"Füyuzat"ın
başqa bir müəllifi- Əhməd Kamal
Adı çəkilən hər iki şəxsi
Əli bəy Hüseynzadə ilə sıx əlaqələr
bağlayırdı. Əhməd Cəlaləddin Paşa bir
müddət Sultan Əbdülhəmidin ən yaxın
adamlarından biri olmuş, hətta Təşkilati-Məxsusiyyə
adlanan siyasi xəfiyyə orqanına rəhbərlik
etmişdi. Sultan Avropada səltənət əleyhinə
mübarizə aparan “gənc türkləri” zərərsizləşdirmək
məqsədi ilə onun əlaqə və
bacarığından yararlanmışdı. Həqiqətən
də Əhməd Cəlaləddin Paşanın təlqinləri
ilə Fransanın Kontrakseville şəhərində əldə
olunmuş anlaşmaya əsasən “gənc türklərin” bəzi
tanınmış nümayəndələri müəyyən
şərtlər daxilində vətənə
dönmüş, bəziləri Osmanlı dövlətinin
xaricdəki diplomatik təmsilçiliklərində vəzifə,
yaxud təhsil üçün müavinət
almışdılar. Lakin II Əbdülhəmid vədlərinə
sonadək sadiq qalmadığından Əhməd Cəlaləddin
Paşa ölkədən
qaçıb əski ideya dostlarına qoşulmuşdu.
Sonralar Türkiyənin hərb və səhiyyə tarixinə
Gülhanə Əsgəri Tibb Akademiyasının qurucusu kimi
daxil olan Kərim Səbati Gürgünə (1870-1942) gəldikdə
isə o, Məktəbi-Tibbiyyədə Əli bəy
Hüseynzadə ilə birlikdə oxumuşdu. Təbii ki,
“Füyuzat” redaktoru belə inanılmış şəxslərin
zamin durduğu adama kömək əli uzatmaya bilməzdi.
Amma təbii ki, Əhməd Kamalı təqdim
edən yazıda hadisələrin bu pərdə arxası barəsində
heç nə deyilmirdi. Əksinə, Əli bəy qələm
həmrəyliyi və yüksək mədəniyyət
nümayiş etdirərək məhz redaksiyanın ehtiyac
duyduğuna görə türk müəllifin Bakıya dəvət
olunduğunu xüsusi vurğulamışdı. Çox
güman ki, Əli bəyin seçiminə inam və hörmət
əlaməti olaraq dövrün bir sıra qəzetləri də
öz səhifələrində millətimizə xas ənənəvi
səmimiyyətlə “Füyuzat”ın yeni müəllifinin gəlişini
alqışlayan yazılar çap etmişdilər.
Bəlkə də adı ətrafında
qalxan bu ajiotajın təsiri altında Əhməd Kamal
çox tezliklə Bakıya hansı şəraitdə, hansı
şərtlər daxilində gəldiyini yaddan
çıxarmışdı. Az sonra onda hamının
başına ağıl qoymaq mərəzi və mentor ədası
özünü büruzə verməyə
başlamışdı. Ara-sıra “Füyuzat”da çap
olunan şuşalı şair İbrahim Tahir Musayevlə ilk ədəbi
toqquşma zamanı yazdığı aşağıdakı
sətirlər də bunu sübut etməkdədir: “Mən
buraya izhari-kəmal və kəsbi-şöhrət
üçün gəlmədim. Bəlkə iyirmi sənədən
bəri mətbuati-islamda qazanmış olduğum şöhrətə
etimad edərək məni buraya dəvət etdilər (kursiv mənimdir–V.Q.).
Və Bakuyə müvasalatımı nəşr edən qəzetlər
də bu surətlə yazdılar”. Hətta Əhməd Kamal
daha irəli gedərək özü-özünə difiramb
oxumaqda da qeyri-adi heç bir şey görməmişdi: “Mətbuati-islamın
ləmai-nisari-kəmalat olduğu heç bir üfqi-mərifət
yoxdur ki, orada Əhməd Kamal ismi-naçizi məruf olmasın.
Mətbuati-islam iyirmi sənə min türlü
müşkülat içində və hər türlü əsbabi-səadətini
fəda edərək kəndisinə xidmət etmiş bir
mühərririni tanımayacaq dərəcədə qafil
deyildir (kursiv mənimdir – V.Q). Buraya vüsulumun əqəbində
bütün Kafkasiyada müntəşir cəridələrin
haqqı-acizanəmdə yazdıqları təqdirani-məsləkdaşanənin
daha sətirləri qurumamışdır...”
