Zakir Fəxri:
“Bu dünyanın dərdlərindən başqa məni
heç nə düşündürmür”
“HƏR
İNSAN ÖMRÜNÜN BİR YAŞAM HİMNİ VAR, MƏNCƏ,
ŞAİRLİYİN HİMNİ “ÇİYNİMDƏ TABUT
GƏZİRƏM” ŞEİRİDİR”
– Sizi
ədəbiyyata gətirən yol haradan başlanır?
– Qısqanclıqdan. Mən orta məktəbi
qızıl medalla qurtarmışam. Bir gün toyda Yaqub Məmmədov
Füzulidən oxuyurdu. Məclisdə hamı deyirdi ki,
Füzuli nəhəng şairdir. Mən də rayonda ən
yaxşı oxuyan şagird idim və Füzulinin belə sevilməyini
qısqandım. Poeziyanı yaxşı bilirdim. Səməd
Vurğunun poeziyasını çox sevirəm, onun şeirində
səmimiyyət var. Səmimiyyət olmayan yerdə ədəbiyyat
ölür, müvəqqəti addımlayıb dayanır.
Buna görə Nəsimini, Füzulini, Şekspiri yaşadan səmimiyyətdir.
– Tolstoy
deyirdi ki, ədəbiyyatın üç şərti var: bir
səmimiyyət, iki səmimiyyət, üç səmimiyyət.
– Bunsuz ədəbiyyat mümkün deyil. Ədəbiyyat
düşüncələrin səmimiyyətidir. Səmimiyyət
ən son həddir. İsa peyğəmbərdən
soruşurlar ki, göylərin bağlı qapısının
açarı var? Deyir ki, var. Hamı fikirləşir ki, indi
o, möcüzə göstərərək göylərin
açarını göstərəcək. Lakin İsa
peyğəmbər deyir: onun adı səmimiyyətdir. Sən
o qədər səmimi olmalısan ki, hətta boz səhrada, dəniz
sahilində, ağacsız
bir yerdə, günəşin qızmar istisində bir
ağacın sənə kölgələndiyini desən,
inanın ki, o ağac gözünün qarşısında
böyüyəcək və sənin üstünə
kölgə salacaq.
– Ədəbi
taleyinizdən razısınız?
– Yəqin ki, mən yaranışdan belə
doğulmuşam. Mənə qalsa, başqa bir yolla gedərdim.
Amma getmək istəyəndə kimsə, nəsə əlimdən
tutub qaytarıb...
–
Maraqlıdır, hansı yolu seçərdiniz?
– Məsələn, mühəndis
olardım. O zaman belə bir dəb vardı, ən
yaxşı oxuyanlar texniki institutları seçərdilər.
Sonralar hüquq və iqtisadiyyat dəbə mindi. Yəni,
maddilik gəncliyi aldı, gəzinti həvəsi,
yaxşı geyinmək, maşını olmaq və sair. Beləliklə,
dünya gəlib maddiliyə çıxdı.
–
İlk yazılarınız nə vaxtdan çap olunur?
– 70-ci illərdə, ilk dəfə
“Bakı” qəzetində.
–
Yazılarınızın çap olunmasında kimlərin
rolu olub?
– Özüm gedib qapı döymüşəm.
İlk çapımda isə Fazil Rəhmanzadənin rolu olub.
O, Nüsrət Kəsəmənlinin vasitəsi ilə məni
qəzetə çağırdı. Şeirlərimdən
xoşu gəldiyi üçün “Bakı” qəzetində
çap elədi. Sonra isə “Azərbaycan gəncləri” qəzetində
baş məqalələr hazırlamağa başladım.
– Belə bir
misranız var: “Bu dünyaya azıb gəldim”. Olmaq istədiyiniz
dünyanı necə təsəvvür edirdiniz ki?
– Bu dünya mənim üçün qəribdir
və son dərəcə darıxdırıcıdır. Bu cəmiyyətdəki
qeyri-səmimiliklərin, yalanların içində, əlbəttə,
özümü qərib hiss edirəm. Çox az-az səmimi
adamlara rast gəlirik.
–Sizcə,
bunun səbəbi nədir?
– Nəsəfi deyir ki, Allah səni
yaratdığı dərəcədən yuxarı qalxa bilməzsən.
Ancaq aşağı düşmək mümkündür.
