Rəbiqə Nazimqızı:
“Yaradıcı adamda onsuz da həmişə hər şey
qaydasında olmur” (Müsahibə)
Onu ilk dəfə
Gənc Ədiblər Məktəbindən
tanımışam. Söhbətimiz elə təbii və səmimi
başladı ki, bilmədim, o mənə
müsahibə verdi, yoxsa mən ona... Məşhur el məsəlimizdə
deyildiyi kimi, yeddi arxın suyunu bir yerə
yığdıq: sevgidən, tənhalıqdan,
anlanmamaqdan, övlad
qayğılarından, ağrılarımızdan,
duyğularımızdan, arzularımızdan
danışdıq. Onu dinləmək, suallarıma cavab almaq
olduqca xoş idi, çünki mənim demək istədiklərimi
danışırdı. Müsahibəmiz onun şeirlərinə
və siqaret tüstüsünə bənzədi bir az – təkcə
ruhumuza yox, paltarımıza, saçımıza da hopdu sanki.
Oxucularımızın da eyni hissləri yaşamasını
istədik. Həmsöhbətim istedadlı şair və tərcüməçi
Rəbiqə Nazimqızıdır.
– Şeirə
marağın olmadığı vaxtda “Epizodik sevgilər”i
imzalamaq necə bir duyğu idi?
– Son illər
mən də düşünürdüm ki, şeirə maraq
azalıb. Amma istər özümdən, istər də
başqalarından görürəm ki, bizim
düşündüyümüz qədər də deyil. Ola
bilsin ki, biz oxuculardan kənar düşmüşük. Lakin
son illər ictimai şəbəkələşmə, bir az
da kənar adamlarla ünsiyyət məndə belə təəssürat
yaratdı ki, insanların içində mütləq şeirə,
o hisslərə ehtiyac olur. Sadəcə olaraq, son illər
adamların başı daha çox pul qazanmağa, komfortlu həyat
qurmağa qarışdığından bir az bundan uzaq
düşə bilərlər. Amma istənilən adamın
içərisində həssas nöqtələr var.
Görünür, biz o həssas nöqtələrə
vurmağı, oxucularla işləməyi bacarmırıq. Təqdimat
mərasimində tanımadığım adamların da
olması məni çox sevindirdi. Fikrimcə, 5-10 nəfər
diqqətli oxucu olsa, bu özü də
üstünlükdü. Bu mənada təqdimat mərasimi mənim
üçün sürprizli oldu. Bu da adama stimul verir.
–
Neçə kitabın satıldı?
– Hardasa
bir saatın içərisində 53 kitab satıldı orda.
– Bizim
reallığımız üçün yaxşı rəqəm
sayıla bilər.
– Məncə
də yaxşı rəqəmdi. Düzdür, sonrakı
prosesdən xəbərim yoxdu, deyəsən gedir. Ondan qabaq da
pulunu verib özümdən 7 kitab almışdılar. 3 kitab
da təqdimatdan sonra özümdən aldılar. Məncə,
pis başlanğıc deyil.
–
Müsahibədən əvvəl ilk kitabını – “Sənə
qədər”i vərəqlədim. Orada tənhalığın
ilk dönəmini yaşayan, buna alışmağa
çalışan qadını gördüm. “Sənə qədər”
deyəndən sonra “Epizodik sevgilər”ə necə gəlib
çıxdın?
–
Haqlısan, çox düzgün tutmusan. “Sənə qədər”də
toplanan şeirlər təvazökarlıqdan uzaq olsa da məktəb
illərində yazdığım şeirlər kimi deyildilər,
amma yenə də yaradıcı mühit üçün ilk
addımlarım idi. Həqiqətən də daha çox təklik
və tənhalığı əks etdirirdi. Mən onları
yazanda şeirlə peşəkar şəkildə
tanış deyildim. Daha çox öz içimi boşaltmaq
istəyirdim. Ondan sonra təbii ki, şəxsi həyatımda
dəyişikliklər baş verdi. Yəni “Sənə qədər”dən
“Epizodik sevgilər”ə gələn yolda həm
yaradıcı, həm də şəxsi mənada dəyişikliklər
baş verdi. Şəxsini ona görə deyirəm ki, “Sənə
qədər”də o şeirlərimi bölüşə biləcəyim
dostlar o qədər də çox deyildi. “Epizodik sevgilər”də
artıq yaradıcı mühitin içində idim. Yəni,
mənim həm şeirlərimi, həm içimi
bölüşməyə adamlar var idi. Aradakı 5 il ərzində
həm çağdaş Azərbaycan ədəbi prosesində
fəal iştirak etdim, eyni zamanda dünya poeziyasının
müasir mətnləri ilə tanış oldum. Müqayisə
imkanları yarandı. “Epizodik sevgilər” kitabını
özüm bu qədər gözlədim. İkinci kitab
artıq hesabat məsələsidir. Düşünürəm
ki, “Epizodik sevgilər”də keyfiyyət fərqi var, bunlar daha
peşəkar yazılıb.
