Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

 

IV cild

 

Yürüdügümüz yol

 

İgirminci əsrin bariz təcəllisi aydın və açıqca isbat etdi ki, bəşəriyyətin ümumi məfkurəsi hər dürlü qeydlərdən uzaq bir hürriyyət və hər cür təhəkküm və təzyiqlərdən arı milli bir müsavat almaqdır. Bu hürriyyət bir həqqi-təbii olduğu kibi o təbiiyyətin bir xüsusiyyəti demək olan milliyyət dəxi müsavat şüarlarına görə qüvvət və inkişafını əldə edə bilir. İgirminci əsr bəşəriyyətin tarixi həyatına misli görülməyən hadisə və vəqeələr yazdı. Fəqət bu yazılar arasında ən gözə çarpan bir həqiqət, ən vazeh oxunan bir səhifə, milliyyətin elmi və fənni varlığı oldu. Atəşlər saçan, dəhşətli gumburtular çıxaran, qələlər, istehkamları devirən, orduları pozan, şəhərləri xak ilə yeksan edən, bir millətin qalibiyyət və məğlubiyyət höccətini qaralayan toplar eyni zamanda milliyyətin həyati-bəşəriyyədə müstəsna bir üzv, ayrı bir ünsür olduğunu da rəna göstərdi. Hər millətin milli bir həyat daxilində qalması tarix, elmi-ictimai, elmi-iqtisad amillərilə olduğu kibi bu amillərin həqiqi bir tərz və əsas ilə paydar ola bilməsi dəxi siyasi bir hüquq ilə qabildir.

Avropa müharibəsi bəşəriyyətə milli mübarizəyi, milliyyəni ögrətdi. Bu milli təarüfün əsrimizdə hər şeyin üstündə qaldığını izah və isbat etməkdən isə onu paydar edəcək, qiymət və etibarını yüksəldəcək əsaslardan bəhs eləmək daha mətlub keyfiyyətdir.

Bilxassə bizim kibi həm məhkum, həm də milli bilgilərdən nisbətən məhrum bir millət üçün xaricdən dəlil və vaqeələr araşdırılmaqdan isə mövcudiyyətimizdə, daxildə duran xüsusiyyətlərimizi, milli amallarımızı vicdani bir etiraf ilə ortaya çıxarmaq, və əsl simamızla yolumuza yürümək daha müstəhsən və məqbul bir istiqamətdir.

Milli bir mövcudiyyət və təarüfdən məhrum qalmış hər hanki bir qalib millət üçün bu qalibiyyət bir fəlakət olduğu kibi, bu milli təarüfə nail olmuş hər hanki bir məğlub millətin də məğlubiyyəti həqiqi bir fəlakət olamaz. Çünki birinci qalib millət daxili və xüsusi amil və əsaslardan məhrum olduğu halda ikinci məğlub fəqət bir təarüfi-milliyyəyə məzhər olmuş millətin gələcəgi daima aydın və parlaqdır. Tarixi, bəşəriyyətin müstəsna üzvlərindən olan hər hanki bir millətin şanlı və şərəfli mədəniyyətli sənət və ürfanını qeyd edər ikən o millətin bəşəriyyət hüzurundakı böyük və alicənab xidmətini yad etməkdən də əl çəkəmiyor. Çünki bəşəriyyət və insaniyyət cameəsini hasil edən əsaslar milliyyət cameəsidir. Din cameəsinin milliyyət cameəsindən ayrı olduğunu da qəbul edəməyiz. İbtidai insan əvvəl bavəl özlügünü dərk etdikdən sonra bir qüvveyi-müdrikəyə iman etmişdir. Halbuki insanın özlügünü dərk etməsi milli bir halətdir. Çünki bu haləti-dərk tarixi, irqi-aləm və zaifi-əlaəza, aləmi-heyvanat kibi mövzulara bağlı olduğu kibi millət dəxi bu mövzuların ümumiyyətinə daxildir. Din cameəsi isə milliyyət cameəsinin bir kəmal və qayəsi olduğu üçün milli halət ilə dini halət arasında təbii bir surətdə münasibət daim oluyor. Bu münasibət millətlər arasında pək doğru denildigi üzrə dini bir beynəlmiləliyyət əsasını ortaya çıxarıyor. İnsanların hürriyyəti nə qədər geniş bir dairədə olursa bəşəriyyətin ümumi tərəqqisi də o qədər möhkəm və qüvvətli əsaslarda cərəyan ediyor. Dini azadəlik, milli müsavat isə bu hürriyyətin qəti və lazım ərkanındandır. İnsanların hürriyyəti bizcə hər dürlü təhəkküm və təzyiqlərin ortadan qalxması və hüquqi-ənam əsas və üsullarının hakim olması şərtilə mümkün ola biləcəgi kibi millətlərin müsavatı da ədəmi-mərkəziyyət və muxtariyyət amilləri ilə qabildir. Bu əsas və amilləri təyin etməyin ilk sayısını sizə təqdim etdigimiz “Müsavat”ın bundan sonrakı saylarında ifa ediləcəgi üçün tutacağımız yol və məsləkin əsaslarını imdilik bu qədər göstərmək ilə vəzifəmizə başlıyoruz...

