"Füyuzat"ın
başqa bir müəllifi- Əhməd Kamal
“Füyuzat”dakı ilk yazısı məcmuə
özünün bir illik ömrünün yarısını
başa vurandan sonra – 16 may 1907-ci il tarixli 17-ci sayda çap
olunmuşdu.“Fəlsəfeyi-pərişan” adlanan bu şeir
müəllifinin müəyyən poetik istedadından, habelə
ənənəvi poeziyaya hansısa yeniliklər gətirmək
niyyətindən xəbər verirdi.
Mayın 25-də çıxan növbəti
sayda isə baş redaktor Əli bəy Hüseynzadə qələmindən
çıxması şübhə doğurmayan “İdarədən”
adlı “Yeni qələm yoldaşımız”
başlıqlı qeyddə şeir müəllifi barəsində
müxtəsər məlumat verilmişdi: “...idarəmiz bu məcmuənin
bir qat daha kəsbi-təkmil etməsi əsbabını
düşünməkdə olduğundan Osmanlı türklərinin
ən mükəmməl mühərrir və şairlərindən
Əhməd Kamal bəyi Bakıya dəvətə məcbur
oldu... Bundan sonra müntəzəmən asari-qələmiyyəsi
ilə məcmuəmizi təzyinə qeyrət edəcəkdir”.
Əli bəy özünə məxsus
yüksək mədəniyyət və taktla Əhməd
Kamalı sadəcə “Osmanlı türklərinin ən
mükəmməl mühərrir və şairlərindən
biri” kimi təqdim etməklə kifayətlənmirdi. Həm də
onun jurnalın gələcəyi ilə bağlı
qaçılmaz zərurət üzündən Bakıya dəvət
edildiyini vurğulayırdı. Əslində isə, vəziyyət
təsvir olunandan bir qədər fərqli idi. Lakin bu barədə
bir qədər sonra...
Adı hələlik məcmuə
oxucularına heç nə deməyən yeni əməkdaşın
şəxsiyyəti, ədəbi keçmişi, jurnalistika təcrübəsi
barəsində də eyni diqqət və qədirşünaslıqla
məlumat verilirdi: “Əhməd
Kamal bəy ən əsl istanbullu olub Darüşşəfəq
məktəbi-alisindən nəşət etdikdən sonra
ibtida o məktəbdə ədəbiyyat müəllimi təyin
olunmuş və bir tərəfdən də “Sabah” və “Sərvəti-fünun”
qəzetələrində türk ədəbiyyatına xeyli
xidmətlərdə bulunmuş və yeni ədəbiyyati-cədidəyə,
yəni ədəbiyyatın ən son tərəqqiyyat və
təcəddüdatına Tofiq Fikrət, Cənab Şəhabəddin,
İsmayıl Səfa, E.Nadir, Hüseyn Suad, N.Surət,
Süleyman Nəsib bəylərlə bərabər qeyrət
etmişdir”.
Ardınca isə Əli bəy “yeni qələm
yoldaşının” daha yaxşı tanıtmaq
üçün aşağıdakı bilgiləri də
“Füyuzat” oxucularının diqqətinə
çatdırmağı zəruri saymışdı: “Qarelərimizin
əksərincə məlum olan “Doğru söz”ü təsis
eyləmiş idi. Bəzi əsbabi-xüsusiyyəyə məbni
“Doğru söz” 13-cü nömrəsindən təvqif ilə
Misiri tərkə məcbur olmuşdur. “Füyuzat”ın
qayeyi-amali zatən doğru sözlərlə nəşri-feyzi-həqiqət
olduğundan doğru sözlər söyləyənlər
doqquz köydən deyil ya, doxsan köydən qovulsalar belə
onlara kamali-meyli-məhəbbətlə
ağuşi-iştiyaqını açacağı təbiidir”.
Sitat gətirilən sətirlər kifayət
qədər intriqa doğurucu mahiyyət daşımaqla
yanaşı “Füyuzat”ın yeni əməkdaşının
heç də sıradan bir adam olmadığını
göstərirdi. Türk publisisti, şair, tənqidçi,
pedaqoq, “gənc türklər” hərəkatının
tanınmış simalarından sayılan Əhməd
Kamalın (1934-cü ildə Türkiyədə soyad qanunu qəbul
edildikdən sonra özünə Akünal familiyası
götürmüşdü) hadisələrlə zəngin həyatı,
xüsusən də ötən əsrin əvvəllərində
Bakıdakı fəaliyyəti bunun məhz belə olduğunu
sübuta yetirməkdədir. 1905-ci ilin tarixi dərslərindən
sonra Azərbaycanda ictimai-siyasi fikrin, mətbuat və mədəniyyətin
sürətli inkişafı dövründə Əhməd
Kamal Anadolu və Qafqaz türklərinin yaxınlaşması,
“Füyuzat” ədəbiyyatının istiqamətinin,
simasının formalaşmasında, eləcə də
Bakıda türkçülük ideya cərəyanına əsaslanan
yeni məktəblərin qurulmasında müəyyən xidmətlər
göstərmişdi.
