Həzrət
İbrahim
“Xəzər” in növbəti
sayı üçün hazırladığım bu sirlər
dolu mətnin, Xilas Yolunu tapmaqda bizlərə
yardımçı olacağına inanıram.
(əvvəli
ötən şənbə sayında)
İbrahim
tez-tez deyərdi:
–
İnamsız bilik bir qara quruşa dəyməz...
lll
Günlərin
bir günü İbrahimdən:
– Səni
şahlıqdan imtina etməyə nə vadar elədi? – soruşanda, belə cavab verir:
– Bir dəfə
mən güzgünün qabağında əyləşmişdim,
özümə baxırdım. Qəfildən
qarşımda son mənzilim – qəbrim peyda oldu... və mən
bu son məkanıma tək-tənha, dostlarsız və
yaxınlarsız yollanacağımı anladım. Üstəlik, ora əliboş getdiyimi,
özümü ədalətli Hakimin qarşısında təmizə
çıxarmaqdan ötrü kifayət qədər dəlilim
(xeyirxah əməlim) olmadığını başa
düşdüm. Və o gündən taxt-tac mənim
üçün çiyinlərimə ağırlıq edən
yükə çevrildi...
lll
Günlərin
bir günü bir dərviş İbrahimə dedi:
– Kim ki,
evlənir, o, qayığa minmiş olur (möhkəm
özülü, axarının onu hara aparacağı məlum
olmayan dənizə girir). Uşaq doğulanda isə
qayıq batır.
lll
Bir dəfə
bir adam İbrahimə min dinar təklif
edir. O, dinarları qəbul etməkdən imtina edib:
– Mən
kasıblardan hədiyyə qəbul eləmirəm. – deyir.
O adam İbrahimə etiraz edərək, heç
də kasıb olmadığını, əksinə, varlı
bir adam olduğunu deyəndə, İbrahim ondan:
– Sən
indiki vəziyyətindən razısan, yoxsa, bundan da varlı
olmaq istərdin?.. – soruşur.
Həmin adam:
– Əlbəttə ki, bundan da varlı olmaq istərdim. – deyə
cavab verir.
Onda
İbrahim:
– Deməli,
sən məndən kasıbsan. – deyir. – O
səbəbdən ki, mən bu kasıblığımdan məmnunam
və mənə daha heç nə lazım deyil.
lll
Bir kəs
İbrahimdən soruşur:
– Gecələr
niyə yatmırsan?
İbrahim:
–
Yaşı daim axan gözlər necə yumulsun?..
– deyə cavab verir.
lll
Deyilənə görə İbrahim namazını bitirəndən
sonra üzünü əlləri ilə qapayırmış. Ondan bunun səbəbini
soruşanda İbrahim:
– Allahın
dualarımı qəbul eləməyib, üzümə
çırpacağından qorxuram. – deyə
cavab verib.
lll
Bir dəfə adamlar İbrahimdən, onun bu dünyada nə
ilə məşğul olduğunu soruşur. İbrahim:
– Bu
dünyanın bütün işlərini insanlara
saxlamışam. Mən tək bir Onu
düşünürəm. Həyatım
bitib başa çatanacan, belə də olacaq. – deyə cavab verir.
lll
Bir adam İbrahimdən:
– Sənə
bu həyatda xoşbəxtlik nəsib olubmu?..
– soruşanda, İbrahim belə cavab verib:
– Mənim
dərviş həyatıma iki dəfə xoşbəxtlik
üz verib. Bir dəfə mən qayıqda oturmuşdum.
Saçlarım dağınıq, əyin-başım
cır-cındır içində idi. Qəfildən mənə
bir adam yaxınlaşıdı, bədənimi
zarafatla yumruqlamağa, məni lağa qoyub gülməyə
başladı. İlk xoşbəxtliyi həmin o məqam – mənim
içimdəki “mən” im alçaldılanda duydum...
İkinci
xoşbəxtlik mən yorğun-arğın məsciddə
yatdığım zaman baş verdi.
Bir dəstə
adam mənim məsciddə
yatmağımdan qəzəblənib, ayaqlarımdan
yapışdı, sürüyüb pilləkənlərdən
üzüaşağı buraxdılar. Başım,
ayaqlarım pillələrə dəyib yarıldıqca, mən
kamilləşdiyimi hiss etdim. Yerə dəyəndə
isə, pillələrin bitdiyinə təəssüfləndim.
Elə istəyirdim ki, kamillik təcrübəm bir az da artsın...
lll
İbrahim
danışırdı ki, “bir dəfə paltarıma bit
düşmüşdü, bədənim yara
tökmüşdü. Onda mən öz “mən”
imə əmr elədim ki, bir vaxtlar əynimdə gəzdirdiyim
şahlıq libasına görə heyfslənməsin.
lll
Bir dəfə
bir adam İbrahimdən soruşur:
– Sən
yeməyi hardan əldə eləyirsən?