Millət yoludur, həqq yoludur tutduğumuz yol,

Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Heyəti-təhririyyə

“Müsavat”, 10 sentyabr 1917, ¹1

Təhəkküm – hakim olma, məhkum etmə

Mətlub – arzu olunan

 

Avazi-Müsavat

 

1914-cü ilin şəamətli günü, iyul ayının 19-da millətlər qitalına işarə olan ilk top açıldığı zaman siyasi falçılar bu atışmanın misli tarixlərdə görülməmiş bir boğuşmaya müncər olacağını söylədilər. İctimai kahinlər dəxi bu müharibə nəticəsində bütün şeylərin qiymət və əhəmiyyəti dəgişəcəgini elan etdilər.

Dördüncü ildir ki, millətlər biri-birini qırıyor, dördüncü ildir ki, məmurələr uçurulub, aclıq dünyanın hər tərəfini bürüyor.

Bəşəriyyət böyük, təhəmmül olunmaz bir fədakarlıqda bulunuyor. İnsanlar ileyhi-hərbə, o xunxar “mövəllux”a qurbanlar veriyorlar.

Adəm övladının bu milyonlarla verdigi qurbanlar nəticəsində Həcci qəbul olunacaqmı?

Rusiya inqilabı əzimənin hərbi-əkbər nəticəsində zühur elədigi və bu inqilabda elan olunan əsasati-hürriyyətin böyüklügü bir kərə nəzərə alınırsa o zaman hökm etmək lazım gəlir ki, Adəm övladının həcci qəbula keçməkdə, heç olmasa, rusiyalılar Kəbəyi-amallarını təvvafə irişməkdədirlər!

Doğrudur, inqilab daha genişlənməkdədir. Doğrudur ki, inqilabın elan elədigi hürriyyət, müsavat və üxüvvət əsasları daha tamamilə tətbiq olunmamışdır. Doğrudur ki, inqilabı hər zaman və hər dəqiqədə qorxutmaqda olan qanlı hərb hənuz qurtarmamışdır. Doğrudur ki, canını ucuz satmaq istəməyən əjdahayi-istibdad hənuz can çəkişməkdə və axırıncı qüvvəsini toplayaraq əksinqilaba hazırlaşmaqdadır.

Əvət, doğrudur ki, imdi bir yanda vəlvəleyi-hərb, bir yanda şurişi-inqilab, bir tərəfdə aclıq təhdidi, bir tərəfdə də irtica qorxusu var.

Zaman təsəvvürə gələcək ən təşvişli zamanlardandır. Böylə bir zamanda mətbuatın, həm də müəyyən bir firqə qəzetəsinin, müəyyən bir fikri-siyasi naşiri-əfkarı olaraq intişarə başlayan qəzetənin vəzifəsindən daha ağır, ondan daha məsuliyyətli bir vəzifə təsəvvür olunamaz!

