"Gedənlər..."
Yəqin ki, şeir yazmaq insanı lokanik
olmağa alışdırır zamanla.
Və yəqin o səbəbdəndir ki,
düşündüklərimi, ürəyimdən keçənləri,
susa bilmədiklərimi bir məqalə və
ya hekayə kimi yazdığım hallar az olur. Onlar
adətən misralara süzülür və şeirə
çevrilirlər. Lakin elə sözlər var ki,
onları beləcə sətir-sətir incələmək və
bölüşmək istəyir insan...
Bu yazının adını nə
qoyacağımı düşündüyümdə, uzun illər
öncə Gənclik jurnalında işləyən rəhmətlik
Hüseyn Əfəndinin yazdığı bir məqalə
yadıma düşdü və bu ürək sözlərimə
həmin məqalənin adını qoymağı qərara
aldım.
***
Hər kəsin öz uşaqlıq xatirələri
var: şirinli-acılı, az və ya
çox, aydın ya da dumanlı... amma var. Və bu xatirələrin
içində kiminsə surəti daha çox yadda
qalmış olur, düşüncələrində elə
bir iz qoyur ki, onu unutmaq qeyri-mümkün olur. Mənim
də uşaqlıq xatirələrimin belə bir aydın,
işıqlı, nurlu surəti var – Məsumə nənəm.
Nənəm nağıllarda, filmlərdə,
əsərlərdə təsvir olunan ən təmiz, ən
müqəddəs Azərbaycan qadını obrazı idi.
Dünyada elə bir qadın müqəddəsliyi zirvəsi ola bilməzdi ki, mənim nənəmim
durduğu zirvədən uca olsun.
Yaddaşıma bir şey ilişib
qalmışdı... ta bu günlərədək.
Və mən bu sirrin açmasını
yalnız bu baharda anamdan öyrəndim... tamamilə təsadüfən.
Öyrəndiyimdə sarsıldım, dilim
söz tutmadı, gözlərimdən sel kimi yaşlar
axdı. Bir kişi məhəbbətinin
və bir qadın sədaqətinin necə güclü ola biləcəyini
kəşf etdim özüm üçün...
***
Hələ körpəliyindən atadan və
anadan yetim qalan Məsumə xanım 25 yaşından da dul və
himayəsiz qalmışdı (1937-38-ci illər) Babam Şərif
bəy Şıxlinskini və atası Abdulla ağa
Şıxlinskini həbs etmişdilər.
Beş uşaqla çarəsiz qalan nənəmi
hələ üstəlik də, öz evindən –
Şıxlıdakı şəxsi mülklərindən
çıxarmış, evi müsadirə etmişdilər.
Xalq düşməni kimi həbs olunmuş
Şərif bəyin ailəsini isə Ağstafanın bir kəndinə,
kişik bir daxmaya yerləşdirmişdilər.
Aclıqdan və səfalətdən beş
uşaqdan ikisi (iki kişik qızlar – Həqiqət və
Klara) rəhmətə getmiş, nənəm isə qalan
üç yetimlə birgə yarıac-yarıtox birtəhər
keçinmişdi.
Sovet dövrünün dəhşətlərindən
biri də bu idi ki, bəy ailəsi kimi onların
hüquqlarını necə gəldi
tapdalayırmışlar. Nənəmi kolxoza işə götürmək istəmir,
övladlarını məktəbdə
gözümçıxdıya salırmışlar. Deyirlər, yetim böyüyür, Allahın pisliyi
yerdə qalır. Düzdü, yetimlər
böyümüşdülər, amma ürəklərində
elə bir dərin yara qalmışdı ki, hər dəfə
“ata” kəlməsi eşidəndə bu yara qövr edir,
qanayır və içlərini qan-yaşla doldururdu.
Bütün çətinliklərə
baxmayaraq nənəm övladlarının üçünə
də ali savad verə bilmişdi.
Şıxlılar nəslinin bu üç tərənnümçüsü
orta məktəbi onlarla komissiyanın önündə, öz
bilikləri hesabına, qızıl medalla, ali
məktəbi isə qırmızı diplomla bitirmişdilər.
Pis günlər ötmüş, Günəşli
aydın günlər doğmuşdu. İndi, əllərinin qabarıyla, gözlərinin
yaşıyla övlad böyüdən ananın yerinə, nəvələrini
başına yığıb nağıl danışan nurani
nənəmiz vardı.
Mən uşaqlıqdan nənəmim
balası idim. Yanında oturar, söhbətlərini
dinləyər, ona dərd ortağı olardım. Kimsə bəlkə inanmaya bilər, amma hətta
orta məktəb savadı belə olmayan nənəm universitet
təhsilli insandan daha ağıllı, uzaqgörən və
məntiqli idi. O, rus dilini, elmin müxtəlif sahələrini
mükəmməl bilən, öz dövrünün
savadlı və mütərəqqi ziyalısı olan babamdan
– öz həyat yoldaşı Şərif bəydən 2-3 il
evdə dərs almışdı, amma heyif ki, yalnız əski
əlifba ilə yazmağı bacarırdı. Məni bəzən
yanında oturdar, Qurani-Kərimdən ayələr
yazmağı öyrədərdi...