Milli ədəbiyyatşünaslığımızda
bu xidmətlər nə dərəcədə dəyərləndirilmişdir?
Əhməd Kamalın poetik irsini toplayan və barəsində
ayrıca kitab qələmə alan müasir türk tədqiqatçısı
M. Kayahan Özgül həmvətəninin şəxsiyyətinə,
yaradıcılıq irsinə Azərbaycanda bəslənən
soyuq münasibətdən narazılığını gizlətməmişdir.
Bunu aşağıdakı sətirlərdən də sezmək
mümkündür: “Müstəqillikdən sonra yazılan ədəbiyyat
tarixlərində “Füyuzat”a və Əhməd Kamala dair təsbitlərin
dəyişəcəyi yolunda bir ümid daşımaqda idimsə,
bu günə qədər bəklədiyim qədirşünaslıq
hənuz göstərilmədi”. Çox güman ki,
oxucuların diqqətinə təqdim olunan məqalə həyatının
müəyyən dövrü Azərbaycanla bağlı olan
türk şair və tənqidçisi haqqında ölkəmizdə
ilk araşdırmadır. Lakin “Füyuzat”ın latın əlifbasına
transliterasiya edilmiş nəşrinin meydanda olması (2006) bu
məcmuəyə, onun yaymağa
çalışdığı fikir və ideyalara, ətrafında
birləşən füyuzatçı ədəbi qüvvələrə,
o cümlədən də Əhməd Kamala diqqətin ən yaxşı nümunəsidir.
MACƏRALI
YOLUN BAŞLANĞICINDA
Bakıya gələndə Əhməd
Kamal 34 yaşında idi. Xeyirxahı Əli bəy Hüseynzadənin
yuxarıdakı təqdimatından da göründüyü
kimi, İstanbulda, 1873-cü ildə doğulmuşdu. Atası
tanınmmış Ocaqağasızadələr ailəsindən
Osmanlı ordusunun miralayı (polkovnik –V.Q.) Əhməd Rasim
idi. O, Bosniya-Hersoqovina üsyanı zamanı aldığı
yaralardan vəfat edəndə oğlunun cəmisi dörd
yaşı vardı. Əhməd Kamalın təlim-tərbiyəsi
ilə dayısı Fərid İsmayıl Paşa məşğul
olmuşdu.
Təhsilini Osmanlı imperiyasının
elitar təhsil müəssisəsində – Darüşşəfəq
məktəbində almış, 1893-cü ildə buranı
“birinci tələbə” ünvanı ilə bitirmişdi.
Parisə, Sorbonna Universitetinə getmək istəsə də,
Fransa paytaxtının II Sultan Əbdülhəmidə
qarşı çıxan “gənc türklər” hərəkatının
başlıca mərkəzlərindən birinə çevrilməsi
səbəbindən arzusunu gerçəkləşdirə
bilməmişdi.
Paris xülyalarını kiçik məmur
həyatı ilə dəyişmək lazım gəlmişdi.
Əhməd Kamal Avropa fikrinin və yasaq mətbuatın
İstanbula daxil olduğu əsas mərkəzlərdən
birində – Qalata poçtunda çalışmağa
başlamışdı. Həm də bitirdiyi
Darüşşəfəq məktəbində müəllimlik
etmişdi. XX əsr Azərbaycan publisistikasının
tanınmış nümayəndəsi Ömər Faiqin xatirələrindən
göründüyü kimi, İstanbulda təhsilini başa
vurduqdan sonra o da bir müddət eyni poçt idarəsinin məmuru
olmuş, məhz burada
müxalif fikirli nəşrlərlə
tanışlıq imkanı qazanmışdı.
Xəbərlərdən birincilər
sırasında tanışlıq imkanının
açılmasına baxmayaraq monoton məmurluq həyatı Əhməd
Kamalı özünə çəkməmişdi. Çox
tezliklə əsl yerini ədəbiyyat və mətbuatda
tapmışdı. İlk şeiri 1895-ci ildə
İsmayıl Səfanın redaktorluğu ilə
çıxan “Maarif məcmuəsi”ndə çap
olunmuşdu. İki il sonra isə artıq özü müstəqil
dərgiyə – “Pul məcmuəsi”nə rəhbərlik edirdi.
