Xəzinə qarşısında

 

Hər bir yazını nədən və necə başlamağın sualları olur. Mən bu sualları özümə vermədim. Düşündüm ki, onun barəsində danışmaq və yazmaq üçün bəs edəcək qədər söz və bədii material var. İnsanın davranışı, düşüncəsi, cəmiyyətdəki yeri və mövqeyi onu bəzən hazır, xüsusi bir obraza çevirir. Hər dəfə onunla qarşılaşanda sanırsan ki, oxuduğun əsərin, baxdığın filmin qəhrəmanı ilə görüşürsən. Sovet dönəmində belə insanlar haqqında maraqlı oçerklər yazılardı. Bu cür yazıları birnəfəsə oxuduğum vaxtlar olub. İnsanın beyninə, onun şüuruna təsir edən bu obrazlar həm də çoxlarının, xüsusilə gəncliyin həyat kredosuna, qibtə məqamına çevrilərdi. İndi qəzet və jurnal səhifələrində bu cür oçerklərə rast gəlməyəndə adam ürəkdən təəssüflənməli olur. Jurnalistikanın bu məşhur janrı təkcə sovet cəmiyyətinin sifarişi deyildi, insanın, onun daxili aləminin, iç dünyasının kağız üzərində çəkilən şəkli idi. Sovet cəmiyyəti yoxdur, amma insan var, həmişə də olacaq. Biz bəzən insanı, onun arzu və düşüncələrini insanın özündən alıb özünə qaytara bilmiriksə, oxucuya çatdırmaqda tənbəllik ediriksə, bu müasir jurnalistikanın qüsuru deyilmi?!

Hərdən informasiya və təhlil xarakterli yazılar da adamı bezdirir. İsti duyğular, insani düşüncələr axtarırsan. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, millət vəkili Gülçöhrə Hüseyn qızı Məmmədovanın vəzifəsi, adı, elmi dərəcəsi, ictimai-siyasi fəaliyyəti özü imkan verdi ki, onun barəsində ürəyimdə, düşüncəmdə gəzdirdiyim təəssüratları oxucularla birbaşa bölüşə bilim.

Çalışdığım Regionların İnkişafı İctimai Birliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə bir neçə uğurlu layihələrə imza atıb. İş elə gətirib ki, dəfələrlə Gülçöhrə xanımla görüşməli olmuşuq, bölgələrimizə səfərlər etmişik. Onu həm işdə, həm də cəmiyyət arasında yaxından müşahidə etmək imkanım olub.

Günlərin bir günü idi. Bir yanda Gədəbəyin yaşıllıqlara bələnmiş kəndləri, bu yaşıllıqlar arasında ağ göbələklərə bənzəyən evlər, bir yanda isə dağlar boyu sonsuz meşələr baş alıb gedirdi. Sağ sahildə isə nəhəng yatağına baş qoyub qıvrıla-qıvrıla axan Şəmkir çayı təbiətin gümüş kəməri kimi yaşıllıqlar qoynunda bərq vururdu. Qocaman dağların bulaqları Şəmkirin axarına-baxarına qarışmağa, ona ayna tutmağa tələsirdilər. Kəndlər-kəsəklər, küknar və şam ağacları, palıdlar, vələslər çayın o biri sahilində qalsa da, adama elə gəlirdi ki, əl uzatsan, bu gözəlliyə toxuna bilərsən. Dağlarda göylər də, səma da olduqca yaxın görünürdü. Arxa tərəfdə isə çayqarışanın əsrarəngiz gözəlliyi canlanırdı.