Bunun da səbəbi maddilikdir. Bilirsən ki, öləcəksən,
ancaq yenə özünü fəda edirsən. Bir
dünyanın son ucu ölümdürsə, onun nəyinə
sevinirsən? Sevinmək yaxşı bir şeydən qidalanmaqdır.
Əsl adı dərddaşdır. Hansısa hadisədə səndə
olan bir damlanı görəndə sevinirsən, yəni
axtardığını tapırsan. O da bir anlıqdır. Əbədi
gülüş yoxdur. Göy üzündə bulud olmasa
yağış yağmaz, yağış yağmasa, günəş
yerdəki bütün suları qurudar, heç bir canlı
olmaz. Dərd də, qəm-qüssə də olmazsa, ürək
qidalana bilməz. Amma dərd heç zaman qəza, pulsuzluq,
işsizlik demək deyil. Bu, sosial və məişət
problemləridir. Dərd anlamaqdır. İnsan
ömrünün bütün hissələri ancaq bunun
içindədir.
– Gənclik
illərində adam cavab tapmaq istədiyi çoxlu suallar
labirintində çaşıb qalır. Zaman keçdikcə
isə hər şey aydınlaşır və daha əvvəlki
kimi çox düşünmürsən. Maraqlıdı, indi
cavabını tapmaq istədiyiniz suallar var?
– Bu dünyanın dərdlərindən
başqa məni heç nə düşündürmür. Hər
insan ömrünün bir yaşam himni var. Məncə,
şairliyin himni “Çiynimdə tabut gəzirəm”
şeiridir. Kimsə razı deyilsə, onda o, başqa bir
dünyanın şairidir, başqa bir dinin şairidir. Ona
görə Allah da deyir, əgər məni tanımırsansa,
özünə başqa Allah tap. Ancaq əgər o, təkdirsə,
harda axtarasan? İndi elm də buna gəlir ki, hər şey
bir anda “Ol” kəlməsindən yaranıb. Burdan Nyu-Yorka bir
saniyədə “alo” gedirsə, “Yasin” necə çatmaya bilər
ora? Əvvəl deyirdilər ki, üzüyün qaşına
baxdı, qızı gördü. İndi də “Skype” var.
Bütün bunlar bizdən öncə də
yaşanmış şeylərdir. Sufilər demiş: “Bizdən
öncə olanlar elə bizdik, indi olanlar da bizik, bizdən
sonra olanlar da bizlərik”.
– Albert
Enşteyn deyirdi ki, elə bir gün gələcək,
texnologiya bütün insanların vaxtını alacaq və
axmaq bir nəsil yetişəcək. Məncə, bizim
bir-birimizdən bu qədər uzaq düşməyimizin səbəbi
texnologiyanın inkişafıdır.
– Bu, reallıqdır. Əvvəllər
ana-atamızı görməyəndə məktub
yazırdıq. Artıq sən məktub yazanda
düşünürdün. Yəni, məktub ilk hərflərdən
başlayırdı, yaza-yaza nələrisə
xatırlayırdın, canlı ünsiyyət vardı. Ancaq
indiki nəsil robotlaşır. Təbii ki, bunlar kütləvi
deyil, bunların içində gözəl gənclik də
var. Kütləvi ağıl ola bilməz, fərdlər var. Məhəmmədhüseyn
Şəhriyarın Enşteynə yazdığı məşhur
qəzəli var. Deyir ki, sizin yaratdıqlarınız bir
gün başınıza bəla olacaq, övladlarınız
sizi tanımayacaq. Elə tanımırlar da!
– Texnologiyanın
gətirdiyi yeni həyat tərzinin, yeni sözlərin, terminlərin
şeirə daxil olmasını necə dəyərləndirirsiniz?
– Əgər şair haqqında Quranda surə
varsa, bu adi bir şey deyil. Şeir müqəddəsdir. Elə
bir məktub yazmaq olar ki, bütün gənclik texnologiyalara
yaxın getməz. Bunlar hamısı ötəri şeylərdir.
Bir vaxtlar trapes şalvarlar çox dəbdə idi. Sonra isə
yuxarıdan enli, aşağıdan dar şalvarlar çıxdı.
Bunlar hamısı maddilikdir. Qazanc üçün dizaynerlərin
yaratdığı brendlərdir. Bu texnologiyalar mənəvi dəyərə
köklənmir. Fikir verin, nə qədər müasirlik olsa
da, klassik geyimlərin yerini heç nə vermir.