İbrahim
cavab verir:
– Bunu, yeməyi
mənə Göndərəndən soruş ki, O onu hardan əldə
eləyir.
lll
İbrahim
danışırdı:
– Bir dəfə
mən özümə qul aldım və ondan soruşdum ki,
“adın nədi?”
O, cavab verdi ki, “ürəyin nə isəyirsə, o.”
Mən ondan soruşdum ki, “nə yemək istəyirsən?”
O, cavab verdi ki, “mənə nə verəcəksənsə,
onu.”
Mən soruşdum ki, “əyninə nə geyim istəyirsən,
alım?”
O, cavab verdi ki, “nə alacaqsansa, onu”.
Soruşdum ki, “hansı işin qulpundan yapışmaq istəyirsən?”
O, cavab verdi ki, “mənə buyuracağın işin.”
Soruşanda
ki, “sən özün nə istəyirsən?”,
o, cavab verdi ki, “mən qulam, nə istəyə bilərəm
ki?”
Onda mən
özlüyümdə düşündüm ki, kaş mən
də Allahıma belə qul ola biləydim.
lll
Günlərin bir günü bir neçə müqəddəs
söhbət eləmək üçün bir yerə
toplaşırlar. İbrahim onlara qoşulmaq istəyəndə,
onlar bu adamın geyimindən şah olduğunu duyub ondan, məclisi
tərk etməyi xahiş edirlər.
lll
İbrahim
deyirdi:
– Bu
dünyadan imtina edib Allahla dostlaşın, sizlərə məsləhətim
budu. Boxçalarınızı (var-dövlətinizi)
yığışdırıb ağzını düyünləyin,
ağzı boşalan o biri boxçanızın (dilinizin)
düyününü tarıma çəkin. Susun və sədəqə verməyə simiclik etməyin.
lll
Kəbəyə ziyarəti zamanı İbrahim aclıq
çəkir.
Bu məqam onun qarşısında İblis peyda olur və ona
deyir:
– Şahlıqdan imtina eləyib Allaha
tapınmağının əvəzi budumu ki, hətta bu
müqəddəs ziyarətdə də, yeməyə bir
şey tapmırsan?
İbrahim
qəlbində Allaha üz tutub:
– Dostunun
yoluna niyə düşmən çıxardın? – deyəndə, qeybdən Allahın Sədası
eşidilir:
–
İbrahim, cibindəki gümüş pulları yerə at!..
İbrahim cibindəki pulları yerə atır. İblis yoxa
çıxır.
lll
Danışırlar
ki, İbrahimin kim olduğunu bilməyən
bir adam onu özünə bağban götürür. Günlərin bir günü o, İbrahimdən,
bağdan ona bir neçə nar dərib gətirməsini
xahiş edir. İbrahim bağın dərinliyinə
gedib, ağacdan hələ dəyməmiş, turş
narları dərib gətirir. Ev sahibi ona:
– Gör
bir, neçə aydı yanımda işləyirsən, hələ
də kal meyvəni dəymişdən seçə bilmirsən.
– deyəndə, İbrahim:
– Məni
bu işə meyvələrin dadına baxmaqdan ötrü yox,
onlara qulluq eləməkdən ötrü götürüblər.
Ev sahib
heyrət içində:
– Olmaya, sən
İbrahimsən?.. – deyəndə,
İbrahim yoxa çıxır.
lll
İbrahimin danışırdı ki, “bir gün yuxuda Cəbrayılı
gördüm.
Onun əlində kitab vardı. Soruşdum
ki, “bu nə kitabdı?”, cavab verdi ki, bu
kitaba Allahın dostlarının adını yazır. Mən
soruşdum ki, “ora mənim də adımı yazarsan?”, o dedi: “İbrahim, sən Onun dostu deyilsən.”
Onda mən
dedim ki: “Düzdü, dostu da olmasam, Onun dostlarının
dostuyam.”
Bunu deyəndə,
Cəbrayıl bir qədər susdu, sonra: “Mən Allahın əmrini
aldım ki, sənin adını siyahıda birinci yazım. Çünki kamillik yolunda ümid ümidsizlikdən
doğar.”
lll
Bir dəfə İbrahim səhrada bir əsgərə
rast gəlir.
Əsgər ondan şəhərə aparan yolu
soruşanda, İbrahim ona qəbiristanlığa aparan yolu
göstərir. Bundan qəzəblənən
əsgər İbrahimi başından vurub yaralayır, əl-qolunu
bağlayıb şəhərə gətirir.
İbrahimi
tanıyan şəhər camaatı əsgərə:
– Bu ki,
İbrahim sultandı, onu niyə bu hala salmısan? – deyəndə, əsgər onlara etiraz edib:
– Axı
o mənə düzgün yol göstərmədi?!.. – deyir.
Bu zaman
İbrahim:
– Şəhər – əhalisinin sayı gün-güdən
artan bir yerdi.