Gülçöhrə xanım və onun rəhbərlik etdiyi kafedranın elmi əməkdaşı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Tarix Dostiyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində o zamanlar mədəni irs şöbəsinin müdiri işləyən Rizvan Bayramov, şəmkirli eloğlum Çingiz Həsənov və digər adamların iştirak etdiyi  dəstəmiz uzun illər boyu el arasında Gədəbəydə Koroğlu qalası kimi tanınan qədim tikilinin ən sonuncu gədiyinə gəlib çatmışdıq. Gülçöhrə xanım və onun həmkarları alban memarlıq abidələrinin izlərini axtarırdılar. Yeri gəlmişkən deyim ki, Gülçöhrə xanım bu sahədə uğurlu nailiyyətlər əldə edib, Şəkidən tutmuş Şirvanadək, Şirvandan tutmuş Qarabağa, Muğana, Milədək – çox yerləri axtararaq, Azərbaycan tarixinə, onun memarlıq elminə ciddi töhfələr veribdi. Şəkinin Kiş kəndinin məbədi haqqında yazdığı kitab və digər sanballı əsərlər təkcə ölkəmizdə deyil, onun kənarlarında da Azərbaycan aliminə şöhrət gətirərək müxtəlif dillərə tərcümə olunub. İki min ildən artıq yaşı olan Kiş kəndinin məbədi və orada aparılan bərpa-layihə işlərində də vətənpərvər alim Gülçöhrə Məmmədovanın müstəsna xidmətləri olub. 2000-ci ildə Azərbaycan və Norveç “Kiş” layihəsi üzərində işə başlanılaraq tamamlandı. Layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilmiş, məşhur alim Tur Heyerdalın dəstəyi ilə həyata keçmişdir.

Əvvəlcədən məlum olsa da ki, Gədəbəydəki bu qədim abidənin alban memarlığı ilə heç bir əlaqəsi yoxdur, amma tariximizə hörmət, bir də bu yerləri daha yaxından tədqiq etmək məqsədi ilə buraya gəlməkdən çəkinmədik. Gülçöhrə Məmmədova, Tarix Dostiyev, Rizvan Bayramov Koroğluya aid olmayan bu abidənin bütün hallarda ciddi tədqiqata möhtac olduğunu vurğuladılar. Arxaya baxdım, birdən-birə qalxdığımız ucalıq, arxada qoyduğumuz məsafə indi niyəsə mənə əlçatmaz, ünyetməz gəlirdi. Bir qədər bundan əvvəl “Niva” markalı maşının “ah-aman qoparmasını” nəzərə alıb, həyatımızı risk altına atmaq təhlükəsini hiss edib, dayandığımız ucalığa ayaqla qalxmaq qərarına gəldik. Yolboyu düşünürdük ki, bu pik nöqtəyə çıxmağın öz çətinlikləri var. Dağ yamacları sıldırım daşlarla, eniş-yoxuşla əhatə olunmuşdu. Gülçöhrə xanım hamımızla birgə addımlayırdı, heç kəsdən də geri qalmırdı. Bax beləcə, birlikdə nəzərdə tutduğumuz qalanı fəth etdik. Qalanın müəyyən hissəsində qala içində “qala” qurulmuşdu. Dedilər ki, bizdən bir qədər öncə kino işçilərinin istehsal etdiyi hansısa bir kinonun burada süjetləri çəkilib. Uzaqdan baxanda həqiqi qala divarlarına bənzəyən bu müqəvva qalaya yaxından baxan kimi hiss olunurdu ki, o, bir kino rəssamının işindən başqa özgə şey deyil.

Biz bu “qalanı” da arxada qoyduq. Mütəxəssis fikirlərini, düşüncələri dinləmək çox maraqlı idi.  Adam əl açıb yurdumuzun bu dilbər guşəsini qucaqlamaq, səsi gəldikcə qışqırıb dağlara hay salmaq, babalarımızdan miras qalmış bu abidəni daş-daş, kərpic-kərpic oxşamaq istəyirdi. Bu, bizim dağlar idi. Bu abidə isə bizim mədəni irsimiz, güvənc və saxlanc yerlərimizdən biri idi.

Geriyə dönürdük. Yaxınlıqdakı iki dağdağan ağacı diqqətimizdən yayınmadı. Bu ağaclar qalanın düz ətəyində  ucalmışdılar. Onlara yaxınlaşmaq riskli görünürdü. Buraya gələnlər dağdağan ağacına nəzir-niyaz bağlamışdılar. Bizim də ürəyimizdən bu ağaclara nə isə bir nişangah bağlamaq keçdi. Əvvəlcə Gülçöhrə xanım, sonra mən aşırımdan azca aşağı enib ağacların lap həndəvərində dayandıq. Gülçöhrə xanım paltarından çəkdiyi xırdaca ilməni dağdağanın budağına bağladı. Onun dodaqlarından çıxan xəfif sözləri aydınlıqla eşitdim: “Bir də bu yerlərə gəlmək arzusu ilə”...