24 yaşlı gəncin redaktorluğu ilə 1897-1898-ci illərdə
bu jurnalın 13 sayı çıxmışdı. Təbii
ki, ən fəal müəlliflərdən
biri baş redaktorun özü idi. Böyük türk
şairi Tofiq Fikrətlə tanışlıq isə onu yeni
Osmanlı ədəbiyyatının yarandığı
başlıca mərkəzə – “Sərvəti-fünun”
jurnalına çəkmişdi. Bu məcmuəyə
yaxınlıq isə yalnız ədəbi deyil, həm də
siyasi mahiyyət daşıyırdı. Əhməd Kamal yarımçıq qalmış
xatirələrində yazırdı:
“Tofiq Fikrət hamımızı “Sərvəti-fünun”a
topladı. Orada səmimi və ədəbi, qismən də
siyasi bir ailə təşkil etdi. Bu ailənin keyfiyyəti o
zamankı hökumətin mahiyyəti ilə uyğun
görülmədiyi üçün qarşımıza “Tərcümani-həqiqət”də
Əhməd Midhət, “Iqdam”da Əmrullah, “Məlumat”da Əhməd
Rasim ilə daha bəzi mətbuat tüfeylilərindən
mürəkkəb bir cəbhə təşkil etdirildi. Bizə
dekadansmı, simvolistmi demədilər?.. Biz “Sərvəti-fünun”da
çalışarkən bir tərəfdən də hökumətin
və hökmdarın artıq bütün cəmiyyəti
sarmış olan istibdadı ilə də
çarpışırdıq. Orada biz ara-sıra münfəridən
və ya müctəmiən (tək-tək, yaxud cəm halda –
V.Q.) Zəbtiyyə qapısına, yaxud Həsən Paşa
karakoluna (o zamankı İstanbulun polis idarələri nəzərdə
tutulur – V.Q.) baş çəkməli olurduq”.
Gənc və enerjili Əhməd Kamal az
müddətdən sonra daha çox siyasi xarakter almağa
başlayan bu yarıleqal toplantıların əsas simasına
çevrilmişdi. “Məmləkətin həyatını və
istiqbalını təhdid edən istibdad idarəsinə
qarşı savaşın yollarını arayan” gənc
intellektuallar bəzən İsmayıl Səfanın, bəzən
isə Əhməd Kamalın evlərində bir araya gəlirdilər:
“Həftədə bir neçə dəfə gecələr Əhməd
Kamalın Daşqapı məhəlləsindəki evində
İsmayıl Səfa, Şeyx Vəsfi, nadir hallarda Tofiq Fikrət,
Heybəli məktəbindən (İstanbul
yaxınlığındakı Heybəli adasında yerləşən
Dənizçilik Məktəbi nəzərdə tutulur – V.Q.)
Tatar Riza (əslən Krım tatarı idi, sonralar o da Əli
Rza Krımzadə adı ilə “Füyuzat” məcmuəsində
iştirak etmişdi – V.Q.), doktor Əhməd Cövdət bir
neçə il sürən toplantılara bir neçə dəfə gəlib müzakirələrin
vəhamətindən ürkərək ora bir daha ayaq basmayan Sami
Paşazadə Səzayi toplanırdı. Əhməd
Kamalın ada məktəbində mütəşəkkil komitə
ilə də ayrıca təması vardı”. Seçdiyi yol
sonda Əhməd Kamalı təqiblərlə, hətta həbs
təhlükəsi ilə üz-üzə qoymalı idi və
az keçməmiş həqiqətən də belə oldu.
“Məmaliki-Osmaniyyəyə sokulması yasak olan
yayınları” dostları və həmfikirləri arasında
yaydığına görə 1898-ci ilin noyabrında həbs
edilmişdi. İlk məhbusluq dövrü yeddi ay yarım
çəkmişdi.
1899-cu ildə Cənubi Afrikada ingilis-bur
müharibəsi başlananda II Sultan Əbdülhəmidin
Böyük Britaniya ilə münasibətləri çox gərgin
idi. Bu zaman aralarında Əhməd Kamalın da olduğu təxminən
30 nəfərlik bir qrup sultan əleyhdarı eyni ilə Birinci
Dünya müharibəsində Rusiyanın məğlubiyyətini
istəyən bolşeviklər kimi hərəkət
etmişdi. Onlar ingilislərin qalib gələcəyi təqdirdə
II Əbdülhəmidin vəziyyətinin daha da pisləşəcəyini
göz önünə alaraq İstanbuldakı Britaniya səfiri
Nikolas O`Konnora məktub imzalamışdılar. Məktub
müəllifləri 1853-1855-ci illər Krım savaşı
zamanı Türkiyə ilə
eyni cəbhədə vuruşan dost ingilislərə qələbə
arzuladıqlarını bildirirdilər. Missiyanın məqsədi
müvafiq şərait yetişdiyi təqdirdə
Britaniyanın sultan hökumətinə təzyiqinə nail
olmaq idi.