–
Kitabın adı diqqətçəkəndir. Bu reklama, oxucu marağına
hesablanıb, yoxsa...
– Əvvəlcə
istədim adı şeirlərimin birindən seçim. Amma
düşündüm ki, uğurlu deyil, kənardan diqqəti
çəkmir, açığı, ürəyimcə də
deyildi. Günlərin bir günü rəfiqəm Günel Xəzəl
dedi, kitabım üçün iki ad fikirləşmişəm,
bir halda ki, hələ öz kitabımı təxirə
salıram, mən o ideyanı sənə verə bilərəm.
Ad əslində Salam Sarvandan gəlir. Məclislərin birində
Salam Sarvan “epizodik sarsıntılar” ifadəsini işlətmişdi.
Bu, Günelin çox xoşuna gəlmişdi, bu kimi bir
neçə ifadəni qeyd eləmişdi. Bir dəfə ərklə
dedim ki, bura bax, Günel, mən nə vaxtdı kitabın
adı üstündə baş sındırıram. Rəfiqəm
deyilsən, kömək elə. O da “epizodik
sarsıntılar”ı təklif etdi. Sonra Salam müəllimdən
də icazə aldıq, o da dedi ki, buyurun, bu mənim dədəmin
ifadəsi deyil ki (gülür)... Dizayn mərhələsinə,
üz qabığı məsələsinə gələndə,
Zahir Əzəmət kitabın
üz qabığına yadında qaldığı kimi-
“sarsıntılar” əvəzinə “sevgilər”
yazmışdı. Mən də fikirləşdim ki,
yanlış da bir naxışdı, niyə də belə
olmasın? Sarsıntılar adı uzundu, həm də pozitiv məqama
köklənmir, amma sevgilər daha yumşaqdır.
– Axı
sevgi epizodik olmur. Niyə məhz belə fərqli assosiasiya
doğuran ifadə?
– Bu məqamda
mən fikirləşdim ki, bax, bu, oxucuya, reklama hesablanıb.
Amma əvvəlcədən
planlaşdırılmamışdı, belə alındı mən
də düşündüm ki, belə də qalsın.
Dostlardan Səlim də dedi ki, bəlkə epizodik
sözündən sonra üç nöqtə olsun. Amma
mütləq deyil ki, şeir kitabının adı real olsun. Əslində
sevgi özü də belə baxanda epizodlarla yaşanır. Yəni,
birbaşa yaşanmır. Bunu şərti mənada sevgi
epizodları kimi də başa düşmək olar.
–
Kitabının adı özü bu sualı verməyə məcbur
eləyir: sənin fikrincə, həqiqətənmi, sevgi
epizodik ola bilər?
– Yox,
sevgi epizodik olmur. Ola bilər ki, hansısa hissin adını
sevgi qoyasan. Olsun rəğbət, pərəstiş, lap elə
ehtiras hissi. İnsanıq də, bu və ya digər dərəcədə
bunların hamısını hiss edirik. Amma
düşünürəm ki, sevgi epizodik ola bilməz, sevgi ya
olur, ya olmur. Əgər kiməsə qarşı sevginin
öldüyünü hiss edirsənsə, deməli,
yanlış adamı seçmisən, seçimində
yanılmısan. Deyirlər ki, sevgidə seçim olmur, məncə,
boş söhbətdi. İnsanın ruhu intuitiv olaraq
seçir. Yəni, sonra başa düşürsən ki,
hissinin adı nə imiş.
– Sonra yəni,
bəlli bir yaşdan sonra əslində nə istədiyini dərk
edirsən...Yetkin məhəbbətin nə olduğunu müəyyən
yaşdan sonra anladığın kimi yəni...
– Məhəbbət
əslində yetkin hissdir və mən də əsl məhəbbətin
müəyyən yaşdan sonra gəldiyini
düşünürəm.
