Oralarda kimlər
var: Akif Mirili
ONLAR NƏ
DEDİLƏR
Azər
Abdulla ( yazar): “Hər şey yaxşı
olacaq...”
...Son
danışığımızda hiss elədim ki, yubiley
qabağı o öz portretinin yaradılmasını istəyir.
Özü də ürəyindən keçir
ki, bu portreti məhz mən yaradım. Onu çox cəsarətli
və təbii bir insan kimi tanısam da, bu barədə bir
söz də demədi: “Görünür indiki ağır vəziyyətdə
qüruru təbiiliyini üstələyib”
düşündüm. Qabaqlar olsaydı, yəni əlinin
isti, cibinin qalın, necə deyərlər, kefinin kök
çağları olsaydı, bu istəyini ərklə, bir az da amiranə deyərdi, sonra da ustalıqla əvəzini
beş qat artıq çıxardı.
...60-cı
ilin axşamlarının birində Bakıda dəniz
qırağında təsadüfən
qarşılaşdıq. Ya universitetə qəbul
üçün sənəd verəndə, ya da qəbul
imtahanları zamanı görmüşdük bir-birimizi.
Mehriban dostlar kimi görüşdük. Adamların nə üçün
toplaşdığıyla maraqlananda şeir söyləmək
üçün müsabiqə keçirildiyini öyrəndik.
Şeirə olan dərin sevgimizə görəmi,
özümüzü göstərmək xatirinəmi, udmaq
naminəmi ikimiz də özümüzü sınamaq qərarına
gəldik. Mən Bəxtiyar Vahabzadənin “Dağda şəlalə
kimi” şeirini həyəcanla və çaşaraq, bir
neçə adamdan sonrasa Akif Cəfər Cabbarlının
“Ana” şeirini soyuqqanlı və təmkinlə böyük
insan qələbəliyinin qarşısında söylədik.
Mən çaşdığıma görə
qələbə qazanacağımdan əlimi
üzmüşdüm. Qaliblərin
içində Akifin də adının səslənmədiyini
görəndə, niyə gizlədim, içimdə sevindim.
– Teatr
haqqında söhbətlərimizi yəqin
xatırlayırsız. İndi necə, teatra
gedirsizmi?
– Əvvəlcə məni səhifənizin
qonağı olmağa dəvət etdiyinizə görə minnətdarlığımı
bildirirəm.
Onu da deyim ki, “525”-in şənbə nömrəsində
ən çox maraq doğuran səhifədir Sizin “Oralarda kimlər
var?”ınız. Bəli, yaxşı yadımdadir: Cavan,
nadinc, hər şeylə maraqlanan, bir az da
özünə arxayın oğlan o zaman məndə, həqiqətən,
güclü təəssürat yaratdı. Əslində Sizin
üçün təhsil, ali məktəb
bir bəhanə idi; Sizə istedadınızı büruzə
vermək üçün mühit lazım idi. Məncə,
sonralar Sizin “yeni ruhlu” şeirləriniz, “Qobustan”dakı fəaliyyətiniz
bunu tam sübut etdi. Allaha şükür,
indi məşhur yaradıcı insanlardansınız. O
ki qaldı teatra, teatr, musiqi, ümumiyyətlə, incəsənət
mənim həyatımın mənası, ən çox vaxt sərf
etdiyim bir sahədir. Ancaq iş, maddi amillər,
ən çox da vaxt imkan vermir ürəyincə “canlı”
teatra mütəmadi gedəsən. Ancaq
inanın ki, ən adi imkan düşən kimi teatra, konsertə
getməkdən vaz keçmirəm. Ədəbiyyatımız
50-ci illərdən başlayan azad sözə olan meyilliyi həqiqətən
güclü ideya mövqeyinə qaldıra bildilər. Elə cavan Anarın “Qobustan” jurnalı, onun yeni ruhlu
gəncləri. Mənim yadımdadı,
jurnal da elə bil ayrı bir üslubi quruluşa malik idi.
İndi gənc ədəbiyyatçılar o
dövrü yaşamış indi yaşlı
yazıçılara yüngül desək, “dodaq
büzür”lər. Ancaq bədii əsərdə
adi bir yeni quruluşlu ifadə işlətməkdən
ötrü müəllifi MK-a çağırırdılar.
O illərdə Anarın, S.Əhmədlinin, Ə.Kərimin,
Yusif və Vaqif Səmədoğluların, X.Rzanın,
F.Qocanın, sonralar Elçinin, R.Rövşənin,
Mövludun, Sizin, mənim dostum Azər Abdullanın və bir
çoxlarının yaradıcılığı bizim ədəbiyyatımızı
müasir dünya ədəbiyyatı proseslərinə
çox yaxınlaşdırdı. Əlbəttə,
nisbətən yaşlı
yazıçılarımızın – R.Rzanın,
M.İbrahimovun, B.Vahabzadənin, X.Rzanın ... milli ruhun
formalaşmasındakı rolları danılmazdır.