İştə, böylə məsuliyyətli bir zamanda “Müsavat” meydana gəliyor; meydana gəliyor da – hərbin bir an əvvəl qurtarmasını, demokratiyanın var qüvvətlə irticayə qarşı çıxıb inqilab hökumətini möhkəm əllərdə saxlanmasını, fikri-inqilabın əmələlərlə kəndlilər arasında sözlə degil, işlə tərvic edilməsini, millətlərin amalına zərrə qədər əngəl olmayıb da istədiklərinin bir an əvvəl təminə alınmasını, Rusiyanın federasiya əsası üzərində binalanmış cümhuriyyəti-ənam vasitəsilə idarə olunmasını tələb edən inqilab qəzetələri ilə həmavaz oluyor.

Hürriyyət və milliyyət əsasının qələbəsinə imanından aldığı bir qüvvəti-qəlblə: insanlara hürriyyət, millətlərə müsavat! – diyor.

İştə, afaqı çulğamış top gurultularını qaplayan bir seyhi-intibah:

– Avazi-Müsavat!

 

M.Ə.Rəsulzadə

“Müsavat”, 10 sentyabr 1917, ¹1

 

Avaz – şöhrət, səda, nərə

Şəamət – uğursuzluq

Məmurə – əhalisi çox olan tikintilər

Təvvaf – Həcc mərasimində Kəbənin ətrafına dolanma

Seyhə – nərə, bağırtı

 

Finlandiyadan dərs

 

Məlum ki, müvəqqəti hökumət Finlandiyanın “Seym”ini ləğv edib tazədən seçilmələrini qərara almış idi. Çünki müvəqqəti hökumətin ümidi var idi ki, finvalılar köhnə üsul və əsasları qəbul edər və Seym tərəfindən tərcih edilən inqilabi yollardan kənar qoyar. Bu ümidi Finlandiya qövldən-felə çıxardı. Tazə seçilən Seymdə əskisinə nisbətən daha az sosial-demokratlar vardır. Fəqət göründügünə görə bu əhval milli siyasətin gedişini də dəgişdirəməmiş, bəlkə də burjuaziyanın əksəriyyətini təşkil edən imdiki Seym finlanların hürriyyət və istiqlaliyyəti üçün daha da mübarizəyi artırmışdır.

Şübhəsiz, əski Seymin cürətli və cəsarətli qədəməsi hamımızın yadına gəlir: sosial-demokratiya fraksiyası Seymin sədri ilə birlikdə rus general-qubernatoru tərəfindən möhürlənmiş qapıları sındıraraq az bir müddət içində bir çox mühüm muxtariyyət səlahiyyətlərinə aid qanunlar qəbul etmiş və fövqəladə bir surətdə işə şüru etmiş idi. Vətənpərvərlik seyhəsi ilə duyğulanan finva sosial-demokratları qoxmuyorlar idi. Müvəqqəti hökumət isə ümidləniyor idi ki, tazə Seym daha burju az olur, daha da güzəştəyə tərəfdar bulunur. Əgər teleqraf xəbərlərinə qulaq versək, tazə Seym öz simasını yenə bəlli və aşkar etdi. Bu Seym niyət ediyor ki, özünü milli Məclisi-Müəssisan və Finlandiyayı cümhuriyyət olaraq elan etsin. Vazeh qanun səlahiyyəti Seymdə olacaq və qəreyi-icraiyyə isə tamamilə cümhuriyyət rəisinə aid bulunacaq, cümhuriyyət rəisi isə millət tərəfindən altı il vədə ilə seçiləcəkdir. Cümhuriyyət rəisi eyni zamanda finva qüvai-əskəriyyəsinin baş komandanıdır, hərb və sülh məsələləri və müştərək dövləti məsələlərdir. Daxili işlərdə isə Finlandiya tamamilə müstəqildir. Əgər Finlandiya və Rusiya Məclisi-Müəssisanı arasında etilaf vaqe olmazsa, o halda Finlandiya gələcəkdəki beynəlmiləl konfransa müraciət edəcək və bu konfransda özünün xüsusi nümayəndəligi bulunacaqdır. Bir sözlə, Finlandiya Rusiyanın muxtariyyətli bir əyaləti olmayacaq. Biləks müstəqil bir dövlət olacaqdır. Rusiya və Finlandiya arasında cari olan siyasi mübarizədə bir cəhət şayani-diqqət və mövcibi-əhəmiyyət idi. İnqilabın başlanğıcına qədər Finlandiya sair məhkum millətlər kibi tarixi hüquqlar əsasilə danışıb durmaqda idi. Hətta o zamankı Avropa üçün bu cür danışıqlar daha da anlaşıla bilər idi. 1809 tarixində Birinci Aleksandr tazə işğal və ilhaq edilmiş olan Finlandiyaya yalnız məşrutiyyət verməgə iktifa etməyib Aleksandrdan daha əvvəl zəbt edilmiş olan Vıborq əyalətini də geri qaytarmış idi. İkinci Aleksandr zamanında isə Finlandiyanın hüquq və səlahiyyəti daha da genişlənmiş idi. Üçüncü Aleksandrdan İkinci Nikolaya qədər isə Finlandiya hüquq və səlahiyyətinin süqutu dövrüdür.

