Yüz
Gözəl Sevgi Şeiri-
“Həm gözəldi, həm əhli-dildi...”
PƏRVİNin təqdimatında
Maneələr sevgini gücləndirir, münasibətləri möhkəmləndirir
deyirlər. Amma hansı maneələr?
Ürəyiyumşaq valideynin,
ya da dayaz
mühitin yeniyetməyə,
gənc aşiqə qoyduğu yasaqları sındırmağa nə
var ki?! Uzağı, bir neçə il
əziyyət çəkib
sevginin həqiqiliyini sübut eləməli olacaqsan. Və sənin məhəbbət
yolunda təcrübən
artdıqca, sevməyin
“peşəkar”ına çevrildikcə
qabağında kimsə
dura bilməyəcək.
Elə qadağalar da sevdiyinə daha artıq vurulmaqdan, birliyinizi əbədiləşdirməkdən başqa bir iş görməyəcək.
Amma ən ağırı, ən dəhşətlisi taleyin
yasaqları ilə qarşılaşmaqdı. Gözünə,
əllərinə, vücuduna
qadağan olunanı ürəyin istədimi, işin bitdi... Daha doğrusu, rahatlığın.
Axı Sən taleyə, keçmişə necə
müdaxilə edəcəksən?!
Zamanı geri çevirib sevdiyinə
səndən qabaq
sahib çıxmış adamın yolunu dəyişə bilərsənmi?
Əsla! Ancaq barışmaq, təslim
olmaq da istəmirsən. Hərdən
lap cığal uşaqlar
kimi aparırsan özünü... Hərəkətlərinə
haqq qazandırmaq üçün məntiqsiz
səbəblər də
tapırsan... Təxminən
belə: mən onu hamıdan çox sevirəmsə, mənim olmalıdır.
Sanki başqasının ürəyindən
və sevgisindən xəbərin var...
... Heç zaman sənin olmayacaq birinə vurulmaqdan üzücü nə isə varmı? Vəziyyətin çox qəlizdi.
Çünki ürəyin başından
zirək çıxıb
bu dəfə.
... Aşıq Ələsgərin
isə gözləri zirək çıxmışdı...
Alagöz xanıma gözü
düşməsəydi, qol-qanadı
da sınmayacaqdı.
Qoşmasında dediyi
kimi! Əslində bəlkə də
bu, qoşma deyil, novelladır. 3 bəndlik şeirdə
hadisə var. Və şairin ustalığı
bu qısa mətndə həmin hadisənin incəliklərini
göstərə bilməsidir.
“Çərşənbə günündə, çeşmə
başında gözüm
bir alagöz xanıma düşdü...”
Misranın gözəlliyi yalnız
səs oyununda (çərşənbə – çeşmə,
gözüm – alagöz)
deyil, həm də konkretliyindədir.
Konkret zaman var: Çərşənbə
günü, konkret məkan var: çeşmə başı.
Bu mənada şeirin
ilk misrasını uğurlu
nəsr əsərinin
birinci cümləsi kimi qəbul etmək olar. Həm də xanımın ilk səciyyəsi:
alagöz. Elə təkcə bu
misralardan bütöv
bir səhnə, hadisə göz önündə canlanır.
Lakin Aşıq Ələsgər
bununla kifayətlənmir,
Alagöz xanımın
digər cizgilərini
də diqqətə gətirir. “İşarət
eylədim dərdimi bildi,
gördüm həm
gözəldi, həm
əhli-dildi...” Şair bir
işarədən dərd
anlayan Alagöz xanımın, həm gözəl, həm də ağıllı olmasını xüsusi vurğulayır. Amma söhbət
hansı dərddən
gedir? Heç şübhəsiz Sevgidən. Xanım başqa bir dərdə başını
bulayıb, gözündən
gülməzdi... Və bu
misrada “gözləri güldü” yox, məhz “gözündən
güldü” ifadəsi
necə də təzə səslənir?!
Sanki şair ideal səs, söz oyunu, qafiyə, ritmdən istifadə edərək maraqlı bir novella yazıb. Və hər bir əsərdə olduğu kimi bu “novella”nın
da kuliminasiyası var.
... Özünə həmdərd
tapan yaralı Ələsgərə gözəlin
verdiyi cavab əsərin zirvəsidir:
“Nişanlıyam, özgə
malıyam!”. Xanım ayrı söz də deyə bilərdi. Məsələn, “başqasını sevirəm...”
cavabını başdan
eləmək saya bilərdik... Amma bu cavabda qəribə
bir təəssüf çaları var. Yəni
bəlkə daha əvvəl, mən bağlı olmadığım
vaxt rastlaşsaydıq,
mən sənin yaralarına məlhəm,
sən mənim dərdimə şərik
ola bilərdin. Amma əfsus, nişanlıyam, özgə
malıyam!
Məhz
novellada olduğu kimi gözlənilməz sonluqla bitir hekayə... Qol-qanadı sınmış Ələsgərin
bundan sonra nə edəcəyini düşünmək oxucuya
qalır...
Maneələr sevgini gücləndirir...
Taleyin yasaqları isə qol-qanadını sındırır! Amma Sən! Təslim olma! Sevirsən axı! Məncə, Ələsgər də olmadı... Təslim olmadı!
Aşıq Ələsgər:
“İşarət
eylədim, dərdimi bildi...”
Çərşənbə günündə,
çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı
müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri
qanıma düşdü.
İşarət eylədim dərdimi
bildi,
Gördüm həm gözəldi,
həm əhli-dildi,
Başını buladı, gözündən
güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən dərdlisən,
mən yaralıyam,
Dedi nişanlıyam, özgə
malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.
PƏRVİN
525-ci qəzet.- 2013.- 1 iyun.- S.21.