Demokratiya
və layiq olanların hakimiyyəti
(davamı)
O,
yazırdı ki, əgər filosoflar öz ölkəsində
çarlara çevrilmirlərsə və ya indi çar
adlananlar və hökmdarlar müdriklik barədə kifayət
dərəcədə əsl istəklə ilhamlanmırlarsa; əgər,
necə deyərlər, siyasi hakimiyyət və fəlsəfə
bir-birilə görüşmürlərsə, burada dövlətlər
üçün həm də bütün bəşəriyyət
üçün bədbəxtliklərdən heç bir
rahatlıq olmayacaqdır. İkinci qrup igidlərdən
ibarətdir. Onlar
döyüşçülər olmalı və cəmiyyəti
qorumalıdırlar. Yerdə qalanların
hamısı kütlə olacaqdır, onlar müdriklik və
igidlikdən deyil, yalnız arzu ilə hərəkətə gəlirlər.
Platonun bu üç qrupu Hindistanda vaxtilə
hakim kəsilən kasta sistemini xatırladır.
Platonun ideal dövlətində hər bir qrup öz
rollarına malik idi, cəmiyyəti yaradır və harmoniya
qaydasında fəaliyyət göstərirdi.
İcmanın ehtiyacları Platonu fərdi xoşbəxtlikdən
daha çox düşündürürdü.
O, hər
şeydən əvvəl sərvət toplamağa və
nüfuz qazanmağa hər hansı bir qayğı göstərməkdən
uzaqlaşmağı vacib sayırdı ki, beləliklə icma
üçün daha yaxşı olan şeylər uğrunda
mübarizə aparılsın. Platon inanırdı ki,
qadınlar da həmçinin hökmdar ola
bilərlər. Bu məsələdə o, yunan
dövlətlərinin mövcud təcrübəsindən əsaslı
qaydada aralanırdı.
Platon Afinada Akademiya adlanan məşhur bir məktəb
yaratmışdı.
Aristotel
(b.e.ə. 384-322-ci illər) Platonun şagirdi olmaqla, həmin
Akademiyada 12 il təhsil almışdı. Sonralar isə özü Böyük Aleksandrın
müəllimi olmuşdu. Aristotel də
Platon kimi bəşər işlərini düzgün istiqamətləndirən
hökumətin səmərəli formasını arzu edirdi.
Öz müəllimindən fərqli olaraq, o,
heç də ideal ədalətin təcəssümünə
əsaslanan ideal bir dövlət axtarmırdı. O,
çalışırdı ki, mövcud hökumətləri
rasional qaydada yoxlamaqla, ən yaxşı hökumət
formasını tapsın. Özünün “Siyasət”
əsərində Aristotel 158 dövlətin
konstitusiyalarını nəzərdən keçirir və
mütəşəkkil hökumətlərin başlıca
kateqoriyalarına gəlib çıxır.
O,
hökumətin üç yaxşı formasını qeyd
edir. Bunlar monarxiya, aristokratiya və
konstitusiyalı hökumətdir. Öz tədqiqatlarına
əsaslanaraq o, xəbərdarlıq edirdi ki, monarxiya
asanlıqla tiraniyaya, aristokratiya oliqarxiyaya, konstitusiyalı
hökumət isə radikal demokratiyaya və ya anarxiyaya
keçə bilər. O, xalqın əksəriyyəti
üçün ən yaxşı forma kimi konstitusiyalı
hökumətə rəğbət bəsləyirdi.
Aristotel
demokratiya haqqında belə deyirdi: “Bərabərlik iki cür
olur: miqdara görə və ləyaqətə görə...
Buradan da əsas iki növ dövlət quruluşu meydana
çıxır – demokratiya və oliqarxiya... Ümumiyyətlə,
səhv odur ki, bərabərliyin həqiqi və ya digər
növünü hər yerdə qurmağa
çalışasan.
Ondan sonra
baş verənlər bu səhvin sübutu rolunu oynayır: belə
bərabərliyə əsaslanan dövlət quruluşunun
heç bir növü dayanıqlı qalmır...