Bu gün isə finvalılar qəlb açıqlığı ilə diyorlar və israr ediyorlar ki, onların niyyət və məqsədləri tarixi bir məşrutiyyətdən ibarət degil, biləks tamamilə istiqlaliyyətdir. Qəribə də əsl buradadır ki, Finlandiya heç bir tarixdə müstəqil bir dövlət olmamış və İsveçin əyaləti daxilində qalmış idi.

Fəqət heyrət edilməsin ki, siyasət aləmində bu cür səhifələr çox vardır. Zatən bizzat finva diplomatları da Avropa qəzetələrinin müxbirlərinə söylüyorlar ki, “bu gün bizzat Rusiya da Finlandiyanın durduğu bir vəziyyətdə, yaxud inqilabi bir haldadır. Tarixi hüquq və ixtiyarlar Romanovların idarəsində idi. Fəqət əskər inqilab yaparaq bu sülalə əleyhinə durmuş və müvəqqəti hökuməti vücuda gətirmişdir. Binaənileyh müvəqqəti hökumətin ixtiyarı yoxdur ki, Seymin qarşısında tarixi hüquq və əsasları çıxarıb səbəb və amil saysın”.

 

Əcəba, Seymin müvəqqəti hökumətə qarşı mübarizə etmək üçün ümidi nərədə və nə tərəfdədir?

Bizcə məsələ şu surətdədir. Son zamanların əhvalı və əfkari-ümumiyyə Finlandiyanın faidə və mənfəətinə müvafiq çıxdı: əvvəla, Helsinqfor və Vıborqda olan Rusiya qüvvəyi-əskəriyyəsi əksəriyyətlə bolşeviklərdəndir, kəza Finlandiya sahilini mühafizə edən rus flotu da bolşevikdir. Digər tərəfdən Baltik dənizinin əksəri qismi alman flotunun hakimiyyəti altındadır. Düşmən tərəfindən Finlandiya sahillərindən birinə əskər çıxarılması qayət mümkün və məlhuzdur. Digər tərəfdən İsveçin Finlandiyaya qarşı təvəccöh və səmimiyyəti vardır. Bu iki məmləkət əsasən tarixi macəralarla yekdigərlərilə birləşməkdədir, münasibəti-diniyyə və mədəniyyələri var. Bundan başqa da bu gün Finlandiyanın altıda bir qismi İsveç lisanilə danışmaqdadır. Nəhayət, bir cəhət daha var: üç ildən bəri davam edən böyük müharibədən Finlandiya nə iqtisad cəhətilə, nə də qüvvət etibarilə heç bir zəifiyyətə düçar olmamışdır; əvvəla, gənc və zində qüvvətlərini əldə etdi. Saniyən, öz pulu olan mark öz qiymətində qaldı.