Oradan birbaşa Gədəbəyin Çaldaş kəndinə endik. Bizə məlumat vermişdilər ki, burada bir alban abidəsinin qalıqları var. Abidə olan həyəti tapdıq. Həm Gülçöhrə xanım, həm də Rizvan müəllim baxan kimi abidənin albanlara məxsus olduğunu söylədilər. İslamın bərqərar olduğu bir zamanda, IX əsrdə inşa edilən bu abidə ərəblərin buraya ayaq basmadıqlarından xəbər verirdi. Kağız, metrə ortaya gəldi. Abidənin koordinatları ölçüldü, suallar müəyyənləşdirildi. Bir sözlə, memarlığın tələblərinə uyğun olaraq müəyyən tədbirlər həyata keçirildi. Bu zaman həyətin sahibi gəldi. Məlum oldu ki, uzun illərdir bu abidəni də o, qoruyub-saxlayıbdır. Tanış olduq. Yaddaşım məni aldatmırsa, adı-soyadı Mübariz Xəlilov idi. Biçimdən qayıtmışdı, çiynində də kərəntisi. Rizvan Bayramov etiraf etdi ki, bu abidə mədəni irs kimi indiyədək qeydiyyata da alınmayıbdır. Arada necə oldusa, Rizvan müəllimlə Gülçöhrə xanım rus dilində danışmalı oldular. Mübariz Xəlilov da söhbətə qoşularaq, onların fikirlərinə müdaxilə etdi. Mübarizin rus dilində gözəl danışması Gülçöhrə xanımın diqqətini cəlb elədi. “Siz rus dilində nə yaxşı danışırsınız!” dedi. Məlum oldu ki, Mübariz Peterburq Dağ-Mədən Universitetini bitirib. Valideynlərini kimsəsiz qoymamaq ucbatından oradakı iş-gücünü atıb Vətəninə – doğma kəndinə qayıdıb. Gülçöhrə xanım soruşdu:

– İndi siz nə ilə məşğulsunuz?

– Kənd adamı nə ilə məşğul olar? – deyə Mübariz Xəlilov cavab verdi.

Biz oradakı işimizi başa vurub, geri qayıdırdıq. Gülçöhrə xanım mən bu kənd sakinini unuda bilmirəm, – dedi. Gör nə qədər istedadlı adamlar bəzən milli dəyərlərimizi, valideynə, böyüyə-kiçiyə hörmət prinsipini əsas götürüb, özlərinin karyeralarını necə qurban verirlər. Bəlkə də bu gözəl hisslər ancaq bizim millətimizdədir.

Görüşdüyü adamlar arasında özünü sadədən sadə aparan, hamı ilə bir andaca ünsiyyət qurmağı bacaran Gülçöhrə xanımın milli dəyərlərimizi belə yüksək qiymətləndirdiyi anda mən də ona məxsus insani keyfiyyətlər barədə düşünürdüm. O, söhbəti söhbət xatirinə yox, insanlarla qaynayıb-qarışmaq, hal-əhval tutmaq naminə edirdi. Belə anlarda Gülçöhrə xanım üçün bütün yüksək titullar, vəzifə, şəhər adamı, şəhər həyatı arxa planda qalırdı. Müsahiblərini daha çox dinləməyi üstün tuturdu. Bir sözlə, şəhərliyəm sifarişini heç kimə və heç kəsə çatdırmamağa, nümayiş etdirməməyə çalışırdı.

Bu günlərdə elektron vasitələrdən birinə verdiyi müsahibədə onun həyat və fəaliyyyəti barədə söhbət açılsa da, Gülçöhrə xanım həm də özünü bir insan və şəxsiyyət kimi yetərincə təqdim edir: “1971-ci ildə Memarlıq fakültəsinə qəbul olmuş, 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirmişəm. Həyatımın ən maraqlı çağları o illərdə başladı...”

