Sənətə
məhəbbətlə
(Ramiz Əzizbəyli-65)
Bu gün
respublikanın Xalq artisti Ramiz Əzizbəylinin 65 yaşı
tamam olur.Çox nadir xüsusiyyətə malik olan fitri, parlaq
istedadı, eyni zamanda ən gənc yaşlarından
yazıb-yaratmaq həvəsi onu tez bir zamanda
xalqımızın sevimlisinə çevirdi.
Ramiz Əzizbəylinin səhnəyə
ilk gəlişi 9 yaşında uşaq televiziya verilişlərində
Buratino ilə olub. Həmin gün onun bəxt ulduzu
böyük bir parıltı əmələ gətirdi və indiyə qədər də öz
parıltısını itirməyib.
Var sənət üçün
yarananlar, bir də var sonradan sənəti sevib seçənlər.
Ramiz Əzizbəyli sənət üçün yaranıb. O
həyata istedadı ilə, bacarığı ilə birgə
bəxş olunub. Allah ona o qədər enerji, o qədər
yaşayıb-yaratmaq həvəsi verib ki, sanki bu enerji
heç vaxt tükənməyəcək. Yaş üstə
yaş gəldikcə bu həvəs, bu imkan daha da artır,
püxtələşir.
Ramiz Əzizbəylinin
yaradıcılığı çoxşaxəlidir,
genişdir, onun yaradıcılığı bir dəryadır.
O, istedadlı aktyordur, həm komik, həm də tragik
rolların gözəl ifaçısıdır. ?stedadl?
kinorejissordur. Çəkdiyi “Bəxt üzüyü”,
“Pirverdinin xoruzu”, “Yalan” filmləri geniş
tamaşaçı rəğbəti qazanıb, o filmlərə
baxdıqca doymaq olmur. Çoxu bilmir ki, onun necə rəssamlıq
qabiliyyəti var. Hələ şeirləri, qəzəlləri,
mənsur hekayələri.... Yazıçılar Birliyinin
üzvüdür, iki kitabı çap olunub. Eyni zamanda həddindən
artıq məlahətli, ürəyəyatan xoş səsi
var.
O, həm də maraqlı həmsöhbətdir.
Onunla bir dəfə ünsiyyətdə olan şəxs, daim
onun əhatəsində olmağa çalışır,
duzlu, məzəli, ən çox da mənalı söhbətlərini
dinləmək istəyir. Daxilindəki sənət eşqi o qədər
aşıb-daşır ki, ətrafdakılar sanki onun sehrinə
düşürlər.
Ramiz Əzizbəylinin
dünyagörüşü, intellekt səviyyəsi, savad dairəsi
olduqca zəngindir. Odur ki, onunla ünsiyyətdə olmaq, bir
masa arxasında oturmaq, eyni məclisdə iştirak etmək
hamıya zövq verir.
İlk addımlarını Həmkarlar
İttifaqlarının Mədəniyyət Sarayında atan
Ramiz Əzizbəyli indi də həmkarlar ittifaqları ilə
sıx əlaqədədir, AHİKin tədbirlərinin fəal
iştirakçısıdır. O, öz təcrübəsini
həmkarlar ittifaqlarının klub müəssisələrində
fəaliyyət göstərən xalq teatrının gənc
aktyorları, dərnək rəhbərləri ilə
bölüşür. Gərgin iş qrafikinə baxmayaraq, o,
dəfələrlə həmkarlar ittifaqlarının mədəniyyət
ocaqlarında keçirilən mədəni-kütləvi tədbirlərin
rejissoru, aparıcısı
olub, AHİk-in hamiliyə götürdüyü
U.Naxçıvanski adına hərbi liseydə keçirilən
müsabiqələrdə münsiflər heyətinin sədri
kimi vətənpərvər gənclərə dəyərli
məsləhətlər verib.
Artıq neçə illərdir ki, Ramiz
Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində dərs deyir,
estrada və musiqili teatr rejissorluğu kafedrasının
müdirdir, professordur. O,
bütün enercisini, biliyini, qəlbinin hərarətini gənclərə
həsr edir. Ramiz müəllim gənclərin estetik tərbiyəsi
ilə məşğul olur, onları teatr sənətinin sirləri
ilə tanış edir, onlarda teatr sənətinə məhəbbət
oyadır. Gələcəkdə bu gənclərin
hamısı teatr səhnəsində çalışmasalar
da, onlar mənəvi cəhətdən zənginləşirlər.
O, ailəsində qayğıkeş ata,
mehriban baba, sədaqətli ailə başçısı,
dostları üçün əsl dost, təvazökar insan
olmaqla bərabər həm də azəri xalqının
istedadlı oğludur. Onun yaratdığı hər obraz,
çəkdiyi filmlər, şeirlər, yetişdirdiyi tələbələr,
sevə-sevə gördüyü bütün işlər – Azərbaycan
xalqına verdiyi böyük töhfədir. Ramiz Əzizbəyli
incəsənət və mədəniyyət tariximizdə
öz izini qoyan sənətkarlardandır.
65 yaşını qeyd edən Ramiz Əzizbəylinin
həqiqətən yaşadığı həyatı ilə
fəxr etməyə haqqı var. Çünki o, insanların
qəlbinə yol taparaq, onların sevimlisinə çevril?
bilib. İndi ölkə həyatının başqa sahələrində
olduğu kimi mədəniyyət və incəsənət
qarşısında da geniş üfüqlər
açılıb. Əminik ki, bu istiqamətdə o, yenə
də qüvvə və bacarığını əsirgəməyəcək,
hər zaman ön sıralarda olacaq.
Həyatının bu şərəfli
ad günündə onu Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası adından yaxın dostları,
tanışları, bütün Ramizsevərlər adından
təbrik edir, ona can sağlığı və
yaradıcılıq uğurları arzu edirik.
Tanrıdan arzu edək ki, daha uzun illər
qisməti olsun. Xalqımızın, millətimizin sənətkarına
olan sevgisi heç vaxt solmasın. Və bu yazını Ramiz Əzizbəylinin
ürəyindən gələn misraları ilə bitirmək
istəyirəm.
“Məni bu dünyada yaşadan əlbət,
Eşqdir, Vətəndir, bir də ki sənət!”
Xoşqədəm
Bağırova
Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının
mütəxəssisi
Təbrikə
qoşulurlar:
Məhərrəm
Bədirzadə, İbrahim Əliyev, Mina Bayramova, Firəngiz Cəfərova,
Babakişi Məmmədov, İlham Namiq Kamal, Məmməd
Mahmudov, Qəmər Məmmədova, Məhəmmədəli
Abdullayev, Nazim Bəykişiyev.
525-ci
qəzet.- 2013.- 20 iyul.- S.25.