Göründüyü kimi, bir neçə
ay əvvəl sadəcə gündəlik ruzisini təmin etmək
və küçədə qalmamaq arzusu ilə mətbəədə
müsəhhih (korrektor – V.Q.) olmağı da məqbul sayan və
“məcburi bir dəvət” (M.Kayahan Özgül) Bakıya gələn
Əhməd Kamal qısa zaman ərzində özünü
islam mətbuatının ən tanınmış mötəbər
simalarından biri kimi qələmə verməyə
başlamışdı...
Şair İbrahim Tahir Musayevlə
aralarında başlanan və daha çox Əhməd Kamalın
günahı üzündən şəxsi müstəviyə
keçən münaqişə zamanı dəvət məsələsi yenə
gündəliyə gəlmişdi. Əli bəy Hüseynzadə
“İntiqad ediriz, intiqad olunuyoruz” məqaləsində
(“Füyuzat”, 27 iyul 1907, sayı 23) türk həmkarının
tərəfini saxlayaraq “Musa Tahirovun (adın təsadüfən,
yoxsa bilərəkdən təhrif olunduğunu demək çətindir
– V.Q.) qafiyə xatirəsi üçün söylədiyi mənalı-mənasız
sözlər intiqad olunur-olunmaz onun mahiyyəti-şəxsiyyəsinin
də nə olduğu öz sözləri ilə, öz
cavabları ilə aşkara çıxmadımı?” – deyə
ədəbi dil kimi Azərbaycan türkcəsinin mövqeyini
bir qədər bəsit səviyyədə də olsa
müdafiə edən şairi haqsız
çıxarmışdı.
Əhməd Kamal Azərbaycana 1907-ci il
mayın ortalarında gəlmişdi. Həmin il avqustun 10-da səfərə
çıxmış, “Bakıdan bir kaç gün təbdili-hava
üçün Pyatiqorsk denilən yerə gəldik”- yazsa da,
Rusiya və Avropaya səyahəti bir aydan çox çəkmişdi.
Səfəri zamanı Rostov, Varşava, Berlin, Paris, Sürix,
Vyana, Sofiya, Kostansa, Odessa şəhərlərində
olmuşdu. Sentyabrın 12-də Tiflis üzərindən geri
dönmüşdü. Varşavadan Əli bəy Hüseynzadəyə
“Qardaşım Əli bəy” xitabı ilə
yazdığı 23 avqust tarixli məktubdan
göründüyü kimi,
Bakıdan ayrılarkən bu barədə hətta
baş redaktoru da xəbərdar etməmiş, (“Sizə xəbər
verməməyim mənim yola çıxarkən kimsəyə
xəbər verməmək kimi çox köhnə bir qaydam
olduğundandır”), birdən-birə yoxa çıxması
ilə bağlı müvafiq izahatı onun öhdəsinə
buraxmışdı (“siz orada məni nerədə istər isəniz
orada göstərin”). Sonda
“cümləyə səlam ilə millətin mənbəyi-füyuzatı
olan möhtərəm qələminizi öpərək ərzi-ehtiram
eylərim, mirim-əfəndim” – sözləri ilə Əli bəy
Hüseynzadə qarşısında duyduğu pərəstiş
hissini bir daha dilə gətirsə də, bu məktub
bütünlükdə Əhməd Kamalın laubali xarakterindən,
habelə səfərinin
çox güman ki, müəyyən siyasi çalarlara malik
olmasından xəbər verir.
Bütövlükdə onun
“Füyuzat”dakı fəaliyyəti beş ay çəkmişdi.
Həmin müddət ərzində məcmuənin səhifələrində
5 şeiri və 13 məqalə və publisist yazısı nəşr
olunmuşdu. Onların Azərbaycan ədəbi fikrinə hər
hansı ciddi təsir göstərməsindən
danışmaq inandırıcı görünmür. Bu
baxımdan istər-istəməz tənqidçi Əli
Nazimin “Əhməd Kamal sadəcə basılmaqla qalan bir
takım şeirləri və tənqidi məqalələri ilə
bu ədəbiyyatda bir yer tutmamışdır” fikri ilə
razılaşmaq lazım gəlir.
“FÜYUZAT”
ƏHMƏD KAMALA GÖRƏ
BAĞLANMIŞDI?