Necə
olsa da, demokratik quruluş böyük təhlükəsizlik bəxş
edir və oliqarxiyada isə iki növ qarışıqlıq
rüşeymi gizlənir: bir-birilə və xalqla ixtilaf. Demokratiyada isə yalnız oliqarxiya ilə ixtilaf
meydana gəlir; xalq özü özünə qarşı
(bunu qeyd etmək lazımdır) bunt qaldırmayacaqdır”.
(“Siyasət”, 5-ci kitab) Yeni tarixdə dövlət
quruluşu nəzəriyyəsi.
İngilis filosofu Con Lokk (1632-1704-cü illər) və
XVIII əsrdəki fransız maarifçiliyinin nümayəndələri
dövlət quruluşu barədə yeni fikirlər irəli
sürərək, bu sahədəki təlimi xeyli inkişaf
etdirdilər.
Onlar həmçinin liberalizmin ideya-siyasi nəzəriyyəsini
yaratdılar.
Lokk
göstərirdi ki, dövlət hakimiyyəti qanunvericilik və
icra qollarına bölünməlidir və beləliklə o,
hüquqi dövlətin əsas konstitusiya prinsiplərinin
formulunu verdi. Bu müddəa
onun “Dövlətin idarə olunması barədə iki traktat”
əsərində şərh olunur. Sonralar
isə bu ideya fransız mütəfəkkiri Şarl Monteskyo tərəfindən
xeyli inkişaf etdirilərək, hakimiyyətin bölünməsi
və ayrı-ayrı qanunların bir-birinə nəzarət
etməsi barədə tam əsaslandırılmış təlim
yaradıldı.
Con Lokkun
sələfi Tomas Hobbs (1588-1679-cu illər) dövlətin
“Bizim öz dincliyimiz və müdafiəmiz üçün
borclu olduğumuz böyük Leviafan” (Leviafan – Bibliya
mifologiyasında nəhəng dəniz əjdahasıdır)
adlandırır. Bu dövlətdə hökmdar
icra, qanunvericilik orqanları və hakim kimi
çıxış edir. Mütləq
hökmdar nəhayətsiz hakimiyyətə malik olur. Hobbsa görə təbəələr üsyan edə
bilməzlər, bunu etdikdə onlar əzilməlidirlər.
Con Lokk
siyasi hakimiyyətə Hobbsdan tam fərqli qaydada baxırdı
və bir adamın mütləq hökmranlığına
qarşı çıxırdı. O, İngiltərədəki
Şanlı inqilab vaxtı yazdığı “Dövlətin
idarə olunması barədə iki traktat” əsərində
özündən əvvəlki müəllif kimi insanların
sosial cəhətdən təşkil olunmağa
başladığı təbiət şəraitini yada
salır. Lakin Hobbsdan fərqli olaraq bu cəhəti
qeyd edirdi ki, insanlar o vaxt müharibə şəraitində
deyil, bərabərlik və azadlıq şəraitində
yaşayırdılar.
Təbiət qoynunda yaşayan insanlar onların əlindən
alına bilinməyən müəyyən təbii
hüquqlara – həyat, azadlıq və mülkiyyət
hüquqlarına malik idilər. Beləliklə, onlar
qarşılıqlı qaydada müqavilə
bağlayırdılar ki, öz hüquqlarının
müdafiəsinə arxayın olmaq üçün hökumət
yaratsınlar. Bu müqavilə qarşılıqlı vəzifələr
qoyurdu: hökumət xalqın hüquqlarını himayə
edəcək, bu vaxt xalq isə hökumətə qarşı
ağıllı qaydada hərəkət edəcəkdir. Lakin əgər hökumət bu müqaviləni
pozsa, misal üçün, əgər monarx adamların
hüquqlarını qorumaq barədəki vəzifəsini
yerinə yetirməkdə uğursuzluğa uğrasa və ya
mütləq hakimiyyətə iddia etsə, icmanın
razılığı olmadan qanunlar qəbul etsə – xalq
özünə yeni hökumət formalaşdırmalıdır.