– Məhəbbət
onsuz da yetkindir, deməli, insan bunu dərk etmək
üçün yetkinləşməlidir, əslində,
deyilmi?
– Tamamilə
düzdür. Ola bilsin ki, yetkinləşmədən, təsadüfən
səninlə eyni dalğada olan adamı tapmısan. Amma müəyyən
bir yaşdan, mərhələdən sonra bunun əslində O
ADAM olub-olmadığını başa düşürsən.
Məncə, insan 27-28 yaşdan sonra hisslərini analiz edə
bilir, özünü, qarşısındakıları
tanıyır. Ola bilsin ki, bu fiziki yaş mərhələsi fərddən-fərdə
dəyişsin. Məndə bu, 28 yaşından sonra oldu.
– Bəzən
deyirlər ki, yaradıcı adamda hər şey normaldısa,
deməli o yaradıcı baxımdan öldü də..
– Həqiqət
var. Amma yaradıcı adamda onsuz da həmişə hər
şey qaydasında olmur. Bu daha çox insanın ruh halı
ilə bağlıdır. Həyat harmonikdir, qüsur da var, məziyyət
də, yaxşı da, pis də. Amma yaradıcı adam o
adamdır ki, bunların hər birinə daha həssaslıqla
yanaşır. Yaradıcı adamlarda həssaslıq, səmimilik
hissi normanı keçir.
– Bəs
sən bu qədər səmimilikdən qorxmursan?
–
Düzdür, həmişə deyirlər ki, dilim
başıma bəladır. Amma mən qorxmuram. Mən
adamları tanıyanam, ətrafımı diqqətlə
seçirəm. Ancaq səmimiyyət də elə bir
silahdır ki, pislik edə biləcək adamları belə tərksilah edə bilər.
Əvvəllər ictimai rəyə həssas idim, indi yox.
Kimisə mənim şəxsi həyatım narahat edirsə,
artıq bu mənim problemim deyil. Mən düşünürəm
ki, əxlaq çox geniş anlayışdır. Bu təkcə
qadının kişiyə, kişinin qadına münasibəti
deyil. Əxlaq həm də qadının qadınlara,
kişinin kişilərə, bundan əlavə ictimai və bəşəri
proseslərə münasibətidir. Əxlaq təkcə sevgi,
ehtiras məsələsində üzə çıxmır. Əxlaq
həm də öz işini normal görməkdir. Əgər
mən bu gün yazı yazmalıyamsa, amma əvəzində
xaltura eləyirəmsə, bu, artıq əxlaqsızlıqdır.
Əxlaq borclarına və öhdəliklərinə məsuliyyətlə
yanaşmaqdır. Məsələn, övladın
qarşısında məsuliyyətini dərk edib axıra qədər
apara bilirsənsə, deməli yaxşı, əxlaqlı
adamsan.
– Valideyn
məsuliyyətini vurğuladın. Bir az da ana Rəbiqəni
dinləyək.
– Bu çox çətin məsələdir. Çünki mənim uşaqla məşğul olmağa çox az zamanım qalır. Bu həm ondan irəli gəlir ki, uşaqla tək qalmısansa, işləyib ailəni təmin eləməlisən. Düzdür, reallıqda bizim maaşımız elədir ki, normal dolanmağa kifayət eləmir. Anam-atam, qardaşlarım mənə kömək edirlər. Mən indi də onlarla yaşayıram, kirayə pulu vermirəm. Son vaxtlar ağrılı bir şeyi hiss etmişəm. Aynur deyir ki, mənə səninlə maraqsızdı, darıxdırıcıdır. Başa düşürəm ki, hardasa, hansısa mərhələdə uşaqla ünsiyyətdə yanlışlığa yol vermişəm. Məktəbdə yaxşı inşalar yazır, humanitar sahəyə meylli idi. Onu başa saldım ki, mütləq texniki bir ixtisası olsun, belə olan halda da yaza bilər. Ola bilsin ki, onun istəyinə qarşı çıxmışam deyə, ruhi müstəvidə qırılma baş verib. Hardasa zəncirin bir həlqəsi qırılıb, indi ikimiz də çalışırıq ki, o həlqəni bərpa edək.
– Yaradıcılıqla bağlı nə planlaşdırırsan, nəsrə keçmək istəmirsən?