“Füyuzat”ın sonuncu, 32-ci sayı 1907-ci
il noyabrın 1-də işıq üzü görsə də,
artıq oktyabrın ortalarından jurnalın fəaliyyətini
dayandıracağı bəlli idi. Oktyabrın 19-da və 24-də
çıxan 30 və 31-ci saylarda sahibi-imtiyaz Hacı
Zeynalabdin Tağıyevin adından “bəzi əsbaba məbna
“Füyuzat” müvəqqəti olaraq 32-ci nömrədən tətil
edəcəkdir” elanı verilmişdi. Sonuncu, 1 noyabr tarixli
32-ci sayda baş redaktor Əli bəy Hüseynzadənin “Pərdə
eniyor. Son tamaşa” adlı vida yazısında məcmuənin
qapanmasını zərurətə çevirən şəraitə
toxunmuşdu. İmtiyaz sahibi və baş mühərririn
üstüörtülü bəhs etdiyi həmin səbəblər
hansılar idi? İzmir universitetinin professoru Əlirza
Bayatın “Hüseynzadə Əli bəy” (Ankara, 1998)
kitabında, eləcə də bir sıra digər mənbələrdə
(Ofeliya Bayramovanın “Füyuzat” nəşrinə ön
sözü, M.Kayahan Özgülün adını çəkdiyim
əsəri, Şərif Bilgəxanın natamam xatirələri
və s) jurnalın bağlanmasının tarixçəsi belə
nəql edilir.
II Əbdülhəmidin taxta
çıxmasının 32-ci ildönümü ərəfəsində
– 1907-ci ilin avqustunda Hacı Zeynalabdin Tağıyev Bakı
qazısı Mir Məhəmməd Kərim ağanın Quran
təfsirinin 4 min altın qiyməti olan daş-qaşla bəzədilmiş
nadir bir nüsxəsini Axund Yusif Talıbzadə vasitəsi ilə
Osmanlı hökmdarına göndərmişdi. Hədiyyədən məqsəd
sadəcə sultanı həyatının əlamətdar
günü münasibəti ilə təbrik etmək deyil, həm
də əsrlərdən bəri islam dünyasını
parçalayıb gücdən salan sünni-şiə ədavətinə
son qoymağın vaxtı çatdığını
xatırlatmaq idi. Çünki məzhəb çəkişmələri
nəticəsində bəzi sünni dairələr
arasında Sabirin satirasında da deyildiyi kimi, “şiə
mollası yazan türkicə Quranı” “maşa ilə
götürüb əl vurmamaq” əhval-ruhiyyəsi mövcud
idi.
Hacının diqqətini yüksək qiymətləndirmək
və təşəkkür izhar etməklə bir sırada II
Əbdülhəmid onun elçisinə – Talıbzadəyə
yəqin ki, “Füyuzat” nəşrə başlayan vaxtdan
ürəyində saxladığı sözləri də
demişdi: “Bir şey anlamadım. Zeynalabdin bəy məcmuəsində
mənə sataşır, sonra da hədiyyə göndərir”.
Axund Yusif Talıbzadə Bakıya qayıdıb bu sözləri
Hacı Zeynalabdinə çatdırandan sonra narazılıq
doğuran nəşrin taleyi həll olunmuş, dərhal
bağlanmasına qərar verilmişdi.
“Füyuzat” nə zaman, hansı yazıda
Sultan Əbdülhəmidə sataşmışdı? Məcmuənin
diqqətli təhlili jurnalın sonuncu – 32-ci sayına qədər
burada Əli bəy Hüseynzadənin məqalələrində
təsadüf edilən bir-iki istisna xaricində onun
adının ümumiyyətlə çəkilmədiyini
aşkara çıxarır. Yalnız sonuncu saydakı vida məqaləsində
Əli bəy artıq açıq mətnlə sultan rejiminə
münasibətini ortaya qoyaraq “II Əbdülhəmidin otuz sənədən
bəri müənnidanə bir keyfi-istibdad ilə inlətdiyi
türklərin göylərə süud edən dudi-ahi
“Yıldız”ın ətrafını oylə kəsif bir surətdə
bürümüşdür ki, o gülşən saray Sultan Həmidin
başına zindan kəsilmişdir” – deyə yazırdı.
Eyni zamanda türklərə onilliklər
boyu içərisində yaşadıqları bu dəhşətli
vəziyyətdən çıxış yolu göstərirdi:
“Sultan Əbdülhəmidin cihaddan-filandan qorxusu yoxdur. Onun
yeganə qorxduğu, otuz sənədən bəri görməkdən,
eşitməkdən təəşşüş etdiyi şey
hürriyyət və qanuni-əsasidir. Ancaq bu iki kəlmeyi-əfsunkaranə
ilə ona qalib gəlmək olar. O, üzərinizə top və
tüfəng sədası ilə gəlsin, siz ona hürriyyət
və qanuni-əsasi nidası ilə hücum ediniz. Vallah,
billah tab gətirəməz, məğlub olur,
qarşınızda donub qalır və otuz sənəlik
asari-istibdadkaranəsi tar-mar olub gedər”.