Keçmişi unutmaq olmaz. Hər şey dünənin
üstündə qurulur. Bütün bunların içində
bəşəriyyətdə çatışmayan ali bir
şey var – sevgi. Sevgi özü bir səmimiyyətdir. Dərd
anlayışı olmayan, yıxılana rəhmi gəlməyən
adamın içindəki insani münasibət də
saxtadır. Ayaqqabısı olmayan bir adama ürəyin
yanmırsa, sən hansı müqəddəs şeydən
danışa, hansı yaradıcılıqdan danışa bilərsən?!
– Məsələn,
müşahidə eləmişəm ki, yolu keçən bir
qoca qadın uzaqdan gələn maşını görmür.
Yaxınlıqda kim olsa, o qocanın əlindən tutub geri
çəkməyə çalışacaq. Mən
inanmıram ki, kimsə əksini eləsin. Halbuki səni bu
qoca ilə bağlayan heç nə yoxdu. Və ya
yanımızda kimsə yıxılanda
çalışırıq ki, onun əlindən tutaq. Əslində,
insanın dərinliyində yaxşılıq yatır və
bütün bunlar oradan qaynaqlanır.
– Çox doğru müşahidədir.
Doğuluşdan Allah hər şeyi verir, sonra sən onu
basdırırsan. Fikir verin, maşın qəzası olanda
çox adam dayanıb kömək etmir. Çünki o, şərdən,
bəladan uzaq olmaq istəyir. Ancaq çox nadir adamlar
dayanırlar. Bax, onlar həmin sən dediyin kimi içində
işığı qoruyub saxlayan adamlardır.
– Əslində,
fizika qanunlarına görə, soyuq yoxdur, biz soyuğu istiliyin
yoxluğu kimi başa düşürük. Qaranlıq
işığın yoxluğudur. Deyəsən, yenə
Enşteynə qayıtdıq.
– Enşteyn bəşəriyyətin ən
böyük alimlərindən biridir, bu sözləri də
çox gözəldir. Məsələn, biri deyir ki,
yaxşı dost. Yaxşı dost ifadəsi yoxdur. Dost ən
ali sözdür. Onun pisi ola bilməz. Əgər pisdirsə,
deməli, dost deyil. Bax, dediyiniz buna işarədir. Əlbəttə,
yaxşı insan olmaq borcumuzdur. Fərqimiz isə alim
olmağımızda, qələm adamı
olmağımızdadır.
– Bəlkə
də, günah bizim özümüzdədir. Bəlkə, biz
o adamlara içlərindəki işığı
aydınlaşdırmağa kömək edə bilmirik. Məsələn,
necə ki, “Səfillər”də yepiskop Miriel Jan Val Janın
içindəki vicdanı oyadır.
– Bu əsər bəşəri
düşüncələrə söykənmiş,
insanlığın ən ali düşüncələrindəndir.
İnsan əslində elə olmalıdır. Əgər
insanlar bu əsəri oxuyub dərk etsəydilər, indi bizim
dediyimiz problemlər olmazdı. Ədəbiyyat zaman kəsiyinə
bağlı bir şeydir. Belə bir deyim var ki, insanların
verdiyi şöhrət qəbir evinə qədərdir,
Allahın verdiyi isə əbədidir. Həmin nəsimilər,
füzulilər, uitmenlər, Edqar Polar, hüqolar, folknerlər
əbədidir. Qələm adamının ən böyük
qələbəsi “mən”dən uzaq olmağıdır. “Mən”
hər şeydən təcrid olunub, ancaq özünü
düşünməyə deyirlər. Hitler “mən” deyib o
cür qırğınlar törətdi. Yeri-göyü
yaradan Allah Quranda yalnız bir dəfə “mən” deyir, digər
yerlərdə ancaq biz yazılıb.
– Sizcə,
ədəbiyyatın üzərinə hansısa bir
missiyanı qoymaq doğrudur?