İşin başında dayananlar – Mehmet
Übeydullah və Hüseyn Siyret həbs edilsələr də,
bir neçə gün sonra Britaniya səfirinin şəxsi
binagüzarlığı ilə “əfvi-şahanəyə” əsasən
sərbəst buraxıldılar. Hadisələrin sonrakı
gedişi Sultan Əbdülhəmidin bu addımı
iştirakçıların və onların britaniyalı
havadarlarının sayıqlığını azaltmaq
üçün atdığını göstərmişdi. Çünki az keçməmiş
“məktub məsələsi” yenidən gündəmə gətirilmişdi.
1900-cu ilin martından başlayaraq ingilisləri hökumət
üzərinə qaldırmaq istəyənlərin bəziləri
ucqar əyalətlərə sürgün olundu, bəziləri
hökmdara “ərzi-übudiyyətlə” müraciət edib
bağışlandılar.
Polisə çağırılan Əhməd
Kamal isə ağlına daha dəhşətli şeylər gətirmişdi.
O, xalasının əri, Sultan Əbdülhəmidin xüsusi
rəğbətinə layiq görülən Cəmil Paşa
vasitəsi ilə hökmdarı öldürmək niyyətinin
bəlli olduğunu düşünmüşdü. Çətinliklə
hərəkət edən Cəmil Paşa sultanın
seçkin insanlarla təmasına – salamlığa yavərinin
köməyi ilə gedirdi. Əhməd Kamal beynində qorxunc
plan qurduqdan sonra Paşadan sultanın hüzuruna yavərlə
yox, onunla getməyi xahiş etmişdi. Sarayda keçirilən
mərasimdə II Əbdülhəmidin yetərincə
qorunmadığını görüb növbəti
salamlıqların birində onu öldürməyin
mümkünlüyü qənaətinə gəlmişdi.
Sonralar xatirələrində yazdığına görə
bu fikrini Tofiq Fikrət də
daxil olmaqla dörd yaxın sirdaşına
açmış, lakin onların hər birinin kəskin
etirazı ilə qarşılanmışdı.
Ona görə də polis müdirinin
yanına aparılanda ilk ağlına gələn ehtimali sui-qəsdlə
bağlı sadəcə xəyalında
yaşatdığı planın aşkarlanması olmuşdu.
Bir möcüzə nəticəsində polis idarəsindən
qaçmağı bacarmış, rumlu dostlarının
köməyi ilə ertəsi gün bir yunan gəmisində
Pirey adasına, oradan isə Afinaya yollanmışdı.
Əhməd Kamalın siyasi mühacir həyatının
başlanmasından bir neçə ay sonra – 1901-ci il avqustun
31-də II Sultan Əbdülhəmidin taxta
çıxmasının 25 illiyi bayram edilirdi. Lakin tövbə
qapısının açıq olduğu belə bir əlamətdar
gündə o, hökmdardan əfv diləmək fikrinə
düşməmişdi. Əksinə, Afinada “İcmai-ümmət”
qəzetinin ilk sayını çıxarmış və ilk
səhifəsində özünün “Bir gün Əzrail
haqqından gəlir, ey Firoun”
misrası ilə başlayan on bəndlik müxəmməsini
çap etmişdi.
Qəzetin cəmisi səkkiz sayını
buraxdıqdan sonra Əhməd Kamal Misirə getmişdi. Bir
müddət Qahirə və İskəndəriyyədə
yaşayaraq buradakı mühacir “gənc türklərin”
Sultan Əbdülhəmid istibdadına qarşı mübarizəsini
əlaqələndirmək istəmişdi. Lakin niyyətinə
nail ola bilmədiyini görüb Avropaya yollanmağı qərara
almışdı. “Son Jön Türk Kalesi: Ahmed Kemal
Akünal” (İstanbul, 2010) kitabının müəllifi
M.Kayahan Özgülün yazdığına görə
“növbə ilə İtaliya, Almaniya və Fransada bir
neçə il yaşamış və oradakı “jön türklərlə”
(“gənc”, yaxud “yeni türklər” müasir türk tarix ədəbiyyatında
əsasən bu ad altında tanınmaqdadırlar – V.Q.),
xüsusən də Əhməd Rza qrupu ilə sıx əlaqələr
yaratmışdı”.
