Yolçuluq (esse)
MİRƏLİ
SEYİD ÜÇÜN
Masanın üstündə bir qızıl alma vardı. Qızıl almanın yanındasa alma tumlarıydı. Yeniyetmə oğlan
qızıl almaya və onun yanındakı tumlara
baxıb-baxıb düşüncələrə daldı.
“Yarpaqdan saplağa, saplaqdan budağa, budaqdan gövdəyə,
gövdədən köklərəcən... Köklərdən
qönçəyə-çiçəyəcən,
çiçəkdən almaya-tumlaracan bitib tükənməyən
bir çevrə, sonsuz bir yolçuluq...”
Ayağında dəmirdən çarıq,
güclü, yenilməz, yeniyetmə
oğlanıydı. Dayanmadan getmək, qaçmaq,
qaçmaqdan çox qanadlanıb uçmaq istəyirdi. Dedilər
irəli getmək üçün geriyə dönməlisən,
gəldiyin yollardan keçməlisən. İnandı deyilənlərə.
Geriyə dönüb gəldiyi yolu iptəkin dəstələyib
əlinə aldı.
Az getdi,
üz getdi, dərə-təpə
düz getdi. Dəmir çarıqlar dözmədi bitib
tükənməyən yolların sonsuzluğuna.
Yeni bir
dan yeri sökülməkdəydi.
Yerə, göyə sığmayan, daha da güclənən,
daha da müdrikləşən gənc sanki qanad
çıxartmışdı, gecəni gündüz eyləyib
uçur, uçur, zamanın-tarixin qaranlıqlarından
keçərkən qartlaşmış qalın-qalın yalan
pərdələrin altından qızıltəkin parlayan həqiqətləri
görürdü. Uğuruna qəmin-kədərin
yaşıdı olan dədə Füzuli çıxdı. Dərdləşdilər...
Gənc yoluna düzəldi, az getdi, üz getdi, ulu babamız,
müdriklər müdriki Nizami
çıxdı qarşısına. Ehtiramla
baş əydi ulu babamıza.
Çiynindəki butalı əlvan xurcunun bir
gözündə Koroğlu, Dədə Qorqud, o biri
gözündə Manas, Alpamış, Oğuz
dastanlarıydı.
Qafqazlardan baş alıb Çinə uçurdu, Çindən
qalxıb Macarıstana... Altaydan Hindistana... Yolçuluq
bitib tükənmirdi. Qanadları yorulanda
xalçanın üstündə bardaş qurub oturur, usanmaq
bilmədən maraqla şəhərləri, ölkələri
adlayıb yüzilləri aşırdı. Teymurla, Çingiz xanla, Tonukuk, Bilgə, Oğuz
xanlarıyla, Atilla, Mete, Alp Ər Tonqa hökmdarlarıyla
görüşüb onlardan yeni güc, enerji alırdı.
Qız qalası, Möminə Xatun, Səməni məqbərəsi, Tac Mahal
abidələrinin üstündə dövrə vurarkən
onları bərpa edənləri görəndə yaşı
yüzillər, min illərlə ölçülən
möhtəşəm abidələrimizdən də qos-qocaman
olan SÖZləri bərpa etmək eşqinə
düşdü.
Azərbaycan, Arsak, Koroğlu, Qazax, Barsil, Sirak, Varsak sözlərini
alıb onların dərinliyinə, uzaqlığına
vardı. Sözlərin tozunu almaq, can verib cana gətirmək,
yüz illərin etkisindən yerindən sürüşüb
ayrılmış, azıb qalmış hərfləri
tapıb əzəli yerinə qoymaq, sözlərin ilkin mənasını
araşdırmaq, onların yaşını təyin etmək,
can verib canlandırmaq, qərib düşmüb
“yadlaşmış” sözləri doğmalaşdırıb
yiyə durmaq üçün bir kərpic Uyğurlardan,
Xakaslardan, Teleutlardan, Özbəklərdən, bir kərpic
Şorlardan, Sağaylardan, Koyballardan, Qazanlardan,
Qırğızlardan, Yaqutlardan, Noqaylardan... alıb yan-yana
düzdü... Bu varidat, bu zənginlik
qarşısında heyrətdən donub qaldı.