–
Özünüz haqqında bir az geniş
danışın.
–
1943-cü ildə İmişli rayonunun Mirili kəndində
kolxozçu ailəsində doğulmuşam. Rəhmətlik
atam dəmirçi idi. O zaman bu peşə çox vacib
iş hesab olunurdu; kotan təmir olunmasa, araba qaydaya
salınmasa... kolxozun işi getməz. Ona görə
atam vacib işçi olduğundan özünə hörmət,
qayğı tələb edirdi. Bu da rəhbərlərin
xoşuna gəlmirdi. Atam namuslu, ədalətli adam idi. Biz də
çalışmışıq ki, az da
olsa ona bənzəyək. Anam erkən
dünyasını dəyişib, mənim onda 6 yaşım
var idi. Allah rəhmət eləsin, ögey
anam çox qayğımızı çəkib. Sonralar böyük qardaşım, onun həyat
yoldaşı, xüsusən mənim çox əziyyətimi
çəkiblər. Ona görə də
1967-ci ildə universiteti qurtarıb rayonda işləməyə
başladım, çalışdım ki, mən də
onların xəcalətindən çıxım.
Dörd il sonra elmi işə girişdim. Ancaq yaşım 30-u haqlamışdı, ailə
qurmaq lazım idi. Ona görə çox
gec – 37 yaşımda namizədlik dissertasiyası müdafiə
etdim. Ümumiyyətlə, bizdə
müstəqil düşüncəli, öz yolu ilə getmək
istəyən adamların işi həmişə çətin
olur. Namizədlik müdafiəm çox
qalma-qalla keçdi, rəsmi opponentimin biri mənfi rəylə
çıxış etmişdi. Sağ olsun yaxşı
insanlar, istiqaməti mənim xeyrimə dəyişə bildilər.
Ümumiyyətlə, işlədiyim elmi-tədqiqat
institunda mühit xoşagələn deyildi. Ona görə əvvəldən məni tanıyan və
mənim də çox hörmət etdiyim əsl ziyalı
olan Səyyarə xanıma müraciət etdim. Beləliklə,
1977-ci ildə o zamankı N.Nərimanov adına
ATİ-nin (indi ATU) Azərbaycan və rus dilləri
kafedrasına müsabiqə ilə müəllim keçdim. Bu, o zaman üçün də, elə indi
üçün də çox böyük hadisə idi.
Mən universitetdə ədəbiyyatçı
idim. Aspiranturaya dil üzrə daxil oldum.
O zaman üçün tamamilə yeni bir sahədən – ədəbi
dil normasından mövzu verdilər. Az qala
3-4 il mövzum üzrə ədəbiyyat axtardım, nəhayət,
mövzumun məzmununu başa düşdüm, ona görə
3-4 aya yazdığım dissertasiyanı 6-7 il özümü
hazırlayandan sonra tamamlaya bildim. Doğrudur, təsdiqimi
çox gec (10 aya) aldım, ancaq heç bir əlavə təzyiq
olmadan aldım. (Halbuki, mənim imkanım
var idi ki, bunu məlum yolla tezləşdirim). Mən həm
orta məktəbdə, həm də ali məktəbdə
dərsə çox ciddi münasibət bəsləmişəm.
Mənim üçün şagird, tələbə
ən vacib subyektlərdir, dərs isə təkcə nə isə
öyrətmək deyil, gələcəyin ağıllı,
düşüncəli, Vətəni sevən hərtərəfli
insan yetişdirmək vasitəsidir. Ona
görə mənim həm şagirdlərim, həm də tələbələrim
arasında xeyli dostum var və onlarla fəxr edirəm.
Kafedrada 31 il işləyəndən sonra
professor S.Mollazadənin təqdimatı ilə 2008-ci ildə
kafedraya müdir təyin etdilər (2008-ci ilin oktyabrında
müsabiqədən keçdim). Heç vaxt
özümdən razı olmamışam, həmişə tələbimdən
aşağıda olmuşam. Bircə
müəllimliyimdən az-çox razıyam.
İrili-xırdalı 90-a yaxın çap olunmuş
yazı-pozum var, həmmüəllifi olduğum kitablar var,
ancaq hələ əsl kitab çap etdirməmişəm,
baxmayaraq ki, bir neçə kitablıq əlyazmalarım,
çap olunmuş məqalələrim var...