Həmin dövrdə Qahirə “gənc türklər” hərəkatının
Orta Şərqdəki mühüm mərkəzlərindən
biri idi. Misir xədivi Abbas Hilmi Paşanın Osmanlı
sarayı ilə o qədər də isti sayılmayacaq
münasibəti II Əbdülhəmid əleyhdarlarına daha
təhlükəsiz sığınacaq vəd edirdi. Digər
tərəfdən, Misir formal şəkildə də olsa hələlik
Osmanlı imperiyasının ərazisi sayıldığından
burada çap olunan qəzetləri və digər ədəbiyyatı
Türkiyə hüdudlarına gətirmək nisbətən
asan idi. Bu mühüm amili göz önünə alan Parisdəki
“gənc türklər” mərkəzi Əhməd Kamalın
Misir paytaxtına qayıtmasını və nəşriyyat işlərinə
başlamasını məqsədəuyğun
saymışdılar.
O, Qahirəyə gələndə ingilis səfirliyi
ilə bağlı məsələdəki iki tale və qələm
dostu – Hüseyn Siyrətlə Mehmet Ubeydullah burada idilər. “Gənc
türk”lərin qüdrətli simalarından sayılan doktor
Abdulla Cövdətin gəlişi gözlənilirdi. “Doğru
yol” adlı qəzet çıxarmağa hazırlaşan
Ubeydullah Əhməd Kamalı yeni nəşrin ədəbiyyat
hissəsini tam müstəqil şəkildə
hazırlamağa dəvət etmişdi. 1905-ci ilin
oktyabrından başlayaraq o, “Doğru yol”da, noyabrdan isə
Amerika təbəəsi Georg Nelken Valdberqin təsisçiliyi
ilə çıxan “Həqayiqi-Şərq” qəzetlərində
əsasən ictimai-siyasi və ədəbi xarakterli
mövzularda yazılarla çıxış edirdi.
Eyni zamanda yeni mətbuat orqanı ilə bağlı Parisdəki məslək
dostlarının arzusunu da yaddan
çıxarmamışdı. 1905-ci ilin sonlarında Qahirəyə
gələn dokror Abdullah Cövdət “İctihad” qəzetinin
nəşrini təzələmişdi. Digər tərəfdən,
“Doğru yol”u bağlamaq, onun əvəzinə imtiyaz sahibi və
baş redaktoru Əhməd Kamal olan “Doğru söz” qəzeti
təsis etmək qərara alınmışdı. Yeni qəzetin
birinci nömrəsi “Füyuzat”dan bir neçə ay əvvəl,
1906-cı il martın 22-də çıxmışdı.
Abdulla Cövdət ilk saya yazdığı məqalədə
redaktorun yüksək şəxsi məziyyətləri və
ədəbi zövqü üzərində ayrıca
dayanmışdı: “Cəridə sahibinin qeyri-qabili-inkar olan
qüdrəti-qələmiyyvü şeriyyəsi bu mövcud
cəridəyə bir kisveyi-dilnişini-ədəb
vermişdir. Doğru söz söyləmək kafi deyil, bir də
doğru sözü gözəl söyləmək də
iktiza edər ki, bu müktəzayi ifaya Kamal bəyin qüdrəti-qələmiyyəsi
kafidir”.
“Doğru söz” türk mətbuatı
tarixində bu adla çıxan ilk mətbu orqan deyildi.
1869-1870-ci illərdə eyni adlı qəzeti Paris və
Londonda Osmanlı imperiyasındakı sultan rejiminin başqa bir
əleyhdarı – Əli Süavi buraxmışdı. Əli
Süavi XIX əsr Azərbaycan ədəbiyyatı tarixində
daha çox Mirzə Fətəli Axundzadənin yeni əlifba
məsələsi ilə bağlı polemikaya girdiyi şəxslərdən
biri kimi tanınmaqdadır. Əslində isə, o
dövrün ictimai-siyasi fikrində daha böyük islahat və
dəyişikliklərə imza atmağa
çalışmışdı. 1878-ci ildə II Əbdülhəmidi devirib yerinə
qardaşı V Muradı hakimiyyətə gətirmək
üçün İstanbulda qiyam başlayan Əli Süavi
sultanın mühafizə xidməti tərəfindən yerindəcə
qətlə yetirilmişdi. Bu isə onun adını II Əbdülhəmid
əleyhdarları tərəfindən bir rəmzə, simvola
çevrilməsinə təkan vermişdi.