Əslində bu təbəssümlü xanımın ömrünün maraqlı çağları, mən deyərdim ki, elə dünyaya gəldiyi gündən başlayıb. Qədim Azərbaycan şəhəri İrəvanda anadan olub. Onu da təəssüflə bildirir ki, o doğulanda nə nənələri vardı, nə də babaları. Bəlkə də Gülçöhrə xanımın yaddaşında şirin nənə-baba nağıllarının aclığı yaşanmaqdadır. Vaxtında eşidilməyən nağılın özü də sonralar mənəvi bir ehtiyaca çevrilir. Kaş o nağılları nənələr-babalar vədəsində danışaydılar...

Atası Ermənistan Ali Sovetinin deputatı olub. “O zaman böyük bacım burada yaşayırdı. Mənim də orta məktəbi bitirməyimə az qalmışdı. Məhz bu səbəbdən atam məsləhət bildi ki, Bakıya köçək”.

Hər dəfə “köç” kəlməsini eşidəndə, istər-istəməz məndə qəribə hisslər, duyğular baş qaldırır. İnsan harayasa təkcə  özü köçmür, o, özü ilə bir dünya köçürür. Doğulduğu yurdu, böyüdüyü, gördüyü təbiəti, qoyub gəldiyi insanları öz ürəyində köçürür. Bəlkə ona görə də köç həyatı yaşayanların ürəkləri, başqalarının ürəklərinə nisbətən daha kövrək, daha həssas, daha böyük olur.

Etdiyimiz səfərlərdə mən bu ürək, könül böyüklüyünü Gülçöhrə xanımda dəfələrlə hiss eləmişəm. Bir dəfə onunla söhbət edərkən, söhbət insana qayğıdan, yaxşılıqdan və bəzən bir qəsdin, qərəzin, düşünülmüş səhvin insan həyatını necə alt-üst etməsindən düşdü. Bir əhvalat danışdım. Kənddə yaxın qonşumuzun oğlu sizin universitetin tələbəsi idi. Anam bir məktub göndərmişdi ki, ay oğul, Mənzərin oğlu Qədim riyaziyyatdan kəsilib. Deyirlər, institutdan qovulmaq təhlükəsi var. Gör, ona kömək edə bilirsənmi?

Universitetə gedib adını unutduğum (yaxşı da ki, unutmuşam) müəllimi kafedranın qabağında xeyli gözlədim. Geri qayıdanda Qədim mənə dedi ki, həmin müəllim gəlir. Yaxınlaşıb salam verib, özümü təqdim elədim. Dedim ki, Qədimin anası yaxınlarda ölüb, atası da xəstədir. Bir mənəvi sarsıntı keçirib, indi də siz ona qayğı göstərməsəniz, taleyi alt-üst olacaq. Xahiş edirəm, kömək edin. Müəllim “Qoy elə onun taleyi alt-üst olsun” deyib, acı-acı üzümə baxıb getdi. Qədim universitetdən qovuldu. Sonrakı taleyi də heç könülaçan olmadı...

Gülçöhrə xanım “hayıf” deyə köks ötürdü. Nə əcəb mənə bir söz deməmisiniz? – dedi. Dedim ki, onda siz rektor deyildiniz...

“Oğluma bir söz, tələbəmə başqa söz deyə bilmərəm” deyir Gülçöhrə xanım.

Onun üçün bütün tələbələr övlad, o isə anadır. Gülçöhrə xanım həm də rəhbərlik etdiyi universiteti bax bu hisslərlə idarə edir. Görünür professor-müəllim heyəti, tələbələr arasında olan böyük nüfuzunun bir səbəbini də burada axtarmaq lazım gəlir. Bunu sözgəlişi demirəm, eşitdiklərimə, bildiklərimə, gördüklərimə əsaslanıram.

Növbəti səfərlərimizdən biri Gədəbəyin İvanovka, Saratovka kəndlərinə, oradan isə Şəmkirin Dağdaşbulaq kəndinə oldu. Harada bir abidənin sorağı gəlirdisə, Gülçöhrə xanım oraya getmək, baxmaq, tədqiq eləməyə cəhd göstərirdi. Onu da deyim ki, dağlarımızda belə abidələr saysız-hesabsızdır. Saratovka kəndində nəhəng daşların baş-başa verib yatdığı bir qəbiristanlığın nə yaşı bilinir, nə tarixi. Qəbir daşlarının üzərində hər hansı bir yazıya rəst gəlmək də olmur.

