Aqil Abbas Gənc Ədiblər Məktəbinin
qonağı olub
Mayın 30-da Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM)
üzvləri ilə millət vəkili, yazıçı
Aqil Abbasın görüşü keçirilib. Dünyanın
Ən Varlı Şəhərinin taleyindən yazan ədibin
görüşünə Ağdamdan, Qazaxdan, Tovuzdan, Şəmkirdən
və digər bölgələrdən gələnlər
vardı. Aqil Abbasın ən yaxın dostlarından olan
AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid tanışlıqlarının
30 illik tarixi olduğunu önə çəkdi: “Aqili
Ağdamda orta məktəbdə oxuduğum vaxtdan
tanıyıram. O, Ağdam Dövlət Dram Teatrındakı
bir tamaşa haqqında fərqli fikirlər söylədi. İlk dəfə ədəbiyyat haqqında,
tamaşa haqqında belə qeyri-adi təsir
bağışlayan bir çıxış eşitdim və
bunun mənim həyatımda böyük rolu oldu. Elə
oldu ki, jurnalistika fakültəsində oxuyurdum, bir gün Aqil
auditoriyaya girdi, bizimlə tanış oldu,
sonra isə məni başqa sahənin adamları olan
dostlarımdan ayırıb “Azneft”dəki məşhur
çayxanaya apardı. Mən bu çayxanada ədəbiyyatımız,
tariximiz haqqında heç yerdə eşitmədiyim fikirlərlə
tanış oldum. Aqil
1983-cü ildə çıxan ilk kitabını mənə
vermişdi. Sonralar isə
“Batmanqılınc” romanının qələmlə
yazdığı əlyazmasını mənə
bağışladı. Hələ o zaman
yazdığı ilk povesti – “Evləri köndələn yar”
böyük populyarlıq qazanmışdı. Aqil Abbas olmaq çətindi. O, həddindən
artıq orijinal adamdır. “Unikal adam”
adlı bir yazımda onun xarakterinin fərqli məqamlarından,
tanımadığı adamların ona olan sevgisindən
yazmışdım. Bunu qazanmaq asan iş deyil. Bu,
böyük bir ömürdü, insanlara qarşı
böyük sevgidi, xarakterdi. Biz
eşitmişik ki, əvvəlki dövrdə
yazıçıların böyük məşhurluğu
olub, amma bu gün informasiyanın bol olduğu, müxtəlif
meyllərin toqquşduğu bir vaxtda Aqil Abbas kimi tanınan bir
yazıçı yoxdu. Onun yazı prosesi
də çox qəribədi. O, standart
yazıçı deyil”.
Daha sonra
Aqil Abbas gəncləri salamladı və onlara tövsiyələrini
verdi: “Mənim həyatda sevdiyim bir şey
var – oxumaq, oxumaq, yenə oxumaq. Hər şey
kitabda yazılıb. Mən sizə səmimi deyirəm
ki, kitab oxumayan adam sevə bilməz. Hətta Allahın verdiyi sevgini də dərk etmək
üçün oxumaq lazımdır. Kimsə “Leyli və
Məcnun”u, “Əsli və Kərəm”i, gözəl sevgi
romanlarını oxumayıbsa, hind filmlərinə
baxmayıbsa, o, necə sevə bilər?! Mən həmişə
tələbələrə deyirəm ki, dörd il oxuyun, sonra əlli il bu dörd ili xərcləyəcəksiniz.
Əlli ilin xətrinə bu dörd ili
oxumaq lazımdır. Şuşada “Məclisi-üns”ə
üzv olmaq üçün klassik poeziyadan iki min beyt şeir
bilmək lazımıydı. Əlbəttə,
birinci öz ədəbiyyatımızı, tariximizi sonra isə
dünya ədəbiyyatını öyrənmək vacibdir.
Bizdə bir qrup gənclər var ki, onlar Azərbaycan
ədəbiyyatını oxumurlar. Oxumadıqları
adamları da tənqid edirlər”.
Gənclərin
təcrübəsiz olmasını nəzərə alaraq Aqil
Abbasa ilk sualı peşəkar jurnalist Rəşad Məcid
ünvanladı: Gənclik illərində ilk yazıların
necə çıxdı, kimlər sənə kömək elədi?
Aqil Abbas:
İlk yazımı 1971-ci ildə Bəxtiyar Vahabzadənin dərsində
yazmışam. Dərsdə boş vaxtımda
ya şəkil çəkərdim, ya da nəsə
qaralayardım. Təsadüfən küçədən
Qədir Rüstəmovun “Sona bülbüllər”i eşidildi
və mən beş yüz dəfə
“Sona bülbüllər” yazıb qaraladım. Əsəri
yazandan sonra isə Bəxtiyar müəllimə verdim.