Qəzetin ilk sayında Əhməd Kamal da
“Doğru söz”ün mövcud olduğu qısa müddət
ərzində formalaşdırdığı mütləqiyyətə
qarşı mübarizə ənənələrini
yaşadacağına işarə edərək yazırdı:
“Doğru söz”... Bu isim mənim deyil, piri-canfədayi-hüriyyət
Əli Süavi mərhumundur. Mənim qəzetəyə bu
ismi intixab edişim doğruluğumu, yaxud doğru söz
söyləyə biləcəyimi iddia etməkdən ziyadə
mərhumun peyrəvü pərəstişkari-məsləkdaşı
olduğumu anlatmaq üçündür...”
“Doğru söz” II Sultan Əbdülhəmid
rejiminə qarşı çevrilməklə bir sırada
tezliklə həm də türkçülüyü təbliğ
edən nəşr kimi
tanınmağa başlamışdı. Bunun da nəticəsində
qəzet yalnız Osmanlı hüdudlarında deyil, daha
geniş miqyasda türkoloqlar arasında yayılırdı.
“Doğru söz”ün oxucu və müəllifləri
arasında rus ədəbiyyatının orijinaldan türk dilinə
ilk tərcüməçisi kimi tanınan Olqa Lebedova
(Gülnar xanım), məşhur macar türkoloqu Armin Vamberi və
b. vardı. Sonuncu 1905-ci il inqilabı nəticəsində
Osmanlı imperiyası ilə müqayisədə Rusiya
türkləri arasında mədəni inkişafın, ictimai
tərəqqi və mətbuat işlərinin daha böyük
miqyas aldığını vurğulayaraq Əhməd Kamala
göndərdiyi məktubda yazırdı:
“Rusiyada müsəlmanlar olan məmləkətlərin
çoxundan bizə varid olan qəzetlərdən yaxın
zamanlara qədər məchuli-əhval olan tatarların nə
qədər irəliləmiş olduqlarını anlayıram.
Ülum və fünunda, umuri-siyasiyyədə nə əcayib
tərəqqilər göstərməlkdə olduqlarına
heyrətlənirəm. Hər gün yeni-yeni qəzetələr
çıxarır, tiatrolar açır, parlaq-parlaq
nütuklar söylüyorlar və adeta mədəniyyətin ən
yüksək təbəqəsində olan millətlər kimi
davranırlar. Bunları gördükcə öz-özümə
soruşuram: tatarlar, başqırdlar və qırğızlar
az vaxt içində bu qədər irəli gedə bilirkən
niçin istedadi-fitrisiyle kaffeyi-mileli-mütellimeye
mütrfevvik olan Osmanlı kardaşlarımız geri
qalırlar? Cavabı asandır.
Bu müəmmanı həll etmək və o mövzunu
meydandan rəf eyləmək hüsuslarını faizeyi-zimmet ədd
edərək qeyrət sərf
etməlisiniz”.
Qəzetin fəaliyyəti yalnız
türkçülük və maarifçiliklə məhdudlaşsaydı,
Əhməd Kamal yəqin ki, uzun müddət Qahirədə
yaşaya bilərdi. Lakin onun Osmanlı-ingilis münasibətləri
haqqında yazdığı məqalələr həm II
Sultan Əbdülhəmidi, həm də britaniyalıların
simasında öz xeyirxahını görən Misir xədivi
Abbas Hilmi Paşanı eyni dərəcədə əsəbiləşdirmişdi.
Nəticədə Əhməd Kamal qısa zamanda Qahirəni tərk
etmək məcburiyyəti qarşısında
qalmışdı. 1907-ci ilin baharında o, artıq
Avropada-Bolqarıstanda idi. Varna şəhərindən Əli
bəy Hüseynzadəyə məktubunda vəziyyətinin
ağırlığını izah edərək
yazırdı: “Doğru söz”ün on birinci nömrəsində “Misirdə imtiyaziyati-əcnəbiyyə”
ünvanı ilə yazmış olduğum bir məqaləyi-əsasiyyə
məni təhlükeyi-siyasiyyəyə atdı. O məqalədə
lord Gurzonun imtiyaziati-əcnəbiyyənin ilqası
xüsusundakı təşəbbüsatını mətbuati-məhəlliyyənin
tərvicinə rəğmən müahizə etdiyimdən
ingilislərin iğbirarınıa mucib olduğum kimi zatən
ötədən bəri həşmi-həyatım olan xədivin
icrayi-hüsumət üçün əlinə fürsət
vermiş oldum. Bir müddət mücadilədən sonra Misiri
tərk etməkdən başqa mühafizəyi-səlamət
yolunun olmadığını anlayaraq Qahirədən
çıxdım...”