Finlandiya başqa məhkum və kiçik millətlərə yaxşı bir dərs veriyor. O dərs də şudur ki, bu gün Finlandiyada milli siyasəti ən qüvvətli bir surətdə işlətən Finlandiyanın sosial-demokratiyasıdır. O sosial-demokratiya ki, əsla güzəşt etməgi də bilmiyor. Əcəba, Finlandiya sosial-demokratları bu səbrsizliyi nə üçün ediyorlar, nə üçün Rusiyanın Məclisi-Müəssisanını gözləyib bəkləmiyorlar? Əcəba, onlarda beynəlmiləliyyətə məxsus bir əqllilik yoxmu ki, milli məsələləri həll etmək üçün demokratiyanı ayırmaq degil, etilaf lazımdır? Finva demokratiyası bu suala müəyyən və aşkar bir cavab ilə müqabilə etdi: hər millətin demokratiyası öz milli məsələsini həll etdikdən sonra beynəlmiləliyyətə doğru yürüyə bilər – dedi.

İştə, Finlandiyadan dərs!

 

“Müsavat”, 1 oktyabr 1917, ¹3

 

Seyhə – bağırtı, qışqırmaq

Məlhuz – nəzərə çarpmış, gözə dəymiş

 

“Müsavat”ın mühazirəsi

 

Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” idarəsi tərəfindən cümə gecəsi tərtib edilən “İsmailiyyə” binasındakı mühazirə müvəffəqiyyətlə keçmişdir. Mühazirəyə əvvəla Məhəmməd Əmin Rəsulzadə başladı. Mərkəziyyət və ədəmi-mərkəziyyət mövzui ilə sözə başlayan natiq dəfələrlə alqışlandı. Mərkəziyyət həqqində müfəssəl və aydın məlumat verdi. Natiq mərkəziyyəti şu surətlə təhlil ediyor idi:

“Əvvəllərdə hökumətlər daima şuriş və ixtilal içərisində yaşadığı üçün lazım idi ki, bütün qüvvət və hakimiyyəti mərkəzə toplayıb hər cür qarışıqlıq və vəhşi hallara qarşı mübarizə etməgə və mübarizəyi də bir ahəngdə icra etməgə diqqət və əhəmiyyət verilsin. Babi-Aliyə: mərkəziyyət müşəvvəş əhvalla və qeyri-təbii hadisələrə qarşı bir istibdad hökuməti görüyor idi. Mərkəziyyətin müqabili isə ədəmi-mərkəziyyətdir ki, istibdadı hürriyyətə əvəz eləmək deməkdir. Ədəmi-mərkəziyyət millətlərin hüququnu müsavi bir halda yaşaya bilmələrini təmin etdigi üçün istibdada qarşı həmişə mübarizə etməkdədir. Almaniyanın şövkət və sətvətini bütün hökumət və dövlətlərə göstərən əsaslar bir gözdən keçilirsə əlbəttə, görüləcəkdir ki, Almaniya ancaq ədəmi-mərkəziyyət üsulilə idarə olunmasından bu dərəcəyi tapmışdır. Mərkəziyyət üsulilə və mərkəziyyət düstur və qanuni ilə ədəmi-mərkəziyyəti tədqiq edənlər diyorlar ki, bu hökumətin zəif bulması deməkdir. Halbuki hər əsasın, hər idarənin özünəməxsus bir tədqiq və üsul dairəsi vardır. Və əgər bu üsul ilə tədqiqatda bulunsaq, heç şübhəsiz o zaman təsdiq edəriz ki, ədəmi-mərkəziyyət əvvəla millətlərin həyat və fəaliyyət qüvvətlərini artırdığından, sonra milli təarüfi, milli ehtiyacları təmin etdigindən əlbəttə ki, ədəmi-mərkəziyyətlər təşkil edən bir böyük hökumət də daima nicat və tərəqqiyə doğru getmiş olur. Əlli milyonluq türk aləmi və Rusiya müsəlmanlığı dəxi bu amaldan, bu tələb etdigi həqdən heç bir zaman məhrum olmaq istəməz. Milli nicatımız ədəmi-mərkəziyyətin qələbəsi, milli hürriyyətimiz və milli qüvvətimiz ədəmi-mərkəziyyətin müzəffəriyyətidir”. Natiq sürəkli alqışlarla salamlandı.