Oxudu və dedi ki, povestini “Ulduz” jurnalına vermişəm. Həmin əsərdə bıçaqlanma səhnəsi
vardı. Mənə dedilər ki,
komsomolçu komsomolçunu bıçaqlaya bilməz.
O səhnəni çıxartmağımı istədilər.
Ondan sonra həvəsdən düşdüm,
yazı yazmadım. Sonra “Evləri köndələn
yar”ı Anar müəllimə verdim. Anar müəllim
povestimi oxuyub bəyəndiyini və əsəri “Ulduz”
jurnalına çap olunması üçün verdiyini dedi. “Ulduz” jurnalından mənə dedilər ki, zəif əsərdi,
çap eləmə. Mən də
razılaşdım. Aradan bir ay keçəndən
sonra Anar müəllimlə qarşılaşdım. Məndən əsərin niyə çap
olunmadığını soruşdu. Dedim ki, əsəri
zəif hesab etdilər. Jurnalın növbəti
nömrəsində povestim çap olundu. Bu
əsərə görə çoxlu sayda oxucu məktubları
aldım. O zaman povest yazmaq qadağan idi. Povesti
yalnız Anar müəllim, Elçin müəllim, İsi Məlikzadə,
Sabir Əhmədli və Mövlud Süleymanlı yaza bilərdi.
Gənc müəllif yalnız hekayə yaza bilərdi.
Həm də çap orqanları az idi. Yazıçılar Birliyinə daxil olmaq
üçün isə on çap vərəqi nəsr,
üç min misra şeirin olmalıydı. Olanlara da gərək rəy verəydilər. İndi isə tanınmaq, çap olunmaq çox
asandı.
Daha sonra GƏM üzvləri yazıçı
haqqında fikirlərini bölüşdülər və
onları maraqlandıran, cavab tapmaq istədikləri
suallarını səsləndirdilər. Aqil müəllim
də gəncləri diqqətlə dinlədi və səmimiyyətlə
bütün sualları cavablandırdı.
Pərviz
Axundov: Sizin yazılarınızın əksəriyyəti
Qarabağ mövzusundadır. Ümid edirsiniz ki,
bu əsərləri yazmaqla Qarabağ problemini Azərbaycanın
xeyrinə həll edə bilərsiniz?
Aqil Abbas:
Qarabağ problemini müharibə ilə həll edəcəyik.
Heç vaxt sülh yolu görməmişəm.
Müharibədə hər kəsin öz
işi var. Əgər mən yazıçı kimi
üç yüz adamın ürəyində Vətən
toxumlarını səpmişəmsə, döyüş
ruhunu aşılaya bilmişəmsə, bu, mənə bəsdi.
Müharibədə 20 faiz
döyüşür, 20 faiz də onlara qoşulur, 20 faiz də
onlara baxıb qaçmır.
Elşad
Barat: Bu gün yüzlərlə istedadlı gənclər var
ki, işsizdirlər. Millət vəkili kimi bu
haqda nə deyə bilərsiniz?
Aqil Abbas:
Mən gənclərə həmişə kömək
etmişəm. Yeganə adamam ki, işçilərimin
adını bilmirəm. Onlara
“qızım”, “oğlum” deyə xitab edirəm. Bizim qəzetdə işçiləri redaktor
seçmir. Kimsə tanıyır ki, bir
adamın istedadı var, onu dəvət edirik. Mən
jurnalistika fakültəsindən tələbələr gətirmişəm
onlar həm oxuyublar, həm də işləyib maaş
alıblar. Onlardan biri Vahid Qazi, o biri isə
“525-ci qəzet”in redaktoru Yusifdir.
Elşad
Barat: Aprel ayının 1-də anadan olmusunuz. Bunun
sizin həyatınıza nə kimi təsiri var?
Aqil Abbas:
İnanın ki, aprelin 1-də doğulmasaydım, ad
günümün hansı ayda, hansı gündə olduğu
mənim üçün maraqsız olardı. Mən bunu “Ən
xoşbəxt adam” əsərimdə də
yazmışam.
Vəfa
Qafarova: “Şöhrət” ordeni sizin üçün hansı
stimulu yaratdı? Yəni “bundan da artıq
işləməliyəm, yoxsa daha dincəlmək mənim
haqqımdır” stimulunu?
Aqil Abbas:
Orden verəndə adamın məsuliyyəti artır ki? Adam məsuliyyətsizdirsə,
ona nə ad verirsənsə ver, yenə həmin adam olacaq və ya əksinə.
Gülnar
Səma: Sizin əsərlərinizin bir çoxunda Qədir
Rüstəmovun obrazı var, bunun səbəbi nədir?
Aqil Abbas:
Mən musiqini çox sevirəm. Mənim
üçün dünyada sevdiyim Qədir Rüstəmov var,
Rəmiş var. Bütün günü çirkabın
içindəyik, Qədirin səsi isə adamı təmizləyir.
