İnanmaq
çətindir Əməkdar
artist Züleyxa
xanım Hacıyevaya
Züleyxa xanım, Sizin əziz, kübar, xanım-xatın ciyərpara
balanız, Dövlət Radiosu diktorlarının sevimli bacısı, bənzərsiz səsi ilə efiri bəzəyən diktor Rəna xanımın vaxtsız və qəfil vəfatı bütün varlığımla
məni sarsıtdı.
Bu nə gediş, bu nə ayrılıqdı
belə?! Axı sonu görünməyən
bu ağır səfərə nə özü,
nə də biz-yaxınları hazır deyildik...
İki-üç yaşlarından diktor kollektivinin sevimlisi olan Rəna əslində bu sənətə lap körpəliyindən
hazırlanırdı. Kollektivi özünə
necə öyrəşdirdisə,
taleyini də həmişəlik efirə
bağladı. Bütün maraqları
sənəti ilə bağlı idi. Ziyalı ailəsində böyümüş
bu qız təpədən-dırnağa ziyalı idi. Əməkdar artist, Prezident
təqaüdçüsü, görkəmli diktor, atası-rəhmətlik Kamil
Məmmədov musiqi verilişləri
redaksiyasının baş
redaktoru idi.O da həddindən artıq sevdiyimiz həmkarımız idi. Rəna Sizin hər ikinizin ən gözəl xüsusiyyətlərinizi özündə cəmləşdirmişdi.
Hər hərəkətindən,
hər danışığından
zəriflik, nəciblik yağırdı.
Züleyxa xanım, əziz
bacım, Sizin ən böyük dərdiniz onun ailə həyatı qurmaması idi. Elə hey deyərdiniz ki,
bu qız birini bəyənib ailə qursaydı, dərdim olmazdı...Bilirsiniz niyə ailə həyatı qurmadı Rəna? Ona görə ki, onun son dərəcə
ismətli, sabit, bir az da ağıllı, güclü xarakteri hər kişini bəyənməyə imkan
vermirdi. Və yəqin ki, sadəcə
evlənmək xatirinə
ailə qurmaqdansa, evlənməməyi tərcih
etdi. Rəna mərd, qətiyyətli
və istiqanlı idi. Ürəyində necə idisə,
zahirən də elə görünürdü.
İşinin vurğunu olduğu üçün yorulmaq bilmədən çalışardı.
İşə münasibəti ilə
hamıdan fərqlənərdi.
Şəxsən mən
Azərbaycan Radiosunda ikinci elə bir səs, ikinci elə bir oxu tərzi
tanımıram. Bu səs
çətin unudula...
Züleyxa xanım, talesiz bacımın yoxluğuna çoxdan ağlamadığım
bir yanğı ilə ağladım. Azərbaycan
Radiosunun diktorları və Rəna Kamilin fondumuzdakı verilişləri onun arxasınca nalə çəkirlər.
Yoxluğuna öz səsi
fəryad edir.
Sözsüz ki, bu ağır itki bir ana kimi
ən çox Sizi yandırdı, sinənizə dağ çəkdi. Lakin inanın, biz həmkarlarını
da yaman sarsıtdı. Yaxşı ki,
bu ağrıya inanmaq çətindir.
Yoxsa...
Deyirlər, Tanrı yaratdıqlarının
ən yaxşılarını
öz yanına aparır. Deyirlər, torpaq da yaxşıları seçir.
Belə olmasaydı, Rəna Kamil bizdən bu tezliklə ayrılmazdı. Dünyalarca sevdiyi
anasını, bircə
bacısını, bizləri
gözüyaşlı qoyub
getməzdi. Bəlkə
də, təbiətindəki
bütövlük, kamillik
onu göylərə apardı...
Züleyxa xanım, bu elə bir dərd, elə
bir qismətdir ki, burada hər
cür təsəlli gücsüzdür. Övlad itirən
anaya necə təskinlik verəsən?!
Ancaq bir onu deyə bilərəm
ki, Allah Sizə səbr versin. Qalan balanız və nəvələriniz sağ
olsunlar. Onsuz da bu dərd Sizinlədir.
Ancaq inanın, dostlarınız,
həmkarlarınız Sizi
heç vaxt tək qoymayacaqlar. Bu ayrılıq hamımızındır.
Allah rəhmət eləsin.
Məzarı nurla dolsun.
Qara Tağızadə,
Xalq artisti, diktor
525-ci qəzet.- 2013.- 1 iyun.- S.17.