Lokka görə xalq iclası, ancaq əvvəlcədən
torpaq sahibləri olan və parlamentdə təmsil olunan
aristokratiya idi, heç də torpaqsız kütlə deyildi. Ona görə də Lokk
çətinliklə siyasi demokratiyanın tərəfdarı
hesab oluna bilərdi, lakin onun ideyaları XVIII əsrdə həm
Amerika, həm da Fransa inqilabları üçün
mühüm rol oynadı və onun konstitusional hökumət,
qanunun idarəçiliyi, hüquqların müdafiəsi barədəki
tələbləri dəstəklənərək, tətbiq
edilmək üçün istifadə edildi.
Lokk mühüm insan haqları barədə müddəanı
birinci olaraq əsaslandırmışdır. Bunlara
azadlıq, bərabərlik, şəxsiyyətin və
mülkiyyətin toxunulmazlığı daxildir. Bu ideyalarla o, liberializmin banilərindən biri oldu.
Fransız
maarifçilərinin işləyib hazırladıqları cəmiyyət
anlayışı belə bir inama əsaslanırdı ki, hər
bir adam öz hüquqlarını bilməli
və həyata keçirməlidir. Maarifçiliyin
fəlsəfi ideyalarının yayılmasının nəticəsi,
dövlətin siyasi problemlərinin həllində hər bir vətəndaşa
bilavasitə iştirak etmək hüququnun verilməsi tələbi
oldu.
Onlardan xeyli əvvəl ingilis filosofu Con Lokk artıq hər
bir insanın həyat, azadlıq və mülkiyyət
hüququnun təbii, əbədi və onun əlindən
alınmaz olduğunu bəyan etmişdi. Hər bir
hökmdar idarə etmək hüququnu itirmək istəmirsə,
həmin hüquqlara hörmət etməyə borcludur. Qeyd olunan təbii hüquqları bu və ya digər
səbəblər üzündən pozmaq istəyənlərdən
qorumaq üçün adamlar könüllülük əsasında,
onların ağlının hökm etdiyi kimi ictimai müqavilə
bağlayırdılar. Lokkun ictimai
müqavilə barədəki nəzəriyyəsi belə bir
prinsipdən irəli gəlirdi ki, bu yolla yaradılan
nüfuzlu dövlət orqanı vətəndaşların
açıq və ya dinməz razılığına
söykənə bilər. İctimai
müqavilə anlayışı maarifçilik xadimlərinin
hazırladıqları cəmiyyət haqqında olan təlimin
ən əsas müddəalarından biri oldu.
Dövlət, vətəndaşlarının əlindən
əsas hüquqlarını – həyat, azadlıq və
mülkiyyət hüququnu ala bilməz. Əksinə,
o, bunları qorumalıdır, çünki təbii
hüquqlar dövlətin yaranmasından əvvəl meydana gəlmişdir.
Con Lokkun bu müddəası həqiqətən də insan
haqları ideyasının ilkin başlanğıcı olmaqla,
Amerika Birləşmiş Ştatlarının 1776-cı ildəki
İstiqlaliyyət Deklarasiyasında aydın şəkildə
öz əksini tapmışdır.
Təsadüfi deyil ki, Lokk XIX-XX əsrlərin siyasi
liberalizminin banisi hesab olunur.
Şarl Lui Monteskyo (1689-1755-ci illər) Böyük
Britaniyanın siyasi həyatını öyrənməsi əsasında
hakimiyyətin bölgüsü və hökumətin parlament
qarşısında məsuliyyət daşıması təlimini
inkişaf etdirdi. Bu, hüquqi dövlətin sonrakı
inkişafında həlledici rol oynadı.
Monteskyo belə bir qənaətə gəldi ki, azadlıq
o qədər də insanların xüsusi əxlaqi keyfiyyətlərinin
nəticəsi olmayıb, daha böyük ölçüdə
dövlət hakimiyyətinin ağıllı şəkildə
məhdudlaqdırılmasının nəticəsidir. Ona görə
də o, dövlət hakimiyyətini qanunvericilik, icra və məhkəmə
qollarına bölməyi təklif etmişdi. Bunu bir klan və ya oliqarxiya deyil, müxtəlif sosial
qrupların nümayəndələri həyata keçirməlidir.