BİR DƏVƏTİN SİRRİ
Beləliklə, Əhməd Kamal yol
ayrıcında qalmışdı. Xüsusi ciddiyyətlə
təqib olunmasa da, İstanbula qayıtmağın həyatı
üçün təhlükəli olduğunu başa
düşürdü. Sadəcə, qələmi ilə
dolanan adam üçün üz tuta biləcəyi yerlərin
sayı da çox deyildi. O, mətbuat, yaxud maarif sahəsində
çalışa bilərdi. Bundan ötəri isə getdiyi məmləkətdə
türk dili əksəriyyət üçün
anlaşılan olmalı idi. Belə məqamda vətənindən
didərgin düşmüş türk qəzetçi və
şairin nəzərləri Bakıya yönəlmişdi.
1905-ci ildən sonra Azərbaycanın
baş şəhərində milli mətbuat onilliklər boyu
sürən qadağaların buxovundan çıxaraq sürətlə
inkişaf etməyə başlamışdı. Ən
başlıcası isə bu mətbuat özü ilə
birlikdə ölkəyə milliyyətçilik və
türkçülük ruhu gətirmişdi. Çar
jandarmının II Əbdülhəmidin xəfiyyələri
ilə sıx əməkdaşlığına baxmayaraq Bakı
“gənc türklərin” nəzərində cazibədar mərkəzlərdən
birinə çevrilməkdə idi. Bu mənada Əhməd
Kamal da istisna təşkil etmirdi. Müasir türk tədqiqatçısı
M.Kayahan Özgülün yazdığına görə, “Əhməd
Kamal üçün 1905-ci il sonrasının Azərbaycanda
yaşananlar çox önəmlidir: gəlişmələri
böyük diqqətlə təqib edər. Bu marağı Azərbaycan
aydınları da fərq edərlər. Bu səbəbdən
də Əhməd Kamalın qəzeti qapanınca onu Bakıya
dəvət edib “Füyuzat” məcmuəsinə mühərrir
yapanlardan biri də bu aydınlardan biri, Hüseynzadə Əli
bəydir”.
XIX əsrin sonlarından etibarən
İstanbulun intellektual mühitində mühüm rol oynayan,
imperiya düşüncəsinə – osmanlılıq siyasi
platformasına türkçülük və
turançılıq ruhu gətirən Əli bəy
Hüseynzadənin türk ədəbi dairələrində
yaxşı tanınmış bir
qəzetçini Bakıya dəvət etməsi tamamilə
təbii görünür. Həm də “Füyuzat” kimi
böyük bir layihəyə başlayan baş redaktor olaraq
onun bacarıqlı, sözə hakim qələm sahiblərinə
ehtiyac duyması da tam anlaşılandır.
Müəyyən fərqli fikirlərə
yol açdığına görə, dəvət məsələsinə
sona qədər aydınlıq gətirmək lazımdır.
Çünki Əhməd Kamal özü də Bakıya gələndən
sonra “Füyuzat” səhifələrində dəfələrlə
ədəbi nüfuzuna, qələminə ehtiyac duyulduğu
üçün dəvət edildiyini diqqətə
çatdırmışdı. Tez-tez təkrarlanan bu qeyddə
hətta müəyyən minnət
qoymaq çalarının olduğu da göz önündədir.
Bəzən elə təəssürat yaranır ki, sanki o gəlməsəydi,
“Füyuzat” mövcudluğunu dayandıracaqdı...
Qarşısına ortaq türkcədə
ədəbi məcmuə nəşr məqsədini qoyan Əli
bəy Hüseynzadənin təbii ki, bu dilin incəliklərinə
vaqif olan qələm sahiblərinə ehtiyacı vardı.
Üstəlik, “Həyat” qəzeti nəşrini
dayandırdıqdan sonra həm də dil məsələsinə
görə çoxillik dostu və məsləkdaşı Əhməd
bəy Ağayevlə yolları ayrılmışdı. Bu
ayrılıq şəxsi münasibətlərə, eləcə
də aralarındakı səmimiyyətə ciddi təsir
göstərməmişdi. Eyni zamanda dillə bağlı
prinsipial fikir ayrılığı və ədəbi zövq
müxtəlifliyi ortadadır. “Füyuzat”ın mündəricatından
da göründüyü kimi, Əhməd bəy məcmuədə
bir sətir də çap etdirməmişdi. O, Azərbaycan
türkcəsi ilə çıxan “İrşad”ı təsis
etmiş, hətta bəzən üstüörtülü
şəkildə “Füyuzat”la polemika da aparmışdı.