“Müsavat”, 13 oktyabr 1917, ¹4

 

Müşəvvəş – təşvişli, həyəcanlı

 

Bizim “qərəzimiz”

 

“Müsavat” milli bir firqə olduğundan hər işində, hər təşəbbüsündə millətin mənafeyini gözləməkdədir. Onda ki, Bakıda Milli Komitə yeni təşkil edilmişdi, onun işini cəmaətimizdən bir çoxu bilmiyordu, “Müsavat” firqəsi öz işlərini ikinci dərəcəyə buraxıb cəmaət arasında Milli Komitə lehinə təbliğatda bulunuyordu. O zamanda ki, Milli Komitə əleyhinə bir çox bədgulər vardı, onun dağılması istənilirdi və onu yeganə müdafiə edən istər nəşriyyat ilə, istər təbliğat ilə bədgulərə cavab verən “Müsavat” firqəsi idi. Hətta bir çoxları “Müsavat” əleyhinə bu sözü də çıxarmışlar idi ki, guya “Müsavat” firqəsini Milli Komitə təşkil etmiş, “Müsavat” firqəsi Milli Komitənin parası ilə əmələ gəlmişdir.

“Müsavat” firqəsinin vaxtilə Milli Komitə lehinə bu qədər ciddi-cəhddə bulunmasının səbəbi nə idi? Məclislərə, mitinqlərə natiqlərini göndərib Milli Komitənin əhəmiyyətindən və cəmaətə verəcəgi faidəsindən bəhs etməkdə bir qərəzimi var idi?

Əvət, “Müsavat” firqəsinin bir qərəzi var idi. O qərəz onun tutduğu məsləkinin iqtizası idi. Bu qərəz də ancaq türk millətinin və müsəlmanlarının mənafeyi idi. Hər zaman bu milli mənafe nəzərdə tutulub hərəkət ediliyordu. Bu hal-hazırda yenə bu məqsədlə çalışıldığı kibi bundan sonra da bu qərəzlə çalışılacaq.

Lakin təəssüf ediləcək bir hal var ki, Milli Komitənin bədguləri yenə var, yenə ciddiyyətlə komitənin dağıdılmasına çalışıyorlar. Onun qədr və qiymətini və əhəmiyyətini cəmaət arasında aşağıya endiriyorlar və bir az müvəffəq də oluyorlar. Budur ki, Milli Komitə əvvəlki kibi işləyə bilmiyor. O vəqtinin bir çoxunu ancaq ortada olan intriqalar ilə keçirməgə məcbur oluyor.

Necə ki məlumdur ki, duma seçkilərinə cəmaəti hazırlamaq üçün Milli Komitə vəzifəsi icabi olaraq ta iyun və iyul aylarından bəri işləməkdədir. Bu xüsusda “Müsavat” üzvləri də hər zamankı kibi öz müavinətini etməkdə idi. İbtida bir proqram tərtib edilmişdi ki, vəqtilə təb edilib cəmaətə paylandı. Sonradan bir namizədlər siyahısı tərtib edilib Milli Şuraya təqdim edildi. Milli Şurayı dəvət etməkdən məqsəd bu idi ki, haman siyahıyı tənqid eləsin. Hətta Şuranın sədri öz nitqində diyordu ki, komitənin şurayı dəvət etməkdən məqsədi budur ki, siyahıya baxsın. İxtiyar şuradadır, kənardan lazım bildigi adamlardan haman siyahıya əlavə edə bildigi kibi haman siyahıdan istədigi şəxsləri çıxarda bilər. Habelə yenə ixtiyarı var ki, bu siyahıyı əbədən qəbul eləməyib yenidən bir siyahı tərtib eləsin.