“Bir gün sən böyüyəndə mənim
həyatımı yazacaqsan”, – deyərdi tez-tez.
Qəribəmə gələrdi. O qədər
nəvənin içində bu sözü hər dəfə
ancaq mənə deyərdi nənəm. Bu daxili
hissiyyat idimi, gələcəyi görmək idimi... bilmirəm.
Amma mən indi bu sətirləri yazarkən,
gözlərim dolur. Ömrün ən təmiz və ən
məsum çağlarında sevimli insanımın sözlərini
yenidən duyurammış kimi oluram...
***
Keçən əsrin bir çox
yaşlı qadınlarının adəti üzrə,
çimən zaman nənəmin başına su tökərdik.
Uzunluğu qalmış, gurluğu isə
çoxdan itib getmiş hörüklərinin üstündə
əsərdi nənəm. Onları əzizləyər,
ehmalca açıb darayıb, yenidən suyun altında lap
ucuna kimi hörərdi. Yaş saçlar
eləcə də hörükdə quruduğundan gələn
dəfəyə kimi açılmazdılar.
Bu iş əsnasında məni
maraqlandıran bir məqam olardı: nənəm heç zaman
suyu başının ortasından tökməyə
qoymazdı. “ Yavaş, ay bala,
çaşıb ortadan tökərsən, yazıq olaram”, –
deyərdi həmişə. Uşaqdıq,
soruşmazdıq niyə. Sakitcə bir az
sağ tərəfə, bir az da sol tərəfə meyillədərdik
şırnağı. Kim bilərdi ki, bu sözlərin
arxasında nələr durur...
Verilməmiş bu sualı nənəm bəlkə də
gözləyərmiş...
Bu bahar anam bizə gəlmişdi.
Geyinib gedəsiydik. Saçlarımı
darayırdım (hamı deyir ki, saçlarımın
uzunluğu, gurluğu və buruqluğu rəhmətlik nənəmin
cavanlığındakı kimidir). Məni
seyr edən anam saçlarımı tumarladı. Nədənsə heç nəyin heçinə, bu
məqam gəldi yadıma düşdü.
– Ana, Məsumə nənəm niyə
başına ortadan su tökməyə qoymurdu?
Anamın əlləri üzündə
qaldı... Gözləri doldu...
– Bunu bir dəfə ondan soruşmuşdum
təzə gəlin olanda, ay bala. Rəhmətlik qaynanam
ağlamışdı... və danışmışdı:
“Tutulan günü Şərif bəyə gizlindən xəbər
gətirdilər ki, ay Şərif bəy bu gecə səni
aparacaqlar. Nə işin varsa gör, evdəkilərlə
halallaş... O da sakit-sakit bəzi kağızlarını səliqəyə
saldı, Şəkidəki bacısına məktub yazdı,
bəzi dostlarına çatası şeyləri sahmanladı.
Mən isə özümü
öldürürdüm, dəli olmuşdum, ağlayıb
saçlarımı yolurdum. İşlərini
bitirdikdən sonra məni çağırdı. Sakitləşdirib gözlərimi sildi və əlimdən
tutub güzgünün qarşısına çəkdi.
Arxama keçdi, darağı götürüb
saçlarımı daradı və ortadan ayırıb öz
əlləriylə hördü. “Bax, quzum, dedi, mən
tez qayıdacam. Günahım yoxdu. Hər şeyi ayırd edib buraxacaqlar. Mən gəlincə isə saçlarının
ivini pozma. Mən necə ayırdımsa eləcə
qalsın. Yaxşımı?” Mən hönkürməyə himə bənd idim.
Yaxşı, – dedim. Və o gün bu gün onun
ayırdığı səfi pozmadım. Bu
ivi Şərif bəy ayırıb. Qayıdana
kimi də eləcə qalacaq”.
Anam qaynanasının o zaman söylədiyi
bu sözləri deyərək ağladı.
Keşmişlər yadına düşdü yəqin... Bəlkə
də öz gəlin çağları, bəlkə də nənəmin
sağ vaxtları...
Mənsə sarsılmışdım.
Nənəm bu
sözləri danışan zaman, haradasa, 25 il idi ki, babamdan xəbər-ətər
yoxdu. O isə, “Şərif bəy özü qayıdanda...”
deyirmiş, hələ də... Bu qədər böyük
ümid, ancaq
və ancaq dünyalara sığmayan böyük məhəbbətdən
yarana bilərmiş!
(Babam Şərif bəy tutulduqdan bir
neçə gün sonra xalq düşməni kimi güllələnmiş,
atası Abdulla ağa isə, Sibirə sürgünə
göndərilmişdi. Lakin babamın
ölüm xəbərini ailəsi yalnız
ölümündən təqribən 30 il
sonra öyrənəcəkdi və nənəm bu xəbərlə
ömrünün sonuna qədər barışmayacaqdı.
Son nəfəsində də, sayıqlayaraq, “Şərif gəldimi...?”
– deyib dünyasını dəyişəcəkdi...)