Nəhayət
sonuncu sayda II Əbdülhəmidin karikaturası, habelə
şair Əşrəfin “Lüzumu varmıdır böylə
vəkilin, ya rəsulillah?” – deyə Məhəmməd
Peyğəmbərə Yer üzündəki xəlifəsi
olan sultandan şikayət qəsidəsi çap edilmişdi.
Lakin bütün bunlar post-faktum – artıq
jurnalın bağlanması xəbərinin gerçək
olduğu bilindikdən sonra baş vermişdi.
Füyuzatçılar daşın haradan
atıldığını öyrənəndən sonra
tribunaları əllərindən alınmamış müstəbid
sultan haqqında
düşündüklərini açıq dilə gətirmişdilər. Elə
isə Hacının sahibi-imtiyaz olduğu jurnalda ona sataşıldığını
deyərkən II Əbdülhəmid nəyi nəzərdə
tuturdu?
Bu suala cavab vermək üçün məcmuənin
müəlliflərini, burada çap olunan əsərləri
və şəkilləri gözdən keçirmək kifayətdir.
“Füyuzat”ın ilk sayının üz qabığında
1876-cı ildə qəbul edilmiş ilk türk konstitusiyasının
müəllifi, sədrəzəm Midhət Paşanın
portreti və haqqında Əli bəyin yazdığı
böyük məqalə verilmişdi. 4-cü sayda üz
qabığını doktor Abdulla Cövdətin, 6-cı sayda
Əliheydər Midhət Paşazadənin, 11-ci sayda Namiq
Kamalın, 17-ci sayda “şəhidi-hürriyyət” Əli
Süavinin, 21-ci sayda Rəcaizadə Mahmud Əkrəmin,
26-cı sayda Tofiq Fikrətin və b. portretləri bəzəyirdi.
Təkcə elə bu faktın özü sultanı haldan
çıxarmaq üçün kifayət idi. Çünki
II Əbdülhəmid onların əksəriyyətini
özünün şəxsi
düşməni sayırdı. İki dəfə sədrəzəm
olan Midhət Paşa (1822-1884) sultanın istəyi ilə
ölüm cəzasına məhkum edilmiş, ingilislərin
işə qarışmasından sonra cəzası
ömürlük həbslə dəyişdirilsə də,
onun əmri ilə Taifdə, həbsxanada qətlə
yetirilmişdi. Əli Süavi (1839-1878) II Əbdülhəmidi
devirməyə təşəbbüs göstərdiyi
üçün öldürülmüşdü. “Gənc
türklər” hərəkatının ideoloqlarından olan
Abdulla Cövdət (1869-1932) Əli bəyin gənclik dostu
idi, Hərbi Tibb Məktəbinin tələbəsi olarkən
gizli İttihad və Tərəqqi komitəsinin qurulmasında
birgə çalışmışdılar. Sultan hökumətinin
təqiblərindən əvvəlcə Avropada, sonra Misirdə
sığınacaq tapmışdı. İnqilabi əhval-ruhiyyəsi
ilə seçilən məşhur “İctihad” qəzetini nəşr
edirdi. “Sultanın ehsanlarını, rütbələrini, məmuriyyətlərini
rədd və xədivi-Misrin təəssütünü qəbul
etməyərək məqsədi-müqəddəs uğrunda
mal və mülkümü, həyatımı fəda etmək
qayeyi-amalımdır” – deyən Əliheydər bəy Midhət
Paşazadə (1879-?) də sultan rejiminin barışmaz
opponentlərindən sayılırdı. Namiq Kamal(1840-1888) ilk
konstitusiyanı hazırlayan komissiyanın üzvü kimi əvvəlcə
həbsə, sonra isə sürgünə göndərilmişdi.
Dillərdə əzbər olan “Zülmün topu var, gülləsi
var, qələsi varsa, Haqqın da bükülməz qolu,
dönməz üzü vardır” – misralarının müəllifi
Tofiq Fikrətin (1867-1915) istibdad rejiminə və onun
başında duran şəxsə nifrəti heç kimdə
şübhə doğurmurdu.
Müəyyən istisnalarla eyni sözləri
jurnalda çap olunan İsmayıl Səfa, Mehmet Übeydullah,
Əli Rza Krımzadə, Əbdülhəq Hamid və b.
haqqında da söyləmək mümkündür.