Komitənin bu bəyanatı hüsni-təvəccöh ilə qarşılanacağı bir anda şurada bir qiyamətdir ki, qopmuşdu. Əvvəlcədən hazırlanmış bir surətdə hər natiq komitəyi tənqid ediyor, hətta ona hücum belə ediyordu.

Əcəba, komitə burada vaqeən bir günah işmi işləmişdi. O özünə həvalə olunan bir vəzifəyi yerinə yetirmişdi. Bir çox danışıqlardan məclis nümayəndələrinin nümayişkəranə bir surətdə məclisi tərk edib getdikdən sonra şura yenidən siyahı tərtib etmək üçün bir komisyon intixabına qərar vermişdi. Lakin məclisdə əksəriyyət olmadığı üçün ikinci bir iclas dəvət etməgi təhti-qərara almışdı. Lakin ikinci iclasa təsisə yüz səksən nəfər üzvdən ancaq otuz nəfər gəldigi üçün məclis yenə baş tutmayıb qərar vermədən dağılıb getmişdi. Bu halların şahidi olan “Müsavat” firqəsi Komitənin artıq siyahı çıxarmıyacağını güman edərək öz üzvlərindən bir siyahı tərtib edib onu keçirmək üçün lazım gələn təşəbbüslərdə də bulunmuşdu. Ancaq siyahıyı tərtib etdikdə böylə bir mülahizəyi nəzərə almışdı ki, əgər Milli Komitə öz tərəfindən bir siyahı çıxararsa onsuz da Bakıda əqəliyyətdə qalan müsəlmanların səsi təfriqəyə uğramamaq üçün öz siyahısından keçsin. Buna görə də onu lazım gələn yerinə təqdim etməyib axırıncı günədək gözlüyordu. Nəhayət, 15 oktyabrda Milli Komitənin iclasında bu xüsusda yenidən müzakirə edildi. “Müsavat”dan başqa siyahı tərtib edən dəstələrin nümayəndələri ilə bu barədə sözləşdi. Nəhayət, əksəriyyəti-ara ilə müttəfiq bir siyahı tərtibi qərara alındı. Bunun üçün hər tərəfin nümayəndələrindən ibarət bir komisyon seçildi. Mütəəssüfanə komisyon razılaşa bilməyib bir iş görmədən dağıldı. Nəhayət, komitənin 17 oktyabr tarixli iclasında təkrar bu məsələ müzakirəyə qoyulub hər necə olursa-olsun komitə adından bir siyahı verilmək lazım görüldü. “Müsavat” nümayəndəsi firqənin qərarını komitəyə bildirib dedi:

– Necə bir siyahı olursa-olsun, əgər komitə onu təsdiq edərsə ancaq cəmaət arasında ixtilaf düşməmək üçün “Müsavat” güzəştə gedib öz siyahısını milli mənfəətə fəda edər.

Budur ki, filməclis bir siyahı tərtib edildi.

“Müsavat” firqəsinin böylə bir fədakarlıqda bulunmasının səbəbi məlumdur. Bunda heç bir qərəz də yoxdur. Onun yeganə bir qərəzi varsa, o da türk millətinin və müsəlmanların ittihadı və səadətləridir. “Müsavat” bu məqsədlə təşkil olunmuş, bu məqsədlə işləmiş və bu məqsədlə də işləyəcək. Çünki:

Millət yoludur, həqq yoludur tutduğumuz yol,

Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

 

Müsavatçı

“Müsavat”, 20 oktyabr 1917, ¹5

 

Bədgu – iftiraçı, qeybətçi

İqtiza – lüzum, tələb

Filməclis – məclisdə

 

Yeni hökumətin tazə

bəyannaməsi

 

Müvəqqəti hökumət tazədən bir bəyannamə nəşr eləmişdir. Oxucular bugünki nömrəmizdə dərc olunan bu bəyannamədən hökumətin nə kibi tədbirlər görmək niyyətində olduğunu biləcəklərdir. Hökumət məmləkətin bütün dərdlərindən bəhs eləmiş, hamısına bir çarə təsəvvür etmişdir.