***
Bu il, Novruz bayramında
Çanaqqalada Məmməd İsmayılın evində qonaq
olduğum zaman, ürəyimi titrədən bu sözləri
ona da danışdım və bu haqda yazmaq istədiyimi
bildirdim. Tez-tez öz əzizi rəhmətlik Gülzar anadan
söz açan, onun, öz itkin düşmüş həyat
yoldaşını 30 il sədaqətlə gözləməsini
təəsirlənərək danışan və hər dəfəsində
də gözləri dolan Məmməd müəllimə bu əhvalat
bəlkə də daha çox təsir etdi və biz sevimli
insanlarımızın ruhuna birgə dua etdik!
Bəli! Gedənlər getdilər... Bu
namus, ismət, tərbiyə mücəssəmələri,
insanlığın ən saf, ən ülvi
parçalarının yarıdan daha çox hissəsini də,
sanki özləriylə göylərin uca qatlarına çəkib
apardılar... Qalanlar kimlər oldu?
İllah da tarixə düşəcəm
deyə qızlıq iffətini heçnəyin heçinə
itirənlər, ev yıxanlar, ocaq söndürənlər,
özlərini kozetta adlandırıb kozettanın yuxusuna belə
girməyəcək qədər iştahla para sümürənlər,
xəyanətkarlar, nankorlar, bezdikləri insanları onların
silahdaşlarına dəyişib sonradan namus pərdəsinə
bürünmək istəyənlər, kişi heysiyyətinə
tüpürənlər, analıq adına ləkə vuranlar,
kiminsə göz yaşları üzərində özlərinə
sevinc sarayı qurmaq istəyənlər... və daha kimlər...
daha kimlər...
Özlərini itirmiş belə
“qadınlar” “məhəbbət” adı arxasında gizlənir,
öz ehtiraslarını bütləşdirib onlara yeni don
geydirmək istəyirlər. Əslində isə “Məhəbbət”
sözünün mənasını başa da
düşmürlər.
MƏHƏBBƏT – ürəkdə
yaşayan canlı, isti və təmiz bir varlıqdır.
Və bu varlıq kimsəyə əsla zərər
vura bilməz. O nurdan, baxışlarımızın təmasından,
qəlbimizin döyüntülərindən, əllərimizin
hərarətindən, həsrətimizdən,
intizarımızdan və xəyallarımızdan qidalanır.
Bizə isə yalnız və yalnız təmiz
duyğular bəxş edir. İllərlə yol gözləməkdir,
özünü özgəyə qurban etməkdir,
saçlarının telindəki ivi pozmamaqdır,
dünyanın ləzzətlərini bir köynəyə
çökmüş ətrə dəyişməkdir, gözləriylə
qor götürmək, bir solmuş şəklin önündə
diz çökməkdir! Budur Məhəbbət! Və onu kirlətmək
lazım deyil!
Bu sözlərim əlbəttə ki, dəyərli
və ismətli qadınlarımızın xətrinə
heç də toxunmayacaq. Çünki özünə aid olan sözü yiyəsi
yaxşı tanıyır. Aid olmayanlar isə, ürəklərindən
keçənin deyildiyinə görə daha da sevinib rahat
olurlar...
Yazıma verdiyim ada görə mütləq
ki, rəhmətlik Hüseyn Əfəndinin ruhu şad
olmuşdur. Çünki o da namuslu bir insan kimi, əsl
Azərbaycan qadınının – namusunu hər şeydən
üstün tutan qadınlarımızın dəyərini
bilməmiş deyildi.
Mən öz adı və qeyrəti ilə
övladlarının başını uca edən
analarımızın, nənələrimizin əllərindən
öpürəm! Kaş biz hər birimiz elə yaşayaq ki,
balalarımız namusumuza and içə bilsin, biz dünyadan
köçdükdən sonra belə, adımızla fəxr
etsinlər! Və düşünürəm ki,
əgər cürət edib bu qədər tikanlı sözlər
yazdımsa, qələmim bu sərtliyə davam gətirdisə
yəqin ki, mən də Məsumə nənəmin zirvəsinə
hələ ucala bilməmişəm. Bəlkə bir
gün... amma hələ ki, yox...
Onun xatirəsinə həsr etdiyim bir
şeirlə bütün Gedənlərin – Gülzar
analarımızın, Məsumə nənələrimizin ruhu
qarşısında ehtiramla baş əyirəm!
Səni
məndən alıb aparsalar da,
Səni
gözlədim...
Qohumlar
yorulub darılsalar da,
Səni
gözlədim...
Əlimdə
körpələr yurdsuz da
qaldım,
Yiyəsiz,
ocaqsız-odsuz da qaldım,
Səni
gözlədim...
Qara tellərimə
ağ dənlər düşdü,
Adını
çəkməkdən dilim uyuşdu, Səni gözlədim...
Elə
baxa-baxa qaldım yollara,
Arxa
çevirmədim sənli illərə,
Səni
gözlədim...
Əcəl
də qapımı döyəndə bir gün,
Yenə
son nəfəsdə
səni düşündüm... Səni gözlədim...
23.07.13.
Moskva
Afaq
Şıxlı
525-ci
qəzet.- 2013.- 27 iyul.- S.28.