Göründüyü kimi, “Füyuzat”ın simasında
Bakıda II Əbdülhəmidə qarşı ikinci cəbhə
açılmış, məcmuə “gənc türklərin”
mühüm ideoloji silahına çevrilmişdi. Sultanı təhqir
edən həcvin müəllifi Əhməd Kamalın
“Füyuzat”da fəal iştirakı isə səbir
kasasını daşıran son damlaya çevrilmişdi.
Heç şübhəsiz, 1903-cü ildə həyatına
yaranan təhlükəni görüb Türkiyədən
gizli yolla qaçmağa müvəffəq olan “İttihad və
Tərəqqi” qurucularından biri – baş redaktor Əli bəy
Hüseynzadə barəsində də sultanın əlində
kifayət qədər məlumat vardı. Hacı Zeynalabdin
Tağıyevin pulu ilə nəşr edilən məcmuənin
ona sataşmasından şikayətlənəndə II Əbdülhəmid hansısa konkret yazını deyil,
məhz konkret ideya istiqamətini və həmin istiqaməti
formalaşdıran ədəbi-siyasi qüvvələri nəzərdə
tutmuşdu. Bu mənada Əhməd Kamal da “Füyuzat”ın
qapanmasına özünün bəlli “töhfəsini”
vermişdi...
Bəlkə özü də bunun fərqində
olduğundan “Füyuzat”ın son sayında Əli bəy kimi
vida sözü ilə çıxış etməyə
lüzum görmüşdü. Doğrudur, onun
“İsbati-iştibah” adlanan məqaləsi baş redaktorun
yazısı qədər ardıcıl, sistemli, hədəfə
vuran deyildi. Lakin müəllifin səmimiyyətindən,
tapındığı ideyalar uğrunda sona qədər
mübarizə əzmindən xəbər verirdi. “İştə
sözümüz burada bitdi, “Füyuzat” da bu nömrədə
bağlandı – deyə Əhməd Kamal yazırdı. –Amma
bizim dilimiz bağlanmadı, bağlanmaz və bağlanmayacaqdır.
Özü-sözü düzgün bir qəzetə intişar
edincəyə qədər ixtiyari-sükuta məcbur
olduğumuzu və “Füyuzat” məsləkində bir qəzetə,
yəni mənafeyi-insaniyyə və milliyeyi-tərəqqi və
hüriyyəti-kamilə və müsavati-şamilə dairəsində
ərz və müdafieyi-əqdəm və əqdəsi-şərait
ittixaz etmiş bir qəzetə intişar etdiyi təqdirdə
hətta məccanən xidmətə hazır olduğumuzu ərz
edəriz”.
Əhməd Kamal “Füyuzat”ın
mövqeyindən geri çəkilməsi, məram və əqidəsini
dəyişməsi hesabına, sadəcə mövcudluq xatirinə
yaşamasının tərəfdarı deyildi. “Məcmuəmizin
bu bir sənə zərfindəki tərzi-bəyan və
mücahidatı “Füyuzat” deyilən məsləkin nədən
ibarət olduğunu anlatdı. “Füyuzat” hüviyyətini,
mayeyi-zatiyyəsini mühafizə üçün məsləki-müəyyənində
davam etməli, davam etmədiyi təqdirdə bağlanmalı
idi”. Onun nəzərində “Füyuzat” yalnız öz əqidəsi
zəminində qaldığı müddətdə
“Füyuzat” idi. Çünki cəmiyyət bu dərgini bəlli
bir dəyərlər sisteminin ifadəçisi kimi
tanıyır və qəbul edirdi. Bu baxımdan da məcmuə
həmin “dairədən xaricə çıxdıqca o
namı daşımağa haqq və ləyaqəti olamaz.
Ehtimal ki, tazə və köhnə bir taqım hicablar
altına girə bilər. Fəqət məsləkindən
bir xütvə sağa və ya sola atdıqca
“Füyuzat”lığını mühafizə edəməz”.
II Əbdülhəmid istibdadının
susdurduğu “Füyuzat” məhdud partiya maraqları
güdmürdü. Son sayda dərginin ən təəssübkeş
müəllifi Əhməd Kamalın son akkord olaraq
vurğuladığı kimi, “füyuzatçılıq”
islam etiqadlı, firəng fikirli, Avropa qiyafətli olmaq idi;
“füyuzatçılıq” istibdadın, bürokratiyanın,
kapitalizmin, qadına həqarətli münasibətin tərəfində
dayanmamaq idi, “füyuzatçılıq” azadlıq, demokratiya,
xalq, proletariat və qadın hüquqları uğrunda
mübarizə aparmaq idi.
Məcmuəyə təzyiqlər onun
öz məramına çatmasının təsdiqi sayıla
bilər...