Amma bizim şəhərin adamlarının
sayı gün-gündən azalır. Qəbiristanlıqda
isə artır. – deyə cavab verir.
Əsgər müqəddəsin qarşısında diz
çökür.
lll
Sultanlıqdan
imtina edib cod yundan olan dərviş libasına bürünəndə
İbrahim artıq ata idi. Uzun illərdən
sonra, oğlu böyüyüb boya-başa çatanda o, atasının
Məkkədə olduğunu öyrənir, anasının və
dörd yüz sadiq silahdaşının müşayiəti
ilə ora yollanır.
Şəhərə daxil olanda rastına çıxan
adamlardan atasının yerini soruşur. Cavab verirlər
ki, atası meşədə odun yığır. Bunu eşidən şahzadə əsgərləri ilə
bir meşəyə yollanır və orda – meşənin dərinliyində
kürəyində daşıdığı nəhəng
odun şələsinin ağırlığından ikiqat
bükülən sultanı görür.
Şahzadə atasının bu halından heyrətə
gəlib sarsılsa da, ona yaxınlaşmağa ürək eləmir,
qocanın izinə düşüb ardınca yollanır.
İbrahim
bazara çatıb:
– Kim bu
halal zəhmətlə qazandığım odunları məndən
halal zəhmətlə qazandığı pula alar? – deyə qışqırmağa başlayır.
Yoldan
ötən bir adam İbrahimə
yaxınlaşır. Odunları alıb, əvəzində ona bir neçə
çörək verir. İbrahim çörəkləri
götürüb bazardan çıxır.
Bütün bunları bir kənardan müşahidə
eləyən şahzadə atasının ardınca
yollanır və onun, bir qədər gedəndən sonra
uçuq bir daxmaya daxil olduğunu görür. O, atasının ardınca
içəri girməyə ürək eləmir, daxmanın pəncərəsindən
içəri boylanır və baxıb görür ki,
atası gətirdiyi çörəkləri bu daxmada
yanında saxladığı şagirdləri arasında
bölüşdürür, özü isə, onlar
çörəklərini yeyib qurtaranacan, dizi üstə
düşüb dua oxuyur.
Yemək mərasimi bitib başa çatandan sonra
İbrahim şagirdləri ilə bir Kəbəyə
yollanır. Şahzadə də əsgərləri ilə birgə
onların ardınca gedir və İbrahim Kəbənin
başına hərləndiyi yerdə qəfildən
qarşısına çıxır.
İbrahim
şahzadəni görcək heyrət içində donub
qalırsa da, ondan kim olduğunu
soruşmadan ötüb keçir.
Axşam
daxmaya qayıdanda şagirdləri İbrahimdən, o şahzadə
geyimli cavanın kim olduğunu, niyə ona
elə zəndlə baxdığını soruşanda,
İbrahim:
– Mən
kasıblıq yolunu seçib sarayımı tərk edəndə,
orda balaca bir oğlan uşağı qoyub getmişdim. O
uşaq indi həmin o cavan şahzadənin yaşında
olmalıdı. Və məndə qəfildən belə bir
hiss yarandı ki, bu cavan mənim oğlum da ola
bilər. – deyir.
Bu hadisənin səhəri günü şagirdlərdən
biri şəhərə çıxıb Kəbədə
rastlaşdıqları şahzadəni axtarmağa
başlayır. Bir qədərdən sonra onu şəhərin sakit bir
guşəsində, kətilin üstündə oturub, gözlərinin
yaşını axıda-axıda Quran oxuyan yerdə tapır.
Şagird
ondan kim olduğunu soruşanda, cavan:
– Mən Bəlxin şahzadəsiyəm. – deyə
cavab verir. – Mənim atam dərviş olub. Bura
onu tapmaqdan ötrü gəlmişəm. – deyir və ağlamağa başlayır. – Onu dünən
tapdım, amma yaxınlaşmağa ürək eləmədim.
Mənim atamın adı İbrahim bin Ədhəmdi.
Şagird İbrahimin adını eşidəcək,
şahzadəni də, onun anasını da özü ilə
aparır.
İbrahimin daxmasına çatanda, qadını onun
qarşısında diz çökür. Şahzadə huşunu
itirir, özünə gələndə isə atasını yanında oturmuş
görür.
İbrahim
ondan:
– Sən Quranı oxumusan? – soruşanda,
şahzadə başını təsdiq işarəsi ilə
tərpədir.
Bunu eşidəcək, İbrahim ayağa qalxır.
Atasının
yenidən onları tərk edəcəyini başa düşən
şahzadə özünü İbrahimin ayaqlarına
atır, qadını diz çöküb yalvarırsa da,
İbrahim cavab vermir, dinib-danışmadan, daxmanı tərk
edir...
Afaq Məsud
525-ci qəzet.- 2013.- 1 iyun.- S.19.