Bu kəndlərin birində yerləşən qədim abidəyə baş çəkdik. Kiminsə həyətyanı sahəsinə daxil olan bu abidə baxımsızlıq ucbatından tökülüb-sökülsə də, diqqəti cəlb edirdi. Abidənin içərisindəki mal-heyvan izlərindən hiss olunurdu ki, ondan tövlə kimi də istifadə olunur, ot-ələf basmışdı. Güman edirdik ki, Gülçöhrə xanım kənardan baxmaqla kifayətlənəcək. Amma bu dəfə də Gülçöhrə xanım abidənin bütün koordinatlarını ölçüb, dəqiqləşdirmələr apardı. Hiss edirdim ki, son söz  yüz ölçülüb, bir biçiləndən sonra deyiləcək. Mənimlə birlikdə səfərdə iştirak edən Birliyimizin əməkdaşı Yusif Əliyev Gülçöhrə xanımın peşəsinə bu dərəcədə hörmətlə yanaşdığını görüb, bundan ötrü millətini, dövlətini, xalqını və onun tarixini nə qədər sevməlisən dedi.

Qədim Şəmkir şəhər yerində artıq bir neçə ildir ki, arxeoloji qazıntılar aparılır. Tariximizin müəyyən mərhələsinə şahidlik edən bu qədim abidə öz sirlərini açır. Yer üzərinə çıxarılan tikililər eyni zamanda bərpa olunur. Onları yağışın, günün “ixtiyarına” vermək də olmur. Gülçöhrə xanımın bu abidəyə baş çəkdiyinin, bərpaçılara dəyərli məsləhətlər verməsinin də şahidi olmuşam. Bərpa zamanı səhvə yol vermək, müasir tikinti elementlərindən istifadə etmək qəbuledilməzdir. Hər şeyi tarixin özündə olduğu kimi saxlamaq, bərpa etmək lazımdır. Onun bu sözlərində də alim, vətəndaş və peşəkar məsuliyyətinin böyüklüyü sezilməkdədir.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gülçöhrə Məmmədovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncamı alimin dövlət, millət, elm, təhsil, tarix qarşısındakı xidmətlərini bir daha yada saldı.

Deyirlər Allah sevdiyi insanlara bir nur bəxş edir. Bu baxımdan Gülçöhrə Məmmədova Tanrının sevdiyi bəndələrdən sayıla bilər. Üzündə əbədi bir təbəssüm və mehribanlıq dolaşmaqdadır. Bu, onun təkcə zahiri görkəmindən deyil, həm də zəngin daxili dünyasından xəbər verir. Böyük alim və vətəndaş Gülçöhrə xanım yubileyini qeyd elədi. Bu, heç də bir yubiley yazısı deyil, çoxdan demək istədiyim sözlərdir. Elə bu yazı üzərində işləyərkən, Tovuzdan, dostlarımdan biri zəng elədi. “Xatirinizdədirmi, rayonumuza gəlmək istəyirdiniz? Alban tikililərinin izi ilə... Bu yaxınlarda mənə xəbər verdilər ki, rayonumuzun Şamlıq kəndində qədim bir alban abidəsi var. Gülçöhrə xanıma deyin ki, onun yolunu gözləyirik”.

Çox zaman gözəl sima aldadıcı olur. Siması gözəl olan bir insanla on dəqiqə söhbət etdikdən sonra o gözəllik sənin gözündə məhv olur. Elə insan var ki, zahirən o qədər də cəlbedici olmasa da, onunla ünsiyyət zamanı hiss edirsən ki, xəzinə qarşısındasan. Bu Gülçöhrə xanımın sözləridir. Yazını elə onun öz sözü ilə adlandırım – “Xəzinə qarşısında”. Həqiqətən də Gülçöhrə xanım millət və xalq üçün xəzinə sayılacaq bir insandır. Onunla həmsöhbət olanda hiss edirsən ki, əsl xəzinə qarşısındasan... Tükənmək, bitmək bilməyən xəzinə...

 

Taleh Həmid

 

525-ci qəzet.- 2013.- 27 iyul.- S.24-25.