– Ədəbiyyat Allah tərəfindən
yaradılmış ən böyük bir missiyadır, həmçinin
yazıçılıq və şairlik. Gördüyün
dünyanı təmizləyib poetik dillə yazırsan. Elə
bil ki, cəmiyyət çirkab sularla – insanlarla doludur. Bir də
qurğu var ki, bu çirkabları təmizləyib onu
çaylara, dənizlərə axıdır. Ədəbiyyat
budur. Ədəbiyyatsız dövlət heç bir yerə
gedə bilməz. Gözəl-gözəl saraylar ola, binalar
ola, ancaq onun içində düşüncəli başlar
olmayanda sonra bir qəpiyə belə dəyməz. Kimə
lazımdır axı belə saray? O, yalnız soyuq
daşdır. Onu canlandıran insanlardır.
–
Şeirə müxtəlif təriflər verilib, hər kəs
ona özü bildiyi kimi anlam verib. Bəs, sizcə şeir nədir?
Onun konkret tərifi varmı?
– Bunlar adamların subyektiv fikirləridir. Məncə,
əsl şeir Allahın insanın qulağına
pıçıldadıqlarıdır. Mən ancaq bunu qəbul
edirəm. Bəzən nəsə düşünüb yazmaq
istəyirsən, bir də görürsən ki, tamam başqa
şey yazırsan, deməli, biz idarə olunuruq. İnsan
doğuşdan izlənilir. Görürsünüzmü,
dünyada heç kimin barmaq izi, göz izləri bir-biri ilə
üst-üstə düşmür.
– Uitmen
deyirdi ki, yaxşı şairin olması üçün,
yaxşı dinləyicilər
olmalıdır. Sizin oxuculara münasibətiniz necədi?
– Uitmen mənim sevdiyim şairlərdən
biridir. Bir şeiri var ki, orda Füzuliyə
yaxınlaşır. Uitmen yazır:
İzn
ver alnından öpüm,
nə
gizlədim,
Bu
anı çox gözlədim.
Füzuli
isə yazır:
Zülfü
kimi ayağın qoymaz
öpəm
nigarım,
Yoxdur
onun yanında
bir
qılca etibarım.
Eyni düşüncədir, ifadə
formaları fərqlidir. Vaqif Bayatlı deyir ki, oxucuya şeir
oxuyursan və əgər o şeirdisə, hamı ayağa
qalxacaq. Ayağa qalxmayan varsa, deməli, ya şeirin, ya da onun
ruhu yoxdur. Əksər müğənnilərin məşhur
bir sözü var ki, biz səhnəyə çıxanda
yüz min insanın içində, yalnız bir nəfər
bizi anlayan üçün oxuyuruq. Əmir Teymur deyirdi ki, bir əsgər
qalarsa, türk yaşar.
– Napoleon da
deyirdi ki, əgər bir əsgər döyüşürsə,
deməli, müharibə davam edir.
– Elədir. Bizim dəyər vermədiyimizə
baxmayın, bunlar dünyanın ən böyük fatehləridir.
Ağıldan dəyərli heç nə yoxdur. Ən
böyük sərvət ağıldır.
– Yaradıcılığınızın
əsas istinad nöqtəsi sufizmdir. Sufizmə olan sevginiz necə
başladı?
– Mən bunu zamanında bilmirdim, çox
az ədəbiyyat vardı. Nəsimini, Mənsur Həllacı
oxumuşdum. Birdən-birə bütün bunlara məni
qaytaran Afaq Məsud oldu. Afaq Məsud sufiləri tərcümə
etməyə başladı. Sufizmi dərindən biləndən
sonra çox şey sənə gülməli gəlir.
Onların bir misrası olur ki, bütün min roman o misranı
əvəz edə bilməz. Məsələn, Qəzalinin
varlı bir Məkkə əmirinə dediyi söz var: “Sənin
olan yalnız gəmi qəzaya uğrayanda itirə bilməyəcəyindir”.
Nələr yoxdu bu cümlənin içində? İndi, gəl
bunun fəlsəfəsini aç.
– Təsəvvüfdə
vüslətin – Allaha çatmağın iki yolu göstərilir:
eşq və ağıl. Sufizmə görə, məqsədə
gedən ən çətin yol eşqdən keçir.
İstərdim ki, söhbətimizi bu istiqamətdə davam
etdirək.
– Sufiliyin əsas dörd şərti var:
şəriət, təriqət, mərifət, həqiqət.
Bu dörd şərtin də qırxa qədər yolu var. Ən
sonda əxlaqdır, əxlaqın üstündə isə
Allahdır. Mənsur Həllacdan soruşurlar ki, Allahı
görmüsən? O, belə cavab verir: “Allahdan ucada bir kimsə
yoxdur ki, onun üstə kölgəsi düşsün.