– Siz MEA
Dilçilik İnstitutunun aspirantı, oranın əməkdaşı
olmusuz. Necə oldu ki, qeyri-humanitar ali məktəbə
müəllim keçə bilmisiz, buna kömək edən
olubmu?
– Mən
bu suala artıq cavab verdim: professor, f.e.d. S.M.Mollazadə. Mən
ona və mənə nədəsə köməyi dəyənlərə,
qohumlarıma, indi etibar edib məsul iş
tapşırmış şəxslərə daim minnətdaram.
–
Filologiyadan uzaq ali məktəbdə dil
kafedrasının, yəni Azərbaycan dili kafedrasının
olması çoxmu vacibdir?
– Bilirsiz,
bizim kafedra Bakı Dövlət Universiteti təşkil
olunandan – 1919-cu ildən mövcuddur. İlk illər
universitetdə təhsil rus dilində aparılırdı.
Ona görə tələbələrə Azərbaycan
dilinı öyrədirdilər ki, yerli əhaliyə xidmət
edə bilsinlər. Özünüz fikirləşin,
rus bölməsini bitirən mütəxəssis dilini bilmədiyi
insanlara, məsələn, tibbi yardımı necə göstərə
bilər? Sonralar Azərbaycan bölməsi
də açıldı və bir qayda olaraq rus bölməsində
Azərbaycan, Azərbaycan bölməsində rus dili tədris
edilib. İndi də belədir. Kafedra
da müxtəlif adlarla fəaliyyət göstərib – “Dillər”
kafedrası, “Azərbaycan və rus dilləri” kafedrası, nəhayət,
1984-cü ildə iki müstəqil kafedra – “Azərbaycan dili”
və “Rus dili”. Düzdü, indi rus bölməsində
oxuyanların az qala hamısı azərbaycanlılardır,
ancaq ədəbi dil, tibbi ədəbiyyatın dili mövqeyindən
yanaşdıqda onlara Azərbaycan dili mütləq tədris
edilməlidir, həm də dövlətimizin qanunu var axı,
qeyri-milli bölmələrdə dövlət dili tədris
olunmalıdır və sonda tələbələr imtahan verməlidirlər.
İndi Azərbaycan ali məktəblərində
Azərbaycan bölməsi ilə yanaşı, rus, ingilis
bölmələri də mövcuddur. Qanuna
uyğun olaraq həmin bölmələrdə dövlətimizin
dili tədris olunur və tələbələr sonda imtahan
verirlər.
(Davam edəcək)
Səhifəyə
əlavə
Keçən həftəki səhifəmdə yazar Aslan
Qəhrəmanlının yeni parodiyalarını çap edərkən
şair Aqşin Yeniseyə yazdığı parodiya yer
sıxlığından yayınlanmamışdı.İndi həmin
parodiyanı oxuculara təqdim edirəm.
VAN QOQUN KƏSİK
QULAĞI VƏ POEZİYA
Bakı, yazıb
bildirirəm ki, sənin heç kimin deyiləm.
İçdiyim
suyunun sidik kisəsi
Yediyim çörəyinin bağırsağıyam.
Ən
böyük arzum:
Van Qoqun kəsilmiş
qulağına şeir pıçıldamaqdı
Məncə, rəssam ölübsə də,
qulağı hələ sağdı.
Aqşin
Yenisey
lll
Bakı,
sözün kəsəsi, mən
suyunu
içən sidik kisəsiyəm,
çörəyin doldurulan bağırsağam.
Nə qədər
sağam,
şeir
yazacam sidikdən,
unitazdan,
qarşokdan.
Xəbərin
varmı sənin
dəli
rəssam Vinsent Van Qoqdan?
Deyirlər,
bir fahişədən küsübmüş,
kəsibmiş
bir
qulağının yarısını.
Doktor
Feliks Rey
baxıb
ona key-key,
yerinə
tikməyə qorxub həmin hissəni,
qoyub
spirtə
saxlayıb gələcəyin özündən
razı
şairlərinə,
mikrofon əvəzinə,
bəlkə də
diktofon əvəzinə.
Şeirlər
yazmışam qalaq-qalaq,
Tapa bilsəydim
o qulaq
parçasını
bir-bir
pıçıldayardım ona,
heç kəsə
olmazdı ziyanı.
Başa
düşərdi yarımqulaq,
O məlum kisədən və məchul
bağırsaqdan
gələn poeziyanı.
Bir poema yazacam o qulağı tapana.
Amma
qorxuram, spirti içələr,
qulağı
atalar zibil qabına.
Necə olar onda halım?
Bakı,
sən bilməmiş olmazsan,
Mən
Van Qoqun
kəsik
qulağını haradan alım?
Tofiq ABDİN
525-ci
qəzet.- 2013.- 1 iyun.- S.23.