Onun Tanrıdan gəlmə, qəribə səsi
vardı. Biləsiniz ki, Qədir nə
oxuyubsa, hamısında ritmi pozub. Ancaq səsinə
görə adamlar onu sevib. Qədirlə möhkəm
dost olmuşuq. Onu sonuncu görənlərdən
biri də mən olmuşam. İstanbula getmişəm,
qulağına da çığırmışam ki, Qədir,
Ağdamı qaytarmışıq...
Elməddin
Nicat: Ola bilməz ki, Aqil Abbas şeir yazmasın...
Aqil Abbas:
Şeir yazmışam. Heç birini vərəqə
köçürməmişəm, şeirləri əzbər
bilmişəm, sonra isə yadımdan çıxanlar olub.
Elmin Nuri:
Gənc yazarların bir qismində əndazəni
aşmış üsyankarlıq, qarşılarına
çıxan hər şeyə yox demək istəyi var. Bu
istək yaradıcılığın qarşısına sədd
çəkə bilərmi?
Aqil Abbas:
Gənclik üsyankar olur, ancaq bir qrup yaranıb ki, onlar əxlaqsız
yazılar yazırlar. Onları qəbul etmirəm.
Bunlar keçmişdə maraqlı ola bilərdi.
Məsələn, “Kəlilə və Dimnə”də
belə bir hissə vardı. Hamı o bir vərəqin
xətrinə bu əsəri oxuyurdu. İndi
internetin inkişaf etdiyi bir vaxtda belə şeylər
maraqlı deyil, ona görə bu cür əsərlər
yazmaq əxlaqsızlıqdır. Bu
şeylər insanlarda psixoloji pozğunluq yaradır. Hamını bəyənmirlər, bəyənməsinlər.
Ancaq sonra görək onlar özləri nə
yazacaqlar. Adi bir fəhlə məni bəyənməyə
bilər, bunun ona haqqı çatır. Ancaq
yaradıcı adam başqasını inkar
edəndə gərək özü ortaya nəsə qoysun.
Famil Mədətov:
“Dolu” romanınızda sonradan əsərə əlavə etmək
istədiyiniz hissələr olubmu?
Aqil Abbas:
“Dolu” romanım təxminən iki bu qədər olub. Lakin bir qismini ixtisar elədim. İndi
adamların irihəcmli əsərləri oxumağa vaxtı
yoxdu, həm də bütün müharibəni yazmaq
mümkün deyil. Bu mənim müharibədə
gördüyümün 5-10 faizidir. Təbii
ki, yazmaq istədiyim çox şey var, amma həcm
baxımından bəzi şeyləri yazmamışam. Mən bu romanı təkcə Qarabağ müharibəsinə
yox, ümumən müharibənin əleyhinə
yazmışam. Müharibə hər yerdə
müharibədir. Gələcəkdə
bu mövzuya yenə qayıdacam. Azərbaycan
təkcə ermənilərlə yox, bütün dünyayla
vuruşub. Biz hamıyla vuruşub 80 faiz
torpağımızı saxlamışıq. Bu xalq həmişə vuruşub, ona yuxarıdan
aşağı baxmaq olmaz.
Tənqidçi
Əsəd Cahangir həm birinci, həm də ikinci GƏM-in
bir sıra tədbirində iştirak etdiyini, bu
görüşün daha maraqlı keçdiyini bildirdi: “Mən
görüşlərin əksərində iştirak etmişəm.
Gördüyüm, şəxsən iştirak
etdiyim, hətta özümlə də keçirilən
görüşü də nəzərə alsaq ilk tədbir
idi ki, əsl yazıçı görüşü oldu,
yazıçı sözü eşidildi və hər iki tərəf
üçün maraqlı oldu. Mən bir
şeyi anladım ki, yazıçı oxucuyla və ya gənc
yazarlarla görüşməsi üçün müəyyən
bir həyat təcrübəsi, zəngin yaradıcılıq
yolu keçməlidir ki, deməyə sözü olsun. Bəzi yazıçıların deməyə
sözləri olmur və adamlarında onlara verməyə
sualı olmadığından nəticədə
görüş maraqsız və sıxıcı olur. Aqil müəllimə təşəkkürümü
bildirirəm. Bu görüş mənim və
gənclərin xatirindən uzun müddət silinməyəcək”.
Sonda Aqil Abbas gənclərə uğurlar arzuladı və
onlar üçün kitablarını imzaladı.
Ənənəyə uyğun olaraq, tədbirin ikinci hissəsində
GƏM üzvləri şeirlərini səsləndirdilər,
şeirlər haqqında fikirlərini bölüşdülər.
Ramil Əhməd
525-ci qəzet.-
2013.- 1 iyun.- S.25.