, ədəbiyyatın
əvvəlki nüfuzdan düşməsinin səbəbi nədir?
– Bu haqda geniş danışmaq olar. Ədəbiyyatın
nüfuzdan düşməsi çox ağrılı bir
haldır. Mənim üçün ədəbiyyat 70-lərdə
necəydisə, elə o cür də qalır. Ədəbiyyatın
nüfuzdan düşməsi bir növ də zamanla bağlıdır. Sizə
bir şey deyim, Türkiyədə hər şəhərin, hər
rayonun özünün şairləri var. Ancaq sovet
dövründə bizim
yazarları bir yumruq altına
yığmışdılar və onları bir yumruq altında saxlayırdılar.
Daha doğrusu, bu yumruqdan kənara çıxanlar da vardı.
Əsas məsələ budur ki, birdən-birə mətbu
çaxnaşma yarandı. Necə ki, indi çoxlu sayt, nəşriyyat
var. Məncə, bunun qarşısını almaq lazım
deyil. Onsuz da zaman keçəcək, yüz adam arasından
biri irəli çıxacaq, ya da çıxmayacaq. Bu,
Allahın işidir. İndi deyirlər, ədəbiyyatı
oxumurlar, olsun. Heç kəsi oxumağa məcbur etmək
olmaz. Təbii ki, mənim yaşımda olan bir yazar artıq
daha ciddi işlərlə məşğul olmalıdı.
Amma mən bu yaşımda iki qəzetə həftəsonu
yazılar yazıram. Böyük türk
yazıçısı Əziz Nesindən soruşurlar: nədən
yazıçı oldunuz? Deyib ki, ailəm böyükdü,
ona görə. Allaha şükür, bizdə bu da yoxdu. Bu
vaxta qədər “hər şey yaxşı olacaq”-deyib
qadınımı aldada-aldada gəlmişəm. Buna
yaşamaq demək olmaz. Amma cəsarətim də yoxdu
başqa yol seçməyə. Gəncləri işsiz görəndə
özümə həqiqi anlamda nifrət edirəm.
Maaşım bir o qədər çox olmasa da, indi mənim
yerimdə sənin kimi gənclər olmalıydı. Mən
çoxdan dayanmalı, qırağa çəkilməliydim.
Söhbətləşdi:
Ramil ƏHMƏD
525-ci
qəzet.- 2013.- 20 iyul.- S.18.