Əhməd Kamala gəldikdə isə, o,
Əli bəyə böyük ehtiramına və
füyuzatçılıq ideyalarına sıx
bağlılığına baxmayaraq heç bir halda məcmuənin
taleyində həlledici rol oynayan
yaradıcı şəxs sayıla bilməzdi. Ən
azı jurnalın türk müəllifin fəaliyyətə
başladığı dövrə qədər çıxan
sayları iddia etdiyimiz fikrin həqiqət olduğunu göstərir.
Bu baxımdan çağdaş
türk tədqiqatçısı M.Kayahan Özgülün
“Füyuzat”ın Əhməd Kamalın iştirak etmədiyi
nömrələrinin ədəbi cəhətdən
maraqsızlığı, solğunluğu haqqındakı
mülahizələri heç bir tənqidə dözmür.
Əslində, 1906-cı ilin baharında
ciddi maddi və mənəvi sıxıntılar çəkən, Qahirəni tərk etsə də
İstanbula qayıda bilməyən Əhməd Kamal
özü Əli bəyə minnətçi düşmüşdü. Həyatının
bu çətin məqamında ən minimal tələblərinin
yerinə yetirilməsi şərti ilə ona yardım əli
uzadılmasını xahiş etmişdi. Bu, türk qəzetçisinin 1907-ci il martın 22-də
Bolqarıstanın Varna şəhərindən “Füyuzat”
redaktoruna ünvanladığı məktubdan da aydın
görünməkdədir. Orijinal mətni Əli bəyin
qızı Feyzavər Alpsar tərəfindən Egey
Universitetinin Türk dili və ədəbiyyatı
bölümünə hədiyyə olunan həmin məktubda Əhməd
Kamal Misirdə üzləşdiyi çətinlikləri
bölüşdükdən sonra yazırdı:
“Nəhayət, Varnaya gəldim. İki
aydan bəridir ki, buradayam. Lakin ötədən bəri
hayrani-intibahü tərəqqiyyatı olduğum Kafkasiya
müsəlmanlarının arasına düşmək istərdim.
Əlan bu arzudayam. İştə bu məktubumu da o arzu
yazdırır. Əzizim bəyim, orada sənakarınız
xocalıq, mühərrirlik, mətbəədə müsəhhihlik
kibi və əlhasil hər nə surətlə olursa olsun,
ancaq kuti-yövmiyyəmi (gündəlik ruzimi – V.Q.)
çıxara biləcək, daha doğrusu, bu əyyami—mesaibi
bitirincəyə qədər sokakda qalmayacaq bir iş yapa
bilirmiyim? İştə himmət
və kamalınıza müraciətim bu sualın cavabı
üçündür. Əgər sürəti-mümkinə
ilə cavaba himmət buyurularsa, zati-alilərinizə minnəti-əbədiyyə
ilə minnətdar olaram. Çünki burada çətin
durumdayam. Çünki mətbuati-Osmaniyyəyə iyirmi sənə
qələm işlətmiş (əslində, burada
mübaliğəyə yol vermişdi, məktubun
yazıldığı dövrdə Əhməd Kamalın ilk
şerinin nəşrindən cəmisi on iki il keçirdi –
V.Q.) bir mühərririn vəzi-həyatı ki,
dövri-Hamidin tərcümeyi-şəxsiyyəsinə bir
zeyli-siyah olsa, səzadır. Baqi-ehtirami-vədadiyyəyi-acizanəmin
qəbulu istirhamını hatimeyi-təsdilat ittihaz eylərəm,
əfəndim həzrətləri”.
Məktubundan da göründüyü
kimi, Əli bəylə Əhməd Kamal əvvəllər
şəxsən tanış olmamışdılar. Adı
artıq Osmanlı mətbuat dairələrində tanınan, ən
başlıcası isə həqiqətən də yardıma
ehtiyacı olan türk qəzetçisini “Füyuzat” redaktoruna
onun köhnə dostları Əhməd Cəlaləddin
Paşa və Kərim Səbati (“Əhməd Cəlaləddin
Paşa sizə səlamimi təbliğ etməmi söylədiyi
kimi, Kərim Səbati qardaşım da vəsileyi-təşərrüf
olmaq üçün sizə təslim etmək üzrə bir
məktub verdi”) təqdim etmişdilər.
(Ardı
var)
525-ci qəzet.- 2013.- 20 iyul.- S.14-15.