YAZILARI
Əhməd Kamal “Füyuzat”ın səhifələrində
şair və tənqidçi-publisist kimi iki fərqli ipostasda
çıxış etmişdi. Onun şeirləri Osmanlı
təcəddüd ədəbiyyatının çox da diqqətəlayiq
sayılmayacaq nümunələri
idi və jurnalın poetik simasını formalaşdıran Məhəmməd
Hadi yaradıcılığı ilə müqayisədə zəif
görünürdü. Lakin XX əsrin əvvəllərində
milli poeziyaya gətirdiyi bir yeniliyi qeyd etmək lazımdır
– 18-ci sayda çap olunan “Gözəlim, açma maziyi”
şeiri ilə Əhməd Kamal Şekspir poeziyasının təsiri
ilə türk şeirində sonetin ilk nümunəsini
yaratmışdı.
Məcmuədəki ilk yazısı “Simurqun
qanadları altında” adlanırdı (“Füyuzat”, 25 may, 1907,
say 18). Əli bəy Hüseynzadənin yuxarıda
xatırlatdığım “Yeni qələm
yoldaşımız” təqdimatının ardınca verilən
həmin yazı Əli bəyin təxminən bir il əvvəl
– 1906-cı il iyulun 7-də “Həyat” qəzetində
çıxan “Kuhi-Qaf və Simurq” məqaləsinin təsiri
altında qələmə alınmışdı. Bunu
çıxarışda verilən “Ədibi-nəcib Əli
Hüseyn bəyin “Həyat” və ondan iqtibasən “Türk” qəzetələrində
müntəşir “Qaf və Simurq” məqaleyi-lətifieyi-ədəbiyyələrinə
təlmihdir” qeydindən də görmək
mümkündür.
Əhməd Kamalın bu məqaləsi
müəyyən mənada Azərbaycandakı fəaliyyəti
baxımından proqram xarakteri daşıyır, onun
“Füyuzat” vasitəsilə ilə görmək istədiyi
işlərin anonsunu verirdi. Məqalə Əli bəyə
müraciətlə yazılmışdı. Onun Simurqun dilindən
deyilmiş “Gəlin! Qanadlarımın altına gəlin ki, həsrətkeş
olduğunuz sabahi-ürfan və hürriyyət mənim
qanadlarımın altından doğacaqdır!” – sözlərini
misal gətirən müəllif özünün Bakıya gəlişi
və “Füyuzat” ailəsinə qoşulması ilə bu
çağırışa səs verdiyini diqqətə
çatdırırdı: “Əsrlərdən bəri
üşşaqinə Qafi-xəyal üzərində həsrətkeşanə,
məhrumanə fəryadlar etdirən Simurq bəni
qanadının altına çağırıyordu. Bu dəvətə
qarşı tərəddüd edə bilirmi idim? Simurq bənim
aşinayi-vicdanım deyilmidir? Simurq bənim ümməthayi-əvvəlinimdən
olmazmı? Simurqun qanadları bənim aba və əcdadımın
aşiyani-nəşəti sayılmazmı?”
Bakıda görünən ictimai
inkişaf meylləri, xüsusən də maarif və mətbuatın
sürətli inkişafı Əhməd Kamalın qələm
adamının vəzifələri ilə bağlı təsəvvürlərinin
dolğunlaşmasına təkan vermişdi. “Buradakı yeni həyati-ictimaidə
görünən ənvari-“Füyuzat”ın bizi “İrşad”
edə-edə, nəhayət bir istiqbali-mətin və əminə
irsal edəcəyinə şübhə olamaz!” – deyən
müəllif türk dünyasının tərəqqisinə
yönəlmiş prosesdə
mümkün qədər yaxından iştirak etməyi həyatının
amalı sayırdı. Bakı bu mənada ondan ötrü əfsanəvi
Simurq quşunun qanadlarını sərdiyi yer idi.
Əli bəyin dilindən eşitdiyi epizodu – qədim Roma şairi
Vergilinin “Eneida” eposunda dəniz allahı Neptunun şiddətli
fırtına və dalğalara amiranə tərzdə “Quos
ego!” (“Mən sizə göstərərəm!” mənasında – V.Q.) deməsini yada salaraq
özünün hər hansı iddiadan, Mirzə Cəlil
demişkən, “qələmlə təşəxxüs
satmaqdan” uzaq olduğunu nəzərə
çarpdırmağa çalışırdı: “Xeyr, ey
növrəstəgani-qələm! Bən sizə “Guos ego”
demiyorum və deməyəcəyəm. Bən sizin
bulunduğunuz bu yağmurlu, yıldırımlı,
fırtınalı meydani-mücadilədə qolunuza girəcəyəm.