Az
getdi, üz getdi, uğuruna sağa, sola boylanan hürkək
Maral çıxdı. Maral onu, O, Maralı
tanıdı. Danışmadan
baxışlarıyla bir-birini anladı. Yüzilləri
dolaşıb minilləri aşdı. Yorulub
yağışa, qara düşəndə doğma Ağac
Onu koğuşuna alıb yellərdən dəli-dolu
qasırğadan qoruyub qoynunda uyutdu. Uyuyub
dincəlməsi qısa oldu. O, uzaqların
yolçusuydu. Yeni yollar onu gözləyirdi,
sonsuz düzənlikdən sonra yolçunun qarşısına
birdən əzəmətli Dağ çıxdı, Dağa
baş əyib təzim etdi. Neçə-neçə
dağlar, dərələr, meşələr adladı.
Sonsuz yollarda azanda uğuruna Boz Qurd
çıxdı, ona simsar olub bələdçilik edərək
yol göstərdi.
...Dan yeri ağarırdı. Göyün dərinliyindən,
sonsuzluğundan Aydan ağ, Günəşdən
parlaq gömgöy nur tökülürdü. O, Göyə
yaxınlaşırdı....
Bir gün Bakının “Fəvvarələr
bağı”nda O qarşıma çıxdı.
Görüşdük. Qocaman
alim adətinə uyğun qoluma girdi. Ovqatı,
tövrü sifətindən, görkəmindən bəlli
olduğundan halını soruşmadım. Bu yurdun
bütün doğma övladları kimi o da yas içindəydi, qəlbindən,
damarlarından axan qara qanın həzin səsi
eşidilirdi. Nəşriyyatdakı
“Azərbaycan xalqının soy kökünü
düşünərkən” kitabına işarəylə
– Çapı nə yerdədi ustad?- soruşdum. Suçlu adam kimi – Bu yaxınlarda çap
olunmalıdı- söylədi, azca sükutdan sonra – Bu kitab mənim
damğam- möhürümdü –dedi. Danışmadan
bir qədər yeridik, dərindən köks ötürərək
– Ancaq elə vaxta düşdü. Sevinə
bilmirəm...- söylədi.
İxtiyar professorun qəmli üzündən
nur yağırdı. Uzun
saçları göy işığa çalırdı.
27 yanvar 1990
P.S. Bu əlyazmamın bir üzünü
Mirəli müəllimə yollamışdım. Fasilədən
sonra redaksiyaya qayıdanda: “Bayaqdan Mirəli Seyidov neçə
dəfə zəng edib, əlimyandımda səni axtarır”,- bunu mənə Əhməd Oğuz söylədi.
Dərhal ona zəng elədim, ancaq tapa bilmədim.
Az sonra telefon səsləndi, dəstəyi qaldıranda Onu səsindən
tanıdım. “Azər, məni yaman kövrəltmisən,
özümə gələmmirəm. Dönə-dönə
böyük təşəkkür edirəm. Mənim barəmdə
çox yazıblar, ancaq heç kim belə
yazmayıb. Sən mənim içimin, ruhumun rəsmini
çəkmisən. Alqışlayıb bağrıma
basıram səni...”
Mirəli müəllimdən eşitdiyim son sözlər idi.
Daha onu görmədim.
P.P.S. “PA-DE –ŞA”
kitabımı çapa hazırlayanda Mirəli müəllimə
həsr etdiyim bu balaca yazımı da kitaba salmaq istəyirdim.
Arxivimi ələk-vələk eləsəm də
tapa bilmədim. Həmin əlyazmamı bu günlərdə təsadüfən
bir jurnalın arasından tapdım.
Azər ABDULLA
525-ci qəzet.- 2013.- 27 iyul.- S.25.