– Ədəbi aləmdə olan dostlarım
epistolyar üslubda yazdığım mətnləri hətta
şeirlərimdən də maraqlı hesab edirlər. Mənə
deyirlər ki, məktub, eləcə də esse janrında yaza
bilərsən. Bu roman-esse də, epistolyar roman da ola
bilər. Əslində mənim belə bir öhdəliyim də
var. Mərhum Fərhad Mete ilə bir roman yazmalıydım.
Qismət olmadı. Sonra düşündüm ki, onun xatirəsinə
verdiyim sözü doğrultmalıyam. Amma hələ
özümü buna hazır bilmirəm. Nəsr oturmaq,
hövsələ tələb edir. Mən ovqata uyğun
yazıram, qurtardı getdi, hövsələ yiyəsi deyiləm.
Amma noyabra qədər (noyabrda ad dünüm olacaq) esse və
məktublardan ibarət kitab buraxmaq istəyirəm. Neçə
vaxtdı oxucularım məndən bunu istəyir. Ovqatım
normal olanda və normal düşünə biləndə həmin
kitabı çapa hazırlayıram.
– Son
sualım: həyatdan hansı gözləntilərin, hansı
arzuların var?
–
Yaralı yerimə toxundun (gülür). Gözləntilərim
daha çox maddi arzularla bağlıdır. Mənəvi
arzular da var təbii ki, amma başa düşmüşəm
ki, onlar mənim gözləməyimlə deyil, Allahın
işidir. Təbii maddi məsələlərlə
bağlı işlər də onun kimi, amma mən bunun
üçün çalışa bilərəm də. Son
vaxtlar sürücülüklə yaman maraqlanıram. Hələ
təzə öyrənirəm, bir məsələni
anlamışam ki, maşın sürmə prosesi məni
sakitləşdirir. Əvvəllər maşın sürməkdən
qorxurdum, düşünürdüm bu, məndə
alınmaz, bacarmaram, əsəblərim dözməz. Sonra
gördüm ki, əksinə, əsəblərimə xeyir eləyir.
Yaxın bir neçə ayda maşın almaq istəyirəm.
Əlbəttə, ayrıca evimin olmasını da istəyərdim.
Şəxsi mənada da həyatdan çox şey gözləyirəm.
Amma düşünürəm ki, gözləmək lazım
deyil. Mənəvi, ruhi mənada hədsiz çox gözlədiyin
şeyləri sənə vermirlər. Hər şeydə
dozanı gözləmək lazımdır. Əslində,
şəxsi mənada çox şey də istəmirəm.
Tez-tez sevinmək istərdim. Depressiyalı olduğum vaxtlarda məni
həyata qaytara biləcək təbəssümlər olsun, fərqi
yoxdur kimin təbəssümü – rəfiqəm də, dostum
da, sevdiyim adam da, küçədə heç
tanımadığım biri də ola bilər. Ümumiyyətlə,
depressiyaya meylli adamam, amma necə tez düşürəmsə,
bir o qədər də tez çıxıram. Bircə
sözlə, bircə hərəkətlə, bir dəstə
nərgizlə, lap elə çiyələk mürəbbəsi
ilə başımı aldadıb məni sevindirmək olar.
Bunlardan belə xoşbəxt ola bilərəm. Xoşbəxtlik
hissi məndə anlarla ölçülür. Mənim
üçün yaşamaq o qədər də çətin
deyil. Sonda onu deyim ki, müsahibə verməyi çox sevirəm,
bunu danmıram. Ona görə yox ki, bunu oxusunlar, sadəcə,
zaman-zaman danışmağa ehtiyacım olur. Müsahibənin
nə dərəcədə uğurlu alınması ovqatdan və
kiminlə oturmağımdan da çox asılıdır. Mən
tənhalıqdan yox (onsuz da heç kimi axıra qədər
başa düşmürlər), təklikdən qorxuram, amma
şərt deyil ki, mütləq yanımda sevgili
olmalıdır. Bu mənada mənim üçün
müsahibə vermək həm təklikdən, həm də
özümdən qaçmaqdır, mənə özümlə
maraqlı deyil, çünki artıq özümü
çözüb qurtarmışam. Prinsipcə, bu müsahibəni
qəzetə verməyə də bilərsən, amma əsas
odur ki, səninlə xeyli danışdım, ürəyimi
boşaltdım, buna görə də özümü
çox yaxşı hiss eləyirəm.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 1 iyun.- S.20.