Beləliklə, qarşılıqlı şəkildə
nəzarəti təmin etmək və hakimiyyətdən
sui-istifadə hallarını bütünlüklə yoxa
çıxarmaq mümkündür. Belə
sui-istifadə isə, Monteskyonun inamına görə,
azadlığın itirilməsi demək olardı.
Jan Jak Russo (1712-1778-ci illər) isə qədim
Yunanıstanın nümunəsi əsasında demokratiya
modelini təklif etmişdi. O, azadlıq və bərabərlik
prinsiplərini, cəmiyyətin bir hissəsi kimi insanın varlığı
ilə birləşdirməyi nəzərdə tutuldu. Onun
mühakimələri birbaşa demokratiya prinsiplərinə əsaslanırdı:
bütün xalq hökmrandır (“bütün dövlət
hakimiyyəti xalqdan gəlir”), bütün vətəndaşlar
bərabər hüquqludur və eyni vaxtda həm qanunverici və
həm də hökumət kimi çıxış edirlər.
Çoxluğun iradə və hüququ şəxsiyyətin
iradə və hüququna ağalıq edir.
Qərarlar ümumi iradə ilə qəbul olunur. Ümumi
faydaya xidmət edən həqiqi ümumi iradə
hamının iradəsindən yuxarıda dayanır,
axırıncını ayrı-ayrı şəxsiyyətlərin
maraqları təhrif edə bilər.
ABŞ
dövlətinin demokratik əsasları
İki
min ildən artıq bir fasilədən sonra bəşəriyyət
yenidən demokratik
dövlət quruluşunun yaranmasının
şahidi oldu. Azadlığa və demokratik
prinsipləri ilk dəfə özünün İstiqlaliyyət
Deklarasiyasında bəyan edən Amerika Birləşmiş
Ştatlarının 1789-cu ildə qəbul etdiyi Konstitusiyada
bu ideyalar bütünlüklə öz əksini tapdı.
Deklarasiyada vəd edildiyi kimi və Əsas
Qanunun müddəaları əsasında antik dövrün
yadigarı olan Con Lokkun və fransız maarifçilərinin əsərlərində
öz nəzəri əsaslarını tapan yeni bir quruluş
tarix səhnəsinə gətirildi. Dövləti əmələ
gətirən və sonralar ştat adlanan 13 koloniya birlikdə
təkcə Böyük Britaniya müstəmləkəçiliyinin
buxovlarını qırıb atmaqla kifayətlənmədi, həm
də azad, xalqın hakimiyyəti adlana biləcək bir
dövlət quruluşunu meydana gətirdi. Beləliklə,
1776-cı ildə ABŞ-ın yaranması bəşəriyyət
tarixində demokratiya ideyalarının hansısa kiçik bir
şəhər-dövlətdə deyil, 3 milyon nəfər əhalisi
olan bütöv bir ölkənin miqyasında reallaşmasına
çevrildi. Bir müddətdən sonra
Böyük Fransa inqilabının qələbəsi ilə həmin
ideyalar bu ölkədə də həyata keçməyə
başladı. Lakin burada acı tale
respublika quruluşunun ardıcıl və daha çox baş
verən təlatümlərsiz ömür sürməsinə
imkan vermədi.
ABŞ-ın reallığı isə avropalıları
təəccübləndirməyə bilməzdi. 1831-ci ildə ABŞ-a səfər edən fransız mütəfəkkiri
Aleksis de Tokvil bu təəccübü daha canlı şəkildə
təsvir edir.
Buradakı şəxsi azadlıqla din, özəl
mülkiyyətilə bərabərlik, fərdiyyətçiliklə
desentralizasiya arasındakı tarazlıq onda dərin təəssürat
yaratdı. Ölkədə hələ də
quldarlığın mövcud olmasına, yerli əhalinin
(hinduların) rezervasiyalarda saxlanılmasına,
qadınların səsvermə hüququndan məhrum edilməsinə
baxmayaraq, Tokvil bu ölkənin siyasi həyatına bütövlükdə
qiymət verərək, ABŞ-ı demokratiya
adlandırdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.-
1 iyun.- S.18.