O meydanda bən çox zaman dolaşdığım
üçün meydani-əzmimizdə təsadüf edəcəyimiz
müxatirəli, sərp nöqtələri görüncə
sizə ixtar edəcəyəm”.
Bu məqsədini həyata keçirmək
üçün Əhməd Kamal “Füyuzat”da ədəbi tənqidi
və bütünlükdə mübahisəni, fərqli fikir
və mövqelərin qarşılaşdırılması
ruhunu artırmağın tərəfdarı idi. O, Avropa
xalqlarının qovuşduqları inkişafın
mühüm hərəkətverici qüvvələrindən
birinin tənqid olduğunu müxtəlif məqalələrində
dönə-dönə vurğulayırdı. Sağlam ədəbi-ictimai
tənqidi Şərq düşüncəsinə gətirməyin,
tənqidlə təqriz və təhqir arasında fərq
qoymağın tərəfdarlarından biri kimi
çıxış edirdi. Məcmuədəki fəaliyyətinə
də məhz ədəbi əsərlərin ruhu, mahiyyəti,
dili, ifadə tərzi ilə bağlı əsaslandırılmış
tənqidlərdən başlamaq niyyətində olduğunu
yazırdı:
“Mühərriri-acizin də iyirmi sənədən
bəri (yenə 20 il! – V.Q.) gərək mətbuat aləmində,
gərək İstanbul məkatibi-aliyyəsində bu xüsusda
bir xeyli xədəmat və təcarübüm olduğundan
burada xidmət qılmaya bu məsələdən iqtida
ediyorum. Bunun üçün “Fiyuzat”da bir “İmtahani-ədəbi”
sərlövhəsi altında bir fəsli-intiqad
açıyoruz ki, burada hər növ asari-müntəşirənin
gərək əlfaz və ifadəyə, gərəksə məna
cəhəti ilə məntiqə, elmir-ruha, hikməti-bədaeyə
aid isabət və müxalifətləri son təhlili-ədəbi
üsulu ilə göstəriləcəkdir”.
İlk təşəbbüs kimi Əhməd
Kamal “Füyuzat”da yaxın saylarında çap olunmuş iki əsəri
– özünün “Fəlsəfeyi-pərişan” şeirini və
Asan Səbri Ayvazovun “Əsarət qurbanları” hekayəsini tənqidi
baxımdan araşdırmışdı. Tənqidə
sözün hərfi mənasında özündən
başlaması ümumilikdə təqdir olunası hal idi. Əhməd
Kamal bu yolla digər müəlliflərdə də tənqidə
dözümlülük əhval-ruhiyyəsi
formalaşdırmaq istəyirdi. Lakin onun müraciət etdiyi əsərlərin
və müəlliflərin dairəsi son dərəcə məhdud
idi. Təəssüf ki, sonrakı məqalələrində
də türk Əhməd Kamal “Füyuzat” hüdudlarından
kənara çıxa bilməmişdi. Bu isə onun tənqidinin
miqyasını, ədəbi dəyərini əhəmiyyətli
dərəcədə aşağı salmışdı.
Onun məqalələrini gözdən
keçirəndə milli bədii sözün yalnız
“Füyuzat” çərçivəsində
yarandığı düşüncəsi hasil olur. Sanki
1906-1907-ci illərdə Azərbaycan ədəbiyyatı sadəcə
bir dərginin səhifələrinə sığan
üç-dörd müəllifin ümidinə
qalmışdı. Sanki nə Sabir və Mirzə Cəlil, nə
Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy
Vəzirov, nə Ömər Faiq və Üzeyir Hacıbəyli,
nə də adlarını
sadalamadığım digər şair və ədiblər
varmış...Məqalələrinin əhatə dairəsinin
məhdudluğu, bəzən bütün mülahizələrini
bir müəllif, yaxud onun bir şeiri üzərində
qurması, əsaslı tənqiddən daha çox öcəşmə
ünsürlərinə yer verməsi Əhməd Kamalın
ümumiyyətlə çağdaş Azərbaycan ədəbiyyatında
xəbərsizliyi təəssüratını yaradır. Daha
dəqiq desəm, onu sadəcə Osmanlı türkcəsini ədəbi
dil kimi qəbul edən müəlliflərin şəxsiyyəti
və əsərləri maraqlandırırdı. Bu mənada
onun tənqidi yazıları Firudin bəy Köçərli,
yaxud Abdulla Surun eyni səciyyəli əsərləri kimi
dövrün ədəbi fikrinin dərinliklərinə
nüfuz edərək ümummilli mahiyyət qazana bilməmişdi.