Allahdan aşağıda bir kimsə yoxdur ki, onu çiynində
saxlasın. Allahdan öndə bir kimsə yoxdur ki, ona rast gəlsin.
Allahdan arxada kimsə yoxdur ki, qaçıb ona
çatsın”.
Gördüm
qanadlanır quşlar
Bir səsə
– azan tərəfə...
Adamlar
ardımca gəlir
Gəlir, mən azan tərəfə...
Yol Allahın yoludur. Ölümün nə
demək olduğunu insan bilmir. Ona görə ölümdən
səksəkəliyik. Ancaq ölümü şərəf
bilən adamlar da var. O, adamlar hər şeyi ölümdə
axtarır. Və bəşəriyyət, bəlkə də,
onların çiynində gedir. Dünya başdan ayağa
sirdir. Ona görə Sirri-Xuda sözü var. İsa peyğəmbər
deyir: “Mən dedim axı, sirr, sirr, sirr. Sağ əlin
verdiyini, sol əl bilməməlidir, sirr, sirr, sirr...” Bir
yaxşılıq altmış ilin ibadətinə bərabərdir.
Bir yetimi ayağa qaldırmaq altmış ilin ziyarətinə
bərabərdir. İnsandan yalnız yaxşılıq
qalır. Hacı Zeynalabdinin sizdə pulu qalıb? Yox. Bəs,
nəyi qalıb? Adı...
– ...və
bir də gördüyü işlər.
– Bəli. Hatəm Tainin indi heç nəyi
qalmayıb. Ancaq o, həmişə səxavət,
yaxşılıq, ağıl simvolu olaraq qalacaq. Heç bir
mif yoxdur, hər şey reallıqdır.
–
Bilirsiniz ki, eşq sarmaşıq mənasını verən
“aşeqa” sözündəndir. Bu sarmaşıq köklərini ağacın gövdəsinə
batırır, getdikcə onu
gücdən salır və “öldürür”. Onda belə
fikir söyləmək olarmı ki, eşq zəiflik əlamətidir?
– Sufilərə görə hə. Allah
kişini torpaqdan, qadını kişinin
qabırğasından yaratdı. İlahini axtarmaq
üçün ən gözəl yoldan biri qadına
baxmaqdır. Qadın kişinin qabırğasından
yaranıb, əslində ona olan sevgi özünədir.
Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək.
Bir səhrada xəyalən təsvir qurmaq olar. Fikirləşərsən
ki, bura niyə qurudur? Vaxtilə burada çaylar, ağaclar
olub. İnsanlarda yaxşı şeyi təqdir etmək
lazımdır. Peyğəmbər ölü itin yanında
dayanıb deyir ki, nə gözəl dişləri var. Hətta
ölmüş itdə də gözəllik tapır...
– Yəni,
biz gülü tikanına görə yox, tikanı gülə
görə sevirik. O gülün gözəlliyi yanında
tikan kölgədə qalır.
– Elədir.
Bütün bunları yaradan Allahdır. Məsələn, biz
qəbir üstünə gedəndə kol-kosu təmizləyirik.
Ancaq bu yasaqdır. Allah deyir ki, hər yaratdığım mənə
dua edir. Bizim günahlarımızı ağaclar yuyur. Onlar həmişə
dua edirlər. Heyvan belə su içəndə
başını yuxarı qaldırır. Bu,
şükranlıqdır. Mənim yeni bir şeirim var:
Öləndə
Adəm oğlu
ölər
üzü sulara,
Güləndə
Adəm oğlu,
gülər
üzü sulara.
Gözləri
sulara dikilər...
Sulara
bükülüb, torpaqdan dikələr...
Bu dünyanın bütün sirri
sudadır. Dünya su ilə yuyulur. Elm bunun
qarşısında acizdir. Dünyanın ən güclü
ölkələri daşqınlar qarşısında acizdir.
– Fəlsəfədə
də var ki, su hər şeyin başlanğıcıdır.
– Qədimdə deyirdilər ki, asta
danış, su eşidər. Və ya yuxunu suya yoz. Bunlar elə-belə
deyilməyib, hamısı sirdir.
Söhbətləşdi
Ramil ƏHMƏD
525-ci
qəzet.- 2013.- 27 iyul.- S.16-17.