Çarəsi görüləcək dərdlərin hamısından böyügü, dərdlər dərdi heç şübhəsiz ki, müharibədir. Hökumət xarici siyasətinin bir an əvvəl ümumi barışığa sərf olunacağını söylüyor. Fəqət eyni zamanda bu sülh təşəbbüsünün müttəfiqləri ilə bərabərlikdə olacağını da qeyd ediyor.

Rusiyanın ayrılıqda, tək özbaşına sülh etməsi əlbəttə ki, Rusiyadan ötrü təsəvvür və təhəmmülü qabil olmayan bir bari-giran olardı. Əlbəttə ki, bunu ən səmimi sülh tərəfdarları belə hiss etməz degildirlər.

Fəqət bununla bərabər Rusiyanın bundan sonra artıq heç bir vəchlə hərbi davam etdirmək məsləhəti olmadığı məlumdur. Daha müharibənin əvvəlində söylənilmiş sözlərdəndir ki, ya hərb inqilabı, ya da ki, inqilab hərbi yiyəcəkdir. Bu qədər fəlakət, müşkilat və xarabalıqlara səbəb olan hərb bir az daha davam edəcək olursa, o zaman hərbin inqilabdan daha ağrılı və daha iştəhalı çıxacağı mühəqqəqdir. Bunun üçün əlbəttə ki, Rusiyaya “ayrı sülh başlasın” – deyə təklifdə bulunmaq mümkün degildir. Fəqət məsələ təsəvvür olunduğu kibi imkansız da degildir. Müttəfiqlər əgər doğrudan da dost isələr, gərək Rusiyanın halını nəzərə alıb artıq inad göstərməsinlər.

Bu günlərdə Parisdə müttəfiqlərin konfransı dəvət olunuyor. Bu konfransda hökumət bəyannaməsində oxunduğuna görə Rusiya hökumət nümayəndələri ilə bərabər Rusiya demokratik məhfilləri naminə dəxi külli-ixtiyar bir nümayəndə bulunacaqdır. Bu konfransda müttəfiqlərin tərzi-hərəkəti təyin olunacaq və işin içindən nə tövr çıxmaq lazım olduğu həqqində də – təsəvvür etməlidir ki, – danışıqlar olacaqdır.

Rusiya sadiq bir müttəfiq olmaq üzrə heç şübhəsiz ki, gərək öz müttəfiqləri ilə hesablaşsın. Fəqət bu hesablaşmaq Rusiyadan fədakarlıq istəyə bilər. Fəqət həlakət istəyə bilməz. Müttəfiqlər Rusiya demokratiyası ilə bərabər öz demokratiyalarının tələblərinə də qulaq versələr, o zaman şübhəsiz səadəti-bəşərin artıq “son qələbəyə qədər hərb istəməkdə” olmayıb “bir an əvvəl barışmaqda” olduğunu dərk edərlər. Və bu idrakla hərəkət edib hər növ fədakarlıqda bulunmuş olan Rusiyadan istədiklərini təhdid edərlər. Çünki bir məmləkətdən fədakarlıq istəmək oluyormu? Fəqət bu fədakarlıq naminə həlak olmaq təklifində bulunmaq qətiyyən mümkün olamaz.

Müttəfiqlərdən Rusiyaya nisbət böylə bir hərəkət düsturu tələb olunduğu kibi bu düstur Rusiyayı idarə edən başçılardan bilxassə tələb olunar.

Əvət, bir millət, bir dövlət fədakarlıq edə bilər. Amma intihar edəməz!

 

M.Ə.

“Açıq söz”, 1 oktyabr 1917, ¹578

(Ardı var)

 

525- ci qəzet.- 2013.- 27 uyul.- S.26-27.