“Füyuzat”dakı məqalələrinin
mühüm qismi yalnız ədəbi deyil, həm də
ictimai xarakter daşıyırdı. Bu yazılar qısa
müddət ərzində jurnalın ideya istiqamətində ənənəvi
yer tutmağa başlayan Şərq-Qərb paralelləri və
qarşılaşdırılmalar
üzərində qurulmuşdu. Əhməd Kamal bir
milliyyətçi və türkçü kimi Qərb dəyərlərini
qeyd-şərtsiz qəbul etmirdi, Qərb qarşısında
heyranlıq hissi ona yad idi. Lakin bununla belə Avropadakı
qabaqcıl meylləri öyrənmək və onları milli həyata
tətbiq etməyin qızğın tərəfdarı kimi
çıxış edirdi.
Onun “Avropalılarla anlaşalım” məqaləsi
indi də öz aktuallığını itirməyib. Aradan
yüz ildən çox vaxt keçməsinə baxmayaraq bu
yazını gözdən keçirərkən bu gün də
hər birimizin yaşadığı hisslərin həqiqi təsvirini
orada tapa bilirik. Xalqımızın həyatının qərblilər
tərəfindən yalnız ekzotik bir görüntü kimi təsvir
edilməsi? Buyurun. Əhməd Kamal türk cəmiyyətinin
bilicisi sayılan, indi adına İstanbulda küçə,
otel və qəhvəxana qoyulan fransız
yazıçısı Pyer Lotinin (1850-1923) “Aziada”
romanını incələyir və patriarxal İstanbul
mühitində türk qızı ilə fransız zabitinin
eşq macərası haqqında yazılanların
reallıqdan çox uzaq olduğunu göstərir.
Avropa ensiklopediyalarında, soraq
kitabçalarında, digər mənbələrdə
tariximizin təhrif edilməsi, görkəmli şəxsiyyətlərimizin
yada salınmaması? Buyurun. Fransanın “Böyük Laross”
ensiklopediyasının yeni nəşrini görən müəllif
adəti üzrə dərhal orada Osmanlı məşhurlarını,
adları əsrlər boyu Avropanı qorxu altında saxlayan
türk sərkərdələrini axtarır. Bəzən
heç nə tapmır, bəzən isə
ala-yarımçıq, təhrif olunmuş materiallarla üzləşir.
Eynən bizim günlərdə olduğu kimi...
Heyrət qarışıq narazılıq
hissi ilə “Canım! İstanbuldan Avropanın ən uzaq yerinə
qırx səkkiz saatdır. Bu adamlar nə üçün
bizi anlamaq istəmiyorlar? Nə üçün təfərrüati-siyasiyyələrə
şu qədər vaqif olurlar da, xüsusati-ictimaiyyəmizi
ehmal ediyorlar? Boyləcə, bizi aləmə məsxərə
eliyorlar...” – düşüncəsini ortaya qoyan Əhməd
Kamal həyəcanlı sualına özü cavab verirdi: “Biz
bağıra-çığıra bu həriflərin
aralarına, onların qaibeyi-ictimaiyyələri içinə
hər nə surətlə olursa olsun, girməyə
çalışmalıyız. Bizi aləmə istədikləri
kimi tanıtmamaları üçün daima gözlərinin
önündə olmalıyıq. Yoxsa şəxsiyyəti-ictimaimiz
daim yanlış tanıdılacaqdır!”
Başqa üsul və vasitələr də
mövcuddur. Müəllifin fikrincə, “kəndi mətbuatımızı
nəzarət altında bulundurmaqla bərabər Avropa mətbuatının
da heç olmazsa bizə aid əqsamını
gözdən uzaq tutmamalıyız. Avropanın
haqqımızda olan sui-zənn və hökmünü təshih
üçün bundan kəsə yol yoxdur”.
Əli bəy Hüseynzadə və həmfikirlərinin
fəaliyyətini təqdir edərək demək
lazımdır ki, ötən əsrin əvvəllərində
“Füyuzat” sadəcə belə qüsurları sadalamaqla kifayətlənməmişdi.
Yazının son abzasından da göründüyü kimi,
redaksiya “Böyük Laross”un türk-müsəlman
dünyası ilə bağlı yol verdiyi qüsur və diqqətsizlikləri təshihi tələbi ilə fransızca müraciətini Parisə
göndərmişdi...
Vilayət
QULİYEV
525-ci qəzet.-
2013.- 27 iyul.- S.14-15.